Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Əhli-Beyt (ə) məddahları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar və bacılar, bayramınız mübarək. Həmişə Peyğəmbər (s) xanədanına, imamət ailəsinə xidmət edəsiniz, zülm və batilin üstünlük əldə etdiyi hazırkı dövrdə haqqın, haqq tələbinin uca səsi olasınız, inşallah; necə ki, Allaha şükür, bu gün də elə bunu etməklə məşğulsunuz. Bizim əzizlərimiz olan bu mömin gənclər, pak və məsum Əhli-Beyti (ə) mədh və sitayiş edən bu kollektivlər zülm və günahın tüğyan etdiyi bu dünyada, həqiqətən də, haqqın uca səsidirlər.

Peyğəmbər (s) qızının vəsfəgəlməz dərəcəli uca məqamı barədə danışmaq üçün mənim və mənim kimi bəndələrin dili naqisdir. Bəşər övladları böyük ilahi, səmavi insanların, o cümlədən Həzrət Fatimeyi-Zəhranın (s.ə) mənəvi məqamını, ruhunun əzəmətini vəsf etməkdə acizdirlər. Bunu Allah-taalanın özündən, Onun böyük bəndələrinin, ilahi övliyalarının dilindən eşidib öyrənmək lazımdır; biz bu məqamları yalnız dərkimizin gücü çatdığı, bacardığı qədər təxmin və təsəvvür edə bilərik. Peyğəmbəri-Əkrəm (s) Fatimeyi-Zəhra (s.ə) haqda belə buyurmuşdur:

(2) سَیِّدَةِ نِساءِ اَهلِ الجَنَّة

“Fatimə Cənnət qadınlarının xanımıdır”.

Əlbəttə, başqa rəvayətlər də var:

(3) سَیِّدَةِ نِساءِ ‌العالَمین؛ سَیِّدَةُ نِساءِ الدُّنیا

– “Aləmlərin qadınlarının xanımı”, “Dünya qadınlarının xanımı”; bütün bu rəvayətlər şiə və sünni mənbələrində mötəbər sənədlərlə nəql olunmuşdur; təkcə şiə mənbələrində deyil; amma məncə, hamısından daha önəmlisi elə “سَیِّدَةِ نِساءِ اَهلِ الجَنَّة” – “Cənnət qadınlarının xanımı” hədisidir. Baxın, Allah-taala Quran ayəsində – möhtərəm qaremizin bayaq tilavət etdiyi o ayədə buyurur:

وَ ضَرَبَ اللهُ مَثَلًا لِلَّذینَ ءامَنُوا امرَاَتَ فِرعَون

“Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi”. (“Təhrim” surəsi, 11-ci ayədən)

Fironun xanımı təkcə qadınlar üçün yox, bütün möminlər üçün örnəkdir; “لِلَّذینَ ءامَنُوا” – “iman gətirənlər üçün”. Allah-taala 2 qadını bütün möminlərə örnək göstərmişdir:

وَ ضَرَبَ اللهُ مَثَلًا لِلَّذینَ ءامَنُوا امرَاَتَ فِرعَون

– Biri Fironun xanımı Asiya xanım; onun barəsində bir neçə cümlə deyilmişdir; ardınca isə buyurur:

وَ مَریَمَ ابنَتَ عِمران

“Həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi”. (“Təhrim” surəsi, 12-ci ayədən)

– Biri də Həzrət Məryəm. Bəli, bu ikisi bütün bəşəriyyət üçün, yer üzündəki bütün möminlər üçün örnəkdir. Bu iki nəfər, eyni zamanda qadın cinsinə mənsub olan bütün ilahi övliyalar Behiştdədir, hamısının yeri Behiştdir, Fatimeyi-Zəhra (s.ə) isə

(4) سَیِّدَةُ نِساءِ اَهلِ الجَنَّة

– Cənnət qadınlarının xanımıdır, bunların hamısının başında durur. Biz o məqamları bundan artıq dərk etməyə qadir deyilik. Əlbəttə, əziz şairlərimiz, bu gün çıxış edən möhtərəm və dəyərli ifaçılarımız çox gözəl fikirlər səsləndirdilər, lakin bunlar hamısı Siddiqeyi-Tahirənin (s.ə) olduğu o ali səviyyədən çox-çox aşağıdır. Allah-taalanın və Peyğəmbərin (s) kəlamı Həzrət Fatimənin (s.ə) gerçək məqamını bu deyilənlərdən daha gözəl, daha tutarlı şəkildə çatdırır.

Vaxtımız daralıb; mən burada bəzi məsələləri qeyd etmişəm ki, onların ətrafında danışım, amma artıq günorta namazına yaxınlaşdığımız üçün qısa danışacağam. Siddiqeyi-Tahirənin (s.ə) mövludu günü Qadınlar günüdür. İslam məntiqində, İslam maarifində qadınlar üçün bir örnək, bir model müəyyən olunub; bu model mükəmməl bir modeldir. Yəni İslamda qadın imanlı, iffətli, övlad – insan tərbiyəsinin ən mühüm hissəsini yerinə yetirən, cəmiyyətə öz təsirini göstərə bilən, elmi və mənəvi cəhətdən inkişaf etməyə qadir olan, son dərəcə böyük önəm kəsb edən ailə ocağının idarəçiliyini həyata keçirən, kişi cinsinin rahatlıq qaynağı olan bir varlıqdır; bütün bunlar qadına xas zəriflik, incə duyğular, ilahi nurları qəbul etməyə hazırlıq kimi qadınlıq xüsusiyyətləri ilə yanaşı gəlir; örnək sayılan müsəlman qadını budur; Peyğəmbəri-Əkrəm (s) Fatimeyi-Zəhra və Xədiceyi-Kübranı (s.ə), yaxud ümumilikdə kamil qadını tərif edib tanıtdırarkən məhz bu xüsusiyyətləri qeyd etmişdir; İslamın təqdim etdiyi mükəmməl qadın modeli budur.

Bunun qarşılığında müxtəlif dövrlərdə fərqli xüsusiyyətlərə malik olan yanlış bir qadın modeli olmuşdur. Bu gün həmin yanlış model Qərb qadını modelidir. Yaşadığımız dövrdə az öncə örnək müsəlman qadını üçün qeyd etdiyim bütün üstün və bəyənilən xüsusiyyətlər əvəzinə, “örnək” Qərb qadını üçün ən ümdə xüsusiyyət kişilərin diqqətini özünə cəlb etməyə, onlar üçün həzz obyektinə çevrilməyə nail olmaqdır. Elə buna görə də, gördüyünüz kimi, bu gün Qərb qadınının meyarı çılpaqlıqdan ibarətdir. Kişi və qadınların birgə iştirak etdiyi rəsmi məclislərdə kişilər təpədən-dırnağa geyimli, qadınlar isə mümkün qədər soyunmuş olmalıdırlar; rəsmi tədbirlərdə! Aydındır ki, cəmiyyət arasında. Özü də Qərbdə – Avropa və Amerikada bu vəziyyət son dövrlərdə yaranıb, keçmişdə belə deyildi. Mənim bildiyimə görə, 120-150 il əvvəl orada, əlbəttə ki, İslamdakı mənasında hicab olmasa da, Qərb qadınları çılpaqlığa, əxlaq, həya və iffətə qarşı laqeydliyə bugünkü qədər meyilli olmayıblar. Qərb cəmiyyətini bu istiqamətə çəkən siyasətin hansı olduğu və bunu nə məqsədlə etdiyi barədə uzun-uzadı və ətraflı danışmaq olar, amma hazırda reallıq budur: Qərb qadını istehlakın, geyim-kecimin, bəzək-düzəyin, kişilərin qarşısında nazlanmanın simvolu, kişilərin cinsi hislərini qıcıqlandırmaq üçün bir vasitədir. Qalan bütün söz-söhbətlər – gender bərabərliyi və sair – sadəcə sözdür, məsələnin zahiridir, mahiyyət isə bundan ibarətdir. Yəqin eşitdiniz, bir neçə ay bundan əvvəl Qərbin yüksək vəzifə postu tutan qadınlarından sayları diqqət çəkəcək qədər çox olan bir neçəsi bir-birinin ardınca elan etdilər ki, gənclik dövrlərində üzv olduqları idarəçilik qurumlarında zorakılıq və təcavüzə məruz qalıblar. Bunu açıq-aşkar dilə gətirib dedilər. Bunlar adi qadınlar deyil, Qərb dünyasının tanınmış simalarıdır. İslam dini qadını belə bir sapma nöqtəsinə gətirib çıxara biləcək yolu hicab vasitəsilə bağlayıb; icazə verməyib. İslamdakı hicab qadının toxunulmazlığını təmin edən bir vasitədir, onu məhdudlaşdırmaq üçün bir vasitə deyil.

Bu gün qadınların şəxsi və mədəni müstəqilliyinin bayrağı İran qadınlarının əlindədir. Bu gün İran qadınları hicablarını qorumaqla özlərinin şəxsi və mədəni müstəqilliyini elan edir və bu ideyanı dünyaya ixrac edirlər; yəni dünya yeni bir söz, yeni bir fikir eşidir. Qadın ictimai meydanlarda fəal iştirak edə, ictimai proseslərə öz dərin təsirini göstərə bilər. Bu gün ölkəmizdəki qadınlar müxtəlif sferalarda məhz bu cür dərin təsir buraxırlar. Eyni zamanda bugünün İran, habelə müsəlman qadınına xas olan keyfiyyətlər sırasında hicab, iffət, kişi-qadın fərqliliyini gözləmək, kişilərlə öz arasında məsafə saxlamaq, özünü kişilərin sui-istifadəsindən qorumaq, yad və acgöz kişilər üçün cinsi həzz obyektinə çevrilmə səviyyəsinə qədər alçalıb təhqir olunmamaq da yer alır. Əlbəttə ki, bizdə belə bir örnək qadın modeli, xanımlar üçün nümunəvi sayıla biləcək bu kimi mənəvi-əxlaqi normalar mövcuddur, qadınlarımız arasında da özündə bu xüsusiyyətləri layiqincə əks etdirən xanımlar var; bəziləri həyatında bu nümunəni ən yüksək, bəziləri isə orta səviyyədə yaşayır. Hər halda, bu nümunə, bu model mövcuddur və qadınların həyat və fəaliyyətində bu prinsiplər rəhbər tutulur.

Ailə ocağını təhqir edənlər həm xalqa, həm də qadınlara, yəni qadın ictimaiyyətinə xəyanət edirlər. Gender bərabərliyini kişilərin iştirak etdiyi bütün sferalarda qadınların da iştirakının vacib olması kimi qələmə verənlər qadınların etimadına, ehtiramına, şəxsiyyətinə və kimliyinə xəyanət edirlər. Qadın ehtirama layiqdir, heç kəs demir ki, qadınlar sosial həyatda iştirak etməməli, vəzifə postları tutmamalı, yaxud elmlə məşğul olmamalıdırlar; xeyr, bu gün bizim ən yaxşı alimlərimiz, yazıçılarımız, mədəniyyət xadimlərimiz arasında saysız-hesabsız qadınlar var, onlar bizim cəmiyyətimizdə iştirak edir. Bu da İslam İnqilabının hünəridir; bunu bilin ki, inqilabdan öncə belə şey yox idi. Elmdə, mədəniyyətdə və ədəbiyyatda yüksək məqam əldə edən qadınlarımızın sayı barmaqla sayılası qədər az idi; bu gün isə həddən artıq çoxdur; bunu inqilab edib, inqilabın hünəridir; bu ona görə belədir ki, İslam dinində nümunəvi qadın məhz elə bu cür olmalıdır. Amma eyni zamanda ailənin başçısı, ailə ocağının mehvəri də qadındır, qadının bütün məşğuliyyətləri arasında ən əhəmiyyətlisi ana olmaq, həyat yoldaşı olmaq, evinə, ocağına sakitlik, rahatlıq gətirməkdir.

وَ جَعَلَ مِنها زَوجَها لِیَسکُـنَ اِلَیها

“və rahatlıq (aramlıq) tapması üçün özündən (qabırğasından) zövcəsini yaratdı”. (“Əraf” surəsi, 189-cu ayədən

Qadın mənəvi rahatlıq və asayiş qaynağıdır; İslam dinində qadının xüsusiyyəti budur və Qadınlar günündə məhz bu məqamlara diqqət yetirilməlidir. Əlbəttə, mənim ölkəmizdə, eləcə də bütün müsəlman dünyasında İslamın və  Quranın bu məfhumlarına iman gətirmiş möhtərəm xanımlara tövsiyəm budur ki, bu dəyərləri qorusunlar və günbəgün daha da genişləndirsinlər; israfçılıqdan, bəhsəbəs etməkdən, mənfi mənada rəqabətdən, yanlış yolda olan Qərb qadınını örnək götürməkdən çəkinsinlər; özlərinə qarşı diqqətli və ehtiyatlı olsunlar. Bu gün bizim ölkəmizdə müsəlman qadını başını dik tutur. İran qadınlarının belə bir üstünlüyü var ki, onlar müstəqil mədəni kimliyə malikdirlər və başqalarının təsiri altında deyillər. Bunu özünüzdə qoruyub saxlamalısınız.

Əlbəttə ki, müsəlman qadınının ölkəmizdəki bu mövqeyinə, bu duruşuna xor baxan düşmən də var. Sizə deyim ki, düşmənin ölkəmizdə apardığı yumşaq, ideoloji müharibənin çox önəmli bir hissəsi məhz bu məsələni hədəfə alır. Siz haqqın carçılarısınız, bu məsələləri öz çıxışlarınızda, şeirlərinizdə təbliğ edib yaymalısınız; əlbəttə ki, bu gün burada edilən çıxışların, oxunan şeirlərin də bəzilərində bu məqamlar vurğulanırdı. Bu sizin olduqca mühüm vəzifənizdir, çünki kütləyə informasiya ötürən vasitələrdən biri də sizsiniz. Cəmiyyətdə ən önəmli ruporlardan biri də din xadimləri və məddahlardır ki, əlhəmdulillah, bu gün ölkəmizdə onların sayı kifayət qədər çoxdur; bu, çox mühüm bir media vasitəsidir!

Mən fürsətdən istifadə edərək burada bir məsələni də qeyd etmək istəyirəm; çalışacağam ki, inşallah, mümkün qədər qısa olsun. Baxın, İslam İnqilabının düşmənləri daim məkrli planlar qurmaqla məşğuldurlar; və bu bizim üçün qürur mənbəyidir.  Yəni 40 ildir ki, İslam dövlətinin, müsəlman İranının əleyhinə cürbəcür planlar həyata keçirilir, milyardlarla pul xərclənir; ideoloqlar bu dövlətə zərbə vurmaq, onu kökündən qoparıb atmaq üçün bir araya gəlib baş sındırırlar. Və 40 ildir ki, bu pak, mübarək ağac günbəgün daha da inkişaf edir; bu bizim üçün qürur mənbəyidir. Əgər onlar bizim əleyhimizə iş aparmasaydılar, biz ilahi lütfün üzərimizdə olduğunu bu dərəcədə hiss etməyəcəkdik. İslam Respublikasının əleyhinə bir bu qədər iş görülür; heç bir xalqın, heç bir ölkənin əleyhinə bu qədər məkrli plan qurulmayıb, amma buna baxmayaraq, heç bir qələt edə bilməyiblər, İslam Respublikası tutduğu inkişaf və mükəmməlləşmə yolunda qətiyyətlə irəli addımlayıb. Bu planlar var, bu gün də mövcuddur. Elə bir neçə ay bundan əvvəl, özləri demişkən, beyin mərkəzləri – yəni xüsusi ideoloji işçi qrupları bir araya gələrək müzakirələr aparıb, çalışıb-vuruşub, İslam Respublikası üçün plan cızıb; vaxtı da müəyyənləşdiriblər; dey ayında, bəhmən ayında, isfənd ayında – yəni hazırda yaşadığımız günlərdə hansı işləri həyata keçirəcəklərini planlaşdırıblar: “Dey ayında bunu edəcəyik, bəhməndə bunu edəcəyik, isfənddə bunu edəcəyik, ilin sonuna qədər də İslam Respublikasının büsatına son qoyacağıq”. Ac toyuq yuxuda darı görər! Dey ayında İran xalqının sizə necə bir cavab verdiyini gördünüz, bəhmən ayında gördünüz, indi də isfənd ayındayıq, İran xalqı hazırdır. İran xalqı istənilən təcavüzkarı, işğalçını, başından yekə qələt edəni yerinə oturdacaq!

Mənim demək istədiyim bunlar deyil; bunları dəfələrlə demişik, hamı da bilir; hamı, hətta düşmənlərimiz də bilir ki, İslam Respublikasının güc və sarsılmazlığı xalqa, xalqın imanına, fəal və dinamik gəncliyə, İmam Xomeyninin bizə göstərdiyi doğru yola  söykənir; biz irəli gedirik, qoy başqaları nə istəyirlər etsinlər, nə istəyirlər desinlər; heç bir qələt edə bilməyəcəklər; bu, dəqiqdir. Mən hicab məsələsinə toxunaraq bildirmək istəyirəm ki, müsəlman qadınının müstəqil mədəni kimliyinin göstəricisi olan bu həssas məqama təsir göstərmək üçün külli miqdarda pullar xərcləyir, genişhəcmli işlər həyata keçirir, yüzlərlə cürbəcür media vasitəsinin imkanlarından istifadə edirlər. Ölkə xaricində düşmənlərimiz bu iş üçün, həqiqətən də, özlərini öldürürlər; cürbəcür yollarla; o televiziya və radio kanallarını, virtual aləmdəki o saytları saxlamaq üçün kim bilir nə qədər pullar xərclənir; daim təbliğ olunur, yüz dəfələrlə deyilir, deyilir; məqsəd nədir, nəticəsi nə olmalıdır? Nəticə bu olmalıdır ki, gec-tez, misal üçün, 3-4 qız aldanıb, küçədə hicabını başından açsın. Bu qədər xərcin, bu qədər zəhmətin, bu qədər ideoloji işin arxasında duran məqsəd budur; gecə-gündüz çalışıb-vuruşurlar, amma bütün zəhmətləri puçdur; nəticəsi yalnız bu ola bilər ki, künc-bucaqda 3-4 qız aldandıqları üçün, yaxud başqa hansısa motivlərlə, ola bilsin, bəziləri pul qarşılığında (indi mən bilmirəm, dəqiq söyləyə bilmərəm) başlarından örtüyü götürərlər; yəni “Baxın biz nə etdik!” O boyda zəhmət yalnız bu cılız nəticə ilə sonlanacaq.

Bura qədər dediklərim problem deyil, məndə həssaslıq yaradan məsələ isə budur ki, birdən-birə görürsən, cəmiyyətin qaymaqlarından hesab olunan bir qrup adam tərəfindən “məcburi hicab” məsələsi ortaya atılır; bu o deməkdir ki, bir qrup şəxs özləri də bilmədən (indi mən “özləri də bilmədən” deyirəm; inşallah ki, bunu bilmədən edirlər) düşmənin böyük xərclər çəkməsinə rəğmən ölkədə heç bir nəticə ala bilmədiyi həmin o kursu izləyir; eyni xətlə gedirlər; belə insanlar arasında jurnalistlər də var, psevdo-ziyalılar da var, axundlar və əmmaməli ruhanilər də. Onlar iddia edirlər ki, İmam Xomeyni: “Qadınlar hicablı olmalıdır”, – deyərkən bütün qadınları nəzərdə tutmayıb. Boş sözdür! Biz o dövrü görmüşük, hər şeydən yaxşı xəbərimiz var. Necə yəni? İmam Pəhləvilər və onların ölkədəki əlaltıları vasitəsilə ortalığa çıxıb hicabı açıq-aşkar inkar edən bir şəxsin qarşısında dağ kimi duraraq söyləmişdi ki, hicab olmalıdır. İmam hicabı inkar edən bütün iddialara qarşı bu cür möhkəm və qətiyyətli şəkildə çıxış edirdi. O vaxt ortada alkoqollu içkilərin ticarəti məsələsi də var idi; biz İnqilab Şurasında idik, hökumətlə müştərək iclaslarımız olurdu; o zaman bəzi şəxslər var idi ki, alkoqollu içkilərin ticarətinin ölkə üçün faydalı olduğunu düşünür, bu mənfəətdən vaz keçməyi məqsədəuyğun hesab etmirdilər. Bu ticarəti davam etdirmək, xaricdən ölkəyə şərab gətirilməsini təmin etmək niyyətində idilər. İmam Xomeyni bu iddiaların qarşısında dağılmaz qaya kimi durdu; o, Allahın haram buyurduğu şeylərin qarşısında həmişə bu şəkildə dururdu və durdu da; söhbət Allahın haram buyurduğu bir şeydən gedirdi. İndi biri çıxıb deyir ki, “Bu ki, misal üçün, qeybətdən böyük bir günah deyil; nəyə görə siz qeybət etdiyinə görə heç kimi təqib etmirsiniz, baş örtüyünü açdığına, yaxud hicab qaydasını pozduğuna görə isə kiməsə təzyiq göstərirsiniz?” Baxın, bu nədir? Mahiyyəti müəyyən edə bilməmək. Adamı incidən də odur ki, məsələnin mahiyyətini düzgün müəyyənləşdirə bilmirlər. Biz ki öz evində naməhrəmin qarşısında başını açan birini təqib edəcəyimizi söyləməmişik; öz evində nə edir, şəxsi işidir. 

Cəmiyyət arasında, küçədə baş verən bir iş isə ümumidir, sosial məsələdir, hamıya öz təsirini göstərir. “İslam” adı ilə hakimiyyətə gəlmiş bir hökumət belə bir yanlış davranış qarşısında müəyyən vəzifələr daşıyır. Haramın böyüyü-kiçiyi yoxdur; ölkədə şəriətlə haram bilinən heç bir şeyə açıq-aşkar surətdə yol verilməməlidir.  İndi kim özü üçün nə qələt edir, o, bir yana, özü bilər, Allahı bilər, amma camaatın gözü önündə, cəmiyyət içərisində baş verən bir şeyə İslam hökuməti – eynilə Əmirəlmöminin Əlinin (ə), Peyğəmbərin (s) hökuməti kimi – qarşı çıxmalıdır. O “icazə verin, insanlar özləri seçim etsinlər” məntiqi şərab satışı məsələsində də var; bu məntiqlə şərabı da ölkədə sərbəst buraxmaq lazımdır, kimin ürəyi istəyir, içsin, kim istəmir, içməsin! Bu da sözdür? Bu söhbət bütün böyük sosial günahlarla bağlı gedir; bu da sözdür? Müqəddəs şəriət İslam dövlətinin üzərinə belə bir vəzifə qoyub ki, Allahın haram buyurduğu şeylərin cəmiyyətdə yayılmasına əngəl olsun. Harama qarşı mübarizə aparmaq, günaha qarşı çıxmaq İslam hökumətinin vəzifəsidir. Bu gün biz ölkəmizdə qadınların hicablı olması ilə fəxr edirik. Bizim qadınlarımız çadra ilə (çadra İrana xas hicab formasıdır; İran qaydası ilə hicabdır) elmdə, incəsənətdə, mədəniyyətdə ən yüksək dərəcələrə çatıblar, sayılıb-seçilən şəxsiyyətlər sırasına daxil olublar, ictimai proseslərə təsir göstəriblər. Eyni zamanda evdarlıqlarını da ediblər, övladlarını da tərbiyə ediblər, ərlərinə gözəl həyat yoldaşı da olublar. Qərb mədəniyyətinə aid azğın meyilləri birtəhər ölkəyə gətirmək üçün daim qanunları “aldatmağa” çalışmaq böyük bir yanlışdır; bəzi insanlar bu yanlışa yol verirlər.

Cəmiyyətdə gənc nəslin artımı, ailələrdə övladların sayının çoxalması məsələsi irəli sürüldü; rəsmilər də alqışladılar, dəstəklədilər; amma mən orada-burada bu siyasətin əksinə bəzi işlər görüldüyünü eşidirəm. Qərblilər də elə bunu istəyirlər; qərblilər müsəlmanların sayının artmasına qarşıdırlar, gənc nəsli meydanda özünü göstərə bilən, ölkəsini zirvələrə ucaltmağa qadir olan bir xalqın sayının artmasını, aydındır ki, gözləri götürmür. Biz onların məqsədlərinə xidmət edən işlər görməməliyik; siz elə etməlisiniz ki, İslam dininin məqsədləri təmin olunsun; bu bizim vəzifəmizdir; rəsmilərimizin vəzifəsi budur.                        

Bizim mədəniyyətimiz ilahi mədəniyyətdir; bu mədəniyyət bizim müstəqilliyimizi də, azadlığımıza da qarant altına alaraq təmin edir. Azadlıq adı altında cəmiyyətdə əxlaqsızlığı yayanlar azad deyillər, belələri Qərb mədəniyyətinin qolubağlı quludurlar. Onları yönləndirən, idarə edən məhz Qərb mədəniyyətidir. Bu necə azadlıqdır? Azadlıq odur ki, öz niyyətin, öz imanın, öz fikrin, öz Quranın, öz islami modelin olsun, onları izləyəsən; azadlıq, əzəmət, hürriyyət bax budur; bu, təmin olunmalıdır. 

Təhsil sahəsində o “2030 saylı sənəd” barədə fikrimizi bildirdik, bəziləri tövsiyələrimizi yerinə yetiriblər, çox yaxşı işlər də görülüb; düzdür, mənə məlumat çatır ki, orada-burada bəzi bəyənilməyən işlər də görülür; qarşısını almaq lazımdır. Ölkənin islami siyasətinə zidd olan hər cür pozuntu hallarının qarşısını almaq ölkə rəsmilərinin borcudur; təhsil sahəsində, qadınlarla bağlı məsələlərdə.

O “gender ədaləti” və sair bu kimi iddialar da yalnız quruca sözdür. Bu şeyləri başqaları – qərblilər danışıblar, bir qrup adam da onların ağzından alıb yazır və beləliklə də onların ruporuna çevrilir. Nə ədalət? Bu, ədalətdir? Bu gün zor tətbiqi ilə cinsi təcavüz hallarına ən çox Qərbdə – Amerika və Avropada rast gəlinir; başqa ölkələrə nisbətən xeyli çoxdur; halbuki üzdən baxanda və özlərinin dediyinə görə, orada qadın azadlığı da var. Mövcud statistikaya əsasən, ailə içərisində kişilərin qadınlara qarşı zorakılığına ən çox orada rast gəlinir. Üstəlik elə özlərinin açıqladığı statistikada deyilir ki, hələ qadınlarının əksəriyyəti gedib şikayət etməyə cəsarət etmirlər; statistik rəqəmlər yalnız gedib şikayət edənlərin sayını göstərir; hələ bu da hamısı deyil! Problemi olan onlardır; yaşayışlarında problem var, mədəniyyətlərində problem var, cəmiyyəti idarə etmələrində problem var. Nə ədalət? Ədalət-filan yoxdur! “Gender ədaləti” söhbətini öz məqsədlərini yürüdə bilmək üçün ortaya atıblar. İslamda “gender ədaləti” budur ki, qadına hörmətlə yanaşılsın, heç bir şəkildə təcavüzə məruz qalmasın; kişilər fiziki cəhətdən daha güclü, daha cüssəli olduqlarına görə özlərini qadına qarşı zor və ya aqressiya tətbiq etməkdə haqlı bilməsinlər; ədalət budur.

Ölkədə qanunlar işlənib hazırlanmalı və əlbəttə ki, həmin qanunlarda bütün bu məqamlar nəzərdə tutulmalıdır. Eşitdiyimə görə, ailədaxili problemlər və qadınlara qarşı zorakılıqla bağlı bir qanun layihəsi işlənir; həm hökumət rəsmiləri, həm də parlamentarilər diqqətli olmalıdırlar ki, təzədən burada da Qərb mədəniyyətinin elementlərinə yer verilməsin; belə olmasın ki, misal üçün, atanın öz qızının məsləhət bilmədiyi bir insanla ailə qurmasına müdaxilə etməsi qadına qarşı zorakılıq kimi qiymətləndirilə; yəni qadına qarşı zorakılıq bu şəkildə mənalandırıla. Nəyin zorakılıq olub-olmadığını Qərbdən öyrənmək lazım deyil; biz bunu öz rasional məntiqimizə, öz islami təfəkkürümüzə əsaslanaraq dərk etməliyik. Bu gün biz bu cür xəbis düşmənçiliklərlə üz-üzə olduğumuza görə diqqətli və ehtiyatlı olmalıyıq.

Sonda mən bir daha qeyd etmək istəyirəm ki, siz Əhli-Beyt məddahlarının işi çox önəmlidir, siz çox mühüm bir media vasitəsisiniz. Məddahların çiyinlərinə düşən vəzifə çox ağırdır. Siz hər yerdə olursunuz, camaatla üzləşirsiniz, söz demək üçün meydanınız və fürsətiniz var, insanlar hər zaman sizi dinləməyə hazırdır; bu sizin öhdənizə düşən vəzifəni daha da ağırlaşdırır. Mən məhz bu vəzifələrlə bağlı burada özüm üçün bir neçə məqamı qeyd etmişəm ki, bu gün sizin diqqətinizə çatdırım:

Əvvəla, auditoriyanızın imanını və Allah-taalanı tanıma mərifətini artırmağa çalışın. Elə şeirlər, elə mövzular seçin ki, qarşınızdakı insanların iman və mərifət səviyyəsi yüksəlsin; həm imanları – yəni qəlbən inamları artsın, həm də mərifətləri – yəni dini rasionallıqları. Deməli, sizin birinci mühüm vəzifəniz budur: insanların iman və mərifətini artırmaq.

Siyasi maarifləndirmə; bu gün şahidi olduğumuz cürbəcür siyasi proseslərlə bağlı aydın və qane edici bir şəkildə maarifləndirmə işi aparılmalıdır. Siz özünüz bu barədə, mütləq, məlumat almalı və bu məlumatları cəmiyyətə ötürməlisiniz.

İslam əxlaqının, nümunəvi müsəlmana xas davranışların təbliği; İslam əxlaqı, islami davranış şəkli barədə mənbələrdən, mötəbər əxlaq alimlərinin kitablarından oxuyub öyrənin və bu bilikləri camaata çatdırın; sənətin gücündən istifadə edərək (sizin işiniz sənətdir; şeir də, avaz da incəsənətdir) İslam əxlaqını, əsl müsəlmana yaraşan düzgün davranışları yayın, insanlar arasında qardaşlığı, sevgi və mehribanlığı, milli birliyi təbliğ edin. Öz auditoriyanıza Quranla, namazla sıx ünsiyyəti, Allah-taalaya diqqəti, günahdan çəkinməyi xatırladın; belə xatırlatmalar çox dəyərlidir; həm sizi dinləyən insanlar üçün, həm də sizin özünüz üçün; bizim özümüz üçün də dəyərlidir. Biz kiməsə öyüd-nəsihət edəndə, əslində, özümüzə də nəsihət etmiş oluruq; özümüz üçün də dəyəri var.

Hazırda düşmənlər siyasi sferada, xüsusilə də İranın regiondakı iştirakı ilə bağlı durmadan cürbəcür şübhələr yaratmağa çalışır. “İran nəyə görə bu regionda iştirak edir?” – deyirlər. Bu iddiaları edənsə kimdir? Amerika! O Amerika ki, fitnəkar və pozucu barmağı hər yerdə var! Harada Amerika varsa, o yerdə fitnə-fəsad var. İndi bu fitnəkar və dağıdıcı Amerika dövləti bizə deyir ki, “Nəyə görə regionda iştirak edirsiniz?” Biz regionda iştirak ediriksə, səndən icazə almalıyıq? Bunun üçün biz region dövlətləri ilə danışıqlar aparmalıyıq; biz bunu sizinlə niyə müzakirə edək ki?! Nə vaxt Amerikada iştirak etmək istəsək, onda sizdən icazə almalı olarıq.  Eynilə Avropa dövlətləri də; (5) deyirlər ki, “biz regiondakı iştirakı ilə bağlı İranla müzakirələr aparmaq istəyirik”. Sizə nə dəxli var? Siz özünüz nə üçün bu regiondasınız? Bura sizin regionunuzdur, ya bizim? Əgər bizim regionumuzdursa, sizin burada nə işiniz var? Bizim regionumuzdur, özümüz öz regionumuzun xalqları və hökumətləri ilə danışıqlar aparacağıq, müzakirə edəcəyik, bir qərara gələcəyik; Allaha şükür, qərara da gəlmişik,  danışmışıq da, anlaşmışıq da, bir-birinə tərəf gəlmişik də, inşallah, bundan sonra daha da yaxın gələcəyik. Siyasi məsələlər deyəndə mən təkcə ölkədaxili, partiya və cinahlararası və sair məsələləri nəzərdə tutmuram;  bunlar da siyasi məsələlərdir, camaat bunları da bilməlidir.

Ümidvaram, Allah-taala bu önəmli günlərdə öhdənizə düşən vəzifələri layiqincə yerinə yetirməkdə sizə mənəvi dəstək olacaq, yardım edəcək, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

 (1) Görüşün əvvəlində məddahlardan bir qrupu oxuduqları şeirlərlə Həzrət Fatimənin (s.ə) fəzilətli keyfiyyətlərini mədh etmişlər
 (2) Kamilüz-ziyarat, səh. 310
 (3) Mənaqibi-Ali-Əbitalib, c.3, səh. 358
 (4) Əmali, Səduq, səh. 125
 (5) Görüş iştirakçıları gülür