Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyni (r.ə) adına hüseyniyədə keçirilən Quran məclisində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله‌ ربّ العالمین و صلّی الله علی محمّد و آله الطّاهرین

Allah-taalaya şükürlər edirik ki, bir daha, daha bir ramazan ayında bu nurlu tədbirdə iştirak edərək Quranın feyzindən mənəvi tutumumuz yetdiyi qədər bəhrələnə bilmək üçün bizə ömür və fürsət verdi. Quran tilavət edən, proqramda çıxış edən, bu nurlu məclisin mənəvi tərtibatına yardımçı olan hər kəsə təşəkkürümü bildirirəm. Allaha şükürlər olsun ki, Quran, onun təlimləri, Quranın öyrənilməsinə, əzbərlənməsinə, Quranın mənaları barədə düşünməyə olan şövq və həvəs ölkəmizdə günbəgün daha da genişlənir; bunlar İslam İnqilabının bərəkətli nəticələridir. Lakin buna baxmayaraq, biz hələ Qurandan çox uzağıq, bizimlə Quran arasında hələ xeyli məsafə var. Quran bizim bütün həyatımızın, bütün zehniyyətimizin, hərəkətlərimizin, fikirlərimizin, niyyətlərimizin, davranışlarımızın indi olduğundan da çox bələdçisi, rəhbəri və pənah yeri olmalıdır. Təəssüflər olsun ki, bu gün bu belə deyil; biz Qurana yaxınlaşmalıyıq.

Əziz gənclər, Quranla ünsiyyətinizi günbəgün daha da artırın, Qurandakı mənalar haqda daha çox düşünməyə çalışın, Quranı tilavət etməyi, onun haqqında düşünməyi unutmayın. Bayaq Əmirəl-möminin Əlinin (ə) bir xütbəsi oxundu. Orada buyurulur:

(1) ما جالَسَ اَحَدٌ هذَا القُرآنَ اِلّا قامَ عَنهُ بِزیادَةٍ اَو نُقصانٍ زیادَةٍ فی هُدًی وَ نُقصانٍ عَن عَمًی

 – Quranla bir müddət oturduqdan sonra ondan bəhrələnərək qalxıb yanından getdiyimiz zaman doğru yola daha çox istiqamətlənmiş olmalı, qəlbimizin korluğu azalmalıdır. Allah-taalanı bir qədər də artıq tanımalı, ilahi təlimlərlə ünsiyyətimiz daha da artmalı, Allaha daha da yaxınlaşmalı, ibadətə şövqümüz daha da çoxalmalıdır.

Bu gün İslam dünyasının bəlası Qurandan uzaq olmağıdır; bəzi müsəlman toplumlarının düçar olduğu ziyan və müsibətlər Qurandan uzaq olmalarından qaynaqlanır. Fələstinin vəziyyətinə baxın! Bütöv bir xalq yurd-yuvasından didərgin düşüb, o torpaqlarda qalanlar isə min cür təzyiq və əzab-əziyyətə məruz qalır. Elə bir neçə gün bundan qabaq bunun daha bir nümunəsini müşahidə etdik; işğalçı, xəbis, qondarma bir rejimin əli ilə çoxlu sayda insan şəhid edildi, minlərlə adam yaralandı, müsəlmanlarsa baş verənləri sadəcə olaraq kənardan seyr edirlər. Bəziləri gileylənirlər ki, “Amerika nəyə görə bu hadisələrə mövqe bildirmədi?” Məgər Amerika mövqe bildirməlidir ki?! Amerika özü bu cinayətə şərikdir; Qərb dövlətlərinin əksəriyyəti bu cinayətə ortaqdır. Siz hələ gözləyirsiniz ki, onlar mövqe də bildirələr?! Mövqeyi müsəlmanlar bildirməlidirlər! Mövqeyi İslam ümməti bildirməlidir; ayağa qalxıb ortaya qəti mövqe qoymalı olanlar İslam ümməti, müsəlman dövlətləri, müsəlman ölkələrinin hökumətləridir; amma etmirlər. Nəyə görə? Çünki Qurandan uzaqdırlar; çünki Qurana etiqadları yoxdur. Az öncə “Fəth” surəsinin o şərif ayəsi tilavət olundu:

اَشِدّاءُ عَلَی الکُفّارِ رُحَماءُ بَینَهُم

“... kafirlərə qarşı sərt, öz aralarında (bir-birinə) mehribandırlar”. (“Fəth” surəsi, 29-cu ayədən)

Biz din düşmənlərinin, kafirlərin qarşısında sərt, öz aramızda isə mehriban olmalıyıq; amma əksini edirlər; düşmənlər bizim aramızda müharibələr, konfliktlər, şiə-sünni davası, ərəb-fars söhbəti və sair bu kimi problemlər yaradırlar, Qurandan, sağlam ağıl və məntiqdən uzaq olan bəzi hökumət başçıları da kafirlərin oyununa düşərək onlara təslim olurlar. Biz Qurandan uzağıq; Quran bizim nə etməli, necə davranmalı olduğumuzu müəyyənləşdirib. Quran onları bizə tanıtdırıb:

قَد بَدَتِ البَغضاءُ مِن اَفواهِهِم وَ ما تُخفی صُدورُهُم اَکـبَر

“Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür”. (“Ali-İmran” surəsi, 118-ci ayədən)

Bu gün bu ayələr hamısı tilavət olundu; bunlar Quranın ayələridir. Onların İslama və müsəlmanlara qarşı olan düşmənçiliyi qurtaran deyil;

وَ ما نَقَموا مِنهُم اِلّا اَن یُؤمِنوا بِاللهِ العَزیزِ الحَمید

“Onlardan (möminlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar”. (“Buruc” surəsi, 8-ci ayə)

Onların düşmənçiliyinin səbəbi bizim İslama üz tutmağımızdır. Biz Qurandan uzağıq; İslam ümməti Qurandan uzaqdır. Özümüzü Qurana yaxınlaşdırsaq, şübhəsiz ki, kimliyindən asılı olmayaraq, düşmənimizə qalib gələcəyik; 

وَلَو قاتَلَکُمُ الَّذینَ کَفَروا لَوَلَّوُا الاَدبارَ ثُمَّ لایَجِدونَ وَلِیًّا وَلا نَصیرًا سُنَّةَ اللهِ الَّتی قَد خَلَت مِن قَبلُ وَلَن تَجِدَ لِسُنَّةِ اللهِ تَبدیلا

“Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) əsla bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və möminlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar)”. (“Fəth” surəsi, 22-23-cü ayələr)

İlahi vəddir, Quranın vədidir;

وَ لَیَنصُرَنَّ‌ اللهُ مَن یَنصُرُه

“Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər”. (“Həcc” surəsi, 40-cı ayədən)

Bu şeyləri Qurandan öyrənməli, mənimsəməli, bu istiqamətdə işləməliyik. Bu tip tədbirlər müqəddimədir; bu cür məclislər, Quranın oxunuşunun, avazla tilavətinin öyrənilməsi müqəddimədir. Qurandakı mənalar üzərində dərindən düşünməyin, onları dərk etməyin, Quran təlimlərindən xəbərdar olmağın və onlara əməl etməyin müqəddiməsidir.

Biz Qurana doğru irəliləyişimizi davam etdirməliyik. Mənim əzizlərim, mömin, inqilabçı İran gəncləri! Quranla tanışlığınızı, ünsiyyətinizi günbəgün daha da artırın, Qurandan daha çox bəhrələnməyə çalışın. Bu sizin üçün güc, iqtidar və nüfuz mənbəyi olacaq. Ümidvaram, inşallah, bizim hamımızda bir oyanış olacaq, bütün İslam dünyası oyanacaq və biz bu işləri həyata keçirə biləcəyik. Allahın köməyi və izni ilə, istənilən halda, Fələstin düşmənlərin əlindən xilas olacaq. Qüds Fələstinin paytaxtıdır; nə Amerika, nə ondan daha böyüyü, nə ondan daha kiçiyi, nə də Amerikanın əlaltıları həqiqətin və Allahın Fələstin üçün müəyyən etdiyi qaydanın qarşısında heç bir qələt edə bilməyəcəklər! Allah-taaladan bütün İslam və Fələstin şəhidləri, xüsusilə də son bir neçə gündə şəhid olanlar üçün bağışlanma, haqq yolunda, Allahın yolunda mübarizə aparan insanlar üçün bu yolda daha böyük mətanət və dözüm diləyirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_____________________

(1) Nəhcül-bəlağə, 176-cı xütbə