Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Ölkəmizin istənilən bölgəsindən, əhalimizin istənilən təbəqəsindən olan şəhidlərin xatirəsinin uca tutulması, həqiqətən də, çox dəyərli və savabı olan bir işdir. Allah-taalanın sizin qəlblərinizi bu səmtə yönəltməsi, sizin gəlib bu konfransı, bu anım tədbirini keçirməyiniz, bu işin əziyyətini öhdənizə götürməyiniz – bunun özü ilahi lütfün bir nişanəsidir; bu onu göstərir ki, Allah-taala şəhidlərin kölgəsinin daim bu ölkənin başı üzərində olmasını istəyir; lakin elə sosial təbəqələr var ki, onlara mənsub olan şəhidlərin anılması, uca tutulması ikiqat artıq dəyər kəsb edir. Fəhlə və zəhmətkeşlərimiz bu qəbildəndir. Odur ki sizin keçirdiyiniz bu tədbir məni çox sevindirdi və mən ölkəmizin fəhlə ictimaiyyətinin təmsilçiləri olan siz möhtərəm qardaşlarıma bu dəyərli işi həyata keçirdiyinizə, şəhid olmuş fəhlə və zəhmətkeşlərimizi cəmiyyətimizə tanıtdığınıza görə təşəkkürümü bildirirəm.
Döyüş meydanlarında – istər 8 illik Müqəddəs Müdafiə meydanları olsun, istər ondan öncə qruplaşmalarla gedən döyüşlər, istər daha əvvəl inqilab dövrü, istərsə də ondan sonra az bir qismi hərbi, əksəriyyəti isə qeyri-hərbi xarakter daşıyan müxtəlif qarşıdurma meydanları – bütün bu meydanlarda fəhlə və zəhmətkeşlərin qabarıq rolunu müşahidə etmək mümkündür. Mən dəfələrlə çıxışlarımda üzümü bizim əziz zəhmətkeşlərimizə tutaraq demişəm ki, ölkəmizdə əks-inqilab bir yol tapıb zəhmətkeşlərimizi İslam Respublikasının əleyhinə qaldırmaq ümidi ilə əvvəldən gözünü fəhlə ictimaiyyətinə dikmişdi. İlk gündən, yəni elə inqilabın qələbə qazandığı ilk gündən bu var idi. Mən özüm öz gözlərimlə bunun canlı şahidi olmuşam; Allah-taala işi elə gətirmişdi ki, mən demək olar, təsadüfən fəhlələr arasında törədilən bir əks-inqilabi provokasiya cəhdinin şahidi olmuşdum və fəhlələrin bu inqilab düşmənlərinə hansı formada reaksiya verdiyini, onlara necə böyük əzm, gözüaçıqlıq, iman və dinə bağlılıqla rədd cavabı verdiklərini görmüşdüm. O gündən bu günə qədər də həmişə belə olub. Düşmənlərimizin önəm verdiyi əsas işlərdən biri bizim zavodlarımızda, fəhlə ictimaiyyətimiz içərisində, xüsusilə də böyük müəssisələrdə fəhlələr arasında bir ətalət, durğunluq yaratmaq olmuşdur; zəhmətkeşlərimizi daim buna sövq etməyə çalışıblar. Zəhmətkeşlərimiz isə həmişə müqavimət göstəriblər, həmişə ayaqda olublar, daim gözüaçıqlıqla düşmənin əlini kənarlaşdırıblar; və bu, çox önəmlidir.
Müharibə meydanında da eynilə bu cür idi; bura qədər dediklərim qeyri-hərbi savaş idi, hərbi savaşda da eynən bu cür idi. Hər dəfə İmam Xomeyni (r.ə) çağırış edəndə bu yolda irəliləyən, ölkənin dörd bir yanından cəbhələrə axışan möhtəşəm bəsici toplumunun böyük bir qismini bizim fəhlə və zəhmətkeşlərimiz təşkil edirdi. Onlar arasında bəzən hətta işəmuzd əmək haqqı alan fəhlələr də olurdu; yəni o adamlar gün ərzində işləməli idilər ki, axşam evlərinə çörəkpulu apara bilsinlər; həyat yoldaşları var idi, uşaqları var idi, bəzilərinin himayəsində ata-anası var idi, amma buna baxmayaraq, bu məsələni elə bir dini, islami qeyrət və təəssübkeşliklə qarşılamışdılar ki, hər şeyi bir kənara buraxıb döyüş meydanına yollanmışdılar. Bu, çox böyük bir işdir! Yəni mən, həqiqətən də, belə düşünürəm ki, əgər biz bütün bunları real həyatda öz gözlərimizlə görməsəydik, inanmaq çətin olardı; bu qədər qeyrət; inanclı, inqilabi ideyalara bağlı olan gənc bir fəhlə gündəlik həyatındakı azacıq gəlirindən keçib, ümidini Allaha bağlayaraq döyüşmək üçün müharibə meydanına yollana! Danışdıranda da məntiqlə cavab verə, söyləyə ki, mən gedib ölkəmi müdafiə etməliyəm, İslam dövlətinin sərhədlərini düşmənin işğalından qorumalıyam, yoxsa düşmən torpaqlarımızı ələ keçirsə, nəinki çörəyimiz, heç bir şeyimiz olmayacaq! Doğrudan da, elə bu cür olub; həmin gənclərimizin söhbətlərində, gətirdikləri arqumentlərdə bunlara rast gəlmək olur. Odur ki şəhid olmuş fəhlə və zəhmətkeşlərin anılması, onların xatirəsinin uca tutulması çox yaxşı bir işdir, xalqımızın, geniş ictimaiyyətin diqqətinin bu sosial təbəqənin mənsublarının döyüş meydanlarında etdiyi fədakarlıqlara cəlb edilməsi də təqdirəlayiq bir addımdır.
Qeyd etdiyiniz o işlər, mövcud olan o planlar (1) da hamısı çox yaxşıdır, intəhası diqqət edin ki, işin zahiri parıltı, təmtəraq cəhətləri diqqəti cəlb edəcək, önəmli dərəcədə önə keçməsin; bəzən bu cür olur; zahiri təmtəraq bir qədər çox gözə dəyir. Davranışlarınızın, gördüyünüz işin auditoriyaya necə təsir göstərdiyinə baxın; yəni əsas buna diqqət yetirin. Hansısa bir incəsənət əsəri ərsəyə gətirir, kitab yazır, yaxud digər bir iş görürsünüzsə, elə hərəkət edin, elə davranın ki, bu, auditoriyaya öz təsirini göstərsin; önəmli olan budur, zahiri təmtəraq və sair bir o qədər də əhəmiyyət daşımır. Ümidvaram, inşallah, Allah-taala işlərinizə bərəkət verəcək, şəhidlərin və İmam Xomeyninin (r.ə) pak ruhlarını sizdən razı və məmnun edəcək. Və ümidvaram ki, inşallah, görməli olduğunuz işləri həyata keçirib ərsəyə gətirəcəksiniz. Uğurlar arzu edirəm.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_______________________
(1) Ali Məqamlı Rəhbər konfransın katibinin konfransın hədəfləri ilə bağlı səsləndirdiyi fikirlərə işarə edir. Katibin verdiyi məlumata əsasən, konfrans əsasən qarşıya iki istiqamətdə hədəflər qoymuşdur: 1. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün kitabların nəşri, poeziya günlərinin keçirilməsi, sənədli və qısametrajlı filmlərin hazırlanması, elektron məlumat bazasının yaradılması və sair bu kimi işlərin həyata keçirilməsi; 2. Cəmiyyətdə, xüsusilə də fəhlə ictimaiyyətində yüksək ruh və stimulun yaradılması (bu məqsədlə anım tədbirləri, şəhid ailələri ilə görüşlər keçiriləcəkdir).