Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Birliyinin iclasında iştirak edən qonaqlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمد و آله الطیّبین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Əziz qardaşlar, əziz bacılar, çox xoş gəlmisiniz! Burada siz öz evinizdə, öz qardaşlarınızın arasındasınız; ümidvaram, Allah-taala öhdənizə götürdüyünüz bu böyük işi sona çatdırmaqda hamınıza mənəvi dəstək və yardımçı olacaq, sizi doğru yola istiqamətləndirəcək, inşallah.

Artıq 25 ildir ki, fəaliyyət göstərən Müsəlman Ölkələri Parlamentlərarası Birliyi önəmlli bir yer tutur: əvvəla, siz – müsəlman ölkələrinin parlament sədrləri və deputatları xalqların nümayəndələrisiniz, bu, çox mühüm bir məqamdır; ikincisi, digər bir tərəfdən, dövlətlərin qarşısında duran diplomatik məhdudiyyətlər sizdə yoxdur, buna görə də siz öz xalqınızın, müsəlman xalqlarının, İslam ümmətinin ehtiyaclarını dünya arenasında daha açıq, daha qətiyyətli, daha ciddi bir mövqe ilə ortaya qoya bilərsiniz. Düşünürəm ki, biz bu mühüm statusdan öz dini və tarixi vəzifəmizi yerinə yetirmək üçün istifadə etməliyik. Bizim İslam ümməti qarşısında böyük bir dini vəzifəmiz var (hamımızın; İslam dünyasının hansısa yerində hansısa vəzifə və mövqe sahibi olan hər kəsin; bu sıraya siz də, mən də aidik), hamımızın bir dini vəzifəsi var; yəni dinin, İslamın bizdən müəyyən tələbləri var; əvvəla, o vəzifəni yerinə yetirməliyik. İkincisi, bir tarixi vəzifəmiz də var; hiss etdiyimiz kimi, bu gün dünyada mühüm dəyişikliklər baş verməkdədir; dünya çox önəmli dəyişikliklərə hamilədir; özəlliklə Asiya, Afrika, yaxud Qərbi Asiya regionu deyil, bütün dünya; bütün dünyada müəyyən dəyişikliklərin baş verdiyi hiss olunur; bu dəyişikliklərdə biz də öz rolumuzu oynamalıyıq. İslam dünyası müəyyən mərhələdə güclü zərbələr alıb; Birinci Dünya müharibəsindən sonra İslam dünyası parçalandı və müsəlman ölkələrində – Qərbi Asiyada, Şimali Afrikada – hakimiyyətə səriştəsiz, buna qətiyyən haqqı çatmayan şəxslər gəldi; heç bir əsasları olmadığı, əsla haqları çatmadığı halda gəldilər; nəticədə İslam dünyasında uzun müddət bunun təsirləri qaldı, İslam dünyası bu vəziyyətdən çox zərbələr aldı. Belə hadisələrin, bu cür təcrübələrin yenidən təkrarlanmasına yol verməməliyik. 

Mənə təqdim olunan proqrama əsasən demək olar ki, cari iclasın gündəliyində mühüm mövzular yer alır; az sonra mən onlardan bəzilərinə toxunacağam; lakin bəzi mövzular da var ki, toxunulmayıb, onlara da diqqət yetirmək olardı; məsələn, Yəmən məsələsi, Bəhreyn məsələsi; bunlar çox mühüm problemlərdir, İslam ümmətinə vurulmuş dərin və ağır yaralardır; bu problemlər həll olunmalıdır. Əlbəttə, Myanmar məsələsinə toxunulub, Kəşmir məsələsinə toxunulub. Mənim öz mömin qardaş və bacılarıma, müsəlmanlara tövsiyəm budur ki, İslam dünyasının əsas, həyat əhəmiyyətli problemlərindən söhbət gedərkən qətiyyətli olsunlar. Biz qətiyyətli olsaq, dünyada tendensiya yarada bilərik. Biz dünya ictimaiyyəti, dünyanın ziyalı insanları arasında bir tendensiya yaratmalıyıq. Bəzi həqiqətlər var ki, onları bütün dünyaya çatdırmaq lazımdır. Biz dünya ictimaiyyətinin rəyinə təsir göstərməliyik. Sizi görməzliyə vurmalarına, susqunluq planı ilə İslam dünyasının önəmli problemlərini dünya ictimaiyyətinin diqqətindən yayındırmalarına, onları qondarma, önəmsiz məsələlərin arxa planına keçirmələrinə imkan verməyin. Qərbin əksərən sionistlərin əlində olan təhlükəli və qorxunc təbliğat imperatorluğunun İslam dünyasının bu mühüm problemlərini görməzliyə vurmasına icazə vermək olmaz. Həmin problemlərdən bəzilərini indi mən qeyd edəcəyəm; Fələstin məsələsi İslam dünyasının olduqca önəmli problemlərindən biri və bəlkə də, ən önəmlisidir; Fələstin xalqına edilən təzyiqlər, onların üzləşdiyi çətinliklər tam olaraq görməzliyə vurulur. Bizim fikrimizcə, Qərb-sionist media imperatorluğunu məğlub etmək olar; bunu etmək mümkündür; hamımız əzm göstərsək, bunu edə bilərik. Sionistlər sərt müharibədə – hərbi əməliyyatlarda məğlub olduqları kimi, onları yumşaq müharibədə – təbliğat savaşında da məğlub etmək mümkündür; gördüyünüz kimi, İsrail rejimi Livanda məğlub olub geri çəkilməyə, məğlubiyyətini etiraf etməyə məcbur oldu; halbuki hamı onların məğlubedilməz bir dövlət olduğunu düşünürdü. Sionist rejimini və onların əlaltılarını eynilə yumşaq müharibədə də məğlub etmək olar.

Mən bir neçə əsas məsələyə toxunmaq istəyirəm; əlbəttə ki, bu məsələlər hamısı cari konfransın gündəliyində də yer alır. Onlardan biri Fələstin məsələsidir; Fələstin məsələsini heç bir vəchlə bir an belə olsun diqqətdən kənar qoymaq olmaz; Fələstin problemi son dərəcə önəmli bir problemdir. Son 70-80 ildə Fələstində baş verən hadisələrə, zənnimcə, bütün tarix boyunca rast gəlinməyib; mənim bildiyim qədər, nə dövrümüzdə, nə yaxın keçmişdə, nə də tarixin hansısa dövründə buna bənzər bir şey olmayıb.

Məsələ nədən ibarətdir? Məsələ bundan ibarətdir ki, bütöv bir xalqın başına 3 iş gətiriblər: əvvəla, vətənini, torpağını işğal ediblər. Düzdür, dünyanın başqa yerlərində də müəyyən torpaqlar yadlar tərəfindən işğal edilib; bu, tarixdə rast gəlinməyən bir məsələ deyil, lakin burada torpağı işğal etməklə yanaşı, insanları kütləvi şəkildə sürgün də ediblər; yəni bu gün milyonlarla fələstinli sürgün həyatı yaşayır. Ev-eşiyindən, şəhərindən, yurd-yuvasından didərgin düşüb, geri qayıtmalarına icazə verilmir. Bu, ikincisi; yəni milyonlarla insanın kütləvi surətdə sürgün edilməsi. Üçüncüsü isə, bu iki hadisə kütləvi qırğınlarla müşayiət olunub; o olayların baş verdiyi dövrdə çoxlu sayda insan qətlə yetirilib, şəhər və kəndlərdə qadınlar, kişilər, uşaqlar qətliam edilib; böyük bir bəşəri cinayət törədilib. Fələstin məsələsinin mahiyyəti budur: bir nəfər, yaxud bir qrup insan yox, bütöv bir xalq işğalçılıq, sürgün və qətl hadisəsi ilə üzləşib. Tarixdə belə bir hadisənin analoqu yoxdur. Düzdür, olub ki, bəzi ölkələrdə, misal üçün, bir qrup adamı bir bölgədən başqa bir bölgəyə köçməyə, yerlərini dəyişməyə məcbur ediblər, amma öz ölkələrində; daha bütöv bir xalqı öz ölkəsindən çıxarmayıblar. Hazırda özü, yaxud ata-babaları Fələstindən çıxarılmış fələstinlilər onilliklərdir ki, düşərgələrdə yaşayırlar. Bu nə deməkdir? Belə bir şey dünyanın heç yerində olmayıb. Bu, fövqəladə bir məsələdir; misilsiz bir tarixi zülmdür; bunun tarixdə misli görünməmiş bir zülm olduğuna heç bir şübhə ola bilməz. Və bizim çiyinlərimizə müəyyən vəzifələr düşür; yəni İslam dinində bütün məzhəblərin yekdil rəyinə əsasən, bu kimi hallarda müsəlmanlar meydana girərək əllərindən gələn üsul və vasitələrlə məzlumu müdafiə etməlidirlər. Necə olursa-olsun, bu məsələyə bir əncam çəkmək lazımdır. 

Və mənim fikrimcə, İsrail rejimi qarşısında göstərilən bu mücahidələr öz nəticəsini verəcək; biz buna inanırıq. Heç də belə düşünmək lazım deyil ki, artıq heç nəyin faydası yoxdur, iş işdən keçib; yox, belə deyil; aradan onilliklər ötdüyünə baxmayaraq, inşallah, Allahın izni ilə, mücahidələr, mütləq, öz nəticəsini verəcək; necə ki bu günə qədər də müqavimət irəli gedib. Özünüz baxın: vaxt var idi bunlar – sionistlər – “Nildən Fərata qədər!” deyirdilər, bu gün isə özlərinin ətrafına divar çəkirlər ki, orada – qəsb etdikləri ərazidə qala bilsinlər. Buna əsasən demək olar ki, müqavimət bu günə qədər irəli gedib, bundan sonra da irəli gedəcək. Və Fələstin bir bütövdur, bütöv bir ölkədir, bütöv bir tarixdir. Fələstin ərazisi, dəfələrlə vurğulandığı kimi, “çaydan dənizə qədər” uzanır; İordan çayından Aralıq dənizinə qədər. Fələstin ərazisi budur, Qüds də, heç şübhəsiz, bu Fələstinin paytaxtıdır və bu həqiqətə, bu başlıca ideyaya heç bir xələl gətirmək mümkün deyil. Amerikalıların bir müddət əvvəl Qüdslə bağlı atdığı o addıma gəlincə; hazırda ABŞ prezidenti olan o adam bu məsələdə çox böyük bir qələt etdi və etməkdədir (əlbəttə, o, bir az açıq, sərbəst davranır, amma elə o birilər də eyni yolu gedirdilər, onların da bundan heç bir fərqi yoxdur); bu, elə bir addımdır ki, heç bir nəticə verməyəcək, onlar o dediklərini həyata keçirməyə qadir deyillər.

Bu gün bizim öz regionumuzda Amerikaya kömək edən dövlətlər isə xəyanət edirlər; buna hamı diqqət yetirsin; əgər kimsə hazırda Səudiyyə hökumətinin etdiyi kimi, İsrail kimi bir düşmənlə əlbir-dilbir olub, öz müsəlman qardaşları ilə yola getmirsə, bu, açıq-aşkar xəyanətdir. Belə bir iş görmək, heç şübhəsiz, İslam ümmətinə və İslam dünyasına xəyanət etmək deməkdir. Bu, birinci məsələ.

İkinci məsələ isə müsəlman birliyi mövzusudur. Biz irq, region, dil və təriqət fərqlərinin aramızda ixtilaf yaratmasına imkan verməməliyik. Biz bunu hamıya demişik; həmişə demişik, bu gün də deyirik. Hətta bizimlə açıq-aşkar düşmənçilik edənlərə də demişik ki, biz sizinlə qardaşcasına davranmağa hazırıq. Əlbəttə, bəziləri bunu edə bilmir, bəzi dövlətlər heç vaxt belə bir iş görə bilməz, amma biz inanırıq ki, bu qədər əhaliyə, bu cür geniş imkanlara, bu gün həm Afrika, həm də Asiya regionunda (istər Qərbi Asiya olsun, istər mərkəzi Asiya) son dərəcə həssas coğrafi mövqeyə sahib olan İslam dünyasının bir yumruqda birləşməsi, heç şübhəsiz, dünyada effektiv ola biləcək böyük bir güc ərsəyə gətirə bilər. Biz bu birliyə nail olmalı, əməkdaşlıq etməli, bir-birimizə yardım əli uzatmalı, güc və imkanlarımızı bir-birinin köməyinə göndərməliyik. Hazırda adi hal almış bu konfliktlər durdurulmalıdır (çoxunda da Amerika və İsrailin əli var; müsəlmanlar arasında konflikt yaradan onlardır); bu konfliktlər sayəsində İsrail rejimi üçün “arxayın guşə” yaratmalarına imkan verməməliyik. İslam dünyasının düşmənlərinin arzuladığı şeylərdən biri də budur ki, İsrailin özünü bir kənarda rahat və təhlükəsiz hiss etməsi üçün müsəlman dünyasında konflikt və savaşlar olsun, qanlar tökülsün. Biz buna əlimizdən gəldiyi qədər əngəl olmalıyıq. 

Üçüncü və olduqca önəmli olan bir məsələ isə elmi inkişaf üçün çalışmaqdır. Qərb dünyası məhz elm sayəsində sərvət və beynəlxalq nüfuz əldə etmişdir. Onlar elmdə inkişaf etməklə bütün dünyada ağalıq etməyə başlayıblar; intəhası imanları, mənəvi tutumları olmadığına görə bu elmdən pis bir şəkildə istifadə etdilər, onu zülm, istismar və imperializm alətinə çevirdilər. Biz bu cür işlər görmək niyyətində deyilik, amma elmi cəhətdən geriyik; İslam dünyası öz gənclərinin elmdə irəliləyiş etməsinə səy göstərməlidir. Bunu etmək mümkündür; biz burada – öz ölkəmizdə buna nail olmuşuq, elmi cəhətdən yüksək mərtəbələrə qalxmışıq. Özü də bütün bu işləri sanksiyalar dövründə həyata keçirmişik; biz ardıcıl olaraq uzun illərdir ki, təcavüzkar dövlətlər tərəfindən sanksiyalara məruz qalırıq, amma bu sanksiyalar bizə inkişaf edib çiçəklənməyimiz, özümüz haqda düşünməyimiz, özümüzü yada salıb, öz güc və imkanlarımızdan bəhrələnməyimiz üçün yardımçı olub. Bu gün biz çox önəmli elm sahələrində ən son nailiyyətlər əldə etmişik, halbuki keçmişdə çox geridə idik. Bizim gənclərimiz səhiyyədə, nanotexnologiyalarda, kök hüceyrələrində, nüvə elmlərində və bir çox digər elm sahələrində irəli gəlməyi bacarıblar, işləyiblər, böyük işlər həyata keçirə biliblər. Bu gün bizim ölkəmizdə gənc alimlərin sayı dünya ölkələrinin əksəriyyətindən çoxdur. Odur ki müsəlman ölkələrində hökmən görülməli olan işlərdən biri də elmi inkişaf etdirməkdir və bu, mümkündür; bu sahədə də bir-birimizə kömək etməliyik. Əlbəttə, sevindirici haldır ki, bəzi digər müsəlman ölkələri də bu sahədə çox gözəl inkişafa nail olublar. 

Digər bir önəmli məqam isə Böyük Şeytanın yalançı iddialarını ifşa etməyimizdir. Böyük Şeytan Amerikadır; amerikalıların irəli sürdüyü yalan iddialar ifşa olunmalıdır. Həmin iddialardan biri insan haqları məsələsidir; insan haqlarının əleyhinə olduqlarına baxmayaraq, insan haqlarından dəm vururlar; gördükləri işlər insan haqlarına zidd olduğu halda, daim insan haqlarından danışır, insan haqları məsələsini ortaya atırlar. Amerikanın hazırkı prezidenti bu şeyləri açıq-aşkar deyir; ondan əvvəlkilər də bu cür işlər görürdülər, amma hər şeyi bu qədər çılpaqlığı ilə bəyan etmirdilər; bu, bir qədər daha açıq danışır. Afrikanın, irqlərin, Latın Amerikasının, bütün xalqların, müsəlmanların, hər şeyin əleyhinə danışırlar; yəni insan haqlarına zidd davranırlar, amma insan haqlarını əldə bayraq ediblər. Bunu ifşa etmək lazımdır; bu, böyük bir yalandır və ifşa olunmalıdır. Və ya terrorla mübarizə; terrora qarşı mübarizə apardıqlarını iddia edirlər. Əvvəla, özləri sionistlərin terrorçu dövlətini müdafiə edirlər. İşğal olunmuş Fələstindəki sionist dövləti terrorçu bir dövlətdir, bunu özü də deyir; yəni israillilər özləri də işlərini terrorla gördüklərini inkar etmirlər. Bunu özləri deyirlər, bəzi hallarda açıq-aşkar şəkildə də ifadə edirlər, lakin bu dövləti bu regionda himayə edən birinci növbədə Amerikadır; terrorçu İsrail dövlətini himayə edirlər. Bundan əlavə, Amerika başqa terrorçuları da himayə edir. Elə regionumuzun bəzi ölkələri üçün böyük bir problemə çevrilmiş o İŞİD-i amerikalılar özləri yaratmışdılar; bunu özləri etiraf etdilər. O adam seçkiqabağı təşviqat kompaniyası apardığı dövrdə dönə-dönə özündən əvvəlki hökuməti İŞİD-i yaratmaqda ittiham etmişdi. Düz də deyirdi; bu, tamamilə doğrudur; İŞİD-i bunlar yaradıblar. İŞİD-in Suriyada son nəfəsini çəkdiyi bu yaxın vaxtlara qədər də amerikalılar onları himayə edib qoruyurdular; təzəlikcə, elə bu yaxınlarda. Odur ki bunlar özləri terrorizmin tərəfdarıdırlar, terrorçudurlar, amma eyni zamanda terrorla mübarizəni də əllərində bayraq ediblər. Bunları ifşa etmək, bu şeyləri dünyaya açıqlamaq lazımdır. Bir qədər əvvəl qeyd etdiyim kimi, tendensiya yaratmalısınız, dünya ictimaiyyətinin, dünya elitasının rəyinə təsir göstərməlisiniz, bu həqiqətləri onlara çatdırmalısınız.

Mənim danışdıqlarım, bizim bu gün İslam Respublikasında öz qardaşlarımızla paylaşdığımız, müzakirə etdiyimiz, üzərində israr etdiyimiz məsələlər bizim özümüzün təcrübədən keçirdiyimiz şeylərdir; bu işlərin hamısını biz özümüz əməldə həyata keçirmişik; təkcə dildə demirik. Bu tip konfranslarda mənim bütün müsəlman qardaşlarımıza israrla etdiyim tövsiyələrdən biri də bu olur ki, qətnamə ilə, qətnamə çıxarmaqla işinizi bitmiş hesab etməyin. Hansısa komitədə oturmaqla, yaxud bu konfransın baş assambleyasında hansısa bir bəyannamə qəbul etməklə iş bitmir; bu, işin bir hissəsidir; işin digər bir hissəsi isə qəbul edilmiş qərarların həyata keçirilməsinə çalışmaq, bunun üçün əlindən gələn köməyi əsirgəməməkdir. Bunu etmək lazımdır.

Bizə qarşı iqtisadi savaş aparırlar. Ölkəmizdə iqtisadiyyatın önəmli olduğunu anlayıblar, ona görə də illərdir ki, bizə qarşı iqtisadi savaş aparırlar; bu savaşı ən kəskin həddə gətirib çıxarıblar. Bu iqtisadi savaş bu gün də davam etməkdədir; sanksiyalar bizə qarşı aparılan iqtisadi savaşın bir hissəsidir. Allaha şükürlər olsun ki, biz məğlub olmadıq, bu problem qarşısında diz çökmədik, əksinə ona üstün gəldik. İnşallah, bundan sonra da üstün gələcək və sanksiyaları iqtisadiyyatımızın çiçəklənməsi üçün bir vasitəyə çevirəcəyik. Biz dinə əsaslanan xalq hakimiyyətini inkişaf və tərəqqinin qaynağı hesab edirik; həm maddi, həm də mənəvi inkişafın. Dinə əsaslanan xalq hakimiyyəti çox yüksək bir dəyərdir və biz xalqımızın dünya və axirəti üçün ondan bəhrələnirik.

İran xalqı, Allahın köməyi ilə, bu günə qədər Amerikanın məkrli planlarını neytrallaşdıra bilib və bundan sonra da bunu bacaracaq. İnşallah, bundan sonra da Amerikanın bütün planlarını neytrallaşdıracağıq. Və ümidvarıq, bu stimul müsəlman ölkələri və müsəlman xalqlar arasında o qədər güclənəcək ki, İslam dünyasını Amerikanın bütün məkrli planlarına qarşı bir yumruqda birləşdirəcək. Hamınıza uğurlar arzu edirəm; bir daha hamınıza: “Xoş gəlmisiniz!” deyirəm.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_____________________

(1) Görüşün əvvəlində İslami Şura Məclisinin sədri Doktor Əli Laricani çıxış etmişdir.