Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّةالله فی الارضین
Əziz qardaşlar və bacılar, möhtərəm deputatlar, hamınız xoş gəlmisiniz. Builki görüşümüzün üstünlüyü bundadır ki, əlhəmdulillah, bu gün burada parlamentin müxtəlif sferalarında çalışan işçilər, parlamentin tərkibində fəaliyyət göstərən mühüm qurumların rəsmiləri, əməkdaşları da iştirak edir. Hamınızı salamlayıram, çəkdiyiniz zəhmətə görə hamınıza təşəkkürümü bildirirəm və Allah-taaladan sizə və eləcə də özümüzə islah və hidayət yolunda daha artıq uğurlar diləyirəm.
Əvvəla, yaşadığımız günlərlə bağlı bir neçə cümlə demək istəyirəm; ramazan ayını yenicə yola salmışıq, hələ müəyyən qədər ramazan abu-havasındasınız; inşallah ki, biz də eynilə. Xalqa xidmətin ruhunu Allaha yaxınlaşmaq niyyəti təşkil etməlidir. Sizin gördüyünüz bütün işlər – istər parlamentdə, istər komissiyalarda, istərsə də parlamentlə əlaqəli digər qurumlarda – bütün bu xidmətlər Allah yolunda və Allah üçün olsa, həqiqi xidmətdir və Allaha yaxınlaşmağınıza səbəb olacaq. Allah naminə həyata keçirildikləri təqdirdə, həqiqətən də, çox az ibadət bu xidmətlərə bərabət tutula bilər. Bizim fəaliyyətimizə, atdığımız addımlara, danışığımıza və sükutumuza bu mənəvi-ilahi ruh hakim olsa, nəticəsi bu olar ki, cəmiyyət inkişaf edər, yüksələr, insanlar öz həqiqi cövhərinə – Allahın peyğəmbərlərinin bəşər övladında görməyi arzuladığı o cövhərə yaxınlaşar. Bizlər maddiyyatın əsiriyik; bizim baxışlarımız, gözlərimiz yalnız zahiri, maddənin nişanələrini görür. Məhz elə buna görə də o nişanələrə ürəkdən bağlanırıq, maddi gözəlliklər bizi özünə cəzb edir, gözlərimiz maddi mühitdə dolaşıb qaldığı zaman bundan artığını görə bilmir. Mənəviyyatı, qəlbinizin saflığını artırdığınız, Allaha yaxın olmağa ciddi bir prinsip kimi yanaşdığınız, Allah naminə çalışmağı özünüzdə məşq edib bu işdə irəli getdiyiniz zaman isə sizdə önə çıxan saf ruh gözlərinizin dünyamızda müşahidə etdiyimiz bu maddi gözəlliklərdən daha gözəl, daha ülvi, daha ali mənzərələrə açılmasına şərait yaradır. Şair deyir:
اگر زین خاکدان پست روزی بَر پری، بینی
(2) که گردونها و گیتیها است مُلک آنجهانی را
– “Əgər bir gün uçub bu dəyərsiz zibillikdən yüksəyə qalxa bilsən, görərsən ki, dünyanın necə mülkü, aləmləri və səmaları var”.
Şeirdə “dünyanın mülkü” deyilərkən təkcə Behişt, Qiyamət nəzərdə tutulmur; elə bu dünyada da həyata mənəviyyatı sezə bilən gözlərlə baxıb həqiqətləri görməyi bacaran, ilahi-mənəvi mənzərələri, Yaradanın ülvi nemətlərini gördüyü üçün gözəl bir həyat yaşayan insanlar var və olub. Onlar bizim maraq göstərib bağlandığımız şeylərə bir qayda olaraq etinasız yanaşıblar, diqqət yetirməyiblər. Bu yolla getmək olar, biz hamımız bunu edə bilərik. Bu, daş-kəsəkli, çətin bir yol deyil. Gördüyümüz işlərdə bu prinsipə riayət edərək atdığımız hər bir addımın, dediyimiz sözün, təsdiqləmək istədiyimiz qanunun, müzakirələr zamanı irəli sürmək istədiyimiz təkliflərin, xalqa xidmət üçün həyata keçirdiyimiz işlərin Allah üçün, Allahın razılığını qazanmaq üçün olub-olmadığını özlüyümüzdə götür-qoy etməli, Allahın razılığı olmadığını hiss etdiyimiz işlərdən çəkinməliyik. Bu götür-qoyu, bu diqqəti hamı edə bilər, hər birimiz buna qadirik. Bunu edə bilsək, tədricən irəli gedəcəyik, bu davranışımız bizi saflaşdıracaq, mənəviyyatımızı təmizləyəcək.
Yaxşı, keçək parlamentlə bağlı məsələlərə. Mən burada bir neçə məqamı qeyd etmişəm ki, möhtərəm deputatlarımızın nəzərinə çatdırım. Əlbəttə, ötən illərdə baş tutan görüşlərimiz zamanı mən lazımlı, faydalı hesab etdiyim məqamları vurğulamışam, odur ki bu gün qeyd edəcəyim bəzi məsələlər təkrar olacaq, bəziləri isə, ola bilsin, yeni məsələlər olsun. Hər halda, mən lazımlı hesab etdiyim mövzulara toxunacağam.
Düşünürəm ki, parlamentin hər bir çağırışı dövründə deputatlar və parlamentin yüksək vəzifəli rəsmiləri parlamentin həmin dövr üçün fəaliyyətini daha üstün, daha yüksək, daha keyfiyyətli şəkildə qurmağa səy göstərməlidirlər. Daha üstün olmağın yolu isə daha çox və daha yaxşı işləməkdir. İş, xalqa xidmət meydanı belədir; işləməli, çalışmalıyıq; daha yaxşı işləmək, təşəbbüs göstərmək, əsaslı işlər həyata keçirmək lazımdır.
Əlbəttə, cənab Laricani (Allah onu qorusun!) – parlamentin möhtərəm sədri – çox yaxşı bir siyahı təqdim etdi; bundan əvvəl də mənə yazılı bir məruzə göndərmişdi, baxmışdım, araşdırmışdım. Əlhəmdulillah, çoxlu işlər görülüb, intəhası mühüm bir məqamı diqqətdən qaçırmaq olmaz: görülən işləri dəyərləndirmək üçün kəmiyyət meyarı kifayət deyil. Nə qədər qanun layihəsi qəbul etdiyimiz kifayət etmir. Bu qanunların ölkənin idarəçiliyində hansı çəkiyə malik olduğunu müəyyən etmək lazımdır. Siz ölkəni idarə edən insanlardansınız, ölkədə qanunları siz tənzimləyirsiniz, icraedici hakimiyyətin fəaliyyəti üçün yolu siz çəkir, necə deyərlər, relsləri siz atırsınız; yəni ölkənin idarəçiliyinin bu mühüm qismi sizin öhdənizə düşür. Baxmaq lazımdır ki, qəbul olunan hər bir qanun layihəsi ölkənin inkişafına, problemlərin aradan qaldırılmasına, ümumilikdə əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına nə dərəcədə təsir göstərib. Deməli, təkcə kəmiyyət kifayət etmir, keyfiyyəti də nəzərə almaq lazımdır. Əlbəttə, digər şərtlər də var ki, yeri gəldikcə qeyd edəcəyəm; bundan başqa, digər şeylər də lazımdır.
Mən ümumilikdə bunu demək istəyirəm: parlament milli nüfuzun və dövlətin iqtidarının təcəssümü olmalıdır; parlament budur; nəyə görə? Çünki parlament ümumilikdə ölkənin müxtəlif yerlərindən olan vətəndaşlar tərəfindən seçilir, insanlar hamısı eyni stimulla gəlib bir şəxsi – hansısa qardaşımızı, hansısa bacımızı – millət vəkili seçir. İmam Xomeyni isə buyururdu ki, “Parlament xalqın fəzilətli cəhətlərinin cövhəridir” (3). Bu, çox önəmli bir məqamdır; diqqət yetirin: bütün xislətlərinin yox, fəzilətli cəhətlərinin cövhəri. Bəzi xislətlər fəzilətli cəhətlər sırasına daxil olmur. Parlament xalqın fəzilətlərinin cövhəri olmalıdır. Bu xalqın fəzilətli cəhətləri isə kifayət qədər çoxdur. Parlament tərəddüdün, özünəinamsızlığın təzahür etdiyi bir yer olmamalı, ruh düşkünlüyünü, ümidsizliyi və ya ölkədəki problemlərə qarşı etinasızlığı özündə əks etdirməməlidir. Parlament milli istedad və potensiala ümidsiz, pessimist yanaşmanı nümayiş etdirməməlidir. Xalqın parlamentdə təzahür etməli olan üstün cəhətləri bunlardır.
Mən təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim camaatımız, gənclərimiz arasında tarixi araşdırmaq həvəsi bir qədər zəifdir. Tarixdən məlumatı olduğu zaman insan bilir ki, bu xalq həm tarix boyu, həm də hazırda daim görkəmli, şanlı bir xalq olmuşdur. Xalqımız tarix boyu özünü imanın, elmin, özünəinamın, öz sərvəti ilə duyduğu qürurun və sədaqətin simvolu kimi təqdim etmişdir. Tarixdə hər zaman belə olmuşdur. Mən bir neçə nümunə qeyd edəcəyəm; baxın, hicri 5-6-cı əsrlərdə Səlcuqlar İrana tərəf gəliblər; bir hissəsi cənubdan İrana keçib, digər bir hissəsi isə şimaldan Kiçik Asiyaya sarı üz tutub. Kiçik Asiyaya gedənlər oranın əhalisinin dilini, sivilizasiyasını, mədəniyyətini – hər şeyini dəyişiblər. Bizans dövlətinin qədim Anatoliya mədəniyyətini bunlar gedib öz mədəniyyətləri ilə əvəz ediblər. Cənubdan gələnlər – İran səlcuqları isə İran sivilizasiyasının, İran mədəniyyətinin içində əriyiblər. Bunlar da eynən onlardan olub, amma əriyib gediblər. Özü də təkcə əriyib getməyiblər, hətta özləri də İran mədəniyyətinin təbliğatçısına çevriliblər. Görün Səlcuqların dövründə bizim incəsənətimiz, memarlığımız, şeirimiz, nəsrimiz necə zirvələrə qalxıb! Onlar iranlı olmayıblar – səlcuqlar olublar, yadelli olublar – amma İran onları özündə həzm edib. Xalqın iqtidarı, sarsılmazlığı bax budur.
Eyni hadisə moğollarla da baş verib; moğollar hücum edib bura gəliblər və hər kəsin bildiyi o işləri görüblər. Amma nəticəsi nə olub? Moğollar öz sivilizasiyalarını, öz mədəniyyətlərini, öz “Yasa”larını (4) bu ölkəyə qəbul etdirə bilməyiblər, əksinə bu sivilizasiya, bu mədəniyyət onları özündə əridib, imanın, dinin, mədəniyyətin, incəsənətin təbliğatçısına çevriliblər; belə ki incəsənət tariximizin qızıl səhifələrindən biri də İranda moğolların hakimiyyəti dövrünə təsadüf edir. İran budur; bizim keçmişimiz budur.
Hələ bundan da yuxarısını deyim; əziz İslam dinini bizə töhfə vermiş müsəlman cəngavərləri Şimali Afrika kimi ölkələrə gedəndə – indi mən misal üçün oranı deyirəm – o ölkələrin dili, mədəniyyəti dəyişib. İrana gəliblər, bizim dilimiz dəyişməyib. İslam dövründə fars dili əvvəlki dövrlərdən də artıq inkişaf edib. İslamdan əvvəlki dövrdə fars dili nə qədər məşhur idi? Amma görün İslam dövründə necə yüksəliş qazanıb! Nə qədər şeirlər, nəsr əsərləri, mədəniyyət nümunələri var! Bunlar çox önəmlidir; bu məsələlərə diqqət yetirmək lazımdır. Bu, keçmiş barədə.
Elə bizim dövrümüzə də baxsaq, görərik ki, 40 ildir, bu xalqa qarşı ən kəskin formada düşmənçilik aparılır. Bundan da betər ədavət ola bilərmi?! Həqiqətən də, heç bir xalqa qarşı belə qatı düşmənçilik yürüdülməyib. Qatı və hərtərəfli! İslam Respublikasının əleyhinə İslamın ilkin dövründə baş vermiş “Əhzab” döyüşündə olduğu kimi, hələ ondan da milyon dəfələrlə geniş, çoxsaylı dəstələrdən ibarət heyrətamiz bir cəbhə qurulub. Əllərindən gələni də ediblər; sanksiyalar qoyublar, təbliğat aparıblar, müharibə ediblər, ölkədə təhlükəsizliyi hədəfə alan məkrli planlar qurublar; bacardıqları hər işi görüblər. Bu xalqın bu gününü 40 il öncəsi ilə – İslam İnqilabından əvvəlki dövrlə müqayisə edin; xalqımızın bugünkü iqtidarı, əzəməti, inkişafı, elmi, beynəlxalq arenadakı güclü iştirakı o dövrlə müqayisə belə oluna bilməz. Günbəgün irəliləyib; xalq budur. Siz də bu xalqın fəzilətli cəhətlərinin cövhərisiniz. Odur ki diqqətli olun, baxın görün necə davranmalısınız. Bu xalq imanlı, elmli, özünəinamlı, müstəqil, öz üstünlüklərini bilən və onları qorumaqda israrlı olan bir xalqdır. İnqilabdan 40 il ötür. İndi burda tarixi ətraflı danışmaq mümkün deyil; son iki əsrdə dünyada iki-üç böyük inqilab olub; biri Böyük Fransa inqilabıdır, biri Böyük Sosialist inqilabıdır, biri də Amerikanın müstəqillik hərəkatıdır. Bunlar hamısı, demək olar, bu 200 ildə baş verib; yəni misal üçün, Amerikanın müstəqillik hərəkatı təqribən 230-240 il bundan əvvəl olub – təxminən miladi tarixlə 1783-cü ildə (5) – bir neçə il sonra Böyük Fransa inqilabı baş verib, təxminən 100 ildən sonra da Böyük Sosialist inqilabı qələbə qazanıb. Bunlar hamısı dövrümüzə yaxın olan hadisələrdir. Bu inqilabların tarixinə nəzər salıb hər birinin ilk 40 ilini İslam İnqilabının ilk 40 ili ilə müqayisə etdikdə ölkəmizdə baş vermiş bu inqilabın əzəmətinə, inkişafına, həyata keçirdiyi işlərin sürət tempinə heyran qalırsan. O biri inqilablar heç vaxt bu sürətlə, bu templə, bu güclə irəli gedə bilməyib. Özü də bunun dövrün dəyişiklikləri və sairlə əlaqəsi yoxdur; yəni bu şeylərin təsiri yoxdur, burada başqa amillər rol oynayır. İran xalqı belə bir xalqdır və siz də onun fəzilətli cəhətlərinin cövhərisiniz. Özünüzə, parlamentə bu gözlə baxmalı, parlamentdən olan gözləntilərinizi bu yanaşma əsasında tənzimləməli və inşallah ki, onların həyata keçməsinə nail olmalısınız. Bəli, bu, birinci məqam.
Növbəti məqam budur ki, parlamentin əsas işi olan qanunvericilikdə – əlbəttə, nəzarət də var, amma əsas qanunvericilikdir – keyfiyyəti günbəgün yüksəltməyə çalışmalısınız; günbəgün; yəni hər çağırışda, hətta bəlkə hər il qanunvericilik əvvəlki çağırışla və əvvəlki illə müqayisədə daha da yaxşı olmalıdır. Mən qanunvericiliklə bağlı bir neçə məqamı qeyd etmək istəyirəm:
Birincisi, prioritetləri diqqətdə saxlamaq. Cənab Laricani qeyd etdi ki, bu qanunlarda ölkənin prioritetləri nəzərə alınıb. Çox yaxşı, bu olduqca önəmlidir. Baxın görün prioritetlər nədir. Bəzən elə qanunlar müzakirəyə çıxarıla bilər ki, parlamentin vaxtını alar, ictimaiyyət arasında da müəyyən problemlər yaradar, halbuki əsla prioritet əhəmiyyət daşımır. Belə şeyləri bir kənara qoymaq lazımdır. Parlamentin vaxtını ehtiyac olmadan, boş-boşuna xərclənən pul kimi xərcləmək lazım deyil. Parlamentin vaxtı məhduddur; sizin cəmi 4 il vaxtınız var, bu vaxtın hər anından istifadə etməlisiniz. Odur ki parlamentdə sırf prioritet əhəmiyyətə malik olan mövzular müzakirəyə çıxarılmalıdır.
Praktiklik; bəzən elə qanun layihələri təsdiq olunur ki, onların praktik olmadıqları aydındır. Yəni mütəxəssis araşdırmaları bu qanun reallaşacağı təqdirdə o işin əməli surətdə həyata keçəcəyini göstərmir. Bunu da bir kənara qoymaq lazımdır.
Və ya bəzən ölkənin mənafeyinə zidd də olur; düzdür, bir qayda olaraq, parlamentdə belə hallar qəsdən baş vermir. Mən elə bu məqamda o beynəlxalq konvensiya və öhdəliklər məsələsinə toxunmaq istəyirəm. Baxın, Avropa dillərində “konvensiya” adlandırılan o beynəlxalq öhdəliklər əslində bir mərkəz tərəfindən hazırlanır və onlara sonradan qoşulacaq 100-150 ölkədən heç birinin o ilkin hazırlanma prosesinə qətiyyən təsiri olmur. Bir neçə böyük dövlətin ideoloji heyəti – özləri demişkən, beyin mərkəzi – hardasa oturub, özləri üçün müəyyən etdikləri hansısa mənafeni təmin etmək məqsədilə hansısa sənəd hazırlayır, sonra da onu özlərinə tərəfdaş olan, yaxud onlardan qorxan, dedikləri ilə oturub-duran, heç o işdə bir o qədər də mənafeyi olmayan bəzi ölkələrin vasitəsilə təsdiqlədirlər. Hansısa müstəqil dövlət – misal üçün, İran İslam Respublikası – ortaya çıxıb: “Mən bunu qəbul etmirəm; bu konvensiyanı, bu beynəlxalq öhdəliyi qəbul etmək niyyətində deyiləm” – dediyi zaman da üstünə tökülüşürlər ki, “120, 150, 200 ölkə bunu qəbul edib, necə olur ki, siz qəbul etmirsiniz?” O beynəlxalq konvensiyalar bir qayda olaraq bu cür olur.
Deyə bilərsiniz ki, bəs nə edək, həmin beynəlxalq konvensiya və öhdəliklərdən bəzilərinin çox faydalı maddələri olur? Olur, olsun, lap yaxşı; amma qoy parlament özü müstəqil surətdə qanunlar qəbul etsin; mən bunu son bir neçə ayda parlamentdə müzakirəyə çıxarılmış məsələlərlə də bağlı demişəm. Tutalım, terrorçuluqla mübarizə və ya çirkli pulların yuyulması məsələsi; lap yaxşı, İslami Şura Məclisi kifayət qədər yaşı və təcrübəsi olan, püxtələşmiş, fəaliyyətində möhkəm dayaqlara söykənən bir parlamentdir. Qoy oturub bir qanun qəbul etsinlər; qoy lap çirkli pulların yuyulması ilə bağlı olsun, heç bir eybi yoxdur, bir o qədər çox şərtləri də yoxdur; əsas odur ki, o qanunda sizin özünüzün görmək istədiyiniz iş əksini tapacaq. Sırf hansısa müsbət cəhətlərinə, müsbət tərəflərinə görə gedib altından nə çıxacağını bilmədiyimiz və hətta müəyyən problemli məqamları da olduğunu bildiyimiz sənədləri qəbul etməyimizə heç bir lüzum yoxdur.
Qanun əhalinin problemlərinin həllinə xidmət etməlidir; qanunlarda ölkədaxili prioritetlər nəzərə alınmalıdır; qanunlarımız ilk növbədə yoxsul və aztəminatlı təbəqənin problemlərinin həllinə istiqamətlənməlidir. Ölkədə aztəminatlı, orta və ortadan aşağı səviyyədə yaşayan insanlar var; qanunlar daha çox onların problemlərinin həllinə yönəlməlidir. Əlbəttə ki, qanun hamı üçündür və ölkədəki bütün təbəqələrin yaxşılığını istəyir – fərqi yoxdur – amma bu, prioritetdir, çünki yoxsul və aztəminatlı təbəqənin problemi ölkəmizin həyatının faktiki problemidir. Qanunlarda bu problemlərin həlli diqqətə alınmalıdır. Əsas odur ki, qanunlar mövqe və sərvət sahibi olan insanların əlində alətə çevrilməsin; mühüm olan budur; onlar qanunlardan sui-istifadə etməsinlər. İndi tutalım, siz belə bir qanun qəbul edirsiniz ki, kimsə bir başqasının evinə nərdivan söykəyib o nərdivanla yuxarı qalxsa, cəzası budur; fərqi yoxdur, o nərdivanı kimin evinə söykəyir: varlı olsun, kasıb olsun, şəhərin mərkəzində yaşayan olsun, kənar qəsəbələrdən olsun – fərq etmir; bu qanundan hər kəs faydalanır. Qanun hamı üçündür, intəhası müəyyən məqamlarda bəzi prioritetlər var. Zəngin və nüfuzlu şəxslərin qanunlardan sui-istifadə etməsinə imkan verilməməlidir. Qanunlar tənzimlənib təsdiq olunarkən onların hərtərəfli ekspertizasına son dərəcə diqqət yetirilməlidir. Sevindirici haldır ki, Parlamentin Tədqiqat Mərkəzi çox yaxşı bir mərkəzdir. Mənə o mərkəzin işi ilə bağlı çox yaxşı məlumatlar gəlib çatır. Orada qanunların yüksək səviyyəli ekspertizası üçün çox yaxşı imkanlar toplanıb. Bu baxımdan həmin mərkəz parlamentin güclü bir dayağıdır və ondan maksimum dərəcədə istifadə etmək lazımdır. Bundan əlavə, parlamentdən kənardakı mütəxəssislərdən də istifadə olunmalıdır. Bəzən görürsən ki, hansısa sahədə çalışan bir mütəxəssis illərlə bir məsələnin üzərində işləyir, düşünür; siz həmin ixtisas sahəsində onunla məsləhətləşsəniz, bir kəlmə ilə, qısaca bir cümlə ilə böyük bir problemin çözümündə sizə yardımçı ola bilər; yəni bu cürdür; mütəxəssis yardımı belədir ki, bəzən kiçik bir təklifi də böyük çözümə yol açır. Dedik ki, qanunlar real problemlərin həllinə istiqamətlənməlidir. Mən bir şeyi müşahidə etmişəm ki, parlamentdə ailə ilə bağlı müzakirəyə çıxarılan, yaxud qəbul olunan bəzi qanunlara Qərb ənənələrinin təsiri var; bu təsirdən çəkinmək lazımdır. Qərblilər ailə mövzusu ilə məşğul olmağa heç bir şəkildə səy göstərmirlər; belə deyil ki, istəmirlər, sadəcə olaraq, Qərb dünyasının şəraiti və həyat tərzi sözün həqiqi mənasında ailə ilə ziddiyyət təşkil edir. Bunu özləri də deyirlər və illərdir ki, bu problemin ucbatından çıxılmaz vəziyyətdə qalıblar. Çarə etmək istəyirlər, amma bacarmırlar; yəni Qərbdə ailənin bünövrəsi, dayaqları kəskin surətdə zəifləyib. İndi biz durub onların, misal üçün, qadınlar, gənclər, ata-ana, valideyn-övlad məsələləri ilə bağlı öz cəmiyyətləri üçün tənzimlədiyi normaları öz cəmiyyətimizdə ailə ilə bağlı məsələlərə tətbiq edək?! Xeyr, bu doğru olmaz. Biz ailə ilə bağlı elə qanunlar qəbul etməliyik ki, sözün həqiqi mənasında ailələrin problemlərini həll etməyə imkan verə – əgər hansısa problemlər varsa, həll edə – və yad regionun təsirini əks etdirməyə.
Digər bir önəmli məqam iqtisadi problemlərin həllinə xidmət edən qanunlardır. Qeyd olunduğu kimi, iqtisadi məsələlərlə ciddi surətdə məşğul olmaq, vacib qərarlar qəbul etmək, problemlərin həllinə aparan yolu açmaq üçün, əlhəmdulillah, hakimiyyətin 3 qolunun başçılarının və eləcə də digər təmsilçilərinin iştirakı ilə bir iclas təşkil olunub. Bu iclasın məhz indi keçirilməsi də çox əhəmiyyətlidir. Parlament bu istiqamətdə ciddi addımlar atmalıdır. Bu gün ölkənin iqtisadi problemləri prioritetdir. Bu problemləri sözün həqiqi mənasında həll etmək lazımdır. Düşmən bu zəif nöqtədən istifadə etmək istəyir, buna imkan vermək olmaz.
Digər bir məqam isə qanunların yenilənməsidir. Bəzi qanunların məntiqi artıq öz dövrünü başa vurub; bu elə mənim daha öncə dəfələrlə vurğuladığım qanunvericilikdə islahatlar məsələsidir. Bəli, görürsən ki, bir neçə il bundan əvvəl İslam Respublikasının özündə, yaxud İslam Respublikasından da əvvəl hansısa qanun qəbul olunub; qanundur, amma hazırda məntiqi yoxdur. Belə qanunları ləğv edin; yəni bu işi heç bir digər qurum yox, məhz parlament görə bilər. Məntiqi olmayan, varlığının fəlsəfəsi sona çatmış qanunları ortadan qaldırmaq lazımdır. Bəzi qanunlar da var ki, qanunvericilikdə ziddiyyətlərə, işlərdə çətinliyə və sairə səbəb olur. Qanunvericilikdə islahatlar məsələsi ilə həqiqi mənada məşğul olun. Bəzi qanunlar problem yaradır, onları da aradan götürmək lazımdır. Eşitdiyimə görə – o gün bir söhbətdə də qeyd etdim ki (6) – İqtisadiyyat Nazirliyi ölkədə biznes mühitinin yaxşılaşdırılmasına əngəl olan bəzi qərarları ləğv edir; bu çox yaxşıdır. İndi bəzi işlər var ki, müvafiq dövlət qurumlarının rəsmilərinin səlahiyyətindədir, amma bəzi məsələlərə onların səlahiyyəti çatmır. O yerdə parlament hərəkətə keçməlidir. Bu da bir məqam.
Digər bir məsələ isə qanunların icrasıdır. Bir müddət əvvəl parlamentin möhtərəm sədri bildirmişdi ki, hansısa qurum 2 ildir hansısa qanunu icra etmir. Nəyə görə icra olunmamalıdır? O qanunun qəbul olunması üçün siz o qədər vaxt, ömür, pul və imkanlar sərf edirsiniz. O qədər hazırlıqdan sonra o qanun qəbul olunub, amma hansısa vəzifəli şəxs onu icra etmir! Bunun üçün bir şey fikirləşmək lazımdır. Doğrudur, dedilər ki, o hallardan bəzilərini məhkəməyə yönəldiblər, onlar da o işlərdə cinayət tərkibi olmadığını deyiblər. Yaxşı, əgər qanunları icra etməyənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirsinizsə, buna kim nail olmalıdır? Yenə də parlament özü; (7) xeyr, bu, məhkəmə hakimiyyətinin işi deyil. Məhkəmə hakimiyyəti cinayət hesab olunan halları izləməlidir. Bəs bunun cinayət olduğunu kim deyə bilər? Parlament! Bunu parlament etməlidir. Siz qanunun icra olunmamasının konkret hansı hallarda cinayət olduğunu və bunun cəzasını müəyyən edin, sonra məhkəmə hakimiyyətinə göndərin ki, onlar da öz işlərini görə bilsinlər. Yəni bu, parlamentin öz işidir. Odur ki, zənnimcə, qanunların icrasına nəzarət məsələsi də olduqca önəmlidir və ciddi surətdə həyata keçirilməlidir.
Mənim hörmətli millət vəkillərimiz üçün qeyd etməyi lazım bildiyim digər bir məsələ isə deputatların davranışı məsələsidir. Düşünürəm ki, bu mövzunu ümumi, kompleks və hərtərəfli surətdə bir kəlmə ilə əhatə etmək olar: inqilabçı olmaq. Parlament nümayəndələri inqilabçı kimi davranmalı, hər bir məsələyə inqilabçı kimi reaksiya verməlidirlər. Siz millət vəkili seçilərkən içdiyiniz andda da qeyd etmisiniz ki, İslam İnqilabının, onun nəticələrinin, İslam İnqilabı və İslam Respublikasının əldə etdiyi nailiyyətlərin keşiyində duracaqsınız. Bunu necə etmək olar? İnqilabçı olmadan bunu etmək olmaz ki! Sizin davranışınız inqilabçı davranışı olmalıdır. “İnqilabçı davranışı” deyəndə mən çılğın davranışları yox, ağılla, tədbirlə, cihad əzmi ilə hərəkət etməyi, cihad hərəkatını nəzərdə tuturam. Biz rəhbər vəzifəli şəxslərə daim “cihad ruhlu idarəetmə”ni tövsiyə edirik, parlamentə də bu tövsiyəmiz “cihad ruhlu davranış” formasında olacaq. Cihad ruhu ilə davranın, bu ruhla danışın, bir mücahid kimi hərəkət edin, inqilabçı olun. Möhtərəm millət vəkillərimizin gördüyü hər bir işə iman ruhiyyəsi, inqilabi stimul hakim kəsilməlidir. İnqilabın nailiyyətlərinin və dövlətin əsaslarının keşiyində durmaq sizin verdiyiniz deputat andında da əksini tapır və əgər buna əməl olunmasa, millət vəkillərinin parlamentdəki fəaliyyətində həm qanuni, həm də şəri cəhətdən problemlər yarana bilər. Parlamentdə inqilabın və İslam Respublikasının nailiyyətlərinə etinasız yanaşılması həm Konstitusiya, həm də şəriət baxımından düzgün deyil.
Görüşlərimiz zamanı mənim möhtərəm deputatlarımız üçün dəfələrlə vurğuladığım və bu gün sizə xatırlatmaq istədiyim digər bir məsələ də var ki, bu da komissiyalarda və parlamentin iclaslarında vaxtında iştirak məsələsidir. Bu barədə mənə gəlib çatan məlumatlar bir o qədər də ürəkaçan deyil; bəzən deyirlər ki, deputatların iştirakı kvorum həddinə çatmadığına görə komissiyalarda səsvermə keçirmək mümkün olmur. Hər bir deputat nəzərdə tutulan saatlarda dəqiqəsinə qədər parlamentdə, yaxud komissiyalarda iştirak etməyi özünə borc bilməlidir. Daha bir problem isə – özü də bu təkcə sizin yox, bütün ölkənin problemidir – dəbdəbəli həyata meyillilik məsələsidir. Bu, böyük bir bəladır. Mənə beytülmalın pulu ilə tikilmiş bir tikilinin şəklini gətirdilər, mən həqiqətən təəccübləndim; necə cürət ediblər, kiminsə əli, ürəyi necə gəlib ki, beytülmalı bu cür şeylərə sərf etsin? Dəbdəbəli həyata həvəs geniş surətdə yayılıb bizim həyat tərzimizə çevrilsə, daha bunun mənfi təsir və nəticələrini yığıb-yığışdırmaq olmayacaq, çox çətin olacaq, işimizi xeyli çətinləşdirəcək. Bunu diqqətdən qaçırmamalısınız.
Digər bir məsələ isə xarici səfərlər məsələsidir. Əziz dostlar, əziz qardaşlar və bacılar, mən istərdim ki, bu məsələyə də mümkün qədər diqqətli yanaşılsın və xarici səfərlərə yalnız həqiqətən ehtiyac və zərurət olduğu zaman gedilsin. Bu məsələdə lüzumsuz səxavətlilik etmək lazım deyil.
Deputatlara nəzarət məsələsi; bir neçə il bundan əvvəl mən bu məsələyə toxunmuşdum, (8) hörmətli millət vəkillərimiz də təşəbbüs göstərdilər və deputatların davranışlarına nəzarət məqsədilə bir komissiya yaradıldı. Bunu daha da gücləndirmək lazımdır; yəni elə etməlisiniz ki, sözün həqiqi mənasında nəzarət olsun. Düzdür, siz hökumətin, başqalarının davranışlarına nəzarət edirsiniz, amma zənnimcə, bu ondan da vacibdir. Bu özünə nəzarətdir, öz nəfsinə nəzarətdir, parlamentin sağlam fəaliyyətinə nəzarətdir.
Ümumilikdə isə mən hiss edirəm ki, İslam dövlətinin əsas sütunlarından biri olan İslami Şura Məclisi, əlhəmdulillah, bu günə qədər çox gözəl fəaliyyət göstərib və irəli gedib. İnqilabın hədəflərinə doğru bu irəliləyişinizi bacardığınız qədər gücləndirin. Bu gün ölkəmizdə xalqın və dövlətin bu cür daxildən möhkəmlənməsinə ehtiyac var. Görün sizin düşmənləriniz kimlərdir, hansı psixologiya ilə hərəkət edirlər, İran xalqının əleyhinə necə xəbisliklə davranırlar! Təkcə İran xalqı da deyil! Bunların xisləti budur! Bu gün Amerikada bir neçə min körpənin zorla anasından ayrı saxlanması xırda bir iş deyil, çox böyük bir məsələdir. O körpələrin ağlamaq səsini televiziya ilə eşidəndə insan tab gətirə bilmir. Hansısa siyasətə görə, hansısa qərarın icrasına görə bunlar belə bir yanlış və cinayətkar addımı atıb, minlərlə körpəni anasından necə ayıra bilirlər?! Bunlar belədir. Bunlar o adamlardır ki, məzlum Yəmən xalqının nəfəs borusu olan bir limanı onun əlindən almaq üçün ən müasir silahlarla silahlanmış bir neçə böyük dövlətlə birgə dənizdən gəlib bu xalqın qarşısını kəsirlər; əsla tərəddüd etmədən adam öldürürlər. Özü də xoşlamadıqları təkcə İslam Respublikası deyil; bunlar zatən zalımdırlar, zülmün hakimiyyət mexanizmidirlər. Bəli, ədalət tələb etdiyinə, İslam iddiasında olduğuna, məzlumu müdafiə iddiası ilə çıxış etdiyinə görə İslam Respublikasının daha kəskin formada əleyhinədirlər və öz pozucu fəaliyyətlərini davam etdirirlər. Bunlara qarşı durmaq lazımdır; mətinliyimizi qorumalı və əmin olmalıyıq ki, Allahın köməyi ilə, Allaha, Onun izzət və cəlalına hörməti sayəsində İran xalqı Amerikaya və düşmənlərinə qalib gələcək.
Bunlar sözün əsl mənasında zəmanənin Şimrləridir. Bunlar sözün həqiqi mənasında o kəslərdirlər ki, Quran onlar haqqında belə deyir:
اِنَّهُم لاِّ اَیمـّْنَ لَهُم
“Onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur...” (“Tövbə” surəsi, 12-ci ayədən)
Bunlar heç bir əhd-peymanı mötəbər saymırlar – görürük də; hər şey gözümüzün önündədir – bunlar sözün əsl mənasında hegemon və zorla bac almağa çalışandırlar. Aydındır ki, İran xalqı, İslam Respublikası və möhtərəm dövlət rəsmilərimiz heç bir hegemon və bacalanın tələblərinə boyun əyməyəcək.
Allah sizi qorusun, hamınıza uğurlar arzu edirəm. Allah sizi öhdənizə düşən vəzifələri yerinə yetirməyə müvəffəq etsin, inşallah. Gedin elə işləyin ki, inşallah, birinciliyi əldə saxlayasınız.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_______________________
(1) Görüşün əvvəlində İslami Şura Məclisinin sədri cənab Dr. Əli Laricani məruzə etmişdir
(2) Pərvin Etesami; Şeirlər divanı.
(3) Səhifeyi-İmam, c.12, səh. 343; Parlament nümayəndələri ilə görüş (04.03.1359)
(4) Moğolların qanun kitabı
(5) ABŞ-ın Böyük Britaniyadan asılılığına son qoyulmasının rəsmən elan edilməsi
(6) Fitr bayramı namazının xütbələri (25.03.1397)
(7) İştirakçılardan biri: “Məhkəmə”, – deyir.
(8) Ali Məqamlı Rəhbərin İslami Şura Məclisinin sədri və deputatlarla görüşü (24.03.1391)