Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدییّن سیّما بقیةالله فی الارضین
Əziz qardaşlar, əziz bacılar, hörmətli ruhanilər, dəyərli din alimləri, şücaətli və qəhrəman qumlular, çox xoş gəlmisiniz. Hər il dey ayının 19-u yaxınlaşanda mən sizinlə – mömin, şücaətli və şanlı Qum əhalisi ilə burada görüşəcəyimiz üçün sevinc hissi keçirirəm.
Qum başdan-başa ümid və stimulla doludur; həm özündə böyük ümid var, həm də başqalarına ümid bəxş edir. Qum ölkəmizdə avanqard olan və əhalisi də, heç şübhəsiz, avanqard xarakterli bir şəhərdir. 1356-cı ilin 19 dey günündən bu günə aradan 40 il ötüb (o vaxt biz Qum hadisələri barədə ilk dəfə uzaqdan eşitdik; ölkədə hələ kütləvi etirazlardan, xalq hərəkatından xəbər-ətər yox idi, Qum isə ayağa qalxıb qiyam etdi, sinəsini sipər etdi, qətlə yetirildi, şəhid verdi) o gündən bu günə qədər Qum sirati-müstəqimdə öz ardıcıl hərəkətini davam etdirmişdir. Gördüyünüz kimi, bu il də 9 dey günü Qum camaatı ölkənin dörd bir yanında artıq adət halını almış yürüşü həyata keçirdi; lakin təkcə bununla kifayətlənmədi, dey ayının 13-də də o cür coşqulu bir yürüşlə möhtəşəm bir hərəkata imza atdı.
Xalqımızın elə həmişə də dediyi bu olub; əziz xalqımız, müxtəlif sosial təbəqələrdən olan insanlarımız, müxtəlif şəhərlərimiz, gənclərimiz həmişə İslam İnqilabının, İslam dövlətinin dediyini deyib, hegemonluğa qarşı müqavimət, böyük dövlətlərin zorakılığına boyun əyməmək çağırışları edib. Bütün bu illər ərzində xalqımız yalnız bir söz deyib və o günlərdən 40 il ötdüyünə baxmayaraq, bu gün də xalqımız eyni məntiqi, eyni kursu, eyni hədəfi izləyir; intəhası bu gün daha da püxtələşib, daha da təcrübəlidir, prosesləri daha da yaxşı dəyərləndirir. Stimul baxımından da, bu günün gənclərinin o vaxtkılardan daha stimullu olduğunu deməsək də, ən azından, onlardan heç də geri qalmırlar, eyni stimula malikdirlər, üstəlik sayları o vaxtkından da çoxdur; yəni bu gün təhlükəli meydanlarda sinəsini sipər etməyə hazır olan mömin və stimullu gənclərin sayı inqilabın ayaq səslərinin eşidildiyi o illərdə, həmçinin inqilabın qələbəsindən sonrakı ilk illərdə meydanlarda olmuş gənclərimizdən bir neçə dəfə artıqdır. Bu, bu ölkənin ardıcıl kursudur. Doğrudur, mən bu sözləri həmişə deyirəm, həmişə də ortada bir sübut, bir nümunə olur, lakin bu günlərdə baş verənlər bu dediklərimə açıq-aydın dəlil-sübut idi. Qeyd etdiyimiz kimi, 9 dey günündən etibarən (hansı ki bəzi insanların o şeytanlığı, o atəşbazlıqlar yenicə başlamışdı; bir azdan bu barədə də danışacağıq) İran xalqı ölkənin hər yerində, ən ucqar nöqtələrdə, böyük və kiçik şəhərlərdə bu hərəkata başladı, lakin daha sonra düşmənin muzdurlarının öz əməllərindən əl götürməyəcəyini görəndə isə artıq bu yürüş ardıcıl olaraq günlərlə davam etdi. Ayın 13-dən Qumda, Əhvazda, Həmədanda, Kirmanşahda, ayın 14-ü, 15-i, 16-sı və 17-dən isə digər müxtəlif şəhərlərdə, böyük şəhərlərdə, həmçinin Məşhəddə, Şirazda, İsfahanda, Təbrizdə. Bunlar adi olaylar deyil; dünyanın heç yerində belə şey yoxdur; mən bunu bilib deyirəm. Dünyanın heç yerində xalqın düşmənin məkrli planı qarşısında bu cür birlik və həmrəyliklə, nizamlı şəkildə, bu gözüaçıqlıqla, bu coşqu ilə, bu stimulla çıxış etməsinə rast gəlinmir. Və bu, 1 ilin, 2 ilin, 5 ilin söhbəti deyil, artıq 40 ildir ki, davam edir; bu, xalqın ona zidd olan qüvvələrlə savaşıdır, İranın anti-İranla, İslamın anti-İslamla savaşıdır; bu savaş bu günə qədər olub və əlbəttə ki, bundan sonra da olacaq. Buna baxmayaraq, İran xalqının mübarizə və müqavimətlə məşğul olmağı onun həyatın digər müstəvilərindən soyumasına, uzaq düşməsinə səbəb olmayıb; əksinə, sizin gəncləriniz, sizin balalarınız diqqətəlayiq elmi nailiyyətlər əldə edib, sizin rəsmiləriniz İran xalqının ölkədə və regionda nüfuz qazanması üçün böyük işlər görüb. Yəni xalqımız Allahını tanıyan, canlı, dinamik bir xalq olduğunu göstərib, Allah da ona yardım edir.
Bu 40 il ərzində düşmənin bizim əleyhimizə gördüyü bütün işlər İslam İnqilabına qarşı edilən əks-hücumdur. İnqilab ölkədə düşmənin siyasi cəhətdən kökünü kəsib, düşmən də indi ardıcıl olaraq əks-hücumlar edir, hər dəfə də məğlubiyyətə uğrayır; cəhd edir, amma bacarmır, irəli gedə bilmir; səbəbi isə xalqın müqavimətidir, xalqın yaratdığı bu möhkəm səddir. Xalq bu dəfə də Amerika və İngiltərəyə, “londonlulara” tam qüdrətlə deyir: “Bu dəfə də bacarmadınız, bundan sonra da bacarmayacaqsınız!” Ölkədə daxildən problem yarada bilmək üçün milyardlarla dollar xərcləyiblər (bu, bir reallıqdır; milyardlarla dollar xərcləri çıxıb), illərlə şəbəkə qurublar, özləri üçün muzdurlar yetişdiriblər. Əvvəllər demirdilər; Amerikanın hazırkı rəsmilərininsə siyasətdə nə qədər sadəlövh olduğu açıq-aydın ortadadır; özləri özlərini ələ verərək dedilər ki, “İranla kənardan bacarmaq mümkün deyil, onların işlərini daxildən korlamaq lazımdır”; yəni artıq bir neçə ildir ki həyata keçirdikləri işləri görməyə başladılar: şəbəkə qurdular, muzdur yetişdirdilər; daha sonra burada və digər yerlərdə izlədikləri bütün planların xərcini özlərindən asılı olan dövlətlərin boynuna qoymaq üçün bura gəlib, Fars Körfəzindəki bəzi zəngin dövlətlərlə yaxın münasibət qurdular. İrandan qaçmış tör-töküntüləri mümkün olduğu qədər axtarıb taparaq, onları yenidən ortaya atdılar; minlərlə veb-sayt, onlarla telekanal yaratdılar, peyklə yayımlanan kanalları işə saldılar. Partlayışlar törədən terrorçu dəstələr yaradıb ölkəyə göndərdilər; istər cənub-şərqdən, istərsə də şimal-qərbdən; bu camaatın, özəlliklə də yetişməkdə olan gənc nəslimizin düşüncəsini dəyişmək üçün bu xalqın başına yalan, iftira və şayiə bombardmanı yağdırdılar, bizim əziz gənclərimizin – nə İmam Xomeynini, nə inqilabı, nə Müqəddəs Müdafiə savaşını, nə də şanlı şəhidlərimizi görmüş bu gənclərin təfəkkürünə, psixologiyasına təsir etməyə çalışdılar; amma nəticəsi nə oldu? Nəticəsi Şəhid Hücəci oldu. Bu yaxınlarda Nəcəfabadda həlak olmuş o əziz şəhidimiz və son 2-3 gündə şəhid olmuş digər şəhidlərimiz; onlar hamısı o gənclərin içindən çıxmışdı. Onlar ölkədə müəyyən insanları ələ almağa, bəzi aparıcı qurumlara yol tapıb nüfuz etməyə də cəhd göstəriblər. Əlbəttə, bəzən birbaşa özləri də müdaxilə edirlər; bir azdan deyəcəyəm; son bir neçə gündə Amerika rəsmiləri ölkədə baş verən olaylara elə o virtual şəbəkələr vasitəsilə müdaxilə edirdilər. Və sair, və sair; amma yenə də bacarmadılar; bütün bu səylərinə rəğmən, uğursuzluqla üzləşdilər.
Mən əziz xalqımıza təşəkkür etməyi lazım bilirəm; özü də bir dəfə yox, min dəfə. Xalqımız, həqiqətən də, şücaətli, sədaqətli, uzaqgörən, əzmkar, lazımi anı, situasiyanı dəyərləndirməyi bacaran bir xalqdır, nə vaxt hərəkətə keçmək lazım olduğunu bilir. O olaylar cümə axşamı günü (1) Məşhəddə başladı, şənbə günü o heyrətamiz yürüş keçirildi; son bir neçə ildə Məşhəddə bu qədər izdihamlı, bu qədər həyəcanlı bir yürüş olmamışdı. Daha sonra, bildiyiniz kimi, bir-iki gün də orada-burada pərakəndə şəkildə bəzi işlər oldu, ardınca dey ayının 13-dən 17-nə qədər minimum 5 gün ardıcıl olaraq camaat meydanlara gəldi. Xalqımızın sədaqəti, zəruri anı dəyərləndirmək bacarığı, hansı addımı nə vaxt atmaq lazım olduğunu bilmək qabiliyyəti, həqiqətən də, təşəkkürə layiqdir. Yadlar bu mesajları tutur; düzdür, təbliğatlarında 100 nəfər təxribatçı və iğtişaşçını 1000 nəfər kimi, yürüşə çıxan milyonları isə kiçik bir qrup, yaxud bir neçə min nəfər kimi təqdim edirlər! Təbliğatlarında belə deyirlər, amma yaxşı başa düşürlər; başda duran siyasətçiləri görür, amma üzə vurmurlar; yəni xalq həyata keçirdiyi bu möhtəşəm hərəkatla öz işini görür, öz təsirini göstərir, düşmən siyasətçilərinin ürəyinə öz qorxusunu salır. Xalqımız uzaqgörənliyini, həqiqətən də, pik həddə çatdırdı; bu xalq öz uzaqgörənliyini, həqiqətən də, zirvəyə çatdırdı və bu bir neçə gündə yüksək səviyyədə əzm və təşəbbüs nümayiş etdirdi.
Təhlillərə gəlincə; bu günlərdə müxtəlif şəxslər və siyasi cinahlar baş verən bu olayları qəzetlərdə, sosial şəbəkələrdə cürbəcür formada təhlil etdilər; demək olar ki, o təhlillərin hamısında həqiqəti əks etdirən müştərək bir məqam var idi. Həmin məqam bundan ibarətdir ki, xalqın haqlı tələbləri ilə bir qrup insanın təxribatçı və barbar davranışları arasında fərq qoymaq lazımdır; bu ikisini bir-birindən fərqləndirmək lazımdır. Hansısa hüququndan məhrum olmuş bir insanın etiraz etməsi və ya etirazı olan insanların – 100 nəfər, 500 nəfər – haradasa toplaşıb öz sözünü deməsi bir şeydir, hansısa qrupun bu toplaşmadan, bu təşəbbüsdən sui-istifadə edərək qalxıb Quranın, İslamın ünvanına nalayiq sözlər deməsi, bayrağı təhqir etməsi, məscid yandırması, dağıntılar, yanğınlar törətməsi tamam başqa bir şeydir; bu ikisi ayrı-ayrı məsələlərdir, bunları bir-biri ilə qarışdırmaq lazım deyil. Xalqın nəyəsə etiraz etməyi, öz istək, yaxud tələbini bildirməyi bu ölkədə həmişə olub, indi də var. Bəli, problemlər yaşayan bəzi fondlar, maliyyə təşkilatları və qurumlar əhalinin bir qismini narazı salıb; camaat artıq bir ildir, bir ildən də artıq vaxtdır ki, müxtəlif şəhərlərdə bəzi müəssisələrin, yerli icra hakimiyyəti orqanlarının, həmçinin burada parlamentin qarşısında toplaşır; bu barədə bizim məlumatımız var, adətən xəbərlər gəlib bizə çatır. Belə şeylər var; həmişə olub, indi də var, heç kəs də belə şeylərin əleyhinə deyil. Əksinə, o insanlarla maraqlanmaq, onları dinləmək, istək və tələblərini imkan daxilində cavablandırmaq lazımdır. Əlbəttə ki, 10 tələbdən 2-si haqsız ola bilər, amma hamımız çalışmalıyıq ki, haqlı olanlarını, doğru olanlarını qarşılayaq. Mən “kimlərsə qarşılamalıdır” demirəm; mən özüm də rəsmi şəxsəm; biz hamımız qarşılamalıyıq. Əlbəttə, mənim rəsmilərə də deyiləsi sözüm var, çıxışlarımda qeyd edəcəyəm. Bu, ayrı söhbətdir, amma bunun kimlərinsə gəlib ölkənin bayrağını yandırması, yaxud insanların bir yerə toplaşmasından istifadə edərək xalqın inanc və etiqadları, Quran, İslam, İslam Respublikası (!) əleyhinə danışıb hay-küy salması ilə heç bir əlaqəsi yoxdur.
Mən sizə deyim: bu olaylarda bir üçbucaq fəal olub. Özü də bu, bu günün, dünənin məsələsi də deyil, əvvəlcədən təşkilatlandırılıb. Deyəcəklərimin hamısı dəqiq informasiyadır, sübutları var; bəziləri açıq-aşkardır, özlərinin səsləndirdiyi fikirlərə əsaslanır, bəziləri isə xüsusi informasiya mənbələri vasitəsilə əldə olunub. Burada bir üçbucaq fəaliyyət göstərib: plan amerikanlara və sionistlərə aiddir; planı onlar çəkiblər. Bir neçə aydır ki, plan cızırlar; “Kiçik şəhərlərdən başlayaq, tədricən mərkəzə keçərik, narazı kəsimi qızışdırıb ortaya salarıq” – bu planın üzərində artıq bir neçə aydır ki, işləyirlər. Planı amerikanlar və İsrail agentləri hazırlayıb.
Maliyyə dəstəyi Fars Körfəzi ətrafındakı o pullu (2) dövlətlərdən birinə aid idi. Belə işlər xərc istəyir, pul vermək lazımdır; bunlar dura-dura amerikanlar pul xərcləmək istəməzlər axı; pulu bunlar veriblər. Bu, həmin üçbucağın iki tərəfi. Üçüncü tərəf isə onların nökərləri, əlbuyruqçularıdır; əlbuyruqçuluqlarını da münafiq təşkilatı edirdi; qatil münafiq təşkilatı; əlbuyruqçusu onlar idi. Bunlar hələ bir neçə ay öncədən hazır vəziyyətdə idilər; həmin günlərdə münafiq mediası özü bunu etiraf etdi; dedilər ki, biz bu olaylarla bağlı hələ bir neçə ay əvvəldən Amerika ilə əlaqə saxlayırdıq; əlaqə saxlayırmışlar ki, nökərçilik etsinlər, təşkilatlandırsınlar, gedib onunla-bununla görüşsünlər, ölkə daxilində kimlərisə nişanlayıb tapsınlar, həmin adamların “Bahalığa yox!” şüarları ilə (şüarı da onlar verib) çıxış etməsi üçün onlara kömək etsinlər. Bu şüar hamıya xoş gəlir axı; bununla bir qrup adamı cəlb etsinlər, sonra özləri ortaya çıxıb məşum hədəflərini reallaşdırsınlar, camaatı da öz arxalarınca çəkib aparsınlar; məqsəd bu idi.
Bəs bu yerdə xalq nə etdi? Düzdür, əvvəldə bir qrup gəldi (əlbəttə ki, sayları bir o qədər çox deyildi), amma bunların nə məqsəd güddüyünü görəndən, şüarları məlum olandan sonra camaat öz sırasını ayırdı. Cümə axşamı və cümə günlərində “Bahalığa yox!” və sair tələblərlə mitinqlərdə iştirak edən insanlar 9 dey günü gəlib xalqın möhtəşəm nümayişlərinə qatılaraq onların əleyhinə şüarlar səsləndirdilər, Amerikanın, münafiqlərin əleyhinə şüarlarla çıxış etdilər. Xalq öz sırasını ayırdı.
İranın qonşuluğunda iki komandanlıq qərargahı qurmuşdular; bunu özləri etiraf etdilər, öz etiraflarıdır; buradakılar yox, mediada ağzından söz qaçıran, müsahibələrdə çaşıb nələrsə deyən şəxslər etiraf ediblər ki, İranın qonşuluğunda Amerika və İsrail agentləri tərəfindən biri internet məkanını, digəri isə ölkə daxilindəki iğtişaşları idarə etmək üçün iki komandanlıq qərargahı təşkil olunub; bunu özləri etiraf ediblər. Yəni hər şeyi öncədən hazırlamışdılar, qəti qələbə qazanacaqlarına da bəri başdan əmin idilər;
الحمدلله الّذی جعل اعدائنا من الحمقاء
Şükür Allaha! Ardıcıl olaraq müşahidə etdikləri bu qədər hadisəyə baxmayaraq, yenə də İran xalqını tanıya, xalqın imanının, müqavimətinin, şücaətinin yaratdığı dağılmaz səddi dərk edə bilməyiblər; dərinliklərinə vara bilməyiblər. Ölkə daxilində onların oyununa aldanmış bu bədbəxt üzüqaralar da bir yandan “İrana canım qurban!” deyib, bir yandan da İran bayrağına od vurdular! Ağılsızlar anlamırlar ki, bu ikisi bir-birinə uyğun gəlmir axı! “İrana canım qurban!” deyirdilər; inşallah ki, İrana qurban olasınız (3), amma sizlər – o dəstədən olan, o tip insanlar indiyə qədər nə vaxt İranın düşmənləri qarşısında sinənizi sipər etmisiniz? İranın düşmənlərinin qarşısında sinəsini sipər edən yenə də dindar, inqilabçı gənclər olub. Müqəddəs Müdafiə dövründə şəhid olmuş 300 min şəhid kimlər idi? Ondan sonra verdiyimiz şəhidlər kimlər idi? Ölkəsini əks-inqilabın, xarici təcavüzkarların, Amerikanın qarşısında müdafiə edən məhz mömin, inqilabçı uşaqlar idi; siz nə vaxt İrana qurban getmisiniz ki, “İrana canım qurban!” – deyirsiniz? “İrana canım qurban!” – deyir, sonra da gedib bayrağı yandırır! Bu, doğrudan da, ağılsızlığın, naşılığın, təcrübəsizliyin göstəricisi deyilmi?
Amerikaya gəlincə; Amerika hiddətlənib; çox bərk hiddətlənib. Kimə qarşı hiddətlənib? Onu hiddətləndirən təkcə mən, yaxud siz deyilik; Amerika bütövlükdə İran xalqına, İran hökumətinə, İran İnqilabına qarşı hiddətlidir. Nəyə görə? Ona görə ki, məğlub olub. Bu möhtəşəm hərəkatın nəticəsində məğlubiyyətə uğrayıb. Amerika rəsmiləri boş-boş danışırlar! Amerika prezidenti söyləyir ki, “İran hökuməti əhalisindən qorxur”; xeyr, İran hökuməti bu xalqın içindən doğulub, bu camaata aiddir, bu camaatın vasitəsilə formalaşıb, bu camaata arxalanır. Nəyə görə qorxsun ki?! Bu xalq olmasaydı, bu hökumət də olmazdı! 40 il boyunca bu hökumət məhz bu xalq sayəsində sizin qarşınızda dura bilib. Sizə müqavimət göstərə bilməyi üçün hökumətə kömək edən, dəstək olan məhz bu camaat olub. Deyir ki, “Amerikanın qüdrəti İran hökumətini qorxudur”; yaxşı, əgər biz sizdən qorxuruqsa, 50-ci illərdə sizi İrandan necə bayıra atdıq? 90-cı illərdə bütövlükdə regiondan necə kənarlaşdırdıq? Deyir ki, “İran xalqı acdır, onun yeməyə ehtiyacı var”; halbuki elə öz statistikalarına əsasən, Amerikada şam yeməyinə möhtac olan 50 milyon ac insan var; sonra da deyir “İranlılar acdır”! İran xalqı bu günə qədər şərəf və heysiyyəti ilə yaşayıb, Allahın köməyi ilə, bundan sonra günbəgün vəziyyəti daha da yaxşı olacaq, iqtisadi problemləri də, sizə göz dağı olaraq, aradan qalxacaq, inşallah.
Amerika prezidenti narahatlığını ifadə edir! Son 5-6 gündə o, demək olar ki, gündə bir fikirlə çıxış edib. (4) Etirazçılarla bağlı narahatlığını ifadə edir ki, misal üçün, “biz İran hökumətinin etirazçılarla necə davrandığını bilmirik”. Heç utanmırsınız? (5) Sizin polisiniz bir il ərzində 800-ə yaxın vətəndaşınızı qətlə yetirib! Bir il ərzində bir ölkədə əhalinin təhlükəsizliyinin təminatçısı olan polis 800 nəfər adam oldürə! Siz osunuz ki, Vol-strit etirazlarında əhaliyə qarşı bacardığınızı etdiniz, təpiklədiniz, vurdunuz, insanları ittiham, yaxud şübhə əsasında qətlə yetirdiniz; polis sükan arxasında oturub avtomobilini idarə edən bir qadından şübhələndiyi üçün onu azyaşlı övladının gözü qarşısında qətlə yetirir! Amerikada bu cür olaylar ardı-arası kəsilmədən baş verir.
Və İngiltərə! Xəbis ingilis rəsmiləri də narahatlıq ifadə edir. Bu yaxınlarda İngiltərədə baş vermiş bir olaydan sonra – müsəlmanlara hücum olunmuşdu, onlar da özlərini müdafiə etmişdilər – hakim hökm çıxarmışdı ki, əgər bir müsəlman yerdən daş götürsə, amma atmasa, onu 4 il həbs cəzası gözləyir, atsa, 7 il! Sizin məhkəməniz, hakiminiz budur! Qoy Hollivud filmlərinə baxıb Qərb ölkələrindəki ədliyyə sistemi, məhkəmələr barədə özündə yüksək təsəvvür yaradanlar bunları eşitsinlər: İngiltərədə hakim hökm çıxarıb ki, daşı yerdən əlinə alıb atmasan, 4 il həbs cəzası var, atsan, 7 il həbs olunacaqsan! Molotov kokteyli hazırlayıb əlində tutsan, amma atmasan, 7 il cəzası var, atsan, 15 il! Bu cür davranırlar! Sonra da guya İrandakı etirazçılara ürəkləri yanır ki, “görəsən, onlara zülm olunmadı?”
Onların son hədəfi məlumdur; əlbəttə, əvvəlki Amerika administrasiyası bunu üzə vurmurdu, əksini deyirdi, amma onların da məqsədi eyni idi: İslam Respublikasını yıxmaq. Əvvəlki ABŞ prezidenti təkidlə, dönə-dönə bildirirdi ki, “biz İslam Respublikasını qəbul edirik”. Mənim özümə də bir neçə məktub yazmışdı, o məktublarda da daim təkrarlanırdı ki, “biz İslam Respublikasını qəbul edirik”; amma biz görürdük; gözümüz bağlı deyil ki; adam başa düşür; İslam Respublikasının dağılmasını istədikləri davranışlarından bəlli olurdu. Hazırda hakimiyyətdə olanlar da ki, daha bunu açıq-aşkar, heç nəyi nəzərə almadan bəyan edirlər; “İslam Respublikasını yıxmalıyıq” – deyirlər; hədəfləri budur.
Yaxşı, bəs buna hansı yolla nail olmaq fikrindədirlər? Bax bu məqama diqqət yetirmək lazımdır! Buna İslam Respublikasından ona milli iqtidar qazandıran amilləri almaqla nail olmaq istəyirlər! Milli iqtidarın amilləri var; onlardan ən mühümləri sırasında ön yerdə xalqın hiss və emosiyaları, xalqın və dövlətin mənafeyinə yönəlmiş ictimai rəy durur. Ölkəmizdə ictimai fikir bundan ibarətdir, İslam Respublikasını bundan məhrum etmək istəyirlər.
Bizim milli iqtidarımızın göstəricilərindən biri də elə regiondakı iştirakımızdır; onlar bunu dönə-dönə təkrarladıqlarına görə mən də bunu xüsusi olaraq qeyd edirəm; İslam Respublikasının regiondakı qüdrətli iştirakı bizim milli iqtidarımızın göstəricilərindən biridir; bu, xalqımızı başqalarına güclü, qüdrətli göstərir və bu elə həqiqətən də, belədir. Bunu aradan götürmək istəyirlər. Avropa ölkələrindən hansınınsa prezidenti (6) deyir ki (Amerikalılara gəlincə, onlar bizimlə danışıqlar aparmağın adını belə tutmağa cürət etmirlər), “Biz İranın regiondakı iştirakını müzakirə etmək istəyirik”; xeyr, biz sizin bu regiondakı iştirakınızı müzakirə etmək istəyirik. Siz nəyə görə bu regionda iştirak etmək istəyirsiniz? Milli iqtidarın göstəricilərindən biri budur; İslam Respublikasını bundan məhrum etmək istəyirlər.
Milli iqtidarın göstəricilərindən bir başqası isə ölkənin müdafiə imkanlarıdır; bunu da İslam Respublikasından almaq niyyətindədirlər. Raket məsələsi ətrafında, gördüyünüz kimi, bu qədər hay-küy, qalmaqal yaratmalarında məqsəd də elə budur. Bir xalqın uzaq məsafədən ona raket atan birinə uyğun şəkildə cavab verə bilməyi iqtidar nişanəsidir. Bu gün İslam Respublikası bu iqtidara sahibdir, onlar isə bunu istəmir; milli iqtidarımızın amillərini bizdən almaq istəyirlər.
Milli iqtidarımızın ən önəmli amillərindən biri də bizim mömin gənclərimizdir; gənclərimizi bu imandan məhrum etmək niyyətindədirlər. Nüvə, nanotexnologiya, embriologiya sahəsində, digər elm sahələrində hansısa elmi nailiyyəti, elmi işi başa çatdırmaq üçün yuxusuz gecələr keçirən, əziyyət çəkən məhz bu gənclərimizdir; mömin gənclərimiz, imanlı balalarımız; onların çoxunu yaxından tanıyırıq. Gəncliyimizdən bu imanı, bu stimulu almaq istəyirlər.
Yaxşı, gəlin mən bir neçə məqamı qeyd edim ki, söhbətimiz çox uzanmasın. İlk olaraq üzümü amerikalılara tutub bəzi şeyləri demək istəyirəm. Əvvəla, ey Amerika hökuməti! Bu dəfə başınız daşa dəydi; ola bilsin, yenə də təkrar edəsiniz, amma bilin ki, yenə də başınız daşa dəyəcək. İkincisi, bu bir neçə gündə bizə ziyan vurdunuz, ola bilsin, gələcəkdə də vuracaqsınız, amma bilin ki, bütün bunlara görə sizinlə hesablaşacağıq. Üçüncüsü, qoy həm Amerika dövlətinin başında duran o cənab (hərçənd üzdən heç psixoloji durumu taraz olan birinə oxşamır; (7) elə son günlərdə Amerikada da onun psixoloji problemlər yaşaması, psixoloqa, psixiatora ehtiyac duyması barədə söz-söhbət gedir; bütün bunlar bizim də qulağımıza çatır axı), həm də Amerika hökumətinin digər nümayəndələri, ətrafındakılar bunu bilsin: bu şou xarakterli axmaqlıqlar da cavabsız qalmayacaq. İslam Respublikası öz prinsip və əsasları üzərində möhkəm duracaq, onları qoruyacaq, öz xalqını, onun mənafeyini müdafiə edəcək və hegemon davranışlara təslim olmayacaq. Bu onlar haqqında; bu dediklərim amerikalılara aid idi.
Amerikalılarla oturub-durub dərdləşməyi, onlarla birləşməyi sevənlərə gəlincə, (belələri İrandan xaricdə də ola bilər, təəssüf ki, ölkənin daxilində də kimlərsə bu cür düşünə, bu fikirdə ola bilər) qoy amerikalı cənablara dediklərimi onlar da eşitsinlər, bilsinlər ki, bu xalq və bu dövlət möhkəm dayanıb, Allahın köməyi ilə, bütün problemlərini və zəif cəhətlərini aradan qaldıracaq; bu dövlət buna qadirdir və inşallah, bunu edəcək də. Bunu üzümü amerikalılara tutub deyirəm.
Özümüzün hökumət rəsmilərinə – əlbəttə ki, bu elə mənim özümə də aiddir – siyasətçilərimizə, siyasi arenada fəallıq göstərən, düşünən, yazan, danışan, hansısa addımlar atan insanlara da üzümü tutub bir şey demək istəyirəm; həm onlara, həm də hökumət rəsmilərinə; əvvəla, mən xarici düşməndən danışdım, bu dediklərim təhlil deyildi, reallığa əsaslanırdı, dəqiq informasiya idi, xəbər idi; xarici düşmən var, amma bu bizim öz nöqsanlarımızdan bixəbər oturub qalmağımıza əsas vermir. Bizim nöqsanlarımız da var; işimizdə bəzi yerlərdə müəyyən problemlər, çatışmazlıqlar, qaydasında olmayan məqamlar var; demək olmaz ki, bizim heç bir problemimiz, işimizdə heç bir nöqsanımız yoxdur, problem yaradan təkcə xarici düşməndir; yox, məsəl var, deyərlər, milçək yaranın üstünə oturar; yaranı sağaldın, yara əmələ gəlməsinə imkan verməyin. Daxildə bizim problemimiz olmasa, nə bu şəbəkələr bir təsir göstərə bilər, nə də amerikalılar bir qələt edə bilər. Biz öz problemlərimizi özümüz həll etməliyik; daxildəki problemlərimizi həll etməli, zəif cəhətlərimizi aradan qaldırmalıyıq; bizim zəif olan cəhətlərimiz var. Zülmə məruz qalanların, xüsusilə də kasıb, aztəminatlı təbəqənin haqqını müdafiə etmək bizim hamımızın borcudur; bu məsələdə hamımız diqqətli olmalıyıq. Əhalinin elə təbəqəsi var ki, rifah halı yaxşıdır, həyatın çətinlikləri onları sıxmır, amma ölkədə bir qrup insan da var ki, problem və çətinliklər onları hər tərəfdən sıxır. Biz hamımız bütün gücümüzü bu insanları sıxıntıdan qurtarmaq üçün səfərbər etməliyik; bunun üçün çalışmalıyıq.
Vurğulamaq istədiyim digər bir məqam budur ki, hakimiyyətin hər üç qolu problemləri müəyyən etməli və bircə-bircə üzərində duraraq, bütün diqqət və səylərini həmin istiqamətdə cəmləyərək onları aradan qaldırmalıdır. Problemlərin siyahısını tutsaq, misal üçün, 10-15 başlıca problem olacaq; bunları bir kağıza yazaq, iş bölgüsü aparaq, hər problemin üzərində ayrıca duraq, həlli üçün konkret vaxt ayıraq və onu aradan qaldıraq. Mən sosial bəlalarla bağlı neçə dəfə iclas keçirmişəm; artıq iki il, iki il yarımdır ki, vaxtaşırı biz burada sosial bəlalarla bağlı ölkənin əsas rəsmiləri, nazirlər, dövlət qurumlarının səlahiyyətli nümayəndələri, hakimiyyətin 3 qolunun başçıları və sairlə iclaslar keçiririk, sosial bəlalar barədə müzakirələr aparırıq, söhbət edirik. O iclaslarda mən rəsmilərə də demişəm; problemlərin hər biri ilə bağlı iş bölgüsü aparmalıdırlar. Əlbəttə, insafla demək lazımdır ki, bəzi sferalarda, həqiqətən də, yaxşı işlər görüblər, irəli də gediblər; bəzi məsələlərin üzərində diqqət və səylərini cəmləyiblər, işləyiblər, irəliləyişə də nail olublar. Ölkəmizdə həlli mümkün olmayan elə bir problem yoxdur ki, “Bunun həlli qeyri-mümkündür”, yaxud “Bu, açılmayan düyündür”– deyək; bizdə belə bir şey yoxdur; qoy bunu hamı bilsin. Bütün bu düyünlər açıla, problemlər həll oluna bilər, intəhası özümüzü bir qədər daha hazırlıqlı vəziyyətə gətirməli, hər an işə keçməyə hazır olmalı, daha çox və daha dəqiq işləməliyik.
Sonrakı məqam isə budur ki, hamı əl-ələ verməlidir; ölkə rəsmiləri hamısı bir olmalıdır. Düzdür, hər bir dövlət qurumunun cavabdeh olduğu konkret bir sahə var ki, başqalarının həmin sahəyə aidiyyəti yoxdur; bunu bilirik. Parlament, ədliyyə sistemi, hökumət kabineti, habelə digər qurumların hər birinin məsuliyyət daşıdığı müəyyən bir sfera var və digər qurumların o sfera ilə əlaqəsi yoxdur, o sahəyə görə onlardan sorğu-sual olunmur; lakin bu, normal halda belə olur. Düşmənin – tərs, inadkar düşmənin sizi təhdid etdiyini, ölkə daxilində törətdiyi əməllərlə problemlər yaratdığını görürsünüzsə, hamınız əl-ələ verməli, çiyin-çiyinə durmalısınız. Mən bunu hamıya deyirəm; həm ölkə rəsmilərinə, həm də siyasətçilərə. Hamı bir-biri ilə əməkdaşlıq etsin, çalışsınlar, səylərini bir istiqamətə yönəltsinlər, bir-birini təhlil etməsinlər. Belə olmasın ki, biri bir söz deyib o birini təhlil etsin, o biri də cavab olaraq, onu təhlil etsin. Güc və imkanlarını birləşdirib çalışsınlar! Dövlət birdir; İslam Respublikası vahid bir dövlətdir. Bəli, hər bir qurumun ayrıca vəzifəsi var, amma dövlət birdir; icraedici hakimiyyət də o dövlətindir, məhkəmə hakimiyyəti də o dövlətindir, qanunverici hakimiyyət də o dövlətindir, Silahlı Qüvvələr də o dövlətindir, polis də o dövlətindir, elmi mərkəzlər də o dövlətindir; hamısı birlikdədir.
Növbəti məqam: hamı qanunu meyar bilməlidir; bizə ziyan verən, zərbə vuran qanunsuzluq olur. 1388-ci ildə gördünüz; o zaman ölkə nəyə görə o ziyanı çəkdi? 1388-ci ildə ölkəyə həm maddi ziyan dəydi, həm də beynəlxalq nüfuzumuza xələl gəldi. Səbəb nə idi? Qanunsuzluq! Onlara dedik ki, gəlin qanuna müvafiq şəkildə hərəkət edin; qanun ortadadır. Deyirsiniz ki, seçkidə saxtalaşdırma olub, lap yaxşı, qanunda açıq-aydın göstərilib ki, seçkiyə irad olan yerdə necə hərəkət etmək, məsələni hansı şəkildə yoluna qoymaq lazımdır; gəlin ona uyğun da hərəkət edək. Amma etmədilər, qanuna boyun əymədilər, qanunsuzluq etdilər, axırını da gördünüz; problem yaratdılar. Ölkə üçün problem yaratdılar, özləri üçün problem yaratdılar, camaat üçün problem yaratdılar; 7-8 ay boyunca ardı-arası kəsilmədən asayişi pozaraq cürbəcür problemlər törətdilər. Bunların hamısının səbəbi qanuna tabe olmamaqdır. Mənim müxtəlif qurumlara tövsiyəm, israrım, tələbim budur ki, hamısı qanuna tabe olsunlar.
Vurğulamaq istədiyim digər bir məqam budur ki, tənqid yaxşı işdir, lazımlı işdir, çatışmayan məqamları qeyd etmək yaxşıdır, lazımdır, amma bunları edərkən, necə deyərlər, qarışqadan fil düzəltmək lazım deyil. Ölkəmizdə icraedici hakimiyyətin tərkibində bir neçə min rəhbər vəzifəli şəxs var; bu bir neçə min insanın içərisindən, misal üçün, 10-12 nəfəri rüşvətxor ola bilər. Bunu böyüdüb, şişirdib, rəhbər vəzifədə olan bütün insanlara şamil etsək, o zaman bunu bizim ağzımızdan eşidən gənclərimizin inciməyə, bu problemin bütün rəhbər kadrlarda olduğunu düşünməyə haqqı var. Halbuki belə deyil! İcraedici hökumətdə təmsil olunan yüzlərlə, minlərlə məmur içərisində bir neçə nəfər yaramaz adam ola bilər. Ədliyyə sistemində də eynilə; məhkəmələrdə bir bu qədər şərəfli, zəhmətkeş hakim çalışır, bəli, əlbəttə ki, bir neçə nəfər nanəcib də var; bilirik. Həmişə olub, bu gün də var, belələrinə qarşı mübarizə də aparılır. Belə yaramaz insanlara qarşı icraedici hakimiyyətdə də, ədliyyə sistemində də, parlamentdə də qəti şəkildə mübarizə aparılması, lazımi ölçü götürülməsi qəti surətdə nəzərdə tutulub. İndi tutalım ki, 200-300 parlament nümayəndəsi arasından bir-ikisi öhdəsinə düşən vəzifələrə əməl etmir, yaxud başqa hansısa hərəkətlərə yol verir. Bunu hamıya şamil etmək olmaz. Odur ki nöqsanları qeyd edəndə, tənqid edəndə insaflı olmalıyıq; məsələləri şişirtmək, birinin eybini hamıya şamil etmək, bərbad vəziyyət təsəvvürü yaratmaq, bayaq dediyim kimi, qarışqadan fil düzəltmək lazım deyil.
Ölkə rəsmiləri məşğulluq və istehsal məsələlərinə önəm verməlidirlər; cari ili “Daxili istehsal və məşğulluq ili” elan etmişik; bunlar açar məsələlərdir. Mən bu məqamı daha çox icraedici rəsmilərə xitabən qeyd edirəm; əlbəttə, qalan rəsmilər də bu işdə rol oynaya bilər. Mən idxalla bağlı problemləri məhkəmə hakimiyyətinin möhtərəm rəsmilərinə dəfələrlə demişəm. Bəziləri mənim müəyyən nöqsanları qeyd etməməyimdən gileylənirlər; xeyr, mən nöqsanları dönə-dönə vurğulayıram. Sizin görüb-eşitdikləriniz, aşkarda dediklərim xüsusi iclaslarda rəsmilərə bildirdiyim irad və nöqsanların heç onda biri də deyil. Bir qayda olaraq mən iradlarımın, tələblərimin, xəbərdarlıqlarımın çoxunu hökumət iclaslarında bildirirəm. Məsələlərdən də xəbərdaram; bəzi adamlar mənim müəyyən məsələlər barədə məlumatım olmadığını deyirlər; xalqın məlumatlı olduğu əsas, ümumi sosial məsələlər barədə mənim on qat artıq məlumatım olmalıdır və əlhəmdulillah, elə var da. Müxtəlif yerlərdən – istər əhalidən, istər hökumətdən, rəsmi və qeyri-rəsmi yollarla – mənə çoxsaylı məlumatlar çatır; baxırıq, nə baş verdiyini anlayırıq, problemlərdən xəbərimiz var. Mənim əsas istədiyim odur ki, bu açar məqamlara diqqət və önəm verilsin. Məşğulluq məsələsi də bunların sırasındadır; məşğulluq təmin olunduğu təqdirdə bu sosial bəlaların bir çoxu aradan qalxacaq. O neqativ halların əksəriyyəti gənclərin işsizliyindən qaynaqlanır. Əgər yeni iş yerlərinin açılmasını istəyiriksə, istehsala önəm verməli, daxili istehsalı düzgün metodlar, dəqiq siyasətlər əsasında inkişaf etdirməliyik. Hesabsız-kitabsız pul səpələməklə heç yerə gedib çıxa bilməyəcəyik; haqq-hesab aparmaq, dəqiq iş görmək lazımdır. Allaha şükürlər olsun ki, icraedici hakimiyyətdə təmsil olunan komanda bu məsələni izləyir, işsizliyin aradan qaldırılması üçün tədbirlər görür, inşallah, biz də əlimizdən gəldiyi qədər onlara kömək edəcəyik; inşallah, istənilən nəticəni əldə edərlər.
Digər bir məqam budur ki, o olaylarda bizim təhlükəsizlik qüvvələrimizin, polisimizin, Bəsicimizin, Keşikçi Korpusumuzun rəsmiləri öhdələrinə düşən vəzifələri yerinə yetirdilər, özü də çox yüksək səviyyədə yerinə yetirdilər, ölkənin yüksək çinli rəsmiləri onlara təşəkkür etdilər, mən də öz növbəmdə onlara öz təşəkkürümü bildirirəm; intəhası bir şeyə diqqət yetirmək lazımdır: sosial şəbəkədə həyəcan və emosiyaya qapılaraq hansısa hərəkəti edən, yaxud hansısa sözü deyən bir gənc və ya yeniyetmə ilə, təşkilatlanmış qurumlarla əlaqəli olan, onların əlaltılarından olan bir insan fərqlidir; bu ikisini bir tutmaq olmaz. Əlbəttə ki, bəzən tələbələrin də adı çəkilir; tələbə, yaxud qeyri-tələbə, fərqi yoxdur. Allaha şükürlər olsun ki, bizim universitetlərimizdə çox yaxşı və sağlam bir atmosfer hökm sürür. Bu gün bizim təhsillə, elmi tədqiqatla, işlə məşğul olan milyonlarla tələbəmiz var, bu günə qədər universitetlərimizin heç bir problemi olmayıb. İndi ola bilsin ki, bir neçə tələbə gəlib bu olaylara baş qoşub; əbəs yerə tələbələri ittiham etmək lazım deyil. Kiminsə, doğrudan da, günahı varsa, din tələbəsi, universitet tələbəsi, əmmaməli, əmmaməsiz, savadlı, savadsız – fərqi yoxdur. Amma rəsmilər, qeyd etdiyim kimi, misal üçün, internet məkanından aldığı həyəcan və emosiyaların təsiri ilə hansısa addımı atmış, yaxud nə isə demiş insanlarla Amerikaya işləyən şəbəkələrlə, münafiqlərlə əlaqəli olan insanlar arasında fərq qoymalıdırlar; bu ikisi eyni deyil. Bu da bir məqam. Birinciləri maarifləndirmək, onlarla söhbət aparmaq lazımdır; adam öldürənlər, Dorudda, Tuysərkanda, Xomeynişəhrdə qətllər törədənlər, təxribatlar edənlər isə başqadır; bu ikisi bir deyil. Rəsmilərə demək istədiklərim də bu qədər.
Əziz xalqımıza da bir neçə cümlə demək istəyirəm; əlbəttə, bura qədər dediklərimin hamısı camaatımıza da ünvanlanırdı; xalqımıza demək istəyirəm ki, Allah sizdən razı olsun! Çox yaxşı davrandınız; çox yaxşı davrandınız. Bu illər ərzində hansı məqamda ölkənin ehtiyacı olubsa, dərhal işə keçmisiniz. Minnətsiz, xahiş-çağırış gözləmədən, uzaqgörənliklə meydanlara çıxmısınız. Əziz xalqımız çox gözəl bir hərəkat həyata keçirib. İnşallah, Allah-taala bu xalqa öz mənəvi dəstəyini, lütf və rəhmətini nazil etsin. Sinənizi sipər etmisiniz, bu ölkəni siz qurtarmısınız; İran xalqı qurtarıb; həm Müqəddəs Müdafiədə, həm siyasi arenada, həm də elmdə. Elmi də inkişaf etdirən sizin cavanlarınız olub. Bayaq qeyd etdiyim kimi, elmi inkişafın əldə olunduğu o mərkəzlərdə elmi işlərlə məşğul olan gənclərin çoxu bu camaatın uşaqlarıdır, hamısı bu xalqın balalarıdır, sizin övladlarınızdır. Sizin iştirakınız ölkəmizə nüfuz qazandırıb. Harada xalqın iştirakı lazım olursa – istər 22 bəhmən olsun, istər Qüds günü olsun, istər 9 dey hadisəsi kimi olaylar olsun – camaat o dəqiqə hazır olur. Siz ölkənin başını uca etmisiniz. Seçkilərdə, yürüşlərdə, xalqın iştirakı lazım olan hər yerdə xalq öz təsirini göstərməyi bacarıb. Bu ölkənin nüfuzunu qoruyan siz olmusunuz.
Diqqət etmək lazımdır ki, bu gün düşmənlərimizin ən çox önəm verdiyi tədbirlərdən biri şayiə yaymaqdır. Qeyd etdiyim kimi, ictimai rəy milli iqtidarın qaynağıdır. İctimai rəyi dəyişmək üçün nə edirlər? Yalan yayırlar; şayiə buraxırlar. Əvvəla, düşmənin buraxdığı şayiələrin genişlənməsinə şərait yaratmayın; kimdənsə eşitdiyin əsassız bir sözü gedib 5-6 yerdə danışmaq lazım deyil, çünki düşmən də elə bunu istəyir; odur ki gəlin bunu etməyək; düşmənin yaydığı şayiələri təkrarlamayaq. İkincisi isə, şayiələrə inanmayaq; doğru-dürüst sübutu, ağlabatan, məntiqli mahiyyəti olmayınca düşmənin sözünə inanmaq olmaz.
Bir də: hamı bilməlidir ki, ölkənin yüksək vəzifəli rəsmiləri işləyirlər. Rəsmilərin işləməyib yatdığını düşünməyimiz yanlışdır; belə deyil, onlar işləyirlər; mən özüm bunun yaxından şahidiyəm, görürəm. Ölkənin yüksək çinli rəsmiləri güc və imkanları çatan qədər işləyirlər; əlbəttə, müəyyən yerlərdə qüsurlar var, bəzi nöqsanlar onların təqsiri ucbatındandır (bunları inkar etmirik; mənim özümün də həm qüsurlarım, həm də təqsirli olduğum məqamlar var; Allah bağışlasın), lakin rəsmilər işləyirlər, çalışırlar. “Xeyri yoxdur, heç bir iş görə bilmirlər, heç nə eləmək mümkün deyil, işləri hər yerdə daşa dirənib” – deyə yayılan şayiələr doğru deyil; məsələ belə deyil; bəzi problemlər həll olunmaqdadır, bəzi problemlərin həlli mümkündür, bəzilərinin həlli üçün zaman tələb olunur; bunlara diqqət yetirmək lazımdır. Bir çox problemlərə kənardan baxanda həlli adama asan gəlir, amma yaxınlaşanda görürsən ki, o qədər də asan deyilmiş. Yadımdadır, İmam Xomeyni (r.ə) həyatda olan zaman bəziləri onun yanına gəlib, misal üçün, hansısa dövlət rəsmisindən (mən o vaxt prezident idim; məndən, baş nazirdən, yaxud hansısa başqa nazirdən) şikayət edirdilər ki, tutalım, “bunlar filan işi görməli idilər, görməyiblər” və sair. İmam o adamı dinləyirdi, sözünü bitirəndən sonra deyirdi ki, bütöv bir ölkəni idarə etmək çətindir; doğrudan da, elə o cürdür. Çətindir, çətin bir işdir, asan deyil; çalışıb-vuruşmaq lazımdır, təşəbbüs göstərmək lazımdır, günün tələbləri ilə ayaqlaşa bilməlisən, fiziki hazırlıq lazımdır, psixoloji hazırlıq lazımdır. Ölkəmizin yüksək çinli rəsmilərinin, demək olar ki, hamısı müstəqim, yaxud qeyri-müstəqim surətdə elə xalqın özü tərəfindən seçilib vəzifəyə gəlmiş insanlardır, işləyirlər də; kömək etmək lazımdır; rəsmilərin yaxşı işlər həyata keçirə bilməsi üçün hamı onlara kömək etməlidir.
Əlbəttə, mən öz qeydlərimi bildirirəm – bayaq da dedim, rəsmilərə aşkarda bildirdiyim iradlar xüsusi iclaslarda dediklərimin heç onda biri də deyil; bəzən xəbərdarlıq edirəm, bəzən dalaşıram; bir qayda olaraq, cürbəcür məsələlərə toxunuram – intəhası dediyim kimi, güc və imkanları çatan qədər. Mən bunu hamıya deyirəm: mən dinə əsaslanan xalq hakimiyyətini tam səmimiyyətimlə qəbul edirəm; biz dinə əsaslanan xalq hakimiyyətini, həqiqətən də, qəbul edirik. Mən bu xalqın seçdiyi istənilən adamı ölkə başçısı, ölkə rəsmisi kimi qəbul edir, ona kömək etməyi lazım bilir və öz vəzifəm hesab edirəm. Mənim bütün administrasiyalara münasibətim belə olub, hazırkı administrasiyaya da bu cürdür. Mən bütün administrasiyalara kömək etmişəm. Əlbəttə ki, mən onların işinin xırdalıqlarına, özəl səlahiyyətlərinə müdaxilə etmirəm, amma öz köməyimi edirəm. Mən bütün administrasiyalara kömək etmişəm, hazırkı dövlətdə təmsil olunan möhtərəm rəsmilərimizə də kömək edirəm.
Mən bu ölkənin gələciyinə çox böyük ümidlərlə yanaşır, üfüqlərimizin aydın olduğunu düşünürəm. Mən bilirəm ki, Allah-taala bu xalqı ən yüksək məqamlara çatdırmaq istəyir və siz də bilin ki, inşallah, İran xalqı İslam dininin, İslam dövlətinin bərəkəti sayəsində, layiq olduğu ən ali dərəcələrə yetişəcək, düşmənin məkrli planlarının, təxribatlarının, hücumlarının, zərbələrinin ona heç bir təsiri olmayacaq və düşmən sözün əsl mənasında heç bir qələt edə bilməyəcək.
Allahın salamı və rəhməti nəsibiniz olsun.
________________________
(1) 07.10.1396
(2) Zaldakı insanlar gülür
(3) Zaldakı insanlar gülür.
(4) Zaldakı insanlar gülür.
(5) Zaldakı insanlar gülür.
(6) Fransa prezidenti Emmanuel Makron
(7) Zaldakı insanlar gülür.