بسم الله الرّحمن الرّحیم الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین
Əziz gənclər, İİR Ordusunun hərbi akademiyalarının məzunları, habelə bu gün paqonlarını alaraq bu mübarək yola qədəm qoyan birinci kurs tələbələri, hamınızı təbrik edirəm. (1) İİR Ordusunun hərbi akademiyalarının müdavimləri olan minlərlə rəşadətli və mömin gənci müşahidə etmək ağlı olan hər bir insanda gələcəyə daha böyük ümid yaradar. Ölkənin gələcəkdə üzləşəcəyi məsələlərin ağır yükü gənclərin çiyinlərinə düşür və bu gün bu mübarək libası əyninə geyib xidmət edən siz əziz gənclər bu ümumi yükün mühüm, həssas və ağır bir hissəsini öhdənizə götürmüsünüz. Ümidvaram ki, xoş və uğurlu keçəcək həyatınız boyunca bu böyük məsuliyyəti ən gözəl şəkildə yerinə yetirməyi bacaracaqsınız.
Əzizlərim! Bu gün İİR Ordusunun hərbi forması mübarək bir libasdır. Bu gün İİR Ordusunun üzərinə düşən məsuliyyət qürurverici bir məsuliyyətdir. Siz dünya miqyasında azadlıq və ədalətin bayraqdarı olan bir ölkənin və xalqın keşiyində durursunuz. Müxtəlif ölkələrdə ədalətpərvər insanlar çoxdur, amma onların ədalətə, imperializmin pəncəsindən yaxa qurtarmağın vacibliyinə olan etiqadını öz yaşadıqları ölkələrdə ifadə etməsi üçün imkan və şərait yoxdur. İran İslam Respublikasının, bizim əziz ölkəmizin isə belə bir üstünlüyü var ki, xalq qlobal zülm və imperializmə qarşı olduğunu açıq və qətiyyətli şəkildə, heç nəyi gizlətmədən ifadə edə bilir. İmperializmin İran xalqı və İslam Respublikasına qarşı düşmənçiliyinin səbəbi də elə budur. Siz belə bir ölkənin, belə bir xalqın keşiyindəsiniz, bütün varlığınızla, dərin dini və vətənpərvərlik hislərinizlə, bu hislərdən doğan stimulla onları müdafiə edirsiniz. Bu, çox böyük bir iftixardır; bu iftixarın dəyərini bilin və onu qoruyun.
Əziz gənclər! Bu gün dünya işğalçı dövlətlərin genişmiqyaslı bir zülmünə şahiddir. Gördüyünüz kimi, bu gün regionumuz, eləcə də dünyanın bir çox digər regionları imperializmin əli ilə törədilən problemlərin məngənəsində çapalayır. Biz dünyanın zülmkar dövlətləri haqqında heç kimdən qorxub-çəkinmədən, açıq danışırıq. Bu gün başda zalım və qəddar Amerika olmaqla imperializmin özü üçün seçdiyi siyasət şər mahiyyətli bir siyasətdir. Onlar öz mənafelərini dünyanın əksər regionlarında, xüsusilə də bizim regionumuzda – Qərbi Asiya regionunda – sabitliyi pozmaqda görürlər; siyasətləri budur; özlərinin mənafeyini bu şəkildə müəyyənləşdiriblər ki, bu regionda müharibə olmalı, vətəndaş müharibələri baş verməli, qardaş qırğınları törənməli, terrorizmin ən dəhşətli formaları genişlənməlidir. Bu gün Amerikanın İsrail və təəssüflər olsun ki, bəzi region ölkələrinin köməyi ilə yürütdüyü siyasət bundan ibarətdir. Məqsədləri isə bu regionda güclü bir müsəlman dövlətinin baş qaldırmasını əngəlləməkdir; hədəfləri budur. İslamın məzlumları və yoxsulları müdafiə mesajı verdiyini bilirlər, imperializmin isə siyasəti xalqları məzlum və məhrum vəziyyətə salmaqdır. Odur ki güclü bir müsəlman dövlətinin dirçəlib baş qaldırmasından qorxurlar. Elə ona görə də bu regionda aktiv surətdə fəaliyyətdədirlər. Təəssüflər olsun ki, bu gün bu regionda sabitlik və təhlükəsizliyin pozulması, vətəndaş müharibələrinin törədilməsi, terrora rəvac verilməsi Amerikanın qəti siyasətidir. İran İslam Respublikası isə tam gücü ilə bu siyasətə qarşı çıxır.
Əzizlərim! Bu gün dünyadakı ağıllı insanlar İslam Respublikasının Allah-taalaya və öz xalqının qüdrətinə arxalanaraq Amerikanın bu regiondakı ən önəmli hədəflərini necə məğlubiyyətə uğratdığına heyrətlənirlər. Bunu biz burda oturub demirik; bunu dünyanın siyasi analitikləri etiraf edir, təəccübləndiklərini bildirirlər; bu, reallıqdır. İmperialist dövlətlər real güc və imkanlara sahib olmaqdan çox, qəzəbli danışıqlarla, təhdidlə, qaşlarını düyünləməklə, özlərini güclü göstərməklə işlərini aparırlar. Bir xalq onların bu aqresiyasından, hədə-qorxularından qorxmasa, qaş düyünləmələrindən tövrünü pozmasa, öz gücünə inanıb haqq-ədalət meydanında cəsarətlə addımlasa, super-dövlətləri geri çəkilməyə vadar edərək məğlub edər. Və bu baş verib; İslam Respublikası 40 ildir ki, Amerikanın və onunla əlbir olanların təxribatçı planlarının hədəfindədir, amma görün bu 40 ildə İslam Respublikasında nələr baş verib? İslam Respublikası körpə bir fidandan köklü-köməcli, barlı-bəhərli, böyük bir ağaca çevrilib. İmperialist dövlətlərin və Amerikanın arzusuna rəğmən, müsəlman xalqların qəlbini öz mesajına cəlb etməyi bacarıb, Amerikanın bu regiondakı məkrli planını məğlubiyyətə uğratmağa müvəffəq olub; Suriya, İraq, Livan buna nümunə ola bilər. Region xalqları imperializmin məkrli planlarının qarşısında durmağa qadir olduqlarını sınaqdan keçirdilər. İraq xalqı şücaətlə müqavimət göstərdi, Suriya xalqı fədakarcasına meydanlarda oldu. Bütün bunlar Allahın qüdrətinin və
یاَاَیُّهَا الَّذینَ ءامَنُوا اِن تَنصُرُوا اللهَ یَنصُرکُم وَ یُثَبِّت اَقدامَکُم
“Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər”. (“Muhəmməd” surəsi, 7-ci ayədən)
– deyə buyuran ilahi vədin doğruluğunun nişanələridir. Allah-taala həm yardım etdi, həm də qədəmlərimizi möhkəmlətdi.
Mənim əzizlərim, əziz gənclər! Bu gün siz bu xalqın təhlükəsizliyinin keşiyindəsiniz, bu ölkənin hava, quru və dəniz sərhədlərini qoruyursunuz. Hazırlığınızı bacardığınız qədər artırın, təşəbbüs gücünüzü də işə qoşun. Bugünkü ordu 20-30 il bundan əvvəlkindən xeyli fərqlənir; bu gün ordumuz çox inkişaf edib. Elə edin ki, bir gün İİR Ordusunun ağır məsuliyyət yükü siz gənclərin – bu günün tələbə və məzunlarının çiyinlərinə düşəndə ordumuzu bu gün olduğundan da irəli apara, qürurverici nailiyyətlərini daha da artıra biləsiniz. Siz bunu etməyə qadirsiniz:
وَ اَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّةٍ وَ مِن رِباطِ الخَیلِ تُرهِبونَ بِه عَدُوَّ اللهِ وَ عَدُوَّکُم
“(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin”. (“Ənfal” surəsi, 60-cı ayədən)
Sizin hazırlığınız, güc-qüdrətinizi ortaya çıxarmağınız düşməni geri çəkilməyə vadar edir, qorxudur. Bu, Quranın bizə verdiyi bir göstərişdir; bu hazırlıqları günbəgün daha da artırmalıyıq. Mənim sizə ümidlərim böyükdür, bu gün bu meydanda mömin gənclər, onların mənəvi-psixoloji hazırlığı barədə səsləndirilən fikirlərin hamısına mən inanıram. Mən bilirəm ki, sizdə müqavimət göstərmək üçün kifayət qədər güc, mətanət və stimul var və inşallah, bu hazırlığınızı, bu bacarığınızı müxtəlif meydanlarda – istər elmdə, istər təşkilati məsələlərdə, istər döyüş meydanında, istərsə də cürbəcür nailiyyətlər sahəsində – nümayiş etdirərək işlədəcəksiniz.
Mənim əzizlərim! Diqqətli olun ki, düşmənin vəsvəsələri sizin aranızdakı ümumi atmosferə təsir göstərməsin, düşmən mömin gənclərin pozulmaz sıralarına nüfuz edərək onlarda boşluq yarada bilməsin. Bu gün düşmən bütün sferalarda – virtual məkanda və digər sahələrdə həddən artıq fəaldır. Əlbəttə ki, düşmən bu səyləri ümidsizcəsinə edir, bunu onların bəyanatlarından tam anlamaq olur, amma yenə də cəhd göstərir, çalışırlar. Siz düşmənə qarşı durmalı, öz güc və hazırlığınızı nümayiş etdirməli, müxtəlif sahələrdə stimul və təşəbbüsünüzü işə qoşmalısınız. Allah-taala sizə kömək edəcək! Siz gənclərin varlığı sayəsində ordumuzun sabahı daha da gözəl olacaq və ordumuz xalqımızın gözünə çıraq olacaq, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
______________________
(1) İİR Ordusunun Nouşəhrdəki İmam Xomeyni (r.ə) adına Dənizçilik Akademiyasının toplantı meydanında baş tutan bu görüşün əvvəlində İİR Ordusunun baş komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi və akademiyanın rektoru kapitan Kərim Məsdəri məruzə etmişlər.