Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علی آله الطّیّبین الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الیٰ یوم الدّین
Əziz qardaşlar, əziz bacılar, həcc fərizəsinin təşkili üçün çalışan, həccə getmək uğuruna nail olmuş əziz hacılarımıza xidmət göstərən dəyərli insanlar! Hamınız xoş gəlmisiniz! Sizin bu xidmətinizin özü böyük bir iftixardır. Həcc çox əzəmətli bir fərizədir; onun miqyası, həqiqətən də, bizim vəsf etdiyimizdən çox-çox genişdir. Belə bir vacib əməlin yerinə yetirilməsi üçün hazırlıq işləri görmək, onun təşkilinə yardımçı olmaq, bu işə xidmət göstərmək özü böyük bir savab, böyük bir iş, dəyərli bir xidmət hesab olunur. Mən müxtəlif sahələrdə – istər bizim Məkkədəki nümayəndəliyimizdə, istər təşkilatda, istər həcc karvanlarında, istərsə də digər aidiyyətli qurumlarda xalqa xidmətlə məşğul olan, çalışıb-vuruşan, hər biri işin bir küncündən yapışan insanlara tövsiyə edirəm ki, bu mənəvi uğurun qədrini bilsinlər, buna görə Allaha şükürlər etsinlər və bu işi mümkün qədər daha yüksək səviyyədə həyata keçirməyə səy göstərsinlər. Cənab Qaziəsgərin, həmçinin Həcc Təşkilatının çox möhtərəm sədrinin təqdim etdiyi hesabatlar çox gözəl idi; indi fərz edək ki, bu tədbirlərin bir qismi işin ortasında axsadılsa, yaxud dayandırılsa belə, ümumilikdə bu hesabatlarda əksini tapan və həyata keçirilmiş işlər olduqca diqqətəlayiqdir. Lakin mən onu da qeyd etmək istəyirəm ki, bütün bu deyilənlər İbrahim (ə) həccinin, Peyğəmbər (s) həccinin, Quranda əmr olunmuş həccin layiqincə yerinə yetirilməsi üçün kifayət deyil və hələ bir çox işlər görmək olar.
Qeyd etmək istərdim ki, bütün müxtəlif aspektlərindən əlavə, həccin – bu böyük fərizənin bir xüsusiyyəti də var ki, həcc mənəviyyatla siyasətin, mənəviyyatla maddiyyatın, dünya ilə axirətin çulğaşmasının təzahürüdür.
وَ مِنهُم مَن یَقولُ رَبَّنا ءاتِنا فِی الدُّنیا حَسَنَةً وَ فِی الأخِرَةِ حَسَنَةً وَ قِنا عَذابَ النّار
“(Amma) insanların bəziləri deyirlər: “Pərvərdigara! Bizə dünyada da, axirətdə də yaxşılıq mərhəmət buyur və bizi odun əzabından qoru”. (“Bəqərə” surəsi, 201-ci ayə)
Quran həcdə bu cür dua edib, Allah-taaladan dünya və axirətdə xeyir diləyənləri təqdir və qəbul edir; yəni həcdə dünya və axirət birlikdə cəmləşib; həcc belə bir çulğaşmanı təzahür etdirir. Bəzi qüvvələr illər boyu və elə indinin özündə də əlləşib-vuruşaraq İslamda mənəviyyatı gündəlik həyatın işlərindən, cəmiyyətin idarəçiliyi ilə bağlı məsələlərdən ayırmağa çalışıblar; “Dinin siyasətdən ayrı olması” iddiasını ediblər. Uzun illər boyu – demək olar, onilliklərlə, yüz il ərzində, bəlkə, ondan da artıq – İslamın düşmənləri və İslamın nə olduğundan xəbəri olmayan nadanlar bunun üzərində işləyiblər. İslam İnqilabı qələbə çaldıqdan və İslam Respublikası yarandıqdan sonra bu iddialar hamısı puç oldu. Məlum oldu ki, xeyr, İslam dini xalqı bütün bacarıq və potensialı ilə irəli verib, siyasət meydanını, gündəlik həyatı, ölkənin idarəçiliyi ilə bağlı işləri ən gözəl tərzdə idarə edə bilər. İslam dini kommunistlərdən tutmuş Qərbin liberallarına qədər hər kəsin bu sahədə irəli sürdüyü şüar və iddialardan daha uğurlu oldu. Odur ki artıq uzun müddətdir göstərdikləri səylər puça çıxdı; amma yenidən başladılar; müəyyən qüvvələr təzədən fəaliyyətə keçdilər ki, yeni nəsilləri dinlə syasətin, dinlə həyatın, dinlə elmin, dünya ilə axirətin, mənəviyyatla maddiyyatın çulğaşmasından – hərçənd İslamda bütün bunlar var – yayındırsınlar; yəni zehinləri bu çulğaşmadan yayındırsınlar, uzaqlaşdırsınlar. Həcc isə bu çulğaşmanı əməli surətdə nümayiş etdirən bir meydandır.
Həcc bunu hansı şəkildə edir? Siz həcdə həm dua edib Allaha yalvarırsınız, həm təvəssül edirsiniz, həm göz yaşı axıdırsınız, həm təvaf edirsiniz, həm “səy” adlanan ayini yerinə yetirirsiniz, həm namaz qılırsınız, həm də digər insanlarla bir arada olursunuz; bu, çox önəmlidir. İndi gəlin düşünək; əgər camaatı həccə çağırmaqda Allah-taala yalnız onların o məkana gəlib, bir neçə günü mənəviyyat içərisində başa vurmasını nəzərdə tutmuş olsaydı, bunun üçün konkret vaxt müəyyən etmək lazım deyildi; il boyu kimin nə vaxt ürəyi istəsə, gedərdi; həccin isə müəyyən olunmuş, konkret vaxtı var. Bütün İslam dünyasından müsəlmanlar məhz o vaxt həccə gəlməlidirlər; bir il, iki il yox, bütün tarix boyunca; konkret günlərdə bütün İslam dünyasından gücü çatan, taqəti çatan, imkanı olan hər kəs bir nöqtədə toplaşmalıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, bu birliyin, bu toplaşmanın özü Allah-taalanın diqqətindədir; Allah-taala bunu istəyir. Bu elə İslam ümmətinin formalaşdırılmasıdır, müsəlmanların bir araya gəlməsinə, toplaşmasına olan yanaşmadır; həcc bunun təzahürüdür.
Ora çatandan sonra da:
ثُمَّ اَفیضوا مِن حَیثُ اَفاضَ النّاس
“Sonra camaatın döndüyü yerdən siz də dönün”. (“Bəqərə” surəsi, 199-cu ayədən)
– deyə əmr olunur. Burada da insanlardan, camaatdan söhbət gedir;
سَواءً العـاکِفُ فیهِ وَ الباد
“... həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidül-həram ...” (“Həcc” surəsi, 25-ci ayədən)
– istər məkkəlilər olsun, istər qeyri-məkkəlilər, fərqi yoxdur, bura hamınındır, bu diyar bütün müsəlmanlarındır. Kimlərsə elə təsəvvür etməməlidir ki, o torpaq onlarındır və onların orada istədikləri kimi hərəkət etməyə haqqı var; xeyr, Kəbeyi-Şərifə, Məscidül-hərama, bu şərəfli diyara, Hərəmeyni-şərifin müqəddəs atmosefrinə münasibətdə bütün müsəlmanlar bərabərhüquqludur. Düzdür, ayədə Məkkə haqda danışılır, amma Mədinənin də statusu eynidir, ora da bütün müsəlmanlarındır. Çünki Peyğəmbər (s) hamınındır.
Baxın, müsəlmanların bu şəkildə bir yerə toplaşması, bu həmrəyliyi, koordinasiyası həccin hədəflərindən biridir və buna, mütləq, diqqət yetirilməlidir. Aidiyyətli qurumların rəsmiləri möhtərəm hacılarımız üçün hazırlanan bütün proqramlarda bu hədəfləri hökmən nəzərdə tutmalıdırlar: qarşılıqlı əlaqə, birlik, anlaşma və uyğunlaşma. Əlbəttə, o bölgədə hakimiyyətdə olan qüvvələr bunu istəmir, mümkün olduğu qədər əngəl törədirlər, hazırda bunun üçün vasitələr də çoxdur, lakin müsəlmanlar arasında əlaqələr yaradılmalı, İslam ümmətinin birliyi təşkil olunmalıdır. Odur ki İslamı siyasətdən ayıranlar, İslamı siyasət meydanından inkar edənlər İslamı, Quranın ayələrini dərk etmirlər. Quranın ayələri – istər həcc, istər cihad, istər fərdlərarası münasibətlər, istərsə də cəmiyyətdə dini hakimin hakimiyyətindən bəhs edən ayələr hamısı İslamın siyasətləridir. Bizim haqqında danışdığımız, dinə əsaslanan xalq hakimiyyəti də İslamın özündən, Quran təlimlərindən əxz olunub.
وَ اَمرُهُم شوریٰ بَینَهُم
“... işləri barədə öz aralarında məşvərət edərlər ...” (“Şura” surəsi, 38-ci ayədən)
– həcc məsələsində əsas məqam bundan ibarətdir.
Digər bir məqam budur ki, heç kəs həccin təlimlərinin, həccin özündə ehtiva etdiyi mənaların qarşısını almağa çalışmamalı, onlar üçün maneələr törətməməlidir. Quran buyurur:
اِنَّ الَّذینَ کَـفَروا وَ یَصُدّونَ عَن سَبیلِ اللهِ وَ المَسجِدِ الحَرام
“Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, məbəd) etdiyimiz Məscidül-həramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyil etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!” (“Həcc” surəsi, 25-ci ayədən)
Allahın yoluna, Məscidül-hərama gedən yollara sədd çəkmək – əngəl olmaq, maneə yaratmaq – təkcə bu deyil ki, Məkkəyə getməyinizə imkan verməsinlər; ola bilsin ki, Məkkəyə getməyinizə icazə verələr, amma həccin məna və təlimlərindən istifadə etməyinizə imkan verməyələr. Bu da Allahın yoluna, Məscidül-hərama çəkilən səddir. Bu hərəkəti edənlər, bu böyük yanlışa yol verən dövlət və hökumət Allahın yoluna sədd çəkir. Həcdə gizlənən mənaları bilmək, dərk etmək və onlara uyğun hərəkət etmək lazımdır.
Qısası, Kəbə hamınındır. Mən düşünürəm ki, İran xalqı İslam İnqilabının qələbəsindən sonra dahi İmam Xomeyninin (r.ə) göstərdiyi yolun bərəkəti sayəsində həcdə yeni bir məna kəşf etmiş, yeni bir anlam tapmış, həcci başqa bir mahiyyətlə dərk etmişdir. İnqilabın qələbə çaldığı ilk ildəcə İmam Xomeyni o zaman həcc ziyarətinə yollanan zəvvarlara müraciət ünvanladı. Həmin müraciətdə İran xalqına həccin mahiyyəti yeni bir aspektdən açıqlandı, yeni mənalar izah olundu və xalq həmin mənaları rəhbər tutaraq hərəkət etməyə başladı. Həccə gedən zəvvarlara bu ziyarətin müşriklərə nifrət və etiraz ifadə etmək, müsəlmanlarla qarşılıqlı anlaşmaya diqqət və önəm vermək, “اَشِدّاءُ عَلَی الکُفّار” – kafirlərə qarşı sərt və “رُحَماءُ بَینَهُم” – öz aralarında mehriban, mülayim olmaq şərtilə yerinə yetirilməli olduğu aşılandı. Həcc ziyarətində
مُحَمَّدٌ رَسُولُ اللَّهِ وَالَّذِينَ مَعَهُ أَشِدَّاءُ عَلَى الْكُفَّارِ رُحَمَاءُ بَيْنَهُمْ
“Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mehribandırlar”. (“Fəth” surəsi, 29-cu ayə) ayəsi təzahür etməlidir. Bunun əksi qardaşlar arasında konflikt, uzaqlıq yaratmaq, özünü isə gedib dünya imperializminə, Amerikaya calamaqdır. Bu, həccin insanlardan istədiyinə, həccin insanlar üçün istədiyinə və müqəddəs şəriətin bəşəriyyətin xeyri üçün tənzimlədiyi qanuna ziddir. Həcc ziyarətini bu psixologiya ilə, bu mənəvi halətlə yerinə yetirmək lazımdır.
İndi əlbəttə ki, Ərəbistan dövləti müəyyən problemlər yaradır, əslində yerinə yetirilməli olan bəzi vacib şəri vəzifələrin yerinə yetirilməsinə əngəllər törədir. Bunları müsəlmanların, möminlərin tələbləri kimi daim diqqətdə saxlamaq lazımdır. Ola bilsin ki, əngəl törədəcəklər – əngəl törənəndə isə, təbii ki, çətinlik yaranır – amma o istəyi, o tələbi heç vaxt yaddan çıxarmaq olmaz. Cənab rəsmilərin də az öncə qeyd etdiyi kimi, 1394-cü ildə baş vermiş Məscidül-həram və Mina faciələrini əsla unutmaq olmaz. Bu məsələni hökmən araşdırmaq lazımdır. Əsas iddiaçı olan İslam Respublikasının da iştirakı ilə faktaraşdırıcı missiya təşkil olunmalı, beynəlxalq ictimaiyyətə müraciət edilməli, həqiqətin üzə çıxarılması üçün mümkün olan hər yerdən kömək alınmalıdır. O olaylarda insanlara böyük bir zülm edilmişdi. Hacıların təhlükəsizliyi onların o bölgədə hakimiyyətdə olan dövlətin üzərinə düşən böyük bir haqqıdır; həcc ziyarətinə gedən insanların əsas tələbi budur. Təhlükəsizlik, əmin-amanlıq Allah-taalanın Quranda öz evi, Məkkə şəhəri və Kəbənin hərəmi üçün müəyyən etdiyi xüsusiyyətlərdən biridir:
جَعَلنَا البَیتَ مَثابَةً لِلنّاسِ وَ اَمنا
“Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik”. (“Bəqərə” surəsi, 125-ci ayədən)
Hamı orada toplaşmalı, o məkan isə təhlükəsiz, əmin-amanlıq içində olmalıdır. İnsanların təhlükəsizliyi, öz ziyarətlərini arxayınlıqla yerinə yetirə bilmələri əsas işlərdən biridir. Həmin hadisələrdə bu təhlükəsizliyə riayət olunmamışdı. Bunu bir tələb kimi ortaya qoymaq, bu məsələnin bərkini tutub arxasına düşmək lazımdır. Baş vermiş hadisənin arxasınca düşüb onu araşdırmaqdan yorulmayın, usanmayın; kökünə gedin, tələb edin. Möhtərəm rəsmilər – istər Məkkədəki nümayəndəliyimizdə, istər Həcc Təşkilatında, istər digər aidiyyətli qurumlarda, Xarici İşlər Nazirliyində, məhkəmə hakimiyyətində və sairdə – bu faciələrin araşdırılması işi ilə məşğul olmalıdırlar. Məndə olan məlumata görə, orada şəhid olmuş insanlardan bəzilərinin ailə üzvlərinə hətta ora gedib öz əzizlərinin, öz şəhidlərinin məzarını ziyarət etməyə belə icazə verilmir! Belə olmaz; bu hadisələrlə bağlı iş görmək lazımdır. Qətlə yetirilmiş insanların qanbahası da ayrıca bir məsələdir.
Əziz qardaşlar, əziz bacılar! Bu gün İslam dünyasının söz birliyinə, bir olmağa, bir səs olmağa ehtiyacı var. Konfliktə səbəb olacaq, müsəlmanlar arasına təfriqə salacaq istənilən səs və söz müqəddəs şəriətimiz tərəfindən mütləq surətdə nifrətlə qarşılanır. İstənilən istiqamətdən, istənilən formada, istənilən cür konflikt və ikitirəlik qadağandır. Nəyə görə? Ona görə ki düşmən bütün səy və diqqətini İslam dünyası üzərində cəmləyib. Görün İslam dünyasında nələr baş verir?! Bir yandan Yəmənə göstərilən təzyiqlər; məzlum bir xalq neçə ildir ki, mütəmadi olaraq hücumlara məruz qalır; əlbəttə ki, Yəmən xalqı şücaətlidir, güclüdür, müqavimət göstərir, amma çətinlik çəkir. Bir yandan Fələstin məsələsi, Amerikanın Fələstinlə bağlı “Əsrin sazişi” adı ilə yürütdüyü o xəbis və şeytani siyasət; əlbəttə, qoy bilsinlər ki, onların düşündüyü o “əsrin sazişi”, Allahın köməyi ilə, heç bir zaman reallaşmayacaq. Fələstinlə bağlı nə isə bir iş görə bilmək üçün özünü öldürən Amerika rəsmilərinə göz dağı olaraq, Fələstin məsələsi unudulmayacaq, Beytül-müqəddəs şəhəri Fələstinin paytaxtı olaraq qalmaqda davam edəcək, müsəlmanların ilk qibləsi müsəlmanlarda qalacaq. Onlar Beytül-müqəddəsi alacaqları ilə bağlı xam xəyallar qururlar; deyirlər, şəhərin üstü də, altı da, içəriləri də – şərqi, qərbi, hər yeri – yəhudilərin olmalıdır; bunlar hamısı puç və yanlış xəyallardır. Belə bir şey heç vaxt olmayacaq, Fələstin xalqı, heç şübhəsiz, buna qarşı çıxış edəcək və digər müsəlman xalqları da hamısı Fələstin xalqının arxasında duraraq, Allahın köməyi ilə, bunun baş verməsinə imkan verməyəcəklər.
Əlbəttə, təəssüflər olsun ki, bəzi müsəlman dövlətləri nəinki Fələstin məsələsinə, hətta İslam dininin özünə belə etiqad bəsləmədiklərinə görə amerikalıların qarşısında özlərini fəda ediblər; yalnız dedikləri ilə oturub-durmaq deyil, özlərini onlara qurban edirlər. Səbəb isə ağılsızlıqları, cahillikləri, dünyəvi tamah və həvəsləridir. Bəzi dövlətlər – təəssüf ki, ərəb dövlətləri – belə bir vəziyyətdədir. Bunun da heç bir faydası yoxdur, heç bir təsiri olmayacaq, onların da arzusu ürəklərində qalacaq, Allahın köməyi ilə, İslam ümməti, müsəlman Fələstin xalqı öz düşmənlərinə, mütləq, qalib gələcək və Fələstin diyarında qondarma İsrail rejiminin kökünün kəsiləcəyi günə şahidlik edəcək.
İnşallah, həcciniz qəbul olunsun; inşallah, əziz hacılarımız sağ-salamat gedib, əlidolu qayıtsınlar və biz də Allaha şükürlər edək.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________
(1) Görüşün əvvəlində Vəli-fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-muslimin Qaziəsgər, həmçinin Həcc və Ziyarət Təşkilatının sədri cənab Həmid Məhəmmədi məruzə etmişlər.