Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Əmək və Zəhmətkeşlər günü münasibətilə ölkənin fəhlə ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Mənim əzizlərim, çox xoş gəlmisiniz; bugünkü gəlişinizlə, sədaqətli, əsl möminə və inqilabçıya xas iştirakınızla, çıxışlarınızla, səsləndirdiyiniz fikirlərlə hüseyniyəmizi işıqlandırdınız, zəhmətkeş, imanlı və fədakar bir toplumun böyük bir kəsimi ilə görüşməyin şirinliyini bizə daddırdınız. Ölkəmizin fəhlə ictimaiyyəti – az öncə qeyd olundu, mən də bunu dönə-dönə demişəm – həqiqətən də, ixlaslı, mömin, sadiq, zəhmətkeş – nəinki təkcə zavodlarda, hətta inqilabın özü, müdafiəsi üçün inqilabi mübarizə meydanlarında, Müqəddəs Müdafiə dövründə böyük zəhmət çəkmiş bir ictimaiyyətdir.

Bu gün “Nime-ye şəban”a yaxın olan bir gündür. Mən “Nime-ye şəban” bayramı barədə bir cümlə ilə bunu demək istəyirəm ki, “Nime-ye şəban” gələcəyə ümidin simvoludur; yəni bizim müxtəlif şeylərə bəslədiyimiz ümidlər gerçəkləşə və ya gerçəkləşməyə bilər, yer üzünün sonda Allah-taalanın göndərdiyi mütləq rəhbər – Həzrət Sahibəzzaman vasitəsilə (Allah onun zühurunu tezləşdirsin, ruhlarımız ona fəda olsun!) islah olunacağına olan ümid isə heç bir şübhə yeri qalmayan, gerçəkləşəcəyi danılmaz olan bir ümiddir.

(2) السَّلامُ عَلَیکَ یا وَعدَ اللهِ الَّذی ضَمِنَه

Gerçəkləşəcəyinə Allah-taalanın zəmanət verdiyi bir vəddir.

(3) السَّلامُ‌ عَلَیکَ‌ اَیُّهَا العَلَمُ‌ المَنصُوبُ‌ وَ العِلمُ المَصبُوبُ وَ الغَوثُ وَ الرَّحمَةُ الوَاسِعَةُ وَعداً غَیرَ مَکذُوب

Bu, heç bir vəchlə pozulmayacaq, möhkəm və toxunulmaz olan bir ilahi vəddir. Bunu təkcə biz – şiələr demirik, təkcə biz müsəlmanlar da demirik, yer üzündəki bütün dinlər elə bir günün gəlişinin intizarındadır. Bizim işimizin üstünlüyü ondadır ki, biz kimi gözlədiyimizi bilirik, varlığını hiss edirik, hazırda bizimlə bərabər olduğunu qəbul edirik, onunla söhbət edirik, ona müraciət edirik, ondan istəyirik, o da bizə cavab verir; fərq bundadır. Başqaları – şiə olmayan müsəlmanlar, qeyri-müsəlmanlar naməlum, qeyri-müəyyən bir şeyə etiqad bəsləyirlər. Biz şiələr isə yox; nə istədiyimiz, kimə üz tutub, kiminlə söhbət etdiyimiz məlumdur. “Nimeye-şəban” ümid günüdür. Mənim əzizlərim, əziz gənclər, əziz zəhmətkeşlər! Ümidin qədrini bilin, onu qəlbinizdə qoruyub saxlayın; bu gün böyük dövlətlərin ağalığı altında olan dünyanın zülmətlərə bürünmüş, qaranlıq, korlanmış simasının bir gün dəyişəcəyinə olan bu ümidi itirməməyə çalışın. Bilin və əmin olun ki, bu vəziyyət dəyişəcək; əmin olun ki, bu gün dünyada müşahidə etdiyiniz bu zülmlər, əzab-əziyyətlər, bu hegemonluq, bu iftiralar, bu xəbisliklər, rəzilliklər (hansıların ki ən bariz təzahürü Amerikanın və sionist İsrailin başçılarıdır; başqaları da aşağı-yuxarı elə onların tayıdır) – bütün bunlar, heç şübhəsiz, bir gün dəyişəcək. Bu ümid bizdə var. Biz, inşallah, o günün irəli düşməsi, yaxınlaşması üçün kömək etməli, dualar edib bunu Allahdan istəməli və özümüz də əlimizdən gəldiyi qədər çalışmalıyıq. 

Şəban ayı barədə də bir neçə kəlmə demək istəyirəm; şəban ayının əhəmiyyətini diqqətdən qaçırmaq olmaz. Ramazan ayı kimi, şəban ayı da əvvəlindən axırına qədər bayramdır. Ramazan ayı başdan sona bayramdır; Allaha yaxın olan kəslərin bayramıdır. İnsanın öz nəfsini saflaşdırmaq, qəlbini nurlandırmaqla məşğul ola bilməsi üçün xüsusi bir mövqeyə malik olan hər bir gün bayramdır, o günü qənimət bilmək lazımdır. Şəban ayı da ilk günündən son gününə qədər bu cür fürsətlərlə bol olan bir aydır. Bu ayda bağışlanma diləmək, dua etmək, ziyarət etmək, göz yaşı və yalvarışlarla ilahi dərgaha üz tutmaq, Quran oxumaq, namaz qılmaq – bunlar hamısı fürsətdir. Biz öz dünyəvi həyatımızı abadlaşdırmaq, daha yaxşı vəziyyətə gətirmək üçün əlimizdən gəldiyi qədər çalışmalıyıq, buna əsla şübhə yoxdur, lakin qəlbimizi də abadlaşdırmağa, oranı da daha yaxşı vəziyyətə salmağa səy göstərməliyik; qəlbimizi abadlaşdırmalıyıq. Yalnız abad vəziyyətdə olan bir qəlblə yaxşı dünya qurmaq olar; qəlb abad olmazsa, qəlb çirkin, qara və günahkar olarsa, ola bilsin ki, insan texnologiyanı bu gün olduğu səviyyədə, bəlkə, ondan da yuxarı səviyyədə inkişaf etdirə bilər, amma dünya şirin, ürəkaçan bir dünya olmaz. Bu gün dünya acılarla, ədalətsizliklə dolu bir dünyadır. Dünya o zaman şirin və ürəkaçan olar ki, qərar qəbul edənlərin, addım atanların, hərəkət edənlərin və əgər alınarsa, ümimilikdə bütün insanların qəlbi abadlaşa, aydınlana. Şəban ayına diqqətsiz yanaşmayın. 

Mən bir neçə cümlə ilə fəhlə və zəhmətkeşlərimizin problemlərinə toxunacağam. Bir neçə cümlə ilə də – əlbəttə ki, qısaca olaraq – bu gün düçar olduğumuz qlobal problemlərdən söz açacağam. Fəhlələrin problemlərinə gəlincə, insan potensialı hər bir ölkənin ən böyük sərvətlərindən biridir; yəni fəhlələrin, layihəçilərin, mühəndislərin, ölkənin istənilən sferasında işlə məşğul olmağa hazır olan insanların varlığı ölkə üçün yeraltı sərvətlərdən – qızıl, neft, almaz və sairdən qat-qat dəyərlidir; bir ölkəni abad edə biləcək şey məhz budur. Baxın, bu gün yer üzündə elə ölkələr var ki, dünya bazarına çıxarılan almazın hamısı, yaxud böyük bir qismi həmin ölkələrdən əldə olunur, amma özləri yoxsulluq və bədbəxtlik içində yaşayırlar. Nəyə görə? Ona görə ki o ölkələrdə kifayət qədər insan potensialı yoxdur, fəal, ağıllı işçi qüvvəsi yoxdur. İnsan potensialı hər bir ölkənin ən böyük sərvətidir və ölkəmizdə də bu potensialı elə siz təşkil edirsiniz. Siz fəhlələr, sahibkarlar, mühəndislər, layihəçilər, müxtəlif sferalarda çalışan fəal kadrlar – insan potensialı sizsiniz. İnsan potensialı belə bir yüksək dəyərə malikdir və fəhlə ictimaiyyəti də bu yüksək dəyərin, bu nəhəng sərvətin bir parçasıdır. 

Dəyər yaratma baxımından bizim fəhlələrimiz dünya ölkələrinin orta və standart göstəricisindən qat-qat yüksək səy və əmək sərf edirlər. Mən bunu müxtəlif sferalarda çalışan insanlarımız, tələbələrimiz, elmi tədqiqatçılarımız barədə danışarkən dəfələrlə söyləmişəm, sonradan aparılan araşdırmaların hamısı mənim bu fikrimi tam olaraq təsdiqləyib. Mən ölkəmizin fəhlə və zəhmətkeşləri barədə də eyni düşüncədəyəm. İran fəhləsi dünyanın ən yaxşı fəhlələrindən biridir; yəni onun əlinin məharəti, yüksək düşüncə, intellekt və stimulu dünya üzrə ortalama göstəricidən yuxarıdır. Halbuki Pəhləvi zülmü və repressiyaları zamanında, ona qədər də daim qəflətdə olan, passiv Qacarlar hakimiyyəti dövründə əməyə, fəhləyə, fəhlə ictimaiyyətinə, istehsala, milli məsələlərə heç bir diqqət yetirilməyib; əlbəttə ki, Qacarlar dövründə hakim dairələrin axmaqlığı və geridüşüncəli olması, Pəhləvi dövründə isə xalqa xəyanəti ucbatından. İşçi qüvvəsinin, fəhlə və zəhmətkeşlərin hərəkətə gəldiyi, yeni bir nəfəs aldığı, kəmiyyət və keyfiyyət baxımından inkişaf etdiyi İslam İnqilabı dövründə isə, gördüyümüz kimi, orta qabiliyyət və bacarıq göstəricisinə görə İran fəhləsi dünya ölkələrinin fəhlələrindən yüksəkdə durur. Dünən burada mənim üçün ölkə daxilində istehsal olunan məhsulların kiçik bir sərgisini təşkil etmişdilər. (4) Mən gedib bir neçə saat o sərgiyə baxdım, sizin gördüyünüz işlərlə tanış oldum. Həqiqətən də, İran fəhləsinin bacarıqlı əllərindən öpmək lazımdır, sizin əllərinizdən öpmək lazımdır! Bu qədər problem və çətinliklər içərisində, xammalın və müasir texnologiyaların qarşısını alan bir bu qədər sanksiyaların olmasına rəğmən, dünya imperialistləri qarşımızda növbənöv əngəllər yaratdığına baxmayaraq, keyfiyyət baxımından bu qədər dəyərli məhsullar istehsal etmək?! Sizin istehsal etdiyiniz məhsullara baxanda insan onların keyfiyyətinə heyran qalır. Hər şey də var idi! Dünən onlarla şirkət bura öz məhsullarını gətirmişdi; hamısı sizin əlinizin əməyidir; baxdıq. Parçadan, ayaqqabıdan, hazır paltarlardan, ev əşyalarından, çini və büllurdan tutmuş dərmanlara, kosmetik vasitələrə, məişət texnikasına, soyuducuya, nəşriyyat avadanlıqlarına qədər – dünən burada nümayiş olunan hər şey (hamısına baxmağımız elə bir neçə saat çəkdi) çox gözəl, keyfiyyətli və yüksək səviyyədə idi. Bunları görəndə ölkənin daxili işçi qüvvəsi qarşısında, həqiqətən də, baş əymək istəyirsən! Mən: “İran məhsuluna dəstək olmaq lazımdır”, – deyəndə bəziləri ya buna inanmır, ya təsdiqləmir, ya da əməl etmirlər! İran məhsuluna dəstək olmaq elə bu fəhlə və zəhmətkeşlərə, işçi qüvvəsinə, yəni istehsala dəstək olmaq deməkdir! Bu dəstək hərtərəfli olmalıdır; daxili istehsala həm xalq, həm də dövlət dəstək verməlidir; yerli məhsulu hamı dəstəkləməlidir.

Müəyyən problemlər vurğulanır ki, bunlar həm müəssisə rəhbərləri, həm də fəhlələrlə bağlıdır; sığorta problemi, imkanların azlığı, nağd vəsait çatışmazlığı, vergi əngəlləri, banklar və İqtisadiyyat Nazirliyi sarıdan yaranan problemlər – müxtəlif problemlər var. Bütün bu problemlərin həll olunması, aradan qaldırılması üçün tam və qətiyyətli tədbirlər görülməlidir. Problemlər ortadan qalxandan, İran məhsuluna lazımi dəstək veriləndən, İran fəhləsinin qədr-qiyməti bilinəndən sonra daha hansısa zavodun: “Mən öz potensialımın üçdə biri ilə işləyirəm”, – dediyini görməyəcəyik. Dünən bəziləri bizə belə deyirdilər; söyləyirdilər ki, imkanları böyükdür, amma məhdud səviyyədə işləyirlər: potensialının üçdə biri ilə, yarısı ilə. Yaxşı, nəyə görə? Bəs onların fəhlələrinin yerdə qalan o üçdə ikisi haradadır? Ölkədə yaranmış işsizlik bax bundan irəli gəlir. “İran məhsuluna dəstək olmaq lazımdır” deyəndə mən bax bunu nəzərdə tuturam; məşğulluq təmin olunsun, yeni iş yerləri açılsın, işsiz qalan fəhləmiz olmasın; təhsil alan gənclərimiz təkcə rahat kabinetdə işləmək barədə düşünməsinlər, müxtəlif sferalarda öz şənlərinə uyğun bir işlə məşğul ola biləcəklərini bilsinlər. İran məhsullarına dəstək verilsə, bu olacaq. Nəyə görə bəziləri pullarını xarici şirkətlərin cibinə axıtmaqda bu qədər israrlıdırlar? Bu nə mərəzdir ki, hökmən xarici mallardan istifadə etmək lazımdır? Biri var analoji İran məhsulu olmaya, onda bəli, sözüm yoxdur; bəzi mallar var ki, onları ölkə daxilində istehsal etmək sərfəli deyil, xaricdən gətirmək daha ucuz başa gəlir; lap yaxşı! İdxal edilən malın yerli analoqu yoxdursa, o başqa, amma əgər hansısa malın daxildə analoqu varsa, istehsal olunursa və keyfiyyət baxımından da xarici analoquna bərabərdir və bəzən hətta onu üstələyirsə, nəyə görə bəziləri hökmən gedib xarici mal almaqda, hansısa xarici markanın məhsulundan istifadə etməkdə bu qədər israr edirlər? Bu nə mərəzdir? Bəzi insanlarda olan bu yanlış düşüncə və yanaşma nədir? Gəlin İran məhsullarını istehlak edək. Qəti qərar verək; böyük müəssisələr, hökumət idarələri özləri, başqaları qərar versinlər ki, İran məhsuluna dəstək olacaqlar. Bizim başqalarına qarşı heç bir təəssübümüz yoxdur, düşmənçilik etmək niyyətində deyilik; biz sadəcə bunu istəyirik ki, öz övladlarımızı, öz gənclərimizi, öz fəhlələrimizi işləməyə vadar edək, onları əmək fəaliyyətinə cəlb edək, işsizlikdən doğan fəsadlardan xilas edək. İşsizliyin bir sıra fəsadları var; sosial fəsadları, təhlükəsizlik baxımından fəsadları, əxlaqi fəsadları – cürbəcür fəsadları var. Bizim istədiyimiz budur; bunun yolu da elə İran məhsuluna dəstək olmaqdır. İran məhsulunu, ölkənin istehsalatını dəstəkləmək, himayə etmək lazımdır. Düşmənə qarşı mübarizə aparmağın ən yaxşı yolu da elə budur. Mənim əzizlərim, baxın, düşmənlərimiz dərk ediblər ki, top-tüfəngli savaşdan heç nə əldə edə bilməyəcəklər. Bir neçə il əvvəl Amerikanın başqa bir prezidenti – o da elə bunun kimi ədəbsiz, mənasız sözlər danışan, özgə bostanına daş atan biri idi – bizim əleyhimizə bəzi fikirlər səsləndirmişdi. Mən elə o zaman çıxışımda dedim ki, əzizim, artıq “gəl vur, çıx get” dövrü bitib; vuracaqsınız, cavabını alacaqsınız. (5) Bunu bilirlər; bilirlər ki, bizimlə sərt savaşa, top-tüfəngli qarşıdurmaya girsələr, çətinə düşəcəklər. Düzdür, bizə zərbə vuracaqlar, amma ola bilsin ki, özləri ondan qat-qat ağır zərbə alacaqlar; bunu dərk ediblər. Axtarıb başqa bir yol tapıblar: iqtisadi savaş, mədəni savaş və sair. İndi mədəniyyət məsələsi bir kənara qalsın, bu gün bizim düşmənlərimizi əsas maraqlandıran iqtisadi savaşdır. Amerikanın bizə qarşı apardığı iqtisadi savaşın baş qərargahı da elə iqtisadiyyatlarını, sərvətlərini idarə edən ABŞ Maliyyə Nazirliyidir; baş qərargah oradır. Yaxşı, bəs gəlin görək iqtisadi savaşla mübarizə aparmağın yolu nədən ibarətdir? Yolu budur ki, biz ölkə daxilində iqtisadiyyatımızı qaydaya salaq. İqtisadiyyatımız başqalarına söykənirsə, xaricdən asılıdırsa, problemlər yaranacaq. Əlbəttə, mən dünya ilə iqtisadi əlaqələri kəsmək lazım olduğunu, yaxud belə bir şeyin mümkün olduğunu düşünmürəm; məlumdur ki, mümkün deyil; bu gün bütün dünya bir-birinə bağlı və bir-biri ilə əlaqələdir, amma ölkə sərhədlərindən kənara arxalanmaq da ikiqat yanlışdır; xaricə arxayın olmaq olmaz. Bəli, qoy gedib dünya ölkələri ilə ağılla, bacarıqla, düzgün siyasət yürütməklə, ciddi və ardıcıl bir şəkildə əlaqələr qursunlar. Dünya böyükdür; dünya təkcə Amerika və bir neçə Avropa ölkəsindən ibarət deyil ki; dünya çox genişdir; qoy gedib lazım olan qədər əlaqələr qursunlar, amma heç bir xarici qüvvəyə göz dikməsinlər. Gözlərini daxildəki subyektlərə, ölkənin böyük bir dəyər olan insan sərmayəsinə diksinlər. Xalq biz rəsmilərin problemləri ölkə daxilində həll etməkdə, daxili potensialdan istifadə etməkdə israrlı olduğumuzu görəndə, hansısa çətinliklə üzləşsə belə, dözəcək, bizə kömək edəcək. Möhtərəm ölkə rəsmiləri buna diqqət yetirməlidirlər: xaricə arxalanmaq olmaz. 

Amerikalıların azadlıqsevər, müstəqil İslam Respublikasına qarşı mübarizə yollarından biri (hansı ki onların da elə dövlətimizin bu azadlıqsevərliyini, müstəqilliyini gözləri götürmür; deyirlər ki, bizim bayrağımızın, bizim kölgəmizin altında yaşamalısınız, bizim göstərişlərimizə itaət etməlisiniz, bizim istəyimizə uyğun siyasət yürütməlisiniz, çünki bizim silahımız sizdən çoxdur, sizdən güclüyük, pulumuz daha çoxdur; bunu istəyirlər), qeyd etdiyim kimi, iqtisadiyyatla bağlı işlərdir, digər bir yolları isə – bunları məlumatınız olsun, bu şeylərə diqqət edəsiniz deyə deyirəm – bəzi düşüncəsiz dövlətləri – onları başqa necə adlandırasan ki – bizim əleyhimizə təhrik etməkdir. Elə bizim öz regionumuzda konfliktlərin, qarşıdurmaların, müharibə və dava-dalaşın yaranmasına etinasız qalan bəzi dövlətlər var. Amerikalılar gedib o səudiyyəlilərin yanında otururlar ki, onları İslam Respublikasına qarşı təhrik etsinlər; yaxşı, əgər kimisə bizə qarşı qaldırmaq istəyirsinizsə, nəyə görə öz nökəriniz – müəyyən mənada nökəriniz, müəyyən mənada isə ağanız olan – sionistləri qaldırmırsınız? O bədbəxtləri – səudiyyəliləri niyə təhrik edirsiniz? İstədikləri budur ki, müsəlmanla müsəlmanın arasına dava düşsün. Onların planlarından biri də bu qəbildən olan bəzi ölkələri – indi mən Səudiyyəni misal çəkdim – İslam Respublikası ilə qarşı-qarşıya durmağa, sinəbəsinə gəlməyə sövq etmək, konfliktə təhrik etməkdir. O dövlətlərin də əgər ağlı varsa, düşmənin bu kələyinə aldanmamalıdırlar; İslam Respublikası ilə sinəbəsinə gəlsələr, hökmən, zərbə alacaq, məğlub olacaqlar. Amerikalılar İslam Respublikası və qüdrətli İran xalqı ilə mübarizənin yükünə özləri qatlaşmaq yox, həmin yükü regionumuzdakı bu qəbildən olan ölkələrin boynuna qoymaq istəyirlər.

Amerikanın işi-gücü asayiş və təhlükəsizliyi pozmaqdır; bu illər ərzində amerikalılar hara ayaq basıblarsa, o yerdə təhlükəsizliyi yox ediblər. Hər bir regionda – istər bizim olduğumuz Qərbi Asiya regionunda, istərsə də dünyanın digər bölgələrində; getdikləri hər yerdə – asayiş və təhlükəsizliyi pozublar; ya vətəndaş müharibəsi yaradıblar, ya qardaş qırğınına səbəb olublar – bir sözlə, getdikləri hər yerdə insanlara bədbəxtlik gətiriblər. Məhz elə buna görə də Qərbi Asiya regionundan Amerikanın ayağını kəsmək lazımdır; amerikalılar Qərbi Asiya regionundan çıxmalıdırlar; buradan ayağı kəsilməli olan İran İslam Respublikası yox, Amerikadır. İslam Respublikası bu regiona yad deyil, biz buralıyıq, Fars Körfəzi bizim öz evimizdir, Qərbi Asiya bizim öz evimizdir, bura bizim evimizdir; yad olan sizsiniz, uzaqdan durub bura gələn sizsiniz, çirkin məqsədlər güdən sizsiniz, fitnə yaratmaq istəyən sizsiniz, siz çıxıb getməlisiniz! Və bilin ki, amerikalıların və onlar kimilərin ayağı bu regiondan kəsiləcək!

İran məhsuluna dəstək olmaq məsələsində mənim daim israrla vurğuladığım (bunu dəfələrlə demişəm; bu gün cənab nazir də buradadır), inşallah ki, hökumət tərəfindən və ümumilikdə bu sahədə ciddi diqqət yetirilməli olan məqamlardan biri də qaçaqmalçılığın və lüzumsuz idxalın qarşısının alınmasıdır. Belə ki rəsmilər və yerli sənayenin sahibkarlarından, investorlarından, məharətli ustalarından və sair bu kimi fəal subyektlərindən çoxu bundan gileylənirlər ki, əksər hallarda keyfiyyət baxımından daha aşağı olan xarici mallar gəlib bazarda daxili məhsullarla rəqabət aparır, özü də qeyri-bərabər rəqabət aparır və yerli malın genişlənməsini məhdudlaşdırır. Hökmən qarşısı alınmalı olan işlərdən biri də budur. Əlbəttə, cənab nazirin bu gün burada toxunduğu məsələlər, həyata keçirilmiş və ya keçirilməkdə olan işlər – bütün bunlar dəyərlidir; inşallah, davam etdirsinlər ki, reallaşsın, işlərin nəticəsi görünsün, yəni işlərin nəticəsi hiss olunsun; və mən arzu edirəm ki, inşallah, bu nəticələri hiss edən fəhlə ictimaiyyətimiz, xüsusilə də gənc zəhmətkeşlərimiz günbəgün gələcəyə daha da ürəklə və böyük ümidlə baxsınlar.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

  (1) Görüşün əvvəlində Kooperasiya, Əmək və İctimai Rifah Naziri cənab Əli Rəbii məruzə ilə çıxış etmişdir.
  (2) “Ali-Yasin” ziyarətindən fraqment. 
  (3) İhticac, c.2, səh.493 (“Ali-Yasin” ziyarəti) 
  (4) 09.02.1397-ci ildə İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunmuş, İran məhsullarının nümayiş olunduğu sərgi. 
  (5) Hökumət rəsmiləri ilə görüş (31.06.1386)