Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin şairlər, ədəbiyyat və incəsənət adamları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1) 

و الحمدللّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنةالله علی اعدائهم اجمعین

Çox gözəl və ürəkaçan bir görüş idi; bugünkü məclisimizin yeganə çatışmayan cəhəti bu oldu ki, şair və şairə dostlarımızdan bəziləri öz şeirlərindən oxumaq istəyirdilər, amma imkan olmadı, bəhrələnə bilmədik. Əlbəttə, artıq vaxt da gecdir, saat 12-ni keçib; hələ bugünkü görüşümüzə adətən olduğundan çox vaxt ayrılmışdı; eybi yox, hərdən olur.

ما کلّ ما یتمنّی المرء یدرکه
(2) تجری الرّیاح بما لاتشتهی السّفن 

Hərdən nələrsə adamın istədiyi kimi olmur.

Əvvəla, bu gün oxunan şeirlər, həqiqətən də, çox yaxşı idi; bayaq burda gənclər haqda danışıldı; şeir oxuyanlardan bir neçəsi gənclər idi, amma buna baxmayaraq, insafla demək lazımdır ki, şeirləri çox gözəl və bəlağətli idi. Təkcə dilə gətirilən yeniliklər baxımından yox – əlhəmdulillah, müasir şeirimizdə bu da var – eyni zamanda mühüm, diqqətəlayiq, bəzən yeni mövzulara toxunulması, habelə poetik gözəllik, nəzm, sözlərdən yerində istifadə olunması baxımından da. Bütün bu şeylərə diqqət yetirəndə görürsən ki, Allaha şükür, bu gün gözəl şeirlər var. Bəzən müasir şeirimizdə, yəni yaxşı və yeni mövzularla zəngin olan inqilab poeziyasında dil baxımından nöqsanlar müşahidə olunur. Görürəm, artıq tədricən bu zəif cəhətlər də aradan qalxır; yəni sevindirici haldır ki, bu axşam mən bu dediklərimin hamısının şahidi oldum.

Mən poeziya ilə bağlı bir neçə məqama toxunacağam; qeyd etmək istədiyim və zənnimcə, bu gün şeirdə diqqət yetirilməli olan məqamlardan biri budur ki, önə keçib parladığı ilk vaxtlardan, demək olar, bu günə qədər fars şeirində bir saflıq, məsumluq, nəciblik olub. Mən bunu apardığım araşdırmalara əsaslanaraq deyirəm. O demək deyil ki, poeziyamızda ədəbsiz söz danışan, həya-abır pərdəsini aradan götürənlər olmayıb; yox, belələri, əlbəttə, az da olsa, keçmişdə də olub, elə bu son dövrlərdə də var. Misal üçün, İrəc Mirzənin, Xakşirin və sairin bəzi şeirlərində açıq, pərdəsiz və ədəbsiz ifadələr var, lakin bunlar azdır; fars şeirində lap əvvəldən, hətta məsələn, Xorasan poeziyası dövründən – hansı ki bu dövrün şairləri qəsidələrə aşiqanə mövzuda bir giriş verir, özləri də bunu “təşbib” adlandırırdılar – iffət, nəciblik, həya-abır qorunub. Mən fikrimi daha aydın açıqlamaq üçün poeziyamızı həmin dövrün ərəb poeziyası ilə müqayisə etmək istəyirəm; əlbəttə, bu gün ərəb şeiri o cür deyil; sevindirici haldır ki, bu gün ərəb poeziyası çox gözəl, dini məsuliyyəti özündə əks etdirən bir poeziyadır. Elə bugünkü görüşümüzdə də livanlı ərəb şairlərdən bir neçəsi iştirak edir; namazdan qabaq mənə şeirlərini – bir neçə beyt – oxudular; həqiqətən də, çox gözəl, çox diqqətəlayiq idi. Amma keçmişdə bu cür olmayıb; keçmişdə, tutalım, hansısa şair öz şeirində cəmiyyət içərisində yaxşı tanınan bir qadının adını çəkib, onunla sözdə eşqbazlıq etməyə cürət edirdi; ərəblərdə bu geniş yayılmışdı. Fars şeirində isə bunu görə bilməzsiniz, bizim poeziyamızda belə bir şey yoxdur. Fars şeirində də məşuqəyə qarşı sevgi, istək və sair izhar olunur, amma o məşuqənin kimliyi bilinmir, bir qayda olaraq bu, xəyali bir sevgili, yaxud ümumi bir obrazdır; konkret şəxs deyil. İlkin dövr ərəb qəsidələrində isə yox; onlarda şairlər öz şeirlərində konkret şəxsləri nəzərdə tutublar. Misal üçün, 

و لو انّ لیلی الاخیلیّة سلّمت
(3) علیّ و دونی جندل و صفائح 

Bu şeirdə adı çəkilən Əxyəliyə konkret şəxs olub, cəmiyyətdə hörmətli bir xanım olub. Məşhur şair olan müəllif ona öz eşqini bildirir; yəni bunda heç bir problem də olmayıb. Yaxud Kusəyr adlı başqa bir məşhur şair – Fərəzdəq, Cərir və sairin müasiri – İzzə adlı bir şairəyə aşiq imiş. Bu Kusəyr öz şeirlərində o şairəyə öz eşqini o qədər çox ifadə edib ki, “İzzənin Kusəyri” kimi məşhurlaşıb; yəni bu gün siz Kusəyrin bioqrafiyası ilə tanış olmaq istəsəniz, gərək onun haqqında məlumatları “İzzənin Kusəyri” adı ilə axtarasınız. Ərəblərdə bu hal geniş yayılmış olub. Fars şeirində isə bunu qətiyyən görə bilməzsiniz. Düzdür, o dövrün qəsidələrində “təşbib” olub – həmin şairlər özləri bu şeir parçalarını “təşbib” və ya “nəsib” adlandırmışlar – yaxud sonralar aşiqanə qəzəllər yazılıb, amma hansısa konkret şəxsi adı ilə qeyd edib, ona eşq-məhəbbətini bildirmək olmayıb. Əlbəttə, son dövr şairlərindən Şamlu öz şeirlərində Aydanın adını çəkir, amma o onun öz həyat yoldaşıdır, ailəsidir, yad adam deyil; öz şeirlərində ona olan sevgisini bildirir. Odur ki fars poeziyası nəcib, həyalı bir poeziyadır. Əlbəttə, bayaq da qeyd etdiyim kimi, abır-həya həddini keçib çirkin söz danışanlar olub – adam o şeirləri dilinə almağa, bəzən hətta yadına belə salmağa utanır – amma belələri çox az olub. Tarix boyu fars poeziyasının iffətli bir poeziya olduğunu görürük. Bunu qoruyub saxlayın. Bizim poeziya mühitimizdə bu iffət, bu həya qorunub saxlanmalıdır. 

İkinci məqam: mənim əzizlərim! Şeir effektli bir sənət növüdür. Şeirdə bir sıra xüsusiyyətlər var ki, digər sənət növlərində yoxdur. Düzdür, bəzi sənət növləri başqa sahədə və başqa formada çox effektlidir – misal üçün, kino, teatr və sair kimi – amma poeziya bir başqa cür təsirlidir. Poeziya diskurs yaratmalıdır; yəni şairlər ölkənin poeziya və sənət mühitində şeiri elə tənzimləməli, elə genişləndirməli, elə şeirlər yazıb-yaratmalıdırlar ki, ölkə ictimaiyyətini narahat edən mühüm məsələlərlə bağlı diskurs, cərəyan yarada bilsinlər; misal üçün, ədalət, müqavimət, əxlaq məsələləri ilə bağlı. Bizim bir-birimizlə münasibətdə ünsiyyət etikasına nə qədər ehtiyacımız var; srağagün mən gənclərlə burada keçirdiyimiz görüşdə (4) də bu məsələni vurğuladım. Biz həm öz fərdi, şəxsi əxlaqımızı yaxşılaşdırmalı, inkişaf etdirib yüksəltməliyik, həm də ünsiyyət əxlaqımızı, insanlarla münasibətdə nümayiş etdirdiyimiz davranışları; güzəşt, fədakarlıq, sədaqət, qardaşlıq və sair bu kimi müsbət əxlaqi keyfiyyətləri özümüzdə inkişaf etdirməliyik. Xoşbəxtlikdən, poeziyamızın tarixində bu mövzuda çox danışılıb, çox yüksək şeir nümunələri yaradılıb; poeziyanın bu funksiyasını davam etdirmək lazımdır. Həmçinin qeyd etdiyim digər mövzularda; müqavimət kimi, bu axşam oxunan şeirlərin bir neçəsində toxunulan mühüm mövzular kimi. 

Poeziya ilə bağlı digər bir mühüm məqam da var; fars şeiri tarix boyu fəlsəfi fikrin inkişafında və dərinləşdirilməsində özünəməxsus rol oynayıb. Diqqət yetirsəniz, görərsiniz ki, fars şeirində hikmət çoxdur. Biz Firdovsini “Həkim Firdovsi”, Nizamini “Həkim Nizami”, Sənaini “Həkim Sənai” adlandırmışıq və sair. Sədi gerçək bir hikmət sahibi, filosofdur, Hafiz gerçək bir filosof və arifdir. Yəni onlar öz şeirlərini hikmət, fəlsəfə üçün qəlibə çevirmişlər; özü də İslam fəlsəfəsi, Quran hikməti, ilahi peyğəmbərin gətirdiyi mənəvi hikmət üçün. Fars poeziyası hikmətlə dolub-daşır. Bu səpki, bu hikmət və əxlaq ruhiyyəsi bizim müasir şeirimizdə də önə çıxarılmalıdır. Bu axşam oxunan şeirlərdən bəzilərində də bir-iki beyt gördüm ki, onlarda, həqiqətən də, hikmət var idi, yadda saxlamağa, yazıya, kitaba salmağa, nəşr edib gələcək nəsillərə ötürməyə layiq olan beytlər idi. Bu tendensiyanın, yəni poeziyada hikmət, əxlaq, dərin fəlsəfi fikir və ümid cəhətlərinin yaradılmasının əksi isə oxucunu din və mənəviyyata qarşı etinasız davranışlara, səthi düşüncəyə, siyasətdə passivliyə, düşmənə qarşı laqeydliyə sövq etməkdir. Yəni əgər bu gün bizim poeziyamız oxucuda bu kimi xüsusiyyətlər yaratsa, bu, heç şübhəsiz, tarix boyu fars şeirinin özündə əks etdirdiyi hikmət və müdrikliyə zidd olacaq. Buna diqqət yetirmək lazımdır; bu, mühüm bir məsələdir. 

Poeziyamız cəmiyyəti əməldə ciddilik, çalışqanlıq və nizam-intizama, dərin düşüncə və yanaşmaya, milli və dini kimliyin möhkəmləndirilməsinə, düşmən qarşısında mücahidə və mübarizəyə səsləməlidir. Əziz qardaşlar və bacılar, sizlər cəmiyyətin intellektual elitası olaraq – belə ki şeir sənəti adətən seçilən, yüksək intellektlərin məhsulu olur – bir şeyə də diqqət yetirməlisiniz və əlbəttə ki, yetirirsiniz də: bu gün ölkədə incəsənəti yolundan azdırmaq üçün səylər göstərilir; yəni bu işə maya qoyurlar, pul xərcləyirlər, beyin mərkəzləri müasir şeirimizi düz yoldan sapdırmaq üçün oturub layihələr cızır; həmin işlər eynilə kinomuz, teatrımız, rəssamlıq sənətimiz – incəsənətin bütün digər müxtəlif sferaları üçün də görülür; yəni onları da doğru yoldan azdırmağa çalışırlar. Şeirimizə qarşı da eyni planlar həyata keçirilir; həqiqətən də, çalışıb-vuruşurlar. Danışığını bilməyən bir para adamları xalqın gözündə böyütməyə çalışırlar; bu gün mən cəmiyyətimizdə bunu müşahidə etməkdəyəm; müəyyən qüvvəllər mənasız, ədəbsiz sözlər danışan hansısa şairləri gündəmə gətirir, böyüdür, önəmli bir simaya çevirir. Halbuki o adamların şeirləri peşəkarlıq baxımından da aşağı səviyyədədir; məzmunu bir yana qalsın, poetik quruluşu da elə bir səviyyədə deyil ki, “məzmunu pis olsa da, yaxşı şeirdir” demək olsun. Bunu da demək olmur; o adamların şeirləri, ümumiyyətlə, peşəkarlıq baxımından da zəifdir; amma qeyd etdiyim qüvvələr bunları camaatın gözündə böyüdür.

Digər bir mühüm məsələ isə dini surud və nəğmələr məsələsidir. Mən bir dəfə də (5) burada bu məsələyə toxunmuşdum ki, dini nəğmələrin mətni poeziyanın çox lazımlı, önəmli və böyük təsirə malik olan bir qoludur. Nəğmələr, həqiqətən də, cəmiyyətə təsir göstərir. Çox görmüşük ki, misal üçün, hansısa şeir gənclərin, yeniyetmələrin, müxtəlif insanların – tələbələrin, orta məktəb şagirdlərinin və sairin – dilinə düşüb və özü-özlüyündə cəmiyyətin hərəkətə gəlməsinə, istiqamətləndirilməsinə, insanlarda ruh yüksəkliyi yaranmasına səbəb olub. Hazırda bu sahədə bizim çatışmazlığımız var, boşluq gözə dəyir. Yaxşı surud və nəğmələr azdır.

İran cəmiyyətinin xəmiri şeirlə yoğrulub və bu bizim çox güclü və önəmli bir cəhətimizdir; eynilə ərəb cəmyyəti də; ərəblər də bu cürdür, onlar da poeziya ilə sıx ünsiyyətdədirlər, şeir sənəti ərəblərin də canına-qanına hopub. Gördüyünüz kimi, elə inqilabi hadisələr baş verdiyi zaman, inqilabın müxtəlif illərində də ritmik, şeir formasında olan şüarların çoxu kütlənin öz ürəyindən gəlib. Yəni o şeirləri kimin qoşduğunu heç kim bilmir; kütlənin içindən bir nəfər deyib, nəzm formasında və bəzən qafiyəli olan o şüarlar ətrafdakıların da təbinə uyğun olduğuna görə dillərə düşüb. Ətrafımızda, gündəlik həyatımızda şeir çox geniş yayılıb, bu isə böyük bir fürsətdir. Mən burada özüm üçün bir şey qeyd etmişəm, çox istərdim ki, onu sizə deyim; qəzetlərdə dərc olunan o başsağlığı elanlarından birində gözümə bir şeir dəymişdi; bəzi qəzetlərdə şeirlər olur, adamın fikrini istər-istəməz özünə çəkir; baxdım ki, doğrudan da, bizim camaatımız ümumiyyətlə şairanə təbiətə malikdir. Bu şeirin ahəngi Bidelin (6) şeirlərinə bənzəyir, amma bilmirəm kimindir: 

به صد دام آرمیدم، دامن از چندین قفس چیدم
ندیدم جز به بالِ نیستی پرواز آزادی

Nə qədər gözəldir! “Yoxluq qanadından başqa bir qanadla azadlıq uçuşu edən görmədim!” Bu bizim xalqımızın ruhundadır; hətta başsağlığı elanında da, görürsən ki, bu cür qəşəng bir şeir tapıb qoyub. Əlbəttə, siz kompüter-filan işlədirsiniz, istəsəniz, bu misraların müəllifini araşdırıb tapa bilərsiniz. Mən kim olduğunu bilmədim, amma dili Bidelin dilinə oxşayır. Bu fürsətdən, cəmiyyətdə şeirə olan bu tələb və istəkdən istifadə etmək, xalqın bilməyə ehtiyac duyduğu anlayışları və ya tanış olmağa ehtiyac duyduğu praktik metodları şeirin dili ilə camaata çatdırmaq lazımdır.

Hamınıza uğurlar arzu edirəm! Ümidvaram, hələ uzun illər boyu özünüzdə mənəvi güc tapıb bu yolda irəliləyəcəksiniz.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

(1) Görüşün əvvəlində şairlərdən bir neçəsi öz şeirlərindən oxumuşlar 
(2) Bu misralar ərəb şairi Mütənəbbinin şeirindəndir. “Küləklər hər zaman gəmilərə lazım olan istiqamətdə əsmədiyi kimi, insan da arzuladığı hər bir şeyi həmişə əldə edə bilmir”. 
(3) Bu misralar ərəb şairi Tövbə ibn Hümeyrin şeirindəndir. 
(4) Ölkə universitetlərinin tələbələri ilə görüş (07.03.1397) 
(5) İmam Həsən Müctəbanın (ə) mövludu münasibətilə şairlərlə görüş (31.03.1395)
(6) Bidel Dehləvi