Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “İslam elmlərinin tədqiqi və genişləndirilməsində şiə alimlərinin rolu” mövzulu konfransın iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّیّبین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Əziz qonaqlar, çox xoş gəlmisiniz, bu elmi və ictimai hərəkatda iştirak etdiyinizə görə sizə öz təşəkkürümü bildirirəm, həmçinin bu faydalı və inşallah ki, gələcəyi uğurlu olacaq tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Həzrət Ayətullah Məkarimə də, (2) həqiqətən, dəyərli bir təşəbbüs göstərərək bu böyük işə start verdiyinə görə şəxsən təşəkkürümü bildirirəm. Bu işi davam etdirib, inşallah, çox yaxşı nəticələr əldə etmək olar.

Əziz qardaşlar, əziz bacılar, bu gün İslam ümmətinin birləşməsinə xidmət edən istənilən hərəkət bərəkətlidir, savabdır; İslam düşmənlərinin niyyəti ümmət içərisində konflikt yaratmaqdır; İslama iman gətirmiş bizlərin isə niyyəti İslam dünyasında, müsəlman ümməti içərisində vəhdət yaratmaq, ümmətin məzhəb və firqələrini bir-biri ilə tanış edib yaxınlaşdırmaq olmalıdır. Sizin başlatdığınız bu hərəkat, bu konfrans da İslam ümmətinin vəhdəti istiqamətində görülən işlərin bir nümunəsidir. Bizim daim bir problem kimi yanaşdığımız mövzulardan biri də budur ki, müsəlman firqələri bir-birini doğru-dürüst tanımır, bir-biri haqda düzgün və reallığa uyğun məlumatları yoxdur. Bir çox hallarda düşmənlər, xaricilər, yadellilər gəlib, düşmənçi yanaşma ilə, çirkin və qərəzli niyyətlərlə, ədavət yaratmaq məqsədilə bu firqələri bir-birinə öz istədikləri formada təqdim etmişlər. Son 100-150 illik tarixə nəzər salsaq, buna bir çox açıq-aşkar nümunələr görə bilərik. Elə bu son bir neçə ildə baş vermiş olaylarda İslam firqələrinin hansısa bir firqəyə və ya əksinə yanaşmasında hansı formada mühakimə yürüdüldüyünün çox şahidi olmuşuq. Düşmənlər gəlib bizi bir-birimizə çirkin simada tanıtdırır, bir-birimizin gözündən salırlar; bu, düşmənlərin işidir. Bizim bir-birimizi daha yaxşı, daha yaxından, daha düzgün tanımağımıza, bir-birinin güclü cəhətlərini öyrənməyimizə, bu cəhətləri bir istiqamətə yönəltməyimizə yol açan istənilən addım İslam ümmətinin birliyinə, bölünməzliyinə və yüksəlişinə xidmət edir. Sizin keçirdiyiniz bu konfrans da bu qəbildən olan işlərdəndir.

Tarix boyu İslam və təbiət elmlərinin yüksəlişində şiə alimlərinin diqqətəlayiq dərəcədə böyük xidmətləri olub. Onların fiqh, hədis, fəlsəfə, özəlliklə də rasional elmlər, sxolastika kimi İslam elmləri sahəsində yazdığı, bu gün əlimizdə olan əsərlər, həqiqətən də, hər bir müsəlman üçün qürur mənbəyidir. Bunu bilməliyik, müsəlman ümməti bunu bilməli, bu barədə məlumatlı olmalı, bunu hiss etməlidir. Bu bizim bir-birimizə yaxınlaşmağımıza, bir-birimizi daha yaxşı tanımağımıza kömək edə bilər.

Şiə alimləri arasında müxtəlif din elmləri sahəsində – fiqhdə, fəlsəfədə, sxolastikada, ricalda, hədisdə Əllamə Hilli, Şeyx Tusi və sair bu kimi öndə gələn alimlər çox olmuşdur. Sevindirici haldır ki, elə bizim öz dövrümüzdə də bu qəbildən olan şəxsiyyətlər olub. Onların Quran, Quran elmləri, Quran təfsiri barədə yazılmış kitabları çox önəmli, problemlərin həlli yolunu ortaya qoyan əsərlərdir. Bunlar təqdim olunsa, tanıtdırılsa, müxtəlif İslam firqələri bir-birinin əsərləri ilə tanış olsalar, çəkilən zəhməti hamı görsə, İslam ümməti bütün bu işlərdən iftixar duyar və bu, İslam ümmətinin birlik və bölünməzliyinə yol açar.

Və gördüyümüz hər bir işdə – o cümlədən siz də həyata keçirdyiniz bu elmi hərəkatda – diqqətli olmalıyıq ki, müsəlman firqələri arasında ikitirəliyə, parçalanmaya, uzaqlaşmaya, giley-güzara səbəb ola biləcək heç bir boşluq, heç bir nöqsan olmasın; çünki bu, düşmənlərin arzuladığı bir şeydir. Deməli, əsas məsələlərdən biri İslam ümmətinin birliyidir. Düşünürəm ki, inşallah, sizin bu konfransınızla bu birliyin önəmli dərəcədə böyük bir qismi təmin olunacaq.

Digər bir mühüm məsələ isə elmi inkişaf məsələsidir. İslam dünyası elmi cəhətdən inkişaf etmədiyi üçün geri qalıb, başqalarının ağalığı altında olub. Əsrlər boyu geridə qalmış, elmləri müsəlmanlardan öyrənmiş, müsəlmanların yazdığı kitabları əldə rəhbər tutaraq inkişafa doğru addımlamış Qərb dünyası elmi inkişaf baxımından İslam ölkələrindən və İslam dünyasından önə keçməyi bacarıb. Bu onların varlanmasına, hərbi cəhətdən güclənməsinə, siyasi iqtidarının və təbliğat gücünün artmasına səbəb olub. Bundansa müstəmləkəçilik yaranıb, bir təzahür kimi müstəmləkə ortaya çıxıb, müsəlman ölkələri müstəmləkəçilərin qanlı və amansız çəkmələrinin altında tapdağa çevrilib, müsəlmanlar geriliyi, inkişafdan məhrum qalmanı bütün varlıqları ilə, elmin bütün sferalarında hiss ediblər və sonda bu, hazırda müşahidə etdiyiniz vəziyyətlə sonlanıb: dünya, xüsusilə də Qərb dövlətləri, yer üzünün şeytanları müsəlman ölkələri, müsəlman xalqları üzərində hegemonluq edir, öz istəklərini onlara diktə edir və təəssüflər olsun ki, müsəlman ölkələrinin əksər hökumət başçıları da onların dediyi ilə oturub-dururlar. Bütün bunların səbəbi müsəlmanların elmi cəhətdən geridə qalmasıdır.

Biz bu vəziyyəti dəyişməliyik; biz İslam dünyasında bütün elm sahələrində – rasional elmlərdən tutmuş humanitar və sosial elmlərə, təbiət elmlərinə qədər, sivilizasiyaya xidmət edən hər bir elm sahəsində inkişafa doğru ciddi bir hərəkata start verməliyik; və biz buna qadirik. İslam dünyası bir vaxtlar bəşər sivilizasiyanın zirvəsində olub; nəyə görə bu təkrarlanmasın, nəyə görə biz uyğun bir zamanda – 40 il sonra, 50 il sonra – İslam ümmətinin insan sivilizasiyasının zirvəsində olması üçün bu gün işə başlamayaq? Buna nə mane olur? Hərəkət etməli, iş görməliyik. Bu, hökumətlərin, ziyalıların işidir; bu işdə həm müsəlman ölkələrində hakimiyyətdə olan dairələrin, həm də İslam dünyasının ziyalılarının öhdəsinə müəyyən vəzifələr düşür. İslam dünyasının alimləri, ziyalıları, yazarları, şairləri, incəsənət adamları elmi inkişafa nail olmaq, elmi biliklərin zirvəsinə yetişmək üçün böyük bir ideoloji hərəkata start verməli, ümumi bir istək ortaya qoymalıdırlar. Və bu gün bu mümkündür.

Biz İslam Respublikasında bu məqsəd üçün çalışıb səy göstərdik və bizim səylərimiz uğurlu oldu. Bu gün biz İslam İnqilabından əvvəlki – şah diktaturası dövründəki vəziyyətlə müqayisədə elmi cəhətdən çox böyük irəliləyişlər əldə etmişik, bu sahədə inkişaf tempimiz çox yaxşı olub. Dünyanın mötəbər elmi təşkilatlarının təqdim etdiyi hesabatlara əsasən, ötən bir neçə il ərzində İslam Respublikasının elmi inkişaf tempi dünya ölkələri üzrə orta göstəricidən 13 dəfə çox olub. Bunu biz demirik, bu məlumatı dünyanın mərkəzi elmi qurumları öz rəsmi sənədlərində yayıb. Əlbəttə ki, biz çox geridə olduğumuza görə dünya ölkələri ilə müqayisədə 13 dəfə artıq olan bu inkişaf tempi hələ bizi arzulanan səviyyəyə gətirib çıxara bilməyib, amma diqqətəlayiq dərəcədə irəliləməyi bacarmışıq və bundan sonra daha da irəli gedəcəyik.

Biz demişik ki, elmi hüdudları aşmalı, dünya elminin sərhədlərini keçməliyik. Bunun üçünsə hərəkət etməliyik. İnşallah, bunu edəcəyik, İslam Respublikası bunu edəcək. Əlbəttə ki, Qərbdən tam fərqli bir şəkildə. Qərblilər qısqancdırlar, yəni əllərində olanı, ən yaxşı elmi nailiyyətlərini heç kəslə bölüşmək istəmirlər. Düzdür, artıq uzun müddət istifadə olunmuş bəzi nailiyyətlərini dünyaya ötürürlər, ən son və parlaq nailiyyətlərini isə əsla heç kəsə açmırlar. Onlardan fərqli olaraq, biz isə demişik ki, əldə etdiyimiz istənilən uğuru müsəlman ölkələrindəki qardaşlarımıza ötürməyə hazırıq; bütün sferalarda.

Bu hərəkatı davam etdirmək lazımdır. Biz İslam elmləri sahəsində də inkişaf edib irəli getməliyik. Fiqh sahəsində bizim fiqhi məsələlərə yeni bir tərzdə yanaşmağa ehtiyacımız var. Bir qədər əvvəl çıxış edən cənabların qeyd etdiyi ixtisaslaşmış fiqh məsələsi məhz bu problemə toxunurdu. Fiqh elmi ölkənin və bəşər cəmiyyətinin müxtəlif idarəetmə sferalarında yeni söz deyə bilər, İslam fiqhi yeni söz, yeni fikir ortaya qoya bilər. Bu sahələrdə işləmək lazımdır. Bu, fiqh barədə.

Fələsəfə və rasional elmlərdə isə irəliləyişimizi sürətləndirməliyik. Sevindirici haldır ki, şiə toplumlarında, xüsusilə də İranda rasional elmlər çox yaxşı inkişaf edib. Keçmişdən bəri də bu cür olub; rasional elm sahələrində bizim ölkəmizdə, eləcə də ümumilikdə İslam dünyasında böyük alim və mütəfəkkirlər olub, onların əsərləri bu gün də əldədir, lakin yenə də rasional elmlərin inkişaf etdirilməsinə ehtiyac var. Qərblilər öz fəlsəfələrini tətbiq etməklə bir sıra siyasi, administrativ, sosial problemlərini həll ediblər. Dünən mən kitab sərgisində fəlsəfənin futbola təsiri barədə Qərb müəlliflərinin yazdığı kitabları gördüm. Fəlsəfəni futbola da tətbiq edirlər! Baxın, bu öz ideologiyasını həyatın bütün sferalarına tətbiq etmək deməkdir. Bunu biz də etməliyik. Fəlsəfə cəhətdən biz güclüyük; İslam fəlsəfəsi Qərb fəlsəfəsindən daha güclü, daha fundamental, daha əsaslıdır, lakin onun həyata, yaşama tətbiqi hiss olunmalıdır. Bizim fəlsəfəmizin hakimiyyətlə, sosial problemlərlə, iqtisadiyyatla, ümumilikdə sivilizasiyanın formalaşması ilə bağlı olan bütün məsələlərdə hansı mühakimələri yürütdüyü aydınlaşmalı, məlum olmalıdır. Bütün bu işləri həyata keçirmək lazımdır. Bu dediklərim İslam dininə aid elmlərlə bağlı idi, təbiət elmləri sahəsində də məsələ eynilə bu cürdür. 

Xoşbəxtlikdən, bu gün İslam dünyasında oyanış yaranıb; hərçənd qərblilər bu oyanışı inkar etmək üçün çox çalışdılar. Qərbi Asiya və Şimali Afrika regionlarında, ərəb ölkələrində baş verən proseslər məhz islami oyanış idi. Bu bir oyanışdır və bu oyanış İslam dünyasının hər yerində baş qaldırıb. Gənclərin aydınlaşdırmaq istədiyi məsələlər var, sualları var və onlar bu suallarına İslam dinindən cavab eşitmək istəyirlər; bunu İslamdan gözləyir, İslama üz tuturlar. Qərblilərin İslam dini, islami həyat tərzi əleyhinə apardığı bu qədər təbliğata rəğmən, bu gün İslama maraq getdikcə artır, axın böyükdür. Bu axın bizə onu müjdə verir ki, inşallah, İslam dünyasının sabahı bu günündən çox-çox yaxşı olacaq. İnşallah, İslam dünyası o günlərin şahidi olacaq ki, müsəlman ümməti İslama uyğun sivilizasiya və həyat tərzinin zirvəsində olacaq, İslamın düşmənləri, Amerika və onun kimi digər hegemonlar daha müsəlman ölkələrinin başçılarına “bunu etməlisiniz, onu etməlisiniz” deyib göstəriş verməyəcəklər. Bir vaxtlar belə olub, bu gün də, təəssüflər olsun ki, tək-tük hallarda bunu müşahidə etmək olur; inşallah, artacaq, genişlənəcək və İslam dünyası, Allahın izni və mərhəməti sayəsində özünün zirvə nöqtəsinə yetişəcək.

Bir daha hamınıza təşəkkürümü bildirirəm və ümid edirəm ki, bu elmi hərəkat davam etdiriləcək. Konfransın ərsəyə gəlməsi üçün zəhmət çəkmiş hər kəsə, bütün təşkilatçılara şəxsən Həzrət Ayətullah Məkarimə bir daha təşəkkür edirəm. Ümidvaram, Allah onu qoruyacaq, uğurlarını bol edəcək, Allaha şükürlər olsun ki, onda həmişə var olmuş və bu gün də var olan enerji və stimulu günbəgün daha da artırıb davamlı edəcək, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________

(1) Görüşün əvvəlində konfransın katibi Höccətül-İslam Dr. Məhəmmədəli Rzayi İsfahani məruzə ilə çıxış etmişdir. “İslam elmlərinin tədqiqi və genişləndirilməsində şiə alimlərinin rolu” mövzulu konfrans cari ilin ordibeheşt ayının 20-si və 21-də Qum şəhərində keçirilmişdir. 
(2) Ayətullah Nasir Məkarim Şirazi