Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Ədliyyə həftəsi münasibətilə Ali Məhkəmənin sədri və yüksək vəzifəli ədliyyə işçiləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ‌ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, əziz bacılar, xoş gəlmisiniz. Ədliyyə günü, yaxud həftəsi münasibətilə sizin hamınızı – bu mühüm və həyat əhəmiyyətli işi həyata keçirən bütün ədliyyə işçilərini təbrik edir, Allah-taaladan hər birinizə mənəvi dəstək olmasını, yardım etməsini, sizi daim doğru yola istiqamətləndirməsini, həmçinin gördüyünüz işə görə bu dünyada və axirətdə, inşallah ki, sizə böyük əcr və savab nəsib etməsini diləyirəm.

Məhkəmə hakimiyyətinin möhtərəm sədri cənab Amoliyə geniş və müfəssəl məruzəsinə görə təşəkkürümü bildirirəm. Çox mükəmməl və hərtərəfli bir məruzə idi. Arzu edərdim ki, həmin məruzədə qeyd olunan məqamlar barədə geniş ictimaiyyətə də münasib bir üsulla məlumat verilsin. Düzdür, görülən işlər haqda bizə məruzə olunur, hesabatlar verilir və mən bu görüşdən əvvəl də ədliyyə sahəsindəki fəaliyyətlərlə bağlı geniş və müfəssəl bir hesabatla tanış olmuşdum, lakin buna baxmayaraq, cənab Amolinin toxunduğu bəzi məsələlər mənim üçün də yeni idi, onlardan xəbərim yox idi. Hələ biz ölkədə həyata keçirilən işlər barədə mütəmadi olaraq məlumat alırıq, xalqın isə bunlardan heç xəbəri olmur; inşallah, bu gün mən təbliğat məsələsi barədə də danışacağam. Hər halda, cənab Amolinin məruzəsi çox yaxşı, müfəssəl və hərtərəfli bir məruzə idi və mən bu çıxışına görə ona təşəkkürümü bildirirəm.

İslami təqvimimizin digər əlamətdar günləri kimi, Ədliyyə günü və Ədliyyə həftəsi də şəhidliklə bağlıdır, bu gün də Allah yolunda fədakarlıq, bu yolda qətlə yetirilmək əsasında müəyyən olunmuşdur; eynilə Müəllimlər günü, 15 xordad və Allah yolunda şəhadət əsasında təsis edilmiş digər günlər kimi. Bu fakt ölkəmizin ədliyyə sistemini xüsusi bir tərzdə tanıdır, ona xüsusi bir mahiyyət qazandırır. Məhkəmə hakimiyyəti sırf müəyyən vəzifələri həyata keçirib, bu barədə hesabat verməli olan bir hakimiyyət strukturu deyil. Bu, böyük bir insan kollektividir və burada cihad – hərtərəfli cihad həyata keçirilməlidir. Məhkəmə hakimiyyətində fədakarlıq olmalıdır – fədakarlığınsa zirvəsi şəhadətdir – öz mənafeyindən, şəxsi istəklərindən keçmək, ali, ülvi hədəflərə xidmət etmək olmalıdır. Məhkəmə hakimiyyəti bu deməkdir. Bu prinsip çox önəmlidir və məhkəmə sistemində çalışan insanların çiyinlərinə kağız üzərindəki rəsmi, idarəçilik işlərindən daha yüksək vəzifə və məsuliyyət qoyur.

Mən məhkəmə hakimiyyəti sahəsində həyata keçirilmiş işlərə görə, həqiqətən də, təşəkkürümü bildirmək istəyirəm; istər Ali Məhkəmənin sədrinə – hansı ki, Allaha şükür, yüksək bacarıq və peşəkarlıqla, iş və inkişaf əzmi ilə bu meydana daxil olub, çalışır, səy göstərir – istər kollegiyaların rəsmilərinə, istərsə də hakimlər, müxtəlif əməliyyat idarələrinin əməkdaşları da daxil olmaqla ölkənin dörd bir yanında məhkəmə sistemində çalışan bütün insanlara. Mən onların hamısına, həqiqətən də, təşəkkür edirəm; doğrudan da, çox çalışırlar. Az öncə cənab Amolinin qeyd etdiyi işləri də yalnız ümumi, kollektiv fəaliyyət sayəsində həyata keçirmək mümkündür. Kollektivin iştirakı və köməyi olmadan, bir qrup adamın başda oturmağı ilə bu işləri görmək mümkün olmazdı. Aydındır ki, bütövlükdə məhkəmə hakimiyyətinin bütün kollektivi, Allaha şükür, işləyəndir, çalışqandır.

Mühüm olan bir məqam var və o da bundan ibarətdir ki, məhkəmə hakimiyyəti ölkədə hökumətin öhdəsinə düşən bir vəzifəni həyata keçirir; bu, sözsüzdür; məhkəmə hakimiyyətinin gördüyü işi ölkədə hökumət görməlidir. Dünyanın hər yerində də belədir. Məhkəmə hakimiyyətinin vəzifəsi ədaləti bərqərar edib hökm çıxarmaqdan, çəkişmələri araşdırmaqdan, qanunu pozanları cəzalandırmaqdan ibarətdir, bu isə hökumətin öhdəsinə düşən bir işdir. Məhkəmə orqanları öz vəzifələrini yaxşı həyata keçirəndə xalq hökumətdən razı qalır. Əksinə, pis bir şəkildə həyata keçirəndə, işində nöqsan və çatışmazlıqlar olanda isə xalq hökumətdən qayğılı və narazı olur. Misal üçün, heç kim: “Məhkəmə sistemində problem var”, – demir; yox, bu, hökumətin öhdəsinə düşən bir vəzifədir və bu sahədə yol verilən nöqsanlara görə bütövlükdə ölkəni idarə edən hakimiyyət məsuliyyət daşıyır. Bu isə sizin işinizin həssaslığını daha da artırır. Özü də məhkəmə orqanlarının öhdəsinə düşən vəzifələr lazımınca yerinə yetiriləndə xalq təkcə razı qalmır, bunun təsir və bərəkəti xalqın həyatının reallığında da, həqiqətən, hiss olunur. Yəni əgər qanun pozuntularına qarşı, həqiqətən də, ciddi, düzgün, məntiqli və ardıcıl şəkildə tədbir görülsə, görün bu, ölkəyə nə qədər təsir edər! Birgə yaşayışın əsasında qanuna riayət edilməsi durur. Elə məhkəmə sisteminin vəzifələrindən biri də qanun pozuntuları ilə mübarizə aparmaq, qanunu pozanlara: “Dur!” – deməkdir. Və ya müxtəlif ədavət və çəkişmələrin həll edilməsi; məhkəmə orqanları vətəndaşlar arasında rast gəlinən ədavət və çəkişmələri uğurla həll edə bilsə, görün bu, xalqın həyatına nə qədər müsbət təsir edər! Dava-dalaşlar, şikayətlər, narazılıqlar əhalinin gündəlik həyatına daşınmadan, sirayət etmədən məhkəmə salonlarında yoluna qoyulub bitsə, bunun bərəkəti həddən artıq çox olar.

Digər bir önəmli məqam odur ki, daşıdığı bu ağır məsuliyyətlə yanaşı, məhkəmə hakimiyyəti həm də özündə ədaləti təzahür etdirməlidir; yəni məhkəmələrdə ədalətin var olduğunu hamı hiss etməlidir. Mən bunu dostlarımızla əvvəlki görüşlərimizdən birində də söyləmişdim; (2) məhkəmə sistemi elə bir səviyyəyə çatmalıdır ki, ölkənin istənilən yerində haqsızlıqla üzləşən, kimdənsə və ya hansısa qurumdan şikayəti olan hər bir vətəndaş: “Gedib məhkəməyə müraciət edərəm”, – deyib özünü sakitləşdirə bilsin. Yəni vətəndaşlar arxayın olmalıdır ki, məhkəməyə müraciət edən kimi problemləri həll olunacaq. Biz bu səviyyəyə çatmalıyıq; yəni hədəf budur. Məhkəmələr ədalətin təzahür etdiyi bir məkan olmalıdır. Haqqı tapdanan, hüquqları pozulan və ya hər hansı qanun pozuntusu ilə üzləşən istənilən vətəndaş tam arxayın olmalıdır ki, gedib məhkəməyə müraciət edərək haqqını bərpa edəcək. Məhkəmələrə sığına bilmək şansı vətəndaşlarımıza psixoloji rahatlıq gətirməlidir.

Həmçinin ictimai hüquqların bərpası; cənab Amoli qeyd etdi; bu da məhkəmə hakimiyyətinin öhdəsinə düşən vəzifələrdən biridir. O, bir neçə misal çəkdi, həmin hadisələrdən mənim də xəbərim var; ət məsələsi, prospekt məsələsi, təyyarə məsələsi və sair; analoji hallar baş verən kimi insanlar düşünməlidir ki, lap yaxşı, eybi yox, biz də gedib bu barədə məhkəməyə şikayət edərik. Camaat hara müraciət etməli olduğunu bilməli və arxayın olmalıdır ki, məhkəməyə müraciət etdikdə həmin ictimai hüquqları bərpa olunacaq. Məhkəmə hakimiyyəti bu səviyyəyə çatdırılmalıdır; meyarımız bu olmalıdır.

İslahatlar məsələsinə toxunuldu; məhkəmə hakimiyyətinin nümayəndələri ilə – istər hazırkı çağırışda təmsil olunanlarla, istərsə də bundan öncəki dostlarımızla keçirdiyimiz görüşlərdə mən bu məsələni həmişə dönə-dönə vurğulamışam. Yaxşı, bəs islahatlar necə həyata keçirilməlidir? Əvvəlcə biz bu islahatların göstəricisini müəyyənləşdirməliyik; biz bilməliyik ki, nələr baş verərsə, bu artıq məhkəmə sistemində islahatların həyata keçirilməsi demək olacaq. “İslahatlar” deyərkən nəyin nəzərdə tutulduğu çox önəmlidir. Əvvəlcə islahatların göstəricisi müəyyən olunmalı, daha sonra isə həmin göstəricilərin əldə olunması üçün konkret zaman bölgüsü aparılmalıdır. Əks təqdirdə və bayaq da qeyd olunduğu kimi – mən bunu məruzədə də oxumuşdum – islahatlara doğru tədricən getsək, bu, islahat olmayacaq. Çünki bu cür asta hərəkət edəsi olsaq, problemlər həmişə bizdən öndə gedəcək. İslahatlar, belə demək mümkünsə, birbaşa həyata keçirilməli olan bir işdir. Diqqət edin, mən “mütləq surətdə” demirəm, “belə demək mümkünsə” deyirəm.  Yəni sürətlə, uyğun templə elə bir şey baş verməlidir ki, islahatların həyata keçirildiyi, o göstəricinin reallaşdırıldığı məlum olsun. Ali Məhkəmənin sədrləri kifayət qədər münasib bir müddətə seçilir və bu vaxt ərzində sözün həqiqi mənasında islahatlar həyata keçirilə bilər. Bir neçə onillik ərzində ölkənin məhkəmə hakimiyyətində bir neçə dəfə islahatlar aparılmasının da heç bir problemi yoxdur; bu, çox adi və təbii bir işdir. Tutalım, cənab Amoli çalışıb-vuruşub məhkəmə hakimiyyətində hansısa bir islahatı həyata keçirir, bir yenilik edir, məhkəmə sisteminə təzə nəfəs və dinamik əhval-ruhiyyə gətirir; sanki məhkəmə sistemi yenidən hərəkətə başlayır. Başqa bir dönəmdə kimsə gəlib həmin işi daha da yaxşı, daha da mükəmməl formada inkişaf etdirir. Biz məhkəmə hakimiyyətində islahatların aparılmasına bu cür yanaşmalıyıq.

Məhkəmə hakimiyyəti ilə bağlı mühüm məqamlardan biri də xalqın etimadı məsələsidir; görürəm, bu məsələ məhkəmə hakimiyyətinin möhtərəm rəsmilərini və şəxsən cənab Amolini çox narahat edir. Bu sahədə görülən tədbirlər də bir qayda olaraq istənilən nəticəni vermir; yəni işlər düzgün aparılmır. Bayaq mən bu məsələyə ötəri toxundum, indi bir qədər daha ətraflı danışmaq istəyirəm. Bəli, ictimai rəy çox önəmlidir. Biz düşmənlərimizin, bədxahlarımızın, əleyhimizə yönələn məkrli plan, yalan və böhtanların qarşısında möhkəmlik və qətiyyətlə davranmalıyıq. İnsafla demək lazımdır ki, əlhəmdulillah, cənab Amolinin bu kimi hallar qarşısında mövqeyi həmişə çox yaxşı olub. Elə onun srağagün etdiyi çıxış da (3) çox güclü idi və xalq tərəfindən çox yüksək səviyyədə, rəğbətlə qarşılandı. Yəni böhtan atan, fitnə-fəsad törədən, işlərə pəl vuran adamın qarşısında bu cür qüdrətlə durmaq lazımdır. Xalqın, ictimaiyyətin qarşısında isə bu cür çıxış etmək olmaz. İctimaiyyətin qarşısına təvazökarlıqla, sevgi ilə, canıyananlıqla çıxmaq, camaatla qarşılıqlı anlaşma yaratmaq lazımdır. Xalqın, ictimaiyyətin etimadını qazanmaq üçün bu, çox önəmlidir. 

İctimaiyyətin etimadını qazanmaq məhkəmə hakimiyyəti üçün əsas məsələlərdən biridir. Əlbəttə ki, bu, bütün hakimiyyət strukturları üçün vacib əhəmiyyət kəsb edir, lakin məhkəmə hakimiyyətinin işi əksər hallarda dava və çəkişmələr, hüquq və qanun pozuntuları ilə əlaqəli olduğundan digər qurumlarla müqayisədə xalqın etimadını qazanmağa daha çox ehtiyacı var; həm məhkəmə hakimiyyətinin özünün, həm də onun inzibati strukturlarının; onlar da eynilə. Misal üçün, məhkəmə hakimiyyətinin inzibati qüvvəsi olan polislərə xalq inanmalıdır ki, lazım olan yerdə güc tətbiq edəndə, sərt bir tədbir görəndə camaat onlara etimad edərək: “Yeri idi, lazım idi, etməli idilər, etdilər”, – desin. 

Yaxşı, bəs bu etimadın qazanılması üçün nə etməliyik? Mənim fikrimcə, bunun üçün iki əsas işin görülməsi vacibdir. Bunlardan biri əməli, digəri isə təbliğat xarakterli işdir. Əvvəlcə təbliğat işi barədə danışaq; baxın, bu gün məhkəmə hakimiyyəti media və təbliğat orqanlarının ən kəskin formada təzyiqlərinə məruz qalır! Həm xarici düşmənlər, həm də ölkə daxilindəki dünyadan bixəbər müxalif qüvvələr tərəfindən. Hələ mən onlara nikbin yanaşaraq “dünyadan bixəbər” olduqlarını deyirəm. Tutalım, hansısa rəhmsiz qatil asayişin keşiyində duran bir neçə polis işçisini öldürür, məhkəmə hakimiyyəti də bir neçə ay davam edən hüquqi prosedurla onun törətdiyi bu cinayəti araşdıraraq barəsində hökm çıxarır və o hökm icra olunur; yəni tamamilə ədalətli, insaflı və düzgün bir iş həyata keçirilir. Düşmənin təbliğatında isə bu məsələ lazım olduğu kimi yox, tam əksinə işıqlandırılır; yəni həmin o amansız qatil zülmə məruz qalan birisi kimi, məzlumların layiqli hüquqlarını bərpa etmək üçün can yandıran məhkəmə hakimiyyəti isə zalım, yaxud hüquq pozucusu kimi təqdim olunur; yəni indi təbliğat bu şəkildə gedir. Əks-təbliğat isə daha çox təsir göstərir; adətən belə olur; yəni bir qayda olaraq böhtan, şayiə və əsassız sözlər hələ təkzib edilincə, düzəliş olununca, həqiqət açıqlanınca özünə daha geniş yer açır. Bu problemi necə həll etmək lazımdır? Bunun qarşılığında təbliğat işi aparmaq lazımdır. Təbliğatın hədəfi isə həqiqəti auditoriyanın qulağına yox, qəlbinə çatdırmaq olmalıdır; auditoriyanın qəlbinə təsir göstərmək lazımdır. Bəli, bu, peşəkarlıq, bacarıq və ustalıq tələb edən bir işdir. Bu gün dünyada təbliğatla insanlara qaranın ağ kimi sırınması çox geniş yayılıb. Baxın, hazırda dünya miqyasında, necə deyərlər, “propoqanda” məhz bu cür aparılır. Yanlış bir şeyi doğru, başdan-ayağa həqiqətə zidd olan bir şeyi isə həqiqət kimi qələmə verirlər, insanlar da buna inanır. Bunu necə edirlər? Sırf deməklə, oturub alim, müctəhid kimi söhbət etməklə? Xeyr! Bunun öz metodları var; bu, bir sənətdir. Sizin öhdənizə düşən ən önəmli işlərdən biri də budur; yəni güclü və peşəkar bir media komandası qurun, qoy oturub layihə hazırlasınlar, bir-iki günlük və ya bir aylıq yox, ardıcıl olaraq işləsinlər ki, siz: “Filan qədər hakimi işdən kənarlaşdırdıq”, yaxud “Filan islahatı həyata keçirdik, qanunda filan dəyişikliyi etdik, filan uzunmüddətli proqnozu verdik”, – deyəndə dərhal o açıqlamanı xalqa düzgün formada çatdıra bilsinlər, xalq bunu görsün. Bu, çox vacib bir işdir. İndiyə qədər biz bu işə çox etinasız yanaşmışıq. Təkcə məhkəmə hakimiyyəti də deyil, dövlət qurumlarımızın əksəriyyətində bu çatışmazlıq var, amma məhkəmə hakimiyyətinin xalqın etimadını, nikbin yanaşmasını qazanmağa daha çox ehtiyacı var. Xalqın etimadını qazanmaq üçün vacib olan iki əsas işdən biri düzgün və peşəkar formada aparılan təbliğatdır, bunun üçün isə media təbliğatı işinə yüksək səviyyədə bələd olan, peşəkar bir jurnalist komandası olmalıdır; bunu həyata keçirmək lazımdır. Biri budur.

İkinci növbədə isə məhkəmə hakimiyyətinin özünün daxilində ciddi formada bir iş aparılmalıdır ki, əlbəttə, buna da artıq start verilib. Mənim xəbərim var, onlar özləri də bu barədə mənə deyiblər, bir neçə dəfə söhbətlərimiz olub, məsələ qaldırılıb, tutalım, lazım olan yerdə mən də demişəm ki, qoy işçiləriniz özlərini tanıtmadan gedib məhkəmələrdə otursunlar, vəziyyətlə, xalqın müraciətləri ilə tanış olsunlar, sonra həmin hakimə və ya müstəntiqə müraciət edib baxsınlar, görsünlər, məhkəmələr necə işləyir, prokurorluqlar necə işləyir, necə hökm çıxarır? Bu, çox yaxşı bir şeydir, intəhası bu işləri hazırkından 10 dəfə artıq görmək lazımdır. 10 dəfə! Mən bunu dəqiq hesablama apardığıma görə belə demirəm; eləcə fikrimi deyirəm, mənə belə gəlir. Lazım gələndə, 10 yox, 100 dəfə deyirəm, indi burda bir qədər ehtiyatlandım. Ən azı 10 dəfə artıq etmək lazımdır, çünki şikayətlər çoxdur. Bir qayda olaraq sizə də, bizə də müraciətlər gəlir.

Bir dəfə görüşlərimizdən birində – məncə, ötən il, yaxud inişil idi – mən söyləmişdim ki, sizin yaxşı hakimləriniz az deyil, çox yaxşı hakimləriniz var; gecəsi-gündüzü olmayan, hansısa işin dərinliyinə getmək, həqiqətini, mahiyyətini araşdırıb üzə çıxarmaq üçün yuxusundan, istirahətindən, ailəsinə sərf etməli olduğu vaxtdan kəsib çalışan hakimlər; işləyən, çalışqan, təmiz mənəviyyatlı, gözütox. Lap yaxşı, onlardan bir neçəsini ədliyyənin simasına çevirin, tanıdın. Misal üçün, nə qədərsə məhkəmə işini tərəfləri, yaxud yuxarı instansiya məhkəməsini qane edəcək ən yaxşı formada araşdırıb sonlandırmış hakimlərdən birini müəyyən edib, ictimaiyyətə təqdim edin. Görkəmli müəllimlər, professorlar, tədqiqatçılar, sahibkarlar kimi, görkəmli hakimləri də tanınmış simaya çevirin ki, başqaları bu tərzdə işləməyə həvəslənsinlər. Axı hörmətli olmaq hər kəsin xoşuna gələn bir şeydir, bu isə həmin insanlara cəmiyyət içərisində hörmət və nüfuz qazandıracaq. Görülə biləcək işlərdən biri budur. Və eynilə əksinə; indi mən demirəm ki, azacıq nöqsana yol verən hər kəsi o dəqiqə məşhur edin – ola bilsin, heç buna ehtiyac, yaxud müəyyən hallarda heç icazə də olmaya – amma bəzi hallarda tanıtmaq lazımdır; müəyyənləşdirin, tanıdın. Ədalət mühakiməsinə xəyanət etmiş hakimləri ictimaiyyət tanımalıdır; istər hakimlər olsun, istər prokurorlar olsun, fərqi yoxdur. Nə problem var? Qoy belələrini hamı tanısın. Bəzi hallarda bunu etmək lazımdır. Və zənnimcə, məhkəmə sistemində daxili islahatlar istiqamətində görülən tədbirlər ardıcıl olmalı, hansısa mərhələdə əsla dayandırılmamalıdır. Onu da deyim ki, sizin açdığınız hər bir önəmli cinayət işi, ədalətlə tamamladığınız hər bir məhkəmə çəkişməsi bir sədəqədir, savabdır, Allah tərəfindən sizə bəxş olunan bir nemətdir. 

وَ اَمّا بِنِعمَةِ رَبِّکَ فَحَدِّث

“Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!” (“Zuha” surəsi, 11-ci ayə)

Bu neməti açıqlayın, deyin ki, hamı bunun baş verdiyindən xəbərdar olsun. Mənim qeyd etmək istədiyim məqamlardan biri də bu idi.

Vurğulanması vacib olan digər bir məqam isə korrupsiya ilə mübarizədir. Zənnimcə, bu, çox önəmli bir məsələdir. Bu gün ölkədə başlıca problemlərdən biri iqtisadi problemlərdir. Ölkə iqtisadiyyatının idarə olunmasında isə əsas məsuliyyət icraedici və müəyyən qədər də qanunverici hakimiyyətin öhdəsinə düşür; bu, şübhəsiz, belədir; lakin iqtisadiyyat məsələsində müxtəlif məqamlarda məhkəmə hakimiyyəti də rol oynaya bilər. Ölkə iqtisadiyyatında islahatların həyata keçirilməsi baxımından məhkəmə hakimiyyətinin özünəməxsus rol oynaya biləcəyi məqamlardan biri iqtisadiyyat üçün stabil və təhlükəsiz atmosferin yaradılmasıdır. Bu, məhkəmə hakimiyyətinin işidir. Məhkəmə hakimiyyəti asayişi pozanlara qarşı elə tədbir görməlidir ki, insanların həyat, əmək və biznes fəaliyyəti üçün təhlükəsiz bir mühit yaransın. Məhkəmə hakimiyyətinin iqtisadi problemlərin həlli üçün ata biləcəyi addımlardan, ölkə iqtisadiyyatına verə biləcəyi töhfələrdən digər biri isə, bayaq qeyd etdiyim kimi, iqtisadi korrupsiya ilə, iqtisadiyyatda korrupsiyaya yol verən qüvvələrlə mübarizədir. Məhkəmə orqanlarımız bu sahədə açıq, qətiyyətli, bəzən hətta ölkədə böyük hay-küyə səbəb olacaq addımlar atmalıdırlar.

Mənim fikrimcə, ümumilikdə hökumət iqtisadi problemlərlə mübarizədə ikibaşlı bir səhvə yol verir. Bir yandan elə danışır, elə hərəkət edirik ki, camaatda ölkədə korrupsiyanın kütləvi hal aldığı barədə rəy formalaşır. Halbuki ölkəmizdə korrupsiya kütləvi bir təzahür yox, bir qrup azsaylı korrupsionerin əməlidir. İstər hökumət idarələrində, istər qeyri-hökumət təşkilatlarında, istərsə də biznes mühitində korrupsionerlərin sayı barmaqla sayılacaq qədər azdır. Biz isə danışanda elə danışırıq ki, camaat korrupsiyanın hər yanı bürüdüyünü düşünür! Bu, yanlışdır, reallıq bu deyil. Səhvimizin bir başı budur. Bir yandan da korrupsiyanın həqiqətən olduğu məqamlarda açıq və qətiyyətli tədbirlər görmürük; amma olmalıdır; harada ki, doğrudan da, iqtisadi korrupsiya halına rast gəlinir, o yerdə birbaşa və açıq surətdə tədbir görülməlidir.

Və əlbəttə ki, görülən tədbirlər də ictimaiyyətə açıqlanmalıdır. Mühüm işlərdən biri də budur. Bu isə yenə də bayaq danışdığım təbliğat məsələsi isə əlaqəlidir. Yəni iqtisadi korrupsiyaya yol vermiş bir şəxsi mühakimə edib, ona hər hansı bir cəzanı verdikdə bunu xalqa elə formada açıqlamalısınız ki, insanlar bunun düzgün bir iş olduğunu və məhz bu şəkildə görülməli olduğunu hiss etsinlər.

Mənim indi yadıma düşdü ki, bizim keçmiş tariximizdə bu olub. İmam Həsənin (ə) həyatında belə bir şey baş verib: bir səhər oyananda görüblər ki, imamın ordusunun çox mühüm bir hissəsinin komandanı olan Übeydullah ibn Abbas çadırında yoxdur, qaçıb Müaviyənin ordusuna qoşulub; gəlib rüşvət veriblər, pul-filan veriblər, Müaviyənin tərəfinə keçib. Bu, İmam Həsənin (ə) ordusu üçün psixoloji cəhətdən çox sarsıdıcı bir hadisə idi. Orada imamın yaxın səhabələrindən biri (dəqiq kim olduğu yadımda deyil, çoxdan oxumuşam; Hücr ibn Ədi idi, yaxud başqa biri) gəlib camaatın qarşısında açıqlama verir, çıxış edir. Elə bir nitq söyləyir ki, onun o nitqindən sonra hamı həmin şəxsin ordudan uzaqlaşdığına sevinib, Allaha şükürlər edir. Baxın, sözün əsl mənasında açıqlama, təbliğat bax budur; gəlib söhbət edir, danışır və açıqlayır ki, baş vermiş hadisə bizim xeyrimizədir. Yəni hazırda geniş yayılmış ifadə ilə desək, təhlükəni fürsətə çevirir. Məhkəmə hakimiyyətində də bu olmalıdır. Biznes fəaliyyəti üçün təhlükəsiz atmosferin yaradılması, iqtisadi korrupsiya ilə qətiyyətli mübarizə, problemlərin həllində hökumətlə əməkdaşlıq; məhkəmə hakimiyyətinin iqtisadiyyat sahəsində həyata keçirə biləcəyi işlər sırasına bunlar da daxildir. 

Beynəlxalq hüquq və insan haqları məsələsinə toxunuldu; insafla demək lazımdır ki, dövlətimizin məhkəmə hakimiyyəti bu sahədə əvvəllər rast gəlinməmiş, çox yaxşı işlər həyata keçirib. Cənab Amolinin qeyd etdiyi o 120 milyard dollar – indi onu ala biləcəyik, ya bilməyəcəyik, o, sonrakı məsələdir – amma proses özü tamamilə düzgün bir prosesdir. Yaxud elə insan haqları məsələsi ilə bağlı mövcud olan qarşıdurma, bizə qarşı yönələn ittihamlar; insan haqları məsələsində biz dünyanın qarşısında cavab verməli deyilik, əksinə, biz dünyadan cavabdehlik tələb edirik! İnqilabın əvvəllərində mən mütəmadi olaraq universitetlərə gedir, çıxışlar edir, tələbələrin suallarını cavablandırırdım. Bir dəfə tələbələrdən biri məndən soruşdu ki, qadın hüquqları məsələsində sizin özünüzü müdafiə etmək üçün arqumentləriniz hansıdır? İslam Respublikası özünü necə müdafiə edə bilər? Mən ona söylədim ki, biz bu məsələdə müdafiə olunmuruq. Biz müdafiə olunan yox, qarşı tərəfin üstünə gedən, hücuma keçən tərəfik. Müdafiə nədir?! Qadın hüquqları məsələsində biz iddiaçı tərəfik. Qadın məsələsində biz dünyanın qarşısında, şah diktaturası qarşısında – o vaxt bu söhbətlər aktual idi – iddia qaldırırıq, özümüzü müdafiə etmirik. 

İnsan haqları məsələsində də eynilə bu cür; biz müdafiə olunmamalıyıq, hücuma keçməliyik! Saysız-hesabsız cinayətlərə yol verənlər, fitnə-fəsad törədənlər – təkcə tarix boyu yox, hazırda, müasir dövrdə – misal üçün, elə fransızlar insan haqlarının təmsilçisi olublar. Fransızların Afrikada törətdiyi o faciə, Əlcəzairdə və digər yerlərdə gördükləri işlər barədə oxuyanda, doğrudan da, adamın bütün bədəni titrəyir! Təsəvvür edin, bir gölü, yaxud böyük bir bataqlığı neft və ya bu kimi başqa bir maddə ilə qarışdırırlar, sonra çoxlu sayda adamı – qadın, kişi, uşaq – yaşadıqları kənddən ora sarı qovurlar, daha sonra bu insanları güllə yağışına tuturlar, gülləbaran edilən insanlar qorxudan həmin gölə pənah aparırlar və bundan sonra o gölə od vururlar! Təsəvvür edin ki, belə bir hadisə, həqiqətən də, baş verib! Misal üçün, bunu fransızlar edib. Və ya ingilislər; Hindistanda bir bağda 6 min nəfər etiraz aksiyası keçirmək üçün toplaşır, ingilislər gəlib həmin bağın qapısının ağzında avtomatlarla dururlar, bir gündə, daha doğrusu, bir neçə saatın içində 6 min nəfəri ucdantutma qətlə yetirirlər. İndi bunlar, 50, 100 il bundan əvvəl olan məsələlərdir, amma elə dövrümüzdə də görün bunlar İŞİD məsələsində, Suriya və Myanmar məsələlərində nələr ediblər?! Sonra da insan haqlarından dəm vururlar! İnsan haqları barədə bizim dünyaya deyiləsi sözümüz var, insan haqları iddiası edən yalançı və utanmazlara qarşı iddia qaldırmalı olan bizik! Bunlar çox yaxşı işlərdir və Allaha şükürlər olsun ki, məhkəmə hakimiyyəti tərəfindən həyata keçirilir.

İnşallah, Allah-taala hamınıza mənəvi dəstək olsun, yardım etsin ki, qeyd olunduğu kimi, Uca Yaradanın bəyəndiyi, ölkəmizin yaxşı və insaflı insanlarının, eləcə də İslam dövlətinin arzuladığı bir məhkəmə sistemi qurasınız, ən azından bunun üçün zəmin yarada biləsiniz. Bu yolda hər kəs bir addım belə atsa, qənimətdir. İnşallah, Allah hamınıza uğurlar nəsib etsin.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_________________

(1) Görüşün əvvəlində Ali Məhkəmənin sədri Ayətullah Sadiq Amoli Laricani məruzə etmişdir. 
(2) Məhkəmə hakimiyyətinin rəsmiləri ilə görüş (05.04.1387)
(3) Ayətullah Sadiq Amoli Laricaninin ədliyyə işçilərinin qurultayında etdiyi çıxış (04.04.1397)