Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

الحمدلله ‌ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین سیّما بقیّة‌الله فی الارضین

Çox şadam, Allaha şükürlər edirəm ki, bu olduqca həssas və önəmli mərkəzdə bu nurlu və ümidverici kollektivlə bir daha birlikdə olmaq mənə nəsib oldu. Bu meydan, bu yeni nəsil, bu gənclər əziz ölkəmizin varlığının və yüksəlişinin təzahürlərindən biridir. Bir xalqın var olması və yüksəlişi, əsasən, onun güc və iqtidarın amillərini özündə gücləndirməsindən, onlardan yerində və vaxtında istifadə edə bilməsindən asılıdır. Bu gün bu meydanda gördüklərimiz həmin bu əsas prinsipi özündə əks etdirən nümunələrdəndir. 

Bu barədə izah verəcəyəm, lakin əvvəlcə siz gənclər üçün Qurandan bir ayəni qeyd etmək istəyirəm. Həmin şərif ayə “Ali-İmran” surəsindədir, İslamın və müsəlman toplumunun qatı düşmənlərindən söz açan ayələrdən sonra gəlir. Ondan əvvəlki bir neçə ayədə İslama, müsəlmanlara, Peyğəmbərə (s) sonsuz kin və nifrət bəsləyən inadkar düşmənlərdən söz açılır:

قَد بَدَتِ البَغضَاءُ مِن اَفواهِهِم وَ ما تُخفی صُدورُهُم اَکبَر

“Onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olar. Ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. (“Ali-İmran” surəsi, 118-ci ayə)

Həmin düşmənlər bu xüsusiyyətlərlə tanıtdırılır; yeri gəlmişkən, onların xüsusiyyətləri eynilə bu gün sizə – müsəlman İran xalqına və İran İslam dövlətinə ədavət bəsləyən düşmənlərinki ilə eynidir; həqiqətən də,

قَد بَدَتِ البَغضَاءُ مِن اَفواهِهِم وَ ما تُخفی صُدورُهُم اَکبَرُ

– düşmənçilikləri danışdıqları sözlərdən bəlli olur, qəlblərində gizlətdikləri ədavət isə daha böyükdür; və ya

اِن تُصِبکَ حَسَنَةٌ تَسُؤهُم

“Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar”. (Tövbə” surəsi, 50-ci ayədən);

– siz bir uğur qazananda, qürurverici bir nailiyyət əldə edəndə onlar bərk narahat olurlar. “Ali-İmran” surəsində bu düşmənçilik haqda qeyd olunduqdan sonra isə sonda belə buyurulur:

وَ اِن تَصبِروا وَ تَتَّقوا لا یَضُرُّکُم کَیدُهُم شَیئًا

“Əgər səbir edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz”. (“Ali-İmran” surəsi, 120-ci ayədən)

Bu bir qanundur; yaradılışın qanunlarından biridir. Səbir və təqva buna səbəb olur ki, o inadkar düşmən, o çirkin kin və nifrət dağarcığı öz ixtiyarında olan, özünü təmin etdiyi bütün imkanlara rəğmən, sizin qarşınızda heç bir qələt edə bilmir;

لَا یَضُرُّکُم کَیدُهُم شَیْئًا

– yəni sizə heç bir ziyan yetirə bilmir. Hansı şərtlə? Səbir edib təqvalı olmaq şərti ilə. Bu gün mən dərin məna yükü daşıyan bu meydanda, həqiqətən də, bu xalqın gözünün nuru olan siz əziz gənclərə bunu demək istəyirəm. Qurandan çəkdiyim bu ibrətverici misal təkcə sizə yox, bütövlükdə xalqımıza, Keşikçi Korpusa, Silahlı Qüvvələrə, cəmiyyətimizin hər bir üzvünə, xüsusilə də müsəlman cəmiyyətini idarə edən vəzifəli şəxslərə, rəsmilərə aiddir; səbir və təqva oluqca önəmlidir.

Səbir nədir? Səbir meydanda qalmaq, meydandan kənara çıxmamaq deməkdir. Bəziləri meydandan qaçırlar; bəziləri qaçmırlar, amma tədricən kənarlaşırlar; bu, səbirə ziddir. Səbir duruş gətirmək, meydanda qalmaq, mətin olmaqdır. Səbir etmək gözünü uzaq hədəflərə, uzaq üfüqlərə dikməkdir; uzaq hədəfləri nəzərdə tutmaqdır. Bəzən insan artıq qazanılmış, nağd olan hansısa uğuruna sevinir, xoşhallanır, qürrələnir və təhlükəlisi isə odur ki, bununla qane olur. Bu, təhlükəlidir və artıq onun meydanda qalmamasına səbəb olur. Uzaq hədəfləri, zirvələri nəzərdə tutmaq lazımdır. Sizlər İslam İnqilabı və İslam dövlətinin sizə çatdırdığı əsl mesajın nədən ibarət olduğuna, İran xalqını, İslam ümmətini və ən nəhayət, bəşər cəmiyyətini hansı hədəfə doğru çəkib aparmaq istədiyinə diqqət yetirməli və o hədəfi əsas götürməlisiniz. İslam İnqilabının irəliləməsi üçün bax belə bir səbir lazımdır. Baxın: İslam dininin yer üzünə gəldiyi ilkin dövrdə, çətinliklərin çox olduğu ilk onilliklərdə – xüsusilə də Peyğəmbəri-Əkrəmin (s) dövründə – müsəlmanlar səbir etmiş, mətin olmuş, müqavimət göstərmişlər. Nəticədə İslamın həqiqi göstərişinə zidd olaraq baş vermiş müəyyən sapmalara baxmayaraq, hicri tarixinin 3-4-cü əsrlərində bəşər sivilizasiyasının zirvəsi məhz müsəlmanların və müsəlman ölkələrinin adı ilə bağlı olmuşdur. Məsələ bu cürdür; səbir etsək, uzaq üfüqlər bizim olacaq. Bu gün siz möhkəm dursanız, gələcək nəsillər o zirvələrə yol tapacaq. Onlar zirvələri fəth edəcəklər, amma bu sizin hünəriniz, sizin əməyinizin məhsulu olacaq. Əlbəttə, ümidvaram, Allahın köməyi ilə, bugünün gəncləri, yeni nəsli olan sizlər də o günü görəcəksiniz; Allah qoysa, elə belə də olacaq. İslam İnqilabı dərinə kök salıb, bu inqilabın gələcəyi var, onu davam etdirmək lazımdır. Səbir barədə bu qədər.

Təqvaya gəlincə; bu ayədə təqvaya geniş anlamda toxunulur; yəni təqva həm ümumi mənada – İslam şəriətinin müəyyən etdiyi düzgün yoldan sapmamaq üçün özündən muğayat olmaq mənasında işlənir (belə ki Quranın əksər yerlərində də məhz bu anlamdadır), həm də əvvəlki ayələrdə İslamın düşmənlərindən söhbət açılmasına əsasən belə demək olar ki, burada “təqva”dan danışılarkən eyni zamanda düşmən qarşısında özündən muğayat olmaq, özünə qarşı tələbkar və ehtiyatlı yanaşmaq nəzərdə tutulur. “Ehtiyatlı olun, qarşınızda düşmən var!” – deyilir. İnsan müharibə vəziyyətində, döyüş meydanında həyatını bir cür yaşayır, müharibə olmadığı zaman isə bir başqa cür. İnsan səngərdə bir cür oturur, bir cür istirahət edir, bir cür yatır, öz evində, rahat otağında isə bütün bunları bir başqa cür edir, bir başqa cür yaşayır. Quran deyir ki, düşmənlə üz-üzə olduğunuzu bilin; biz hamımız bunu bilməliyik. Təqvanın mənası budur: düşmənlə qarşıdurmada özündən ehtiyatlı olmaq, düşmənə inanmaqdan çəkinmək. Düşmənə etimad etməyin; təqva bu deməkdir. Burada təqva düşmənin hiylə və məkrindən ehtiyatlı olmaq mənasındadır; düşmənə təkcə etimad etməməyi yox, həm də onun məkrli planlarını sezməyi, nə iş gördüyünü, nə hiylə işlətdiyini anlamağı, ehtiyatlı olmağı, hazırlıqlı olmağı tapşırır. Düşmənin hiylələri təkcə hərbi sferaya aid deyil ki! Təqva həm də tədbirli olmaq, ağılla hərəkət etmək deməkdir; qaydalara, ağıla zidd olan hərəkətlərdən, səhlənkarlıqdan, tənbəllikdən çəkinmək mənasındadır. Beləliklə, sözügedən şərif ayənin mənasını bu şəkildə açıqlamaq olar. Siz əziz gənclər, həmçinin ilk növbədə hərbi, təhlükəsizlik, iqtisadiyyat və digər sferalara cavabdeh olan rəsmilər, daha sonra isə bütövlükdə xalqımız, hər bir İran vətəndaşı bu təqva və səbrə riayət etsəniz, 

لا ‌یَضُرُّکُم کَیدُهُم شَیئًا

– düşmənlər sizə heç bir zərbə vura bilməzlər, heç bir şəkildə incidə bilməzlər. Allahın köməyi ilə, elə belə də olacaq.

Yaxşı, indi gəlin qayıdaq söhbətimizin əvvəlində qeyd etdiyim o güc və qüdrət amillərinə. Əzizlərim, baxın, Pəhləvi hakimiyyəti dövründə təqribən 57 il ingilislər, daha sonra isə amerikanlar bu ölkədə sözün həqiqi mənasında ağalıq ediblər. Necə? Belə ki şahı hakimiyyətə onlar gətirmişdilər, onlar da devirdilər, təzədən başqa bir şahı taxta oturtdular. Bu ölkədə hökumət kabinetləri onların rəyi əsasında formalaşırdı. Ölkənin ən mühüm və əsas siyasətləri ingilislərin və amerikanların fikrinə əsasən tənzimlənirdi. Bu ölkə 57 il bu şəkildə idarə olunub, ondan əvvəl Qacar hakimiyyətinin sonlarında da ölkə və xalq üçün bədbəxtlik mənbəyi olan digər ünsürlərin təsiri nəticəsində vəziyyət bir başqa formada üzücü və təəssüfləndirici olub. Bütün bu müddət ərzində xalq heç kim olub, seyrçi olub. Bəzən hətta heç seyrçi də olmayıb! Yəni camaat arasından kimdənsə: “Şəhərinizin nümayəndəsi kimdir?” – deyə soruşsaydınız, bilməzdi, çünki həmin nümayəndəni o seçməmişdi. Əksər hallarda sadə insanlardan: “Filan nazirliyin başında kim durur?” – deyə soruşsaydınız, bilməyəcəkdilər. Çox vaxt heç baş naziri də tanımırdılar. Xalq heç kim idi, bir kənarda idi. 

İslam İnqilabı baş verəndən sonra (bu inqilabı meydana gətirmiş amillər, proseslərin xırdalıqları barədə uzun-uzadı danışmaq olar) xalqın əl-ayağına vurulmuş o buxovlar qırıldı. O vaxta qədər xalq əsir idi, heç bir ixtiyarı yox idi, yadlar onun üzərində ağalıq edirdi; İran xalqının başı üzərindən o ağalıq götürüldü, İran xalqı azadlıq və müstəqilliyin dadını bildi. Xalqımızın inqilab meydanlarındakı iştirakı və bu inqilabın qələbəsi ilə milli özünəinam yarandı; İran xalqı müstəqil iradə sahibi olduğunu, ölkəsində gedən proseslərə təsir göstərmək, özü də bu cür təsir göstərmək iqtidarında olduğunu, ölkədə, onların dediyi kimi, 2500 il hökm sürmüş monarxiyanın dərin köklərini qazıb çıxararaq onu tarixin zibilliyinə atmağa qadir olduğunu dərk etdi. Camaat bunu hiss etdi və bu, İran xalqına özünəinam bəxş etdi. Bu milli özünəinam xalqın dini imanı ilə yanaşı idi. Biz inqilab etmiş bəzi digər ölkələr kimi allahsız, təvəkkülsüz, mənəviyyatsız deyildik ki, yolun ortasında qalaq. İmanımız bizi qorudu, düzgün istiqamətləndirdi, irəli apardı. Bu iman qiymətli bir gövhər idi və bu ümummilli hərəkatın ruhunu təşkil edirdi. Bizdə ümid, fədakarlıq ruhiyyəsi oyadan imanımız oldu. Bir ana çiçək kimi əlinin içində böyütdüyü 3 övladını müharibə meydanına göndərib öz əli ilə təhlükəyə ata, sonra da bu hərəkəti etməyi ilə fəxr edə – bu yalnız və yalnız imanın nəticəsi ola bilərdi. Bir gəncin öz rahat və asudə həyatından vaz keçib, döyüşə getmək üçün komandirlərin qarşısında israrla göz yaşı tökərək yalvar-yaxar etməsi yalnız iman sayəsində mümkün idi. İman xalqda ümid, fədakarlıq, addım atmaq əzmi oyatdı, gənclər hərəkətə gəldi, Keşikçi Korpus yarandı, Cihad Komitəsi yarandı, Bəsic Komitəsi yarandı, müxtəlif sferalarda ümummilli hərəkatlara başlandı, Silahlı Qüvvələrə yeni nəfəs gəldi, hərbçilərimiz həqiqi varlıqlarını meydanda nümayiş etdirə bildilər, xalqa xidmət, quruculuq qurumları yaradıldı, elmi müəssisələr açıldı, ölkədə azad elmi hərəkata start verildi, camaat, ziyalılar, fəal və çalışqan kadrlar müstəqillik, başıucalıq və vüqarın şirinliyini daddılar. Bütün bunlar milli iqtidarın komponentləridir; milli iqtidar budur.

Milli iqtidar o demək deyil ki, ölkənin pullarını yad bir ölkəyə verib, ondan ən müasir silahlarını alıb anbara yığasan, özün də həmin silahlardan doğru-dürüst istifadə də edə bilməyəsən. Bu, iqtidar deyil, axmaqlıqdır. Milli iqtidar o da deyil ki, dünyanın o biri başından hansısa ölkə hansısa hökuməti və ya dövləti dəstəkləmək üçün gəlib sənin ölkəndə hərbi baza yarada, təmsil oluna, xalqın qanını sora, hakimiyyətdə olan o uğursuz xanədanı dəstəkləmək üçün istədiyi qələti edə. Bunlar iqtidar deyil, zillətdir. İqtidar odur ki, xalq özü öz daxilindən hərəkətə gələ. Özünü həm elm, həm müdafiə, həm quruculuq, həm də beynəlxalq nüfuz baxımından inkişaf etdirə. İran xalqını qüdrətli edən amillər bunlardır. Bu gün bunlar sizdə var, özü də Allaha şükürlər olsun ki, kifayət qədər yüksək səviyyədədir. Güc və iqtidarın bu amillərindən yerində və vaxtında istifadə olunmalıdır.

Milli iqtidarımızın komponentlərindən biri Keşikçi Korpusdur; Keşikçi Korpusu günbəgün inkişaf etdirmək lazımdır. Mən qardaşlarımızın təqdim etdiyi hesabatları görürəm, görülən işlər barədə məlumat alıram. Yaxşı işlər həyata keçirilir, lakin korpusun hələ bundan sonra irəli getmək üçün qabiliyyət və imkanları xeyli genişdir. Bu işi kim görməlidir? Siz gənclər; bu sizin öhdənizə düşür. Özünüzü Keşikçi Korpusu – xalqımızın qüdrətinin vacib komponentlərindən biri olan bu strukturu daha da inkişaf etdirə bilmək üçün hazırlayın.

Bəziləri deyirlər ki, mən İran xalqının güc və iqtidarından danışarkən mübaliğəyə yol verirəm. Mən isə onların cavabında deyirəm ki, xeyr, əsla! Mən mübaliğəyə yol vermirəm, reallığı dilə gətirirəm. İran xalqının iqtidarını, güc-qüdrətini sübuta yetirən ən böyük dəlil budur ki, dünyanın ən qantökən, ən amansız, ən rəzil dövləti – yəni Amerika 40 ildir xalqımızın işinə pəl vurub şər əməllər törətməklə məşğuldur, lakin heç bir qələt edə bilməyib, bu xalqa heç bir ziyan vura bilməyib, İran xalqı öz yolunu tutaraq irəli gedib, daha da güclənib. Bu, xalqımızın nə qədər güclü olduğunu göstərir. Əgər İran xalqı və İslam Respublikası güclü və qüdrətli olmasaydı, düşmənlərin bütün bu səylərinin onda biri də bəs idi ki, bu xalqı məğlub edərək, seçib bəyəndiyi hökumət quruluşunu onun əlindən alsınlar. Dövlətimiz onların qarşısında durub, günbəgün də qüvvətlənib. Özü də təkcə xarici düşmənlər olmayıb; eyni düşmənçilik ölkə daxilində də olub. Sizə deyim ki, İslam İnqilabının ilk günündən inqilaba və İmam Xomeyninin hərəkatına qarşı ölkədə 3 əks cərəyan ortaya çıxıb: birincisi, Qərb və Amerika meyilli, onlardan ötrü əldən-ayaqdan gedən, məşhur ifadə ilə “liberal” adlanan cərəyan idi; ikinci cərəyan heç bir şeydən qorxub-çəkinməyən, əlisilahlı kommunistlər idi; digər bir cərəyan isə zahirdə özünü inanclı müsəlman kimi göstərən, batində isə xəbis, kafir, simasız, hətta gedib bədnam Səddamın bayrağı altında belə durmağa, ondan istifadə edib İslam dövlətinə qarşı mübarizə aparmağa hazır olan münafiqlər idi. Bu ölkədə İslam dövlətinə və inqilaba zidd olan 3 əsas cərəyan bunlar idi; hər üçü də inqilabın əli ilə əzildi, məğlub edildi, indi də böyük dövlətlərə yaltaqlanmaqla, Fransa, İngiltərə, Amerika və sair bu kimi dövlətlərə xəbər ötürüb casus xidmətləri göstərməklə onların kölgəsinin altında gün keçirirlər. Əlbəttə ki, inqilaba və inqilabi hərəkata bir başqa cür qarşı çıxıb problem yaradan digər bir cərəyan da daxildəki gerilikçi və mürtəce cərəyan idi. Düzdür, onlar diqqətəlayiq dərəcədə önəmli deyildilər və xalq da onlara əhəmiyyət vermədi; dini yanlış formada təqdim etməklə İslam dövləti üçün çətinlik yaradan mürtəce bir cərəyan idi. İslam Respublikası xalqın köməyi ilə, bu xalqın gənclərinin güc və təşəbbüsü sayəsində bütün bu xarici və daxili düşmənləri geri oturda bildi, onlar nəinki İslam Respublikasına heç bir xətər yetirə bilmədilər, hətta onun inkişafına əngəl olmağı belə bacarmadılar.

Mənim əzizlərim, əziz gənclər! Bu gün sizin qarşınızda siz doğulduğunuz zaman olduğundan yerlə-göy qədər fərqli bir İslam Respublikası var; bu gün dövlətimizin imkanları, təcrübəsi, qazandığı uğurlar dəfələrlə inkişaf edib, artıb. İnşallah, gənclərimizin arasında mənəviyyat da eynilə bu cür artacaq və şübhəsiz ki, onlardan diqqətəlayiq dərəcədə böyük bir qismində bu elə var da.

İslam Respublikasının gücünü sübuta yetirən dəlillərdən biri də elə Amerikanın regionda özünə müttəfiqlər axtarmasıdır. Əgər Amerika İslam Respublikasının qarşısında istədiyini edə bilsəydi, regionda bu bədnam və üzüqara mürtəce dövlətlərlə koalisiya qurmağa, onlardan yardım istəməyə, iğtişaşlar yaratmaq, asayiş və təhlükəsizliyi pozmaq üçün onlardan kömək almağa ehtiyacı olmazdı. Bu, dövlətimizin gücünü göstərir. Əlbəttə ki, onların, Amerikanın düşmənçiliyi günbəgün artdığı kimi, İran xalqının Amerikaya olan nifrəti də hər keçən gün daha da artıb.

Sizə onu da deyim ki, əli hər işdən üzüləndən sonra bu gün düşmənin planı İslam dövləti ilə əziz xalqımız arasında uçurum yaratmaqdır. Bu onların axmaqlığıdır; onlar bilmirlər ki, İslam Respublikası elə İran xalqının özüdür, bu ikisi bir-birindən ayrılmazdır. İslam dövləti xalqdan uzaq saraylarda oturan, bürökratik bir dövlət deyil. İslam dövləti xalqın özündən təşkil olunmuş, hər bir vətəndaşına, xalqının imanına, sevgisinə və emosiyalarına arxalanan bir dövlətdir; İslam dövləti budur; bunu xalqdan necə ayırmaq istəyirlər? Əlbəttə ki, ABŞ-ın hazırkı prezidentindən əvvəl digər 6 prezidenti də bu kimi cəhdlər göstərmişdilər, hamısı da bu şeytani məqsədlərinə nail olmadan meydandan uzaqlaşdılar. Onların əsasən xalqa təzyiq göstərən bu iqtisadi sanksiyaları da xalqı yormaq, usandırmaq məqsədi daşıyır. Allahın köməyi ilə, biz xalqla olan bağlılığımızı gün-gündən daha da artıracaq, daha da möhkəmləndirəcəyik. Biz düşmənin belini qıran birlik və bölünməzliyimizi qoruyacağıq; mömin, stimullu, çalışqan gənclərimizi, 

Allahın köməyi ilə, hər gün daha da gücləndirəcəyik. Qoy ölkəmizin qeyrətli və əzmkar gənc nəsli bilsin ki, düşmənin onun müstəqilliyini, nüfuzunu, inkişafını, elm və siyasət meydanlarındakı iştirakını görməyə gözü yoxdur. İran xalqının düşmənləri bu xalqın müstəqilliyinə, nüfuzuna, inkişaf və yüksəlişinə düşmən olanlardır. Düşmən öz hiyləgərliyindən bacardığı qədər əl çəkməyəcək, lakin yəqin bilmək lazımdır ki, bu hiyləgərlikdən heç bir nəticə də əldə etməyəcək; bir şərtlə ki, İran xalqı, Allahın köməyi və hidayəti ilə, bu günə qədər hansı yolu tutmaq lazım olduğunu bildiyi kimi, bundan sonra da həmin yolu qüdrətlə davam etdirsin. O yol isə sayıqlılıq, tədbirlilik və milli birliklə qət olunan mübarizə, səbir və təqva yoludur.

Elə insanlar da var ki, başqa variantları məqbul hesab edir, düşmən bizə qarşı hiyləgərlik etməsin deyə bizim təslim olmalı olduğumuzu deyirlər. Belələri bilmirlər ki, təslim olmaq insana müqavimət göstərib mübarizə aparmaqdan qat-qat ağır başa gəlir. Bəli, ola bilsin, müqavimət göstərmək çətindir, amma xalqlara onlar üçün həmin əziyyətdən yüz dəfələrlə dəyərli olan, böyük nailiyyətlər qazandırır. İnadkar və xəbis düşmənin qarşısında təslim olmaq isə zəlil olub ayaqlar altında tapdanmaqdan, kimliyini itirməkdən başqa heç bir şey gətirmir. Bunu hamı bilməlidir. Bu, Allah-taalanın dəyişməz qanunudur. Belə ki Quranda buyurulur:

فَلا تَهِنوا وَ تَدعوا اِلَی السَّلمِ وَ اَنتُمُ الاَعلَونَ وَ اللهُ مَعَکُم وَ لَن یَتِرَکُم اَعمالَکُم

“Buna görə də cihadda zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz”. (“Muhəmməd” surəsi, 35-ci ayə)

İradəniz zəifləməsin, düşməni sazişə dəvət etməyin, Allah-taala sizi daha üstün edib, siz daha üstünsünüz.

وَ لَن یَتِرَکُم

yəni

لَن یَنقُصَکُم

 – Allah-taala etdiyiniz cihad və mübarizənin qarşılığında sizi əliboş qoymayacaq, bu mücahidənin mükafatını sizə artıqlaması ilə verəcək.

Sonda bir məqama da toxunmaq istərdim. Düşmən haqqında bilməli olduqlarımızı qeyd etdik, amma biz özümüzə, öz hərəkətlərimizə qarşı da diqqətli olmalıyıq. Hamımız! Kiçikdən böyüyə, cavandan qocaya, adi insandan vəzifəli şəxsə qədər. Xüsusilə də rəsmilər diqqətli olmalıdırlar ki, səhlənkarlığa, qəflətə, tənbəlliyə yol verməsinlər, dəbdəbəli həyat tərzinə meyillənməsinlər, xalqa qarşı təkəbbürdən, üç-beş günlük vəzifə kürsüsünə arxalanmaqdan çəkinsinlər. Belə olsa, Allah-taala bu günə qədər olduğu kimi, bundan sonra da daim siz İran xalqına öz mənəvi dəstəyini əta edəcək. Gün gələcək, İran xalqı elə bir məqama yetişəcək ki, düşmənlər ona hərbi, iqtisadi, siyasi və təhlükəsizlik hücumları etməyi xəyallarına belə gətirməyə cürət etməyəcəklər. İnşallah, o gün uzaq deyil və Allahın köməyi ilə, siz əziz gənclər, o günün şahidi olacaqsınız.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) İmam Hüseyn (ə) adına Hərbi Akademiyada keçirilən bu mərasimin əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı, keşikçi general-mayor Məhəmmədəli Cəfəri və akademiyanın komandanı, keşikçi briqada generalı Əli Fəzli məruzə etmişlər.