Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Məbəs günü münasibətilə hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə baş tutan görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və bağışlayan Allahın adı ilə. (1)

بسم‌الله‌الرّحمن‌الرّحیم و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم‌ المصطفیٰ محمّد و علی آله الطّیّبین الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Peyğəmbəri-Əkrəmin (s) besəti böyük və misilsiz bir bayramdır. Bu münasibətlə bu gün bu görüşdə iştirak edən hər kəsi, İslam Respublikasında olan əziz qonaqlarımızı, müsəlman ölkələrinin möhtərəm səfirlərini, bütün İran xalqını, yer üzündəki bütün müsəlmanları, dünyanın bütün azadlıqsevər insanlarını təbrik edirəm.

Besət – Həzrət Muhəmmədin (s) peyğəmbərlik missiyası üçün yer üzünə göndərilməsi elə bir yeganə və misilsiz hadisədir ki, həqiqətən də, bəşər tarixində başqa heç bir hadisə onun qədər əhəmiyyətli və əzəmətli deyil. Peyğəmbərin besəti Yaradanın bəşər övladına, insanlığa qarşı mərhəmətinin zirvəsi idi. İnsanların doğru yola istiqamətləndirilməsi, kamilliyin zirvəsinə çatdırılması üçün yer üzünə peyğəmbərlərin göndərilməsi Yaradanın bəşəriyyətə nəsib etdiyi ən böyük rəhmətdir, bu prosesin zirvə nöqtəsi isə Peyğəmbəri-Əkrəmin (s) besətidir. Bu besətlə bəşəriyyətin üzünə onu dünyanın sonuna qədər irəli aparmaq, inkişaf etdirmək gücü və potensialına malik olan bir yol açılmışdır; gördüyümüz kimi, o gündən bu günə qədər bəşəriyyət elə inkişaf edib də. Səmavi dinlərin bəyan etməyə mükəlləf olduğu həqiqətlərin əksəriyyəti bu gün insanların düşüncəsində, zehnində oturuşub, bəşər cəmiyyətinin ənənəvi prinsiplərinə çevrilib və Allaha həmd olsun ki, insanların qəlbi mənəviyyata doğru meyillənib.

Besətdə məsələnin əsas mahiyyəti tövhiddən ibarətdir; tövhid dedikdə yalnız və yalnız Allah-taalaya bəndəlik etmək nəzərdə tutulur; yəni insanın həyatına nəfsin növbənöv həvəsləri, istəkləri, şəhvətləri və qəzəbləri hakim olmamalıdır; yəni insanın həyatını diktaturalar, istibdadlar, eqolar idarə etməməlidir. İnsanı idarə edən başlanğıc yalnız ilahi elm, ilahi qüdrət, ilahi rəhmət, ilahi feyz və hidayət olmalıdır; tövhidin mənası budur. Tövhid şüarı ilk növbədə öz eqosu, təkəbbürü, istibdadı və zülmü ilə bir və ya bir neçə bəşər cəmiyyətini idarə etmək istəyənləri rədd edir və elə buna görə də onlar tövhidə düşmən kəsilirlər.

وَ کَذّْلِکَ جَعَلنا لِکُـلِّ نَبِیٍّ عَدُوًّا شَیّْطینَ الاِنسِـ وَ الجِنِّـ یوحی بَعضُهُم اِلیّْ بَعضٍ زُخرُفَ القَولِ غُرورًا

“Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər”. (“Ənam” surəsi, 112-ci ayədən)

Bütün peyğəmbərlər güc və sərvət sahibləri ilə, yer üzündəki istibdadçılarla, hegemonlarla, fironlarla qarşı-qarşıya gəliblər və onlara qarşı mübazirə aparıblar. Haqqın mübarizəsi olmadan batil geri çəkilməyə məcbur olmur. Məhz mübarizə sayəsində insanlıq bəşər tarixinin əvvəlindən bu günə qədər ilahi təlimlərə günbəgün daha da yaxınlaşıb; çünki haqq mübarizə aparmalıdır.

اَّلَّذینَ ءامَنوا یُقاتِلونَ فی سَبیلِ اللهِ وَالَّذینَ کَفَروا یُقاتِلونَ فی سَبیلِ الطّاغوتِ

“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Tağut yolunda vuruşurlar”. (“Nisa” surəsi, 76-cı ayədən)

Bəşəriyyətin istibdadçıları, hegemonları, bədxahları və zalımları ilə mübarizə aparmadan haqqı irəli aparmaq olmaz; mübarizə lazımdır və peyğəmbərlər bu mübarizəni aparıblar; tövhid isə bu mübarizənin ümumi məsələlərini, əsas prinsip və cizgilərini zəmanət altına alınır.

“La ilahə illəllah” sırf ideoloji, fəlsəfi bir məsələ deyil; “La ilahə illəllah”dan təsir doğur, əməl doğur. Bir qədər əvvəl cənab prezident ilk İslam dövlətindən danışdı, onun Mədinədə yarandığını qeyd etdi; bax o dövlət də “La ilahə illəllah”dan qaynaqlanırdı; yəni ilahi dinlərdə hökumət Allah-taalanın və onun göndərdiyi peyğəmbərlərin əli ilə qurulmadığı təqdirdə heç bir məna kəsb etmir. Məhz elə buna görə də Peyğəmbər (s):

(2) قولوا لا اِلٰهَ‌ اِلَّا ‌اللهُ تُفلِحوا

“La ilahə illəllah” söyləyib qurtulun” – deyən kimi, Məkkənin dar, məhdud mühitində güc və sərvət sahibləri ona qarşı çıxdılar; sonradan Mədinədə İslam dövləti təşkil olunduqdan sonra isə dünyanın imperatorları, böyük gücləri İslama qarşı mübarizə aparmağa başladı. Bu cəbhələşmə ilk gündən bu günə qədər olub və ilk gündən bu günə qədər də bu qarşıdurmada məğlub olub geri çəkilmək batilin, irəliləmək isə haqqın müqəddəratı olub. O zaman Məkkədə böyük təzyiqlər altında yaşayan o azsaylı toplum bu gün saysız-hesabsız qürurverici nailiyyətlərə, imkanlara, sonsuz ümidə və işıqlı gələcəyə sahib olan əzəmətli bir insan cəmiyyətidir. Bir şeyi dərk etmək lazımdır ki, İslam ümməti bütün varlığı və səmimiyyəti ilə tövhidə qayıtmalıdır.

Əgər bizim tövhidə etiqadımız varsa, zülmə və zorakılığa boyun əyə bilmərik, zalıma qarşı çıxmaya bilmərik; tövhidin təbiəti budur. Elə buna görə də İslam Respublikası elan edir ki, harada məzlum varsa və köməyə ehtiyac varsa, biz orada varıq, hazırıq; məhz buna görə biz Fələstin məsələsinin üzərində bu qədər israr edirik. Çünki tövhid zalımın məzluma etdiyi zorakılığa qarşı çıxmağı tələb edir; tövhidin həqiqəti budur, besət də bizə bunu xatırladır; və bu prinsip, heç şübhəsiz, uğur qazanaraq irəli gedir də. Əlbəttə, bu günlərdə və indiyə qədər – bu 70 ildə – Fələstin xalqına çox təzyiqlər edilib, amma baxın, bir vaxtlar sionistlərin asanlıqla məğlub edib, ölkəsində ağalığı ələ keçirə bildikləri o kiçik və məzlum toplum, vətənindən əlini üzüb didərgin saldıqları o zəif xalq bu gün İsrail hökumətini təhdid edən güclü bir Fələstinə çevrilib və sionist rejim onlarla qarşıdurmada özünü zəif, aciz hiss edir. Və heç şübhəsiz, fələstinlilər sionistlərə qalib gələcək, Fələstin fələstinlilərə geri qayıdacaq.

Bizim Qərbi Asiya regionunda müqavimət dəstələrinin yanında olmağımızın səbəbi də elə budur. Suriyada – Amerika və onun əlaltılarının regionda yaratdığı terroristlərə qarşı mübarizədə iştirak etməyimiz də bu səbəbdəndir. “İran İslam Respublikası ərazisini genişləndirməyə çalışır, filan yeri işğal etmək niyyətindədir” və sair bu kimi deyilənlər puç, mənasız, reallığa zidd olan, yalan sözlərdir. Xeyr, bizim əsla belə bir məqsədimiz yoxdur və dünyanın heç bir nöqtəsinə öz ərazimizi genişləndirmək niyyəti ilə baxmırıq; buna heç ehtiyacımız da yoxdur; əlhəmdulillah, İran xalqının ixtiyarında böyük, abad, imkanlarla zəngin olan bir ölkə var. Bu iştirakımız isə ona görədir ki, Suriya və Qərbi Asiyada zülmə qarşı müqavimət var idi və bu gün də var; biz məhz bu səbəbdən həmin bölgələrdə iştirak etmişik. Elə buna görə də, gördüyünüz kimi, Allahın nəsib etdiyi uğur sayəsində, edilən yardımların və Suriya qüvvələrinin şücaətinin bərəkəti ilə müqavimət cəbhəsi Amerika və Qərbin, habelə onların regiondakı muzdurlarının (Səudiyyə hökuməti və sair kimi) himayə etdiyi, daha doğrusu, ərsəyə gətirdiyi terrorçulara qalib gələ bildi.

Dünən İŞİD-i aşkar və gizli surətdə himayə edənlər bu gün o terrorçularla mübarizədə iştirak edib, onları məğlub etdiklərini iddia edirlər. Ağ yalandır! Belə bir şey yoxdur, onların bu işə heç bir dəxli olmayıb. Amerika prezidenti (3) elə bir neçə saat bundan əvvəl etdiyi çıxışda söyləyir ki, “Biz Suriyada İŞİD-i məğlub edə bildik”. Açıq-aşkar və ağ yalandır! Onlar lazım bildikləri məqamda müdaxilə edib kömək göstərdilər; İŞİD-in əsas adamları mühasirədə olduğu zaman işə qoşulub onları xilas etdilər. Ona qədər İŞİD-in yaradılmasında da bunların rolu və təsiri olmuşdu; Səudiyyə hökumətinin və onlar kimilərin pulları ilə bu çirkin varlıqları yaradaraq İraq və Suriya camaatının canına salmışdılar, intəhası müqavimət qüvvələri Amerika və onun əlaltılarının qarşısında bu iki ölkəni xilas edə bildi; ondan sonra da bu cür.

Suriyaya dünən səhər edilmiş o hücum cinayətdir! (4) Mən açıq-aşkar elan edirəm: Amerika və Fransa prezidentləri, (5) İngiltərənin baş naziri cinayətkardırlar, cinayət işləyiblər! Əlbəttə ki, bu əməllərindən heç bir xeyir də görməyəcəklər, heç bir mənfəət əldə edə bilməyəcəklər; necə ki ötən illər ərzində Suriya, İraq və Əfqanıstanda iştirak ediblər, bu cür cinayətlər törədiblər, amma heç bir mənfəət əldə edə bilməyiblər. Elə bundan bir neçə gün öncə Amerika prezidenti belə bir fikir səsləndirmişdi ki, Qərbi Asiya regionunda (onun təbiri ilə “Orta Şərqdə”) 7 trilyon dollar pul xərcləmişik, amma heç bir xeyrimiz olmayıb. Doğru da deyir, əllərinə heç nə keçməyib. Amerika bundan sonra da bilsin ki, nə qədər xərc çəksə, nə qədər çalışsa belə, bu regionda əlinə heç bir şey keçməyəcək.

Bu hadisələrin qarşısında biz sayıq olmalı, diqqətimizi toplamalıyıq; müsəlman xalqları, müsəlman ölkələri, müsəlman dövlətləri baş verənlərdən təcrübə toplamalı, nə etdiklərini, hansı yolu tutduqlarını dərk etməlidirlər. Bunlar İslam ümmətinə zərbə vurmaq istəyirlər; hədəf təkcə Suriya, İraq və ya Əfqanıstan deyil; hədəf İslam dininin bu regiondakı varlığıdır; buna zərbə vurmaq istəyirlər. Müsəlman ölkələri bunu başa düşməlidir; müsəlman dövlətləri Amerikanın və bəzi təcavüzkar Qərb dövlətlərinin məqsədlərinə xidmət etməməlidir. Amerika prezidentinin hansısa müsəlman ölkəsi üçün: “Biz onlara südverən inək kimi baxırıq” – deməyi heç də başıucalıq deyil! Onlara südverən inək kimi yanaşırlar; bu, fəxrdir? Amerikanın hazırkı prezidenti elə ötən il son seçkiqabağı təbliğat çıxışında bu sözləri demişdi; söyləmişdi ki, “biz Səudiyyə hökumətinə südverən inək gözü ilə baxırıq”. Bundan da böyük alçaqlıq olarmı? Bir ölkə üçün, bir xalq üçün bundan da o yana rəzalət ola bilərmi? Pulunu alalar, sonra da adına “südverən inək” deyələr, təhqir edələr; bir ölkə üçün, bir dövlət üçün bundan betər zillət ola bilməz. İslam bu cür rəzilliklərə qarşıdır. 

وَلِله العِزَّةُ وَلِرَسولِه! وَلِلمُؤمِنین

“Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, 8-ci ayədən)

Mömindirlərsə, izzətli olmalıdırlar, heysiyyətli olmalıdırlar. Bu cür rəzil olmaları onu göstərir ki, imanları yoxdur, mömin deyillər, ağaları kimi, bunlar da yalan danışırlar. Amerika prezidenti deyir ki, “biz Suriyaya kimyəvi silahdan istifadə ilə mübarizə aparmaq üçün hücum etmişik”. Yalandır! Onlar kimyəvi silahdan istifadəyə heç bir şəkildə qarşı deyillər; nə kimyəvi silahdan istifadəyə, nə də bəşəriyyətə qarşı yol verilən istənilən başqa bir cinayətə; hazırda Yəmən hər gün bombalanır, onlarsa buna himayəçilik edirlər. Dünyanın müxtəlif bölgələrində müsəlmanlar təzyiqlərə məruz qalırlar, ABŞ hökuməti isə həmin zalımları himayə edir, onlara kömək göstərir. İnsanların əziyyət çəkməyi, dərd çəkməyi bunları narahat etmir. Bunlar cinayətkar Səddamın da arxasında durub onu himayə edirdilər; minlərlə iranlı və iraqlı Səddamın istifadə etdiyi kimyəvi silahın təsiri ilə məhv oldu, yaxud xəsarət aldı. Bizim camaatımızın arasında o vaxtlar sağlamlığına zərər dəymiş və əziyyət çəkən gənclər hələ də var. Bunlar kimyəvi silahın əleyhinə deyillər; bunlar öz müstəmləkəçilik və beynəlxalq diktatura hədəfləri naminə ortalığa düşüb, onu-bunu diktatorluqda ittiham edirlər, halbuki özləri transmilli diktatordurlar. Əlbəttə ki, diktator və istibdadçılar dünyanın heç bir yerində istədiklərinə çatmayacaqları kimi, bunların da arzuları ürəklərində qalacaq, Amerika regionumuzda, habelə zülmünü yürüdəcəyi istənilən regionda, heç şübhəsiz, uğursuzluqla üzləşəcək və sözsüz ki, xalqlar qalib olacaq; inşallah, elə regionumuzda da bu cür olacaq.

Allaha həmd olsun ki, xalqımız ayağa qalxıb; İran xalqı özünün 40 illik təcrübəsi ilə mübarizə və müqavimətdə mətin və dönməzdir. Biz bunu sınaqdan çıxarmışıq: düşmənin qarşısında geri çəkilmək onu daha da cürətləndirir, müqavimət göstərmək isə onun geri çəkilməsinə səbəb olur.

وَلَو قاتَلَکُمُ الَّذینَ کَفَروا لَوَلَّوُا الاَدبارَ ثُمَّ لایَجِدونَ وَلِیًّا وَلا نَصیرًا × سُنَّةَ اللهِ الَّ‌تی قَدخَلَت مِن قَبلُ وَلَن تَجِدَ لِسُنَّةِ اللهِ تَبدیلا

“Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq, arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. Allahın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allahın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən!” (“Fəth” surəsi, 22-23-cü ayələr)

Bu, Allah-taalanın müəyyən etdiyi bir qaydadır; yer üzündəki cinayətkarların zülmü, istibdadı, hegemonluğu, xəbisliyi və cinayətləri qarşısında müqavimət göstərsiniz, mütləq, geri çəkilməyə məcbur olacaqlar; Qurani-Kərim bunu Allah-taalanın və tarixin mütləq qaydası kimi xatırladır və inşallah, bu qayda həyata keçəcək. Və ümidvaram, İran, Suriya, İraq, məzlum Fələstin, Kəşmir və Myanmar xalqları, habelə dünyanın müxtəlif regionlarında təzyiqlərə məruz qalan bütün müsəlmanlar, inşallah, yaxın gələcəkdə uğur qazanıb, düşmənlərini geri oturda biləcəklər. Pərvərdigara! Muhəmməd və Ali-Muhəmməd xatirinə, şəhidlərin – haqq və həqiqət şəhidlərinin və dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhlarını öz lütf və feyzinlə sirab et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Görüşün əvvəlində ölkə başçısı, Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir. 
(2) Biharül-ənvar, c. 18, səh.202 
(3) Donald Tramp
(4) ABŞ-ın İngiltərə və Fransa ilə birgə Suriyaya etdiyi hava hücumuna işarə olunur. 
(5) Emmanuel Makron