Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین
Əziz qardaşlar, əziz gənclər, İslam Respublikasının əziz balaları, çox xoş gəlmisiniz. Siz ölkəmizin, İslam Respubikasının iqtidarını təcəssüm etdirən ən həssas, ən önəmli stukturlardan birində xidmət edir, işləyirsiniz; arzu edirəm ki, inşallah, Allah-taala hamınıza uğurlar nəsib etsin, Uca Yaradan özü sizi dəstəkləsin, lütfünə layiq görsün, hamınızın sabahı bugünündən qat-qat yaxşı olsun. Möhtərəm komandanınıza çox gözəl və yığcam çıxışı üçün təşəkkürümü bildirirəm; həmçinin surud oxuyan o əziz gənclərimizə də həm sözləri, həm də ifası gözəl olan o surud üçün minnətdaram; inşallah, hamınız uğur qazananlardan, əməlləri Allah dərgahında təsdiqlənənlərdən olasınız.
Mən fürsətdən istifadə edərək sizə bir neçə cümlə demək istəyirəm. 19 bəhmən ölkəmiz üçün əhəmiyyətli bir gün, İran İslam Respublikası Ordusunun Hava Qüvvələri üçün çox önəmli bir iftixardır; bu, doğrudur. Elə buna görə də hər il həm biz, həm də siz bu günü əlamətdar bir gün kimi xüsusi qeyd edir, xatirəsini uca tutur, oturub bu mövzuda söhbətlər edirik. Mühüm olan məqam bundan ibarətdir ki, 19 dey təkcə şirin, qürurverici bir xatirə deyil; əlbəttə, bu da var, amma həmin günün daha yüksək əhəmiyyəti onun İslam İnqilabının ehtiyatını, sərmayəsini daha da artırmasındadır. Hadisələrin gedişində Allahın qüdrətli əlinin hiss olunduğu bütün tarixi günlər bu cürdür; 22 bəhmən də bu cürdür. İnsanlıq, əzəmət və fədakarlığın parlaq şəkildə təcəssüm etdiyi belə unudulmaz günlərin hər biri hər il təkrarlandığı və onlara diqqət yetirildiyi zaman İslam İnqilabının mənəvi-ideoloji ehtiyatının üzərinə bir qədər də əlavə olunur, inqilabın əsasları bir qədər də möhkəmlənir. Odur ki 19 bəhmən də bu qəbildəndir.
Sizə bir şey deyim ki, inqilab canlı bir varlıqdır. Doğrudur, mənim bu barədə deyiləsi fikirlərim var, inşallah, söhbət edəcəyəm; bu gün yox, yaxın gələcəkdə hansısa əlamətdar hadisə ilə bağlı çıxış edərkən bu mövzuda ətraflı danışacağam. İnqilab canlı bir varlıqdır; inqilabın bir qığılcım olduğunu, parlayıb söndüyünü güman edənlər onun həqiqətini dərk etməkdən çox-çox uzaqdırlar. İnqilab canlı bir həqiqətdir, müəyyən halda doğulur, inkişaf edir, varlığını davam etdirir, uzun bir ömür yaşayır, digər bir halda isə xəstəliyə düçar olur, məhv olub aradan gedir. Hər bir canlı varlıq kimi, inqilab da bu cürdür. İnqilab canlı bir varlıq olduğuna görə də arta, inkişaf edə, getdikcə daha da təkmilləşə bilər. Baxın, Qurani-Kərim buyurur:
وَمَثَلُهُم فِی الاِنجیلِ کَزَرعٍ اَخرَجَ شَطئَه فَئازَرَه فَاستَغلَظَ فَاستَوی عَلی سوقِه
“İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur”. (“Fəth” surəsi, 29-cu ayədən)
Yəni Peyğəmbər səhabələri, müsəlman toplumu – yəni elə inqilabçılar – əvvəlcə torpaqdan cücərib qalxaraq özünü göstərən, sonra isə tədricən inkişaf edib gövdəsi möhkəmlənən, göyərib qalxan, kökləri ilə yerdən möhkəm yapışmış, bərəkətli, heyrətamiz bir bitkiyə bənzəyir. O bitki kimdə heyrət doğurur? Ayənin davamında buyurur:
یُعجِبُ الزُّرّاع
– onu torpağa əkənlərin özlərini; həmçinin
لِیَغیظَ بِهِمُ الکُفّار
– düşməni də heyrətə gətirir. İnqilab bu cürdür, günbəgün inkişaf edib daha da təkmilləşə bilər.
Bu gün bu görüşün iştirakçılarından əksəriyyəti cavanlardır; mənim əzizlərim, mənim balalarım, sizdən çoxunuz o günləri görməmisiniz. İnqilabdan əvvəlki günlər ki, heç, amma inqilabın ilk günlərini də görməmisiniz. O günlər coşğu ilə, emosiya ilə dolu idi, bir qəhrəmanlıq tarixi yazılırdı, amma inqilabın dayaqlarının möhkəmlənməsi baxımından hazırda yaşadığımız mərhələ o dövrdən daha önəmlidir. Qəlbi inqilaba inamla dolub-daşan inqilabçılar bu gün daha möhkəm addımlarla, daha da mübariz, məlumatlı, gözüaçıq bir şəkildə, öz işinin nəticəsini qətiyyətlə nəzərdə tutaraq öz yoluna davam edir, qarşıya qoyduqları hədəfə doğru irəliləyirlər; bu gün vəziyyət bu cürdür; inqilab inkişaf edib, təkmilləşib; elə buna görə də mən dəfələrlə demişəm ki, dəyişikliklər, təbəddülat insan həyatına xas olan bir xüsusiyyət olduğu kimi, inqilaba da xas olan təbii bir xüsusiyyətdir. İntəhası hansı dəyişikliklər? Elə dəyişikliklər ki, onların fonunda başlıca prinsip və əsaslar sabit və dəyişməz qalsın.
اَلَم تَرَ کَیفَ ضَرَبَ اللهُ مَثَلًا کَلِمَةً طَیِّـبَةً کَشَجَرَةٍ طَیِّبَةٍ اَصلُها ثابِتٌ وَ فَرعُها فِی السَّماءِ
“Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (la ilahə illallah, Muhəmmədun rəsulullah) kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir”. (“İbrahim” surəsi, 24-cü ayədən)
Bünövrə möhkəmdir, köklər möhkəmdir, dayaqlar həmin möhkəm və əsl dayaqlardır. İnsanların, cəmiyyətin həyatına özünün günbəgün yenilənən nəticələrini, səmərələrini, yeni-yeni töhfələrini vermək isə inqilabın xüsusiyyətidir; bizim inqilabımızda bu xüsusiyyət əvvəldən olub.
Dünya inqilablarının tarixinə nəzər salsanız (“inqilabların tarixi” deyəndə, qədim dövrlər haqda nə bir o qədər geniş məlumata sahibik, nə də onlarla işimiz var; amma son 2-3 əsrdə dünyada baş vermiş inqilablar – misal üçün, Amerikanın İngiltərənin asılılığından qurtulması və ya Böyük Fransa İnqilabı, yaxud Böyük Oktyabr Sosialist İnqilabı və sairdən başlayaraq müxtəlif ölkələrdə baş vermiş kiçik inqilablara qədər hamısı haqda mənim dəqiq məlumatım var), görərsiniz ki, onların heç birində bizim inqilabımızda olan bu xüsusiyyət olmayıb və yoxdur; belə ki əsas prinsiplər sabit və möhkəm şəkildə qorunub saxlana, eyni zamanda bu köklü-köməcli ağac insanlara və cəmiyyətə özünün növbənöv meyvələrini təqdim edə. İslam İnqilabının qələbəsindən 39 il ötür, 40-cı ilə keçirik; bu çox önəmli bir hadisədir. İnqilab barədə bu qədər.
Əlbəttə ki, düşmən də məhz bu məqamın əleyhinədir. “Düşmən” deyəndə mən kimi nəzərdə tuturam? İnqilabdan zərər çəkənləri; bu son dərəcə həssas regionda özlərinin əlaltısı olan, qarşılarında müti, hər şeyini – siyasətini, iqtisadiyyatını, gəlirlərini onların ixtiyarına vermiş bir hökuməti hakimiyyətdə saxlayanları. Bütün bunlar əllərindən çıxdığı üçün inqilab onlara ziyan vurub. Başda Amerika, həmçinin İngiltərə və sair onun kimi bəzi Avropa dövlətləri; düşmən bunlardır. Düşmənin hədəfi inqilabın bu qalıcılığının, möhkəmliyinin qarşısını almaqdır; və bu hədəflərini reallaşdırmaq üçün cürbəcür səylər göstərirlər. Əlləri çatan hər vasitədən də istifadə edirlər; öz auditoriyalarını genişləndirmək üçün psevdo-mütəfəkkirlərdən tutmuş (belələri var axı; həmin psevdo-mütəfəkkirlər oturub inqilabın əsaslarına qarşı özlərindən cürbəcür fikirlər düzəldirlər; ola bilsin ki, onların yazılarına mətbuatda, bəzi internet saytlarında və sairdə rast gəlmisiniz; bunlardan istifadə edirlər, pul verib: “Oturun inqilabın əleyhinə, inqilabın əsaslarının əleyhinə fikir yürüdün” – deyirlər) qondarma nəzəriyyələr quraşdıran saxta nəzəriyyəçilərə, qəzetçilərə, muzdlu yazarlara, virtual məkanın imkanlarına, cürbəcür təlxək adamlara qədər, istifadə edə bildikləri hər kəsdən bacardıqları kimi istifadə edirlər. Hazırda bütün bu işlər həyata keçirilir, bütün bunlar var. İndi də deyil, inqilabın əvvəlindən, yəni 39 il bundan öncədən üzü bəri bütün bu işlər görülür, intəhası günbəgün daha da kəskinləşib. Bu gün elə texnoloji vasitələr var ki, o zaman yox idi; onların hamısından istifadə edirlər. Yəqin ki, eşitmisiniz, 1388-ci ildə baş verən iğtişaşlar zamanı o fəal internet şəbəkələrindən birinin işi illik təmir üçün müvəqqəti dayandırılmalı imiş; deyiblər, dayandırmayın, təmir işlərini təxirə salın, hazırda sizin xidmətiniz bizə lazımdır; həmin internet şəbəkəsinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Amerikanın siyasi qurumlarına xidmətinə ara verməsinə razı olmayıblar; bütün bunlardan istifadə edirlər.
Bəli, bütün bu səyləri göstərirlər, amma gözlənilmədən bir 22 bəhmən baş verir! Bunlar təkcə öz auditoriyalarını hesaba alırlar, amma 22 bəhmən günü, gördüyünüz kimi, paytaxt Tehranda, kiçik şəhərlərdə, ölkənin bütün bölgələrində, şərqdə, qərbdə, şimalda, cənubda insan seli küçələrə axışır, qışın soyuğunda, buzun üstündə, qarın-yağışın altında vahid şüarlar səsləndirir. Yaxud da eynilə bir 9 dey baş verir; xüsusilə də əgər hansısa hadisələr olubsa, 1388-ci ilin 9 dey günü və ya bu ilin 9 dey günü olduğu kimi, hər kəs gəlir. Özünüz gördünüz, bu ilin 9 dey günü insanlarımız necə böyük şövq və həyəcanla meydanlarda idi. Çünki düşmənin varlığını hiss etmişdilər. Bu, hər bir canlı varlığa xas olan bir xüsusiyyətdir: düşmənin varlığını hiss edən kimi daha da həssaslaşır, daha da fəallaşır. 9 dey günü ölkənin dörd bir yanında xalqın iştirakı müşahidə olundu, ondan sonra dey ayının 13-dən 18-nə qədər 4-5 gün dalbadal müxtəlif şəhərlərdə spontan surətdə yürüşlər oldu. 19 dey günü mən bu hüseyniyədə toplaşmış dəyərli insanlarımıza bu barədə yığcam surətdə məlumat vermişdim. (2) Baxın, canlı olmaq budur, inkişafda olmaq budur! Düşmənin o qədər səyi, o qədər fəaliyyəti heç bir təsir göstərmədi! Həm də təkcə virtual məkanda və sair bu kimi sferalarda görülən işlər deyil; misal üçün, sanksiyalar. Doğrudur, sanksiyalar camaatın yaşayışına təsir edir, iqtisadi çətinliklər yaranır və yaranıb da, bu problemlər camaatın hamısının əl-qolunu bağlayır, amma eyni zamanda insanlarımızın İslam İnqilabı və İslam Respublikasına bəslədiyi sevgi və bağlılıq bax bu cür reaksiyalar meydana gətirir.
Odur ki Allahın iradə və qüdrətinin müşahidə olunduğu bu cür günləri tutduğumuz yolda daha da möhkəmlənmək üçün bir təkan hesab etməliyik. Sizə deyim ki, Allahın lütf və köməyi ilə, builki 22 bəhmən o möhtəşəm 22 bəhmənlərdən biri olacaq. Çünki xalqımız Amerikanın bəzi dövlət adamlarının bu ədəbsiz danışıqlarından düşmənin pusqu quraraq hücuma keçmək üçün hazırlaşdığını hiss edir (o demək deyil ki, mütləq, hərbi hücum edəcəklər, düşmənçilik məqsədi güdürlər), bunu hiss etdikdə isə meydanlara çıxır, özünü göstərir. Allahın lütf və dəstəyi ilə, bu il xalqımızın iştirakı həmişəkindən daha emosional və coşğulu olacaq; Allahın köməyi ilə hamı gələcək; bu, bir məqam.
Digər bir məqam isə İslam Respublikasının prinsipial məsələləri ilə bağlıdır. Əlbəttə, az öncə bildirdim ki, yaxın zamanlarda, inşallah, mən bu barədə ətraflı söhbət edəcəyəm, bu gün isə mövzuya qısaca toxunmaq istəyirəm. İslam İnqilabı nəticəsində yaranmış dövlət quruluşu özü üçün müəyyən prinsipial siyasətlər nəzərdə tutmuşdur. İslam İnqilabı bir siyasi-ictimai model irəli sürərək onu reallaşdırmışdır və bu hökumət modelinin inqilaba əsaslanan müəyyən prinsipləri yaranmışdır. Məsələn, müstəqillik – iqtisadi müstəqillik, siyasi müstəqillik, mədəni müstəqillik, təhlükəsizlik baxımından müstəqillik – əvvəllər möcvud olmamış həmin prinsiplərdən biridir. İnqilabdan öncə bunların heç biri yox idi. Bu sahədə xeyli irəliləyişə də nail olmuşuq; əlbəttə, bəzi sferalarda hələ görüləsi işlərimiz çoxdur. Müstəqillik var, azadlıq var.
Ölkənin inkişafı; inqilabın əsas prinsiplərindən biri ölkənin müxtəlif sferalarda inkişafıdır; ölkə elmi, texnoloji, əxlaqi baxımdan, maddi və mənəvi həyatın müxtəlif sferalarında inkişaf etdirilməlidir. Bütün bu sferalarda kifayət qədər yaxşı irəliləyiş əldə olunub da; əlbəttə, arzuladığımız, nail olmalı olduğumuz inkişafa hələ var və o məsafəni hələ qət etməliyik.
Ədalət, sosial ədalət, əhali arasındakı təqəbələşmənin azaldılması. Bu sahədə, əlbəttə ki, nöqsanlarımız, geriliyimiz var, yetərli və lazımi səviyyədə iş görülməyib. Bu məsələyə ciddi yanaşmalıyıq və istərdim biləsiniz ki, Allahın köməyi ilə, bu mövzu bizim diqqət mərkəzimizdədir, bu problemə göz yummayacağıq; bu, İslam Respublikasının əsas dayaqlarından biridir. Əlbəttə ki, bunun yolu da zülm və korrupsiya ilə mübarizə aparmaqdır. Ədalət geniş məna və əhatə dairəsinə malik olan bir mövzudur; həm cəmiyyətin öz daxilində, həm beynəlxalq arenada, həm iqtisadiyyat, həm də siyasət sferalarında ədalət çox önəmli bir prinsipdir. Həm də ədalət mütləq bir dəyərdir; yəni digər dəyərlər hamısı müəyyən mənada nisbidir, ədalət isə mütləq bir dəyərdir, hər bir halda lazımdır və riayət olunmalıdır. Korrupsiyaya, zülmə qarşı mübarizə aparılmalıdır. Əlbəttə, çox çətindir; mən bir neçə il bundan əvvəl demişdim ki, korrupsiya əfsanəvi yeddibaşlı əjdaha kimidir; əfsanələrdə yeddibaşlı əjdahanın bir başını kəsirlər, qalan 6 başı ilə hərəkət edir; onu yox edib aradan götürmək o qədər də asan deyil. Korrupsiya da bu cürdür; cəmiyyətdə korrupsiyadan mənfəət qazanan şəxslərə qarşı mübarizə aparmaq, onlarla qarşıdurmaya getmək çox ağır bir işdir, doğrudan da, çox çətindir, lakin mütləq surətdə həyata keçirilməli olan işlərdəndir. Bu, elə bir işdir ki, hökmən görülməlidir. Öndərimiz Əmirəlmöminin Əli (ə) hakimiyyətdə olduğu müddət ərzində, demək olar ki, daim bu mühüm məsələyə diqqət ayırmışdır; əlbəttə ki, problem bununla da çözülüb qurtarmamışdır. Sözsüz ki, əgər Allah eləməmiş, hökumət nümayəndələri zülmə, korrupsiyaya yol verirlərsə, bu cür hallara qarşı daha ciddi, daha kəskin tədbirlər görülməlidir. Bütün qurumlar, rəhbər işçilər, ölkənin müxtəlif yerlərində biz hamımız bu məsələyə diqqətli yanaşmalı, problemin üzərindən ötüb keçməməliyik; zülmün üstündən keçmək olmaz.
Eynilə beynəlxalq arenada da; imperializmin zülmü ifşa olunmalıdır. Bu gün dünyanın ən zalım, ən rəhmsiz sistemi Amerika hökumətidir; Amerika hamısından zalımıdır. O İŞİD-in nə qədər məşum, zalım və vəhşi olduğunu gördünüz? Amerika hökuməti onlardan da betərdir. İŞİD-ləri – təkcə İŞİD-i yox, İŞİD-ləri – yaradan və çirkin əməlləri üçün onlara şərait yaradan da elə Amerika hökumətidir; İŞİD-in meydana çıxmasının səbəbkarı Amerika olub. Artıq bu sadəcə bizim iddiamız deyil, özləri deyiblər. Hazırda ABŞ-ın prezidenti olan o adam özünün seçkiqabağı kompaniyası zamanı İŞİD-in meydana gəlməsini dönə-dönə demokratların – özünə rəqib olan partiyanın işi adlandırmışdı. Doğru da deyirdi; bu məsələnin sənədi-sübutu da var idi; indi də var. Onlar özləri İŞİD-i yaradıblar, özləri gücləndiriblər, özləri onlara silah və maliyyə dəstəyi veriblər, böyük ehtimalla, bəzi taktikaları da özləri onlara öyrədiblər. O işlərin hamısını görən Amerikanın “Black water” kimi dövlətlə əlaqəli vəhşi qurumlarıdır; onlar bu işləri yaxşı bilirlər, insanlığa qarşı törədilən bu vəhşiliklərin mütəxəssisi onlardır; olsun ki, İŞİD-çilərə təlim keçən də elə onlar olub. Yoxsa Qafqazdan gəlmiş hansısa “bədbəxt”, insana necə işgəncə vermək, işgəncə verməklə tədricən suda necə boğmaq, yaxud yandırmaq lazım olduğunu haradan bilə bilər? Yəqin ki, onlar öyrədiblər.
Amerika dünyanın ən qəddar və daşürəkli dövləti olduğuna baxmayaraq, təbliğatında insan haqlarının, məzlumların hüquqlarının, hətta heyvanların belə haqqının müdafiəçisi kimi çıxış edir! Bunların iç üzü açılmalıdır; bunları demək lazımdır, dünya bunların kim olduğunu bilməlidir. Fələstinə etdikləri zülm! Hazırda fələstinlilərə hər gün zülm olunur, hər gün əziyyət verilir. 1 il, 2 il, 10 il, 20 il; 70 ildir ki, bu zülm davam etdirilir və arxasında da əvvəllər olduğu kimi, bu gün də Amerika durur; bütün bunları demək lazımdır. Yəmən xalqına edilən zülm! Hazırda Yəmən hər gün bombardman edilir. Xalq bombalanır, insanların xeyir-şər məclisləri bombalanır, bazarlar bombalanır, ölkənin infrastrukturu bombalanır. Kimin vasitəsilə? Amerikanın dəstək verdiyi müttəfiqləri vasitəsilə; silahlarını da onlar təmin edirlər, lazım olan köməyi də onlar göstərirlər. Kənardan da durub mənzərəni qəşəngcə seyr edirlər, ən xırda etiraz belə bildirmirlər; heç qaşlarını da düyünləmirlər. Əlbəttə, amerikanların öz arasından bu vəziyyətə etiraz bildirən bəzi insanlar, misal üçün, yazarlar var, amma Amerika dövləti onlara qətiyyən əhəmiyyət belə vermir. Sonra da utanmadan gedib orada bir neçə dəmir parçasını ortaya qoyub deyir ki, “bunlar İranın Yəməndə mübarizə aparan qüvvələrə verdiyi raketlərindir”. (3) Əsassız bir iddia irəli sürür! Yəməndə mübarizə aparan mücahidlər blokadadır, onlara nə isə çatdırmaq mümkün deyil. Əgər çatdırmaq mümkün olsaydı, biz onlara bir yox, 100 raket verərdik! Amma olmur, mümkün deyil; məzlumdurlar.
(4) کُن للظّالِمِ خَصمًا وَ لِلمَظلومِ عَونا
– Məzluma kömək edə bilirsənsə, et. Biz ayağa qalxmışıq; müqavimət məsələsində amerikalılar Qərbi Asiyada müqavimətin kökünü kəsməyi qərara almışdılar, bunu edə biləcəklərinə əmin idilər də, amma biz ayağa qalxıb, buna imkan verməyəcəyimizi dedik. Bu gün dünyada hamıya sübut olunub ki, onlar istəyirdilər, bacarmadılar, biz isə istəyirdik, bacardıq da; bunu dünyada hər kəs dərk edib. Zülmə qarşı durmaq lazımdır. İndi bu dediyim xarici zülm idi, daxili zülm də bu cürdür, hətta bəlkə müəyyən cəhətlərdən daha önəmlidir də.
Digər bir məqam da var ki, onu da qeyd etmək lazımdır; bu, xəlqilik məsələsidir. İslam Respublikası quruluşunun ən böyük üstünlüklərindən biri onun xəlqiliyidir; ən böyük üstünlüklərdən biri bu inqilabın dini və xəlqi xarakter daşımasıdır. İslam İnqilabı dini bir inqilab idi, xalqın etiqadına əsaslanırdı, bu inqilab nəticəsində formalaşan sistem də dini və xəlqi mahiyyət daşıyır. Xalq İslam dininə inandığı üçün meydanlara axışdı. Elə ona görə də görürük ki, övladları, gəncləri cəbhələrə yollanıb vuruşduğuna, mübarizə apararkən öldürüldüyünə, ata-anaların qəlbinə od düşdüyünə baxmayaraq, bu xalq səbir etdi, şükür etdi, şikayət etmədi. Çünki bütün bunlar Allah yolunda idi, İmam Hüseyn (ə) yolunda idi. Bu, inqilabın xüsusiyyətlərindən biridir; bu inqilab xalqın inqilabıdır. Bütün proqramlarda xalq birinci yerdə durmalıdır.
Bəli, xalqın adı dönə-dönə çəkilir, eşidirik; rəsmilərin xalqa söykənməyi, tez-tez xalq adını tutmağı yaxşıdır da; bu ada arxalanmaları çox yaxşıdır, intəhası xalqı tanısınlar. Biz hamımız xalqımızı tanımalıyıq. Baxın, şah diktaturası dövründə (sizin yadınızda olmaz; biz bütün gəncliyimizi şah diktaturasının zamanında keçirmişik, o dövrdə işləyib çalışmışıq) bir ziyalı tipi və ya o dövrdə fəal olan bir ziyalı kəsim var idi. O vaxtlar biz onların çoxu ilə əlaqə də saxlayırdıq. Xalqdan danışırdılar; istənilən söhbətdə yeri oldu-olmadı: “Xalq, xalq üçün, xalqı müdafiə!” – deyirdilər; bu sözlər ağızlarından düşmürdü. Halbuki yanılırdılar; yəni demək olmaz ki, hamısı yalan danışırdı, amma danışdıqları yalana özləri də inanmışdılar; nə onlar xalqı tanıyırdılar, nə də xalq onları; nə onlar xalqın dediyini başa düşürdülər, nə də xalq onların dediyini. Qəzet və jurnallarda nə qədər maarifləndirici məqalələr yazırdılar. Şah rejimi də bilirdi ki, xalq onların təsiri altına düşən deyil, çünki nə dediklərini ümumiyyətlə başa düşmür, bunlar eləcə söz toxuyub tökürlər, ona görə də heç bərklərini də tutmurdu. Mən özüm Məşhəddə şahidi olmuşdum ki, kommunist nəşrlər açıq-açığına, çox rahat şəkildə kitab mağazalarında yayılırdı, amma hansısa dini məsələyə, Fələstinə, bu tip mövzulara həsr olunmuş bir dini kitab cürbəcür təzyiqlərə məruz qalır, qarşısı alınırdı. Səbəbi bu idi ki, onların dedikləri, onların yazdıqları camaat üçün kökündən inandırıcı deyildi; nə onlar xalqı tanıyırdılar, nə də xalq onları tanıyırdı. 1341-ci ildə İmam Xomeyni (r.ə) mübarizə meydanına qoşulanda isə həm o, xalqı tanıyırdı, həm də dedikləri xalqa tanış idi; xalq onu anladı, onun arxasınca getdi, dediyinə əməl etdi və nəticədə inqilab meydana gəldi. Odur ki xalqı tanımaq lazımdır.
Xalq kimdir? Xalq 22 bəhmən tarixi qəhrəmanlığını yaradanlardır; xalq bu insanlardır. Əgər xalqın nə dediyini anlamaq istəyirsinizsə, onu dinləyin, nə istədiyini eşidin. Xalq o insanlardır ki, meydanda araya bir qrup iğtişaşçı girdiyi zaman etirazları olsa belə, iğtişaşçıların şüarlarını görən kimi bir kənara çəkilir, sonra isə 9 dey günü meydanlara gələrək öz şüarlarını səsləndirirlər. Xalq bu insanlardır; xalqı başqaları ilə səhv salmasınlar. Xalqı onun şüarları, dedikləri ilə tanısınlar və onun üçün işləsinlər.
مُخلِصاً لِلّهِ و لِوَجهِهِ الکَریم
Xalq üçün yaşamaqla Allah üçün yaşamaq bir-birinə heç bir vəchlə zidd deyil. “Xalq üçün işləsinlər” deyiriksə, bu o demək deyil ki, Allah üçün olmamalıdır; xeyr, Allah-taala buyurub ki, “Xalq üçün işləməlisiniz”. Allah-taala biz rəsmilərdən xalqa xidmət etməyimizi, xalqın xidmətçisi olmağımızı, xalq üçün işləməyimizi istəyib. Xalqın sözünü eşitmək lazımdır; xalqın sözü korrupsiyadan şikayətdir, ayrı-seçkilikdən şikayətdir; xalqın dediyi budur. Xalq bir çox problemlərə dözür, korrupsiyanı, ayrı-seçkiliyi isə qəbul etmir, bunlardan şikayətçidir, gileylənir. Xalqın şikayəti korrupsiyadandır, ayrı-seçkilikdəndir və rəsmilər – istər icraedici, istər qanunverici, istərsə də məhkəmə hakimiyyətinin rəsmiləri bu problemlərlə ciddi surətdə məşğul olmalıdırlar.
Silahlı Qüvvələrə gəlincə; mənim son sözüm budur: Silahlı Qüvvələr öz daxilində quruculuğu günbəgün daha da artırmalıdır. Nəyin quruculuğunu? Əvvəla öz kimliyinin, şəxsiyyətinin quruculuğunu. Qoy hərbçilərimiz özlərini formalaşdırsınlar; özlərini İslam dininə layiq bir insan və hərbçi kimi tərbiyə edib formalaşdırsınlar. İslam dininə layiq bir hərbçi mömindir, şücaətlidir, fədakardır, tədbirlidir, düşmən qarşısında tam gücü ilə durur, dost qarşısında isə özünü əsla böyük tutaraq təkəbbür nümayiş etdirmir; İslama layiq bir hərbçinin xüsusiyyətləri bunlardır; buna nümunə olaraq Malik Əştəri göstərmək olar; düşmənin qarşısında o cür, Kufədə ədəbsiz bir oğlan uşağının qarşısında isə o cür; bu məsələ məşhurdur; onun Malik Əştər olduğunu bilməyən bir oğlan uşağı onu təhqir edir, daha sonra nə etdiyini anlayanda əl-ayağa düşüb arxasınca qaçır, görür ki, gedib məsciddə namaz qılır. Üzrxahlıq edir, Malik isə ona söyləyir ki, mən məscidə elə sənin üçün dua etməyə gəlmişəm. Hərbi sərkərdə, Siffeyn döyüşündə o cür böyük işlər görmüş Malik Əştər gənc, ədəbsiz bir oğlan uşağına qarşı bu şəkildə davranır! Özünütərbiyə bax budur.
Və maddi-texniki quruculuq; az öncə Hava Qüvvələrinin komandanı tamamilə doğru olaraq qeyd etdi ki, Hərbi Hava Qüvvələri Orduda maddi-texniki quruculuğa və özünütəminetmə cihadına ilk olaraq start vermiş, bu fəaliyyətində kifayət qədər aktiv olmuş və müsbət nəticələr əldə etmişdir. Hava Qüvvələrində xeyli iş görülüb; Hava Qüvvələrinin deyiləsi, danışılası nailiyyətləri çoxdur, onlardan biri də budur. Quruculuğa siz başlamısınız, o dövrdə sizin sıralarınızda olan əzmkar insanlar başlamışlar. Şükürlər olsun ki, belə insanlar bu gün də var, sizlər varsınız, bu işi həyata keçirə bilərsiniz. Maddi-texniki bazanızı həm yeniləyin, həm də quruculuğu ilə məşğul olun; qurun, düzəldin; siz bunu bacararsınız; siz gənclərin çox yaxşı istedadı var. Mən o ölkələrdən biri haqda demişdim ki, onların yalnız pulu var; puldan başqa heç nəyi yoxdur; nə dini, nə əxlaqı, nə ağlı, nə bacarığı, nə məharəti; yalnız pulları var; bəziləri bu cürdür. Ola bilər ki, sizin kifayət qədər pulunuz yoxdur, amma başqa hər şeyiniz var: istedadınız, düşünmək qabiliyyətiniz, təşəbbüs göstərmək əzminiz, quruculuq üçün gücünüz. Siz bacararsınız; qurun, düzəldin. Odur ki hər şeydən öncə həm özünüzü, yəni nəfsinizi tərbiyə etməyə, həm də maddi-texniki bazanızı və təşkilati strukturunuzu daha da yaxşılaşdırmağa çalışın. Təşkilatınızı bacardığınız qədər inkişaf etdirin. Və bilin ki, inşallah, qələbə sizinlədir. Bu illər ərzində baş vermiş bütün olaylarda, Allahın köməyi ilə, inqilabi qüvvələr qələbə qazanıb, gələcəkdə də, düşmənə göz dağı olaraq, qələbə sizin və mübariz İran xalqının olacaq.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________
(1) Görüşün əvvəlində Ordunun Hava Qüvvələrinin komandanı, briqada generalı Hüseyn Şahsəfi məruzə etmişdir.
(2) Qum əhalisi ilə görüş (19.10.1396)
(3) Amerikanın BMT-dəki nümayəndəsi Niki Heyli nəzərdə tutulur.
(4) Nəhcül-bəlağə, 47-ci məktub.