بسم الله الرّحمن الرّحیم الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین
Əziz qardaşlar, əziz bacılar, çox xoş gəlmisiniz. (1) Əlhəmdulillah, bugünkü görüşümüz çox yaxşı keçdi, gözəl çıxışlar oldu; mənim üçün sevindirici bir hal oldu ki, bu görüşdə vurğulamaq məqsədilə özüm üçün qeyd götürdüyüm məsələlərdən birinə dostlarımız – az öncə çıxış edən o 13 nəfər də toxundular. Həmin məsələ universitetlərin ölkədəki problemlərə biganə qalmaması, ölkənin üzləşdiyi çətinliklərlə yaxından maraqlanması məsələsidir. Mən bunu ali təhsil ocaqlarımıza həmişə tövsiyə edirəm; ola bilsin, bir azdan bu barədə də bir neçə cümlə ilə deyim. Yəni mən görürəm ki, bu görüşdə iştirak edən universitet müəllimləri ölkənin üzləşdiyi əsas problem və çətinliklərin əksəriyyətini diqqətdə saxlayırlar və bu gün də burada həmin mövzulara toxundular. Misal üçün, kino məsələsi – hansı ki mühüm bir məsələdir – nüvə anlaşması, su məsələsi, sosial bəlalar mövzusu. Universitet müəllimlərinin az öncə burada bütün bu məsələlərə toxunması onların həmin problemlərlə yaxından maraqlandığını göstərir. Biz də elə bunu tövsiyə edirik. Və ya ailə, nikah, övlad dünyaya gətirmə kimi məsələlər, aerokosmik sənaye və bu sahədə tədqiqatların aparılması məsələsi; hansı ki bunlar da olduqca əhəmiyyətli məsələlərdir. Elmi diplomatiya məsələsi; və ya çox vacib əhəmiyyət kəsb edən su problemi; az öncə mən gördüm ki, cənablar su probleminə də diqqət çəkdilər. Yaxud innovasiyalar məsələsi – yəqin ki, bir azdan söhbət əsnasında mən bu məsələyə toxunacağam – iqtisadiyyat məsələsi və sair bu qəbildən olan məsələlər. Əlhəmdulillah, universitetlərin müəllim və elmi tədqiqatçılarının bütün bu problemlərə toxunması çox yaxşıdır. Mən builki görüşümüzü, məsələn, 7-8 il bundan qabaqkı bəzi görüşlərimizlə müqayisə edəndə görürəm ki, fərq çox böyükdür; yəni bu onu göstərir ki, universitetlərin ictimaiyyəti bu illər ərzində düşüncə və stimul baxımından çox-çox irəli gedib. Yəni mən görürəm ki, bu gün ölkəmizin akademik ictimaiyyətinin irəliləyişi, hissiyyatı, stimulu, cəmiyyətimizdəki problemlərə qarşı həssaslığı və onların həlli yollarını tapmaq səyi, misal üçün, 10 il, 15 il bundan əvvəlkindən daha yüksək səviyyədədir. Bu çox önəmli bir məqamdır. Əlbəttə, mən demək istəməzdim ki, bu gün burada iştirak edənlər ölkənin akademik ictimaiyyətini bütövlüklə təmsil edir, intəhası bunlar nümunədir, yəni akademik ictimaiyyətdə bu təfəkkürün, bu hissiyyatın var olduğunu nümayiş etdirirlər. Düzdür, vaxt azalıb, mən daha uzun bir çıxış üçün hazırlaşmışdım, amma nə etmək olar, vaxtımız dardır, ona görə mən də qısa danışmalı olacağam.
Əziz qardaşlar, əziz bacılar! Universitet çox mühüm bir mərkəzdir. Mən bunu tam səmimiyyətimlə, özüm öz dediyimə ürəkdən inanaraq deyirəm və sübut üçün dəlillərim də var. Nəyə görə? Ona görə ki ölkənin intellektual gücünü yetişdirən mühüm mərkəzlərdən biri ali təhsil ocaqlarıdır; intellektual gücün yetişdirilməsi çox önəmlidir. İntellektual gücü olmadansa heç bir ölkə özünü idarə etməyə və inkişaf etməyə qadir deyil. Baxın, bu iki hökm belə bir sillagizm qurmağa imkan verir ki, yaxşı universitetlər ölkə üçün həyati əhəmiyyət kəsb edir. Bəli, professor və müəllimlərin universitetlərdəki rolu fövqəladə dərəcədə önəmlidir; yəni ölkənin idarəçiliyi üçün intellektual gücün yaradılması və yetişdirilməsi prosesində ali məktəb müəllimləri xüsusi rol oynayır. Odur ki universitet müəllimləri son dərəcə önəmli, dəyərli və həssas mövqeyə malikdirlər; onların mövqeyi çox həssasdır. Əgər universitetlərimiz bu rolu – ölkənin intellektual gücünün yaradılması və yetişdirilməsi missiyasını düzgün yerinə yetirmək istəyirsə, bir sıra tələblər var ki, onlara hökmən diqqət yetirməlidir. Mən burada həmin şərtlərdən üçünü qeyd etmişəm, hər biri barədə qısaca danışmaq istəyirəm.
Onlardan biri ölkədəki problemlərlə yaxından maraqlanmaqdır; yəni ali təhsil ocaqları özlərini ölkədə yaşanan problemlərdən kənar bilməməli, ölkənin problemləri, ölkənin üzləşdiyi çətinliklər universitetlərin də real və başlıca problemləri olmalıdır.
İkinci şərt tələbələrin mənəvi-əxlaqi, mədəni tərbiyəsidir; yəni təlimdən də yüksəkdə tərbiyə durmalıdır. Tərbiyədə də əxlaq və mənəviyyat, ruhun saflaşdırılması əsas istiqamət kimi götürülməli, tələbələrə öz milli-dini kimliyini hiss etmək ruhu aşılanmalıdır.
Üçüncüsü, universitetlərdə daim, ardıcıl olaraq bir inkişaf, dəyişiklik olmalıdır. Səbəbi də budur ki, əvvəla, bəşəriyyət daim inkişafda, dəyişməkdə, hərəkətdə olduğuna görə dünyadakı bütün təsisatların da dəyişikliyə ehtiyacı var, bütün bəşəri təsisatlar özlərində daim dəyişilmək qabiliyyəti yaratmalı və bu onları daim narahat edən bir məsələyə çevrilməlidir; ikincisi isə, çəkinmədən demək lazımdır ki, bizim universitetlərimizin əsası yanlış qoyulub; əvvəldən yanlış qoyulub. Bu o demək deyil ki, universitetlərimiz pisdir və ya yanlış fəaliyyət göstərir. Xoşbəxtlikdən, ölkəmizin ali təhsil ocaqlarının çox gözəl nailiyyətləri olub, lakin universitetlərimizin bünövrəsi tağut hökuməti dövründə etibarsız siyasətlər əsasında etibarsız adamlar tərəfindən qoyulub və həmin bünövrə bu gün də varlığını davam etdirməkdədir: bizim universitetlərimizi dini inkarçılıq əqidəsi üzərində qurublar, elmi innovasiyalar, yeni elmi nailiyyətlərin ortaya qoyulması prinsipi üzərində yox, elmi təqlidçilik prinsipi əsasında yaradıblar. Bizim universitetlərimizin əsası bu şəkildə qoyulub və bunun mənfi təsirlərindən bəziləri günümüzə qədər uzanmaqdadır. Odur ki universitetlərimizin ardıcıl olaraq daxildən dəyişməyə, islahatlara, inkişafa ehtiyacı var. Mən burada bu dəyişikliyin bir neçə nümunəsini də qeyd etmişəm, deyəcəyəm. Tələblərdən 3-ü budur; əlbəttə, digər tələblər də var.
Ölkədəki problemlərlə yaxından maraqlanmaq məsələsinə gəlincə; sevindirici haldır ki, bugünkü görüşümüzdə bunun bir göstəricisini müşahidə etdik, qardaş və bacılarımın həmin məsələlərə toxunması məni, həqiqətən də, çox məmnun etdi. Mən, doğrudan da, Allaha şükürlər edirəm ki, bizim gözləntilərimiz, ən azından, dəyərli akademik ictimaiyyətimizin bir qismini düşündürür. Nəyə görə: “Universitetlər ölkənin problemləri ilə maraqlanmalıdır” – deyirik? Axı istənilən ölkənin problemləri olur; bizim də bu gün problemlərimiz var, hansısa çətinliklərimiz var, sabah da olacaq; dünyanın bütün ölkələri, bütün toplumları bu cürdür, problemləri, həllini gözləyən məsələləri var. Bu problemlər elmi surətdə həll olunmalıdır. Əgər onların həllinə qeyri-elmi şəkildə, düşünmədən, hər tərəfini ölçüb-biçmədən girişsək, bu problemlər həllini tapmayacaq, əksinə daha da dolaşıq vəziyyətə düşəcək, daha da uzanacaq, artacaq. Odur ki problemləri elmi yolla həll etmək lazımdır. Yaxşı, əgər problemləri elmi yolla həll etmək fikrindəyiksə, bunu kim etməlidir? Alimlər, elm adamları; yəni ölkənin alimlərinin, elm adamlarının böyük bir qisminin təmsil olunduğu universitetlər. Deməli, universitetlər ölkənin problemlərini öz problemləri bilməli və onların həllinə çalışmalıdırlar.
Misal üçün, iqtisadiyyat məsələsi; bu gün ölkəmizin problemlərindən biri də iqtisadi problemdir. Dəfələrlə deyilir, elə bayaq burada da qeyd olundu ki, bizim bəzi iqtisadi idarəetmə metodlarımız – faktiki olaraq hazırda icra olunanlar – zəif, yaxud yanlışdır. Yaxşı, bu vəziyyəti düzəltmək lazımdır; bunu kim etməlidir? Bu məsələ ilə kim məşğul olmalıdır? Universitetlər. Mən bəzi yüksək ranqlı rəsmilərimizə də indiyə qədər bir neçə dəfə demişəm, tövsiyə etmişəm ki, qoy göstəriş versinlər, iqtisadçı professorlarımızın mətbuatda dərc olunan fikirləri toplanıb onlara təqdim olunsun; mətbuatda bu cür yazılar gedir, mənim tez-tez gözümə dəyir; qoy əlaqədar dövlət qurumları tərəfindən qəbul olunan qərarlarla yanaşı, bu fikirlər barədə də məlumatları olsun. Bu, problemlərin çözümünə aparan yola bir açılış ola bilər; bu fikirlərə diqqət yetirmək, onları eşitmək, təbii ki, problemlərin çözümünə yol aça bilər. Odur ki akademik ictimaiyyətin ortaya dəyərli fikirlər qoya biləcəyi məsələlərdən biri də iqtisadiyyat məsələsidir ki, bu gün də cənablardan biri bu mövzuda bəzi məqamlara toxundu.
Sənaye; bu gün sənayemizdə problemlər var. Universitetlərimiz bu məsələdə özünəməxsus rol oynaya bilər. Əlbəttə, aldığım məlumatlara əsasən deməliyəm ki, sənaye müəssisələri ilə əlaqələrin qurulması baxımından bəzi universitetlərimiz fəaldır, bəziləri isə yox, bu işə önəm vermirlər, müsbət addımları yoxdur. Bu yaxınlarda eşitdim ki, universitet müəllimləri üçün sənaye müəssisələrində birillik araşdırma proqramı işlənib hazırlanıb və qəbul olunub. Çox gözəl, çox yaxşı bir işdir. Təsəvvür edin, universitet müəllimləri üçün imkan yaradılacaq ki, bir il ərzində əlaqədar istehsalat müəssisələrində olub araşdırma aparsınlar, ölkə sənayesinin problemləri ilə yaxından tanış olsunlar. Ölkəmizin sənayesinin problemləri var; bu problemləri universitetlər həll etməlidir. Əlbəttə, bəzi müəssisə sahibləri gileylənir, universitetlərlə öz aralarında əlaqələrin qurulmasının onlara heç bir köməyi dəymədiyini deyirlər, lakin prinsipcə universitetlər sənayenin inkişafına, rövnəqlənməsinə, yüksəlişinə kömək edə bilər; belə ki, misal üçün, neft, yaxud energetika sənayemizdə, eləcə də digər sahələrdə ortaya çıxan məsələlərlə bağlı gözümüzü başqalarına dikib, hökmən hansısa xaricinin gəlib müqavilə imzalayıb bizə texnologiya verməyini gözləməyək. Hazırda bu barədə danışılır və biz neft hasilatını yüksəltmək, misal üçün, 25 faizdən 50 faizə qaldırmaq üçün başqa çarəmiz olmadığını düşünərək hansısa xarici neft şirkəti ilə müqavilə imzalamağa ehtiyac duyuruq, o zamansa həmin şirkət, ola bilsin, bizim qarşımıza hansısa tələblər də qoyur.
Universitetlərimiz qollarını çırmayıb bu sahədə işə girişsələr, zənnimcə, hökmən uğur qazanacaqlar. Bəzi sahələrdə necə uğur qazanmışıq? Nüvə sənayesinə sahib olan bütün dünya ölkələri bizim uranı 20 faiz zənginləşdirməyimizi qeyri-mümkün hesab edirdilər. Ölkəmizdə belə bir şeyin baş verə biləcəyinə qətiyyən inanmırdılar, amma oldu. Onlar 20 faiz zənginləşdirilmiş uranı bizə satmaq üçün qarşımıza saysız-hesabsız şərtlər qoyurdular, təəssüflər olsun ki, bəzi rəsmilərimiz də artıq o güzəştlərə getməyə meyillənmişdilər. Bir qədər israr etdik, bir az mətinlik göstərdik, gənclərimiz bir az çalışıb-vuruşdular və birdən-birə dünya gördü ki, bizim artıq Amerikanın, Rusiyanın və yanılmıramsa, Fransanın – o vaxt bu barədə çox söz-söhbət gedirdi – 20 faiz zənginləşdirilmiş uranına ehtiyacımız yoxdur; özümüz 20 faizlik uranı istehsal etmişik. Yaxşı, belə bir böyük işi həyata keçirməyi bacarmış istedadlar (başıçıxan adamlar bilirlər ki, uranın zənginləşdirilməsində əsas 3-4 faizdən 20 faizə qalxmaqdır; 20-dən 99-a qədəri asan bir prosesdir), bu işi görməyə müvəffəq olmuş elm adamlarımız nəyə görə neft quyularımızın verimliliyini artıra bilməsinlər ki?! Nəyə görə biz öz sənayemizin inkişafı istiqamətində işləyə bilməyək ki?! Odur ki universitetlər bu sahədə – sənayenin rövnəqlənməsində də öz köməyini göstərə bilər.
Sosial bəlalar; boşanmalar, narkomaniya, rəsmi qeydiyyatı olmadan yaşamaq, cinayətkarlıq, virtual məkandakı problemlər və az öncə qeyd olunan digər bu kimi məsələlər; əlbəttə, bir müddətdir – bayaq “4 il” deyə qeyd olundu, amma deyəsən, 4 il deyil; təxminən 2-3 ildir – ki, biz ölkənin bütün dövlət qurumlarını ciddi surətdə bu problemlərin həllinə cəlb etmişik. Hakimiyyətin hər 3 qoluna tabe olan aiddiyyətli qurumların diqqətini sosial bəlalara çəkmişik, çox yaxşı iclaslar keçirilir, bu məsələlər hamısı nəzarətdədir, bir çox işlər görülür. Əlbəttə ki, bunlar effektini uzun müddət sonra göstərən işlərdir, bu tezliklə nəticə gözləmək olmaz. Universitetlər bu sahədə də yardımçı ola bilər. Az öncə burda çox yaxşı təkliflər edildi və mən öz idarəmizə göstəriş verirəm ki, bütün sahələrdə irəli sürülən təklifləri bir yerə toplasınlar, xüsusi iclaslarda oturub həmin təkliflər ətrafında düşünsünlər və onları reallaşdırmağın yollarını axtarıb tapsınlar.
Və ya bayaq qeyd olunan istehsal zənciri, istehlak və innovasiyalar kimi məsələlər; bizdə əvvəlcə innovasiya, yəni yeni ideyalar olmalıdır ki, ardınca da istehsal, marketinq və sair gəlsin. Təklifin marketinqi və istehlak bütöv bir zənciri təşkil edir; bu zəncir düzgün hərəkət etməlidir; yəni istehsaldan istehlaka qədər bir zəncir var, onun bəndləri bir-birinin fəaliyyəti üçün şərait yaratmalı, imkanı bir-birinə ötürməlidir ki, işlər düz getsin. Bu zəncirdə hansısa nöqsan varsa, işə kim qoşulmalıdır? Universitetlər; universitetlər nöqsanın harada olduğunu araşdırıb problemi aradan qaldırmalıdır ki, biz də iş görə bilək. Yaxud elə İran məhsuluna dəstək məsələsi; mənim üçün sevindirici bir hal oldu ki, cənablardan birinin bu məsələyə diqqət yetirdiyini, onun üzərində düşünüb işlədiyini gördüm. Məhz mənim özüm üçün qeyd götürdüyüm məqamlar onun çıxışında da var idi. Tutalım, biz keyfiyyətli məhsulun istehsalına nələrin əngəl olduğunu araşdırırıq; birinci məsələ budur ki, biz müştərisi olacaq, satışa gedəcək keyfiyyətli məhsul istehsal etməliyik. Əvvəlcə ölkə daxilində keyfiyyətli məhsulun istehsalına nələrin əngəl olduğuna baxmalıyıq, ardınca isə marketinq məsələsi gəlir; nə etməliyik ki, həm ölkə daxilində, həm də xaricdə bu məhsullar üçün bazarlar tapa bilək? İndi xarici bazarlar ayrı bir mövzudur, daxili bazarda isə az öncə qeyd olunduğu kimi, o düşüncə tərzi və mədəniyyət mövzusu böyük əhəmiyyət daşıyır. Tamamilə doğrudur. Yəni universitetlərin sosiologiya və psixologiya kafedraları araşdırmalıdır ki, cəmiyyətin bəzi təbəqələrinin yerli məhsuldansa xarici məhsula daha çox üstünlük verməyinin səbəbi nədir və bu problemə necə əlac etmək olar. Əlbəttə, bayaq bəzi çıxış yolları qeyd olundu, amma bunlar kifayət deyil; bunun üçün elmi araşdırmalara ehtiyac var; doğrudan da, müəyyən yollar tapmaq mümkündür. Bir də görəcəksən ki, 2, 3, 4 il ərzində vəziyyət tamamilə dəyişəcək; necə ki elə hazırda da aparılmış müəyyən təbliğat işləri nəticəsində bəzi satış mərkəzləri özlərində olan xarici malı yerli məhsul adı ilə satırlar! Xəbərimiz var, bu barədə bizə məlumat gəlib çatıb; yəni alıcı gedib satıcıdan hansısa malı istəyir, satıcıda o malın xarici variantı ola-ola, alıcının məhz yerli mal almaq istədiyini bildiyinə görə yalandan müştəriyə: “Bu, yerli maldır” – deyir. Çox arzuolunan bir haldır. Əlbəttə, yalan pis bir şeydir, amma satıcının öz malını satmaq üçün “yerli məhsuldur” demək məcburiyyətində qalması faktı çox yaxşıdır. Bu mədəniyyət genişləndirilməlidir. Bunu necə etmək olar? Bunun elmi yolları var və bu işi siz görməlisiniz. Və ya yeni elmi nailiyyətlərin istehsalata köçürülməsi; bunlar hamısı universitetlərin müxtəlif elmi ixtisas sahələrinin üzərinə düşən işlərdir.
Odur ki universitetlər ölkədə gedən müxtəlif proseslərlə bağlı həm mövcud problemlərin araşdırılıb üzə çıxarılmasına, həm də həllinə yardımçı ola bilər; sevindirici haldır ki, mən bugünkü çıxışlarda bunu müşahidə etdim və burada özüm üçün qeyd də götürdüm; çox maraqlı idi. Mən gördüm ki, həqiqətən də, oturub problemləri aşkarlayıblar; misal üçün, deyirlər ki, siz deyirsiniz, qadın həm evdarlıq etsin, həm də məsələn, ali təhsil alsın, bunun özü bir problemdir, bu ikisini bir araya necə sığdırmaq olar? Bəli, bu bir problemli məsələdir. Baxın, mövcud problemlərin aşkarlanması, bizim oturub cəmiyyətimizin problemlərini araşdırıb üzə çıxarmağımız – və ardınca da onları həll etməyimiz – çox mühüm bir məsələdir. Universitetlər bunların hər ikisində yardımçı ola bilər. Əlbəttə, bu mövzuda deyiləsi sözlər çoxdur. Mən də burada bəzi qeydlər etmişəm, intəhası vaxtımız azdır.
Əlbəttə ki, rəsmilər də istəməli, tələb etməlidirlər. Mən elə buradaca bugünkü görüşümüzdə iştirak edən rəsmilərə üzümü tutub deyirəm ki, Nazirlər Kabinetinin iclaslarında bu məsələləri qaldırsınlar, universitetlərin ölkənin problemləri ilə maraqlanması məsələsinə ciddi yanaşsınlar. Qoy hamıda bu işlərə qarşı bir stimul, maraq yaransın. Əlbəttə ki, biz ayrı-ayrılıqda bütün nazirlərə bunu deyirik. Bir vaxtlar bir Energetika Nazirimiz vardı, çox yaxşı bir qardaş idi, özü də Əmir Kəbir Universitetinin məzunu idi. Bir məsələ barədə danışırdı, deyirdi ki, bu sahədə problemimiz var. Dedim, qardaşım! Nazirlər Kabinetindən çıx, bir az yoldur, get öz oxuduğun universitetə, bu məsələni orda qaldır, sənin üçün həll etsinlər. Əminəm ki, həll edərdilər də; buna mənim əsla şübhəm yoxdur. Yəni əgər rəsmilər universitetlərin ölkənin problemləri ilə yaxından məşğul olması məsələsinə, həqiqətən də, ciddi yanaşsalar – əsas da elə budur – düşünürəm ki, bu iş irəli gedəcək. Yəni rəsmilər alimlərin evinin qapısına qədər getməlidir; əsas prinsip budur. Rəsmilər kabinetlərində oturub qalmamalıdırlar; elm adamlarının qapısına qədər gedib, onlardan kömək istəməlidirlər.
Az öncə qeyd etdiyim kimi, ikinci tələb mənəvi-əxlaqi tərbiyə, dini və milli kimliyin aşılanmasıdır; intellektual gücün yetişdirilməsi. İntellektual güc nə deməkdir? Ağıl, intellekt nədir? İslam alimlərinin kitablarında ağıla təkcə bizim üçün maddi hesablamalar aparan bir mexanizm kimi tərif verilmir.
(2) اَلعَقلُ ما عُبِدَ بِهِ الرَّحمٰنُ وَ اکتُسِبَ بِهِ الجَنان
“Ağıl elə bir şeydir ki, onunla Allaha ibadət edir və Cənnəti qazanırsan”. Ağıl budur.
(3) اَلعَقلُ یَهدی وَ یُنجی
“Ağıl doğru yola istiqamətləndirir və insana qurtuluş bəxş edir”. Ağıl budur. Ağıl insanı yüksəltməyi, inkişaf etdirməyi bacarmalıdır. Ağıl müəyyən səviyyədə insanı qürb – Allaha yaxınlıq, eyni zamanda tövhid məqamına çatdıran bir amildir. Daha aşağı bir səviyyədə ağıl insanı islami həyat tərzinə çatdırır. Digər bir səviyyədə isə ağıl bu dünyadakı həyatın maddi münasibətlərini tənzimləyir. Bütün bunlar ağlın işidir. Ağıl və intellektual güc bütün bunlara qadir ola bilən bir gücdür; elə isə ağlın mənəvi tərbiyəyə ehtiyacı var. Tələbələrin mənəvi tərbiyəsi ilə məşğul olun. Onlar gəncdir. Gənclər özlərinin təbiəti etibarilə incə ruhludurlar, nisbətən daha saf, mənəviyyata daha meyillidirlər. Bu, universitetlərdə də təmin olunmalıdır.
(4) لا یُستَعانُ عَلَی الدَّهرِ اِلّا بِالعَقل
Ağıl işlətmədən yaşamaq mümkün deyil; odur ki bu intellektual gücü tərbiyə baxımından da möhkəmləndirmək lazımdır. Universitetlər imanlı, şərəfli, təşəbbüskar, tənbəl olmayan, çalışqan, özünəinamlı, haqqı qəbul və tələb etməyi bacaran tələbələr yetişdirməlidir. Bunlar ali insanın mənəvi keyfiyyətləridir. İslam belə insanlar istəyir. Məhz bu cür insanlar cəmiyyətdə rəhbər vəzifələr tutanda cəmiyyəti islah və qurtuluşa doğru istiqamətləndirə bilirlər. Yoxsa ki hazırda internet məkanında olduğu kimi – son vaxtlar bu, çox geniş yayılıb, adi bir hal alıb – bir-birini söysünlər, bu onu təhqir etsin, o bunu təhqir etsin, xırda bir nöqsanı şişirdib mömini nüfuzdan salsınlar, məlum da olmaya, bunu edən kimdir; belə şeylər çox pisdir. Gənclərimizin arasında bu cür xoşagəlməz hallara rast gəlinir, amma qarşısı alınmalıdır. Bunu isə yalnız mənəvi tərbiyə ilə etmək olar.
Peyğəmbərin (s) yanında bir nəfər başqa bir möminin haqqında pis danışır, nüfuzuna xələl gətirəcək şeylər deyir – düzdür, rəvayətdə onun dəqiq nə dediyi yoxdur – məclisdəki başqa bir şəxs də haqqında pis danışılan həmin o adama qahmar çıxır. Peyğəmbər (s) ona buyurur ki, sənin gördüyün bu iş – yəni möminin nüfuzunu qorumağın – Cəhənnəm odunun qarşısında sipərdir, Cəhənnəm alovunun qarşısını alacaq; islami həyat tərzi budur; yəni “اِرحَم تُرحَم” – rəhm et ki, (5) Allah-taala tərəfindən sənə də rəhm olunsun. Bu şeyləri gənclərimizə öyrətmək lazımdır. Bizim gənclərimiz Quranda deyildiyi kimi:
(6) اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم
– kafirlərə qarşı sərt, öz aralarında mehriban olmalıdırlar; az öncə tilavət edilən ayədir; bu şəkildə tərbiyə olunmalıdırlar. Zülmə, işğalçıya, aqressora sərt şəkildə qarşı çıxmalı, öz mömin qardaşları ilə isə mehribanlıq və güzəştlə davranmalıdırlar. Gənclərimizə güzəşti öyrətməliyik. Bu gün bu gənclərin əxlaq və mənəviyyatı saflaşdırılmasa, sabah onlar hansısa sahədə yüksək vəzifə postu tutanda öz işlərini ya nöqsanlı bir şəkildə görəcək, ya etibarsızlıq edəcək, ya da səhvə yol verəcəklər. Bu gün zarafat, vaxt keçirmək, içindəki hansısa hisləri təmin etmək üçün kiməsə hörmətsizlik etməyə hazır olan bir gənc sabah, misal üçün, seçkiqabağı rəqabət zamanı öz qələbəsi naminə mömin bir şəxsin hörmət və nüfuzunu tamamilə ayaq altına atmağa hazır olacaq. Belə olur; orda da eyni təsiri göstərir.
Digər bir məsələ də mənlik hissi, öz dini və milli kimliyini dərk etmə məsələsidir. Gəncləri öz kimliyini, mənliyini dərk edən insanlar kimi yetişdirin. Toplum öz mənliyini, kimliyini hiss etmədiyi zaman üstünə hökmlə qışqıranlara rahatlıqla tabe olur. Yalnız özündə mənlik hiss edən toplum möhkəm durub müqavimət göstərir. İndi bu bəzən milli kimlik ola bilər, bəzən dini kimlik ola bilər, bəzən də fərdi miqyasda insanlıq şərəf və ləyaqəti ola bilər; nə olursa, olsun; gənclэr mənliyi, kimliyi olan insanlar kimi yetişdirilməlidirlər. Xoşbəxtlikdən, bu gün bizim İran-müsəlman toplumumuz möhkəm tarixi kökləri olan, güclü, mübariz bir kimliyə sahibdir və bunu nümayiş də etdirib. Bunu gənclərimizə də ötürməliyik. Bir sözlə, mədəniyyət məsələsi önəmli bir məsələdir; əlaqədar qurumlar özlərində məsuliyyət hiss edərək bu sahədə işləməlidirlər.
Üçüncü tələb də, qeyd etdiyim kimi, universitetlərin daim dəyişilməsi, inkişafı məsələsidir. Mən burada bir neçə məsələni qeyd etmişəm. Hazırda universitetlərin işinin optimallaşdırılması, onların fəaliyyətində zəruri olan islahatlardan danışarkən bir neçə göstəriciyə toxunmaq yerinə düşər ki, onlar da hamıya bəllidir.
Məlum göstəricilərdən biri budur ki, biz elmin istifadəçisi olmaq tendensiyasını elmin istehsalçısı olmaq tendensiyası ilə əvəz etməliyik. Nə vaxta qədər biz oturub başqalarının elmi nailiyyətlərindən istifadə etməliyik? Mən başqalarından elm öyrənməyə qarşı deyiləm; bunu dəfələrlə demişəm, hamı da bilir; demişəm ki, bilənlərdən öyrənmək, kiməsə şagirdlik etmək bizim ayıbımıza gəlmir, amma şagirdlik başqa, təqlidçilik başqa. Nə vaxta qədər biz onun-bunun elminin dalınca düşəcəyik? Nəyə görə humanitar elmlər sahəsində oturub düşünmək, islami humanitar elmləri ortaya çıxarmaq lazım olduğunu dediyimiz zaman bir dəstə adam o saat deyir ki, “Elmdir, elmə toxunmaq olmaz”. Elmdir? Dəqiq elmlərin elm olmağı, nəticələri laboratoriyalarda sınaqdan çıxarıla bildiyi halda, günbəgün bir bu qədər kəşflərin yanlış olduğu sübuta yetirilir, siz gösləyirsiniz ki, humanitar elmlərdə bu olmasın? İqtisadiyyatda nə qədər təzadlı fikirlər var! Menecmentdə, humanitar elmlərdəki cürbəcür məsələlərdə, fəlsəfədə bu qədər təzadlı nəzəriyyələr var. Nə elm?! Elm o şeydir ki, siz onu ortaya qoyasınız, dərk edə biləsiniz, sizin fəal düşüncənizin məhsulu olsun. Biz özümüz elm istehsal etməyə çalışmalıyıq. Nə vaxta qədər onun-bunun elmindən istifadə edəcəyik?! Əlbəttə, özümüzdə olmayan bir məhsulu başqasından alıb istifadə etdiyimiz kimi, başqalarının elmindən istifadə etməyimizin də heç bir eybi yoxdur, amma bu həmişəlik, daimi ola bilməz. Bəzən başqalarının elmi bizə düzgün formada ötürülmür, bəzən yaxşı olan hissəsini bizə vermirlər, bəzən yeni, günün tələblərinə uyğun olanını bizə göstərmirlər və təəssüflər olsun ki, tağut şah diktaturası dövründə ölkəmizdə belə şeylər dəfələrlə baş verib. Başımıza gəlmiş işləri yenidən təkrar etməyəcəyik ki! Odur ki özümüz elm istehsal etməli, yeni elmi nailiyyətlərə imza atmalıyıq.
Əlbəttə, son vaxtlar eşitdiyimə görə, bəziləri elə hey danışır, yazır və ölkənin hətta beynəlxalq qurumlar tərəfindən də təsdiq olunmuş elmi nailiyyətlərini inkar edirlər. Mən belə fikirləri qətiyyətlə rədd edirəm; tam qətiyyətlə. Ölkəmizin elmi inkişafı realdır və bəzilərinin iddia etdiyi kimi, gözə kül üfürmək üçün deyil. Biz nanotexnologiyalar, kök hüceyrələri, nüvə, biotexnologiyalar kimi sahələrdə, eləcə də tibbin müxtəlif sahələrində və bir çox elmi sferalarda nailiyyətlər əldə etmişik. Bu nailiyyətlər realdır, var.
Az öncə qeyd olunduğu kimi, vaxt var idi, böyük şəhərlərdən kənarda iranlı həkim tapmaq çətin idi. Mən özüm o zaman İranşəhrdə, Zahidanda idim. Oradakı həkimlər hindlilər idi. Mən özüm də onlara müraciət etmişdim. Əlbəttə, pis də deyildilər, amma hər halda, ölkə xarici həkimlərə möhtac idi. Elə inqilabın əvvəllərində ürək xəstəlikləri üçün 8, 9, 10 illik növbələr tutulurdu; yəni ürək xəstələri xəstəxanaya müraciət edirdilər, cərrahiyyə əməliyyatı üçün 10 il növbə gözləməli olurdular, əksər hallarda da növbələri çatana qədər vəfat edirdilər! Belə bir vəziyyətdə idik. Bu gün uzaq şəhərlərdə də ixtisaslaşmış ürək həkimləri açıq ürək əməliyyatları edir. Bunlar real nailiyyətlərdir. Nəyə görə bəziləri akademik ictimaiyyətimizi, alim və mütəxəssislərimizi pessimist ruha kökləmək istəyir? Elmi nailiyyətlərimiz, həqiqətən də, real nailiyyətlərdir, intəhası onları daha da artırmaq lazımdır.
Digər bir vacib addım elmi tədqiqatların konkret hədəflərə yönləndirilməsidir; bu gün bizdə elmi tədqiqatlar var. Doğrudur, universitetlərimizdə əsasən elmi məqalələrin hazırlanmasına önəm verildiyi barədə çox danışılır, bunun özü ayrıca bir məsələdir. Bir qrup bunun əleyhinədir, digər bir qrup: “Başqa çarə yoxdur” – deyir. Elmi məqalələrin sayının artması özü də – xüsusilə də istinad edilən məqalələr – ölkə üçün baş ucalığıdır və bunun heç bir eybi yoxdur, lakin konkret hədəfləri nəzərdə tutan məqalələr işlənib hazırlanmalıdır. Bunu biz əvvəllər də demişik; bugünün söhbəti deyil; illər öncə mən özüm də demişəm, bayaq burada çıxış edən möhtərəm professorlarımızdan bəziləri də qeyd etdilər ki, elmi tədqiqatların hədəfləri müəyyən olunmalıdır. Baxın görün, ölkənin nəyə ehtiyacı var, harada boşluq var. Qoy elmi tədqiqatlar həmin boşluqları doldursun. Bu, çox önəmlidir. Hədəfsiz təqiqatları bir kənara qoymaq lazımdır. Əlbəttə, hər bir elmi tədqiqatın bir qayda olaraq iki hədəfi var: birincisi, liderlik qazanaraq elm və texnologiyanın öndəgedənlərinin sırasında yer almaq, ikincisi isə ölkənin hazırkı və gələcək ehtiyaclarını həll etmək. Özü də bu ikisi bir-biri ilə uyğunsuzluq təşkil etmir. Eşitdiyimə görə, bəziləri bu iki hədəfin bir-biri ilə uyğun gəlmədiyini deyir, hansının düzgün olduğu barədə sual verirlər. Bunlar hər ikisi düzgün hədəflərdir. Elmi tədqiqatlar həm elmin zirvələrini fəth etmək, liderlik qazanmaq üçün olmalıdır – belə ki biz gələcəkdə hökmən bu mövqeyə yetişərək dünya elminin liderlərindən sayılmalıyıq – həm də ölkənin cari problemlərinin həllinə xidmət etməlidir.
Universitetlərdə mütləq diqqətdə saxlanmalı olan məsələlərdən biri də ali təhsilin planlaması məsələsidir. Sevindirici haldır ki, bayaq cənablardan biri bu məqama da toxundu. “Ali təhsilin planlaması haqqında” sənəd 1395-ci ildə Ali Mədəni İnqilab Şurası tərəfindən də təsdiqlənib, lakin bu sahədə lazımi irəliləyiş əldə olunmayıb. Bu o deməkdir ki, ölkə universitetləri arasında müxtəlif elm sahələri və elmi mövzularla bağlı ümummilli səviyyədə bir iş bölgüsü aparılsın. Planlama baxımından bu çox effektiv ola bilər; işlərin planlaşdırılmasını, ölkədəki elmi vəziyyətin dəyərləndirilməsini asanlaşdırar, təbii ki, universitetlər arasında da bir koordinasiya əldə olunar. Əlbəttə, belə görünür ki, bu sahədə Səhiyyə Nazirliyi daha yaxşı fəallıq göstərib. Mənə bu cür məlumat veriblər.
Universitetlərdə diqqət olunası növbəti məsələ Ölkənin Kompleks Elmi Planının həyata keçirilməsidir. Sözügedən planın bir hissəsi reallaşdırılsa da, bu sənəd tam olaraq icra olunmayıb. Əvvəlki görüşlərimizdə də qeyd etdiyim kimi, (7) problemlərdən biri budur ki, ölkə universitetlərinin professor-müəllim heyətinin xeyli hissəsi Ölkənin Kompleks Elmi Planını oxumayıb, bu plan barədə ümumiyyətlə məlumatları yoxdur. Ölkənin Kompleks Elmi Planının üzərində o qədər işlənib, o sənədin hazırlanması üçün o qədər alim və mütəxəssis çalışıb, çox yaxşı, kompleks xarakterli bir dövlət sənədi ərsəyə gəlib. Yaxşı, indi bu kompleks plan universitetlərdə reallaşmalıdır. Onu kim reallaşdırmalıdır? Ölkə universitetlərinin akademik ictimaiyyəti, professor və müəllimlər özləri; onlar bu planın mətni ilə tanış olmalı, bu sənədin nədən ibarət olduğunu, qarşıya hansı tələbləri qoyduğunu nəzərdən keçirməlidirlər. Habelə bu planın icrası üçün doktorantura səviyyəsində professor və tələbələr arasında debatlar təşkil olunmalıdır. Kompleks Elmi Plan ölkənin bütün təhsil və elmi tədqiqat müəssisələri tərəfindən diqqətdə saxlanmalıdır.
Növbəti məsələ universitetlərdə ixtisas sahələri arasında disbalans yaranmasıdır. Bəzi ixtisaslara etinasız yanaşılır. Mənə təqdim olunan statistika göstərir ki, məsələn, çox önəmli bir fakültə olan riyaziyyat fakültəsinə qəbul olunmaq istəyən abituriyentlərin sayı 50 faizə qədər azalıb. Bu, ölkənin gələcəyi üçün təhlükəlidir; bu kimi mühüm təməl elmlər – xüsusilə də riyaziyyat və fizika – bizim gələcəyimiz üçün çox lazımlıdır. Bu fakültələrə qəbul olunmaq istəyənlər azalsa və abituriyentlər tez bir zamanda iş tapa biləcəkləri, gəlirli ixtisaslara kütləvi şəkildə axın etməyə başlasalar, bu bizim üçün problem yaradacaq. Ali təhsillə əlaqəli qurumlar bu disbalansın mənfi nəticələrini hökmən aradan qaldırmalıdırlar.
Digər bir problem də elmi məqalələrin sayının çoxluğu məsələsidir; az öncə qeyd etdiyim kimi, elmi məqalələr ölkənin problemlərinin həllinə istiqamətlənməlidir. Müəllimlərin vəzifəsinin artırılması üçün elmi məqalə yazmaq kimi sadə bir yol seçilməsi özü də bir problemdir. Qaydalara görə, müəllimin vəzifəsinin yüksəlməsində onun yazdığı elmi məqalələrin sayının çoxluğu vacib rola malikdir; bu, primitiv bir yoldur; bu məsələni bir qədər də dərinləşdirmək lazımdır, yəni sırf məqalələrinin sayına görə müəllimlərin vəzifəsini artırmaq olmaz. Bunun üçün meyar ola biləcək daha əsaslı işlər var (8) (Hə, bu onu göstərir ki, həm mənim dediyimi təsdiq edirsiniz, həm də artıq yorulmusunuz; yavaş-yavaş yekunlaşdırıram (9).
Mənim əzizlərim! Universitetlərimiz gələcəyə ümidli, ölkənin bugünkü vəziyyətinə və sabahına optimist yanaşan tələbələr yetişdirməlidir. Ən əsas məsələ budur. Bugünün tələbəsi bilməlidir ki, sabah idarəçilik işlərinin başına keçib addım atmaq, tədbir görmək, islahatlar aparmaq növbəsi özünə çatanda ona bugünkündən daha yaxşı vəziyyətdə olan bir ölkə təhvil veriləcək. Tələbələrə bu ümidvarlığı aşılamaq lazımdır. Elə reallıq da bu cürdür; bu gün biz 10 il, 20 il, 40 il bundan əvvəlki ilə müqayisədə çox irəli getmişik. Sizdən bəziləriniz bu barədə məlumatlıdır, bilir, amma çoxunuz gəncsiniz, yəni 30 il əvvəli xatırlamırsınız – ölkəmizin də, universitetlərimizin də nə vəziyyətdə olduğu yadınızda deyil – amma mən sizə deyim ki, son 20-30 ildə ölkəmizin və ali təhsilimizin inkişafı, həqiqətən də, təqdirəlayiq olub. Deməli, tələbələri elə yetişdirmək lazımdır ki, onlar ölkənin imkan və potensialına, uğurlarına – istər daxili uğurlar olsun, istərsə də xarici uğurlar – inkişafına, qüdrətinə, öz gözəl gələcəyini qurmağa qadir olduğuna inansınlar. Tələbələrimiz buna inanmalı, ölkəmizin dünya miqyasında hansı mövqeyi tutduğunu bilməlidirlər. Bu gün biz dünyada elə bir ölkəyik ki, həm imperialist dövlətlər, dəyərsiz güclər arasında ən çox düşmənimiz var, həm də əksər ölkələrin xalq kütlələri arasında ən çox dəstəkçimiz; bütün ölkələri demirəm, əksər ölkələrdə. Heç bir ölkə xarici ölkələrin əhalisi arasında – istər qonşu ölkələr olsun, istərsə də başqaları – İslam Respublikası qədər nüfuz və hörmətə malik deyil. Elmi cəhətdən inkişaf etmiş hansısa ölkəyə meyillilik ola bilər, amma səmimi bağlılıq və maraq heç vaxt bizim ölkəmizə olduğu qədər ola bilməz. İslam Respublikası belə bir mövqe və statusa malikdir. Məhz elə buna görə də xəbis və inadkar düşmənləri var. Lakin bu düşmənlər hamısı, Allahın köməyi ilə, heç nəyə nail ola bilməyib, İran xalqı və İslam Respublikası qarşısında məğlub olacaqlar.
İndi işğalçı İsrail rejiminin zəmanənin Şimri (bunlar sözün əsl mənasında Şimrdirlər; yəni bunlar zülm və amansızlıqlarına görə tarixdəki bütün zalımların önündə gələn insanlardır), uşaq qatili olan o baş naziri (10) qalxıb Avropaya gedir, orada öz ölkəsini məzlum kimi qələmə verib: “İran bizi məhv etmək istəyir” – deyir və sair bu kimi sözlər danışır, Avropada onu dinləyənlər də başlarını tərpədib “bəli, bəli” deyirlər və qətiyyən bir qeyd də etmirlər ki, siz Qəzza və Qüdsdə filan-filan cinayətləri törədirsiniz. Bunları əsla demirlər; o danışır, onlar da başlarını tərpədirlər. Bəli, dünya bu cür pis bir dünyadır. İslam Respublikası hər sahədə məntiqli davranıb. 40-50 il bundan əvvəl – o vaxt siz heç dünyaya gəlməmişdiniz – elə o işğalçı rejimin məsələsində Camal Əbdünnasir (11) belə bir şüarla çıxış edirdi ki, “Yəhudiləri dənizə tökəcəyik!” Yəni İsrailin əleyhinə çıxış etmək istədiyi zaman deyirdi ki, “Yəhudiləri dənizə tökəcəyik”. İslam Respublikası isə ilk gündən bu cür sözlər danışmayıb; biz ilk gündən çözüm yolunu təqdim etmişik. Biz demişik ki, bu gün demokratiya və ümumxalq referendumu bütün dünyanın qəbul etdiyi mütərəqqi və müasir bir metoddur. Lap yaxşı, qoy tarixi Fələstin ölkəsinin hakimiyyət quruluşunun müəyyən olunması üçün də Fələstin əhalisinin rəyi soruşulsun, referendum keçirilsin. Bir neçə il bundan əvvəl bu, Fələstin problemində İslam Respublikasının çözüm variantı kimi BMT-yə təqdim olunub və orada rəsmən qeydiyyata alınıb. Biz bunu deyirik: həqiqətən fələstinli olanların (misal üçün, ən azından 100 il, 80 il əvvəldən bu tərəfə Fələstində yaşamış insanların; Fələstinin yerli əhalisi arasında müsəlmanlar da olub, yəhudilər də, xristianlar da), istər işğal olunmuş Fələstinin özündə, istərsə də ölkədən xaricdə yaşayan bu yerli fələstinlilərin rəyi soruşulsun; onlar Fələstin üçün hansı hökumət quruluşunu seçsələr, o da qəbul olunmalıdır. Onlar nə istəsələr, o olmalıdır. Bu fikir pis bir fikirdirmi? Bu, mütərəqqi bir çözüm variantı deyilmi? Avropalılar bunu qəbul etmək istəmirlər, sonra da İsrailin uşaq qatili olan, Şimrsifət, xəbis və zalım baş naziri gedib məzlum cildinə girərək deyir ki, “İran bizi aradan götürmək istəyir, bir neçə milyon insanı məhv etmək niyyətindədir”.
Pərvərdigara! Dediklərimizin, eşitdiklərimizin, düşüncələrimizin Sənin üçün və Sənin yolunda olmasını bizə nəsib et. Pərvərdigara! Ölkəmizi İslamın bəyəndiyi inkişaf və yüksəlişin zirvəsinə günbəgün daha da yaxınlaşdır. Pərvərdigara! Universitetlərimizi, ali təhsil ocaqlarında çalışan çox hörmətli müəllimlərimizi, əziz tələbələrimizi öz lütf, nəzər və himayən altında saxla. Onları razı olduğun işlərə müvəffəq et. Dahi liderimiz İmam Xomeyninin (r.ə) və şəhidlərimizin pak ruhlarını Məhşərə öz övliyalarınla birgə gətir. Bizi də onların cərgəsinə birləşdir.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________
(1) Ramazan ayının 25-ci günü baş tutan bu görüşün əvvəlində universitet müəllimlərindən 13 nəfəri çıxışlar etmişlər
(2) Kafi, c.1, səh.11
(3) Qürərül-hikəm, səh.124
(4) Biharül-ənvar, c.75, səh.7
(5) Əmali, Səduq, 37-ci məclis, səh. 209
(6) “Fəth” surəsi, 29-cu ayə
(7) Universitet müəllimləri ilə görüş (13.04.1394)
(8) İştirakçılar salavat deyir
(9) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülür
(10) Benyamin Netanyahu
(11) Misirin keçmiş prezidenti