Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّیّبین سیّما بقیّةالله فی الارضین

Əziz və hörmətli görüş iştirakçıları, müsəlman ölkələrinin səfirləri! Sizi, eləcə də bütün böyük və mömin İran xalqını, İslam ümmətini bu böyük və mübarək bayram münasibətilə təbrik edirəm. Allah-taaladan diləyim budur ki, bu bayramı İslam ümməti üçün sözün həqiqi mənasında bərəkətli, əsl bayram etsin, inşallah.

Fitr bayramı namazının qunutunda oxuduğumuz duada da qeyd olunduğu kimi:

(2) وَ لِمُحَمَّدٍ صَلَّی‌ اللهُ ‌عَلَیهِ ‌وَ آلِهِ ذُخراً وَ شَرفاً وَ کَرامَةً وَ مَزیدا

 – Peyğəmbəri-Əkrəmin (s) müqəddəs varlığı, yəni İslam dini və İslam toplumu üçün şərəf və hörmət mənbəyi, böyük bir ehtiyatdır. Zənnimcə, əziz İslam Peyğəmbəri (s), müsəlman xalqları, İslam cəmiyyəti və müsəlman ümməti üçün şərəf və ehtiram mənbəyi ola biləcək ən mühüm amillərdən biri də İslam ümmətinin birliyi, konfliktlərin aradan qaldırılmasıdır.

Əziz qardaşlar, əziz bacılar! Bu gün imperializmin siyasəti müsəlman xalqları arasında, hətta həmin xalqların öz içində, öz vətəndaşları arasında ixtilaf və uçurumlar yaratmaqdan ibarətdir; hazırda yürüdülən siyasət budur. Və bu, cinayətkar Amerika və İsrailin məkrli plancızanlarının ən mühüm müsəlman regionlarından biri olan regionumuz üçün qurduğu br plandır. Əlamətlərini də özünüz müşahidə edirsiniz: Yəməndə baş verən ürəkağrıdan hadisələr, Suriya hadisələri, İraqda və digər müsəlman ölkələrində baş verənlər. Bu vəziyyətdən çıxış yolu tapmaq üçün müsəlman xalqları bir əsas məqamı dərk etməlidirlər; həmin əsas məqam isə bundan ibarətdir ki, imperializm müsəlman toplumu və İslam ümməti ilə düşmənçilik edir; məsələnin əsasında bu durur. İmperializmin siyasətlərinə müqavimət göstərmək lazımdır; bu bütün İslam dünyasında dövlətlərin, siyasi rəsmilərin, din, mədəniyyət və siyasət arenasında fəaliyyət göstərən ziyalıların öhdəsinə düşən vacib bir vəzifədir. Digər bir əsas məqam isə İsrail rejimi məsələsidir. Ümumiyyətlə o dövləti bu regionda – İslam dünyasının göbəyində yerləşdirməkdə məqsədləri konflikt törətmək, araya fitnə salmaq, problem yaratmaqdır.             

Lakin İsrail rejimi qalıcı olmayacaq; tarixin ortaya qoyduğu bütün təcrübələr bunu bizə qəti surətdə diktə edərək anladır. İsrail rejiminin əsaslı bir problemi var. Amerikalılar, İsrailin öz siyasətçiləri və Amerikanın dediyi ilə oturub-duran bəzi iradəsiz dövlətlər bu gün elə bilirlər ki, İsraillə gizli və aşkar diplomatik münasibətlər qurmaqla onun problemini həll edə biləcəklər. Xeyr, İsrail rejiminin problemi başqa dövlətlərlə diplomatik əlaqələrinin olub-olmamağında deyil ki, aşağı-yuxarı iki-üç dövlətin onunla əlaqə qurması ilə, diplomatik baryeri aşaraq ona dost əli uzatması ilə İsrailin problemi həll oluna. İsrailin problemi bu rejimin kökündən qeyri-legitim, qanunsuz olmasıdır. İsrail qeyri-legitim bir dövlətdir! Bu rejim yanlış və qanunsuz əsaslar üzərində qurulmuşdur. Bir xalqı zorla, qətlə yetirməklə, təhdid etməklə, silahlı qüvvələrin gücünə öz ölkəsindən çıxarıblar. Özü də dərin tarixi kökləri olan bir xalqı! Fəlsətin xalqı yenicə ortaya çıxmış, qondarma bir xalq deyildi ki! Fələstin ölkəsi də eynilə; Fələstinin xəritəsini dünya coğrafiyasının tarixi yaddaşından silə bilərlərmi? Bu mümkündürmü? Gəlib regionda 3-4 iradəsiz dövləti İsraillə diplomatik münasibətlər qurmağa vadar etməklə onun problemini həll edə bilməyəcəklər. Onların problemi qanunsuz, qeyri-legitim olmalarındadır.

İsrail rejiminin bu regionda əsasları zəif, dayanıqsız və yanlışdır; bu da elə bir problem deyil ki, həllinin açarı dövlətlərin əlində ola, hansısa tədbirlərlə əlac edə bilələr. Yeri gəlmişkən, İsrail rejimi ilə nisbətən uzun zamandır əlaqədə olan bəzi region ölkələrində – mən ad çəkmək istəmirəm – xalqın İsrailə qarşı emosiyaları digər ölkələrdən daha kəskindir. Problem xalqların münasibətindədir. İsrailin qanunsuz bir rejim olması İslam ümmətinin qəlbinə həkk olunmuş bir həqiqətdir və onu oradan heç cür qazıyıb silmək mümkün deyil. Ağ evin səyləri ilə, səfirliyi Qüdsə köçürməklə və sair söz-söhbətlərlə bu problemi həll edə bilməyəcəklər; bu problemi həll etmək mümkün deyil. Çürük, əsassız dayaqlar üzərində qurulmuş bu rejim, heç şübhəsiz, Allahın köməyi və müsəlman xalqlarının əzmi sayəsində məhv olub aradan gedəcək.

Dünyanın bütün azad ölkələrində olduğu kimi, Fələstin xalqının –  əsl fələstinlilərin fikri soruşulmalıdır; istər müsəlmanının, istər xristianının, istərsə də yəhudisinin; Fələstinə kənardan gələnlərin yox, köklü fələstinlilərin. Fələstinlilər arasında referendum keçirilməli, onların rəyi soruşulmalı, Fələstin ölkəsinin hökumət quruluşunu məhz onlar müəyyənləşdirməli, həmin hökumət də bu bölgəyə kənardan gəlmiş şəxslər, yəni sionistlər, onların başçıları və digərləri ilə bağlı qərar verməlidir. Fələstin problemini həll etməyin bundan başqa yolu yoxdur, bu isə elə hazırda hakimiyyətdə olan qondarma və əsassız İsrail rejiminin məhv olub aradan getməsi deməkdir. Allahın köməyi ilə, bir o qədər də uzaq olmayacaq gələcəkdə (dəqiq vaxt demək olmaz, amma yaxın gələcəkdə olacaq) bu məsələ mütləq surətdə reallaşacaq. Əgər bu olsa, inşallah, bu regionda müsəlman xalqları öz aralarında vəhdətə nail ola biləcəklər.

Regionumuzdakı konfliktlərin səbəbkarı bu düşmənin varlığıdır. Adətən müştərək düşmənin varlığı birlik yaradır, burada isə əksinə olub. Bu düşmən ixtilaflara, konfliktlərə, bəzi müsəlman ölkələrinin rəsmilərində xəyanətkarlıq xarakterinin yaranmasına yol açıb. Bu düşmən aradan qalxsa, ölkələr bir-birinə yaxınlaşa, öz birlik və həmrəyliyini qoruya bilər. İslam dininin izzət və nüfuzu isə İslam ümmətinin birliyindədir. İslam ümməti, inşallah, vəhdət sayəsində inkişaf və yüksəlişin zirvəsinə yetişməlidir və elə yetişəcək də.

Ümidvaram, Allah-taala bu Fitr bayramında, eləcə də bütün digər mübarək günlərdə İslam ümmətinin müqəddəratını xeyirli edəcək, İslam ümmətinin bütün nümayəndələrinə və bütün müsəlman xalqlarına bu yolda qətiyyətli addımlarla irəliləməkdə yardımçı olacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Mübarək Fitr bayramı münasibətilə keçirilən bu görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir.  
(2) İqbalül-əmal, c.1, səh. 289