Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
والحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین سیّما بقیّةالله فی الارضین
Əziz qardaşlar, əziz bacılar, çox xoş gəlmisiniz! Bu istidə uzaq şəhərlərdən lütf edib bura təşrif buyurmusunuz. Bu gün bu hüseyniyə çoxunuzda olan ixlasın mənəvi nurları ilə işıqlandı, nurlandı. Bu cür toplantılardan administrativ, siyasi və beynəlxalq təsirlərdən başqa, mənəvi təsirlər də gözləmək lazımdır. Mütləqdir ki, sizin aranızda saf nəfəslər, pak və nurani qəlblər, müstəcəb olacaq dualar var; biz də ümidimizi onlara bağlamışıq, onlara ümid edirik.
Bəli, zilhiccə ayının ilk günüdür; zilhiccə ayı da heyrətamiz bir aydır; dua və minacat ayıdır, Allah-taalanın böyük İslam Peyğəmbəri ilə (s) vədələşməsini bizə xatırladan bir aydır. Bu dua, təvəssül və yalvarışın pik nöqtəsi isə Ərəfə günüdür; həmin gün də şəhid olmuş, böyük imamımızın (ə) Allah-taala ilə mükaliməsinin şahidi olur, ülvi mənalar daşıyan “Ərəfə” duasını oxuyuruq. Ardınca Qurban bayramı gəlir, böyük qurbanı xatırlayırıq,
وَ فَدَیناهُ بِذِبحٍ عَظیمٍ
“Biz ona böyük bir qurbanlıq (Habilin qurbanlıq qoçunu) əvəz verdik”. (“Saffat” surəsi, 107-ci ayədən)
Ardınca zilhiccənin ikinci ongünlüyünə giririk; Qədir ongünlüyü də heyrətamiz bir məsələdir. Bu ay çox mühüm bir aydır, üstəlik məhərrəm ayına da keçid ayıdır. Gəlin bu fürsətlərdən mənəvi cəhətdən yararlanaq.
Sizin əksəriyyətiniz gəncsiniz, qəlbiniz təmizdir, ruhunuz safdır, bizim kimi bir ömür yaşamış insanlarla müqayisədə mənəvi cəhətdən bulaşığınız, qarışığınız daha azdır. Diqqətinizi Allaha yönəldin və
وَ سئَلُوا اللهَ مِن فَضلِه
“(Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! ”. (“Nisa” surəsi, 32-ci ayədən)
Bütün işlərinizdə – şəxsi, sosial, siyasi, beynəlxalq məsələlərdə diləklərinizi Allahın fəzilətindən, mərhəmətindən istəyin, Allah-taala sizə cavab verəcək. Siz özünüzdə Allahın fəzilətinə, ilahi bərəkətə əminlik əldə edəndə ilk olaraq sizdə bu xüsusiyyət yaranır ki, özünüzü güclü, qüvvətli hiss edirsiniz, zəiflik, qorxu və sair sizdən uzaqlaşır; bu, çox möhtəşəm, çox dəyərli bir xüsusiyyətdir. Yaradana, tükənməz qüdrətə, zaval bilməyən nemətə arxalandığınıza görə sizdə yaranan ikinci bir xüsusiyyət isə ümiddir; sizdə ümid yaranır, ümid baş qaldırır, qəlbiniz ümid nuru ilə aydınlanır. Ümid, təvəkkül, özünəinam, ilahi qüdrətə arxalanma olduğu zaman isə xalq məğlubedilməz olur; insan güc, hərəkət və inkişaf baxımından dayanıqlı, sarsılmaz bir ünsürə çevrilir. İmamların (ə) kəlamlarında və dualarda bizim Allaha təvəkkül və təvəssülə, Uca Yaradanın qarşısında dua və yalvarışa bir bu qədər təşviq olunmağımızın sirri də məhz bundadır. Allaha arxalandığınız zaman özünüzü güclü hiss edirsiniz;
(1) اِنَّمَا یَکتَفِی المُکتَفونَ بِفَضلِ قُوَّتِکَ فَصَلِّ عَلیٰ مُحَمَّدٍ وَ آلِهِ وَ اکفِنَا وَ اِنَّما یُعطِی المُعطونَ مِن فَضلِ جِدَتِکَ فَصَلِّ عَلی مُحَمَّدٍ وَ آلِهِ وَ اَعطِنَا
– Xudaya, bu dünyada özünü tufan və keşməkeşlər qarşısında qoruyub saxlaya bilmiş kəslərə Sənin gücündən bir hissə verilib. Elə isə o gücdən bizə də inayət et. Duada – “Səhifeyi-Səccadiyyə”də – İmam Səccad (ə) bizə bu şəkildə dua etməyi, Allahdan bunu istəməyi öyrədir. Dua və yalvarış etmək bizə ona görə tövsiyə olunur ki, özümüzü itirməyək, səhvə yol verməyək. Özünüzü kiçik, zəif saymayın; tükənməz qüdrət və sərvət mənbəyinə arxalansanız, daha heç kimə heç bir ehtiyacınız olmayacaq.
(2) اللهُمَّ اَغنِنا عَن هِبَةِ الوَهّابینَ بِهِبَتِکَ وَ اکفِنَا وَحشَةَ القاطِعینَ بِصِلَتِکط
Bütün dünya sizdən üz çevirsə belə, yenə də güclü olacaqsınız. İran xalqında bu hissin bir zərrəsi yaranıb, 40 ildir ki, dünyanın hegemon, üzlü, həyasız, utanmaz güclərinin qarşısında tam qüdrətlə durub. Bu baxımdan məndə və sizdə olan əminlik okeanın bir damlası qədərdir; bunu özümüzdə nə qədər artırsaq, güc və bacarığımız da bir o qədər artacaq. Zilhiccə ayı barədə bu qədər.
Mən bu gün sizinlə üç mövzu ətrafında söhbət etmək istəyirəm. Düzdür, bir az soyuqlamışam, səsim tutulub, buna görə sizdən üzr istəyirəm, bağışlayın, amma bu şeylər də bizi meydandan uzaqlaşdıra bilməz, sözümüzü deyəcəyik. Üç mövzuda danışmaq istəyirəm; əlbəttə ki, gücümüz və bugünkü tədbirimizin imkanları yetdiyi qədər. Onlardan birincisi hazırda ölkənin ən aktual problemi olan, əksəriyyəti düşündürən iqtisadiyyat məsələsidir, xalqın məişət rifahıdır; bu barədə bir neçə məqamı qeyd etmək istəyirəm. Digər bir mövzu isə Amerikadır; Amerika, onun şər əməlləri və sair; hazırda amerikalılar özləri və onlar kimiləri tərəfindən ortaya bəzi yeni söz-söhbətlər atılıb ki, bunlar barədə də qısaca danışarıq. Üçüncü mövzu isə xalqın və rəsmilərin ümumi və siyasi birliyi, qarşılıqlı əməkdaşlığı məsələsidir; belə ki hazırkı dövrdə ölkənin hər yerində həm xalq, həm də rəsmilər bir olub əməkdaşlıq etməli, bir-birini tamamlayaraq, bütün güc və enerjilərini birləşdirərək ölkədəki problemləri həll etməyə çalışmalıdırlar.
Bəli, birinci məsələyə – iqtisadiyyat məsələsinə gəlincə; gündəlik dolanışıqla bağlı çətinlik və problemləri bu gün ümumilikdə bütün əhali hiss edir. Xalqın bir qismi isə, həqiqətən də, bu çətinliyi daha kəskin şəkildə yaşayır; bahalıqdır; ərzaq məhsulları, ət, yumurta, toyuq, yaşayış üçün lazım olan digər şeylər, ev əşyaları və sair çox bahadır, kirayə haqqı yüksəkdir. Bütün bunlar xalqı, həqiqətən də, sıxır, müəyyən problemlər var. Həmçinin milli valyutanın dəyərinin azalması; bunlar ölkənin hazırda yaşadığı iqtisadi problemlərdir.
Ölkənin iqtisadçı ekspertləri və rəsmilər yekdilliklə bu fikirdədirlər ki, hazırkı vəziyyətin səbəbkarı xarici sanksiyalar deyil, bu çətinliklər daxili amillərdən, daxildə olan problemlərdən doğub. Rəsmilərin çoxu bunu dilə gətirərək deyiblər, demək olar ki, ekspertlər də – məndə olan məlumata görə – yekdil surətdə bu fikri təsdiqləyirlər. Bu o demək deyil ki, sanksiyaların heç bir təsiri yoxdur; yox, sanksiyaların da təsiri var, amma vəziyyətin düzəlməsinə daha çox bizim öz fəaliyyətimiz təsir göstərə bilər. Əgər biz öz fəaliyyətimizi hazırkından daha yaxşı, daha tədbirli, daha vaxtında, daha güclü şəkildə qura bilsək, sanksiyalar bir o qədər də böyük təsir göstərə bilməyəcək. Sanksiyalara əlac etmək, onların qarşısında durmaq olar. Çətinliyin böyük bir hissəsi bizim öz daxili məsələlərimizdən, problemlərimizdən qaynaqlanır. Götürək elə son 2-3 ayda ortaya çıxmış o valyuta və sikkə məsələsini; böyük bir məbləğdən söhbət gedir; məsələn, 17 milyard dollar dedilər; valyuta ehtiyatı baxımından problem yaşayan, öz pulunu, valyutasını xaricdən gətirməkdə çətinlik çəkən bizim kimi bir ölkə üçün 17 milyard yüksək bir rəqəmdir; bu pul bəzi səhlənkar, tədbirsiz davranışlar nəticəsində elə insanların əlinə keçib ki, onlar ondan sui-istifadə ediblər. Kimsə hansısa məhsulu qeydiyyatdan keçirərək sifariş edib, başqa bir məhsul gətirib; hansısa məqsədlə nəyisə istəyib, amma o yerə valyuta xərcləməyib; xaricə səfərə getmək istədiyini deyib, amma getməyib; valyutanı da – bir qrup adam – ya götürüb istifadə ediblər, ya qaçaqçılara satıblar, onlar da götürüb xaricə aparıblar, ya da elə bir insana satıblar ki, o adam həmin pulu möhtəkirlik məqsədilə alıb saxlayıb, ikiqat, üçqat bahalaşmasını və bununla göydəndüşmə sərvətə sahib olmağını gözləyib. Bax bunlar administrativ problemlərdir, bunların sanksiyalarla heç bir əlaqəsi yoxdur. Möhtərəm ölkə rəsmiləri də bunu təsdiq edirlər; qəbul edirlər ki, belə bir problem var. Odur ki problemlərin çoxu bu qəbildəndir. Problem bizim idarəçilik metodumuzla, icra siyasətlərini hansı formada tətbiq etməyimizlə bağlıdır.
Valyuta və ya sikkələrin bölgüsü yanlış aparılanda bunun iki tərəfi olur: biri gəlib onu alan – tutalım bu, qaçaqmalçı olur, yaxud aldığı valyutanı qaçaqmalçıya satır – biri də o valyutanı verən. Biz hamımız “alan”ı günahlandırırıq – korrupsionerdir, qaçaqmalçıdır – halbuki təqsirin böyüyü o valyutanı “verən”dədir; onun barəsində tədbir görmək lazımdır. Məhkəmə hakimiyyətinin bu yaxınlarda start verdiyi o işdə də məhz “verən”lər barədə ölçü götürülməsi nəzərdə tutulur və çox da düzgün bir tədbirdir. Əsassız yerə kimisə ittiham etmək lazım deyil, yox, amma necə olursa-olsun, böyük bir qanun pozuntusu baş verib, böyük bir səhvə yol verilib. Mən buna heç “xəyanət” də demirəm. Mənim dilim dönməz ki, rahatlıqla: “Filankəs, yaxud filankəslər xəyanət edir”, – deyəm; yox, amma nəticə etibarilə o insanlar böyük bir səhvə yol veriblər, o səhvin də ziyanı xalqa dəyib. Xarici valyutanın qiyməti bu cür yüksələndə – yəni riyalın qiyməti enəndə – günəmuzd işləyən və ya az maaşa çalışan işçilərə bir şey qalmır. Riyalın, milli valyutanın qiyməti düşəndə bax gördüyümüz bu problemlər yaranır. Odur ki önəmli məqamlardan biri budur; sanksiyaların təsiri var, o demək deyil ki, yoxdur, lakin mənfi təsirin böyük bir qismi bizim özümüzün idarəçilik metodumuzla, atdığımız addımlarla bağlıdır.
Digər bir məqam isə budur ki, düşmən də məhz elə bu boşluqdan sui-istifadə edir; düşmən pusqudadır. Bizim düşmənimiz var; biz elə bir millətik ki, cürbəcür səbəblərlə bağlı olaraq, xəbis və rəzil düşmənlərimiz heç də az deyil. Ətrafda pusqu qurublar, daxildə bu problemin ortaya çıxdığını görən kimi yaranın üstünə qonan milçəktək dərhal gəlib bu problemin üstünə otururlar və ondan sui-istifadə etməyə başlayırlar. Vəziyyəti belə qələmə verməyə başlayırlar ki, bəli, İslam dövləti bacarmadı, İslam dövləti qadir deyildi. İctimaiyyətə ümidsizlik aşılayırlar, xalqı çaş-baş salırlar. Təbliğat aparırlar; özünüz görürsünüz; indi mən bilmirəm, sizin dünyada gedən təbliğat barədə nə dərəcədə məlumatınız var; hərçənd hazırda internet hamının ixtiyarındadır. Kiminsə yol verdiyi bir səhv ucbatından daim hər tərəfdən İslam dövlətinin, İslamın, İslam Respublikasının, ölkənin bütün dövlət qurumlarının əleyhinə təbliğata başlanır; düşmən bundan sui-istifadə edir. Bu, düşmənin şər niyyətlə gördüyü bir işdir; yaxşı, bunu nə məqsədlə edir? Belə bir təsəvvür yaratmaq istəyir ki, guya ölkə çıxmazdadır. Mən isə deyirəm ki, ölkədə çıxmaza dirənmiş heç bir iş-filan yoxdur. Elə o iqtisadiyyat sahəsində də heç bir çıxmaz yoxdur. Belə deyil ki, problemlərin həlli yolu olmaya; ölkənin problemi, iqtisadi problemlər müəyyən olunub, həlli yolları da müəyyənləşdirilib. İnşallah, icraçılar əzmlə qollarını çırmayıb işə girişməlidirlər, elə girişiblər də – müəyyən işlər görülüb; inşallah, söhbətimin ardında qeyd edəcəyəm – görürük. Mən özüm burda oturmuşam, mömin, inqilabçı, ölkənin və xalqın taleyi ilə maraqlanan, gözəl ideyaları olan, təşəbbüskar gənclərimiz ardı-arası kəsilmədən mənə məktublar göndərir, təkliflər verirlər. Mən də öz növbəmdə həmin məktubları icraiyyə orqanlarına göndərirəm ki, onlardan yararlansınlar. Bu şeylər mənə gəlir. Bu yaxınlarda gördüm ki, 40-a yaxın iqtisadçı ekspert ölkə başçısına məktub göndərib. Aralarında tanınmış, adlı-sanlı insanlar da var idi, biz özümüz onları tanıyırıq. Ölkənin iqtisadi problemlərinin də, onların həlli yollarının da siyahısını tutmuşdular. Mən o məktubu diqqətlə oxudum, gördüm ki, tamamilə doğrudur. Hiss etdim ki, o məktub canıyananlıqla yazılıb. Özü də onu yazanlar elə insanlar idi ki, onlar dövlətə, hökumətə, möhtərəm prezidentə və sairə qarşı heç bir şəkildə müxalif deyillər. O ekspertlər hazırda icra orqanlarında təmsil olunan insanlardır, amma eyni zamanda ölkənin iqtisadi strukturundakı problemləri, iqtisadi fəaliyyətlərdə mövcud olan potensial nöqsanları çox gözəl müəyyənləşdirə biliblər, götürüb siyahısını tutublar, 20-yə yaxın da həlli yolunu yazıblar. Mən baxdım – xatırladığım qədər – o təkliflərin, demək olar, hamısı düzgündür. Bunlar bizim artıq bir neçə ildir ki, hər il yeni il üçün elan etdiyimiz şüarlarda vurğulanan fikirlərdir; ümumi siyasətlərin sırasında hakimiyyətin 3 qoluna təqdim olunur; onların əksəriyyəti – demirəm, hamısı – bizim indiyə qədər dediyimiz şeylərdir. İndi də bunları müstəqil, öz fikri olan iqtisadçı ekspertlər deyir. Deməli, poblemlərin həlli yolu var. Düşmənin və ölkə daxilində düşməndən ilham alan bir qrup rəzil adamın hansısa qəzetdə, yaxud internet saytında “ölkə artıq çıxmazdadır, filan Şeytana, yaxud filan böyük Şeytana sığınmaqdan başqa heç bir yolumuz yoxdur” kimi fikirləri təbliğ etməsi isə xəbislikdir. Xeyr, yol var, problemlərin həlli yolu var. Bu həll yolları var, rəsmilər onlardan xəbərdardır, icra etməyə, həyata keçirməyə də qadirdirlər. Dediyim kimi, bəzilərini həyata keçirməyə artıq start da veriblər, intəhası işləri daha ciddi surətdə görmək lazımdır. Mən indi burada danışıram, necə deyərlər, kütlə qarşısında çıxış edirəm, amma xüsusi iclaslarımızda da möhtərəm ölkə rəsmilərimizə, hökumət adamlarımıza dönə-dönə demişik, onlar da gedib lazımi tədbirləri görürlər, intəhası gücləri çatan qədər hərəkət edirlər. Onlar yaxşı, fəal qüvvələrlə həmkarlıq etməlidirlər; bax elə o mömin gənclərlə. Bizim qüvvələrimiz heç də az deyil, istedadlı, qolunu çırmayıb işə girişməyə hazır olan, stimullu, layiqli kadrlarımız az deyil. Elə bu yaxınlarda 5000-ə yaxın universitet tələbəsi mənə məktub yazmışdı; düzdür, məktubu görmədim, amma xəbərini mənə çatdırdılar. Deyirdilər ki, biz inqilaba, sizə xidmət etməyə hazırıq. Hazırdırlar, hər an işə keçməyə hazırdırlar. Bizim insan potensialımız heç də az deyil. Allaha şükürlər olsun ki, ölkəmiz insan sərmayəi baxımından zəngindir. Bundan istifadə olunsa, o kadrlardan kömək istəsək, inşallah, işlər gedər.
Axırıncı dəfə mən Fitr bayramı günü namazda camaat qarşısında üzümü rəsmilərə tutaraq demişdim ki, ölkədə böyük həcmdə likvidlik əmələ gəlib, bu da yol verilmiş bəzi səhvlərdən qaynaqlanır. Ölkədə likvidliyin artması və ardınca da bir çox problemlər gətirməsinin özü yanlış siyasətlərin nəticəsidir. Mən söylədim ki, əgər rəsmilər oturub düşünsələr və bu likvidləri istehsal iqtisadiyyatına yönəltməyin yollarını tapa bilsələr – istər bu, kənd təsərrüfatı olsun, istər sənaye olsun, istər inşaat sektoru olsun – bu gün bizim üçün təhlükə törədən bu likvidlik fürsətə çevrilər. O likvidlərin yarısını belə düzgün istiqamətləndirə bilsələr, alınar. Bu gün də mən üzümü möhtərəm dövlət rəsmilərimizə tutaraq deyirəm (özünüz bilirsiniz, mən hökuməti həmişə dəstəkləyirəm; mən hakimiyyətdə olan bütün administrasiyaları dəstəkləmişəm) və təkidlə tövsiyə edirəm ki, oturub düşünsünlər, yüksək ixtisaslı, zəkalı adamlardan yardım alsınlar və nəhəng həcmli bu likvidliyi istehsala yönəltməyin yollarını axtarıb tapsınlar. Olar, mümkündür, bunu etmək tam realdır. Bu, möhtərəm dövlət rəsmilərinin, iqtisadiyyat sferasına cavabdeh olan rəsmilərin vəzifəsidir, onlar bu işi həyata keçirməlidirlər. Bu da bir məqam.
Digər bir məqam: iqtisadi məsələləri təhlil edib bu barədə hesabatlar hazırlayan və bu təhlilləri ölkənin yüksək ranqlı rəsmilərinə də təqdim edən insanların dediyinə görə, bazarda və biznes mühitində yaranmış problemlərin səbəbi budur ki, düşmənin sanksiyalara, misal üçün, mordad ayının ortalarından, yaxud aban ayından start verəcəyi gözlənilirdi, iqtisadi fəallar da bunu bildikləri üçün qabaqcadan buna uyğun tədbir görmüşdülər. Lap yaxşı, əgər sanksiyaların olacağını bilən iqtisadi fəallar özlərini buna hazırlayıblarsa, dövlət rəsmiləri sanksiyalara qarşı mübarizə aparmaq üçün özlərini daha çox hazırlamalı idilər. Az öncə qeyd etdiyim kimi, sanksiyaların təsiri daha azdır. İndi bəziləri deyir, 30%, bəziləri deyir, 20%. Məndə konkret ölçü vasitəsi yoxdur ki, 20, yaxud 30% olduğunu dəqiq deyə biləm. Bircə onu bilirəm ki, sanksiyaların təsiri azdır. Əgər doğrudan da, sanksiyaların təsiri varsa, siz ki, sanksiyaların olacağını bilirdiniz, özünüzü hazırlayaydınız; hazırlamalısınız, hazırlamalıdırlar; indi də o cürdür, indi də gec deyil. Artıq gec olduğunu, heç bir şey etmək mümkün olmadığını deyənlər boş danışırlar; ya cahildirlər, ya da elə-belə, söz xatirinə danışırlar. Xeyr, gec deyil. Düşmənin xəbis və düşmənçi tədbirləri qarşısında (bir azdan gəlib bu mövzuya da çatacağıq) indi də lazımi qərarları qəbul edə, zəruri tədbirləri görə bilərlər. Bunu etmək olar. “Yox, artıq iş işdən keçib, heç nə etmək mümkün deyil”, – deyən, yəni ölkənin çıxmazda olduğunu elan edən şəxslər ya cahidir, ya da az öncə dediyim kimi – mən heç kimi xəyanətdə günahlandırmaq istəmirəm, amma belə deməyə məcburam – xain niyyətlə danışırlar; əgər cəhalətdən deyilsə, xəyanətdəndir. Bu da bir məqam.
Bəli, digər bir mühüm məqam isə korrupsiya məsələsidir. Vacib işlərdən biri də korrupsiyaya qarşı mübarizədir. Ali Məhkəmənin möhtərəm sədri srağagün mənə bir məktub ünvanlamışdı, biz də cavablandırdıq, onların qərarını dəstəklədik. Bu, korrupsiyaya və korrupsionerlərə qarşı mübarizədə mühüm və müsbət bir addımdır. Korrupsiyaya yol verən şəxslər cəzalanmalıdır. Soruşa bilərsiniz ki, indi biz bunu nəyə görə açıq-aşkar dilə gətirib deyir, elan edirik? Çünki təcrübə göstərir ki, korrupsiya və korrupsionerlərə qarşı mübarizə aparılanda künc-bucaqda hay-küy qopur. 10-12 il bundan əvvəl mən hakimiyyətin 3 qolunun başçılarına korrupsiya ilə bağlı bir məktub yazmışdım. Orada demişdim ki, korrupsiya – təxminən bu məzmunda idi; arxivdə var – yeddibaşlı əjdahaya bənzəyir. Korrupsiya bu cürdür; bir başını vurursan, o birilər qalxır. Korrupsiyaya qarşı tam şəkildə mübarizə aparmaq lazımdır. Açıq-aşkar elan etməyimizdə də məqsəd budur ki, korrupsiyaya yol verən şəxslərlə bağlı heç kim və heç nə nəzərə alınmadan, qəti surətdə tədbir görüləcəyini hamı bilsin və anlasın. (3) İcazə verin, icazə verin! Siz məgər məhkəməsiniz ki, “Edam olunmalıdır!” – deyirsiniz? (4) Bəziləri, ola bilsin ki, edamlıqdır, bəziləri isə, ola bilər, edama yox, həbsə layiqdir. “Edam olunsun!” – deyib atmosfer yaratmayın ki, onlar da məcbur olub edam edələr; əlbəttə ki, məcburiyyətdən söhbət gedə bilməz, qanuna necə lazımdırsa, əməl olunur. Mən yazmışam ki, hər kəsin işinə diqqət və ədalətlə baxılmalıdır; yəni bu işi diqqətli və ədalətli bir şəkildə həyata keçirmək lazımdır.
Korrupsiya ilə bağlı mühüm bir məqamı da qeyd etmək lazımdır; mən deyim, qoy hamı, bütün İran xalqı diqqət yetirsin. Mən keçmişdə də korrupsiyaya, korrupsionerlərə, iqtisadi korrupsiyaya yol verən şəxslərə və sairə qarşı mübarizə aparmışam, belə şeylərin əleyhinə olmuşam, indi də eyni əqidədəyəm, korrupsiyanın qəti və barışmaz əleyhdarıyam, amma bəziləri korrupsiya barədə danışanda ifratçılığa yol verirlər. Diqqət edin, zəhmət olmasa! Elə danışırlar ki, elə bil, hamı korrupsionerdir, korrupsiya bütün rəhbər işçiləri və dövlət qurumlarını ağzına alıb gedir! Xeyr, belə deyil; korrupsionerlər azsaylı bir qrupdur. Bəli, korrupsiyanın azı da çoxdur və ona qarşı mübarizə aparılmalıdır, amma bu, bir söhbətdir, kimlərinsə korrupsiya hər yeri bürüyübmüş kimi danışmağı başqa bir söhbətdir. Bəziləri hətta Avropa ifadələrindən də istifadə edirlər: “sistemli korrupsiya”. Xeyr, korrupsiyanı sistemli bir təzahür kimi görənlərin özlərinin beynində, gözündə korrupsiya var. Ölkənin dörd bir yanında, bütün dövlət qurumlarında bir bu qədər vicdanlı, mömin, təmiz işləyən, zəhmət çəkən rəhbər işçilər var. Onlara nəyə görə zülm edirsiniz? Nəyə görə qara yaxırsınız? İslam dövlətinə nəyə görə zülm edirsiniz? Bəli, İslam dövlətində bir nəfər də olsun korrupsioner olmamalıdır, amma olanlar 10 min nəfər yox, misal üçün, 10 nəfərdir. Axı bu ikisi arasında fərq böyükdür. Buna diqqət yetirmək lazımdır; danışanlar, yazanlar. Hazırda internet məkanı da var, rahatca götürüb orda-burda yazırlar ki, “hər yeri korrupsiya bürüyüb”. Xeyr, belə deyil. Düzdür, korrupsiya var, müxtəlif qurumlarda var. Mən görmüşəm, misal üçün, parlamentdə və ya digər yerlərdə bəzilərini bu əməldə ittiham edirlər. Düzgün diqqət yetirsəniz, görərsiniz ki, ittiham olunanlar bir neçə nəfərdir. Həmin o bir neçə nəfərin əməlini hamıya şamil etmək olmaz. Üstəlik əgər həmin ittihamlar da doğrudursa; ola bilsin, yalan ola, reallığa zidd ola, məlumatsız şəkildə, bilmədən irəli sürülə. Lap əgər doğru da olsa, o hallarda bir neçə nəfər çoxlu sayda insanla üz-üzə qalır. Diqqət yetirmək lazımdır, çünki hər bir şeydə ifrat da, səhlənkarlıq da yanlışdır.
Bəli, yekunlaşdıraq; ölkədə iqtisadiyyat sahəsində müəyyən problemlər var, müəyyənləşdirilib, həlli yolları da müəyyən olunub; istər struktur həll yolları, istər qısa müddətli həll yolları. Mən hakimiyyətin 3 qolunun möhtərəm rəsmilərindən xahiş etmişdim ki, ölkənin iqtisadi problemlərinin həlli yollarını birgə araşdırmaq üçün müştərək iclaslar keçirsinlər. Təxminən 2 ay əvvəl bunu onlardan istəmişdim; bu iclaslar ardıcıl olaraq təşkil olunur, hakimiyyətin 3 qolunun başçıları hər qoldan olan mötəbər ekspert və mütəxəssislərdən bəziləri ilə birgə ölkədəki iqtisadi çətinliklər barədə diskussiya aparırlar. Bu, mühüm bir işdir; mən bunu cənab rəsmilərdən istəmişəm, onlar da həyata keçirirlər.
Nəzarət qurumları da tam gücləri ilə və açıq gözlə meydanda olmalıdır; həm milli təhlükəsizlik orqanları, həm məhkəmə hakimiyyətinə aid olan nəzarət strukturları, həm parlamentə aid olan nəzarət strukturları, həm də sadə xalqın nümayəndəsi olan mömin insanlar öhdələrinə müəyyən bir rol, bir vəzifə düşdüyünü hiss etməlidirlər. Mən qəzetlərdən birində görmüşdüm ki, mömin insanlardan – bəsicilərdən və sairdən – ayrı-ayrı yerlərdə rast gəldikləri xoşagəlməz hallar, misal üçün, möhtəkirlik və sair barədə xəbər vermələri xahiş olunurdu. Bəli, çox yaxşı bir fikirdir, düzgündür. Görülən işlərin çoxu məhz xalqın köməyi ilə həyata keçirilib.
Hökumət də zirək və stimullu qüvvələrdən istifadə edərək korrupsiyanın bütün yollarını kəsməlidir; təkcə xırda işlərdə yox, makroidarəetmədə, nazirliklərdə və yüksək dövlət qurumlarında da. Doğrudur, məhkəmələr cəzalandırır, amma korrupsiyanın, korrupsiya yaradan işlərin qarşısını icraedici hakimiyyətdə də almaq olar. Misal üçün, elə o valyuta və sikkə olayında əgər nəzarət olsaydı, işə diqqətli yanaşılsaydı, ardıcıl nəzarət olsaydı, bu korrupsiyanın yolu bağlanardı. Etməyiblər, bu yolu bağlamayıblar, lazım olan işləri görməyiblər, nəticədə də korrupsiya yaranıb. Vacib işlərdən biri korrupsiyanın yollarını, korrupsiyanın qapılarını bağlamaqdır. Xalq da düşmənin təhrikçi əməlləri qarşısında gözüaçıq davranmalıdır. Əlbəttə, Allaha şükürlər olsun ki, bizim camaatımız nə qədər uzaqgörən, gözüaçıq olduğunu nümayiş etdirib. Az sonra mən dey ayında baş vermiş olaylarla bağlı bir məqama toxunacağam (hərçənd görüşümüzün vaxtı bir qədər uzanır; eybi yox; siz də uzaq yoldan gəlmisiniz, mən də soyuqladığıma baxmayaraq, bir az söhbət etdim, elə bil, halım yaxşılaşdı). Xalqımız indiyə qədər gözüaçıq davranıb, indi də gözüaçıq olsun, bilsin ki, düşmən bizim bu zəif nöqtəmizdən sui-istifadə etmək istəyir. Bu bizim zəif nöqtəmizdir – o demək deyil ki, bizim zəif cəhətimiz yoxdur – amma düşmən bundan İran xalqının əleyhinə və öz xeyrinə istifadə etmək istəyir. Onun niyyəti bu zəif nöqtəni aradan götürmək deyil ki; o bacardığı qədər kömək edəcək ki, bu zəiflik artsın; sui-istifadə etmək istəyir. Qoy xalqımız indiyə qədər necə gözüaçıq davranıbsa, bundan sonra da bu məsələlərdə gözüaçıq olsun.
Təbliğat orqanları da – istər “Səda və sima” Dövlət Teleradiosu, istər mətbuat, istərsə də bu internet saytları – əhali arasında ümidsizlik toxumu səpməsinlər, bir qrup insanı İslam dininə qarşı ümidsiz edəcək tərzdə danışmasınlar. Tənqid etmək istəyirlər, etsinlər, mən məntiqli tənqidin əleyhinə deyiləm, intəhası xalqı pessimist ruha kökləməsinlər. Hərdən hansısa qəzetdə, yaxud televiziya və ya radio proqramında elə danışırlar ki, adam baxıb fikirləşir: “Deyəsən, daha bütün qapılar bağlanıb”. Amma belə deyil, qapılar bağlı deyil; nəyə görə belə deməlidirlər ki?! Bunu bilin; bilin ki, İran xalqı, əziz İslam İnqilabımız və İslam Respublikası bütün digər çətin etaplardan uğurla keçdiyi kimi, onlarla müqayisədə daha asan olan bu etapdan da rahatlıqla keçəcək, inşallah.
Amerika məsələsinə gəlincə; əvvəla onu deyim ki, amerikalılar bu son aylarda, yaxud son yarımildə öz danışıqlarında, bəyanatlarında, çıxışlarında indiyə qədər olduğundan daha utanmaz, daha ədəbsiz olublar. Amerikalılar əvvəllər də danışıqlarında etikanı gözləmirdilər; bəyanatlarında diplomatik etikaya, siyasi etikaya, beynəlxalq aləmdə qəbul olunmuş etik qaydalara çox az riayət edirdilər, amma hazırda keçmişdəkindən də ədəbsiz və utanmaz olublar. Təkcə bizə qarşı münasibətlərində yox, dünyanın istənilən ölkəsi ilə, bütün məsələlərdə, müxtəlif olaylarda, elə bil, həya-abırlarını itiriblər. Yəni elə işlər görür, elə danışır, elə mövqe sərgiləyirlər ki, insan, doğrudan da, heyrətə gəlir, “Bunlar nədir, bunlar insandır?” – deməyə məcbur olur. Özünüz gördünüz, ötən həftə səudiyyəlilər həftə ərzində Yəməndə iki sarsıdıcı cinayətə yol verdilər: həftənin əvvəlində bomba və raketlərlə bir xəstəxanaya hücum edib xəstələrdən bir qrupunu qətlə yetirdilər; həftənin axırında da azyaşlıları daşıyan bir avtomobili – hamısı 8, 9, 10 yaşlı uşaqlar olub – hədəfə alaraq 40-50 nəfər günahsız uşağı öldürdülər. Görün, necə böyük bir müsibətdir! Evinizdə 8-9 yaşlı uşaq var? Adamın ürəyi yanır! Bu cinayəti Səudiyyə hökuməti törətdi. Bu olay bütün dünyanı tərpətdi, vicdanlar tərpəndi; dövlətlər – əlbəttə ki, iltifat xatirinə – bir kəlmə dedilər, təəssüfləndiklərini bildirdilər, ya nə isə dedilər; amma hər halda, hamı tərpəndi. Amerika bu yerdə nə etdi? Amerika bu açıq-aşkar cinayəti qınamaq əvəzinə, durub dedi ki, “bizim Səduiyyə hökuməti ilə strateji əməkdaşlığımız var”. Bu, həyasızlıq deyilmi? Utanmazlıq deyilmi? Bütün olaylarda da eynilə bu cür; gördükləri işlər utanmazlıqlarını, həyasızlıqlarını nümayiş etdirir. Elə Amerika prezidentinin atdığı o addım: ən azından iki minə yaxın azyaşlını – hamısının aşağı-yuxarı 2,3,5 yaşı var idi – analarından ayırdı ki, “bunlar mühacirdir”. Sonra da uşağı saxlamaq olmur axı, nə etsinlər, saldılar qəfəsə. Baxın, uşağı anasından ayırırlar, sonra da 2000 anasız uşağı bir yerdə saxlaya bilmək üçün qəfəsə salırlar! Tarixdə ümumiyyətlə belə bir cinayət görünübmü! Bunu edirlər, dik-dik də durub baxırlar, heç xəcalət də çəkmirlər! Yəni axır vaxtlar bunların danışığı, gördükləri işlər, atdıqları addımlar, həqiqətən də, çox həyasız və utanmaz bir vəziyyət alıb.
Bizim haqqımızda da danışırlar; həmin adamlar İslam Respublikası haqqında da eyni ədəbsiz tonla mənasız, əsassız sözlər danışırlar. Nə deyirlər? Bizi sanksiyalarla təhdid etmələrindən əlavə, iki şeydən də danışırlar: biri müharibə məsələsi, o biri danışıqlar. Əlbəttə ki, müharibə barədə danışarkən açıq-açığına: “Müharibə edəcəyik”, – demirlər, amma öz aləmlərində eyhamla demək istəyirlər ki, müharibə də ola bilər. Xalqı, yaxud qorxaqları qorxutmaq üçün müharibə kabusunu gözümüzdə böyütməyə çalışırlar. Axı hər halda, bizdə bir ovuc qorxaq da var, fikirləşirlər ki, bəlkə, onları qorxudarlar. Nə isə, müharibə məsələsini ortaya atıb, dəhşətli, böyük bir kabus kimi göstərməyə çalışırlar; biri budur. O biri də danışıqlar məsələsidir; demək istəyirlər ki, bəli, biz İranla danışıqlara da getməyə hazırıq. Onda da biri deyir, danışıqların ön şərtləri olmalıdır, biri deyir, olmamalıdır – bunlar hamısı artıq vaxtı keçmiş oyunlardandır. Bunlar, həqiqətən də, vaxtını başa vurmuş siyasi oyunlardır, yəni bunlara inanıb ümid bağlamağa dəyməz. Hər halda, həm müharibədən danışırlar, həm də danışıqlardan. Mən bu mövzulardan hər biri ilə bağlı bir neçə məqama toxunacağam, amma öncə üzümü İran xalqına tutaraq qısaca – bir-iki kəlmə ilə bunu demək istəyirəm: mühariə olmayacaq, danışıqlara da getməyəcəyik. Mənim sözümün qısası budur, dedim ki, biləsiniz, bütün İran xalqı bilsin. Amma bu fikirlər sırf iddia, söz, arzu, şüar deyil, hər birinin arxasında dəlillər, arqumentlər durur. Müharibə olmayacaq; nəyə görə? Çünki müharibədə iki tərəf olmalıdır: biri bizik, biri onlar. Bizə gəlincə, biz müharibəyə başlamayacağıq, biz heç bir müharibəni özümüz başlatmamışıq. Müharibələrimiz olub, amma başlayan qarşı tərəflər olub. Qarşı tərəf müharibəyə başladığı təqdirdə biz, əlbəttə ki, qüdrətlə meydana atılırıq, amma özümüz müharibəyə başlamırıq. Biz tərəf belə. Amerika tərəfinə gəlincə; amerikalılar da müharibəyə başlamayacaqlar, çünki zənnimcə, onlar da bilirlər ki, burada müharibəyə başlasalar, yüzdə-yüz özlərinin ziyanına bitəcək. İslam Respublikası və İran xalqı elə bir məcmudur ki, onlara hücum edən şəxs zərbə vura bilər, amma özü daha böyük zərbə alacaq; necə ki indiyə qədər həmişə bu cür olub. Amerikalılar bir dəfə burda Tibsə hücum etdilər – yadınızda olar – özlərini biyabır edib, qayıdıb getdilər. (5) Ola bilsin, çox şeyləri dərk etmirlər, amma fikrimcə, o qədər də rəzil deyillər ki, bunu da dərk etməyələr. (6) Müharibə olmayacaq, əmin olun.
Danışıqlar məsələsinə gəlincə; indi o adam (7) durub deyir ki, biz İranla danışıqlar aparmağa hazırıq, burda da bir dəstə adam (“bir dəstə” deyirəm, insan, doğrudan da, onlara nə ad verəcəyini bilmir) sevincək düşüb ki, əcəbdir, amerikalılar danışıqlar aparmağı təklif edirlər. Amerikalıların müzakirə təklif etməsi yeni bir şey deyil ki! Bu 40 ildə əksər hallarda onlar bizimlə müzakirələr aparmaqda maraqlı olublar. Amerikanın qüdrətli prezidenti Reyqan (o vaxtkı Amerika ilə indikinin arasında çox fərq var; indikilərlə müqayisədə o daha güclü və qüdrətli idi) hətta Tehrana gizlicə adam da göndərmişdi; məşhur “Mak-Farlin” olayında; həmin adam Mehrabad hava limanına qədər gəlib, əliboş geri qayıtmışdı; İmam Xomeyninin (r.ə) vaxtında. Bu, birinci dəfə deyil ki, onlar bizdən müzakirələrə razılıq verməyimizi istəyirlər! Onlar bunu həmişə istəyirdilər, biz rədd edirdik, biz qəbul etmirdik. Niyə qəbul etmirdik? Onu indi deyəcəyəm. Biz onların bu təklifini heç vaxt qəbul etməmişik, indi də qəbul etmirik. Amerikalılar bizimlə danışıqlar aparmağı həmişə istəyiblər. Bəs biz buna niyə getmirik? Qulaq asın, bu barədə deyiləsi sözlər çoxdur. Biz danışıqlara nə üçün getmirik? Səbəbi budur: amerikalıların özünəməxsus müzakirə anlayışı, müzakirə modeli var; indi deyəcəyəm, görün, ağlı başında olan bir adam o anlayışa sahib olan bir qarşı tərəflə o model əsasında danışıqlar aparar, ya yox?
Əvvəla, beynəlxalq siyasi praktikada “müzakirə” deyəndə oturub söhbət etmək, hal-əhval tutmaq başa düşülmür. Müzakirə alış-veriş deməkdir; yəni iki qarşı tərəf masa arxasına keçib oturur, bir şey verib, başqa bir şey alırsınız. Siyasi müzakirənin mənası budur. Amerikalılar isə özlərinin siyasi, maliyyə və təbliğat gücünə həddən artıq arxalandıqlarına görə kiminləsə danışıqlar aparmaq istəyəndə öncə öz əsas hədəflərini özləri üçün müəyyənləşdirirlər. Həmin hədəflərdən bəzilərini dilə gətirib deyir, bəzilərini isə açıb-ağartmırlar. İş əsnasında daim dəbbələyir, əlavə şərt artırır, çənə vururlar, amma əsas hədəflərinin nə olduğu özləri üçün dəqiqdir. Bu, bir.
İkincisi, həmin əsas hədəfdən bir addım da geri çəkilmirlər. Düzdür, bəzən ortaya bəzi əhəmiyyətsiz, dəyəri olmayan hədəflər də gətirib, onlardan vaz keçirlər ki, zahirən bu, bir növ, güzəşt, geri çəkilmək kimi görünsün, amma öz əsas məqsəd və hədəflərindən əsla geri durmur, qarşı tərəfə qətiyyən imtiyaz vermirlər.
Üçüncüsü, danışıqlarda iştirak edən qarşı tərəfdən nağd imtiyazlar istəyir, vəd qəbul etmirlər. “Əmin deyilik”, – deyib, nağd imtiyaz tələb edirlər. Birgə Kompleks Tədbirlər Planında biz də bunun şahidi olduq, təcrübə göstərir ki, başqa yerlərdə də eynilə bu cür davranıblar. Hazırda Şimali Koreya ilə danışıqlar aparırlar, orda da eyni vəziyyətdir; qarşı tərəfdən nağd imtiyaz istəyirlər. Qarşı tərəf nağd imtiyaz verməkdən imtina edəndə isə media təbliğatı vasitəsilə dünya miqyasında hay-küy salırlar ki, bəli, bunlar danışıqlara gəlmirlər, bunlar danışıqlar masasına qayıtmalıdırlar, elə eləməlidirlər, belə eləməlidirlər... Elə bir şivən, mərəkə qoparırlar ki, bir qayda olaraq, qarşı tərəf buna adekvat cavab verə bilmir. Adətən qarşı tərəf passiv vəziyyətə düşür, lazımi şəkildə reaksiya verə bilmir. Onların o küyçülüyünün, qara-qışqırığının qabağında qarşı tərəf adətən adekvat davrana bilmir, passiv mövqedə qalır.
Dördüncü mərhələ: nağd istəyib aldıqlarının qarşılığında özləri də nağd bir şey vermək əvəzinə, heç nə vermirlər. İstənilən alış-verişdə pul verib, nə isə alırsınız, Amerika isə nağdı alıb, qarşılığında vəd verir; möhkəm, inandırıcı vədlər: “arxayın olun, şübhəniz olmasın, tərəddüd etmək lazım deyil”. Vədlərlə qarşı tərəfi sevindirir, qarşı tərəf də onun bu cür inandırıcı, möhkəm vədlər verdiyini görüb razılaşır.
Və sonuncu mərhələ: məsələ bitəndən, işlərini aşırandan sonra o vədlərindən də yayınır, boyun qaçırır, verdikləri o möhkəm vədləri əsib keçən bir yel kimi unudurlar! Amerikalıların müzakirə metodu budur.
İndi belə bir dövlətlə, belə bir saxtakar və hegemon rejimlə oturub nəyisə müzakirə etmək lazımdır? Nəyə görə müzakirə etməliyik ki? BKTP bunun açıq-aydın nümunəsidir. Hələ mən o məsələyə o qədər sərt yanaşdım, tələbkarlıq etdim, qarşı tərəf yenə də o cür davrandı (əlbəttə, onu da deyim ki, bizim müəyyənləşdirdiyimiz qırmızı xətlərin hamısına riayət olunmadı). Belə bir tərəf-müqabillə heç nəyi müzakirə etmək olmaz; belə bir dövlətlə danışıqlar aparmaq qeyri-mümkündür. İstənilən dövlət onlarla hansısa məsələ barədə danışıqlar aparanda problem yaradırlar. Yalnız havadarları istisna olmaqla; İngiltərə kimi. Əlbəttə, İngiltərəyə də təzyiq göstərirlər; amerikalılar ingilislərə də, avropalılara da təzyiq göstərirlər, amma hər halda, onlarla aralarında ortaq cəhətlər var, əməkdaşlıq edirlər, birgə iş görürlər. Amerika kiminlə müzakirə masasına oturursa, o dövlət belə bir vəziyyətlə üzləşir. Biz yalnız o zaman Amerika ilə müzakirə masası arxasına oturmalı, bu təhlükəli oyuna yalnız o zaman getməliyik ki, sahib olduğumuz iqtidara görə onun təzyiqləri, qara-qışqırığı bizə heç bir şəkildə təsir göstərə bilməsin. Bəli, qoy İslam Respublikası iqtisadi, siyasi və mədəni cəhətdən bizim nəzərdə tutduğumuz iqtidara yetişsin, ondan sonra müzakirələrə getsin; ona sözüm yoxdur. Bu gün isə belə deyil; bu gün biz gedib nəyisə müzakirə etsək, o müzakirə mütləq surətdə bizim ziyanımıza tamamlanacaq. Belə bir hegemonla müzakirənin nəticəsi bizim zərərimizə olacaq. Məhz elə buna görə İmam Xomeyni (r.ə) də Amerika ilə danışıqlara getməyi qadağan etmişdi; mən də qadağan edirəm. İmam buyurmuşdu ki, Amerika adam olmayana qədər biz danışığa getməyəcəyik. “Adam olana qədər” nə deməkdir? Yəni İsraili, regiondakı şər qüvvələri dəstəkləyib himayə etməyənə qədər. Mən də eyni sözü deyirəm. Qeyri-mümkün ehtimalla, nə vaxtsa İslam Respublikası Amerika rejimi ilə danışıqlara gedəsi olsa belə, bu, hazırkı Amerika administrasiyası ilə olmayacaq. Qoy hamı – həm siyasətçilərimiz, həm diplomatlarımız, həm stimullu gənclərimiz, həm politologiya sahəsində təhsil alan tələbələrimiz, həm siyasət arenasının fəalları bilsin ki, Amerika kimi hegemon və tamahkar bir rejimlə danışıqlara getməklə onun düşmənçiliyini azaltmaq mümkün deyil. Bu danışıqlar onun düşmənçiliyini aradan götürmək üçün vasitə ola bilməz, əksinə, bunu öz düşmənçiliyini yürütmək üçün əlində alətə çevirəcək. Baxın, bu həm bizim təcrübələrimizin təsdiqlədiyi, həm də müxtəlif siyasi mülahizələrin dəstəklədiyi bir formuldur. Bəziləri deyir ki, danışıqlara getsək, düşmənçilik azalar. Xeyr, danışıqlar düşmənçiliyi azaltmayacaq, bu onun daha da çox düşmənçilik etməsi üçün əlverişli bir vasitə olacaq. Bax elə buna görə də biz danışıqlara getməyəcəyik və bunu qadağan edirik. Qoy hamı da bunu elə bu cür bilsin.
Bu gün Amerika diqqətini bizimlə iqtisadi müharibə üzərində cəmləyib. Hərbi savaş yoxdur, olmayacaq da, amma iqtisadi müharibə var. Bu gün iqtisadi savaşın üzərində fokuslanıblar. Nəyə görə? Çünki hərbi savaşdan ümidlərini üzüblər. Hətta mədəni savaşa da ümidləri yoxdur. Baxın, inqilabımızın ikinci onilliyi olan 70-ci illərdə ölkəmizin əleyhinə xəbis niyyətli bir mədəni hərəkata start verildi. O zaman mən gənclərimiz bu məsələdə diqqətli, gözüaçıq olsunlar, xalqımızın təhlükə barədə məlumatı olsun deyə “mədəni hücum”, “mədəni basqın” mövzularını gündəmə gətirmişdim. 70-ci illərdə ölkəmizin əleyhinə genişmiqyaslı bir mədəni hərəkat başladılmışdı; amma baxın: 70-ci illərdə doğulanlar bu gün müqəddəs ziyarətgahları müdafiə etməyə yollanıb canından keçir, bu işə güc sərf edir, bəzən şəhid kimi nəşləri geri qayıdır! Bu kimin ağlına gələrdi? O mədəni hücumların geniş miqyasda həyata keçirildiyi bir vaxtda İslam Respublikasının gülüstanında bu güllər çiçəkləndi, bu fidanlar pöhrələndi, Hücəcilər yetişdi. Demək, mədəni savaşda biz qələbə qazanmışıq, düşmənsə məğlub olub. Müqəddəs Müdafiənin qürurverici irsini xalqa unutdurmaq üçün 70-ci illərdə, eləcə də 80-ci illərin bir qismində bir mədəni savaş çıxardılar, üzərində də çox çalışdılar, amma İslam Respublikası buna qarşı ideoloji bir mexanizm – çox önəmli olan “Nur yolçuları” hərəkatını yaratdı. “Nur yolçuları” ekskursiyaları işlək bir mexanizmdir; yumşaq – ideoloji gücə malik olan bir mexanizm. Milyonlarla gənc cəbhə bölgələrinə yollanaraq o müqəddəs ilahi mərifət, fədakarlıq ocaqlarında nələrin baş verdiyini, vəziyyətin necə olduğunu gördü, hadisələr onlar üçün şərh olundu və həmin gənclər Müqəddəs Müdafiə salnaməsi ilə tanış oldular. Bəli, İslam Respublikası budur; müqəddəs ziyarətgahların müdafiəçilərini yetişdirir; “nur yolçuları”na yol açır; məscidlərdə itikafa qalanları – itikaf isə Allah qarşısında itaətkarlıq və yalvarışın ən ali göstəricisidir – ortaya çıxarır; demək olar, hamısı da gənclərdir. O vaxta qədər bu şeylər yox idi ki; demək, mədəni savaşda biz düşmənə qalib gəlmişik. Hərbi savaşda da qələbə bizim olub.
Siyasi – təhlükəsizlik xarakterli savaşda da qalib biz olmuşuq. Onların siyasi-təhlükəsizlik savaşı 1388-ci ildə baş verən olaylar idi. O olaylar üçün illərlə zəhmət çəkmişdilər. O cür hadisələr bir saatın, bir günün içində əmələ gəlmir ki! Onun üçün neçə il zəhmət çəkmişdilər. İran xalqı və İslam Respublikası isə düşmənin məkrli planına üstün gələrək qələbə çaldı.
Mədəniyyət, siyasət, təhlükəsizlik və hərb meydanlarında məğlubiyyətə uğrayan düşmən hazırda bütün güc və diqqətini iqtisadi cəbhəyə yönəldib. Sizə deyim ki, Allahın köməyi ilə, düşmən bu cəbhədə də məğlub olacaq. Bu savaşda qalib gələ bilmək üçün əllərindən gələni edirlər. İran xalqı ilə hiylə və yalanla danışırlar. Baxın, əqli cəhətdən geriliyi olan birisi çıxıb televiziya vasitəsilə İran xalqına müraciət edir, deyir ki, sizin dövlətiniz pulunuzu aparıb Suriya və İraqda xərcləyir. Həqiqətən də, ağlı çatmır. Bunlar o adamlardır ki, prezidentləri : (8) “Biz regionda, – elə həmin Suriya və İraqı nəzərdə tutur, – 7 trilyon dollar pul xərclədik, heç nə əldə edə bilmədik”, – demişdi. Düz də deyir; bunlar o ölkələrdə 7 trilyon dollar – özlərinin dediyinə görə – pul xərcləyiblər, bu günə qədər də heç bir nəticə əldə edə bilməyiblər. İslam Respublikası heç bir şəkildə bu cür işlər görməyib; onlarla müqayisə belə oluna bilməz. Suriya və İraq bizə dost dövlətlərdir, Amerika və Səudiyyə Ərəbistanı onların daxili sabitliyi üçün təhlükə törətmişdi, biz də onların köməyinə tələsdik və buna müvəffəq olduq. Bundan sonra da kömək edəcəyik, bizə dost olan istənilən dövlətə kömək edəcəyik. Söhbət pul verməkdən, filandan getmir, bu, iki dövlət arasında həyata keçirilən mübadilələrdir; satırlar, alırlar, verirlər, götürürlər. Onlarınsa bu cür danışmaqda məqsədi İran xalqında İslam dövlətinin, İran İslam Respublikasının mövqeyinə qarşı şübhə yaratmaqdır.
Bəli, iqtisadi müharibədə Amerikanın məqsədi narazılıq yaratmaqdır; hədəfləri budur; narazılıq yaratmaq istəyirlər ki, bəlkə sonra bu narazılığı daxili iğtişaşlara çevirə bilələr. Sizə bir xəbər verim; bu, təhlil deyil, dəqiq informasiyadır; yəqin ki, dey ayında baş vermiş olaylar yadınızdadır. Ötən dey ayında – bundan 6-7 ay əvvəl – bir neçə gün ərzində bir neçə şəhərdə bir qrup adam küçələrə çıxıb şüarlar səsləndirdi və sair bu kimi işlər gördü. Bu olayları ortaya çıxarmaq üçün İsrail və Səudiyyə Ərəbistanının havadarlığı ilə Amerika 3-4 il bu planın üzərində işləmişdi. Nə qədər xərc çəkdiklərini Allah bilir! Ölkəmizin bir neçə şəhərində bir neçə gün ərzində 200, 500, 1000 adamın bir yerə yığılıb şüarlar səsləndirməsinə nail olmaq üçün 3-4 il əlləşib-vuruşmuşdular. O olayların ardınca isə İran xalqı meydanlara çıxdı, heç kimin çağırışını gözləmədən (bu, həqiqətən də, xalqın öz təşəbbüsü idi; mən o vaxt da dedim; doğrudan da, afərin bu xalqa!) özü meydanlara axışdı, qarışıqlığı sahmana saldı, çirkin niyyətləri aradan götürdü, məğlub etdi. Onların bu hadisəni törətmək üçün illərlə çəkdiyi zəhməti İran xalqı bir neçə gün ərzində puça çıxardı. Bundan sonra onlar fikirləşdilər ki, hə, bu planımızın filan-filan nöqsanları var idi, həmin nöqsanları aradan götürək, gələn il – yəni 1397-ci ildə; bu il – yenidən həmin olayları ortaya atarıq. Amerika prezidenti bəyanat verdi ki, altı aydan sonra İranla bağlı mühüm xəbərlər eşidəcəksiniz. Onun təyin etdiyi o vaxt bu ilin mordad ayı idi; bu mordad ayında – bir neçə gün bundan əvvəl bir neçə yerdə bir neçə adamın bir yerə yığılıb şüar səsləndirməyini deyirdi. Nə isə bir hadisə törətmək üçün o qədər pul xərcləyir, zəhmət çəkirlər, axırı da belə olur. Çünki xalqımız sayıqdır, gözüaçıqdır. Bəli, məişət problemləri camaatımızı sıxır, çox adamın kefi yoxdur, çoxları narazıdır, amma İran xalqı ABŞ Mərkəzi Kəşfiyyatının, yaxud hansısa bədbəxt, üzüqara rejimin məkrli planına və istəyinə heç vaxt boyun əyməz! Düşmən zəifdir, düşmənin əlindən heç nə gəlmir, düşmən məğlub olub və heç şübhəsiz, gələcəkdə də bütün mərhələlərdə məğlub olacaq! Bir şərtlə ki, biz sayıq olaq, öhdəmizə düşən vəzifələrə əməl edək, ümidimizi itirməyək.
Bəzi insanlar elə danışır, elə hərəkət edirlər ki, “vəziyyəti düzəltmək” və ya misal üçün, “maddi çətinliklər içərisində olan insanlara dəstək olmaq” və sair bu kimi adlar altında özləri də bilmədən düşmənin dəyirmanına su tökürlər. Hakimiyyətə səslənərək hazırkı administrasiyanın getməli olduğunu deyən və sair bu kimi sözlər danışan insanlar düşmənin planına işləyirlər. Xeyr, hökumət tam gücü ilə iş başında qalmalı, işləri bu administrasiya həyata keçirməlidir! Prezidenti xalq seçib; parlamenti də xalq seçib; prezidentin də, parlamentin də öz hüquq və vəzifələri var. Vəzifələrinə əməl etməlidirlər, hüquqları, nüfuzları da qorunmalıdır. Parlament prezidentin, prezident də parlamentin nüfuzunu qorumalıdır. Bir-birini qorumalı, qüvvələrini birləşdirərək səmərəli əməkdaşlıq etməlidirlər. Bizim bu yaxınlarda hakimiyyətin 3 qolunun başçıları ilə ölkədəki iqtisadi problemlərə və digər mühüm məsələlərə həsr etdiyimiz o yüksək səviyyəli iclasın faydalarından biri də bu olmalıdır ki, hakimiyyətin qolları öz aralarında əməkdaşlıq etsinlər. Onlar bir-birini tamamlamalı, bir-birinin imkanlarını daha da artırmalıdırlar. Xalq da gözüaçıq olmalıdır. Xalq da nə etdiyini, hansı addımı atdığını, nə danışdığını və nə istədiyini bilməlidir.
Və mən əminəm ki, Allahın qüdrətli əli, inşallah, bu xalqın üzərindədir. İmam Xomeyninin (r.ə) də mənə söylədiyi kimi – bunu mənə İmam özü şəxsən deyib – mən Allahın qüdrətli əlinin bu xalqın və bu dövlətin üzərində hərəkət etdiyini görürəm. İmam (r.ə) Allahın qüdrətli əlini görürdü, o əli biz də görürük. Allahın qüdrəti isə xalqın qüdrətində və imanında təcəlli edərək özünü göstərir. Ümidvaram, Allah-taala hamınıza mənəvi dəstək olacaq. Zəhmət çəkib təşrif gətirdiyinizə görə bir daha sizə öz təşəkkürümü bildirirəm, Allahdan sizə uğurlar diləyirəm.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
____________________________
(1) Səhifeyi-Səccadiyyə, 5-ci dua
(2) Həmin mənbə
(3) Görüş iştirakçılarından bir qrupu: “Korrupsionerlər edam olunmalıdır!” – deyə şüar səsləndirirlər.
(4) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər.
(5) Görüş iştirakçıları gülür.
(6) Görüş iştirakçıları gülür.
(7) Donald Tramp
(8) Donald Tramp