Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Rza (ə) hərəminin zəvvarları və yaxınlıqda yaşayan əhali qarşısında etdiyi çıxış

بسم الله الرّحمن الرّحیم و الحمدلله ربّ العالمین و الصّلوة و السّلام علیٰ سیّدنا و نبیّنا ابی‌القاسم المصطفیٰ محمّد و علیٰ آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین. اللّهمّ صلّ علیٰ ولیّک علیّ بن موسیٰ‌ عدد ما فی علمک صلاةً دائمةً بدوام عزّک و سلطانک، اللّهمّ سلّم علیٰ علیّ بن موسی‌ الرّضا عدد ما فی علمک سلاماً دائماً بدوام مجدک و عظمتک و کبریائک. اللّهمّ صلّ علیٰ ولیّک علیّ بن محمّد الهادی النّقیّ سلاماً دائماً بدوام عزّک و سلطانک

Allaha şükürlər edirəm ki, bir daha, daha bir yeni ildə mənə bu pak və mübarək diyarda sizinlə – əziz və vəfalı camaatımızla görüşməyi, ölkənin dörd bir yanından gəlib bura toplaşmış əziz zəvvarlara və bu müqəddəs şəhərin ətrafında yaşayan əhaliyə öz səmimi salamımı yetirməyi nəsib etdi. Hamınızı yeni ilin gəlişi və Novruz bayramı münasibətilə təbrik edir, eyni zamanda Həzrət İmam Hadinin (ə) şəhadəti ilə əlaqədar sizə başsağlığı verirəm. Doğru yolda bələdçimiz olan imamlarımızın (ə) bizə miras qoyduğu bərəkətli dua və ziyarətnamələr içərisində Həzrət İmam Hadidən (ə) qalan dəyərli əsərlərin özünəməxsus bir cəhəti var: onun ziyarətnamələrində imamların (ə) uca məqamını şərh edən çox önəmli məqamlar layiqincə, dərdlərə dərman olacaq bir dillə, ən gözəl ifadələrlə açıqlanır. “Camee-ye kəbirə” ziyarətnaməsi o böyük imamımızdan qalıb; imamlardan (ə) gəlib çatmış kəlamların ən seçilmişlərindən olan, Əmirəlmöminin Əlinin (ə) Qədir günü oxunan ziyarətnaməsi o həzrətə aiddir. Bu il Həzrət İmam Hadinin (ə) şəhadət günü ilin ilk günü və Novruz bayramı ilə üst-üstə düşür; ümidvaram, o həzrətin mehriban nəzərlərinin bərəkəti sayəsində qarşıdakı il boyunca İran xalqı ilahi hidayətdən bəhrələnəcək. 

Bu gün mən burada iştirak edən siz qardaş-bacılarım və əslində isə elə bütövlükdə böyük İran xalqı üçün bir neçə məsələni qeyd edəcəyəm. Əvvəla, İslam Respublikasının ötən 40 il ərzindəki fəaliyyətinə – istər əsas prinsiplər, şüar və dəyərlər baxımından olsun, istərsə də görülən işlər baxımından – ötəri olaraq, qısaca nəzər salacağıq; belə ki qarşıladığımız 1397-ci il inqilabın qələbəsinin 40-cı ilidir. Göylərə ucaldılmış bu bayraq bu 40 ildə nəhəng bir toplumu təşkil edən region xalqları içərisində gözləri, qəlbləri özünə cəlb etməyi bacarmışdır. İstərdim ki, geridə qoyduğumuz bu zamana ötəri bir nəzər salaq, görək, bu 40 ildə İslam Respublikası quruluşunun başlıca şüarları hansı vəziyyətdə olub, biz rəsmilər bu müddətdə necə davranmışıq, hansı işləri görmüşük. Əlbəttə ki, bu, hazırkı görüşümüzün zaman çərçivəsinə sığmayacaq qədər geniş və müfəssəl bir söhbətin mövzusudur, ona görə də mən bu gün qısa bir çıxış etmək istəyirəm və önəmli bildiyim məqamları, demək olar, yalnız qeyd etməklə kifayətlənəcəyəm. Bu mövzuda ətraflı söhbəti isə mübarək ramazan ayında keçirəcəyimiz başqa bir görüşə saxlayıram. Əgər sağ qalıb ramazan ayına çıxsam, inşallah, mübarək ayda baş tutacaq görüşlərimizdən birində bu barədə təfsilatı ilə danışacağam. Qeyd etmək istədiyim məqamlardan biri budur.

Növbəti bir məqam isə budur ki, ölkəmizdə hələ indiyə qədər istifadə olunmamış çox geniş, möhtəşəm bir potensial mövcuddur. Əgər bu potensialdan istifadə olunsa, ölkənin vəziyyəti qat-qat yaxşılaşar, irəli gedər. Bu gün toxunacağım digər bir mövzu isə dediyim bu potensialdan istifadəyə nələrin əngəl olmasıdır; istərdim ki, öz nöqsan və çatışmazlıqlarımızı bir qədər anlayaq; baxaq görək, bu nəhəng potensialdan istifadə edə bilməyimizə nə mane olur. Növbəti bir məsələ cari il üçün seçilmiş “İran məhsuluna dəstək” şüarı ilə bağlıdır; bu barədə bir qədər izah verəcəyəm. Ardınca isə regiondakı problemlər və ölkəmizin gələcəyi barədə danışacağam. Bugünkü söhbətimizin əsas başlıqları bunlardır. Əziz görüş iştirakçıları, qardaş və bacılar, ümidvaram, bu gün məni təmkinlə dinləyəcəksiniz; nəzərdə tutduğum məsələləri sizə çatdıra bilməyim üçün Allah-taaladan dilimə məharət verməsini diləyirəm.

İnqilabın əsas dəyərləri, şüarları, başlıca prinsipləri ilə bağlı onu deyə bilərəm ki, inqilab bu məsələdə sınaqdan çox yaxşı çıxıb; yəni İran xalqı İslam İnqilabının təməl prinsiplərini, başlıca şüarlarını bu günə qədər ilk gün olduğu kimi möhkəm bir şəkildə qoruyub saxlamağı bacarıb. İnqilabın əsas şüar və dəyərləri bunlardır: müstəqillik, azadlıq, xalqın hakimiyyəti, milli özünəinam, ədalət və bunların hamısından daha ülvisi və önəmlisi, ölkədə dinin, şəriətin hökmlərinin gerçəkləşdirilməsi; bu şüarlar ilk gün olduğu kimi canlı və aktual bir şəkildə qorunub saxlanmışdır.

Bu gün ölkəmiz müstəqildir, bu isə xalqın inqilab baş verərkən ortaya qoyduğu ümumi bir istəkdir, yəni İran xalqının ölkədə yadellilərin 200 il sürmüş ağalığına verdiyi reaksiyadır. Gənclərimiz, düşünən, araşdıran insanlarımız buna diqqət yetirsələr, yaxşı olar. İnqilabdan öncə təxminən 200 il bu ölkədə yadlar ağalıq edib, yad dövlətlərin kölgəsi altında yaşayan hökumətlər iş başında olub. Qacarlar Çar Rusiyasının zəmanəti ilə ayaqda dururdu; yəni İran-Rus müharibələrində, Türkmənçay olayında Abbas Mirzə Qacar ruslardan hakimiyyətin Qacarlar sülaləsində qalacağı barədə söz almışdı; başqa sözlə, Qacarlar xanədanı rusların bayrağı və zəmanəti altında yaşayırdı. Daha sonra ingilislər gəlib, Rzaxanı hakimiyyətə gətirdilər; Məhəmmədrzanı taxta oturdan da yenə ingilislər oldu; ardınca 1332-ci il 28 mordadda amerikanlar meydana girib, yenidən Məhəmmədrzanın hakimiyyətini bərqərar etdilər; yəni uzun illər boyunca ölkəmizdəki hökumətləri bu və ya digər böyük dövlətlər iş başına gətirir və yola salırdı. Müəyyən mərhələdə – 1907-ci ildə bağlanmış müqavilə ilə – İngiltərə və Çar Rusiyası İranı öz aralarında bölmək barədə razılığa gəlmişdilər; bir hissə ingilislərin, bir hissə isə rusların olmalı idi, bir hissə də eləcə meydanın ortasında qalırdı; yəni ölkə bax belə bir formada xaricilərin ağalığı altında idi. Ona görə də bu vəziyyətdən çıxıb müstəqilliyinə qovuşmaq İran xalqının ümummilli arzusu idi. Çəkinmədən deyə bilərəm ki, bu gün dünyanın heç bir ölkəsində heç bir xalq İran xalqı qədər müstəqil və suveren deyil; dünyanın bütün xalqları böyük dövlətlər qarşısında bu və ya digər şəkildə nələrisə nəzərə almağa məcburdur. Heç bir böyük dövlətin təsiri altında olmayan yeganə xalq İran xalqıdır. Odur ki müstəqillik qorunub saxlanıb.

Azadlıq; azadlıq və müstəqillik inqilabın əsas şüarları sırasında həmişə yanaşı gəlib; bu ölkədə azadlıq təmin olunub. Doğrudur, bəziləri ölkəmizdə mövcud olan bu azadlıqdan insafsızcasına sui-istifadə edərək yalandan ölkədə azadlığın olmadığını deyirlər. Xarici media, xarici təbliğat da qəsdən onların bu sözlərinin əsk-sədasını yayır. Əslində isə belə deyil; bu gün ölkəmizdə düşüncə azadlığı, söz və ifadə azadlığı, seçim azadlığı var; hakimiyyətin rəyinə müxalif fikirdə olduğuna görə heç kim təzyiq, təhdid, yaxud təqibə məruz qalmır. Kim iddia etsə ki, “mən filan məsələdə hakimiyyətə müxalif mövqedə olduğuma görə təzyiqə məruz qalmışam”, yalan danışır; belə bir şey yoxdur. Müxtəlif media vasitələrində çoxsaylı insanlar hakimiyyətə zidd olsa belə, öz əqidələrindən irəli gələn cürbəcür fikirlərini ifadə edirlər, heç kəsin də onlarla işi yoxdur; onlara hansısa formada təzyiq göstərmək heç kimin ağlına da gəlmir. Söz azadlığı da var; açıq deyə bilirlər.

Düzdür, dünyanın hər yerində azadlığın müəyyən çərçivəsi var; “qanuna zidd davranmaq” mənasında azadlıq heç yerdə yoxdur; bizdə də “din və şəriətə zidd davranmaq” mənasında azadlıq yoxdur. Bizim ölkəmizdə azadlığın çərçivəsi bizim konstitusiyamızdır, ölkəmizin qanunlarıdır, bütün bunlar isə müqəddəs İslam şəriətindən ilham alınaraq tənzimlənmişdir; əlbəttə, bu var. Kimsə azad olub qanuna zidd davranmağını gözləyirsə, bu, məntiqli deyil və belə bir şey yoxdur. Odur ki ölkədə azadlıq var.

Xalqın hakimiyyəti; ölkəmizdə baş tutan ümummilli seçkilər bütün dünyada, müxtəlif ölkələrdə keçirilən seçkilər arasında ən möhtəşəm, ən misilsiz seçkilər olur. Ölkəmizdə, demək olar, bütün illərdə, bu son dövrdə isə iki ildən bir seçkilər keçirilmişdir. Seçkidə hamı azaddır, hamı iştirak edir; özü də xalqımız seçkiyə böyük həvəs və həyəcanla qatılır. Diqqət yetirsəniz, görərsiniz ki, bu 40 ildə ölkəmizdə xalqın seçimi ilə hakimiyyətə gəlmiş administrasiyalar fərqli siyasi təmayüllərə malik olmuşdur; bəzən biri konkret siyasi təmayülün tərəfdarı olduğu halda, ondan sonra gələn ona zidd təmayülü dəstəkləmişdir; bütün bunları seçib iş başına gətirən xalq olmuşdur. Bizim ölkəmizdə xalqın hakimiyyəti bərqərar olunub. Biz hətta müharibə dövründə də ölkəmizdə seçkilərin bircə gün belə olsun təxirə salınmasına imkan verməmişik.

Digər bir dəyər, digər bir prinsip isə milli özünəinamdır, İran xalqının özünəgüvənidir, xalqın başqalarının qarşısında özünü zəif, başıaşağı hiss etməməsidir; yəni “Biz bacaracağıq!” psixologiyası; Allaha həmd olsun ki, bu gün ölkəmizdə bu var. Əlbəttə, qeyd etdiyim kimi, bütün bu mövzuların ətraflı şərhi, statistik rəqəmlər uzun-uzadıdır və bunlara başqa bir görüşümüzdə toxunacağam. Allaha şükürlər olsun ki, bu gün xalqımız, gənclərimiz öz ayaqları üzərində durur, öz müstəqilliyini hiss edir və özünə inanır.

Ədalət məsələsi; (1) mən bir neçə həftə əvvəl demişdim  ki, biz ədalət məsələsində geriyik; bu mənim fikrimdir, mən belə düşünürəm, amma bədxahlar mənim bu sözümdən başqa cür istifadə ediblər; onlar mənim bu sözümü belə mənalandırıblar ki, guya ölkəmiz ədalət mövzusunda qətiyyən irəli getməyib, heç bir iş görülməyib; bu fikir reallığa ziddir. Ölkəmizdə ictimai ədalətin bərqərar olunması sahəsində həddən artıq çox işlər görülüb, çox yaxşı işlər həyata keçirilib, intəhası bu hələ bizim qarşıya məqsəd qoyduğumuz və müsəlman xalqımızın arzuladığı o ədalət deyil, ona hələ var; yoxsa ki ölkəmizi inqilabdan əvvəlki dövrlə və ya bir sıra digər ölkələrlə müqayisə etsəniz, görərsiniz ki, burada təbəqələşmə daha zəif, aztəminatlı təbəqənin imkanları daha çoxdur, təhsilin, səhiyyə xidmətlərinin və sairin ümumiliyi baxımından bir çox digər ölkələrdən mütləq surətdə daha irəliyik.

Mən burada bir statistikanı qeyd etmişəm, düşünürəm ki, onu səsləndirsəm, pis olmaz. Bu, Dünya Bankının təqdim etdiyi bir statistikadır; yəni daxildəki banklardan deyil. Burada deyilir ki, inqilabdan əvvəl Cini indeksi 50-dən yuxarı olub. Cini indeksi ölkələrdə təbəqələşmənin səviyyəsini, varlı və yoxsul təbəqələr arasındakı fərqi əks etdirən bir hesablama əmsalıdır. Bu indeksin əks etdirdiyi rəqəm nə qədər yuxarıdırsa, deməli, o ölkədə təbəqələşmə bir o qədər kəskindir, aşağıdırsa, deməli, zəifdir. İnqilabdan əvvəl ölkəmizdə Cini indeksi 50-dən yuxarı olub, 1394-cü ildə isə 38 idi; yəni biz ölkədə təbəqələşməni bu dərəcədə – 50-dən 38-ə qədər azalda bilmişik.

Digər bir statistikaya əsasən (hansı ki bu da Dünya Bankına aiddir; Dünya Bankının təqdim etdiyi bir statistikadır; beynəlxalq statistik göstəricilərdəndir) inqilabdan öncə mütləq yoxsul təbəqə əhalinin 46 faizini təşkil edib, yəni xalqın təxminən yarısı mütləq yoxsul olub. Bu gün isə o 46 faiz 9.5 faizə enib; əlbəttə ki, 1393-cü ilin göstəricisi ilə; ondan sonrakı rəqəmlər barədə məndə məlumat yoxdur; yəni bu qədər iş görülüb.

İslam Respublikası məruz qaldığı bütün təzyiqlərə rəğmən, sosial ədalətin təmin olunması üçün böyük işlər həyata keçirib və çox yaxşı irəliləyişlər əldə edib. Əlbəttə, xarici təbliğat başqa bir şey deyir; bizim gözlədiyimiz, bizim hədəfimiz olan sosial ədalət də bu gün mövcud olandan daha artığıdır. Odur ki ədalət şüarı da real bir şüardır və əlhəmdulillah, ölkəmizdə aktualdır, diqqət mərkəzindədir.

Və din məsələsi, Keşikçi Şuranın varlığının bərəkəti sayəsində şəriətin gerçəkləşdirilməsi; qeyd edim ki, bütün imperialist dövlətlər də elə ölkədə qanun və fəaliyyətlərin müqəddəs şəriətlə uyğunlaşdırılmasını təmin etdiyinə görə Keşikçi Şuranın əleyhinədir. Şüarlar barədə bu qədər. Bu sadaladıqlarıma əsaslanaraq bir cümlə ilə deyə bilərəm ki, ötən 40 il ərzində inqilabın əsas şüarlarının qorunub saxlanması sahəsində fəaliyyətimiz tam məqbul və lazımi səviyyədə olmuşdur.

Ölkə rəsmilərinin fəaliyyətinə gəlincə; gəlin görək, rəsmilər öhdələrinə düşən vəzifələri necə icra ediblər? Sabitlik və təhlükəsizlik sahəsində vəziyyət çox yaxşıdır; elm və texnologiya sahəsində görülən işlər çox yüksək səviyyədədir; infrastruktur – yəni kommunikasiya xətləri, bəndlər, AES-lər, limanlar və sair sahəsində çox yaxşı işlər görülüb; qeyri-neft məhsullarının ixracı, adambaşına düşən milli gəlir baxımından vəziyyət kifayət qədər yaxşıdır (adambaşına düşən milli gəlir inqilabdan əvvəlki dövr ilə müqayisədə təxminən ikiqat artıb); eynilə sosial inkişaf sahəsində də uğurlar çoxdur; yəni müxtəlif sferalarda həyata keçirilmiş fəaliyyətlərə nəzər saldıqda ürəkaçan statistik göstəricilərin şahidi oluruq. Əlbəttə ki, xarici təbliğat heç də bunu göstərmir; düşmən camaatımızı İslam İnqilabına, İslam dövlətinə və İslam dininə qarşı kökləmək üçün öz təbliğatı ilə onları bu müsbət reallıqlardan uzaqlaşdırmağa çalışır; reallıq isə qeyd etdiyim kimidir.

Növbəti bir məsələ ölkəmizin istifadə olunmamış imkan və potensialıdır; bu da çox önəmli bir məqamdır. Qeyd etmək istəyirəm ki, sizin bu gün gördükləriniz – nailiyyətlər, imkanlar, ümumilikdə qazanılmış bütün uğurlar – ölkənin potensialının yalnız bir hissəsindən istifadənin nəticəsidir; ölkəmizin potensialı bundan daha artıqdır. Əgər biz ölkənin bütün imkan və potensialından düzgün fəaliyyət proqramları əsasında istifadə edə bilsək, inkişaf və yüksəlişimiz bugünkündən qat-qat artıq olar. Mövcud imkanlar isə aşağıdakılardır:

Əvvəla, təhsilli gənclərimizin varlığı; bu, çox önəmlidir. Ölkəmizdə 10 milyon universitet məzunu var; hazırda ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil alan 4 milyon tələbəmiz var; yəni inqilabdan əvvəl olandan 23 dəfə çox. İnqilabdan əvvəl 170-180 min tələbəmiz var idi, bu gün isə 4 milyondan çoxdur; yəni o vaxtkından 23 dəfə çox universitet tələbəsi varımızdır; bu, ölkə üçün çox önəmli bir potensialdır. Tələbə gənclərdən başqa, teoloji mərkəzlərdə təhsil alan, yaxud müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olan gənclərimizin də sayı həddən artıq çoxdur; onlar hamısı yüksək potensiala sahibdirlər və elmdə, sənayedə, təcrübi işlərdə, yeni kadrların yetişdirilməsində mühüm rol oynaya bilərlər. Biz bunlardan düzgün istifadə etməmişik; təəssüflər olsun ki, bu gün də düzgün istifadə etmirik. Elə buna görə də mən həmişə israr edirəm ki, qoy gənclər özləri əlləri çatan hər yerdə işləsinlər, addım atsınlar, təşəbbüs göstərsinlər, özləri üçün iş qursunlar. Ölkəmizdəki bu gənclər ordusundan istifadə etmək üçün kompleks planlamaya ehtiyac var. Yadınızdadırsa, mən “sərbəst atış” məsələsindən danışırdım, bu təkcə mədəniyyət sahəsinə aid deyil, gənclərimiz ölkənin inkişafında effektiv ola biləcək istənilən sahədə rol oynaya bilərlər. İmkanlarımızdan biri budur.

Bizim mühüm imkan və potensiallarımızdan biri də bəzilərinin əleyhinə olduğu demoqrafik sıçrayışdır. Bəziləri deyirlər ki, “ölkənin əhalisi nəyə görə bu qədər olmalı və daha da artmalıdır?”; bu, yanlışdır. Bir ölkədə 80 milyon əhalinin olması o ölkə üçün başıucalıqdır; ölkəmizin 80 milyon əhalisi var. Qərblilərin o siyasəti – yəni nəsil artımının qarşısının alınması siyasəti (daha sonra bu barədə danışacağam) bu gün onların özü üçün bir problemə çevrilib, aciz vəziyyətə düşüblər. Onlar istəyirlər ki, müsəlman ölkələri çoxsaylı əhali, fəal gənclik, effektiv insan sərmayəsi kimi potensiallardan yararlanmasın. Mən ona görə daim: “Yeni nəsil hökmən çoxalmalıdır, ailələrdə uşaqların sayını artırmaq lazımdır”, – deyib israr edirəm ki, ölkənin o gənclərə ehtiyacı var. Gənc nəsil, insan resursları elə bir şey deyil ki, xaricdən ölkəyə idxal edə biləsən; bunu ölkə özü təmin etməlidir. Əhalinin bu demoqrafik sıçrayışı da əlverişli imkanlardan biridir. 

Ölkəmizin ərazisinin genişliyi, azad beynəlxalq sularla olan qonşuluğumuz da bizim üçün gözəl bir şansdır; amma biz bunlardan tam olaraq istifadə etmirik; Fars Körfəzinin iki sahilindən biri, eləcə də Oman dənizinin mühüm bir hissəsi bizə aiddir. Çoxsaylı qonşularımız var; biz 15 ölkə ilə qonşuyuq, bu isə ölkəmiz üçün çox önəmli bir imkan və potensialdır. Ölkəmiz coğrafi baxımdan çox həssas bir bölgədə yerləşir – şərqlə qərbin, şimalla cənubun qovuşuğundadır və bu, coğrafi baxımdan çox böyük əhəmiyyət kəsb edir.

Ölkəmiz dəyərli təbii resurslara malikdir, lakin bu gün onlar heç bir əlavə dəyər qazanmadan xarici ölkələrə satılır; o resurslardan biri neft və qazdır. Ötən il mən elə ilin ilk günü burada baş tutan görüşümüzdə (2) qeyd etmişdim ki, biz neft və qaz resurslarının birgə həcmi baxımından dünya üzrə birinciyik; yəni neft və qaz mənbələrinin həcmini birgə götürsək, başqa heç bir ölkədə bu resurslardan əziz İranımızda olduğu qədər yoxdur. Qaza görə birinci, neftə görə dördüncü, birlikdə ikisinə – yəni neft və qaz ehtiyatlarının birgə həcminə görə isə bütün dünyada birinci yerdəyik. Bu, çox önəmli bir potensialdır, çox mühüm bir imkandır; məhz bu sərvətlərə görə düşmən nəyin bahasına olursa-olsun bu ölkənin üzərində öz ağalığını, qəyyumluğunu təmin etməyə çalışır. Ölkəmizin dəyərli resursları olan neft və qazdan əlavə, bizim böyük həcmdə və dəyərli filizlərimiz, əkinəyararlı torpaqlarımız, meşələrimiz və digər geniş imkanlarımız var. Əgər bütün bu imkan və potensialdan istifadə olunsa, İran iqtisadiyyatı yer üzündəki 200-dən artıq ölkə içərisində ilk 12 ölkənin sırasına qatılar. Əgər inşallah, gənclərimizin təşəbbüs və iştirakı, aktiv və işgüzar rəhbər kadrlarımızın səyləri sayəsində bu imkanlardan istifadə mümkün olsa, ölkəmiz iqtisadiyyatına görə dünyada lider olan 12 ölkədən biri olar və hər cəhətdən inkişaf edər; əlbəttə ki, bu gün bu belə deyil.

Yaxşı, bəs biz bu imkanlardan nə üçün istifadə etməmişik? Bunun səbəbi bəzi əngəllərin olmasıdır; indi mən onlardan bir neçəsini sadalayacağam.

Həmin əngəllərdən biri bizim bəzi rəsmilərimizin bu potensiala inamsız yanaşmasıdır; ya inamsız yanaşır, ya da əhəmiyyət vermirlər. Ölkədə bu qədər gəncin varlığı önəmli bir imkandır, bəzi rəsmilərimiz isə bütün bu müddət ərzində buna əhəmiyyət verməyiblər; inanmayıblar, əhəmiyyət verməyiblər, bu gənclərin əlindən bir iş gələ biləcəyini qəbul etməyiblər. Ölkəmizdə nüvə sənayesi yenicə fəaliyyətə başlayanda, bu gün hamımızın bildiyi zirvələrin fəth olunmamış olduğu dövrdə bəzi insanlar (hətta bəzi alimlərimiz, köhnə nəslin nümayəndələri) bizə deyirdilər ki, “etməyin, eləməyin, xeyri yoxdur, olmayacaq, bacarmayacaqsınız”; bəziləri mənim özümə məktub yazıb bildirirdilər ki, “bacarmayacaqsınız”. Nəyə görə? Çünki işin başında duran rəsmilərin, demək olar, hamısı gənclər idi; əksəriyyətinin yaşı təxminən 30 və hətta bundan da az idi; amma onlar bacardılar. Onların uğur qazanacağını, bu işin öhdəsindən gələ biləcəyini əvvəldə inkar edən insanlar daha sonra etiraf etməyə məcbur oldular ki, “hə, bunlar, doğrudan da, bunu bacardılar”. Bu gün ölkənin müxtəlif sənaye sahələrində, nanotexnologiyada, yüksək sənayedə (qərbmeyillilər demişkən, “Hay tek” sahəsində) əsas yeri gənclər tuturlar; işləyirlər, çalışırlar və bacarırlar. Bizim gənclərimiz bir çox böyük işlərə qadirdirlər. Bəzi rəsmilərimiz isə uzun müddət bu potensiala inanmamış, yaxud əhəmiyyət verməmişlər.

Düşünürəm ki, bu gün ölkəmizin ən mühüm problemlərindən biri cəmiyyətimizin təfəkkür tərzi, yanaşması ilə bağlıdır; yəni ictimaiyyətimiz ölkəmizin necə böyük bir sərvətə sahib olduğunu bilmir. Təəssüflər olsun ki, rəsmilərimizdən də bəziləri ölkənin ixtiyarında olan bu genişhəcmli sərvətdən – insan və təbiət resurslarından xəbərsizdir. Düşmən isə bundan istifadə edir.

Düşmən bizə bu fikri təlqin etmək istəyir ki, “siz bacarmazsınız, heç nəyiniz yoxdur”. Mən isə israrla insanlarımıza demək istəyirəm ki, biz bacararıq, bizim hər şeyimiz var, imkanlarımız genişdir. Rəsmilərimiz gənclərimizin güc və bacarığına inanmalı, önəm verməlidirlər. Gənclərimiz isə işləməkdən yorulmamalı, təşəbbüs göstərməkdən usanmamalı, bəzi qədirbilməz yanaşmalara görə əllərini işdən soyutmamalıdırlar. Bəzi gənclər bizə şikayət edirlər ki, “biz filan işi görmüşük, görə bilərdik və ya görə bilərik, amma bizə əhəmiyyət verən yoxdur”. Olsun, işdən soyumaq lazım deyil; işləməyə, təşəbbüs göstərməyə davam etmək lazımdır; rəsmilərin də öhdəsinə müəyyən vəzifələr düşür, gənclərin də; əngəllərdən biri budur.

Daha bir əngəl isə işdə yol verilən məsuliyyətsizlikdir. Təəssüflər olsun ki, müxtəlif sahələrə cavabdeh olan bəzi şəxslər tənbəlliyə yol verirlər, işləmirlər, halbuki ölkəmizin vəziyyəti tam güc və bacarıqla işləməyi tələb edir. Hansı sahənin başında durmalarından asılı olmayaraq, rəsmilər, rəhbər kadrlar səylərini daha da artırmalıdırlar.

Bizim bu potensialdan istifadə etməməyimizə səbəb olmuş əngəllərdən biri də xarici modellərə daha çox etimad göstərilməsidir; bir qədər əvvəl dediyim kimi. Bizim xalqımız yadlardan, xaricilərdən heç də zəif, passiv deyil, lakin orada-burada bəzi rəsmilərimiz var ki, milli modellərdən, daxili metodlardan çox, xarici modellərə, yad metodlara daha çox inanırlar. Bu isə böyük bir səhvdir! Baxın, elə qərblilərin o demoqrafik siyasəti; “Daha az uşaq, daha yaxşı həyat”; avropalıların, qərblilərin siyasətidir; özləri də tətbiq etdilər və bu gün böyük bir problemlə üz-üzədirlər. Çox uşaq sahibi olan ailələri mükafatlandırırlar, bu sahədəki geriliklərini kompensasiya etmək istəyirlər, amma xeyri yoxdur. Bizdə də bəziləri Qərbin bu siyasətini, bu modelini qəbul etmişdilər. Bir neçə il bundan əvvəl mən israr etdim, çıxışlarımda, rəsmilərlə olan xüsusi iclaslarımızda dönə-dönə dedim ki, yeni nəslin artımının qarşısını alan əngəlləri ortadan qaldırın. Rəsmilər də mənim bu fikrimi qəbul etdilər, təsdiqlədilər, amma təəssüflər olsun ki, daha aşağı idarəetmə səviyyələrində əngəllər hələ də qalmaqdadır. İslamın bizə təqdim etdiyi

(3) تَنَاکَحوا تَناسَلوا تَکثُروا فَاِنّی اُباهی بِکُمُ الاُمَمَ یَومَ القِیامَة

– “Evlənin, nəsil artırın, sayınızı çoxaldın. Həqiqətən də, Qiyamət günü mən sizin çoxluğunuzla fəxr edəcəyəm” modelini lazımınca, layiqincə reallaşdırmırlar, Qərbə aid modeli isə yerinə yetirirlər! İnkişafımızın qarşısını alan əngəllərdən biri də budur.

Digər bir maneə isə Dünya Bankının siyasətlərinin, tənzimləmə siyasətinin, bəzi beynəlxalq öhdəliklərdən, özləri demişkən, “konvensiya”lardan irəli gələn siyasətlərin icrasıdır. Bu siyasətlərin reallaşdırılması da ölkəmizin inkişafına əngəl olur.

İqtisadiyyatda daxili güc hesabına inkişafa önəm verilməməsi. Müqavimət iqtisadiyyatının siyasətlərindən, xüsusiyyətlərindən biri də endogen artımdır. Endogen iqtisadi artım dedikdə ölkədə həyata keçirilən daxili fəaliyyətlər, daxili dəyişikliklər hesabına sərvət yaradılması başa düşülür; yəni gözümüzü xarici ölkələrə dikməməliyik, gözümüz başqalarında qalmamalıdır. Ötən illər ərzində müxtəlif hökumətlərin dövründə bir neçə dəfə Dünya Bankından, yaxud Beynəlxalq Valyuta Fondundan pul, kredit götürmək istəyiblər, mən qoymamışam, qarşısını almışam; bunun üçün hətta bütün hazırlıqlar da görülmüşdü. Bizim yadlardan nə isə istəməyimiz, yadların qarşısında boynu öhdəlikli olmağımız böyük bir səhvdir. İqtisadiyyat endogen olmalıdır. Əlbəttə, iqtisadiyyatın endogen olması o demək deyil ki, ölkənin bütün qapılarını bağlayaq. Xeyr, biz demişik ki, müqavimət iqtisadiyyatı daxildən güc alıb inkişaf etməli və xaricyönümlü olmalıdır. Bir qədər sonra İran məhsuluna dəstək olma mövzusunu izah edərkən bu barədə danışacağam. Əngəllərdən biri də ölkədə iqtisadiyyatın endogen amillər əsasında artımına diqqət yetirilməməsi olmuşdur.

İnkişafımızın qarşısını alan əngəllərdən biri də siyasi tayfabazlıqdır; yəni “bir işi sən görürsənsə, yaxşıdır, əks siyasi cinah görürsə, pis”; bizim işimizdəki problemli cəhətlərdən biri də budur: siyasi tayfabazlığa düçar olmuşuq; bunu bir kənara qoymalıyıq. İdarəçilik sizin əlinizdədirsə, qərarları siz qəbul edirsinizsə, hətta düşməniniz belə, yaxşı bir həyata keçiribsə, o işi təbliğ etməli, yaymalı, davam etdirməlisiniz. “Filankəs filan şeyi edibsə, biz etməyəcəyik”, “əks cinah filan işi görübsə, biz görməyəcəyik” – demək yanlışdır, səhv düşüncədir. Problemlərimizdən biri də budur.

Bizim digər bir problemimiz isə korrupsiya ilə ciddi mübarizə aparılmamasıdır. Sizə deyim ki, bu gün korrupsiya, korrupsiyalaşma mövzusu ölkəmizdə çox geniş populyarlıq qazanmış bir mövzu olsa da, bütün bu söhbətlər reallığı tam əks etdirmir. Düzdür, korrupsiyanın azı da pisdir, azı da zərərlidir, amma vəziyyət heç də bəzilərinin: “Korrupsiya hər yanı götürüb” – deyə təbliğ etdiyi kimi deyil. Xeyr, əsla bu cür deyil. Bütövlükdə ölkənin idarəetmə komandasında əməlisaleh, mömin, düzgün işləyən, təmiz adamlar heç də az deyil, çoxdur; əksəriyyəti məhz onlar təşkil edir. Əlbəttə, bir qrup korrupsioner də var ki, onlara qarşı ciddi və ardıcıl şəkildə mübarizə aparılmalıdır. Eləcə biz deyək, ölkədə səs-küy yaransın, bir müddət sonra da ara sakitləşsin – bu, ölkə üçün nəticə etibarilə faydalı ola bilməz. Odur ki problemlərdən biri də korrupsiyaya qarşı ciddi mübarizənin olmamağıdır.

Mənim əzizlərim! Bizim problemlərimizdən biri də ölkəmizin neftdən asılı olmasıdır. Neft Allahın bizə verdiyi bir nemətdir, lakin iqtisadiyyatımızın yalnız neftə söykənməyi ölkəmizin ən böyük problemlərindən biridir. Çalışıb elə etməliyik ki, ölkə iqtisadiyyatını neftdən asılılıqdan qurtaraq; bizim ixtiyarımız neftin əlində olmasın, neftin ixtiyarı bizim əlimizdə olsun. Nə qədər ki bizim ixtiyarımız neftin əlində olacaq, bu problemlər qalmaqda davam edəcək; neftin qiymətini başqa dövlətlər müəyyənləşdirdiyi üçün gah sanksiya qoyurlar, gah alırlar, gah deyirlər “filan dövlətdən almaq lazım deyil”. Biz özümüzü neft iqtisadiyyatından xilas etməliyik; əlbəttə ki, bu, kifayət qədər çətin bir məsələdir, lakin necə olursa-olsun ölkədə hökmən bu işi həyata keçirmək lazımdır.

Mühüm əngəllərdən biri də bizim həyat tərzimizdə olan əsaslı nöqsanlardır; bunun daha rəsmilərə aidiyyəti yoxdur, bizim özümüzlə, xalqın nümayəndələri olan sizinlə bağlı bir məsələdir. Bizim həyat tərzimizdə bəzi problemlər var: onlardan biri lüzumsuz istehlaka meyilli olmağımızdır; israfçılıq, sağa-sola pul xərcləmək, aza qane olmamaq da həmin problemlərdən biridir; digər bir problemimiz yüksək rifah həvəsində olmağımızdır; başqa bir problemimiz dəbdəbəli, aristokratik yaşayışa meyil göstərməyimizdir. Təəssüflər olsun ki, dəbdəbəli yaşayışa olan meyil və həvəs cəmiyyətin yuxarı təbəqələrindən başlanğıc götürərək aşağı təbəqəyə ötürülür. Orta səviyyəli – yəni orta təbəqələrdən olan insanlar da bir qonaq qəbul edəndə, toy edəndə aristokrat kimi davranmağa çalışırlar. Bu, eyibdir, nöqsandır, belə şeylər ölkəyə ziyan vurur. Sağa-sola pul xərcləmək, daha artığının həvəsində olmaq, artıq xərcə girmək – bütün bunlar bizim həyat tərzimizdə olan mühüm nöqsanlardandır.

Biz öz milli iqtisadiyyatımıza təəssübkeş yanaşmalıyıq; bizim əsas eyiblərimizdən biri də xarici malların istehlakına həddən artıq meyilli olmağımızdır. Biz öz ölkəmizin daxilində istehsal olunan, milli iqtisadiyyatımızın məhsulu olan malları istehlak etməyə çalışmalı, bu məsələdə təəssübkeş davranmalıyıq. Gənclərimiz cürbəcür futbol komandalarına azarkeşlik edirlər; biri qırmızı rəngli forma geyinən komandanın tərəfini tutur, o biri göy geyimli komandanı dəstəkləyir; özü də fanatikcəsinə; hətta xarici komandaların fanatı olurlar; biri “Real”ın azarkeşidir, o biri başqa bir komandanı dəstəkləyir; (4) həmin komandaların təəssübünü çəkirlər; əgər milli iqtisadiyyata və daxili məhsula da bir bu qədər təəssübkeşliklə yanaşsaq, bir çox işlərimiz yoluna düşər. Bu da digər bir maneə.

Yaxşı, indi də gəlin ilin şüarı barədə danışaq; bu ilin şüarı belədir: “İran məhsuluna dəstək”; mövzu budur. Əvvəla, bir şeyi deyim: bəziləri deyirlər ki, “siz hər yeni il üçün bir şüar seçirsiniz, amma bunun heç bir xeyri yoxdur; onsuz da əməl olunmur, boş yerə şüar müəyyənləşdirmək nəyə lazımdır?” Mən bu fikri qəbul etmirəm. Hər yeni il üçün şüar seçilməsi iki baxımdan əhəmiyyətlidir: birincisi, icra siyasətlərinə, dövlət və hökumət rəsmilərinin fəaliyyətinə istiqamət vermək, ikincisi isə ümumilikdə ictimaiyyətin diqqətini şüarlarda toxunulan həmin o mövzulara çəkmək; yəni məqsəd budur ki, ictimaiyyət bu gün ölkə üçün hansı mövzunun əhəmiyyətli olduğuna diqqət yetirsin. Bu gün İran məhsullarının istehlakı ölkəmiz üçün mühüm bir məsələdir. Əlbəttə, ola bilsin ki, bəzi dövlət rəsmiləri də müxtəlif illərdə bizim yeni il üçün müəyyənləşdirdiyimiz şüarı qəbul etməsinlər, amma qəbul edənlər çalışır, reallaşdırır, bacardıqları qədər işləyirlər. Əlbəttə ki, işlər daha optimal və kompleks şəkildə həyata keçirildikdə daha çox nəticə əldə olunur. Odur ki bu şüarlar heç də faydasız deyil; əksinə, faydalıdır.

Bu ilin şüarı həm rəsmilərə, həm də xalqa ünvanlanır; qeyd etdiyim kimi, yeni ilin şüarı bu cür səslənir: “İran məhsuluna dəstək ili”. İran məhsulu əməyin, sərmayənin, iqtisadi fəaliyyətin, düşünən beyinlərin, göstərilən təşəbbüslərin – hər şeyin son məhsulu deməkdir. İnvestor öz sərmayəsi ilə, fəhlə öz işi ilə, layihəçi öz elmi bilikləri və ideyaları ilə – hamısı çalışıb-vuruşur və sonda onların əməyinin məhsulu İran malı şəklində ortaya çıxır. Odur ki bu, çox böyük, çox önəmli bir şeydir; bunu dəstəkləmək lazımdır. Camaatımız fəal iqtisadi subyektlərin, fəhlə və zəhmətkeşlərin, investorların, layihəçilərin, planlaşdırıcıların və sairin əməyinin nəticəsi olan İran məhsullarına dəstək olmaqda həm bu məhsulların istehsalçısı, həm də istehlakçısı kimi önəmli rola malikdir; insanlarımız öz milli məhsulumuzu həm istehsal, həm də istehlak etməlidirlər; həm istehsalına çalışmalı (bu sahədə hansı işlərin görülməli olduğunu da az sonra deyəcəyəm), həm də istehlakına diqqət yetirməli, daxili məhsuldan istifadəyə önəm verməlidirlər. Bu isə həm əhalinin, həm də dövlət rəsmilərinin öhdəsinə müəyyən vəzifələr qoyur; bu ilin şüarı həm əhaliyə, həm də rəsmilərə aiddir.

Yaxşı, bəs İran məhsuluna necə dəstək olmaq lazımdır? Bunun üçün, əvvəla, daxili istehsalı artırmaq tələb olunur ki, burada da həm rəsmilərin, həm də camaatın öhdəsinə müəyyən vəzifələr düşür.

Daxili istehsalda keyfiyyəti yüksəltmək lazımdır. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

(5) رَحِمَ اللّهُ امرَءً عَمِلَ عَمَلاً فَاَتقَنَه

“Allah-taala yaxşı iş görən və o işi möhkəm, əsaslı şəkildə görən şəxsə mərhəmətlə yanaşar”. İşi yaxşı, əsaslı və gözəl şəkildə görmək lazımdır ki, keyfiyyəti artsın.

Daxili məhsula dəstək olmanın digər bir aspekti isə yerli istehsalı günün tələblərinə, camaatın zövqünə və üstünlük verdiyi kriterilərə uyğunlaşdırmaqdır; bu da dəstək olmaq deməkdir; camaatın nə istədiyinə əhəmiyyət vermədən məhsul istehsal etmək olmaz; İran məhsulu istehsal etmək xalqın zövqünə, meylinə uyğun olan, kifayət qədər keyfiyyətli mallar istehsal etmək deməkdir.

Ölkədən xaricdə satış bazarları tapmaq, istehsal olunan məhsulun ixracını təşkil etmək də İran məhsuluna dəstək olmanın bir növüdür. Məhsullarımızın istehlakçısı ola biləcək uzaq ölkələr bir kənara dursun, biz 15 ölkə ilə qonşuyuq və bu qonşuluqdan istifadə edərək İran məhsulunu xarici ölkələrə ixrac etməliyik. Bu həm Xarici İşlər Nazirliyinin, həm Ticarət Nazirliyinin, həm də yerli biznesmenlərin öhdəsinə düşən bir işdir. Qoy yeni satış bazarları tapsınlar. Mənə bir statistika təqdim etmişdilər (qeyd götürmədiyimə görə rəqəmlər dəqiq yadımda deyil, amma çox önəmli bir statistika idi), orada deyilirdi ki, əgər biz qonşuluğumuzdakı ölkələrin – təkcə qonşularımızın - ehtiyac duyduğu məhsulların 20 faizini, yəni ümumi istehlakının yüzdə iyirmisini öhdəmizə götürə bilsək, filan qədər yeni iş yeri yaranar (kifayət qədər böyük bir rəqəm idi; dəqiq yadımda olmadığı üçün deyə bilmirəm), bununsa ölkədə məşğulluğun və milli sərvətin artmasına çox böyük təsiri ola bilər; biri də budur.

Bundan başqa, qiymətdə ucuzluq və rəqabət qabiliyyəti. Ölkədə olduqca əhəmiyyətli olan işlərdən biri də daxili məhsulları onların xarici analoqu ilə rəqabət apara biləcək bir keyfiyyət səviyyəsinə gətirməkdir; üstəlik çalışıb, daxili məhsullarımızın mümkün qədər xarici mallardan daha ucuz başa gəlməsinə nail olmalıyıq; əlbəttə, bunun özü üçün də öncədən müəyyən zəmin yaradılması tələb olunur; bu işin də bir qismi hökumətin, bir qismi isə bizim öz öhdəmizə düşür.

Daxili məhsula dəstək olmağın müəyyən tələbləri də var ki, onlara riayət olunmazsa, bu dəstək reallaşmayacaq. Həmin tələblərdən biri ölkəyə idxal edilən məhsulların dövlət tərəfindən ciddi şəkildə idarə olunmasıdır. Dövlət rəsmiləri idxal məhsullarını ciddi surətdə idarə etməlidirlər. Daxildə analoqu olan, yaxud istehsalı mümkün olan məhsullar xaricdən əsla idxal edilməməlidir. Bir çox hallarda mənə müraciətlər olunur, sahibkarlar şikayət edirlər ki, biz bu zavodu yaratmışıq, bu məhsulu istehsal edirik, elə ki malı bazara çıxarmaq istəyirik, bir də görürük, gömrüyün qapıları açıldı, xaricdən həmin malın analoqu ölkəyə idxal olundu! Belə şeylər bizim əksər zavodlarımızın öz istehsal etdikləri məhsulun satışını təşkil etməkdə uğursuzluqla üzləşməsinə, bəzilərinin isə yaşadıqları problemlər ucbatından iflas etməsinə səbəb olur. Ölkəyə idxal edilən məhsullara hökmən diqqət yetirilməli və bu proses dövlət qurumları tərəfindən idarə olunmalıdır. 

Bəzən görürsən, müəyyən məhsullar idxal olunur, biz rəsmilərə bunun lüzumsuz idxal olduğu barədə xəbərdarlıq edəndə cavab verirlər ki, həmin məhsulları ölkəyə onlar yox, özəl sektor gətirib. Bu qane edici bir cavab deyil; özəl sektor da idarə olunmalıdır; dövlət bütün bu prosesi idarə etməli, nəyin idxal olunub-olunmadığını, nə qədər idxal olunduğunu, bu idxala ehtiyac olub-olmadığını bilməlidir. Bütün bunlara diqqət yetirmək lazımdır; mühüm işlərdən biri də budur, hökmən icra olunmalıdır.

Daxili istehsala dəstək olmağın digər bir tələbi qaçaqmalçılıqla mübarizədir; təəssüflər olsun ki, müxtəlif illərdə bu mübarizə ciddi olmayıb, lakin vacibdir. Əlbəttə, yaxınlarda eşitdim ki, İqtisadiyyat Nazirliyi gömrükdə yeni bir sistem tətbiq edib; deyilənə görə, həmin sistem qaçaqmalçılığın qarşısının alınmasında çox effektlidir, çox faydalıdır. Çox yaxşı, davam etdirsinlər, bu işi hökmən həyata keçirsinlər. Qaçaqmalçılığın qarşısı alınmalıdır. Əhali də qaçaqmalçılıq yolu ilə gətirilən məhsullara qarşı diqqətli olmalı, belə malları istehlak etməkdən təəssübkeşliklə imtina etməlidir ki, qaçaqmalçılar gördükləri işdən xeyir əldə edə bilməsinlər. Bizim gənc mütəxəssislərimizin qaçaqmalçılığın ölkədə istehsala göstərdiyi dağıdıcı təsirlə bağlı təqdim etdiyi statistika çox mühüm bir reallığı ortaya qoyur. Bu sahədə işləyən, bu məsələləri kifayət qədər yaxşı anlayan gənc mütəxəssislər var; onlar mənə bir statistika təqdim ediblər, orada göstərilir ki, idxal edilən filan qədər məhsul ölkədə filan qədər iş yerinin yox olmasına səbəb olur! Sonra da gənclərin işsizliyindən gileylənib ah-vay edirik; xarici məhsullar da üz tutub sel kimi ölkəyə axır. Odur ki milli məhsula dəstək olmağın bir forması da ölkə daxilində qaçaqmalçılıqla və lüzumsuz idxalla mübarizə aparmaqdır.

Bu dəstəyin digər bir forması da fəal iqtisadi subyektlərin istehsal sahəsinə investisiya qoymasıdır. Fəal iqtisadi subyektlər daha gəlirli işlərin arxasınca qaçmasınlar; əgər investisiya yatırmaq istəyirlərsə, qoy istehsal sahəsinə yatırsınlar. Bunu saf niyyətlə, niyyətlərini Allaha bağlayaraq, ölkə üçün etsələr, gördükləri iş həm də ibadət olar. Yatırdıqları investisiya onlara müəyyən gəlir gətirər, eyni zamanda həm də ölkənin inkişafı, camaata kömək üçün olduğuna görə ibadət hesab olunar.

Bəli, milli məhsula dəstək olmaq barədə danışdıq. Mən bir daha öz tövsiyələrimi xatırlatmaq istəyirəm: qeyd etdiyim kimi, bir şey almaq istəyəndə təəssübkeşliklə İran malı almağa çalışın, öz malımızı axtarıb tapın; satan İran malı satsın, alan İran malı alsın; rəsmilər yerli istehsala dəstək olsunlar, kömək etsinlər, lazımsız idxalın və qaçaqmalçılığın qarşısını alsınlar. Bu mövzu barədə bu qədər.

Bir neçə cümlə ilə də regional məsələlərdən, amerikalıların xəbisliklərindən danışmaq istəyirəm; bu da lazımdır, günün aktual məsələlərindən biridir. Geridə qoyduğumuz ildə İslam Respublikası regionda İran xalqının nüfuz və iqtidar bayrağını göylərə ucaltdı. İslam Respublikası regiondakı təkfirçi zolağının dağıdılmasında mühüm rol oynadı; bu işi gördü. İslam Respublikası regionun önəmli bir hissəsində təkfirçilərin şərini insanların başı üzərindən uzaqlaşdırmağa, asayiş və təhlükəsizliyi bərqərar etməyə müvəffəq oldu. Bütün bunlar İslam Respublikasının həyata keçirdiyi işlərdir. Bunlar xırda işlər deyil, çox böyük işlərdir. Düzdür, beynəlxalq arenanın boşboğazları, dünyanın müxtəlif regionlarının bütün daxili işlərinə müdaxilə etmək istəyənlər etiraz edirlər ki, iranlılar nəyə görə İraq, Suriya və sair bu kimi ölkələrlə bağlı məsələlərdə iştirak edir, nə üçün müdaxilə edirlər? Axı sizə nə? Sizə nə? İslam Respublikası Amerikanın regiondakı rolunu neytrallaşdıra bilib. Amerikanın rolu nədən ibarət idi? Amerikanın rolu İŞİD kimi zalım, şər və azğın qruplaşmaları yaradaraq xalqların diqqətini qəsbkar İsrail rejimindən yayındırmaqdan, onları öz daxili problemləri ilə, ölkələrində baş verən vətəndaş müharibələri ilə, cürbəcür problem və çətinliklərlə məşğul etməkdən, İsrail rejimi barədə düşünmələrinə imkan verməməkdən ibarət idi. İŞİD-i yaratmaq Amerikanın planı idi, biz isə Allahın köməyi və izni ilə bu planı neytrallaşdıra bildik.

Onlar İŞİD-in məhv edilməsində iştirak etdiklərini deyirlər; yalandır! Amerikanın siyasəti budur ki, İŞİD olsun, amma onların öz əlində olsun. Əlbəttə, Amerika üçün İŞİD və buna bənzərlərini yaratmaq asandır, amma onları əlində saxlamaq çətin. Amerikanlar istəyirlər ki, bunlar olsunlar, amma onların ixtiyarında olsunlar, onların əlində olsunlar; bunların məhv olmasında qətiyyən maraqlı deyillər. Regionun təhlükəsizliyi Amerikanın marağında deyil, bundan əlavə, amerikanlar heç bu regionda təhlükəsizlik yaratmağa qadir də deyillər; bunun sübutu Əfqanıstandır. 14 ildir ki, amerikanlar Əfqanıstana giriblər; nə qələt edə biliblər? Əfqanıstanda təhlükəsizlik yarada biliblərmi? Əsla! Bacarmayıblar. Düzdür, bəziləri deyir, bacarmayıblar, bəziləri isə deyir, bunu istəməyiblər, amma istənilən halda, bu ona sübutdur ki, Amerika və onun kimilərin – İngiltərə və başqalarının – regionda iştirak etmək üçün irəli sürdüyü iddialar yersiz və yanlışdır.

Bizim iştirakımız isə region dövlətlərinin öz istəyinə əsaslanır; biz hara getmişiksə, region dövlətləri və xalqlarının istəyi ilə getmişik; hegemonluq da etməmişik, heç kimə: “Bunu et, bunu etmə” – deyib göstəriş də verməmişik, ölkələrin işinə də qarışmamışıq; kömək istəyiblər, biz də kömək etmişik; köməyi də məntiqi, rasional motivlərlə etmişik; qoy bunu hamı bilsin. Regional məsələlərlə bağlı bizim tərəfimizdən göstərilmiş hər bir yardım son dərəcə məntiqi və rasional hesablamalara əsaslanıb; heç kim hislərinin təhriki ilə addım atmayıb; xeyr, əsla. Allaha şükürlər olsun ki, biz bacarmışıq da, uğur qazanmışıq, bundan sonra da elə belə olacaq. Bizim ölkələrin daxili işinə müdaxilə etmək niyyətimiz yoxdur və heç şübhəsiz, deyə bilərik ki, Amerika regional məsələlərdə öz məqsədinə çatmayacaq, biz isə, inşallah, öz məqsədlərimizi reallaşdıracağıq.

Əzizlərim, gəlin artıq söhbətimizi yekunlaşdıraq. Bura qədər dediklərimi bir neçə cümlə ilə xülasələndirmək istəyirəm. Bugünkü söhbətimizin yığcam yekunu aşağıdakılardan ibarətdir:

Əvvəla, ölkədə mövcud olan bütün problemlərin həlli mümkündür; ölkəmizdə həlli qeyri-mümkün olan problem yoxdur; elə bir problemimiz yoxdur ki, onun açarı, həlli yadların əlində ola. Problemlər var, amma ölkənin bütün problemləri həll edilə biləcək problemlərdir, açarı da İran xalqının və ölkə rəsmilərimizin öz əlindədir.

İkincisi: İslam İnqilabı qüdrət və ruh yüksəkliyi ilə irəli getməkdədir. İnqilabın 40 yaşını qeyd etməsi o demək deyil ki, inqilab artıq qocalıb və geriləmə dövrünü yaşayır. İnqilabın 40 illiyi onun püxtələşmə və yüksəliş yaşıdır. Allaha həmd olsun ki, İslam İnqilabı özünün 40 yaşında qüdrətlə, əsas şüarlarını, başlanğıcda ucaltdığı bayraqları qoruyub saxlayaraq yenə də irəli getməkdədir.

Üçüncüsü: bizim gənclərimiz bütün meydanlarda ölkənin ümid yeri olan ən böyük sərmayəsidir; gənclər olduqca dəyərlidir; bu gün bizim yüksək sənaye və texnologiyalar sahəsində fəaliyyət göstərən gənclərimiz var; mədəniyyət və incəsənət sahəsində çalışan gənclərimiz var; hərbi sahədə olduqca səriştəli və bacarıqlı zabitlərimiz var. İdarəetmə sferasında da gənclər təmsil olunarsa, idarəçilik işləri daha böyük dinamika və yüksək ruhla həyata keçirilər və mənim tövsiyəm budur ki, müxtəlif sahələrin idarəçiliyinə gənclər daha çox cəlb olunsun, onlardan daha çox istifadə olunsun. 

Dördüncüsü: düşmən ümid edirdi ki – bax bu, çox önəmli bir məqamdır – inqilabın 3-cü və 4-cü nəsli inqilabdan üz döndərəcək, lakin bu gün inqilabın 3-cü və 4-cü nəsillərinin inqilaba olan meyli, sədaqət və bağlılığı, dərin və püxtələşmiş marağı birinci nəsildən çox olmasa belə, heç az da deyil. Düşmən problem və çətinlikləri bizim gözümüzdə böyütməyə, onları bizə olduğundan qat-qat çox və böyük göstərməyə çalışır. Mən isə bu səylərin qarşısında deyirəm ki, Allahın köməyi və istiqamətləndirməsi sayəsində, gənclərimizin əli ilə bütün bu problemlərin həlli mümkündür. Düşmən bizim gənc nəslin inkişaf və yüksəlişindən son dərəcə narahat və əsəbidir. Gördüyünüz kimi, düşmənlər – amerikanlar və qərblilər – bizim sentrifuqalarımıza kəskin şəkildə qarşı çıxdılar. Bu təkcə ona görə deyildi ki, o sentrifuqalar uranı zənginləşdirir; səbəb daha çox o idi ki, bu elmi hərəkat bizim gənclərimizin düşüncəsini zənginləşdirir, onları daha böyük işlərə hazırlayır; daha çox ona görə etiraz edirdilər ki, bu tədqiqatlar İslam Respublikasının ölkənin gənc nəslinə qol-qonad verib onu inkişaf etdirmək bacarığını nümayiş etdirir. Sizə deyim ki, bizim əziz gənclərimiz bu ölkəni əvvəlki nəslin – yəni bizim nəslin düşündüyündən, fikrində tutduğundan da yaxşı və gözəl quracaqlar. İnşallah, daha yaxşı quracaq və bu ölkənin istiqlal, tərəqqi və şərəf bayrağını bu günə qədər olduğundan da yüksəklərə qaldıracaqlar.

Pərvərdigara! Gənclərimizi öz lütf, mərhəmət və hidayətinə layiq gör, onları haqq yol olan sirati-müstəqimdə sabitqədəm et. Pərvərdigara! Muhəmməd və Ali-Muhəmməd xatirinə, müsəlman İranını günbəgün daha da başıuca et, bu yolu bizə açmış dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhunu Məhşərə öz övliyalarınla birgə gətir. Pərvərdigara! İmam Mehdi Sahibəzzamanın müqəddəs qəlbini bizdən razı və məmnun et. Pərvərdigara! Bizi o Həzrətin duasına, qeybdən gələn mənəvi hidayətinə layiq et. Bizi o Həzrətin dostlarından et və onun zühurunu tezləşdir.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Şərqi Azərbaycan ostanının əhalisi ilə görüş (29.11.1396)
(2) Müqəddəs Məşhəd şəhərində İmam Rza (ə) ziyarətgahının zəvvarları və ətrafda yaşayan əhali ilə görüş (01.01.1396)
(3) Camiül-əxbar, səh.101
(4) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər. 
(5) Şəvahidül-tənzil, c.1, səh.5