Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyni (r.ə) adına namazgahda qılınan Fitr bayramı namazında söylədiyi xütbələr

Mehriban və Bağışlayan Allahın adı ilə.

بسم الله الرّحمن الرّحیم الحمدلله ربّ العالمین. اَلحَمدُلله الَّذی خَلَقَ السَّماواتِ وَ الاَرضَ وَ جَعَلَ الظُّلُماتِ وَ النّورَ ثُمَّ الَّذینَ کَفَروا بِرَبِّهِم یَعدِلون

“Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar”. (“Ənam” surəsi, 1-ci ayə)

احمده و استعینه و استغفره و اتوب الیه و اصلّی و اسلّم علی حبیبه و نجیبه سیّد خلقه ابی القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین المکرّمین سیّما بقیّة‌الله فی الارضین و الصّلاة علی ائمّة المسلمین و حماة المستضعفین و هداة المؤمنین

Bu möhtəşəm və emosional izdihamda iştirak edən qardaş və bacılarımı, habelə bütün İran xalqını və İslam ümmətini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. İmam Həsən (ə) Fitr bayramı barədə belə buyurmuşdur:

(1) یُثابُ فیهِ المُحسِنون وَ یُخسَرُ فیهِ المُبطِلون 

“Bu, yaxşı işlər görənlərin mükafatlandırıldığı, puç işlərlə məşğul olanların isə ziyan çəkdiyi bir gündür”.

Zəhmət çəkənlər, səy göstərənlər, yaxşı işlər görənlər bu gün mükafatını alır. Allaha şükürlər olsun ki, bizim xalqımız da əksəriyyəti etibarilə yaxşı işlər görənlərin sırasındadır. Eyni hədisdə imam (ə) həmçinin belə buyurur:

(2) اِنَّ اللهَ جَعَلَ‌ شَهرَ رَمَضانَ‌ مِضماراً لِخَلقِهِ فَیَستَبِقونَ فِیهِ بِطاعَتِهِ اِلَی مَرضاتِه

Allah-taala ramazan ayını möminlər arasında bir müsabiqə meydanı edib ki, onlar Yaradana itaət etməklə Onun razılığına yaxınlaşsınlar. Allaha şükürlər olsun ki, xalqımız hər il bu müsabiqədə daha çox üstünlük qazanır. Hər ili ötən illə müqayisə etdikdə xalqımızın arasında mənəviyyatın daha da inkişaf etdiyini, yaxşı işlərin, insanı Allaha yaxınlaşdıran əməllərin çoxaldığını görürük. Quran tilavətinə, Qurandan hər gün bir cüz oxunmasına bir neçə il bundan əvvəl şəhərlərimizdən birində başlanmışdı, bu gün isə bu olduqca gözəl və bəyənilən ənənə ramazan ayında ölkəmizin əksər şəhərlərində təkrarlanır. Dua və minacat məclisləri hər il daha da artır və camaatımız həmin məclislərdə getdikcə daha geniş iştirak edir. Bu il mən şəxsən araşdırdım, məlumat aldım; dua, təvəssül, zikr və minacat məclisləri hər il olduğundan daha emosional, daha əhatəli və izdihamlı olmuşdur. Bax bu həmin o müsabiqə meydanıdır.

Küçələrdə insanlara iftar verilməsi; Allaha həmd olsun ki, artıq bir neçə ildir bu ənənə camaatımızın arasında yayılıb. Məscidlərdə, küçə və prospektlərdə, yol üstündə yerə xalça salıb sadə iftar süfrələri açır və ya yoldan keçənlərə iftar bağlamaları paylayırlar. Ötən illərə nisbətən bu il bu şeylərə daha çox, daha geniş surətdə rast gəlinirdi. Bu, hədisdə qeyd olunan həmin o müsabiqədə inkişaf əldə olunduğunu göstərir.

Ramazan ayının parıltısının zirvəsi isə Qədr gecələri idi; bu şəhərin, eləcə də ölkənin dörd bir yanındakı bütün digər şəhərlərin müxtəlif yerlərində böyük izdiham var idi, insanlar əllərini duaya açaraq Uca Yaradanla danışır, diləklərini diləyir, minacat edir, öz ruhunun saflığını və lətafətini artırırdılar. Bunlar həmin müsabiqə meydanında göstərilən səylərdir.

Və nəhayət, İslam Respublikasında, həqiqətən də, unikal bir hadisə olan və bu il həmişəkindən daha coşğulu keçən Qüds günü yürüşü; o qızmar günəşin altında, uzun gündüzlərdə, orucağız, ramazanın 23-cü gecəsini oyaq keçirdikdən sonra; əhya gecəsinin səhəri açılandan bir neçə saat sonra camaat o şövq və ruh yüksəkiyi ilə küçələrə axışmışdı. Kütlədəki insanların sayını hesablayan mütəxəssislər bizə məlumat verdilər ki, ötən illərlə müqayisədə bu il ölkənin əksər şəhərlərində yürüşlərdə iştirak edən izdiham daha sıx və daha emosional olmuşdur.

Bu xalq oyaqdır. Bu xalq stimulludur. Bu xalq yorulmayıb. Düşmən təbliğatını təkrarlayaraq bu xalqın yorğun və ruh düşkünlüyü içərisində olduğunu deyənlər özləri yorğundurlar, özləri ruh düşkünlüyünə uğrayıblar! Hamını özləri kimi bilirlər, özlərinə baxıb xalq haqqında fikir yürüdürlər. Əhya gecəsi bütün gecəni yatmayıb oyaq qalandan sonra o cür həyəcanla, o həvəs və ruh yüksəkliyi ilə, bütün təbəqələrindən olan insanları – qocası, gənci, kişisi, qadını ilə küçələrə axışıb, o yürüşü o səviyyədə həyata keçirən bu xalq yorğun deyil, ümidsiz deyil. Bu xalq iş görmək meydanını özü üçün müsabiqə meydanı bilir, Allaha həmd olsun ki, mənəviyyatı günbəgün daha da artır. Hər ilin ramazan ayında xalqımızın mənəviyyatı, mənəvi saflığı daha da çoxalır, bu isə o deməkdir ki, İran xalqı insanları mənəviyyatdan uzaqlaşdırmağa çalışan siyasətlərin arzusuna rəğmən, mənəviyyata bağlıdır, ayaqdadır, fəsad və mənəvi tənəzzülə doğru gedən dünyanın qarşısında durub. Özü də ölkənin dörd bir yanında müşahidə olunan bu coşğu və dinamikanın başlıca hərəkətverici qüvvəsi əsas etibarilə gənclərdir. Ölkə gənclərinin varlığında belə bir mənəviyyat ruhunun olması əvəzsiz bir mənəvi sərmayədir və bu sərmayə ölkənin kimliyini, suverenliyini, nüfuz və əzəmətini qoruyan bir amildir. Pərvərdigara! Səni and veririk Məhəmməd və Ali-Məhəmmədə, bu mənəviyyatı, bu əzəməti, irəliyə aparan bu hərəkatı bu mömin və böyük xalq üçün davamlı və sarsılmaz et.

بِسمِ اللهِ الرَّحمنِ الرَّحیمِ * قُل هُوَ اللهُ اَحَدٌ * اَللهُ الصَّمَدُ * لَم یَلِد وَ لَم یولَد * وَ لَم یَکـُن لَه کُفُوًا اَحَدٌ

“De: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah möhtac deyildir! O nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri də yoxdur!” (“İxlas” surəsi)

İkinci xütbə

Mehriban və bağışlayan Allahın adı ilə.
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم‌ المصطفی محمّد و علی آله ‌الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین. اللهمّ صلّ علی ولیّک امیرالمؤمنین علیّ ‌بن‌ ابی‌طالب و علی حبیبته الزّهراء المرضیّة و علی الحسن و الحسین سیّدی شباب اهل الجنّة و علی علیّ بن الحسین سیّد العابدین و علی محمّد بن ‌علیّ باقر علم الاوّلین و الآخِرین و علی جعفر بن محمّد الصّادق و علی موسی ‌بن جعفر الکاظم و علی علیّ ‌بن موسی الرّضا و علی محمّد بن علیّ الجواد و علی علیّ ‌بن محمّد الهادی و علی الحسن بن علیّ الزّکیّ العسکری و علی الحجّة القائم المهدی صلواتک علیهم اجمعین و صلّ علی ائمّة المسلمین و حماة المستضعفین و هداة المٶمنین

Bu il Qüds günü digər xalqlar arasında da daha geniş yayıldı, daha təntənəli şəkildə qeyd olundu. Müxtəlif ölkələrdən bizə gəlib çatan xəbərlər göstərirdi ki, həmin ölkələrdə xalqlar bu günü qeyd edir. Bu o deməkdir ki, düşmənin bütün təbliğatına baxmayaraq, digər müsəlman xalqları ilə İran xalqı daha çox yaxınlaşıb, onlar arasında bir-birinə daha çox meyil yaranıb. Əlbəttə ki, Şeytan xislətli böyük dövlətlər İran xalqının əleyhinə daim məkrli planlar cızırlar, çünki xalqlar arasında onun ayaqda olmasından, iqtidarından, müstəqilliyindən, öz yaşamı üçün nümayiş etdirdiyi yüksək və təşəbbüskar intellektdən narahatdırlar. Sözsüz ki, bu dövlətlər əllərindən gələni edirlər, amma inşallah, həmişə də uğursuzluğa düçar olurlar. Amerika prezidenti (3) elan edib ki, onlar Qərbi Asiya regionuna 7 trilyon dollar pul xərcləyiblər! Özü deyir ki, söhbət milyonlardan, milyardlardan yox, trilyonlardan gedir. “Bu regiona 7 trilyon dollar pul xərcləmişik, heç nə əldə edə bilməmişik” – bunu o özü deyir; bu, məğlubiyyət deməkdir; Amerika bu regionda məğlubiyyətə uğrayıb. Amerika heç nə edə bilməyib, Böyük Şeytan bütün səylərinə, bütün vəsvəsə və şər əməllərinə baxmayaraq, bu regionda öz məqsədlərinə nail ola bilməyib. Pulu xərcləyib, 

فَسَیُنفِقونَها ثُمَّ تَکونُ عَلَیهِم حَسرَةً ثُمَّ یُغلَبون

“... mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədikləri üçün) peşman olacaq, axırda da məğlub ediləcəklər”. (“Ənfal” surəsi, 36-cı ayədən)

– axırda da məğlub və peşman olub. Quran ayəsidir; pulu xərcləyərlər, amma ondan heç bir xeyir götürməzlər. Şeytani dövlətlər bundan sonra da bu regionda nə qədər pul xərcləsələr belə, onları eyni nəticə gözləyir

Lakin İran xalqı ayıq-sayıq olmalı, məkrli planları sezməyi bacarmalıdır. Əziz qardaşlar, əziz bacılar! Bu gün düşmənin yürütməyə çalışdığı məkrli plan ölkəmizin hər yerində xalqa iqtisadi təzyiq göstərərək onu yormaqdan, ümidini qırmaqdan ibarətdir. Bilin ki, bu məsələdə hər kəs əlindən gələni etməlidir: həm dövlət, rəsmilər, həm də xalq. “Dövlət” deyərkən mən bütün hakimiyyət strukturlarını nəzərdə tuturam. Allaha şükürlər olsun ki, xoşbəxtlikdən, bu önəmli problemi – iqtisadiyyat məsələsini addımbaaddım izləmək, qəti qərarlar qəbul edib, onları vaxtında icra etmək, bütün bu işlərlə məşğul olmaq üçün hakimiyyətin 3 qolunun başçılarının, habelə digər fəal rəsmilərinin iştirakı ilə bir mərkəzi komitə yaradılıb. İnşallah, bu işi ciddi şəkildə izləmək lazımdır.

Xalqın da öhdəsinə müəyyən vəzifələr düşür, onları yerinə yetirməlidir. Camaatımız israf məsələsinə diqqətli yanaşmalıdır. Mən bu məsələni bir neçə il bundan əvvəl qaldırmışdım; (4) ölkənin, yoxsul və məzlum təbəqələrin mənafeyi naminə israfçılığı, lüzumsuz yerə sağa-sola pul xərcləməyi bir kənara qoysunlar.

İran xalqı bilsin ki, bu gün ölkədə likvidlik kifayət qədər yüksəkdir; maliyyə imkanları olan, həmin likvidlərə sahib olan şəxslər öz sərəncamında olan vəsaiti istehsala yönəltsinlər ki, iş getsin. Xalqın dolanışığı istehsal sayəsində təmin olunur; bu, camaatın öhdəsinə düşən bir işdir. Xarici ölkələrlə ticarətlə məşğul olan şəxslər diqqətli olsunlar, daxildə istehsal olunan malların analoqunu ölkəyə idxal etməsinlər. Xalqın ehtiyacından uzaq olan malları, lazımsız məhsulları ölkəyə gətirməsinlər. Bunlar camaatın özünün görə biləcəyi işlərdir; bu işlər xalqın hər bir nümayəndəsinin öhdəsinə düşür.

Və bu sahədə ölkənin müstəqil iqtisadi inkişafına yardım edə biləcək bütün işlər hesaba alınmalıdır. Xarici ölkələrə səfərə getməyə adət etmiş insanlar bu adətlərindən əl çəksinlər. Əyləncə xatirinə cürbəcür xarici ölkələrə getməyi – əlbəttə ki, müqəddəs ziyarətgahlara edilən səfərlər, yaxud Həcc ziyarəti bura aid deyil; mən bunları nəzərdə tutmuram; bunlar həm ölkənin üzərinə bir o qədər böyük xərc qoymur, həm də bərəkəti çoxdur – əyləncə məqsədilə, cürbəcür bəhanələrlə edilən lüzumsuz səfərləri bir kənara qoysunlar. Deyildi, eşitdik ki, İqtisadiyyat Nazirliyi ölkədə biznes mühitinin rövnəqlənməsi üçün bir sıra qərarlar qəbul edib, buna mane olan bəzi işləri aradan qaldırıb. Müsbət bir addımdır, davam etdirmək lazımdır. Korrupsiya ilə mübarizə işini ciddi surətdə davam etdirmək lazımdır; eynilə israfçılıqla mübarizəni də. İstehsal və quruculuq sahələrində fəal olan gəncləri həvəsləndirmək, təşviq etmək lazımdır; əlhəmdulillah, ölkəmizdə bu, geniş yayılıb, gənclər istehsal işlərində fəallıq göstərirlər, işləyirlər, çalışırlar, faydalı məhsullar istehsal edirlər.

Digər bir mühüm məsələ isə xalqın vəhdəti – milli və ictimai birlik məsələsidir. Təəssüflər olsun ki, bu gün ümumi mühitdə, virtual məkanda bir qrup şəxs arasında bir-birini alçaltmaq, ittiham etmək, bir-birinə böhtan atmaq və sair bu kimi davranışlar geniş hal alıb. Əlbəttə ki, bu qəbildən olan insanların sayı çox deyil, amma onların bu əməlləri ölkəyə, ölkənin ümumi atmosferinə ziyan vurur. Bu işlərdən bəziləri böyük günahdır. Vəhdət və qarşılıqlı hörmət ruhu olmalıdır; bir-biri ilə məşğul olmağı başqa vaxta saxlasınlar; hazırda ölkənin qarşısında düşmən olduğu bir vaxtda hamı əl-ələ verib birləşməli, ölkənin müstəqilliyi və əzəməti naminə bir istiqamətdə iş görməlidir.

Mən xahiş edirəm, bəziləri düşmənin təbliğatında gedən söz-söhbətləri də (əslində, bu, xalqın ruhiyyəsini zəiflətməyə hesablanmış psixoloji müharibədir) mətbuatda və mediada təkrarlamasınlar. Düşmən İran xalqının ruhiyyəsini zəiflətmək üçün nə isə deyir, bir də görürsən ki, ölkə daxilində də biri qalxıb onun dediklərini təkrarlayır; düşmənə xoş gəlmək xatirinə və ya prosesləri düzgün təhlil edə bilmədiyinə görə eyni yalanı, reallığa zidd olan eyni iddianı səsləndirir. Belə şeyləri bir kənara qoyaq. İnşallah, bu ruhiyyə ilə, bu hərəkatla, bu xalqla, bu mənəviyyatla, xalqda olan bu müstəqillik hissi ilə, Allahın lütfü və köməyi sayəsində, ölkəmizin gələcəyi bu günündən qat-qat yaxşı olacaq. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarını Məhşərə öz övliyalarınla birgə gətir. Bu bayramı İran xalqı üçün bol bərəkətli et.

بِسمِ اللهِ الرَّحمنِ الرَّحیمِ * وَ العَـصرِ * اِنَّ ‌الاِنسانَ‌ لَفی‌ خُسرٍ * اِلَّا الَّذینَ ءامَنوا وَ عَمِلُوا الصّالِحاتِ‌‌ وَ تَواصَوا بِالحَقِّ ‌وَ تَواصَوا بِالصَّبر

“And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi)

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Tuhəful-uqul, səh.236 
(2) Tuhəful-uqul, səh.236
(3) ABŞ prezidenti Donald Tramp 
(4) Qədir-Xum bayramı münasibətilə xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüş (30.06.1395)