Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Təbriz üsyanının ildönümü münasibətilə Şərqi Azərbaycan əhalisi ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı il. (1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین و لعنةالله علی اعدائهم اجمعین

Əziz qardaşlar, əziz bacılar, çox xoş gəlmisiniz; bu hüseyniyənin şahid olduğu ən möhtəşəm günlərdən, ən gözəl mərasimlərdən biri də sizin – Təbrizdən təşrif gətirən əziz azərbaycanlılarımızın bura gəldiyi bu gündür; hər ilin 29 bəhmən günü. Azərbaycan özü şanlı bir diyardır, əhalisi şanlıdır, şanlı hadisələrin məkanıdır, Təbriz və Azərbaycanın dəyərli əhalisinin davranış tərzi, atdığı addımlar həmişə yeni təşəbbüslər, yeni yolların açılışı və heyrətamiz hadisələrin baş verməsi üçün təkan olmuşdur. Allahın rəhməti nəsibiniz olsun, Allahın lütfü üzərinizdən heç bir zaman əskik olmasın.

Bu il bu günlər Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) şəhadət günü ilə üst-üstə düşür, bu barədə bir neçə cümlə demək istəyirəm; əlbəttə ki, az öncə təqdim olunan proqram çox yaxşı, effektiv və faydalı idi. (2) Mən yalnız bir cümlə ilə bunu çatdırmaq istəyirəm ki, Həzrət Fatimənin (s.ə) fəziləti məsələsində bütün müsəlmanlar həmrəydir; şiəsi-sünnisi yoxdur. İstər sünnilərin, istərsə də şiələrin mötəbər hədis kitablarında bu hədisə rast gəlmək olur:

 (3) فَاطِمَةُ سَیِّدَةُ نِسَاءِ اَهلِ‌ الجَنَّة

– “Fatimə Cənnət xanımlarının xanımıdır”. Baxın, bu, 

 (4) سَیِّدَةِ نِساءِ العالَمین

– yəni “aləmlərin xanımlarının xanımı” olmaqdan da üstün bir məqamdır; Behişt qadınlarının xanımı. Behiştdə kim olar? Ən üstün, ən görkəmli, ən mömin, ən mücahid qadınlar, şəhid qadınlar, Allah-taalanın Quranda əzəmətli adlandırdığı qadınlar; Behiştdə onlar toplaşar. Fatimeyi-Zəhra (s.ə) da

سَیِّدَةُ نِسَاءِ اَهلِ‌ الجَنَّة

– Behişt qadınlarının xanımıdır; bu, çox ali, yüksək bir məqamdır. Fatimeyi-Zəhra (s.ə) bütün bəşəriyyətə şücaəti, fədakarlığı, dindarlığı, Allah-taalanı tanımağa can atmağı və bunu başqalarına da aşılamağı, insanlar üçün müdrik bir müəllim olmağı öyrətmişdir. Ümidvaram, sizlər hamınız, dəyərli Azərbaycan əhalisi, İran xalqı və bütün müsəlmanlar iki dünya xanımı Həzrət Fatimənin (s.ə) bərəkətlərindən faydalanacaqsınız.

29 bəhmən gününə gəlincə, bu günün əzəmətini çatdırmaq üçün bizim ifadə edə bildiyimiz bütün fikirlər yetərsiz qalır; 29 bəhmən olduqca möhtəşəm, əzəmətli bir gündür. Mübarizə prosesi 1356-cı ildə Qum şəhərindən başladığına, Təbrizdən sonra bəzi digər yerlərdə də üsyanlar baş verdiyinə baxmayaraq, mən çəkinmədən deyə bilərəm ki, əgər 1356-cı ildə Təbrizdə 29 bəhmən hadisəsi baş verməsəydi, böyük ehtimalla, Qumdakı 19 dey hadisəsi unudulub gedəcək və ardınca da silsilə şəklində gəlmiş o hərəkatlar olmayacaqdı; yəni ölkənin tarixi öz istiqamətini başqa cür dəyişəcəkdi. Təbrizlilər 29 bəhmən hadisəsi ilə, o gün qiyama qalxmaqla, özlərinin düzgün dərki, yerində və zamanında hərəkətə keçmələri ilə 1357-ci ilin 22 bəhməni ilə sonuclanan bu əzəmətli hərəkatı meydana gətirməyi bacardılar. Bu olayın möhtəşəmliyi bundan ibarətdir.

Mən builki 22 bəhmən yürüşlərinə də qısaca olaraq toxunmaq istəyirəm; bu il həm Təbrizdə, həm başqa şəhərlərdə, həm paytaxt Tehranda – ölkənin dörd bir yanında, həqiqətən də, fərqli bir 22 bəhmən yaşandı. İslam İnqilabının qələbəsindən 39 il ötdüyünə baxmayaraq, 40-cı ilə qədəm qoyduğumuz bir vaxtda belə bir möhtəşəm xalq hərəkatının reallaşması möcüzəyə bənzəyir. Dünyanın heç bir yerində belə bir şey yoxdur; bu qədər vaxtdan sonra (40 ilə yaxın) inqilabın qələbə çaldığı günü qeyd etmək üçün dövlət qurumları yox, xalq özü meydanlara axışıb küçələri doldura, özü şüarlar səsləndirə, varlığını, iştirakını nümayiş etdirə, öz inqilabının arxasında olduğunu göstərə – bizə məlum olan, son 2-3 əsrdə baş vermiş inqilabların heç birində belə bir şey yoxdur; əsasən keçmişdə heç olmayıb, hazırda da dünyanın heç yerində belə bir şeyə rast gəlinmir. Bu yalnız İrana məxsusdur, ancaq sizdə var. Bu il isə cürbəcür düşmənçilik olayları, xarici və daxili düşmənlərin, Amerikanın, əhdinə sadiq olmayan bəzi naxələf qonşularımızın atdığı düşmənçi addımlar xalqın daha da böyük stimulla meydanlara axışmasına, fərqli bir 22 bəhmən gününün yaşanmasına səbəb oldu. Bütün bunlar bizim üçün ibrət dərsidir. 

Sizin bayaq səsləndirdiyiniz o cümlə – “İnqilabın pak ələmi 40 il olub inam yerimiz!” şüarı bir reallıqdır; 40 ildir ki, xalqımızın dayaq yeri, pənah yeri İslam İnqilabının yüksəklərdə dalğalanan bayrağıdır. Sizin dilə gətirib dediyiniz bu cümlə bütün İran xalqının ürəyinin sözüdür; tamamilə doğru dediniz. Halbuki xalqımız ölkədəki bəzi məsələləri tənqid də edir, o demək deyil ki, tənqid etmirlər; bizim xalqın bütün tənqidindən, giley-güzarından, şikayətindən xəbərimiz var; bizə də deyirlər; başqalarına da deyirlər, gəlib bizə çatır; amma o yerdə ki, söhbət İslam İnqilabından, İslam dövlətindən gedir, xalqımız bax bu şəkildə meydana girərək bu cür hərəkət edir. Allahın köməyi sayəsində, İran xalqında bir inqilabi sayıqlıq, siyasi müdriklik yaranıb, xalqımız inqilabın formalaşdırdığı, “ümmət və imamət” strukturuna əsaslanan quruluşla bürokratik sistemi bir-birindən fərqləndirməyi, müəyyən məqamları tənqid etsə belə, inqilabın vasitəsilə yaranmış siyasi quruluşun özünü müdafiə etməyi bacarır. “Tənqid” deyəndə də mən təkcə hökumətə, parlamentə, yaxud məhkəmə hakimiyyətinə ünvanlanan tənqidləri nəzərdə tutmuram; yox, kiminsə mənim özümə də tənqidi yanaşması ola bilər. Bu tənqidi yanaşma İslam dövlətini, inqilabi quruluşu, “ümmət və imamət” sistemini – bu xalqın həyata keçirdiyi inqilab, bu xalqın fədakarlığı nəticəsində yaranmış, bu 40 ildə uğrunda 100 minlərlə insanın şəhid olduğu sistemi dəstəkləməklə heç bir şəkildə ziddiyyət təşkil etmir. 

Əzizlərim, bu gün siz uzaq yol qət edərək bura təşrif gətirmisiniz, sizinlə üz-üzəyik; bu münasibətlə mən vaxtımızın imkanları çərçivəsində sizinlə bir neçə mövzuda söhbət etmək istəyirəm. Siz əzizlər elə bir diyarın əhalisindənsiniz ki, mənim kimi birisi sizi bütün varlığı ilə sevməli və sizə səmimi-qəlbdən inanmalıdır. Yəni sizdə olan bu saflıq, bu qeyrət, açıq-aşkar hiss olunan bu inqilabi hərəkat – bu təkcə dildə deyil, əməldə də görünür – bütün bunlar hər kəsi özünə cəlb edir. Mən özüm də inqilabdan sonra ilk dəfə Təbrizə, yaxud Azərbaycana gəlib geri qayıdanda (prezident olduğum vaxtlar idi; o vaxtdan indiyədək çoxsaylı səfərlərimiz olub) sözün həqiqi mənasında bunu hiss etdim, İmam Xomeyninin (r.ə) yanına gedib dedim ki, Təbriz ayrı aləmdir. Təbriz camaatı insana güc, bacarıq, şövq, emosiya dolu, coşub-daşan bir inqilabi həqiqət nümayiş etdirir; baxmayaraq ki, o vaxtlar o inqilabi həyəcan bütün İran xalqında vardı, amma Təbriz başqa aləm idi. Bu gün burada sizinlə – Azərbaycanın müxtəlif şəhərlərindən olan əziz təbrizlilər, azərbaycanlılarla üz-üzə, göz-gözəyik, ona görə də mən bir neçə məqama toxunmaq istəyirəm. Əlbəttə ki, deyəcəklərim yalnız sizə yox, bütün İran xalqına aiddir.

Mən bir qədər İslam İnqilabı, inqilabın əsas uğurları barədə, bir qədər inqilabın üzləşə biləcəyi risklər barədə, bir qədər – əgər vaxtımız olsa – bu mərhələdə inqilabın bizə diktə etdiyi, riayət etməli olduğumuz prioritetlər, öncəliklər barədə və bir qədər də inqiabın gələcəyi barədə danışmaq istəyirəm. Bunlar önəmli mövzulardır, lazımlı mövzulardır, inqilabın sözün həqiqi mənasında tərəfdarları, havadarları olan siz əzizlərimlə keçirdiyimiz bu görüş isə, zənnimcə, bu mövzuların açıqlanması, danışılması üçün ən münasib yerdir; yəni həqiqətən də, burada görülə biləcək ən yaxşı iş sizin kimi insanlarla bu cür mövzular ətrafında danışmaqdır.

İslam İnqilabı, bu inqilabın nailiyyətləri barədə danışarkən qeyd etmək lazımdır ki, bu, çox böyük bir hərəkat idi. Mənim fikrimcə, inqilabın qələbəsindən 40 ilə yaxın vaxt keçdiyinə baxmayaraq, biz hələ də bu inqilabın əzəmətini, onun miqyasını düzgün dərk edə bilməmişik. Hələ sonralar oturub İslam İnqilabının həndəsəsinə uzaqdan nəzər salanda məlum olacaq ki, bu inqilab necə bir hadisə olub, nələr edib, nələr baş verib. İnqilabın gördüyü işlər həddən artıq çoxdur; İslam İnqilabının İrana etdiyi xidmətlər saysız-hesabsızdır, bu xidmətləri uzun bir siyahıda sadalamaq olar (hər nə qədər düşmənlər inkar etmək istəsələr də, bunlar açıq-aydın həqiqətlərdir), lakin inqilabın həyata keçirdiyi ən mühüm və prinsipial iş tağut rejimini xalq hakimiyyəti ilə əvəzləməsidir; inqilabın gördüyü ən mühüm iş budur; bu da bu inqilabın naqis və təzadlı nəzəriyyələr yürüdən hansısa ideoloji məktəblərdən deyil, məhz İslam təlimlərindən ilham alması sayəsində olmuşdur; İslam İnqilabı İslam dinindən, Qurandan ilham almışdır.

اَلَّذینَ ءامَنوا یُقاتِلونَ فی سَبیلِ اللهِ وَالَّذینَ کَفَروا یُقاتِلونَ فی سَبیلِ الطّاغوت

“İman gətirənlər Allah yolunda, kafir olanlar isə Tağut yolunda vuruşurlar”. (“Nisa” surəsi, 76-cı ayədən)

Tağut sisteminə əks mövqedə ilahi sistem durur; İslam Respublikası və İslam İnqilabı isə ilahi sistemə “dinə əsaslanan xalq hakimiyyəti quruluşu” kimi anlam qazandırmışdır. İslam Respublikası bu deməkdir; İslam Respublikası tağut rejimini xalq hakimiyyəti ilə əvəz etmişdir; ən önəmli iş budur.

“Xalq hakimiyyəti” – yəni əsas xalqdır; xalq əsasdır; özü də təkcə ölkə başçısının müəyyən olunmasında yox; belə ki “xalq hakimiyyəti” deyəndə hamının ağlına birinci olaraq səsvermə qutuları gəlir (bu elə doğrudur da; ölkə prezidentinin, Xubriqan Məclisinin üzvlərinin və dolayısı ilə Ali Rəhbərin, müxtəlif strukturların rəsmilərinin seçimi, əslində, xalqın vasitəsilə həyata keçirilir); bu, həlledici bir məsələdir, tamamilə doğrudur, lakin təkcə bu deyil; mühüm olan odur ki, xalq hakimiyyəti həyatın bütün sferalarında, bütün işlərdə xalqı söz, rəy və qərar sahibi kimi tanıyır. Bu, inqilabdan öncə əsrlər boyu bu ölkədə mövcud olmuş vəziyyətin tam əksidir. Bu ölkə əsrlər boyu şahların, tağutların özbaşınalığından əziyyət çəkib, xalqı heçə sayıblar, camaat heç nəyin yiyəsi olmayıb. Bütün qərarları başda duran əsas tağut və onun ətrafındakılar verib; yəni mütləq istibdad hökm sürüb; xalq yalnız onun öz hakimiyyətini sürdürə bilməsi üçün bir vasitə olub (axı hökmranlıq etmək istəyən kəs bunu kiminsə başı üzərində etməlidir, o ikinci şəxs də xalqdır); xalqı yalnız başı üzərində ağalıq, hökmranlıq etmək üçün saxlayırdılar. Qacar dövrünün ortalarından etibarən bu vəziyyətə başqa bir mərəz də əlavə olundu ki, bu da xaricilərin ağalığından, xaricilərin nüfuzundan, xarici istismardan ibarət idi. O vaxta qədər belə bir şey olmamışdı; misal üçün, Səfəvi şahlarının, Nadir şahın və başqalarının dövründə istibdad var idi, amma yadellilərin nüfuzu yox idi; Qacar dövrünün ortalarından etibarən isə (Nəsrəddin şah dövrünün sonlarından üzü bəri) xaricilərin ağalığı da işə qoşuldu. Yəni dəqiq desək, miladi tarixlə 1800-cü ildən ingilislərin İrana nüfuzu başladı. İngiltərənin ağalığı altında olan Hindistanın nümayəndəsi ölkəyə gəldi; mən çıxışlarımda bu məqama toxunmuşam, bu barədə bəzən ətraflı da danışmışam, indi daha bu mövzuya girmək istəmirəm. Diktatura xaricilərin ölkəyə nüfuzu ilə müşayiət olunmağa başladı, tağutun ağalığına xaricilərin ağalığı da əlavə olundu, iş o yerə çatdı ki, özləri ingilislərin təsiri altında olan qacarlar sülaləsi ingilislər tərəfindən hakimiyyətdən götürüldü və onların yerinə yeni bir hakim sülalə yarandı. Rzaxanı ingilislər gətirmişdi, sonradan müəyyən səbəblərdən onu hakimiyyətdən göndərib yerinə oğlunu gətirdilər, daha sonra ortada amerikalılar işə qoşularaq bu ölkədə hər şeyin ağası oldular; minlərlə amerikan attaşesi gəldi. Xalq hakimiyyəti isə bunun tam əksidir; yəni istibdada, xaricilərin ağalığına imkan vermir; xalq hakimiyyəti budur. 

Qeyd etdiyim kimi, xalq hakimiyyəti özünü təkcə ölkənin siyasi idarəçiliyində yox, şəhər və kəndlərə çatdırılan xidmətlərdə də göstərir; ölkədə böyük işlər üçün əzmin canlandırılmasında (hansı ki siz bunun nümunələrini, bunun real göstəricilərini Keşikçi Korpusun, Quruculuq Cihadının, Bəsicin təşkil olunmasında müşahidə edirsiniz; gözlənilmədən ölkədə Quruculuq Cihadı kimi bir gerçəklik meydana gəlir, bir neçə il ərzində çoxlu sayda böyük işlər həyata keçirilir; eynilə Keşikçi Korpus, yaxud Bəsic; bütün bunlar xalqın iştirakından qaynaqlanır), xalqın istedad və potensialının, yəni ölkənin insan resurslarının önə çıxarılaraq inkişaf etdirilməsində. Siz gənclər o dövrləri görməmisiniz, keçmişin adamları bilərlər; Filippindən, Hindistandan və sair bu kimi ölkələrdən bizə həkimlər gətirirdilər; kəndlərdə, uzaq bölgələrdə yox, bəzən çox yaxın şəhərlərdə, misal üçün, Filippindən gəlmiş həkimlər işləyirdilər. İndi təsəvvür edin, insan potensialı baxımından bu dərəcədə zəif olan bir ölkə elə inkişaf edir ki, tutalım, elə səhiyyə sferasında regionda liderə çevrilir. Bu gün regionun hər tərəfindən çətin xəstəliklərin müalicəsi üçün insanlar bizim ölkəmizə üz tuturlar, bizim xəstəxanalarımızda, bizim həkimlərimizin əli ilə şəfa tapırlar. İnsanlarımızın istedad və bacarığı üzə çıxıb; bir də görürsən ki, ölkəmiz dünyada yeni yaranmış, azsaylı ölkələrdə tədqiq olunan hansısa müasir elm sahələrindən birində dünya üzə iyirmi neçə ölkə arasından 4-cü, 5-ci yerə çıxır; xalqın hakimiyyəti bax budur. İstedadların canlandırılması da xalq hakimiyyətinin nəticələrindən biridir; xalq meydana girəndə, xalqa etimad göstəriləndə, xalqa diqqət ayrılanda bu cür olur. İnsanlarda milli özünəinam hissi yaranır; və o zaman elm meydanlarında da, sənaye meydanlarında da, yeni elmlərdə də inkişaf edirlər, regiona siyasi təsir göstərmək baxımından da irəli gedirlər; bütün bunlar xalqın ölkənin ictimai-siyasi həyatında iştirakından və proseslərə təsir göstərməsindən qaynaqlanır; ölkə və xalq əzəmət qazanır. 

Özünüz də görürsünüz ki, bu gün Amerikadan asılı olan bəzi ölkələr gündə 10 milyon barel neft də satır, xəzinəsində külli miqdarda pul da var, amma kasıbdır, geridə qalıb, xalqının heç bir ad-sanı, nüfuzu yoxdur. O ölkələrdə gözə görünən təkcə başda duran bir neçə tağutdur, xalqları isə dünyanın heç yerində tanınmır, heç kim o xalqı gördüyü hansısa bir işlə, həyata keçirdiyi hansısa hərəkatla tanımır. Dinə əsaslanan xalq hakimiyyəti olanda isə – İslam Respublikasında, bizim əziz ölkəmizdə olduğu kimi – dünya miqyasında ölkəyə nəzər salındığı zaman xalq ön planda görünür; elə buna görə düşmənlər də məhz xalqla düşmənçilik edir. Bu gün bizə düşmən kəsilmiş amerikalılar şəxsən mənimlə, yaxud başqa bir neçə dövlət nümayəndəsi ilə düşmənçilik etmirlər, xalqa düşməndirlər, çünki bu ölkədə hər işin başında xalq durur. Onları hiddətləndirən, qəzəbləndirən hər bir şey xalqın əməyinin məhsuludur, xalqın əzəmətinin nəticəsidir. Xalq hakimiyyətində xalqın əhəmiyyəti yüksəlir, yəni xalq öz kimliyinə qovuşur, dünyada öz yerini tutur, nüfuz və ehtiram qazanır. Tağut dövründə bunların heç biri yox idi, bu şeylər hamısı İslam İnqilabının bərəkəti sayəsində İslam Respublikasının dövründə əldə olunub.

Bir sözlə, xalq hakimiyyətinin nəticəsi ölkənin inkişafıdır; inkişaf isə, həqiqətən, xariqüladədir. Biz inqilabın 4-cü onilliyini “İnkişaf və ədalət onilliyi” adlandırmışıq və qeyd etmək lazımdır ki, ölkədə sözün həqiqi mənasında inkişaf baş verib; ədaləti demirəm; ədalət mövzusunda biz geriyik, buna söz yox; özümüz etiraf edib deyirik. “İnkişaf və ədalət onilliyi”ndə biz həm inkişaf, həm də ədalət baxımından uğur qazanmalı idik. İnkişaf baxımından sözün əsl mənasında uğur qazanmışıq, həqiqətən, irəli getmişik, bütün sahələrdə böyük irəliləyişlər əldə olunub. Ədalət sahəsində isə hələ çalışmalıyıq, işləməliyik, Allah-taaladan və əziz xalqımızdan üzrxahlıq etməliyik. Ədalət məsələsində problemimiz var, amma inşallah, mömin, işbacaran vətəndaşlarımızın əzmi sayəsində bu sahədə də irəli gedəcəyik. Maddi inkişaf baxımından isə, insafən, olduqca çoxsaylı və önəmli işlər həyata keçirilib.

İnkişaf o demək deyil ki, xaricilər gəlib bir ölkənin pulunu alıb, onun üçün göydələn tiksinlər; belə şeylər inkişaf deyil. Bəzi insanlar ətrafımızdakı bəzi neft ölkələrinə baxırlar ki, hə, orada filan cür ticarət mərkəzləri, ya filan cür göydələnlər var! Xeyr, bunlar inkişaf deyil; xaricilərin gəlib bir ölkənin pulunu alıb, xalqını alçaldıb, onlar üçün göydələn tikməyi inkişaf deyil; bu, geri getmək deməkdir, ziyan çəkmək deməkdir. Bu gün regionun ən hündür göydələni regionun ən bacarıqsız ölkəsindədir! Belə inkişaf olmaz ki! İnkişaf odur ki, bir ölkə, bir xalq öz gücü və bacarığı, öz iradəsi, öz qərarı, öz elmi bilikləri, öz potensialı ilə özünü ön sıralara çıxara; inkişaf budur və Allaha həmd olsun ki, bizim ölkəmizdə bu baş verib. Bu gün biz səhiyyə sahəsində liderik, dünya üzrə yüksək elmi dərəcəyə malikik, regionda gedən proseslərdə söz sahibiyik, nüvə, nano, eləcə də biotexnologiyalar sahəsində yüksək elmi nailiyyətlər qazanmışıq, kibernetika ilə əlaqəli elmlər sahəsində yüksək mövqeyə sahibik; bunlar hamısı inkişafdır. Bizim gənclərimizin çoxu o qədər istedadlıdırlar ki, həqiqətən də, zirvələri fəth etmələri üçün onlara bir işarə kifayətdir. Bu məsələdə biz rəsmilər bir az səhlənkarlığa yol veririk; yoxsa gənclərimizin səsinə bir qədər çox səs versək, onlara bir qədər çox dəstək olsaq, elm, texnologiya, xidmət və digər sferalarda, doğrudan da, zirvələrə ucalarlar; eynilə mənəviyyat sahəsində coşğu və yüksəliş yaşadıqları kimi. Biz təhlükəsizlik, müdafiə, kənd təsərrüfatı, səhiyyə, elm, kommunikasiya və sair bu kimi sahələrdə xeyli inkişaf etmişik, Allaha şükürlər olsun ki, inkişafımız çox yaxşıdır. “İnkişaf və ədalət onilliyi”ndə yaxşı inkişaf əldə olunub. Bu, İslam İnqilabından qaynaqlanır. Əlbəttə ki, təbliğatımız zəif olduğuna görə başqa ölkələrin xalqları bunları bilməyə bilərlər, amma düşmənlər bunların çoxunu bilirlər. Bunu da deyim ki, biz bir çox şeylərdə güclü olsaq da, təbliğatda zəifik. Təbliğat aparmaqda, olanları, reallıqları çatdırmaqda tənbəlik, zəifik, kifayət qədər təşəbbüs göstərmirik; bu sahədə irəli getməyimiz lazımdır. Buna baxmayaraq, düşmənlərimiz, ölkəmizdə gedən bütün prosesləri diqqətlə izləyən qüvvələr nailiyyətlərimizi görür, ölkəmizin nə qədər irəli getdiyini, necə inkişaf etdiyini yaxşı bilirlər.

Odur ki İslam İnqilabı ölkədə böyük bir iş görüb: ölkəni fəlakət durumundan çıxarıb, xalqı qapazaltı olmaqdan, zillətdən, başıaşağılıqdan xilas edib. Bu gün bizim xalqımız başını dik tutur, bu isə bir ölkə və bir xalq üçün ən önəmli nailiyyətdir. Əlbəttə, bu kimi uğurlarımız çoxdur, saysaq, uzun bir siyahı alınar, amma təbliğatımız zəifdir. Mən tövsiyə edirəm ki, rəsmilər ölkənin müxtəlif sferalarda əldə etdiyi ən müxtəlif nailiyyətləri qətiyyən mübaliğəyə yol vermədən, özü də təkcə şifahi hesabatlar şəklində yox, əməli surətdə, incəsənətin dili ilə açıqlamağa, təbliğ etməyə çalışsınlar. Qoy həm bu barədə məlumatı olmayan, qəlbində hansısa şübhələri olan insanlar hər şeyi öz gözləri ilə görüb bilsinlər (əlbəttə ki, bəziləri də məlumatsız deyil; qəsdən mənfi rəy formalaşdırırlar), həm də başqa xalqlar İslam İnqilabının nələr yaratdığını anlasınlar. İnqilab barədə bu qədər.

İnqilabın üzləşə biləcəyi risklərə gəlincə, vaxtımız az olduğuna görə (artıq günortaya yaxınlaşırıq) mən bu barədə qısa bir cümlə ilə demək istəyirəm: bütün inqilablar üçün ən önəmli risk irticadır. İrtica nə deməkdir? İrtica o deməkdir ki, inqilabın başlatdığı bu hərəkat, xalqın inqilabdan aldığı güclə o yolda sürətlə irəli getməsi prosesi hansısa məqamda zəifləyir, sonra dayanır, daha sonra isə geri getməyə başlayır. İrtica budur; irtica geriləmə deməkdir. Tarixdə baş vermiş, bizim bildiyimiz bütün böyük inqilablar (Fransa inqilabı, Rusiya inqilabı, eləcə də Afrikada, Latın Amerikası ölkələrində və digər yerlərdə baş vermiş inqilablar kimi) demək olar ki, istisnasız olaraq, ömrünün elə ilk illərindəcə bu bəlaya düçar olub. Aradan 40 il keçdiyinə baxmayaraq, inqilabi şüarların toxunulmaz olaraq qalmasına, dəyişilməməsinə bu inqilabların heç birində rast gəlinməyib. Biz bu şüarları qoruyub saxlaya bilmişik, amma təhlükə var; əziz xalqımızı təhlükə barədə xəbərdar etmək mənim borcumdur. Əgər biz lüks, dəbdəbəli həyata doğru meyillənsək, bu, irticaya meyillənmək deməkdir; əgər ölkədə yoxsul təbəqə əvəzinə, yüksək rifah içində yaşayan, acgöz təbəqəyə diqqət ayırsaq, bu, irticaya doğru getməyimiz deməkdir; xalqa arxalanmaq əvəzinə, xaricilərə arxalansaq, ümidimizi yadlara bağlasaq, bu o deməkdir ki, üzü irticaya doğru gedirik. Bu sadaladıqlarım olmamalıdır. Rəsmilər, cəmiyyətin ziyalıları, üzdə olan simaları diqqətli olmalıdırlar. Ölkə rəsmiləri, vəzifəli şəxslər son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar, xalqımız da biz rəsmilərin davranışlarını həssaslıqla izləməlidir; həssaslıqla. İrtica təhlükəli bir şeydir. İrtica baş verərsə, bu o deməkdir ki, işlərin başında keçmiş inqilabçılar durur, amma yolu, kursu dəyişiblər. Sanki inqilab bunun üçün olub ki, onlar getsin, biz iş başına keçək! İnqilab bunun üçün olmayıb ki! İnqilab köklü dəyişikliklər deməkdir, yolu, kursu dəyişmək, qarşıya hansısa yüksək hədəflər qoyaraq onlara doğru getmək deməkdir. Həmin hədəfləri unuduruqsa, bu artıq inqilab deyil.

Bəziləri belə düşünürlər ki, inqilab elə 1357-ci ildə olub, qurtarıb; bu, səhv fikirdir. İnqilab 1357-ci ildə qurtarmayıb, başlayıb; 1357-ci ildə, 22 bəhməndə cəmiyyətimizdə dəyişikliklərə, islahatlara start verilib; bu hərəkat o zamandan etibarən başlayıb və tədricən daha da dərinləşdirilməli, daha da genişləndirilməli, daha da müdrik şəkildə davam etdirilməlidir, durdurulmalı deyil. Kiminsə inqilab tərəfdarı olduğu deyildiyi zaman həmin şəxs mənfi qəbul olunmamalı və ya “filankəs inqilab tərəfdarıdır” deyildiyi zaman o adamın düşüncəsiz, yüngülbeyin biri olduğu başa düşülməməlidir. Xeyr, belə deyil. Ölkədə mövcud olan dövlət idarəçiliyi quruluşu alidir, Konstitusiya alidir, konstitusiyanın bütün prinsiplərinə riayət olunmalıdır. İnqilab bu qəlibə tökülüb, ona görə də bu qəlibə, bu quruluşa hörmətlə yanaşılmalıdır; bu, çox vacibdir.

Digər bir yanlış təsəvvür isə bundan ibarətdir ki, inqilabın müvafiq dövlət quruluşu olmadan bir məna kəsb etdiyini düşünək. Bəziləri elə bilirlər ki, inqilab adı ilə hər şeyə, hər bir hadisəyə, İslam dövlətinin bütün sferalarına etiraz etmək, irad və tənqid bildirmək lazımdır; xeyr, bu, doğru deyil. İnqilab inqilabi dövlət quruluşu deməkdir; inqilabın hədəflərini, inqilabi hərəkatı, inqilabın kursunu rəhbər tutan bu İslam dövləti, “ümmət və imamət” quruluşu, dinə əsaslanan xalq hakimiyyəti mövcud olmalıdır; bu şeylər cəmiyyətdə reallaşdırılmalıdır. Xoşbəxtlikdən, bizim inqilab tərəfdarı olan, inqilabçı insanlarımız heç də az deyil; Allaha həmd olsun ki, inqilab xalqımız arasında sevilir, dəstəklənir, özünə kifayət qədər geniş tərəfdar kütləsi toplayıb. Rəsmilər, vəzifəli şəxslər arasında da sözün həqiqi mənasında inqilab tərəfdarı olan şəxslər heç də az deyil. Bu həssas yanaşma yox olub aradan getməməlidir.

Prezident olduğum dövrdə mən Afrika ölkələrindən birinə səfər etmişdim. Həmin ölkədə inqilabın qələbəsindən bir neçə il (məsələn, 7, 8, 10 il) ötürdü. Dövlətin prezidenti vaxtilə inqilabın lideri, komandanı olmuş bir qaradərili idi, indi də ölkə başçısı olmuşdu. Mən gördüm ki, bizi qəbul edən o ölkə başçısı öz ölkəsində eynilə bunların inqilabından öncə orada hakimiyyətdə olan Portuqaliya generalı kimi davranır; rəftar eyni rəftardır. Səhv etmirəmsə, həmin ölkə keçmişdə İspaniya və ya Portuqaliyanın müstəmləkəsi idi və təbii ki, illər boyu portuqaliyalı bir hərbi siyasətçinin hakimiyyəti altında olmuşdu. Təsəvvür edin ki, indi də inqibın lideri olan o cənab eynilə onun kimi davranırdı! Bu nə inqilabdır?! Xalqa, ətrafındakılara, tərəf-müqabillərinə eyni yanaşma, eyni rəftar! İslam Respublikası bu kimi hallardan uzaqdır; əlhəmdulillah, bu günə qədər uzaq olub, bundan sonra da uzaq olacaq. Rəsmilərin dəbdəbəli həyat tərzi sürməsi, özlərini imtiyazlı bilməsi, beytülmala məsuliyyətsiz, yoxsul təbəqəyə diqqətsiz yanaşması – bunlar inqilaba zidd hərəkətlərdir. Bütün hökumət strukturu inqilabın hədəflərini rəhbər tutaraq fəaliyyət göstərməlidir. 

Bu gün aktuallığı ilə seçilən məsələlələrdən biri də iqtisadiyyat məsələsidir; mən burada bu mövzuya da toxunmaq istəyirəm. Hazırda, demək olar, bütün rəsmilər, ekspert və mütəxəssislər, habelə sadə xalqın nümayəndələri bu fikirdədir ki, ölkənin əsas problemlərindən biri iqtisadiyyat məsələsidir. Yaxşı, bəs iqtisadi vəziyyəti düzəltmək üçün nə etmək lazımdır? Bunun yollarından biri xalqa söykənməkdir; yəni müqavimət iqtisadiyyatı. Biz bu siyasəti elan etdik, ölkənin bütün rəsmiləri də dəstəklədilər; yəni qarşı çıxan olmadı. Əlbəttə, indi-indi kənar-bucaqdan bəzi insanlar arada nəsə sızıldayıb şikayətlənir, amma müqavimət iqtisadiyyatı siyasəti elan olunduğu zaman bütün ölkə rəsmiləri təsdiqləmişdilər ki, iqtisadi problemləri həll etməyin yolu yalnız budur. Müqavimət iqtisadiyyatı yalnız ölkənin içi ilə məhdudlaşmaq, ölkənin daxilində həbs olunub qalmaq demək deyil; heç də gəlib deməsinlər ki, “Biz dünya ilə əlaqədə olmaq istəyirik!” Dünya ilə əlaqələr qurmaq müqavimət iqtisadiyyatında da var, intəhası deyilir ki, etimadı xalqa göstərmək, xalqa inanmaq lazımdır; müqavimət iqtisadiyyatı daxildən güc alıb inkişaf edən və xaricə yönələn bir iqtisadiyyatdır. Burada iqtisadi dinamika, hərəkətlilik ölkənin daxilindən, insanların istedadından, imkan və bacarığından, sərmayəsindən başlanğıc götürür. Düşünüb tədbir görmək lazımdır ki, bu sərmayə, bu istedad, bu potensial ölkə daxilində yeni iş yerlərinin açılması, istehsalatın rövnəqlənməsi, sərvət əldə edilməsi ilə nəticələnsin; bunun üçün tədbir görülməlidir. Biz gözümüzü ölkədən xaricə dikməməliyik. Əlbəttə, əgər daxili istehsalın rövnəqlənməsini istəyiriksə, ixracatımız yaxşı səviyyədə olmalıdır, yersiz idxala yol verməməliyik, səmərəli iqtisadi əlaqələr qurmalıyıq; şübhəsiz, belədir. Xaricilər ölkəyə investisiya qoymalıdır; mən xaricilərin gəlib bura investisiya yatırmasının əleyhinə deyiləm, intəhası işdə əsas söz sahibi yerli rəsmilər olmalıdır; hər şey onların verdiyi qərarlardan asılı olmalı, onların istədiyi kimi olmalıdır; iş tamamilə yadlara həvalə olunmamalıdır. İş yadlara həvalə olunsa, qərar vermək səlahiyyəti ölkə rəsmilərinin əlindən çıxacaq. Buna nümunə ola biləcək ibrətamiz hadisələr kifayət qədərdir. Elə bu paytaxt Tehranda təxminən 12-13 il bundan əvvəl regionun məşhur ölkələrindən birinin prezidenti gəlib mənimlə görüşmüşdü (mən ad çəkmək istəmirəm; Asiyanın nisbətən inkişaf etmiş ölkələrindən biri idi; həqiqətən də, iqtisadi cəhətdən yaxşı inkişaf etmişdilər, diqqətəlayiq iqtisadi nailiyyətləri var idi). Bu, Şərqi Asiya ölkələrində o böyük iqtisadi böhranın yaşandığı dövr idi; həmin ölkələrdən birinin prezidenti idi. Mənim yanıma gəldi; otağa girəndə dediyi birinci söz bu oldu ki, “Biz bir gecədə dilənçiyə çevrildik!” İqtisadiyyat hansısa yəhudi, qərbli, yaxud amerikan investorun pulu və iradəsindən asılı olanda bu cür olur. İqtisadiyyatı başdan-ayağa yüksək inkişaf səviyyəsində olan bir ölkənin prezidenti mənə söyləyirdi ki, “Biz bir gecədə dilənçi olduq!” Xaricilərə arxalanmaq budur. Biz özümüz də xaricilərə arxalanmağın nə demək olduğunu Birgə Kompleks Tədbirlər Planı məsələsində gördük; nüvə anlaşması məsələsində bunlara etimad etdik, amma etimadımızdan heç bir xeyir əldə etmədik. Sevindirici haldır ki, mən rəsmilərimizin bu məsələ ilə bağlı olaylara kifayət qədər yaxşı reaksiya verdiklərini müşahidə edirəm və ölkəmizin Xarici İşlər Nazirinə buna görə, həqiqətən də, təşəkkürümü bildirməliyəm. O, amerikalıların xəbis davranışlarına, avropalıların gah nala, gah da mıxa vurmasına çox yaxşı və qətiyyətli reaksiyalar verib; bu barədə bəzi məlumatlar ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmasa da, mənim onlardan xəbərim var; çox güclü və yaxşı mövqe seçib. Bəli, yolu da elə budur; reaksiya verməlidirlər; xarici əlaqələrdə milli qürur və heysiyyəti nümayiş etdirmək lazımdır. Yadlara arxalanmaq təhlükəlidir və onların tədricən cürbəcür yollarla ölkənin müqəddəratı üzərində ağalıq etmək səlahiyyəti ələ keçirmələrinə səbəb olur; yadlara arxalanmaq lazım deyil. Yadlardan istifadə etmək, xeyir götürmək lazımdır, amma onlara inanmaq, arxalanmaq olmaz. Ölkə rəsmilərinin hamısının, həqiqətən də, diqqət yetirməli olduqları son dərəcə önəmli məsələlərdən biri də budur.

Bəli, hazırda biz inqilabın qələbəsinin 40-cı ildönümünün astanasındayıq. 40 il uzun bir müddət deyil; bir xalqın tarixində 40 il o qədər də böyük bir müddət deyil, tarix üçün bu, qısa bir zaman kəsiyidir. Bu 40 ildə xalqımız çox zəhmətlər çəkib; doğrudan da, daş-kəsəkli bir yolla irəliləyib; elə ilk ildən – demək olar ki, ilk gündən etibarən bizə qarşı sanksiyalar tətbiq olunub və getdikcə də bu sanksiyalar artırılaraq müxtəlif formalarda davam etdirilib. Bütün bu olanlar, indiyə qədər qazanılmış bu nailiyyətlər hamısı sanksiyalar şəraitində olub; yəni biz sanksiya və qadağalara məruz qaldığımıza baxmayaraq, bu uğurlara imza atmışıq; bu, İslam İnqilabı və İran xalqının nələrə qadir olduğunu göstərir.

Bizim bəzi prioritetlərimiz var: cihad ruhlu idarəetməni köhnəlmiş bürökratiyadan üstün tutmaq – prioritetlərimizdən biri budur. Cihad ruhlu idarəçilik prinsipi üzərində israrla durmaq lazımdır. İcraedici hakimiyyətin, məhkəmə hakimiyyətinin, müxtəlif strukturların rəsmiləri öz fəaliyyətlərində bu prinsipi rəhbər tutmalıdırlar. Cihad ruhlu idarəetmə intizamsızlıq demək deyil; çalışqan və tədbirli olmaq, gecə-gündüz bilmədən işləyib çalışmaq – cihad ruhlu idarəetmənin mənası budur.

Daxili siyasətə gəlincə, burada biz rəsmilər böyük əksəriyyəti təşkil edən xalqı siyasi partiya, cinah və sair bu kimi azlıqlardan üstün tutmalıyıq; hamıdan öndə xalq gəlir.

Əhaliyə göstərilən xidmətlərə gəlincə, yoxsul təbəqəni, çətin şəraitdə yaşayan ucqar regionların əhalisini yüksək rifah içində yaşayanlardan üstün tutmaq lazımdır. Sevindirici haldır ki, abadlıq və quruculuq tədbirlərindən əsər-əlamət görünməyən bölgələrimizdən çoxuna bu illər ərzində diqqət yetirilib; həm rəsmi qurumlar tərəfindən, həm də hətta rəsmi olaraq birbaşa məsuliyyət daşımayan qurumlar tərəfindən. Keşikçi Korpus, misal üçün, Sistan və Bəlucestanda əhaliyə xidmət sferasında böyük işlər həyata keçirir. Baxmayaraq ki, Keşikçi Korpusun işi əhaliyə xidmət göstərmək deyil, amma ayrı-ayrı yoxsul regionlarda korpusun əhaliyə təqdim etdiyi xidmətlər, həqiqətən də, diqqətəlayiqdir. Bu işlər var və davam etdirilməlidir; ölkənin bütün strukturları bu prioritetləri gözləməlidir.

Ölkənin müdafiə siyasətində bu günün və sabahın ehtiyacı olan bütün taktiki və texniki vasitələrin əldə olunmasına və yenilənməsinə çalışmaq lazımdır. Bütün dünya qarşı çıxsa belə, ölkəmiz özünü müdafiə etmək üçün ehtiyac duyduğu hər bir şeyə sahib olmağa can atmalıdır; buna biz bir an da olsun şübhə etməməliyik. Özləri məhvedici atom və nüvə texnikaları ilə bəşəriyyəti daim təhdid edənlər indi İslam Respublikasının raketlərindən yapışıblar ki, “Nəyə görə siz raket istehsal edirsiniz?” Axı sizə nə? Müdafiə texnikamızdır, ölkənin müdafiə imkanlarıdır, bu xalq özünü müdafiə edə bilməlidir! Dedikləri budur ki, sizin heç bir müdafiə imkanınız olmasın, biz də başınızda istədiyimiz kimi hegemonluq edək! Əlbəttə, bəzi şeyləri biz özümüz haram bilir və onları əldə etmək üçün heç çalışmırıq da (nüvə başlıqları, kütləvi qırğın silahları və sair kimi; bu şeylərə sahib olmaqda biz maraqlı deyilik), amma söhbət ehtiyacımız olan bir şeydən gedirsə, dayanıb nəyisə fikirləşməyəcək, tərəddüd etməyəcəyik.

Xarici siyasətə gəlincə, burada Şərqi Qərbdən, qonşunu uzaqdan, bizimlə müştərək cəhətlərə sahib olan ölkə və xalqları başqalarından üstün tutmaq bizim bugünkü prioritetlərimizdən biridir.

İqtisadiyyatda ən vacib məsələ məşğulluq və istehsaldır. Mən cari ili “İstehsal və məşğulluq ili” elan etmişəm; bu sahədə çalışıb iş görmək lazımdır; ölkənin bütün rəsmiləri istehsalın rövnəqlənməsi, yeni iş yerlərinin açılması üçün çalışmalıdır. Əlbəttə, bu il müəyyən işlər görülüb, statistikanı da təqdim ediblər, lakin nəzərdə tutulan məqsədə çatmaq üçün daha gərgin səylərə ehtiyac var. Biz elə etməliyik ki, ölkədə məşğulluğun, daxili istehsalın statistik göstəricisi yüksəlsin. Ölkədəki iqtisadi problemlərin əlacı budur.

Mən ölkənin gələcəyi ilə də bağlı bir məsələyə toxunmaq istəyirəm; bilin ki, əvvəla, gənclər özlərini gələcək üçün hazırlamalıdırlar; gənclər elmi cəhətdən, ideoloji cəhətdən, inqilabi stimul baxımından həmişə hazır olmalıdırlar. Gənclər inqilabın inkişafının hərəkətverici qüvvəsidir; bu, əvvəldən də belə olub, bu gün də belədir. Xoşbəxtlikdən, inqilabın əvvəlləri ilə müqayisədə bu gün bizim əzmkar, təpərli və gözüaçıq gənclərimiz daha çoxdur. Bugünün gəncləri inqilabın əvvəllərindəki gənclərin çoxundan daha gözüaçıqdırlar, daha dərin dərkə sahibdirlər, bu sahədə bizim qətiyyən çatışmazlığımız yoxdur; Allaha şükürlər olsun ki, bu var. Gənclər özlərini hazırlamaladırlar; gənclik illərinə qədəm qoymaq üzrə olan yeniyetmələr özlərini hazırlamalıdırlar; inqilabi təfəkkür, inqilabi stimul, inqilabi gözüaçıqlıq, inqilabi təşəbbüs bizim gənclərimizin daim xatırlamalı olduğu mövzulardır.

Bunu da hamı bilsin ki, İslam Respublikası güclüdür; İslam Respublikası çox güclüdür. İslam Respublikasının güclü olmasının sübutu isə odur ki, 40 ildir dünyanın xəbis imperialist dövlətlərinin hamısı onu məhv edib aradan götürmək üçün çalışdıqlarına baxmayaraq, heç bir qələt edə bilməyiblər; İslam Respublikasının iqtidarının sübutu onun bu 40 ildə öz varlığını davam etdirməsidir; özü də bu cür qeyri-münasib bir atmosferdə, belə bir əlverişsiz şəraitdə, bu qədər böyük düşmənçiliklərə rəğmən; İslam Respublikası var, həyatdadır. Odur ki bu körpə fidan bu gün köklü-köməcli bir ağaca çevrilib; elə bir ağaca ki, artıq onu yerindən qoparıb ata bilmirlər. Bu, çox uca və möhkəm bir binadır və günbəgün daha da güclənəcəyik. Bunu bilin! İslam Respublikası daha da güclənəcək. Bizi nə ilə hədələdiklərini bilirik, deyilənləri eşidirik, aşkarda dedikləri sözlər də, bəzən öz aralarında etdikləri məxfi söhbətlər də qulağımıza çatır, əleyhimizə hansı məkrli planlar qurduqlarından xəbərimiz var, amma bütün bunlara baxmayaraq, mən yenə də elə İmam Xomeyninin (r.ə) o sözünü təkrarlamaq istəyirəm ki, “Amerika heç bir qələt edə bilməyəcək!”(5) Mənim əzizlərim, sizinlə görüşümüzdən çox məmnun oldum, Təbrizdəki bütün əziz camaatımıza da mənim salamlarımı çatdırın .(6)

____________________

 (1) Görüşün əvvəlində vəli-fəqihin Şərqi Azərbaycan ostanı üzrə nümayəndəsi, Təbrizin imam-cüməsi Höccətül-İslam vəl-muslimin Seyid Məhəmmədəli Ali-Haşim çıxış etmişdir. 
  (2) Ali Məqamlı Rəhbər öz çıxışından öncə təqdim olunmuş bəddi hissədə oxunan şeir və mədhiyyələri nəzərdə tutur. 
  (3) Əmali-Səduq, səh.125 
  (4) Kafi, c.1, səh.259
  (5) Səhifeyi-İmam, c.10, səh 515
  (6) Ali Məqamlı Rəhbər bu sözləri Azərbaycan dilində deyir.