Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و لعنة الله علی اعدائهم اجمعین

Möhtərəm cənablar, əziz qardaşlar, xoş gəlmisiniz; cənab Cənnəti və cənab Şahrudiyə təqdim etdikləri məruzələrə, habelə bütün digər məclis üzvlərinə – rəyasət heyətinə, komissiyaların sədrlərinə və üzvlərinə il boyu çəkdikləri zəhmətə görə təşəkkürümü bildirirəm; xüsusilə də o “Xubriqan ideoloji heyəti” (1) məsələsinə, bu işin ərsəyə gəlməsi üçün göstərdiyiniz əzmkarlığa görə sizə minnətdaram. İnşallah, heyət öz işinə başlayandan sonra tədricən həm onun faydaları, həm də problem və çətinlikləri, necə böyük bir iş həyata keçirməli olduğu aşkara çıxacaq. Mərhum cənab Şahabadinin (2) də xatirəsini yad edir, Allahdan ruhuna rəhmət və bağışlanma diləyirik; məkanı Cənnət olsun, inşallah. Mərhum Ayətullahül-üzma Şahabadinin övladları arasından onun mərhum İmam Xomeyni ilə çox yaxın, səmimi və mehriban münasibəti var idi; İmam onlardan bir neçəsinə, o cümlədən ona bir ata kimi yaxınlıq və doğmalıqla yanaşırdı; insafla demək lazımdır ki, o özü də həm ruhiyyəsi, həm mövqeyi, həm də İslam İnqilabına sədaqəti baxımından çox görkəmli, parlaq bir şəxsiyyət idi. Allah-taala məqamını uca etsin, inşallah.

Bugünkü görüşümüz Fatimeyi-Zəhranın (s.ə) adı ilə bərəkətlənib; belə ki o böyük şəxsiyyətə aid olan günləri yaşayırıq – xanımın doğum günü ərəfəsindəyik; gəlin bunu xeyir əlamət kimi qəbul edək. Bundan əlavə, rəcəb ayının astanasındayıq və həqiqətən, bu da ilin mübarək mərhələlərindən birinə keçid kimi qiymətləndirilə bilər. Rəcəb ayı ibadət, təvəssül, dua və yalvarış, Allaha yaxınlıq, maneələri ortadan qaldırmaq üçün Uca Yaradandan yardım diləmə ayıdır.

Möhtərəm cənablar, əziz qardaşlar! Xubriqan Məclisi siyasi baxımdan son dərəcə həssas əhəmiyyət kəsb edir; belə ki Ali Rəhbəri seçmək də, müəyyən məqamlarda onu vəzifədən kənarlaşdırmaq da bu məclisin öhdəsinə düşür; Xubriqan Məclisinin siyasi mövqeyi fövqəladə dərəcədə yüksəkdir, amma bununla yanaşı, bu həm də din alimlərinin, şəriət ekspertlərinin təmsil olunduğu bir məclisdir; yəni bu məclisdə din alimləri bir araya gəlir. Xubriqan Məclisi dinlə siyasətin çulğaşmasının canlı bir təzahürüdür; burada din alimləri dini bir atmosferdə az öncə qeyd etdiyim və konstitusiyada da əksini tapan böyük bir siyasi işlə məşğul olurlar; indi əgər inşallah, o ideoloji heyətin işi də reallaşsa və inkişaf etdirilsə, o zaman Xubriqan Məclisinin fəaliyyəti, bərəkəti daha da genişlənəcək. Bu gün isə mən Xubriqan Məclisinin dini aspekti, orada din alimlərinin təmsil olunması ilə bağlı bir məqama toxunmaq istəyirəm. Möhtərəm cənablar, bu gün sizin üçün bu mövzu ətrafında bir qədər söhbət edəcəyəm.

Giriş olaraq deməliyəm ki, İslam Respublikasının hərtərəfli bir mübarizə vəziyyətində olduğuna heç kəsin şübhəsi yoxdur; hamımız qəbul edirik ki, İslam Respublikası ağır və hərtərəfli bir mübarizə aparır; biz təkcə siyasi sferada yox, eyni zamanda mədəniyyət, iqtisadiyyat, sosial həyat, təhlükəsizlik sferalarında da mübarizə vəziyyətindəyik. Əlbəttə, müəyyən mərhələdə hərbi hücum, odlu-alovlu müharibə də olub, qurtarıb, indi yoxdur, amma təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sferalarında gedən müharibə ondan da ağırdır və bu gün biz bu müharibələri yaşayırıq; bunu heç kəs inkar edə bilməz. Düzdür, elə insanlar var ki, bizim belə bir vəziyyətdə – müharibə şəraitində yaşamağımıza etiraz edərək: “Nəyə görə biz dünya ilə müharibə aparmalıyıq?” – deyirlər. Bu vəziyyəti qəbul etməyənlər var. Onlar bu müharibəni İslam Respublikasının başlatdığını düşünür, buna görə də bizim müharibə və qarşıdurma şəraitində yaşamağımızı qəbul etmək istəmirlər. Fikrimcə, bu, yanlış bir təsəvvürdür. İslam Respublikası dünya ilə bu miqyasda bir müharibə başlatmayıb, əksinə, İslam Respublikasının varlığının özü, yəni İslam Respublikasında rəhbər tutulan ideya, hədəf və şüarlar (hansıların ki mahiyyətini dinin hakimiyyəti, dini cəmiyyət təşkil edir) düşmən yaradır, qarşıdurma doğurur. Bu, haqla batilin tarix boyu mövcud olmuş mübarizəsidir; bu, yeni bir şey də deyil; tarix boyu harada təkallahlılıq və ədalət sədası ucalıbsa, o yerdə düşmənlər də ortaya çıxıb; bu, bügünün məsələsi deyil;

 وَ کَذّْلِکَ جَعَلنا لِکُـلِّ نَبِیٍّ عَدُوًّا شَیّْطینَ الاِنسِ وَ الجِنِّ یوحی بَعضُهُم اِلیّْ بَعضٍ زُخرُفَ القَولِ غُرورًا‘ وَلَو شاءَ رَبُّکَ ما فَعَلوهُ فَذَرهُم وَ ما یَفتَرون وَ لِتَصغیًّ اِلَیهِ اَفئِدَةُ الَّذینَ لایُؤمِنونَ بِالأخِرَةِ وَ لِیَرضَوهُ وَ لِیَقتَرِفوا ما هُم مُقتَرِفونَ

“Beləcə Biz hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər! (İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) axirətə inanmayanların ürəkləri onlara meyil etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə təlqin edərlər)”. (“Ənam” surəsi,112-113-cu ayələr)

Batil cəbhəsinin fərdləri bir-biri ilə əməkdaşlıq edirlər; yəni həm əməkdaşlıq edir, həm də özlərinə tərəfdaşlar tapırlar, müəyyən insanlar onların dediklərinə qulaq asaraq arxalarınca gedirlər; belədir. İslam Respublikası olaraq bizim şüarlarımız bunlardır: tövhid, Allahın və onun övliyalarının rəhbərliyi, sosial ədalət, insanın uca tutulması. Bizim şüarlarımız, bizim rəhbər tutduğumuz ideyalar bunlardır, bu ideyaların isə düşmənləri var. Biz zülmə qarşıyıq;

(3) کونا لِلظّالِمِ خَصماً وَ لِلمَظلومِ‌ عَونا

Bizim ideoloji məktəbimiz budur; zalımın düşməni, məzlumun dostuyuq. Bu mövqe isə, təbii olaraq, düşmən yaradır, düşmənçilik yaradır, qarşıdurmaya səbəb olur; məsələ budur. 

Önəmli olan isə budur ki, bu qarşıdurmada haqq cəbhəsinin qələbəsi mütləqdir. Təkcə bu gün yox, dünən də, bu gün də, sabah da harada belə bir mübarizə ortaya çıxsa, qələbə haqq cəbhəsinindir; amma bir neçə şərtlə; haqq əhli, haqqın tərəfdarı olanlar qəti niyyət etsələr, əzmkar və təpərli olsalar, səbir etsələr, mübarizə aparsalar, şübhəsiz, qalib olacaqlar. Harada bu dediklərim olubsa – tarixin qədim dövrlərindən üzü bəri – nəticəsi bu cür olub. Peyğəmbərlərdə də belə olub; bəli, peyğəmbərlərin də həyatına nəzər salanda bu cür halların şahidi oluruq ki, onları qətlə yetiriblər, məhv ediblər, istehza hədəfinə çeviriblər və sair bu kimi işlər görüblər, amma Quranın özündə və rəvayətlərdə peyğəmbərlərin uğurlarını, qələbələrini əks etdirən məqamlar da var; bunun səbəbi həmin hallardan hər birində şəraitin fərqli olmasıdır. Harada ki haqqın tərəfdarları passivlik göstəriblər, məsuliyyətsizlik ediblər, o cür olub; amma harada ki mətin və sabitqədəm olublar, mübarizə aparıblar, uzaqgörən davranıblar, o yerdə qələbə qazanıblar; yəni tarix boyu həmişə belə olub. Bu gün də belədir; bu gün də bu hərəkat, bu inqilab dahi liderimiz İmam Xomeyni vasitəsilə start götürdükdə xalq onun arxasınca getdi, meydanlara girdi; qoca, cavan, kişi, qadın, müxtəlif sosial təbəqələr, müxtəlif bölgələr meydanlara atıldı; öldürülməkdən qorxmadılar, müqa¬vi¬mət göstərdilər, qələbə qazandılar. Müharibədə də eynilə; başqa hər yerdə də harada, necə deyərlər, bu təpəri göstərmişiksə, mütləq, qələbə əldə olunub. Bu gün də eynilə o cürdür; əgər bu gün də şərtlərə düzgün əməl etsək, qələbə mütləqdir. 

Qurani-Kərimdə də həmin şərtlər daxilində qələbənin qəti olması məsələsini bizə xatırladan, öyrədən, xəbər verən ayələr kifayət qədər çoxdur; buna misal olaraq

اِن تَنصُرُوا اللهَ یَنصُرکُم

“Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər” (“Muhəmməd” surəsi, 7-ci ayədən),

لَیَنصُرَنَّ‌ اللهُ مَن یَنصُرُه

“Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər” (“Həcc” surəsi, 40-cı ayədən),
ayələrini, həmçinin Quranda bir neçə yerdə təkrarlanmış

وَ العاقِبَةُ لِلمُتَّقین

“Aqibət (dünyada zəfər, axirətdə yüksək məqamlar) müttəqilərindir” (“Əraf” surəsi, 128-ci ayə) ayəsini misal gətirmək olar. Bu ayələr hamısı Allahın möminlərə etdiyi yardımın göstəricisidir. Bu baxımdan mən bu gün bu qəbildən olan ayələr içərisində ən önəmlilərindən olan birini – Allahın birlikdəliyindən söz açan ayəni qeyd etmək istəyirəm;

اِنَّ اللهَ مَعَنا

“Allah bizimlədir!” (“Tövbə” surəsi, 40-cı ayədən)

İnsanın Allah-taalanın onunla olduğunu, onun yanında olduğunu, onun arxasında olduğunu, onu himayə etdiyini hiss etməsi çox mühüm bir məsələdir; bu, çox əhəmiyyətli bir şeydir! Çünki Allah-taala qüdrət və şan-şövkətin əsasıdır. Allah bir cəbhə ilə birlikdədirsə, o cəbhə mütləq, heç şübhəsiz, qələbə qazanacaqdır. Diqqət yetirsək, görərik ki, Allah-taala özünün bu birlikdəliyini ən çətin məqamlarda öz övliyalarına xatırladır; misal üçün, Həzrət Musa:

وَلَهُم عَلَیَّ ذَنبٌ فَاَخافُ اَن یَقتُلون

“(Bir qibtini öldürdüyümə görə) onların qarşısında boynumda bir günah da var. Bunun üçün məni öldürəcəklərindən qorxuram”. (“Şuəra” surəsi, 14-cü ayə)

– deyəndə əvvəlcə Allah-taala buyurur:

قالَ کَلّا فَاذهَبا بِئایتِناِ اِنّا مَعَکُم مُستَمِعون

“(Allah) buyurdu: “Xeyr! (Firon səni əsla öldürə bilməz!) Hər ikiniz möcüzələrinizlə (Fironun yanına) gedin. Şübhəsiz ki, biz də sizinlə birlikdə (Firon tayfasının nə dediyini) eşidəcəyik!” (“Şuəra” surəsi, 15-ci ayə)

 – Mən sizinləyəm, kimdən qorxursunuz? Bu, “Şuəra” surəsindəndir; yaxud digər bir ayədə Musa və Harun:

اِنَّنا نَخافُ اَن یَفرُطَ عَلَیناِ اَو اَن یَطغی

“Ey Rəbbimiz! (Fironun) bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!” (“Taha” surəsi, 45-ci ayə)
– dedikləri zaman Allah-taala buyurur:

قالَ لا تَخافا اِنَّنی مَعَکُماِّ اَسمَعُ وَاَری

“Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidir və görürəm”. (“Taha” surəsi, 46-cı ayə)

Baxın, bu nə qədər yaxşıdır! Mən sizinləyəm, görürəm, eşidirəm, tam diqqətimlə sizi qoruyuram. Və ya mübarək “Muhəmməd” surəsində (s) buyurur:

فَلا تَهِنوا وَ تَدعوِّا اِلَی السَّلمِ وَ اَنتُمُ الاَعلَونَ وَ اللهُ مَعَکُم وَلَن یَتِرَکُم اَعمالَکُم

“Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz”. (“Muhəmməd” surəsi, 35-ci ayə) Yəni Allah-taalanın möminlərlə, peyğəmbərlərlə, peyğəmbərlərin səhabələri və tərəfdarları ilə birlikdə olması Quranda dönə-dönə təkrarlanmış bir məsələdir.

فَلَمّا تَرًّءَا الجَمعانِ قالَ اَصحّْبُ موسیًّ اِنّا لَمُدرَکونَ قالَ کَلّا اِنَّ مَعِیَ رَبّی سَیَهدین

“İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi) Artıq yaxalandıq! (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq, mənə yol göstərəcəkdir!” (“Şuəra” surəsi, 61-62-ci ayələr) ayəsinə əsasən isə belə bir nəticəyə gəlirik ki, peyğəmbərlər Allahın bu danılmaz vədinə inanmış, etimad etmişlər. Fironun qoşununun qaraltısı uzaqdan görünəndə və tezliklə gəlib onlara çatacaqları aydın olanda – qarşılarında dəniz, arxalarında Fironun qoşunu – qəlblər titrəyir, “اِنّا لَمُدرَکون” – “Atamız yandı!” – deyirlər. Bu yerdə Həzrət Musa Allah-taalanın həmin o vədinə etimad göstərərək deyir: “کـَلّا” – “Yox, belə deyil!” “اِنَّ مَعِیَ رَبّی سَیَهدین” – “Rəbbim mənimlədir. O, mütləq, mənə yol göstərəcəkdir!” Və ya Sur mağarasında Peyğəmbəri-Əkrəmin (s) başına gələn hadisədə;

اِلّا تَنصُروهُ فَقَد نَصَرَهُ اللهُ اِذ اَخرَجَهُ الَّذینَ کَفَروا ثانِیَ اثنَینِ اِذ هُما فِی الغارِ اِذ یَقولُ لِصاحِبِه! لا تَحزَن اِنَّ اللهَ مَعَنا

“(Ey möminlər) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və o öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” – dediyi zaman (göstərmişdi)”. (“Tövbə” surəsi, 40-cı ayədən)

Peyğəmbəri-Əkrəm (s) həmin vədə etimad edərək deyir: “اِنَّ اللهَ مَعَنا” – Allah bizimlədir; narahat olma, qəm yemə. Deməli, həm Allah-taala bu vədi qəti bir şəkildə vemişdir, həm də Allahın Həzrət Musa və Peyğəmbəri-Əkrəm kimi övliyaları bu vədə inanmış, onu qəbul etmiş və həyata keçirmişlər. Və bu, bir həqiqətdir, tarixin mütləq qayda-qanunlarından biridir; bu o qaydalardandır ki, heç şübhəsiz, həmişə olub, var və olacaqdır.

لَن تَجِدَ لِسُنَّةِ اللهِ تَبدیلا

“Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən”. (“Əhzab” surəsi, 62-ci ayədən);

Bəli, indi biz özümüz üçün Allahın bu birlikdəliyini təmin etmək istəyirik. Bunun yolu nədir? Bax önəmli olan budur. Bu birlikdəlik var, amma müəyyən şərtləri var; hamı üçün deyil. Quranda bu birlikdəlik üçün bir neçə şərt qoyulub. “Nəhl” surəsinin sonunda buyurur:

اِنَّ اللهَ مَعَ الَّذینَ اتَّقَوا وَالَّذینَ هُم مُحسِنون

“Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir”. (“Nəhl” surəsi, 128-ci ayə);

təqva;

اِنَّ ‌اللهَ مَعَ الصّبِرین

“Allah səbir edənlərlədir”. (“Bəqərə” surəsi, 153-cü ayədən);

وَ اللهُ‌ مَعَ‌ الصّبِرین

 “Allah səbir edənlərlədir!” (“Bəqərə” surəsi, 249-cu ayədən);

اَنَّ اللهَ مَعَ المُتَّقین

“Allah müttəqilərlədir!” (“Tövbə” surəsi, 36-cı ayədən);

اَنَّ اللهَ مَعَ المُؤمِنین

“Allah, həqiqətən, möminlərlədir!” (“Ənfal” surəsi, 19-cu ayədən);

və Quranda bir neçə yerdə təkrarlanmış

وَ اِنَّ اللهَ لَمَعَ المُحسِنین

“Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!” (“Ənkəbut” surəsi, 69-cu ayədən).

Biz bu yerdə öhdəmizə düşən vəzifəni dərk etməliyik; mənim demək istədiyim budur. Həm İslam dövlətinin – yəni dövlət rəsmilərinin, qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin – həm də din alimlərinin vəzifəsi budur ki, bu xalqda imanı tərbiyə etsinlər; təqvanı tərbiyə etsinlər; səbri tərbiyə etsinlər; insanlar arasında, möminlər arasında gözəl rəftarı tərbiyə etsinlər; biz xalqı bu cür tərbiyə etməliyik. Bu işdə ən önəmlisi dövlət qurumlarıdır, onlar planlı fəaliyyət əsasında bunu həyata keçirə bilərlər. Bizim sırf özümüzə aid olan spesifik institutlardan başqa, Təhsil və Tərbiyə Nazirliyi, Ali Təhsil Nazirliyi, “Səda və sima” Dövlət Teleradiosu kimi irimiqyaslı qurumlarımız var; adlarını sadaladığım bu qurumlardan bütün dünyada, hamıda var, amma müəyyən institutlar da var ki, sırf bizə aiddir; imam-cümələr, icmalar, minbərlər kimi. Bu minbərlər, xalqla qurulan bu təmaslar çox əhəmiyyətlidir. Deməli, işin müəyyən hissəsi məktəb və universitetlərdə tədris olunan təhsil proqramından, məscidlərdə, cümə namazlarında, KİV-də aparılan təbliğatdan ibarətdir; xüsusilə də, qeyd etdiyim kimi, “Səda və sima” Dövlət Teleradiosu kimi daha geniş auditoriyaya malik olan qurumlarda; Dövlət Teleradiosunun mühüm vəzifələrindən biri də budur. Və ya o insanlar ki, onların dediklərini kütlənin böyük bir hissəsi eşidir; bu bəndəniz kimi, ölkə başçısı kimi, ictimaiyyət arasında sözü dinlənən digər şəxslər kimi; tanınmış din, elm və siyasət xadimləri var ki, camaat onların sözünü eşidir; belə insanlar əsas hədəflərini cəmiyyətdə bayaq qeyd etdiyim keyfiyyətlərin tərbiyəsi üzərində cəmləməlidirlər. Ona görə ki insanlarda bu keyfiyyətlər tərbiyə olunanda o zaman “وَالَّذینَ هُم مُحسِنونَ” – yaxşı əməl sahibləri, “الَّذینَ اتَّقَوا” – Allahdan qorxub pis əməllərdən çəkinənlər və sair meydana gəlir, ardınca da “اِنَّ اللهَ مَعَنا” – “Allah bizimlədir” əldə olunur; yəni bunlar olandan sonra, heç şübhəsiz, Allahın birlikdəliyi hasil olunacaq; daha heç bir qorxu və kədərə yer yoxdur. Bəli, bu gün biz siyasi, maliyyə, iqtisadi, hərbi və təhlükəsizlik sferalarında böyük bir düşmən cəbhəsi ilə üz-üzəyik. Dünyanın, demək olar, bütün təbliğat qurumları bizim əleyhimizə danışır, işləyir; sionistlərdən, Amerikadan, imperialistlərdən asılı olan maliyyə qurumları əleyhimizə işləyir; bunlar hamısı bizm əleyhimizə iş aparmaqdadır. Əlbəttə, Allaha şükürlər olsun ki, biz ayaqdayıq, müqavimət göstəririk, bu müqavimət də, əlhəmdulillah, xalqımızın böyük bir hissəsində var olan həmin o təqva və imanın, yəni o gənclərin, o fədakarlıqların, o Höcəcilərin (4) bərəkətidir. Bunları önəmsiz hesab etməyin, bunlar çox önəmlidir. Bu dövlətin əsaslarını qoruyan və Allahın birlikdəliyini bizim üçün xeyli dərəcədə təmin edən məhz bunlar olmuşlar. Əgər bunu daha da mükəmməlləşdirmək istəyiriksə, bu dairəni daha da genişləndirməli, bu məsələlər üzərində işləməliyik. Birinci yerdə təbliğat işləri, bu işlərin planlaşdırılması durur. Şəxsən siz cənablar, demək olar, hamınız öz şəhərinizdə, müəyyən bir qurumda diqqət mərkəzindəsiniz; ya imam-cüməsiniz, ya dini məzmunda çıxışlar edirsiniz, ya müəllimsiniz, ustadsınız – bəziləriniz universitetdə, bəziləriniz teoloji tədris müəssisəsində – və müxtəlif yerlərdə danışmaq, iş görmək, insanları tərbiyə edib yetişdirmək imkanınız var, meydanınız var; bir kənarda oturub qalan adamlar deyilsiniz, meydan sizin ixtiyarınızdadır; buna görə ilahi sorğu-sual olacaq; yəni bu elə bir imkandır ki, Allah-taala ondan necə istifadə etdiyimiz barədə bizi sorğu-sual edəcək; 

(5) وَاستَعمِلنی بِما تَسئَلُنی غَداً عَنه

“Ey Rəbbim, məni o işlərlə məşğul et ki, Qiyamətdə məndən onlar haqda sorğu-sual edəcəksən”.

Bu da o qəbildən olan şeylərdəndir. Odur ki görüləsi işlərdən biri budur.

Bu təbliğat işindən daha önəmli olmasa da (hərçənd mənim fikrimcə, elə daha önəmlidir də), heç də az əhəmiyətli olmayan ikinci bir iş isə bizim şəxsi davranışlarımızdır; mən təkcə xalqın gözü önündə olan davranışlarımızı nəzərdə tutmuram; xeyr, bizim hər bir düzgün hərəkətimiz öz təsirini göstərir; günahı tərk etməyimiz, dünyapərəstliyi tərk etməyimiz, dəbdəbəli həyata meyli tərk etməyimiz, çox işləməyimiz, çalışqan olmağımız. Biz Allahla olsaq, Allah-taala sözümüzə, atdığımız addımlara təsir gücü verər. Bizə baxan xalq da dediklərimizlə əməllərimiz arasında ziddiyyət olmadığını görəndə imanı güclənəcək, bu yola gələcək, bu yolda irəliləyəcək. Mənim fikrimcə, dahi İmam Xomeyninin möcüzəvi uğurunun səbəblərindən biri elə bu idi: özü əməl edirdi, özü dindar idi, qiyamətə sözün həqiqi mənasında etiqadı var idi, əməlləri ilə özünün bu iman və etiqadının üzərində möhkəm dururdu və insafla demək lazımdır ki, həqiqətən, saf, təmiz bir insan idi (Allah ona Behişti nəsib etsin); bununsa təsiri var idi; əlbəttə, ola bilsin ki, bəziləri bu saflıq haqda bilsinlər, bəziləri bilməsinlər, amma bu, insana öz təsirini göstərir. Odur ki bizim həm ölkənin müxtəlif sferalarını idarə edən dövlət rəsmiləri, həm də din alimləri olaraq mühüm vəzifəmiz öz danışıq və əməllərimiz vasitəsilə insanları təqvaya, yaxşılığa, səbrə, saflığa və sair bu kimi keyfiyyətlərə sövq etməkdir. Bu, təmin olunduqdan və biz Allah-taalanın bizimlə olmasına nail olduqdan sonra isə nəticə o olur ki, böyük güclərlə qarşıdurmada şücaətli davranırıq. Əlbəttə ki, böyük güclərlə qarşıdurmada (bunun özü də təqvanın bir hissəsidir) biz şücaət, ağıl və səriştə ilə düşməni siyasət meydanında məğlub etməliyik. Bu bizim əsas və labüd işlərimizdən biridir. 

Allaha şükürlər olsun ki, bu gün ölkəmizdə çox gözəl bir yeni nəsil var. Bu dediyim şüar deyil, mən bunu real vəziyyət haqda məlumatı olan bir şəxs kimi deyirəm. Ölkədə yeni bir nəsil, yeni bir cücərti yaranıb; özü də bu, konkret bir bölgəyə, konkret ideoloji, yaxud əməli sferaya da aid deyil; mədəniyyət, təbliğat, incəsənət, elm, fəlsəfə sahələrində sözün əsl mənasında mömin, Allaha inanan, bu yola etiqad bəsləyən böyük bir gənclər ordusu yaranıb; baxmayaraq ki, İmam Xomeynini görməyiblər, insanlarda bu cür güclü imanın tərbiyə olunmasında həddən artıq effektiv olmuş Məcburi Savaş dövrünü görməyiblər. Onların bütün bunları görmədən də belə təkidlə, sevgi və bağlılıqla, möhkəm addımlarla bu yolu izləməsi qəlblərindəki imanın nə dərəcədə yüksək bir səviyyədə olduğunu göstərir. Bu, çox yaxşı, ümidverici bir nəsildir. Hazırda düşmən ümidini bizim qoca olmağımıza bağlayıb. Oturub hesablama aparırlar, deyirlər, bunlar qocadır, Rəhbər bu yaşdadır, o biri bu yaşdadır; bütün bizim komandanı ahıl hesab edirlər, daha bilmirlər ki, bu ahıl zahiri görünüşün arxasında bu ölkədə, Allaha şükürər olsun ki, bir gənclik hərəkatı mövcuddur, gənclər hərəkət edir, çalışır, işləyirlər və inşallah, onların gənclik əzmi, dərki və düşüncəsi sayəsində bütün böyük və önəmli işlər həyata keçiriləcək və arzulanan nəticəni verəcək.

Vaxt keçdikcə mən daha çox inanıram ki, bu ölkənin sabahı bu günündən qat-qat yaxşı olacaq, inqilab daha da irəli gedəcək, inşallah. Əlbəttə, problemlərimiz var; cənabların öz çıxışlarında toxunduqları problemləri bilirik (iclasların protokollarını mənə təqdim etdilər; sizin toxunduğunuz məsələlərin əksəriyyəti ilə mən də razıyam, sizin əlaqəli olduğunuz müxtəlif şəhər və ostanlardakı vəziyyət haqda mənim də məlumatım var, xalqın öz gündəlik məişət həyatında hansı çətinliklərlə üzləşdiyini, nələrdən şikayətçi olduğunu bilirəm), lakin düşünürəm ki, bütün bunların həlli, ortadan qaldırılması mümkündür. İnşallah, qarşıdakı günlərdə camaatımızla söhbətlərimiz olacaq və yəqin ki, bu mövzuda daha ətraflı danışacağıq. Bizim ölkəmizdə həlli qeyri-mümkün olan problem yoxdur.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Ali Məqamlı Rəhbərin 30.06.1396-cı ildə baş tutan görüşdə Xubriqan Məclisinə bu məclisdə ideoloji heyətin təsis edilməsi ilə bağlı verdiyi tövsiyədən sonra bu məsələ Xubriqan Məclisində nəzərdən keçirilmiş, 23.12.1396-cı il tarixdə müvafiq qanun layihəsinin qəbul olunmasından sonra “Xubriqan ideoloji heyəti” təşkil olunmuş və məclis üzvlərindən 10 nəfəri bu heyətin üzvü seçilmişlər. 
(2) Ayətullah Nəsrullah Şahabadi (Tehran ostanının Xubriqan Məclisindəki nümayəndəsi) 21.12.1396-cı ildə vəfat etmişdir. 
(3) Nəhcül-bəlağə, 47-ci məktub 
(4) Şəhid Möhsin Höcəci 
(5) Səhifeyi-Səccadiyyə, 20-ci dua