Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین
Əziz qardaş və bacılar, ölkənin müxtəlif sferalarının möhtərəm rəsmiləri, İran İslam Respublikası hökumətində təmsil olunan tanınmış siyasətçilər və dövlət xadimləri! Hamınızı salamlayır, “Xoş gəlmisiniz”, – deyirəm. Bugünkü toplantımız çox önəmli bir toplantıdır. Müxtəlif mövzuları əhatə edən gözəl və dəyərli çıxışına görə cənab prezidentə də öz təşəkkürümü bildirirəm.
Ramazan ayı içimizdəki iman, saflıq və mənəviyyat ruhunu yeniləmək üçün xüsusi bir fürsətdir. Oruc, Quran tilavəti, dua, minacat, dinlənən moizələr – ramazan ayında bu şeylər hamısı birlikdə xüsusi bir atmosfer yaradır və qəlblərimiz bu mənəvi-ruhani mühitdən bacardığı, tutumu çatan qədər bəhrələnir. Belə demək mümkünsə, sutka ərzində feyz və mənəvi dəyəri baxımından şəfəqdən öncəki 2-3 saat hansı əhəmiyyəti kəsb edirsə, ilin 12 ayı ərzində də bu 1 ay eyni əhəmiyyətə malikdir. Sübh azanından əvvəlki 2-3 saat özünəməxsus xüsusiyyətlərə malikdir və insan o saatlarda daha saf, daha yüksək bir mənəviyyata sahib olur. O saatlarda oyaq qalmağın nə qədər dəyərli olduğu Quranda da açıqlanır, hədislərdə də buna həddən artıq çox təkid olunur. Bu onu göstərir ki, sutkanın 24 saatı içərisində o saatlar başqa saatlarda olmayan hansısa özəlliklərə malikdir. Ramazan ayı da ilin 12 ayı içərisində başqa ayların sahib olmadığı özünəməxsus cəhətləri ilə seçilir; özəllikləri var.
Düzdür, bu ayın yaratdığı fürsətlər hamıya açıqdır, hər kəs onlardan yararlana bilər, amma siyasətçilər və hökumət adamları bu xüsusiyyətlərdən faydalanmaq baxımından daha böyük üstünlüyə malikdirlər, belə ki bizim – mənim və sizin çiyinlərimizə çox ağır bir məsuliyyət düşür. Adi insanlar öz gündəlik məişət həyatının işləri ilə məşğuldurlar, belə ağır bir məsuliyyət daşımırlar, onların mənəvi-psixoloji gücü öz işlərini görmək üçün kifayət edir. Biz isə daha ağır məsuliyyət daşıdığımıza görə öz mənəviyyatımızı gücləndirməsək, lazımi işləri görə bilmərik, o ağır məsuliyyəti layiqincə yerinə yetirə bilmərik. Baxın, “Müzəmmil” surəsində Allah-taala öz peyğəmbərinə, Rəsulullah kimi ali bir insana belə buyurur:
بِسمِ اللهِ الرَّحمنِ الرَّحیمِ * یا اَیُّهَا المُزَّمِّل * قُمِ الَّیلَ اِلّا قَلیلًا * نِصفَهُ اَوِ انقُص مِنهُ قَلیـلًا * اَو زِد عَلَیهِ وَ رَتِّلِ القُرءانَ تَرتیلًا
“Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Ey örtünüb-bürünən (əbasına bürünüb yatan Peyğəmbər)! Gecə – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl! (Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az; və ya bir qədər ondan çox! Həm də aramla Quran oxu!” (“Müzəmmil” surəsi, 1-4-cü ayələr)
Gecənin yarısı qədər müddəti – ondan bir qədər az və ya çox – qalx, ibadət et, dua et, minacat et, Quran oxu, o saatları oyaq və məşğul ol. Nəyə görə?
اِنّا سَنُلقی عَلَیکَ قَولًا ثَقیلا
“Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik”. (“Müzəmmil” surəsi, 5-ci ayə)
Sənin işin çətindir, çiyinlərinə ağır bir iş düşür, sənə ağır bir kəlam vəhy edəcəyik; ona dözə bilməlisən. Gecələri bu şəkildə oyaq qalıb dua və yalvarışla keçirməyi bacarsan, onda bu yükə də dözüb, onu daşıyıb, mənzil başına çatdıra biləcəksən. Yox əgər onu bacarmasan, bunun da öhdəsindən gəlməyəcəksən. Bizim də vəziyyətimiz bu cürdür. Mənim əzizlərim! Biz öz mənəviyyatımızı möhkəmləndirməsək, öhdəmizə düşən vəzifəni yerinə yetirə biməyəcəyik. Hansı postda olmağımızdan asılı olmayaraq – məsuliyyəti hamıdan ağır olan məndən başlayaraq müxtəlif ranqlı rəsmilərə qədər – bu ayə hamımıza aiddir:
اِنّا سَنُلقی عَلَیکَ قَولًا ثَقیلا
Özümüzü hazırlamalıyıq.
Günün aktual məsələlərinə gəlincə, cənab prezident çox yaxşı söhbət etdi, mənim də həmin mövzularla bağlı deyiləsi sözüm var. Hazırda biz mühüm bir mərhələdən keçməkdəyik; İslam Respublikası ilk gündən bu günə qədər müxtəlif mərhələləri qət edib, hər mərhələdə də bir təcrübə ilə, bir sınaqla, mühüm bir imtahanla üzləşib. Dövlətimiz bütün bu mərhələlərdə qarşısına çıxan hadisələri qüdrətlə, mətinliklə qarşılayaraq irəli gedib. Bu da bir mərhələdir; inşallah, İslam Respublikası bu mərhələni də qüdrətlə, bacarıqla, müdrik və tədbirli bir şəkildə adlayıb irəli gedəcək. Eyni zamanda bizim müəyyən təcrübələrimiz də var ki, onlardan istifadə etməli, yararlanmalıyıq.
Bu özünəməxsus prosesdə əsas məsələ isə bundan ibarətdir ki, inqilabın əvvəlindən bu günə qədər biz qarşımızda bir düşmən görmüşük; o düşmən inqilabın ilk saatlarından etibarən ortaya çıxıb, varlığını büruzə verib və əleyhimizə iş aparmağa başlayıb. Həmin düşmən Amerika Birləşmiş Ştatlarıdır. Elə əvvəldən (əlbəttə ki, inqilabın qələbəsi ilə düşdükləri nokaut vəziyyətindən çıxdıqdan, nə baş verdiyini anlaya bilmədikləri günlər geridə qaldıqdan sonra) bizə müxaliflik etməyə, qarşı durmağa başladılar. Bu günə, bax elə burada oturub söhbət etdiyimiz bu anlara qədər də amerikalılar İslam Respublikasına zərbə vurmaq üçün cürbəcür düşmənçilik metodlarına, məkrli plan və hiylələrə əl atıblar; yəni həqiqətən də, elə bir qarşıdurma metodu yoxdur ki, amerikanlar İslam Respublikasına qarşı ondan istifadə etməmiş olsunlar. Hərbi çevriliş planı qurdular, etnik azlıqları ayağa qaldırdılar, Səddamı İranla müharibəyə, İrana hücum etməyə təhrik etdilər; sonra da müharibədə cürbəcür yollarla ona dəstək oldular, himayə etdilər.
Bizə qarşı sanksiyalar tətbiq etdilər, BMT-də bizə təzyiq götərdilər, gecə-gündüz əleyhimizə təbliğat apardılar, incəsənətin gücündən yararlandılar, əleyhimizə filmlər çəkmək üçün “Holivud”dan istifadə etdilər; bir-iki dənə yox, çoxsaylı filmlər çəkdirdilər. Müxtəlif etaplarda hərbi əməliyyatlar həyata keçirdilər, təyyarəmizi vurub yerə saldılar, Fars Körfəzindəki bəzi obyektlərimizə hücum etdilər. İslam Respublikasının əleyhinə hər cür işə əl atdılar; təhlükəsizlik, siyasi, iqtisadi, təbliğat, mədəni xarakterli hər cür işə. Bütün bu səylərinin məqsədi də İslam dövlətini yıxmaq idi; hazırda Amerika rəsmiləri bu fikri öz çıxışlarında təkrar-təkrar səsləndirirlər və bu, yeni bir şey deyil; elə ilk gündən də hədəfləri bu olub. Hətta İranda İslam hökumətini yıxmaq niyyətində olmadıqlarını dönə-dönə və israrla vurğulayan o prezidentlərinin də (2) məqsədi yalnız bu idi; sonradan bu, tam aydın oldu.
Bütün bu proseslərin içərisində mühüm və maraqlı olanı budur ki, İslam Respublikasının əleyhinə bu qədər zərbələr, hücumlar, məkrli planlar həyata keçirildi, amma hamısı uğursuz oldu. Özünüz baxın: aradan 40 ilə yaxın vaxt ötdükdən sonra bu gün İslam Respublikası qüdrətlə, möhkəm addımlarla, cürbəcür imkanlarla – ola bilsin, onlardan bəziləri haqda bir azdan danışaram, bəzilərini də cənab prezident qeyd etdi – böyük potensialla irəli addımlayır, inkişaf edir. Yəni onlar var güclərini sərf etsələr də, hər cür yola əl atsalar da, bütün səyləri boşa çıxdı. “Tom və Cerri” adlanan o məşhur cizgi filmində olduğu kimi, (3) bütün bu genişmiqyaslı tədbirlərinə baxmayaraq, sonda uğursuzluqla, məğlubiyyətlə üzləşdilər. Bəli, bu gün də başqa bir etapdır və onlar bu etapda da məğlub olacaqlar. Tam əminliklə bilin ki, Amerika bu məsələdə də məğlub olacaq, İslam Respublikası isə işin içindən köksünü gərərək, başını dik tutaraq çıxacaq.
Bizim düşmənin məğlub olacağına zərrə qədər də olsun şübhəmiz yoxdur; şəxsən mən buna qətiyyən şübhə etmirəm. İslam təlimləri ilə tanışlığı olan hər kəs bilir ki,
اِن تَنصُرُوا اللهَ یَنصُرکُم
“Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər...” (“Muhəmməd” surəsi, 7-ci ayə)
وَ لَیَنصُرَنَّ اللهُ مَن یَنصُرُه
“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayə)
Yaxud elə bayaq tilavət olunan ayə:
وَ مَا النَّصَرُ اِلّا مِن عِندِ الله
“Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır”. (“Ali-İmran” surəsi, 126-cı ayə)
Bunlar heç bir şübhə yeri olmayan, danılmaz hökmlərdir. Bilirik ki, məğlub olacaqlar; bilirik ki, ABŞ-ın hazırkı prezidentinin də aqibəti sələflərinin – Buşun, neokonların, (4) Reyqan və digərlərinin, habelə onların ətrafındakıların aqibətindən yaxşı olmayacaq. Bu da onlar kimi tarixdə itib-batacaq, İslam Respublikası isə başını dik tutaraq varlığını davam etdirəcək; buna bizim heç bir şübhəmiz yoxdur. Lakin Allahın müəyyən etdiyi qayda-qanuna görə, bizim öhdəmizə müəyyən vəzifələr düşür. İnkişaf və qələbənin sonda İslam Respublikasına nəsib olacağı barədə əminliyimiz bizdə öz vəzifələrimizə qarşı əsla etinasızlıq yaratmamalıdır. Bizim çiyinlərimizə düşən bəzi vəzifələr var ki, əgər onlara əməl etməsək, o nəticənin alınacağına əmin ola bilmərik; vəzifələrimizi yerinə yetirməliyik. Bu gün mən burada bir qədər həmin vəzifələr haqda danışmaq istəyirəm ki, bu söhbətimiz müxtəlif sferalarda bu sahədə müəyyən dərəcədə yekdilliyin əldə edilməsinə yardımçı olsun; Allaha şükürlər olsun ki, rəsmilər də hamısı buradadır. Mövzunu iki hissədə nəzərdən keçirəcəyik: birincisi, biz Amerikanın, nüvə anlaşmasının, bizə qarşı iddialarla çıxış edənlərin qarşısında necə davranmalıyıq – bu bir mövzudur; digər bir mövzu isə budur ki, addımlarımızı yerə möhkəm basa bilmək, nəzərdə tutduğumuz nəticələri əldə etmək üçün ölkə daxilində necə hərəkət etməli, nələri etməliyik? Mövzumuzun iki hissəsi bunlardır. Çalışacağam ki, bizə ayrılan vaxtdan və fürsətdən istifadə edərək, inşallah, bu iki mövzunu bacardığım qədər açıqlayım.
Birinci mövzuya gəlincə, bizim istənilən qərarı verməyimiz üçün vacib olan ilk şərt keçmiş təcrübələrimizə müraciət etməyimizdir.
(5) من جرّب المجرّب حلّت به النّدامة
Təcrübəmizdən dərs götürməsək, heç şübhəsiz, ziyan çəkəcəyik. Bütün keçmiş təcrübələrimizi gözümüzün önünə gətirib, nəzərdən keçirib, onlardan dərs götürməliyik. Bizim qarşımızda indiyə qədər yaşadığımız bir neçə təcrübə var. Mən indi bir neçəsini qeyd edəcəyəm, siz özünüz də onların hamısının açıq-aydın və danılmaz olduğunu təsdiqləyəcəksiniz; hamısı gözümüzün qarşısındadır. Bu təcrübələr həm bu gün bizim, həm də irəlidə cürbəcür proseslərlə üzləşəcək, inşallah ki, İslam Respublikasını qüdrətlə irəli aparacaq gələcək nəsillərimizin qəbul edəcəyi qərarlar baxımından əhəmiyyətlidir.
Birinci təcrübəmiz budur ki, İslam Respublikası Amerika ilə heç bir şəkildə əməkdaşlıq edə bilmir. Nəyə görə? Ona görə ki Amerika üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Heç də deməyin ki, bunlar hazırkı administrasiyanın işləridir, Trampın əməlləridir; xeyr, əvvəlki administrasiyaları da bizimlə oturub söhbət etmişdi, Xarici İşlər Nazirləri Avropada 10-15 günə yaxın toplantılara qatılmışdı, amma onlar da, demək olar ki, elə bunun kimi idilər. Düzdür, bir başqa cür hərəkət etsələr də, nəticə etibarilə, verdikləri sözün üstündə durmamışdılar. Onlar da sanksiyalar qoymuşdu, götürdükləri öhdəlikləri yerinə yetirməmişdilər. Bu, birinci dəfə də deyil; daha əvvəl baş vermiş cürbəcür olaylar da bunu təsdiqləyir. Əldə edilmiş nüvə razılaşmasına qarşı ümumilikdə münasibətləri elə ilk gündən, möhtərəm diplomatlarımız demişkən, onun cismini və ruhunu pozmaqdan ibarət olub. Bunu bizim diplomatlarımız hazırkı və öncəki ABŞ administrasiyaları dövründə dəfələrlə deyiblər; bu anlaşma üçün o qədər zəhmət çəkən, həqiqətən də, gecə-gündüz çalışan İran diplomatları özləri deyirdilər ki, nüvə anlaşması amerikalılar tərəfindən pozulub. Amerikalıların davranışları bəzən bu müqavilənin cismi – yəni müddəaları, gah da ruhu – yəni ideyası ilə ziddiyyət təşkil edib. Yaxşı, elə isə beynəlxalq miqyaslı bir müqaviləni bu cür rahatlıqla pozan, sonra da bir su içimi kimi altda imzasını çəkib: “Mən anlaşmadan çıxdım” – deyən (hələ bir bunu telekanallarda şouya da çevirirlər; imzasını göstərib deyir ki, “mən filan dövlətlə anlaşmadan çıxdım”), belə bir xüsusiyyətlərə sahib olan bir dövlətlə, ən azından, İslam Respublikası əməkdaşlıq edə bilməz. Bu, gün kimi aydındır. Bu da indiyə qədər dəfələrlə bizə: “Nəyə görə Amerika ilə danışıqlara getmirsiniz?”, “Nəyə görə Amerika ilə əməkdaşlıq etmək istəmirsiniz?” – deyənlərin cavabı; onların cavabı budur. Əlbəttə ki, Amerika başqa ölkələrin də əksəriyyəti ilə eyni şəkildə davranır; cürbəcür ölkələrlə rəftarı eynən belədir, amma bizim söhbətimizin mövzusu bu deyil; ən azından, İslam Respublikasının Amerika ilə əməkdaşlıq etməyi, iş görməyi mümkün deyil. Bu, birinci təcrübə.
İran bu öhdəliyə sadiq idi; yəni bunların heç bir bəhanəsi ola bilməz. Beynəlxalq Atom Enerjisi Agentliyi də, başqaları da bunu dəfələrlə təsdiqləyiblər, odur ki bunların heç bir bəhanəsi yoxdur. Buna baxmayaraq, özünüz də görürsünüz ki, bu anlaşmanı necə rahatlıqla pozurlar, özləri pozduqlarını özləri də öz imzaları ilə təsdiqləyirlər, sözlərini geri götürüb: “Yox, qəbul etmirik”, – deyirlər.
Bəli, belə bir dövlətlə oturub danışıqlar aparmaq, ona etimad etmək, müqavilə imzalamaq, işləmək mümkün deyil; bütün bu olaydan alınan nəticə budur. Bizimlə münasibətdə etimada layiq olmamaları, əlbəttə ki, sözsüz və danılmazdır, amma mən regionda və elə öz ölkəmizdə baş vermiş proseslərə nəzər salanda görürəm ki, başqalarına qarşı da eyni cür olublar. Məhəmmədrza Pəhləvi 1332-ci ildən 1357-ci ilə qədər, yəni 25 il bunların müti qulu olub. Şahın yaxın dostu olmuş Ələmin xatirələrinə nəzər salsanız, görərsiniz ki, şah onunla görüşlərində dəfələrlə amerikalılardan şikayətlənib, “bunu elədilər”, “onu elədilər” deyib (əlbəttə ki, bunu adam arasında açıb-ağartmağa və ya amerikalıların özlərinə deməyə cürət etməyib), amma nəticə etibarilə yenə də onların qarısında təslim olub. O üzüqara bədbəxt İrandan qaçıb getməyə məcbur olandan sonra isə onu heç Amerikaya buraxmayıblar da. Daha doğrusu, əvvəl gedib, bir müddət Amerikada qalıb, amma sonra ölkədən çıxarıblar; yəni 25 il boyunca canla-başla onlara nökərçilik etmiş biri ilə də bu şəkildə davranıblar. Eyni aqibətlə Hüsnimübarək də (6) üzləşdi. Misirdə inqilabın start götürüb pik səviyyəyə çatdığı, hər an bir hadisənin baş verə biləcəyi o həssas günlərdə ilk saatda Hüsnimübarəki dəstəklədilər, sonrakı saatlarda rədd etdilər, sonrakı bir neçə saat ərzində bir başqa cür danışdılar, axırda da boşladılar getdi, hər şey qurtardı; 30 il ərzində tamamilə bunların ixtiyarında olmuş, Fələstin məsələsində və qeyri proseslərdə hər dediklərinə əməl etmiş Hüsnimübarəki. Bunlar bu cürdür də; amerikalılar bu cürdür; ABŞ dövləti, ABŞ administrasiyası bu cürdür; bu bizim birinci təcrübəmiz.
İkinci təcrübə; bizim indiyə qədər təcrübədən keçirib şahidi olduğumuz ikinci bir məsələ isə Amerikanın İrana və İslam Respublikasına qarşı dərin düşmənçilik bəsləməsidir. Bu, səthi bir düşmənçilik deyil, çox dərin bir ədavətdir. Onların bizimlə yola getməməyi, bizə qarşı çıxmaları nüvə məsələsi kimi hər hansı bir məsələ ucbatından deyil, bunu artıq hər kəs anlayır; söhbət daha böyük bir məsələdən gedir. Söhbət bundan gedir ki, onlar bu regionda baş qaldırmış, qəddini dikəldib öz ayaqları üzərində möhkəm duraraq inkişaf etmiş, Amerikanın zülmlərinə qarşı çıxan, öz mövqeyində və davranışlarında Amerikanı heç bir şəkildə nəzərə almayan, regionda müqavimət əhval-ruhiyyəsini genişləndirən, İslamın bayrağını göylərə ucaldan bir dövlətin var olmasının əleyhinədirlər; çox dərin bir nifrət və etirazla buna qarşıdırlar. Onların problemi budur ki, bu İslam dövləti və İslam Respublikası olmamalıdır; Amerika hökumətinin başında duran insanların nəinki bu dövləti, hətta onu dəstəkləyən insanları, yəni İran xalqını da görməyə gözü yoxdur. Amerika prezidentinin köməkçilərindən biri – hazırkı prezidentin yox, əvvəlkilərdən birinin – açıq-aşkar demişdi ki, biz İran xalqının – İslam Respublikasının yox ha, İran xalqının – kökünü kəsməliyik. Bir sözlə, Amerikanın İslam Respublikası ilə problemi nüvə, yaxud raket məsələləri və ya bu qəbildən olan başqa bir məsələ deyil; yox, bunlar da başqa bir mövzudur və ola bilsin, bugünkü söhbətimdə bu barədə də danışdım; yəni bu məsələlərin üstünə getməkdə məqsədləri İslam Respublikasına güc-qüdrət qazandıran amilləri yox etməkdir. Bunlar İslam Respublikası və İran xalqını qüdrətli edən amillər olduğuna görə onların üzərində bu qədər dururlar. Bu da bir təcrübə; bu təcrübəni nəzərə almamaq olmaz. Unutmayaq ki, Amerika İran xalqının və İslam Respublikasının düşmənidir; özü də qatı düşməni. Söhbət nüvədən, raketdən və sairdən getmir; söhbət İslam Respublikasının özünün varlığından gedir.
Üçüncü təcrübə; üçüncü təcrübə odur ki, bu düşmənin qarşısında yumşaqlıq göstərib güzəşt etməklə (müəyyən hallarda məsləhət bildiyimiz üçün buna gedirik) onun qəlbindəki ədavətin alovu səngiməyəcək, əksinə, daha da həyasızlaşacaq; bu da bir təcrübədir. Unutmayaq ki, harada azacıq güzəştə getmişiksə, onlar daha da aqressivləşiblər. Onların o özü şər mücəssəməsi olan mənhus prezidenti – ikinci Buş (7)– o vaxtkı hökumətimizin ona qarşı göstərdiyi yumşaq münasibətin müqabilində İranı “şər dağarcığı” adlandırmış, fəxrlə ölkəmizə bu adı qoymuşdu. Çünki özünə qarşı güzəşt və yumşaqlıq görmüşdü. Baxın, bu gün də biz onların bu sanksiyalarından çoxuna, əməllərinə, verdikləri sözün üstündə durmamalarına bu və ya digər şəkildə etiraz bildirsək də, praktik olaraq heç bir güclü addım atmamışıq; bu, əslində, bizim bir növ güzəşt və yumşaqlıq göstərməyimiz idi. Və gördüyünüz kimi, bu yumşaqlığımızın qarşılığında bu gün ABŞ prezidenti (8) və Xarici İşlər Naziri (9) həyasızcasına, tələbkarlıqla, heç nədən utanıb-çəkinmədən ortaya çıxıb qarşımıza tələblər qoyurlar. Onların qarşısında geri çəkilməklə, güzəştə getməklə düşmənçilikləri əsla artıb-azalmır. Əgər kimsə, misal üçün: “Belə bir düşməni başımızdan etsək yaxşıdır; yaxşısı budur, düşmənçilik etməsinə imkan verməyək”, – deyə düşünürsə, bilsin ki, onların düşmənçiliyinin qarşısını almağın yolu qarşılarında geri çəkilib güzəştə getmək deyil. Əgər Amerikanın düşmənçiliyinə son qoymaq üçün nə isə etmək istəyirsinizsə, lap yaxşı, yolunu tapın, amma yolu bu deyil ki, biz onun qarşısında yumşaqlıq göstərib geri çəkilək. Əlbəttə ki, bu təkcə Amerikaya da aid deyil; Qərb dövlətlərinin əksəriyyəti bir qayda olaraq bu cürdür. Heç vaxt yadımızdan çıxmaz ki (yəni bu, tariximizin heç bir zaman unudulmayacaq fraqmentlərindən biridir) vaxtilə ölkəmizin Qərbə yumşaq münasibətin və sairin tərəfdarı olan bir prezidenti (10) Qərb dövlətlərindən biri tərəfindən məntiqsiz və əsassız bir bəhanə ilə məhkəməyə verilmişdi; Almaniya idi; “Mikonos” məsələsində. Yəni bunlar bu qədər həyasız, üzlü və özbaşınadırlar. Belə hadisələr də olub. Bu da bir təcrübə. Yadımızda olsun ki, bu düşmənlərin düşmənçiliyinə əngəl olmağın yolu güzəştə getmək, geri çəkilmək və sair bu kimi davranışlar deyil.
Digər bir təcrübəmiz isə bu dediyimin tam əksini etməyin effektiv olmasıdır; yəni onların qarşısında möhkəm durub müqavimət göstərməklə çox böyük uğurla onları geri çəkilməyə məcbur etmək olar. Elə nüvə məsələsində biz bunun çox gözəl şahidi olduq; 1383-84-cü illərdə bizim bütün nüvə mərkəzlərimiz işini dayandırmışdı; bildiyiniz kimi, o dövrdə aparılan danışıqlara, İranın nüvə proqramının təsdiqlənməsinə görə İsfahandakı “UCF” zavodunu (11) möhürləmişdik; biz geri çəkildikcə onlar irəli gəldilər; biz yumşaqlıq etdikcə onlar davranışlarını sərtləşdirdilər; o yerə qədər ki, axırda İranın diplomatik heyətinə: “Sizin verdiyiniz zəmanət yalnız bu ola bilər ki, bütün nüvə obyektlərinizi yığışdırasınız”, – dedilər; hamısını yığışdırmağımızı istəyirdilər! Liviyanın etdiyi kimi. Əsl zəmanət budur; bundan qeyri halda sizin nüvə fəaliyyətinizin sülhməramlı olmasını zəmanət altına almaq mümkün deyil; yalnız belə ola bilər ki, siz bütün obyektlərinizi ləğv edəsiniz; yəni onlar bu cür başlamışdılar. Hərçənd İsfahan zavodu – primitiv bir zavod olsa da – işini dayandırmışdı, uranın sözün həqiqi mənasında zənginləşdirilməsi isə ümumiyyətlə yox idi; biz hətta 1, yaxud 2-3 sentrifuqa üçün də danışıqlar aparmalı idik və “yox” cavabı alırdıq. Bizim hətta bu qədər az sayda sentrifuqa işlətməyimizə belə razılıq vermirdilər! Sonra biz gördük ki, bunlar çox danışır, həddən artıq üzlülük edir, həqiqətən də, özlərini utanmazlığa qoyurlar, dedik, daha bəsdir, oyun qurtardı. Möhürləri qopardıq, “UCF” zavodunu işə saldıq, Nətənzdə və ardınca digər yerlərdə yenidən uranın zənginləşdirilməsini davam etdirməyə başlayıb, bir müddət sonra 20 faizə çatdıq. Yəni biz onların icazə vermədiyi 3.5 faizdən başladıq və mömin gənclərimiz uranın 20 faiz zənginləşdirilməsini, habelə haqqında bildiyiniz digər işləri həyata keçirməyə müvəffəq oldular. Bu yerə çatanda isə onlar gəlib israrla və müəyyən mənada yalvararaq dedilər ki, lap yaxşı, indi siz gəlin 20 faiz zənginləşdirməni həyata keçirməyəcəyinizi qəbul edin, qoy tutalım, 5, yaxud 6 min sentrifuqanız olsun, eybi yoxdur (bunu deyənlər vaxtilə 2-3 sentrifuqaya da icazə vermirdilər); uranı zənginləşdirin, misal üçün, 6 min sentrifuqanız olsun və ya 3.5 faizlik zənginləşdirməni filan həcmdə həyata keçirin. Bunlar o adamlardır. Bayaq cənab Ruhani dedi; bunlar – BMT və dünyanın müxtəlif siyasi qurumları – öz aləmlərində, guya ki, İranın nüvəni zənginləşdirmə hüququnu tanıyıblar. Bəli, tanıyıblar, amma bu, aparılan danışıqlardan qaynaqlanmır; gəlin çaşmayaq; bu, bizim inkişafımızdan qaynaqlanır. Biz inkişaf etdiyimizə görə, irəli gedib 20 faizə çatdığımıza görə, təbii olaraq, razılaşıblar. Yoxsa əgər danışıqlara qalsaydı, bu işlərin razılığını danışıqlarla almalı olsaydıq, nə indiyə qədər, nə də bundan sonra heç vaxt buna nail ola bilməzdik. Qarşı tərəfin, qarşı cəbhənin haqsız tələbkarlığının qarşısında bu da bir davranış təcrübəsidir ki, öz mənafeyini əsas tutaraq addım atıb irəliləmək lazımdır.
Digər bir mühüm təcrübə isə ən önəmli məsələlərdə Avropanın Amerikanı dəstəkləməsidir. Bizim avropalılarla dava eləmək niyyətimiz yoxdur; o 3 Avropa ölkəsi ilə qarşıdurmaya girmək, onların əleyhinə çıxmaq, onlarla söz güləşdirmək niyyətində deyilik, amma reallıqları bilməliyik. O 3 ölkə ən həssas məqamlarda Amerikanı dəstəkləyərək onun ardınca getdiyini göstərib. Nüvə danışıqlarının gedişatı zamanı Fransa XİN-nin nümayiş etdirdiyi çirkin davranışları hamımız xatırlayırıq; necə deyərlər, “yaxşı polis, pis polis” oynayırdılar, o da “pis polis” rolunu ifa edirdi. Əlbəttə, sözsüz ki, bunu Amerika ilə razılaşdırılmış şəkildə edirdilər. Və ya İngiltərənin “sarı keks” – uran oksidi məsələsində etdiyi hərəkət; bu məsələ Birgə Kompleks Tədbirlər Planında açıq-aydın əksini tapmışdı, qəti şəkildə razılığa gəlinmişdi ki, biz müəyyən olunmuş obyektdən bu maddəni alıb gətirəcəyik, amma ingilislər buna əngəl oldular. Yəni bunlar Amerika ilə əlbirdirlər, ona havadarlıq edirlər. İndiyə qədər bu cür olub. Bu da bir təcrübədir; bunu unutmayaq. Bunlar danışanda bir şey deyirlər, əməl etməyə gələndə isə indiyə qədər görməmişik ki, Amerikanın qarşısında sözün əsl mənasında ayağa qalxıb haqqın tərəfini tutalar; yəni mənim fikrimcə belədir; indiyə qədər bunun əksinə şahid olduğumuzu mən xatırlamıram.
Nüvə razılaşması məsələsində bizim qazandığımız digər bir önəmli təcrübə bundan ibarətdir ki, ölkədəki problemlərin həllini Birgə Kompleks Tədbirlər Planına, bu kimi hansısa digər xarici proseslərə bağlamaq böyük bir səhvdir. Biz ölkənin problemlərini, iqtisadiyyat və digər müxtəlif sahələrdə mövcud olan çətinlikləri öz ixtiyarımızdan xaric olan, ölkədən kənarda tədbir görülüb qərara alınan işlərə bağlamamalıyıq. Biz ölkənin iqtisadiyyatı, gəlirləri ilə bağlı problemlərin həllini BKTP-dən asılı vəziyyətə gətirəndə nəticəsi bu olur ki, investor və sahibkarlar aylarla oturub xaricilərin BKTP ilə bağlı hansı qərarı verəcəyini gözləməli olurlar. Bir neçə ay dözüb, səbir edib gözləməli olurlar ki, görsünlər, onlar müqavilədə qalacaqlar, ya çıxacaqlar; imzalayacaqlar, ya imzalamayacaqlar; imzalayandan sonra da atdıqları imzaya sadiq qalacaqlar, ya qalmayacaqlar! Ölkənin fəaliyyətdə olan özəl iqtisadi sektoru daim xaricilərin hansı addımı atacağını gözləməli olur. Biz ölkənin potensialını BKTP-dən asılı, passiv bir vəziyyətdə saxlaya bilmərik; belə ki bir müddət onun icrasını gözləyərək passiv qala, bir müddət də müqavilədən çıxıb-çıxmayacağına tərəddüd edərək boş-bikar dura; özü də Amerika kimi bir düşmənin qarşısında. Bunlar bizim təcrübələrimizin bir qismidir; bu təcrübələri daim diqqətdə saxlamalıyıq ki, bir daha təkrarlanmasınlar, eyni dəlikdən iki dəfə sancılmış olmayaq (12) və sonrakı proseslərdə onları tam şəkildə nəzərə alaq.
Bu təcrübələrdən yararlanmasaq, az əhəmiyyətli şeylərlə özümüzü sevindirsək, ziyan çəkəcəyik. Cənab prezidentin də qeyd etdiyi kimi, amerikalılar bu məsələdə, doğrudan da, etik, hüquqi və diplomatik nüfuz baxımından məğlub olublar. Bəli, Amerika nüfuzdan düşüb; bu bir reallıqdır və buna qətiyyən şübhə ola bilməz, amma mənim diqqət çəkmək istədiyim məqam budur ki, məgər biz danışıqlara Amerikanın nüfuzdan düşməsi üçün başlamışdıq? Danışıqlar aparmaqda məqsədimiz bu idi? Biz danışıqlara onun üçün başlamışdıq ki, sanksiyalar götürülsün (amma gördüyünüz kimi, sanksiyaların çoxu götürülməyib, üstəlik hazırda da bizi müxtəlif sanksiyalar tətbiq etməklə hədələyirlər; BKTP-nin qəbul olunması və BMT Təhlükəsizlik Şurasının çıxardığı qətnamə ilə aradan qaldırılmış həmin o ikincili sanksiyaları yenidən geri qaytarmaq istəyirlər); hədəf bu idi. Yaxud belə bir fikir səslənir ki, Avropa ilə Amerika arasında soyuqluq yaranıb. Bəli, ola bilsin ki, ilk baxışdan onların arasında əhəmiyyətsiz dərəcədə soyuqluq yaranıb, amma biz danışıqlar masasına bundan ötrü oturmamışdıq. Məgər biz danışıqları ona görə aparırdıq ki, Avropa ilə Amerikanın arası dəysin? Biz danışıq aparırdıq ki, sanksiyalar ortadan qalxsın; danışıqlar buna görə başladılmışdı, buna görə davam etdirilirdi; və bu, təmin edilməlidir; əgər bu təmin olunmasa, əldə edilmiş qalan məsələlər bir o qədər də dəyərli olmayacaq. Və qeyd etdiyim kimi, avropalılar heç Amerikanın əleyhinə çıxış etmirlər də; avropalılar Amerikanın arxasınca gedir, üstəlik onunla bir-birinə qarşılıqlı kömək də edirlər;
وَ کَذالِکَ جَعَلنا لِکُـلِّ نَبِیٍّ عَدُوًّا شَیاطینَ الاِنسِ وَ الجِنِّ یوحی بَعضُهُم اِلی بَعضٍ زُخرُفَ القَولِ غُرورًا
“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən) Bunlar bir-birinə kömək də edirlər, mesajlar da göndərirlər, yardımlaşırlar da, psixoloji cəhətdən dəstək də olurlar. Xülasə, BKTP ilə bağlı bizim daim diqqətdə saxlamalı olduğumuz təcrübələr bunlardır.
Mən burada önəmli olan bir məqama da toxunmaq istəyirəm; BKTP məsələsində, bu problemə münasibətdə siyasətçilər, hökumət adamları, mətbuat və mədəniyyət nümayəndələri bir-birini məzəmmət etməkdən çəkinsinlər; bunu etməyin. Tənqidin – düzgün, vicdanlı, ağılla edilən tənqidin heç bir iradı yoxdur, tənqidə rəsmilər də qulaq asmalıdır, amma bir-birini məzəmmət etmək, ittiham etmək, təhqir etmək – belə şeyləri aradan qaldırmaq lazımdır. BKTP-yə görə ölkədə ikitirəlik, qütbləşmə yaranmamalıdır. Düzdür, hərəkət etmək, müəyyən işlər görmək, mövqe sərgiləmək lazımdır (bayaq mən bu mövzuya toxundum və bu barədə hələ danışacağam), bu öz yerində, amma çalışmalıyıq ki, bu məsələnin ucbatından xalqımızın birliyinə, həmrəyliyinə, cəmiyyətimizdəki konsensusa xələl gəlməsin. Əsas məqamlardan biri də budur.
İndi gəlin görək, bütün bu dediklərimizi nəzərə alaraq bundan sonra BKTP-yə münasibətimiz necə olmalıdır? Mən burada bir neçə məqamı özüm üçün qeyd etmişəm.
Birincisi, bu məsələ ilə bağlı mövqe seçərkən biz prosesləri real dəyərləndirməliyik. Ehtimallarla, arxasında hansısa reallığın durub-durmadığı məlum olmayan fikirlər, danışılan cürbəcür sözlərlə könlümüzü xoş etməməliyik. Prosesləri realistcəsinə dəyərləndirməli, realistcəsinə də xalqa məlumat ötürməliyik. Danışıqlar yenicə başladığı zaman biz belə güman etdik, belə düşündük və başqalarına da belə dedik ki, bəli, əgər biz danışıqlar aparsaq, ölkəyə 100 milyard dollar pul gələcək, bu bizim üçün çox önəmlidir, ölkəmiz üçün 100 milyard dollar diqqətəlayiq bir məbləğdir, önəmli bir məbləğdir, ölkənin bir çox problemlərini həll edə bilər; amma bu, real deyildi. İndi ABŞ prezidenti utanmadan deyir ki, biz İrana 100 milyard dollar (bəzən də 150 milyard deyir) pul vermişik. Qələt eləmisiniz! Siz İrana nə vaxt pul vermisiniz? Siz İrana bir dollar da verməmisiniz. Biz özümüz də o 100 milyard dollar söhbətinə, bir növ, inanmışdıq; amma bu, bir güman idi, təsəvvür idi, fantaziya idi, reallığı yox idi. Diqqət etməliyik ki, öz gələcəyimiz və mənafeyimiz üçün, bu gün ödədiyimiz ödənclərin əvəzi olaraq nəzərdə tutduqlarımız reallığa uyğun olsun, o reallığı dərk edək və xalqımıza da açıq-aşkar açıqlayaq.
Sizə onu da deyim ki, bu gün ölkəmizin iqtisadiyyatını Avropa ilə nüvə anlaşması əldə etməklə yoluna qoymaq mümkün deyil; ölkə iqtisadiyyatının problemləri bu yolla düzəlməyəcək. Bunun elə indidən göz önündə olan çoxsaylı sübutları var: Qərbin nüfuzlu şirkətlərindən bəziləri hələ indidən ölkəni tərk edəcəklərini elan edirlər, bəziləri artıq tərk ediblər, bəziləri isə hansı addımı atacaqlarının hələ məlum olmadığını deyirlər. Qərb dövlətlərinin prezidentləri və dövlət rəsmiləri də eynən belə danışırlar; Fransa bir cür, Almaniya bir cür, o biri bir başqa cür. Ölkə iqtisadiyyatındakı problemlər Avropa dövlətləri ilə əldə ediləcək nüvə anlaşması sayəsində həllini tapmayacaq. İndi bu söhbət var, bu mövzu danışılır, amma iqtisadiyyatın yoluna qoyulması üçün ona bel bağlamaq olmaz. Bunun başqa yolları var; bir azdan mən bu barədə danışacağam. Bu, bir məqam.
Digər bir məqam budur ki, 13-14 il bundan öncə 3 Avropa ölkəsi elə bu nüvə məsələsi ilə bağlı bizə qarşı çox böyük bir etibarsızlığa yol verdi; 1383-84-cü illərdə bizə çox böyük bir sədaqətsizlik etdilər. Bir söz verdilər, amma vədlərinə xilaf çıxdılar, əksini etdilər. Onlar sübut etməlidirlər ki, daha o cür olmayacaq; bu, onların öhdəsinə düşən bir işdir. Avropa dövlətləri İslam Respublikasına sübut etməlidirlər ki, o vaxt etdikləri sədaqətsizliyi, etibarsızlığı bu gün etməyəcəklər. O davranışlarını kompensasiya etməlidirlər. Bu da növbəti bir məqam.
Digər bir məqam budur ki, ötən iki il ərzində Amerika Birgə Kompleks Tədbirlər Planını təkrar-təkrar pozdu; cürbəcür hərəkətlərlə; bayaq qeyd etdiyim kimi, diplomatlarımız demişkən, müqavilənin cisminə və ruhuna xələl gətirdi. Avropalılar da Amerikanın bu davranışları qarşısında susdular; gərək qarşı çıxaydılar, etiraz edəydilər. Onlar etiraz etsəydilər, ola bilsin, iş bu yerə gəlib çatmazdı ki, Amerika öz atdığı imzanı bir su içimində kənara qoyub: “Mən müqavilədən çıxıram”, – deyə. Onlar bu iki ildə yol verdikləri fəaliyyətsizliyi kompensasiya etməlidirlər.
Növbəti məqam: Amerika 2231 saylı qətnaməni pozub; (13) BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlər Amerikanın bu hərəkəti qarşısında şuranın gündəliyinə onun əleyhinə bir qətnamə çıxarıb, “Bu dövlət Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozub”, – deməli idilər. Avropa dövlətlərinin görməli olduğu işlərdən biri də budur.
Avropa öhdəlik götürməlidir ki, raket mövzusunu və İslam Respublikasının regiondakı iştirakı məsələsini ortaya atmayacaq; bunu söz verməlidirlər. Hər mərhələdə bir söz deyib, raket məsələsini fərqli formalarda ortaya atmaları tamamilə qəbuledilməzdir. O 3 ölkənin başçıları söz verib qəbul etməlidirlər ki, raket məsələsini əsla gündəmə gətirməyəcəklər.
Bundan başqa, İslam Respublikasına qarşı hər cür sanksiya ilə də mübarizə aparmalıdırlar; yəni hazırda ABŞ: “İrana sanksiya qoyacağam”, – deyirsə, onlar açıq şəkildə və qətiyyətlə buna qarşı çıxmalıdırlar. Əgər bizimlə avropalılar arasında hər hansı bir anlaşma əldə olunacaqsa, həmin anlaşmanın şərtləri sırasında bu dediklərim də olmalıdır.
Mən: “Raket məsələsini ortaya atmasınlar”, – dedim, amma bunu da bilsinlər ki, İslam Respublikası onu qüdrətli edən amillərdən heç birindən əsla əl çəkməyəcək. Həmin amillərdən biri isə müdafiə gücüdür; uzaqdan müdafiə. Bizi qüdrətli edən amillərdən biri müdafiə gücümüz, digər biri isə strateji dərinliyimizdir. Region ölkələrindəki iştirakı və region xalqlarının ona verdiyi dəstək İslam Respublikasının strateji dərinliyidir. İslam Respublikası bundan keçə bilməz; ağlı başında olan heç bir dövlət də keçməz. Və ya xalqın ictimai sərmayəsi; xalqın İslam bayrağı altında bu cür bir yumruqda birləşməyi; İslam Respublikasının öz islami mahiyyəti və müsəlman olması ilə iftixar duyaraq bu şüarlarla irəliləməsi. İslam Respublikasını formalaşdıran əsas tərkib komponentləri bunlardır. Hamı bilsin ki, bunlardan heç kim əl çəkməyəcək.
Digər bir məqam budur ki, Avropa İran neftinin tam həcmdə satışını zəmanət altına almalıdır. Yəni amerikalılar hazırda olduğu kimi, İran neftinin satışına zərbə vurmağa müvəffəq olduqda avropalılar İslam Respublikasından onun istədiyi qədər neft almalıdırlar. Ola bilsin ki, biz özümüz daha az neft satmağı məsləhət bilək (bu, dövlət siyasətindən asılıdır; ola bilsin, dövlətimiz belə bir nəticəyə gələcək ki, nə qədər az neft satıb iqtisadiyyatımızı neftdən asılılıqdan uzaqlaşdırsaq, öz xeyrimizədir; ola bilər, nə vaxtsa bu nəticəyə gələk), amma əgər bu olmasa və bugünkü həcmdə neft satmaq qərarımız qüvvədə qalmaqda davam etsə, amerikalılar bu sahədə bizim yolumuzda əngəllər törətdiyi təqdirdə avropalılar mütləq surətdə bizə dəyən ziyanı kompensasiya etməli və həmin nefti zəmanət əsasında bizdən almalıdırlar.
Növbəti məqam: Avropa bankları İran İslam Respublikasının özəl və dövlət biznes müəssisələrinə məxsus maliyyə vəsaitlərinin qəbulu, ödənişi və transferini zəmanətə götürməlidir. Az öncə mən zəmanət haqda danışarkən məhz bu şeyləri nəzərdə tuturdum; bunları zəmanət altına almalıdırlar. Qeyd etdiyim kimi, o 3 ölkə ilə bizim heç bir davamız yoxdur, amma onlara inanmırıq da. Bizi maraqlandıran kiminləsə dava eləmək, intriqa yaratmaq deyil; məsələ inam və etibarın olmamasıdır; bizim bu ölkələrə etibarımız yoxdur və bu da keçmişdə baş vermiş müəyyən olayların nəticəsidir. Elə ona görə də dediyim o zəmanətlər real şəkildə təmin olunmalıdır.
Növbəti bir məqam budur ki, avropalılar bu tələbləri qarşılamaqdan boyun qaçıracaqları təqdirdə bizim müvəqqəti olaraq dayandırdığımız nüvə fəaliyyətimizi bərpa etmək hüququmuz var. Ölkəmizin Nüvə Təşkilatının rəsmiləri hazır olmalıdırlar. Əlbəttə, mən demirəm ki, elə bu saat gedib 20 faiz zənginləşdirməyə start verin; deyirəm, hazır olun. Müvəqqəti olaraq dayandırılmış nüvə fəaliyyətləri İslam Respublikası lazım və məsləhət bildiyi zaman yenidən bərpa olunacaq. İşlərə nüvə anlaşmasına görə ara verilmişdi; bu bizim Birgə Kompleks Tədbirlər Planına görə ödədiyimiz qarşılıq idi; BKTP-nin heç bir faydası olmadığını, bundan belə o qarşılığı ödəmək istəmədiyimizi görsək, təbii ki, həmin şeyləri yenidən əldə etmək, dayandırılmış işləri yenidən bərpa etmək yolunu tutacağıq. Nüvə anlaşması ilə bağlı bu qədər.
Söhbətimizin ikinci hissəsi bizim öz daxili məsələlərimizə, ölkədaxili problemlərlə bağlı öhdəmizə düşən vəzifələrə həsr olunacaq. Bunlarsa iqtisadi problemlərdir; hazırda ölkənin bir nömrəli problemi iqtisadiyyat məsələsidir. Hökumətin gördüyü bu işləri, inşallah, tam gücü ilə davam etdirmək lazımdır; xidmətlərin genişləndirilməsi, habelə dövlətin həyata keçirdiyi digər tədbirlər davam etdirilməlidir. Əlbəttə, reallıq budur ki, ölkənin iqtisadi vəziyyətini sözlə təsvir etmək mümkün deyil; göstərilən bütün səylərə rəğmən, ölkə iqtisadiyyatı arzulanan bir vəziyyətdə deyil. Əhalinin böyük bir qismi iqtisadi cəhətdən sıxıntı içərisindədir. Bahalıq və digər bu kimi məsələlər barədə siz özünüz də az-çox bilirsiniz, camaatın əksəriyyəti bu problemləri bilavasitə öz həyatında hiss edir, bütün varlığı ilə yaşayır. Bu, ölkənin başlıca problemidir.
Bu problemləri aradan qaldırmaq üçün biz ilk növbədə bir neçə şeyi qəlbən təsdiqləməliyik: birincisi, bilməliyik ki, ölkənin iqtisadi problemini daxildəki geniş imkan və potensiala söykənərək həll etmək mümkündür; buna inanmalıyıq. Bu bir reallıqdır; bəziləri bu reallığı qəbul etmir, bəzilərininsə ondan xəbəri yoxdur. Bizim ölkəmizdə hələ istifadə olunmamış geniş potensial mövcuddur; bir qədər sonra mən qeyri-iranlı ekspertlərin bu barədə bir fikrini qeyd edəcəyəm.
Bizim özlüyümüzdə inanmalı olduğumuz digər bir məqamsa bundan ibarətdir ki, biz Qərbə məxsus modellərin bizim üçün etimada layiq olmadığını bilməliyik. Mən demirəm ki, tamamilə rədd edək; yox, götür-qoy edək, ölçüb-biçək. Qərb modellərinə sorğu-sualsız təslim olmaq yaramaz; nə iqtisadiyyat məsələsində, nə də demoqrafiya kimi digər məsələlərdə. Qərbə xas modellərdən biri kimi elə demoqrafiya olayını qeyd etmək olar. Bu yaxınlarda xəbis İngilis hökumətinin təbliğat qurumu rəsmi bir model də təqdim edib ki, İranın 30 milyon əhalisi olsa, ölkədə vəziyyət çox yaxşı olar! Gözünüzü dörd açın! İnşallah, bu ölkənin əhalisi 150 milyona da çatacaq. Ölkənin demoqrafik siyasətləri – indiyə qədər izlədiklərimiz – yanlış idi. Mən bunu daha öncə demişəm; (14) əlbəttə, əvvəldə düzgün idi, düzgün başlamışdı, amma davamı səhv istiqamətə yönəldi, yanlış getdi və biz bu sahədə işləri məqsədəuyğun şəkildə qura bilmədik; indi isə itirdiklərimizin yerini doldurmalıyıq.
Ölkənin iqtisadi problemi də eynilə bu cürdür; Qərbə aid modellərlə yoluna qoyulmayacaq. İndiyə qədər də müxtəlif illərdə nə vaxt Qərb modellərindən istifadə etmişiksə, xeyir tapmamışıq, əksinə, müəyyən yerlərdən ziyan çəkmişik. 70-ci illərdə tənzimləmə məsələsi ortaya çıxanda ölkəmizdə sosial ədalətə sözün həqiqi mənasında zərbə dəydi, kəskin təbəqələşmə yarandı. Ola bilsin ki, müəyyən faydaları da oldu, amma belə ciddi ziyanlarına da qatlaşmaq məcburiyyətində qaldıq.
Diqqət yetirib inanmalı olduğumuz 3-cü məqam budur ki, xaricilərdən indiyə qədər gördüyümüz etibarsızlıqları nəzərə alaraq, yalnız çıxılmaz vəziyyətdə qaldığımız zaman işlərimizi onlara həvalə etməliyik; yəni yalnız və yalnız daxili imkanlardan tamamilə əlimizi üzdüyümüz zaman onlara müraciət emək barədə düşünməliyik. Öncə daxili imkanlardan istifadə etməyə çalışmalıyıq və mən düşünürəm ki, ölkəmizin daxili imkan və potensialı kifayət qədər genişdir.
Qeyd etmək istədiyim növbəti məqam da elə bu imkan və potensialdır. Bizim daxili potensialımız çox zəngindir. Dünya bankı bir ekspert araşdırması aparıb (bizim mütəxəssislərin işi deyil, Dünya Bankının öz ekspertlərinin apardığı bir araşdırmadır), deyiblər ki, İran istifadə olunmamış insan potensialının və coğrafi resursların xəzinəsidir. Diqqət edin! Ölkəmizin istifadə olunmamış insan potensialına və coğrafi imkanlarına görə dünyada birinci olduğunu deyirlər. Yəni bizim qarşımızda indiyə qədər bəhrələnmədiyimiz, səhlənkar yanaşdığımız çox zəngin, geniş imkan və potensial mövcuddur.
İnsan resurslarımız, əmək qabiliyyətli, xüsusilə də gənc və savadlı kadrlarımızın sayının çoxluğu: 10 milyon universitet məzunumuz var, 4 milyondan çox tələbə isə hazırda ali məktəblərdə təhsil alır. Hökumət nümayəndələrindən olan mütəxəssis dostlarımızın dediyinə görə, mühəndislərin sayına görə ölkəmiz dünya üzrə ön sıralardan birini tutur. Nisbətdə götürüldüyü zaman bizim mühəndislərimizin sayı dünyanın bir çox böyük və tanınmış ölkələrindən çoxdur; bunlar potensialdır.
Coğrafi resurslarımız: ərazimizin genişliyi, Neytral sulara çıxışımızın olması, qonşularımızın sayı, regional bazarlar, xarici nəqliyyat marşrutu. Bütün bunları Dünya Bankının mütəxəssisləri də qeyd edib. Biz bu coğrafi resurslardan düzgün istifadə etməmişik.
İnsan potensialı, əməkqabiliyyətli əhalinin sayı, təhsil səviyyəsi və sair; həmin mütəxəssislər qeyd ediblər ki, əgər İran bu imkanlarından düzgün istifadə etsə, dünyanın iqtisadi cəhətdən ən öndə gedən ölkələrindən biri ola bilər. Bütün bu imkanlar bizə aiddir, bizim ixtiyarımızda nəhəng bir sərvət var.
Əlbəttə ki, həmin araşdırmada təbii sərvətlər qeyd olunmayıb; yalnız sosial və coğrafi resurslar öz əksini tapıb. Təbii sərvətlər isə fövəqladə dərəcədə ciddi əhəmiyyət kəsb edən bir məsələdir. Ötən illərdə mən elə bu görüşlərimizdən birində (15) demişdim ki, bizim əhalimiz dünya əhalisinin 1/100-ni təşkil edir və əgər ehtiyac duyulan sənaye üçün əsas və lazımlı faydalı qazıntıların 1/100-i bizdə olsa, bəsimizdir, amma bizim yeraltı sərvətlərimizin həcmi 1/100-dən artıqdır. Bəzi yataqlarımız dünya üzrə 3/100, bəziləri 4/100, bəziləri isə 5/100 faizi təşkil edir. Neft və qazın göstəricisi lap yüksəkdir; dünya üzrə birinci yerdəyik; neftə görə 4-cü, qaza görə 1-ci, ikisinin birlikdə həcminə görə isə dünya üzrə birinci yerdəyik.
Bütün bunlar bizim ixtiyarımızda olan imkanlardır; bizim potensialımız bunlardır; bu potensialdan istifadə etmək lazımdır və istifadə etmək olar da. Oturub fikirləşmək, tədbir tökmək, fəaliyyət planı hazırlamaq olar. Əlbəttə ki, bunlar tez bir zamanda başa gələn şeylər deyil, sözsüz ki, bir az vaxt aparacaq, amma başlasaq, sonda bir nəticə əldə etmiş olarıq. 2-3 həftə bundan əvvəl bizim burada ölkənin iqtisadi problemlərinə həsr olunmuş bir iclasımız oldu. Hakimiyyətin 3 qolunun çox hörmətli sədrləri, hökumətdə, parlamentdə və Ali Məhkəmədə iqtisadiyyatla əlaqəli sahələrdə təmsil olunan rəsmilər iştirak etdi. Həmin iclasda yaxşı müzakirələr az-çox oldu, dəyərli fikirlər səsləndi. Əlbəttə ki, mən iqtisadçı deyiləm; deyilənlər mütəxəssislərin fikirlərinə əsaslanırdı. Müəyyən məqamlara toxunduq, bəzi formal tənzimləmələrin həyata keçirilməsi qərara alındı. Dostlarımız həmin qərarları ardıcıl surətdə həyata keçirməyə çalışmalıdırlar; bu günsə mən tövsiyə edirəm ki – hakimiyyətin 3 qolunun rəsmiləri burdadır, o gün o iclasda olan cənablar hamısı iştirak edir – o axşam vurğulanan, qərara alınan məsələləri ciddi surətdə izləyəsiniz; o zaman iqtisadi məsələlərdə, sözsüz, irəliləyiş müşahidə olunacaq. Buna mənim əsla şübhəm yoxdur. Daha sonra mənə məlumat çatdı ki, həmin gün burada danışılan, deyilən və iclasın çıxardığı qərarlar kimi elan olunan məsələləri nazirlər kabinetindəki iqtisadçı dostlarımız da təsdiqləyib.
Mən deyirəm ki, düşmənimiz özünün döyüş qərargahını Maliyyə Nazirliyinə köçürüb; bizə qarşı apardıqları müharibənin baş qərargahı Müdafiə Nazirlikləri yox, Maliyyə Nazirlikləridir, çox fəal şəkildə də işləyirlər. Əvvəllər də belə idi; 90-91-ci illərdə o sanksiyalara başladıqları dövrdə də bu cür gərgin fəaliyyətə keçmişdilər (öz aləmlərində, guya iflicedici sanksiyalar idi, amma İslam Respublikasını iflic etmək əvəzinə, öz gözlərinə dağ oldu). Hətta amerikalı nazir gedib müxtəlif ölkələrdə müxtəlif bankların rəhbərləri ilə bir-bir görüşürdü; yəni bu cür aktiv fəaliyyətdə idilər; gecə-gündüz işləyirdilər. Mən deyərdim ki, bizim iqtisadi qurumlarımızda da düşmənin o şər əməllərinə qarşı mübarizə üçün bir qərargah yaradılmalıdır. Xarici İşlər Nazirliyi bu işə dəstək verməli, əməkdaşlıq etməlidir, lakin konkret olaraq İqtisadiyyat Nazirliyində belə bir qərargah təşkil olunmalı və bu iş ardıcıl görülməlidir. Əlbəttə ki, bütün bu çətinliklərin əlacı müqavimət iqtisadiyyatıdır və ciddi şəkildə həyata keçirilməlidir, lakin bu gün düşmənin atdığı addımları nəzərə alaraq müqavimət iqtisadiyyatının xüsusi sahələri prioritet əhəmiyyət kəsb edə və bəzi məsələlərin daha ciddi surətdə izlənməsinə ehtiyac ola bilər.
İqtisadiyyatla bağlı digər bir məqam budur ki, dövlət iqtisadiyyatı cavab vermir; xalqı işə qoşmaq, Konstitusiyanın 44-cü maddəsinin siyasətlərini ciddiyə almaq lazımdır. Mən bunu əvvəlki hökumətə də deyirdim, cənab Ruhaninin komandasına da dəfələrlə demişəm, yenə də deyirəm. 44-cü maddənin siyasətlərini ciddiyə almalısınız, özəl sektoru işə qoşmalısınız, özəl sektora dəstək olmalısınız; o Milli İnkişaf Fondu elə bunun üçündür. Cənab Ruhani qeyd etdi ki, valyuta gəlirlərinin müəyyən hissəsi dövlətə verilmir; bax o hissə Milli İnkişaf Fonduna gedir. Milli İnkişaf Fondu da dövlətin ixtiyarındadır, heç bir sahəsi dövlətin nəzarətindən kənar deyil. Fond özü də dövlətin ixtiyarındadır, rəsmilərini də dövlət təyin edir, siyasətləri də, ayrılan vəsaitlər də – hər şey dövlətin əlindədir, intəhası qanunda nəzərdə tutulmamış müəyyən hallarda dövlətə fonddan vəsait götürmək lazım olanda və gedib parlamentdən icazə almaq imkanları olmayanda gəlib məndən icazə alırlar ki, misal üçün, filan iş üçün filan qədər vəsait götürməliyik; yoxsa ki Milli İnkişaf Fondu dövlətin ixtiyarındadır. Bu fond çox önəmlidir və mən təkidlə tövsiyə edirəm ki, fondun vəsaitləri ölkənin cari xərclərinə sərf olunmamalıdır. Bu vəsaitlər yalnız özəl sektorun fəal subyektlərinin ixtiyarına verilməlidir ki, iş görə bilsinlər. Məsələyə bu cür baxmaq, bu cür yanaşmaq lazımdır.
İqtisadiyyatla bağlı növbəti bir məqam: neft iqtisadiyyatı – yəni əsasən xam neftin satışına arxalanmaq bizim iqtisadiyyatımızın başlıca nöqsanlarından biridir. 20 il bundan əvvəl də mən bunu dedim, o vaxtkı hökumətlərin bəzi rəsmiləri mənə birtəhər baxdılar! O vaxt mən demişdim: “Biz o yerə çatmalıyıq ki, istədiyimiz vaxt neft quyularımızın ağzını bağlayıb: “Biz 3 ay neft satmaq istəmirik”, – deyə bilək, bu addımı atıb-atmamaq bizim ixtiyarımızda olsun”; mənim bu sözümə təbəssüm edib keçdilər; amma kaş bunu edə biləydik; və bu mümkündür, bunu qeyri-mümkün hesab etmək lazım deyil. Hazırda deyirlər ki, alıcılar əldən çıxır və sair; xeyr, bütün bu işlərin yolları var. Biz neftin əsiri olmamalıyıq; bu gün biz neftin əsiriyik, neftin ovcunun içindəyik; neft isə bizim əlimizdə deyil. Hasilatı bizim əlimizdədir, amma qiymətini başqaları təyin edir, satış imkanları başqalarının əlindədir, üstünə sanksiya qoymaq başqalarının səlahiyyətindədir. Biz əslində neftin əsiriyik, amma əksinə olmalıdır, neft bizim əsirimiz olmalıdır, neft bizim ixtiyarımızda olmalıdır; bu, qəti bir siyasətdir. Neft milli sərmayədir. Əlbəttə, bu sərmayənin tükənməsi üçün uzun illər lazımdır, amma nə vaxtsa tükənəcək. Biz adət etmişik ki, nefti – yəni xalqın bu ehtiyatını yerin altından çıxarıb, heç bir əlavə dəyər yaratmadan sataq. Yaxşı, heç olmasa bir iş görək, neftə əlavə dəyər qazandıraq. Neftə də, qaza da; doğrudur, qaza neft-kimya sektorunda müəyyən qədər əlavə dəyər qazandırılır, amma neft eləcə xam şəkildə gedir. Bunlar bizim əsas problemlərimizdir. Neftdən asılılığı günbəgün azaltmaq lazımdır. Bu da bir məqam.
Növbəti məqam budur ki, elm əsaslı iqtisadiyyata önəm verməliyik. İqtisadiyyatımızın sürətli templə inkişafı yalnız innovasiya əsaslı iqtisadiyyat sayəsində mümkün ola bilər. Bu gün bizim bunun üçün imkanımız da var; iş görə biləcək hazırlıqlı, təhsilli, savadlı gənclərimiz çoxdur. Hərdən gənc və uğurlu biznesmenlər haqqında eşidəndə, yaxud telekanallar vasitəsilə onları görəndə, insana, həqiqətən də, ləzzət edir; o insanların əllərində olan az sərmayə ilə hansısa sferada – kənd təsərrüfatında, maldarlıqda, sənayedə, yüngül sənayedə, xidmət sektorunda və sairdə işə başladığını və çəkdikləri gərgin, ardıcıl zəhmət sayəsində müəyyən bir yerə gəlib çatdığını müşahidə etməkdən həzz alırsan. İnnovativ ideyalar, elmi işlər vasitəsilə sərvət istehsal etmək də mühüm bir məsələdir.
Digər bir mühüm məqam isə daxili istehsala, İran məhsullarına dəstək olmağımızdır. Biz yerli məhsula dəstək olmaq məsələsinə, həqiqətən, ciddi əhəmiyyət verməliyik; bu, çox ciddi, zəruri və danılmaz bir məsələdir. Dövlət rəsmiləri, müxtəlif sferalarda çalışan rəhbər kadrlar, silahlı qüvvələr (belə ki bu növ məhsulların istehlakında onların önəmli dərəcədə böyük bir payı var) çalışsınlar ki, yerli məhsul olan yerdə xarici maldan istifadə etməsinlər.
Bir də ki, az əvvəl qeyd etdiyim kimi, iqtisadi problemlərin həllini nüvə anlaşmasından və sair bu kimi şeylərdən asılı bilməməliyik. “Nüvə anlaşması olsa, camaatın iqtisadi vəziyyəti yaxşı olacaq, olmasa, pis”, – demək doğru deyil; nüvə anlaşması söhbəti var, bu, gündəmdə olan bir mövzudur, qeyd olunduğu kimi, bu mövzunu bu və ya digər şəkildə qarşılayıb həll etmək lazımdır; qüdrətlə, ağılla, tədbirli bir şəkildə həll etmək lazımdır, amma iqtisadiyyatı buna qatmayın, “Bu olmasa, iqtisadiyyatımız pis vəziyyətə qalacaq, olsa, düzələcək”, – deməyin. Axı özünüz də gördünüz ki, oldu, nüvə anlaşması əldə edildi, amma iqtisadiyyatımızın vəziyyəti düzəlmədi. İqtisadiyyatın başqa amillərə, başqa komponentlərə ehtiyacı var. Bu şeylərlə yoluna düşən deyil.
Burada çox mühüm bir məqam bundan ibarətdir ki, ölkədə pessimizm ruhunun, işlərin çıxmaza dirəndiyi barədə illüziyaların yayılmasına qarşı mübarizə aparmaq lazımdır. Bu, Amerika və Qərbin yürütdüyü məqsədli və düşmən niyyətli bir siyasətdir. Bu məqsədlərinə çatmaq üçün cürbəcür işlər də görürlər. Bu siyasətə qarşı ciddi mübarizə aparmaq lazımdır. İctimaiyyətimizə bacarıqsızlıq, gücsüzlük, ümidsizlik, çarəsizlik ruhu aşılamaq düşmənin danılmaz siyasətidir. Düşmənin məqsədi İran xalqını onda olan iftixar hissindən məhrum etməkdir. Yalan və şayiələr yaymaqla, nöqsanları şişirtməklə, uğur və qələbələri kiçiltməklə camaatımızda bu hissi məhv etmək istəyirlər. Bu gün İran xalqında bir iftixar hissi var; müstəqil olduğunu, öz ayaqları üzərində durduğunu, hörmətli olduğunu, dünyada və regionda nüfuz sahibi olduğunu, keçmişdə və indi mühüm işlər həyata keçirdiyini, gələcəkdə də bu işləri davam etdirəcəyini hiss edir. Xalq qürur hissi keçirir, bu hissi ondan almaq, yox etmək, qələbələrini ona məğlubiyyət kimi göstərmək istəyirlər. Lakin xalqımız və rəsmilərimiz İslam İnqilabının, bu inqilabdan qaynaqlanan özünəinamın bərəkəti sayəsində, həqiqətən, özlərini parlaq surətdə nümayiş etdiriblər. Bu illər ərzində mühüm işlər həyata keçirilib; bizim bir bu qədər problemlərimiz olub, müharibə olub, sanksiyalar olub; bu qədər çətinliklər olub, amma bütün bunlara baxmayaraq, görün, kənd təsərrüfatı, elm, texnologiya, səhiyyə, ümumi maarifləndirmə səviyyəsinin artırılması, beynəlxalq nüfuz, gerçək, düzgün və inama layiq xalq hakimiyyətinin bərqərar edilməsi, ölkənin hər yerində ümumi xidmətlərin genişləndirilməsi baxımından nə qədər işlər görülüb! Həyata keçirilmiş işlər, həqiqətən də, sözün əsl mənasında diqqətəlayiqdir. Düşmən bizim qələbələrimizi də ona görə məğlubiyyət kimi qələmə vermək istəyir ki, ölkədəki problemlərin həllinin açarı olan optimist ruhlu əzm və dinamika yox olsun, xalq bunlardan məhrum olsun.
Allaha şükürlər olsun ki, ölkəmiz güclüdür; əlhəmdulillah, İslam Respublikası güclüdür. Əgər biz zəif olsaydıq, onların bizim qarşımızda bu qədər yaraqlanıb-yasaqlanmasına ehtiyac olmazdı. Özünüz görürsünüz: düşmən bizə qarşı bütöv bir cəbhə qurub, mübarizə meydanına cürbəcür vasitələrlə girib. Bütün bunlar nə üçündür? Əgər biz zəif olsaydıq, düşmənin bu qədər təchizata, özünü öldürüb bir bu qədər, növbənöv silah və vasitələrlə bizim əleyhimizə mübarizə aparmasına lüzum olmazdı; hərbi silah, təbliğat silahı, iqtisadi silah və sair, və sair... hamısından istifadə edirlər. Aydındır ki, biz güclüyük. Bəli, biz güclüyük, o da əlləşib-vuruşur, lakin əlbəttə ki, əlindən heç nə gəlmir; bayaq misal çəkdiyim və daha öncə də qeyd etdiyim kimi. Hər dəfə də məğlub olub, bu dəfə də, Allahın izni ilə, məğlub olacaq.
İqtisadiyyat məsələsi ilə bağlı demək istədiklərimin xülasəsi budur ki, ölkəmiz sahib olduğu imkan və potensialın bərəkəti sayəsində, yaşadığı iqtisadi problemlərə tamamilə üstün gəlməyə qadirdir. Həmin imkanları araşdırıb üzə çıxarmalı, hesaba almalı, keçmiş təcrübələri daim nəzərdə saxlamalı və bunların hamısından daha vacibi, Allahın köməyini unutmamalıyıq. Biz Allahın əmrinin uca tutulması üçün çalışırıq, maddi güc və sair marağında deyilik. Biz İslamın yüksəlişini, İslam şəriətinin cəmiyyətdə reallaşdırılmasını istəyirik. Biz maddiyyatçılığın, fəsadın, insan instinktlərindən doğan cürbəcür günahların bürüdüyü dünyada dini hökmlər əsasında idarə olunan bir hökumət, cəmiyyət və ölkə qurmaq istəyirik. Bizim məqsədimiz budur. Öz məqsədimizə müəyyən qədər nail də olmuşuq, müəyyən məqamlarda uğursuzluqlarımız da olub ki, onları aradan qaldırıb, həmin sahələrdə də uğur əldə etməyə çalışırıq; hədəfimiz budur. Bu hədəflə isə Allahın köməyi mütləqdir. Allah-taala öz köməyini vəd edib və O öz vədinə heç vaxt xilaf çıxmaz.
Son olaraq mən BMT ilə bağlı bir məqama toxunmaq istəyirəm. Obyektiv danışsaq, bu illər ərzində BMT-nin fəaliyyəti heç də təqdirəlayiq olmayıb; daim Amerikanın təsiri altında danışıb, iş görüb, addım atıb. Özünüz müşahidə etmisiniz, görmüsünüz. Katiblərindən biri Səudiyyə hökumətinin Yəməndəki hərəkətlərini qınamışdı, ertəsi gün öz qınağını qınayıb geri götürmüşdü, ondan nə üçün belə etdiyini soruşanda da cavab vermişdi ki, təzyiq var idi, nə bilim, nə var idi. Təzyiq də iki cürdür: pulla təzyiq və qüvvə ilə təzyiq. Pulu Fars Körfəzinin Harunları neftdən gələn gəlir hesabına təmin edirlər, gücü də Amerika təmin edir. Təəssüflər olsun ki, BMT Amerikanın təsiri altındadır. İslam Respublikasına münasibətdə də, həqiqətən, səhlənkarlıqları çox olub, gərək hamısının yerini doldursunlar. Mənim demək istədiyim budur; insan haqları sahəsində Amerika ilə bağlı bir neçə məsələ var ki, BMT onlarla ciddi surətdə məşğul olmalıdır. Bu dosyelər işlənməyib, tamamlanmayıb, yarımçıq qalıb, bəzilərinə ümumiyyətlə heç əvvəldən baxılmayıb.
O bir neçə məsələdən biri Klinton dövründə davudilərin mərkəzinin yandırılmasıdır. Həmin olay nəyə görə araşdırılmır? Xristianlığa bağlı bir sektanın üzvləri olan bir qrup insan bir evdə toplaşmış imiş; hökumət müəyyən səbəblərdən onlara qarşı imiş; bunlar haqlı səbəblər də ola bilər, haqsız da; tutalım, elə haqlı səbəblər olub. Bu kimi situasiyalarda nə edirlər? Adətən belə adamları ya tuturlar, ya da götürüb aparırlar. ABŞ-ın hökumət qüvvələri isə bunların heç birini etməyiblər, həmin evə od vurub yandırıblar, onlarla kişi, qadın və azyaşlı o yanğının içində diri-diri yanaraq qətlə yetirilib. Bu hadisə nəyə görə araşdırılmır? Keçmişində belə bir ləkə olan Amerikanın ona-buna insan haqları ilə bağlı irad tutmağa səlahiyyəti çatırmı? BMT bu işi araşdırmalıdır. Bu, qəti və çox önəmli bir cinayət işidir; bununla hökmən məşğul olmaq lazımdır.
İkinci məsələ Quantanamo həbsxanasıdır; Quantanamo həbsaxanası dünyanın gözü önündədir. Amerikalılar nəyə görə insanları tutub, məhkəmə hökmü olmadan illərlə orada çətin şəraitdə saxladılar? Obamanın qələbəsinin səbəblərindən biri bu olmuşdu ki, o öz seçkiqabağı təbliğat kompaniyasında Quantanamo həbsxanasını bağlayacağı barədə vəd vermişdi, amma bağlamadı. Həmin həbsxana Obamanın hakimiyyətdə olduğu 8 il ərzində də fəaliyyət göstərdi, bu gün də var. Tutalım, Quantanamo bu gün də qapadılsa, onun keçmişi və orada törədilmiş cinayətlər araşdırılmalıdır. BMT bu dosyeni araşdırmalıdır. İnsanları – əsasən Əfqanıstandan və bəzi digər yerlərdən – götürüb ora aparsınlar, əlibağlı, ayağıbağlı, gözübağlı, həddən artıq keyfiyyətsiz qidalanma və ağır həyat şəraitində illərlə saxlasınlar! Zarafatdır? BMT hökmən bu işi araşdırmalıdır.
Həmçinin İraqdakı Əbu-Qureyb həbsxanası da; Əbu Qureyb həbsxanasında məhbuslara qarşı dünyanın ən qəddar işgəncə maşınlarının belə nadir törətdiyi işgəncələrə yol verilib; misal üçün İsrail rejimi tərəfindən törədilmiş işgəncələr, yaxud Pəhləvi rejiminin həbsxanalarında törədilən işgəncələr; hərçənd onlar da elə israillilərdən qaynaqlanırdı. Əbu Qureybdəki işgəncələr onlardan da betər və ağır idi. Düzdür, hazırda amerikalılar oradan çıxıb və Əbu Qureyb həbsxanası iraqlıların öz əlindədir, amma dosye dosyedir, araşdırılmalıdır; çox mühüm bir məsələdir.
Əfqanıstanda da Əbu Qureyb həbsxanasına bənzər, Amerikaya məxsus bir həbsxana var idi. Amerikanların idi, amma Əfqanıstanda yerləşirdi. Əfqan hökumətinin yox, Amerikanın ixtiyarında idi. Əfqanlar şikayət edirdilər, Əfqanıstan rəsmiləri narahat idilər, bizə də demişdilər, hamının da bundan xəbəri var idi. Quantanamo və Əbu Qureyb həbsxanalarında baş verənlər Əfqanıstandakı o həbsxanada da baş verirdi. Avropada da bu tip həbsxanaları olub, amma onlardan bir o qədər də geniş məlumatımız yoxdur.
BMT-nin araşdırmalı olduğu məsələlərdən biri də Amerikada odlu silahların sərbəst şəkildə satışıdır. Həmin silahlarla bu qədər cinayətlər törədilir. Eşidirik, görürük; hər gün orta məktəbdə, universitetdə, marketdə, küçədə hansısa yeniyetmə, gənc, kişi, yaxud da qadın müəyyən səbəbdən – əsəbləri yerində olmayanı var, ruhi xəstəsi var, şəxsi həyatında problemlər yaşayanı var – bir qrup adama atəş açır, 10 nəfəri, 20 nəfəri, 80 nəfəri qətlə yetirir, ailələrinin ürəyini dağlayır. Bunun qarşısını nəyə görə almırlar? Səbəbi odur ki, silah satışı ilə məşğul olan şirkətlər buna mane olur, hakimiyyətdə olan administrasiyalar isə həmin şirkətlərin təsiri altındadır. Bu, çox önəmli bir mövzudur və BMT bu işə qarışıb lazımi tədbirlər görməlidir. Bu da bir məsələ.
Digər bir məsələ isə ABŞ dövləti və Amerika polisinin qaradərililərə qarşı cinayətkarcasına rəftarıdır. Qaradərili müttəhim və şübhəlilər cürbəcür əziyyətlərə məruz qalır, hətta qətlə yetirilir və bundan heç kim narahat olmur. Sonra da hansısa məhkəmədə başdansovdu bir araşdırma aparıb qatili sərbəst buraxırlar, o yazığın da qanı yerdə qalır. Bu məsələni də araşdırmağa dəyər.
Amerika ilə bağlı digər bir məqam isə İŞİD-in məhz bu dövlət tərəfindən yaradılmasıdır. ABŞ-ın hazırkı prezidenti seçkiqabağı təbliğat kompaniyası zamanı özü bunu açıq-aşkar dilə gətirib demişdi. Əlbəttə ki, bizim bundan daha əvvəl də xəbərimiz var idi, amerikalıların İŞİD-in meydana çıxmasında rolu olduğunu, bu məsələni məhz onların təhrik etdiklərini bizə söyləmişdilər; sözsüz ki, onlar bunu müəyyən məqamlarda dolayısı ilə, müəyyən məqamlarda isə birbaşa surətdə ediblər. Bizim məlumatımız var idi ki, İraqda müxtəlif situasiyalarda bunlar İŞİD-ə yardım göstəriblər; neft satışında, mühasirəyə düşən İŞİD başçılarının qaçırılmasında – bütün bu işlərdə amerikanlar İŞİD-ə dəstək veriblər. Sionistlərə də törətdikləri qırğınlarda çox kömək göstəriblər; bu yaxınlarda Qəzzada törədilən qırğında da o cümlədən.
Bu siyahıya ABŞ-ın Yəməndə qırğınlar törədən Səudiyyə dövlətinə və ölkəsində xalqa qarşı cinayətlərə yol verən Bəhreyn hakimiyyətinə göstərdiyi köməyi də əlavə etmək olar. Bunlar elə məsələlərdir ki, BMT hökmən işə qarışıb tədbir görməlidir. BMT əgər “millətlər” təşkilatıdırsa, Amerika rejimindən asılı bir təşkilat deyilsə, bu proseslərə müdaxilə etməlidir. Bunlar BMT-nin, mütləq, həyata keçirməli olduğu işlərdir. Bu məsələlərin araşdırılmasını tələb etmək çox şeymi istəmək deməkdir?
İslam Respublikasının sözü və mövqeyi möhkəmdir, dəlillərə əsaslanır, sübuta yetirilə bilər. Sadaladığım bütün bu məsələlərdə Amerikanı ittiham ediriksə, güclü sübut və arqumentlərimiz var; Avropaya etimad etmiriksə, ciddi dəlillərimiz var. Əgər ölkədəki iqtisadi problemlərin həllindən danışarkən daxili imkan və potensiala arxalanmaq lazım olduğunu deyir və buna inanırıqsa, bunun da arxasında güclü bir arqument var. BMT-yə yönəltdiyimiz bu istək və gözləntilər də hamısı möhkəm dəlillərə əsaslanır. Bu günə qədər İslam Respublikasını, Allahın lütfü sayəsində, qüdrətli və möhkəm bir şəkildə qoruyub saxlayan, günbəgün daha da möhkəmləndirən, 20-30 il bundan öncəki ilə müqayisədə qat-qat daha güclü və sarsılmaz edən də məhz dövlətimizin sözü və mövqeyində müşahidə olunan bu möhkəm əsaslandırma, güclü arqumentlər olmuşdur. İslam Respublikasının güc və iqtidara doğru aparan bu hərəkatı, inşallah, bundan sonra da inkişaf edəcək; bu hərəkat eyni zamanda dövlətin daxili strukturunun möhkəmləndirilməsi, rəsmilərin iqtisadi, mədəni və qeyri sferalarda xalqla davranışlarını düzgün qurması ilə müşayiət olunmuşdur. Ümidvaram, Allah-taala dilə gətirib dediyimiz və ürəyimizdə arzuladığımız istiqamətdə hərəkət edə bilməyimizə yardımçı olacaq.
Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, İslam Respubikası və İran xalqının başını günbəgün daha da uca et. Pərvərdigara! İşinə can yandıran, xalqın vəziyyəti ilə maraqlanan və ona yorulmadan xidmət edən rəsmilərimizə qüvvət ver. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, dahi liderimiz İmam Xomeyninin ruhunu məhşərə övliyalarınla birgə gətir! Bu yolun əziz şəhidlərini məhşərə ilk İslam şəhidləri ilə birgə gətir. Aqibətimizi xeyirli et. Ramazan ayını bizim üçün mənəvi yüksəliş, mənən və ruhən saflaşma ayı et. Pərvərdigara! Deyib-eşitdiklərimizin Sənin üçün və Sənin yolunda olmasını bizə nəsib et və onları bizdən bərəkətlə qəbul et.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_____________________________
(1) Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir
(2) Barak Obama nəzərdə tutulur
(3) Zaldakı insanlar gülür
(4) Yeni mühafizəkarlar; Amerikada siyasi cərəyandır.
(5) Ərəb zərbi-məsəlidir.
(6) Misirin devrilmiş prezidenti
(7) Corc Uoker Buş
(8) Donald Tramp
(9) Mayk Pompeo
(10) Höccətül-İslam vəl-muslimin Əkbər Haşimi Rəfsəncani
(11) Uran zənginləşdirmə zavodu
(12) Bu zərbi-məsəl Allahın Rəsulundan (s) nəql edilən bir hədisə əsaslanır
(13) BMT Təhlükəsizlik Şurasının 15 üzvünün səs çoxluğu ilə qəbul edilmiş, nüvə sazişinin tam şəkildə icrasını və sazişdə qeyd olunan sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan qətnamə.
(14) Hökumət rəsmiləri ilə görüş (03.05.1391)
(15) Hökumət rəsmiləri ilə görüş (25.03.1395)