Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفیٰ محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین
Əziz gənclər, mənim əziz balalarım, çox xoş gəlmisiniz. Ölkənin gələcəyi sizin əlinizdədir. Siz, sözün əsl mənasında, bu ölkənin gələcək başçıları, irəlidə onu idarə edəcək şəxslərsiniz. Bu gün sizin şəxsiyyətinizin formalaşmasına təsir göstərən hər bir anlayış, hər bir qərar, hər bir addım birbaşa bu ölkənin gələcəyinə təsir göstərir və bu, çox önəmli bir məqamdır.
“Nur yolçuları” ekskursiyalarına gəlincə, əlhəmdulillah, artıq bir neçə ildir ki, uğurla davam etdirilən və günbəgün daha da genişləndirilən bu tədbir Müqəddəs Müdafiə dövrünün yaddaşlarda qorunub saxlanmasının təzahürlərindən biridir. Müqəddəs Müdafiə illərini, həqiqətən də, uca tutmaq, bu dövrə böyük dəyər vermək və onu yaddaşlarda qoruyub saxlamaq lazımdır. Çünki o 8 il – səkkiz illik Müqəddəs Müdafiə – ölkəmizin heysiyyətini, milli qürurumuzu, İran xalqının hazırkı təhlükəsiz yaşamını və nüfuzunu qarant altına almışdır. Bu dövr barədə bacardığınız qədər oxuyub araşdırma aparın, hadisələri diqqətlə izləyin, heç şübhəsiz, sonda bu nəticəyə gələcəksiniz ki, əgər tariximizin o mərhələsində məhz o xüsusiyyətləri ilə Müqəddəs Müdafiə olmasaydı, bu gün ölkəmiz və xalqımız, sözsüz ki, nə bu nüfuza, nə bu asayiş və təhlükəsizliyə, nə də bu azadlıq və suverenliyə sahib olardı. Zahirən saysız-hesabsız problemlər, təzyiqlər, müharibə, od-alov, qorxu və dəhşətlə dolu olan o 8 il mahiyyəti etibarilə bir ilahi nemət idi; Allahın bu ölkəyə və bu xalqa əta etdiyi gizli bir lütf idi. Bunlar elə şeylərdir ki, bu barədə siz özünüz araşdırıb öyrənməlisiniz; və heç şübhəsiz, bu sahədə tam və düzgün şəkildə araşdırma aparan hər kəs də məhz bu nəticəyə gələcək. Bəli, biz bu dövrü yaddaşlarda qoruyub saxlamalı, əziz tutmalı, o illərə böyük dəyər verməliyik. Ölkəmizin və xalqımızın bu gün sahib olduğu bu iqtidar o Müqəddəs Müdafiənin, tariximizin səhifələrinə və gerçəkləşdikləri o xüsusi mərhələyə qızıl hərflərlə yazılmış həmin o 8 ilin məhsuludur; biz o nurlu mərhələni yaşatmalı, yaddaşlarda qoruyub saxlamalıyıq.
Bu gün xalqımızın düşmənləri Müqəddəs Müdafiə dövrünü ona unutdurmaqda maraqlıdır; bu dövrü ya unutdurmağa, ya da ləkələyib şübhə altına salmağa çalışırlar. İrana düşmən olan dövlətlərin başçıları bu işə pullar xərcləyirlər. Sizin gördüyünüz iş düşmənin bu səyləri qarşısında həyata keçirilən əzəmətli bir xalq mübarizəsidir. Müqəddəs Müdafiə dövrü, o tarix elə bir dəyərli ehtiyatdır ki, ondan ölkənin inkişafı, millətin tərəqqisi, hər bir xalqın qarşısında duran çoxsaylı mübarizə meydanlarına hazırlıq üçün istifadə etmək lazımdır.
Müqəddəs Müdafiə barədə danışılası sözlər həddən artıq çoxdur; bunu sizə deyim. Bu günə qədər kitablar yazılıb, memuarlar qələmə alınıb, filmlər çəkilib, əksəriyyəti də çox yaxşı və həqiqətən də, dəyərlidir, amma Müqəddəs Müdafiə məsələsinin digər müxtəlif aspektləri də var ki, hələ deyilməyib, araşdırılmayıb, işlənməyib, əl dəyilməmiş qalıb. Bu gün mən siz əziz gənclər üçün həmin o müxtəlif və çoxsaylı aspektlərdən ikisinə qısaca olaraq toxunacağam: birincisi, bu savaşın başlamasına, İranın belə bir hücuma məruz qalmasına hansı amil səbəb olmuşdu; ikincisi, İslam Respublikası və İran xalqı zorla təhrik olunduğu bu müharibədə özünü necə müdafiə etdi. Bayaq dedim ki, ümumilikdə nəzər saldıqda bu məcburi savaş, bu müdafiə, düşmənin etdiyi o bədxahlıqlar, o xəbisliklər, İran xalqının o şücaəti, yaşadığı o zülmlər – bütün bunlar bir ilahi lütf idi, amma hər halda bunlar təhlil edilməli, öyrənilməlidir. Bu gün mən sizin üçün qısaca olaraq bu iki mövzu ətrafında söhbət edəcəyəm.
Birinci məqam odur ki, bu müharibəni ortaya çıxaran amil nə idi? Necə oldu ki, İran xalqı heç bir işi olmadığı, heç bir şəkildə təcavüz etmədiyi qərb qonşusu tərəfindən birdən-birə hücuma məruz qaldı və bu hücum 8 il çəkdi? Səbəb nə idi? Səbəb İslam İnqilabının əzəməti, inqilabın ehtişamı idi. İslam İnqilabı yarandıqda onun əzəməti, ehtişamı dünyadakı güclü düşmənlərini qorxuya saldı; bu bir reallıqdır. Bir yandan bütün dünyaya ağalıq edib hamını təhdid edən və heç kəsdən qorxmayanları, yəni başda Amerika, ardınca isə Avropa dövlətləri olmaqla Qərb kapitalistlərini (Qərb ölkələri, doğrudan da, özlərini güc və hakimiyyətin zirvəsində görürdülər), o yandan isə, əlbəttə ki, Sovet İttifaqını (onu da deyəcəyəm); ölkəmizdə İslam İnqilabının ortaya çıxması ilə özünü dünyanın ən böyük gücü hesab edən bu dövlətlərin ağalıq taxtı sarsıldı, onlar üçün dünyada sanki bir zəlzələ baş verdi; doğrudan da, qorxuya düşdülər; İranda nə baş verdiyini doğru-düzgün analiz edə bilmirdilər. Fəzilət və mənəviyyata, xüsusilə də İslam dininə etinasız yanaşılan materialist, dinsiz dünyada, hakimləri Qərbin bütün istəklərini bircə-bircə yerinə yetirən bir ölkədə qəflətən onların istəyinə, maddiyyatçı hədəflərinə, doydurulmaq bilməyən dünya həvəslərinə tamamilə zidd olan bir inqilab ortaya çıxır; İslam dininə, mənəviyyata və fəzilətə əsaslanan bir inqilab. Əliyalın gənclərin – tələbələrin, şagirdlərin gəlib meydanlarda silahların qarşısında durması onlar üçün qətiyyən anlaşılmaz idi; özünüz bilirsiniz ki, bu ölkənin qanlı mübarizə meydanlarının mühüm iştirakçılarından biri də şagirdlər idi; şagirdlər meydanlara 13 abanda gəlmişdilər; o meydanlarda kimin şagird, kimin böyük kişi və sair olmağının heç bir önəmi yox idi; bütün şəhər və kəndlərdə orta məktəb şagirdlərindən, bəzən ondan da azyaşlılardan tutmuş ahıllara, müxtəlif sosial təbəqələrin nümayəndələrinə qədər hər kəs meydanlara çıxmışdı. Onları təəccübləndirən də elə bu idi, nə baş verdiyini dərk edə bilmirdilər; ona görə də qorxmuşdular. Getdikcə də onların bu heyrəti daha da böyük qorxuya çevrildi; yəni vaxt ötdükcə nəinki arxayınlaşmadılar, əksinə, problemləri, nigarançılıqları daha da artdı. Nəyə görə? Ona görə ki bu inqilabın dünyadakı bütün müsəlman xalqları tərəfindən alqışlandığını gördülər. Başçıları Amerikadan asılı olan ölkələrin xalqları İslam İnqilabına dəstək şüarları səsləndirirdilər. İnqilabın əvvəlində – 1358-59-cu illərdə, demək olar, bütün müsəlman ölkələrində İslam İnqilabının lehinə söhbətlər gedir, şüarlar səsləndirilir, çıxışlar edilir, məqalələr dərc olunurdu. Bu onları, həqiqətən də, dəhşətə gətirmişdi. İranın əllərindən çıxdığını görüb (İranda ağalıq edirdilər axı) qorxuya düşmüşdülər ki, inqilab mədəniyyətinin müsəlman xalqları arasında bu cür geniş yayılaraq onlara belə güclü təsir göstərməsi digər müsəlman ölkələri və dövlətlərinin də əllərindən çıxmasına səbəb olar. Elə ona görə də nəyin bahasına olursa-olsun bu inqilabı məhv etmək qərarına gəldilər. Səddam rejiminin İran əleyhinə müharibəsi buradan başladı.
Səddam elə bir insan idi ki, onlar onda belə xudbincəsinə, təkəbbürlü və zülmkar bir hərəkət etmək potensialının olduğunu bilirdilər; yəni onu tanıyırdılar; onlar siyasi simaları tanıyırlar; Səddam təbiəti etibarilə təcavüzkar biri idi. İnqilab baş verdiyi zaman Səddam İraqın prezidenti də deyildi, İraqın prezidenti başqa bir şəxs – Əhməd Həsən Əlbəkr idi; işi elə qurdular ki, o, hakimiyyətdən kənarlaşsın, yerinə Səddam hakimiyyətə gəlsin və onu İrana hərbi hücum etməyə vadar etsinlər, təşviq etsinlər, təhrik etsinlər. İrana edilən hücumun bəhanəsi də əvvəldə bu idi ki – yəni belə deyirdilər, belə şüarlar verirdilər ki – neft çıxan bölgələri İrandan ayırıb, İraqa birləşdirmək istəyirlər; amma bunlar yalnız söz idi; söhbət neft çıxan bölgələrdən getmirdi; əsas məsələ hökumətin özü idi, inqilabın özü idi; inqilabı yox etmək istəyirdilər. Amerika və güclü Avropa dövlətləri (Avropanın 2-ci, 3-cü dərəcəli ölkələri bir o qədər də əhəmiyyət kəsb etmirdi; “əsas Avropa” , yəni İngiltərə, Fransa, Almaniya, İtaliya kimi Avropada mühüm mövqe və gücə sahib olan dövlətlər) hamısı bir nəfər kimi Səddamın arxasında durub, ona əllərindən gələn köməyi göstərdilər; əllərindən gəldiyi qədər dəstək oldular!
Müharibənin əvvəlində Səddamın ordusunun sayı məhdud idi, silah və texnikası da adi idi, amma vaxt ötdükcə – 6 ay, 1 il, 2 il ərzində günbəgün bütün bu imkanları daha da artdı. Müharibə imkanları tükəndirir; misal üçün, müharibənin əvvəlində bizim müəyyən qədər tankımız var idi, sonradan bəziləri sıradan çıxdı; tutalım, müəyyən qədər topxanamız var idi, bəziləri aradan getdi; silah-sursatımız var idi, xeyli hissəsi aradan getdi; müharibədə imkanlar, təbii olaraq, xərclənir, müharibə imkanları azaldır; amma burada isə müharibə getdikcə Səddam rejiminin imkanları daha da artırdı; bunları ona kim verirdi? Fransa, İngiltərə, Almaniya, Amerika; Amerikanın əleyhinə olan Sovetlər Birliyi də o məsələdə Amerika ilə birləşdi; onun da buna öz səbəbi var idi: Sovetlər Birliyinin tərkibində müsəlman respublikalarının sayı nisbətən çox idi və İrandakı dini hərəkat, İslam İnqilabı həmin respublikaların öz dini kimlikləri barədə düşünməsinə səbəb olurdu. Elə buna görə də bunu heç də xoş qarşılamayan Sovetlər Birliyi o məsələdə – bizim əleyhimizə aparılan müharibə və mübarizədə özünün çoxdankı düşməni Amerika ilə eyni cəbhədə yer almışdı. Bir sözlə, Amerika, Sovet İttifaqı, NATO (NATO anlaşmasının üzvləri də Avropa, Amerika və sair bu kimi dövlətlərdir), habelə dünyada ağalıq edən digər gücü dövlətlər İslam Respublikasının əleyhinə, İslam Respublikasını aradan götürmək üçün Səddamın arxasında durdular; hədəf bu idi; hədəf Xürrəmşəhri, Qəsre-Şirini və sairi fəth etmək deyildi, hədəfləri bura gəlmək idi; necə ki elə əvvəldə Səddam da KİV-ə müsahibəsində demişdi ki, “biz bu gün burada söhbət edirik, bir həftə sonra Tehranda söhbət edəcəyik”; işini belə planlaşdırmışdı. Müharibəni doğuran faktor bu idi; yəni Məcburi savaş dünyanın ən güclü dövlətlərinin yeni yaranmış İslam Respublikası əleyhinə qurduqları beynəlxalq miqyaslı bir məkrli plan idi. Fərz edin ki, bütün vəhşi heyvanlar yalqız, əliyalın və müdafiəsiz bir insana hücum edə; reallıqda vəziyyət bu idi.
O vaxt İslam Respublikasının nə intizamlı ordusu, nə qaydasında olan bir kəşfiyyat sistemi var idi (inqilabın əvvəlində belə idi də; hər şey bir-birinə qarışmışdı); İslam Respublkasının yalnız imanlı xalqı və İmam Xomeyni kimi güclü bir lideri var idi; xalqın sahib olduğu yalnız bu idi. Bax elə o Fransa müharibənin ortalarında İraqa ən son təyyarə və vertolyotlarını verdi; o Almaniya cəbhələrdə istifadə etməsi üçün Səddam rejimini zəhərli kimyəvi maddələrlə təmin edirdi.
Bu gün hansısa ölkəni, hansısa hakimiyyəti kimyəvi silahdan istifadə etməkdə ittiham edənlər bir vaxtlar Səddama rəsmən, açıq-aşkar şəkildə kimyəvi maddələr verirdilər ki, kimyəvi silah istehsal edib cəbhələrdə işlətsin; və elə işlətmişdi də; bu gün müharibənin başa çatdığı gündən 30 il ötməsinə baxmayaraq (müharibə təqribən 29 ildir ki, sona çatıb) hələ də bizim müharibə veteranlarımız arasında vaxtilə müharibədə kimyəvi silahın təsirinə məruz qaldıqları üçün əziyyət çəkən, sağlamlığı ilə əlaqədar problemlər yaşayan insanlar var; hələ xeyli adam da bu səbəbdən şəhid olub. İngilislər kömək etdilər, amerikanlar kömək etdilər, döyüş planları, peyk vasitəsilə əldə edilmiş təsvirlər verdilər, dünyanın bütün şeytanxislət rejimləri İslam Respubikası əleyhinə mübarizədə o bədbəxt, təkəbbürlü, xudbin şeytana – yəni Səddama dəstək oldular ki, bu müharibə ortaya çıxsın, davam etsin və onun qələbəsi ilə nəticələnsin. Əlbəttə ki, bütün bu səylər daşa atılan ox kimi idi; İslam Respublikasının bir qarış belə olsa torpağını ələ keçirmək üçün 8 il özlərini öldürdülər, amma bütün səylərinə rəğmən, heç nə edə bilmədilər. 8 il müddətində İran xalqı bütün bu dövlətlərə qalib gəldi. Mənim vurğulamaq istədiyim birinci məqam bu idi; yəni müharibəni ortaya çıxaran faktor bu olmuşdu.
İkinci bir məqam: müharibə necə gedirdi, bizim döyüşçülərimiz döyüş meydanlarında hansı şəkildə müdafiə olunurdular? Mənim əzizlərim, sizdən heç biriniz müharibə dövrünü xatırlamırsınız (əlbəttə, bir qayda olaraq, bəzi şəxsiyyətlər haqda məlumatınız var, kitablardan oxumusunuz və mən də bir daha sizə tövsiyə edirəm ki, o əziz, böyük, unudulmaz və əslində müstəsna simalar haqda yazılmış kitabları oxuyasınız; o kitabları oxuyun); biz fövqəladə bir şəkildə, güclü əzm və iradə ilə müdafiə olunurduq; döyüş meydanlarımızda böyük əzm, iradə, qətiyyət müşahidə olunurdu; güclü bir inam var idi; yəni özümüzün haqlı, düşmənin isə haqsız olduğuna inanırdıq; bu, çox önəmlidir. İstənilən meydanda mübarizə aparan bir insanın ürəyində inamı varsa, yəni özünün haqlı olduğuna, tutduğu yolun haqq yolu olduğunu inanırsa, bu onun irəliləyişinə kömək edir. Üstəlik, əgər bu inam Allaha, qeybə olan inamdırsa, bu artıq fövqəladə bir şeydir; İslamın yer üzünə gəldiyi ilk dövrlərdə o parlaq qələbələri müsəlmanlara nəsib edən amil də məhz bu idi. Bu bizim dövrümüzdə də baş verdi; inam var idi, əzm var idi, fədakarlıq var idi. İmandan fədakarlıq doğur; yəni onlar üçün canlarından keçmək önəmli bir məsələ deyildi; Allah yolunda, cihad uğrunda canlarından keçməyə, həqiqətən də, hazır idilər; fədakarlığa hazır idilər. Bu gün qələmə alınan o xatirələr başdan-başa fədakarlıq hekayələri ilə doludur və bütün bunlar bizim hamımız üçün, doğrudan da, ibrətvericidir. Hər dəfə mən o kitabları oxuyanda (tez-tez də oxuyuram) o işlərin, o fədakarlıqların əzəməti qarşısında özümü, həqiqətən də, cılız hiss edirəm.
Və təşəbbüskarlıq; Müqəddəs Müdafiənin xüsusiyyətlərindən biri də təşəbbüskarlıq əhval-ruhiyyəsi, yeni işlər həyata keçirməyə can atma həvəsi idi; diqqət yetirsəniz, görərsiniz; hətta dünyanın sınaqdan keçmiş, təcrübəli ordularından çoxunun geniş yayılmış hərbi ənənələrini aşırdılar, yeni taktikalar yaradırdılar, yeni yollar axtarıb tapırdılar; həqiqətən, bu cür idi; bizim döyüşçülərimizin ən önəmli xüsusiyyətlərindən biri onların təşəbbüskarlığı idi. Eyni zamanda mənəvi bağlantılar; cəbhə elə bir yer idi ki, adi insanlar ora düşəndə mənəvi-psixoloji cəhətdən, həqiqətən də, Allahı tanımadan, Allaha yaxınlaşmadan doğan bir saflıq və nuraniyyət atmosferinə daxil olurdular; təbii ki, özləri də bilmədən. Bizim döyüşçülərimizin xüsusiyyətləri bu idi. Elə buna görə də bu müharibənin özü insan tərbiyə edən, insan formalaşdıran bir müharibə oldu; yəni Müqəddəs Müdafiə bu sınaqda daha çox hərəkət edən, daha çox irəliləyən adi, sıravi gənclərimizdən hər birinin (şagird, tələbə, ticarətçi, kəndli, fəhlə, əkinçi,savadlı, savadsız; fərq etmir) daha yüksək, daha ülvi mənəvi-insani məqamlara ucalmasına səbəb oldu.
Sizcə bu görkəmli və önəmli şəxsiyyətlər, bu Himmətlər, bu Xərrazilər necə yaranıb? Şəhid Himmət, Şəhid Xərrazi – hansılar ki, həqiqətən, əfsanədir – bunlar adi gənclər olub; onları bu cür görkəmli, böyük və həqiqətən unudulmaz şəxsiyyətlərə çevirən məhz müharibə olub; Bakirilər, Borunsilər. Savadsız bənna olan Əbdülhüseyn usta müharibə meydanında döyüşçülərin arasında durub danışanda (onu gözü ilə görüb, eşidənlər deyir) müdrik bir filosof kimi danışır, qarşısında duran əsgərlərin ideoloji tələbatını təmin edirdi; müharibə özü insan formalaşdırırdı. Sadaladığım bütün bu xüsusiyyətləri ilə Müqəddəs Müdafiə savaşı bu cür şəxsiyyətlər yetişdirmişdir. Çitsaziyan – 17-18 yaşlı bir oğlan idi, döyüş meydanına girərək unudulmaz bir şəxsiyyətə, parlaq bir ulduza çevrilmişdi; onun fikirlərindən, onun danışıqlarından mən də, siz də – hamı istifadə etməlidir və edirik də; müharibə meydanlarında minlərlə belə gənc yetişmişdir.
Bu insanlar ağıllı və tədbirli insanlar idi; elə düşünmək lazım deyil ki, onlar eləcə başlarını aşağı salıb, heç nəyi düşünmədən düşmən ordusunu atəşə tutublar; xeyr, onlar ağılla, tədbirlə davranıblar. Bizim gənclərimiz müharibə meydanlarında düşüncəli və tədbirli şəkildə hərəkət edirdilər; ağıllı idilər, tədbirli idilər, şücaətli idilər, fədakar idilər, ibadət də edirdilər. Gündüzlər meydanda sözün əsl mənasında nərə çəkən aslanlar, gecələr isə sözün əsl mənasında zahid, abid, dua və yalvarış əhli idilər; gündüzün aslanları, gecənin abidləri; bu cür idilər.
Məhz buna görə də o ilk fəthlərdən birindən sonra (60-cı ildə bir fəth olmuşdu; Bustan fəthi; hansı ki çox önəmli idi; bir müddət davam etmiş geriləmə və cürbəcür uğursuzluqlardan sonra Bustan fəthi çox böyük bir qələbə hesab olunurdu) İmam Xomeyni özünün çox dərin məzmunlu çıxışında qeyd etmişdi ki, (əlbəttə, mən ümumi məzmununu deyəcəyəm, dəqiq ifadələr kitablarda var) (2) fəthlərin fəthi hansısa şəhərin fəth olunması deyil, fəthlərin fəthi bu cür gənclərin yetişdirilib ərsəyə gətirilməsidir; fəthlərin fəthi budur; doğrudan da, elə belədir. Bir ölkə üçün ən böyük fəth – fəthlərin fəthi odur ki, gəncləri həm ağıllı, tədbirli, imanlı və dindar olsunlar, Allaha dua, ibadət və yalvarış əhli olsunlar, həm düşmənin qarşısında durub mübarizə aparmaqdan çəkinməsinlər, həm də gözüaçıq olsunlar, düşmənin və onun əlaltılarının bütün zamanlarda apardığı və elə bu gün də davam etdirdiyi genişmiqyaslı təbliğata uymasınlar. Hansı ölkənin belə gəncləri olsa, o ölkə toxunulmazlıq qazanar.
Dediyim kimi, ölkənin sabahı sizsiniz, ölkənin gələcəyi sizsiniz; siz özünüzü bu xüsusiyyətlərlə yetişdirib tərbiyə edə bilsəniz, ölkəmiz tezliklə – uzaq yox, yaxın gələcəkdə – hər cəhətdən inkişaf və yüksəlişə nail olar; həm elmi, həm maddi, həm siyasi, həm də iqtisadi cəhətdən zirvəyə yetişər; gənclər belədir.
Müqəddəs Müdafiənin mahiyyəti bundan ibarətdir: bu müharibəni dünyanın güclü dövlətlərinin düşmənçiliyi ortaya çıxardı, bizim gənclərimizin əzəməti və fədakarlığı isə onu bizim xeyrimizə bitirdi. Onlar müharibəni o niyyətlə başlatmışdılar ki, İslam İnqilabını bütünlüklə aradan götürəcəklər, bunlar isə elə bir ruhiyyə ilə meydana atılıb, elə hərəkət etdilər ki, İslam İnqilabı günbəgün daha da gücləndi, köklərini daha da dərinə yeritdi, İslam Respublikası daha da möhkəmləndi; Müqəddəs Müdafiənin mahiyyəti budur. Bu mahiyyəti qoruyub saxlamaq, onun keşiyində durmaq lazımdır. Sizin gördüyünüz bu iş, ölkənin dörd bir yanından “Nur yolçuları” adı ilə ekskursiyaların təşkil olunması, qocalı-cavanlı milyonlarla insanın hər il o yerlərə, o bölgələrə səfər etməsi, əslində, o nurlu dövrün, o nurlu həqiqətin – yəni Müqəddəs Müdafiənin həqiqətinin keşiyində durmanın təzahürlərindən biridir.
Bu gün inqilabın qələbəsindən 40 il ötür, sizinsə yaşınız 18, 20, 25-dən çox deyil; onlar bunu istəyir və bunu gözləyirdilər ki, növbə yeni nəslə, yəni sizə çatanda, sizlər iş başına keçəndə bu ölkədə İslamın, inqilabın izi-tozu qalmayacaq, bu ölkənin siyasəti, kimliyi – hər şeyi üzərində amerikalılar, dünyanın güclü dövlətləri, sionist kapitalistlər ağalıq edəcəklər; onların gözləntisi bu idi; bu niyyətlə mübarizəyə başladılar, bu niyyətlə müharibəyə start verdilər, bu niyyətlə də müharibədən sonra bu günə qədər sərt və yumşaq hücumlarını davam etdirirlər. Bəs nəticə necədir? Nəticə belədir ki, bu nəslin içərisində inkişaf və çiçəklənmə potensialı, xəbis, işğalçı və təcavüzkar düşmən qarşısında mübarizə aparma gücü əvvəlki nəsildən də dəfələrlə çox olan insanlar var və əgər bizim gənclərimiz o zaman düşməni geri oturtmağı bacarıblarsa, heç şübhəsiz, bu gün bunu etmək üçün qat-qat daha hazırlıqlıdırlar. Onlar plan qurdular, məkr etdilər, İslam dini, İslam Respublikası və Allahın iradəsi isə onların planlarını puç etdi; inşallah, günü-gündən də daha çox puç edəcək. Gözəl gənclər! Özünüzü hazırlayın.
Mən “Nur yolçuları” ilə bağlı bir neçə tapşırıq vermək istəyirəm: əvvəla, bütün qurumlar, hərə öz növbəsində bu hərəkata dəstək versin; qoy bu hərəkata yardımçı ola biləcək müxtəlif hökumət qurumları əllərindən gələn köməyi onlardan əsirgəməsinlər; əlbəttə, bayaqkı hesabatda qeyd olunduğuna görə, bəzi qurumlar çox yaxşı kömək edir, amma əsas fikir budur ki, ölkənin bütün qurumları bu işə diqqətli yanaşmalıdır. Bundan əlavə, qoy səlahiyyətli qurumlar və şəxslər “Nur yolçuları” ekskursiyalarının mədəni və sosial aspektlərini bacardıqları qədər gücləndirsinlər; bu möhtəşəm xalq hərəkatında mədəni mahiyyəti həqiqətən də necə təmin etməyin mümkün olduğunu nəzərdən keçirsinlər və bu istiqamətdə iş aparsınlar. Mənim digər bir tapşırığım ekskursiya rəhbərləri ilə bağlıdır. “Nur yolçuları”nın səfər etdiyi bölgələrdə olan ekskursiyaçılar və ora gələn qonaqlar üçün vaxtilə oralarda baş vermiş hadisələri rəvayət edən insanlar reallıq prinsipini dəyərli bir əmanət kimi qorumalıdırlar. Mən şişirtmə, mübaliğə və bu kimi şeylərin qəti əleyhinəyəm; nəyisə şişirtməyə heç bir lüzum yoxdur, baş vermiş hadisələrin reallığı kifayət qədər şanlı, cəlbedici və ruhlandırıcıdır, bunun üzərinə nə isə əlavə etməyə ehtiyac yoxdur. Bəzən eşidirik ki, insanlar qeybdən gələn köməyin rolunu avamcasına böyüdürlər. Düzdür, qeybdən gələn kömək, sözsüz ki, olub, biz bunun şahidiyik, döyüşçülərimizə qeybdən yardım edildiyini bilirik, intəhası bu yardım bəzi insanların avamcasına təsvir etdiyi formalarda olmayıb. Allah-taala, mütləq, yardım edir; Bədr döyüşündə Allah-taala öz mələklərinə əmr etmişdi ki, gedib onun yolunda cihad edənlərə dəstək olsunlar, yardım etsinlər; Allah-taala ixlaslı insanlar üçün bunu hər yerdə edir, bu köməyi göstərir, amma biz belə məsələlər haqda danışarkən mübaliğəyə, şişirtməyə yol verməməliyik.
Müqəddəs Müdafiə dövrünün parlaq hadisələri dərs kitablarına salınmalıdır; o dövrdə baş vermiş real, diqqətəlayiq hadisələr dərs vəsaitlərinə ötürülməlidir ki, bizim gənclərimiz onlar barədə xəbər tutsunlar. Doğrudur, bu mövzuda çoxlu kitablar yazılıb; bəzi kitabların həcmi böyük olduğuna, hadisələr təfsilatı ilə qələmə alındığına görə çoxları onları oxumaya bilər; həmin kitablardan müəyyən hissələri çıxarıb, yerinə görə dərs vəsaitlərində dərc etmək olar.
“Nur yolçuları” qruplarında səfərlərə çıxan əziz qardaşlarımızın təhlükəsizliyinin təmin olunması da önəmli məsələlərdən biridir; rəsmilər buna da diqqət yetirsinlər.
Bilin ki, bu “Nur yolçuları” hərəkatı ilə, ölkəmizin gənclərinin müxtəlif sferalarda nümayiş etdirdiyi bu yüksək stimul və motivasiya sayəsində düşmən bu 40 ildə heç bir iş görə bilmədiyi kimi, Allahın köməyi ilə, bundan sonra da heç bir qələt edə bilməyəcək. Düzdür, əziyyət verirlər, incidirlər; sanksiyalar, iqtisadi problemlər, cürbəcür təbliğatlar – belə işlər var, bunlar xalqa əziyyət verir, amma dayandıra bilmir. Hərəkət etmək, irəli getmək üçün güclü iradə və qəti qərar varsa, gənclər lazımi dərəcədə gözüaçıq olub qarşılarındakı düşməni tanıyırlarsa, düşməni tanımaqda qəflət və çaşqınlığa düşmürlərsə, özlərində düşmənə qarşı mübarizə əzminin zəifləməsinə imkan vermirlərsə, düşmən hərəkət edə bilməyəcək, zərbə vura bilməyəcək, bu əzəmətli hərəkatı durdura bilməyəcək.
Ümidvaram ki, inşallah, siz gənclər gələcəkdə – bu ölkənin açarları sizin əlinizdə olanda onu nüfuz və iqtidarın zirvəsinə yüksəldəcəksiniz.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_____________________
(1) Görüşün əvvəlində Müqəddəs Müdafiə Sənədlərinin Qorunması və Dövrün Dəyərlərinin Təbliği Fondunun sədri, briqada generalı Bəhmən Kargər məruzə etmişdir.
(2) Səhifeyi-İmam, c.15, səh. 395