Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
Teoloji mərkəzlərin şəhid olmuş alim, tələbə və ruhanilərinə həsr olunan tədbirlərə, bu mövzuda aparılan söhbətlərə müxtəlif aspektlərdən yanaşsaq, onların böyük önəm və məna kəsb etdiyini görərik. O cümlədən qeyd etmək olar ki, bu, simvolik bir məsələdir; teoloji mərkəzlərdən – istər bu, Qum teoloji mərkəzi olsun, istərsə də ölkənin dörd bir yanındakı digər mərkəzlər – şəhidlərin olması, özü də kifayət qədər çox sayda şəhidlərin olması simvolik bir məna kəsb edir. Habelə bunun digər çox önəmli bir mənası da var. Belə ki adətən şəhid olan kimlər olur? Mübarizə və cihad meydanında olanlar! Cihad meydanında, düşmənlə – dinin, müstəqilliyin, ölkənin düşmənləri ilə mübarizə meydanında olmayan biri öz evinin içində, tutalım lap evə girmiş bir oğru tərəfindən tamah məqsədilə qətlə yetirilsə belə, şəhidlik rütbəsi ona aid edilmir. Şəhidlik cihadın vacib elementlərindən biridir; yalnız cihad etmiş, mücahidə yolunda qətlə yetirilmiş şəxs şəhid sayılır! Bu o deməkdir ki, ruhanilər cihad və mübarizə meydanında çox geniş və ciddi şəkildə iştirak etmişlər; bu, çox önəmli bir mövzudur. Biz ruhani ictimaiyyətinin zaman-zaman düçar olduğumuz bəlalardan biri də dinə, ölkənin suverenliyinə düşmən olanlara, xarici düşmənlərə, istibdadçı və müstəmləkəçilərə qarşı mübarizədən uzaq düşməyimiz olub. Müəyyən mərhələlərdə bizdə, həqiqətən də, bu problem olub və bu problem bizə, ruhani ictimaiyyətinə zərbə vurub. Ruhanilərimiz mübarizə meydanına daxil olub, dinin, İslamın düşmənləri qarşısında sinəsini sipər edərək müqavimət göstərib, bu yolda həqiqətən mübarizə aparıb, cihad edib, zərər çəkib qətlə yetirildikləri zaman isə həmişə başları uca olub. Müxtəlif dövrlərdə bizdə bu cür ruhanilərə rast gəlinib, amma son dövrdə – yəni bizim zəmanəmizdə, inqilab dövründə – Allaha şükürlər olsun ki, bu meydanın əhatə dairəsi çox geniş olub, bir çox insanlar bu meydana daxil olub, dahi liderimiz İmam Xomeyninin Allahın köməyi, istiqamətləndirməsi, eləcə də bu xalqın dəstəyi ilə həyata keçirdiyi möhtəşəm hərəkatın bərəkəti sayəsində ruhanilərimiz, həqiqətən də, mübarizə meydanında fəal iştirak edib.
Və bir şeyi də qəti və danılmaz olaraq qəbul etmək lazımdır ki, əgər son mübarizə proseslərində, yəni İslam İnqilabı və İslam Respublikasının təşkili ilə nəticələnmiş mübarizə hərəkatında ruhanilər iştirak etməsəydi, bu hadisələr heç vaxt baş verməyəcəkdi. Yəni heç bir partiya, heç bir kollektiv, heç bir ziyalı qrupu – istər bu, siyasi partiyalar olsun, istərsə də könüllü dəstələr – bu ölkədə şah diktaturasını yıxmağa, ölkədə qədimdən bəri ağalıq edən istismara son qoymağa, buna şərait yaradan zəmini büsbütün məhv edib aradan qaldırmağa qadir deyildi. Əgər ruhanilər meydana daxil olmasaydı, belə bir şeyin baş verməsi mümkün deyildi. İşi görən xalq oldu, amma xalqın iştirakı ruhanilərin iştirakından qaynaqlanırdı. Ruhanilər olmasaydı, xalq həmin proseslərdə o səviyyədə, o qədər geniş həcmdə və o ciddiyyətlə iştirak etməyəcəkdi. Ruhanilər olmasaydı, bu mübarizənin, bu hərəkatın dini aspekti gizli qalacaq, ön plana keçməyəcəkdi. Hərəkatın dini aspekti önə çıxmadığı zaman isə bu qədər şəhid, Allah yolunda döyüşərək ölmüş bu qədər ixlaslı insan, övladlarını bir dəstə gül kimi böyüdərək gənc yaşına çatdırıb sonra da müharibəyə göndərmiş, onların şəhadətinə dözmüş bu qədər fədakar ata-analar olmaz, bütün bu şeylər gerçəkləşməzdi. Odur ki ruhanilərin mübarizə meydanında iştirakı son dərəcə əhəmiyyətli bir tarixi təzahürdür və bu şəhadətlər də o iştirakın nişanəsidir. Deməli, şəhidliyin özü bir dəyərdir, onun ruhaniliklə, elm və din sahəsində göstərilən fəaliyyətlə üst-üstə düşməsi isə ikiqat dəyərdir. Cəbhəyə yollanmış din tələbələrinin qəlbindəki ixlas da bir çox başqa gənclərin ixlası kimi bir dəyərdir, bu, öz yerində, lakin ümumilikdə ruhani ictimaiyyətinin, ruhanilərin şəhid olmasının özünəməxsus cəhəti həmin o simvolik məna daşıma aspektidir; yəni bu, ruhanilərin mücahidə və mübarizədə iştirak etdiyini göstərir. Bu iştirak çox önəmlidir; Allah-taala bu yolda ilk olaraq addım atmış böyük şəxsiyyətlərə rəhmət etsin.
Özünün dəyərli ictimai fikirləri ilə seçilən ziyalı ruhanilərdən biri də mərhum Əllamə Təbatəbayi idi (Allah ona Behişti nəsib etsin!); Əllamənin şəxsiyyətindəki bu qabarıq xüsusiyyəti onun “Əl-mizan” təfsirində kifayət qədər aydın sezmək mümkündür, lakin o, mübarizə meydanlarında olmamış, iştirak etməmişdir. Bir vaxtlar onunla söhbətimizdə (ikilikdə görüşümüz zamanı) deyirdi ki, biz ruhanilər, heç şübhəsiz, keçmişdə böyük bir təqsirə (ya “təqsir” deyirdi, ya “günah”) yol vermişik; düzdür, onun dedikləri detalları ilə yadımda deyil, hansı sözləri işlətdiyini dəqiq xatırlamıram, amma məzmun bu idi. O, özü bunu qəbul edir, təsdiqləyirdi ki, keçmişdə biz ruhanilərin belə bir nöqsanı olub; halbuki biz o dövrdə yaşamamışdıq. Ruhanilər inqilabi ideyaların daşıyıcısı olanda, mübarizə aparanda, cihada hazır olanda, düşməni tanıyanda, onun hiyləgər planlarını müəyyənləşdirməyi bacaranda, özlərini bu kimi şeylərlə mübarizəyə hazırlayanda öz gerçək mövqe və statuslarına, həqiqətən də, yaxınlaşmış və ya yetişmiş olurlar. Və təbii ki, bunda insan üçün bir təhlükə, bir ziyan var; bunun maddi ziyanları var; o cümlədən insan bu yolda öldürülə də bilir, qanı da axıdılır ki, bunun özü Allah-taala yanında ən yüksək rütbə və məqamdır. Allah-taala şəhidliyi də hər kəsə nəsib etmir. Hər halda, bu əziz insanların şəhadəti yüksək dəyərə malikdir və onların xatirəsini anmaq çox yaxşı və yerində görülən bir işdir.
Əlbəttə, çalışmaq lazımdır ki, ruhanilərin şəhadəti ilə başqa insanların şəhadəti arasında fərq qoyulmasın. Necə olursa-olsun, Allah yolunda canından keçmiş hər kəs şəhiddir; istər din tələbəsi olsun, istər əmmaməli olsun, istər əmmaməsiz olsun – hamısı Haqq yolunun şəhidləridir, Allah dərgahında diri sayılırlar:
اَحیآءٌ عِندَ رَبِّهِم یُرزَقون
“Əsl həqiqətdə onlar diridirlər”. (“Ali-İmran” surəsi, 169-cu ayədən)
Biz şəhidlərin uca məqamına həsrət və qibtə ilə baxmalı, bunu özümüz üçün də arzulamalıyıq; onların dəyəri bu sözlərdən daha yüksəkdir. Lakin hər halda, şəhid olmuş ruhanilərlə bağlı ayrıca işlər görmək olar.
Əlhəmdulillah, o şəhadətlər, o fədakarlıqlar sayəsində mübarizə və mücahidə ideyası da genişlənmiş, rəvac tapmışdır; həm bizim ölkəmiz daxilində, həm də bütövlükdə müsəlmanlar arasında. Baxın, bu gün bütün İslam dünyasında mübarizə ruhu, cihad ruhu, şəhidliyə hazırlıq psixologiyası bu və ya digər şəkildə yayılıb; bəzi yerlərdə daha güclü, bəzilərində isə daha zəif formada. Buna misal olaraq elə hər il baş tutan möhtəşəm Ərbəin yürüşünü qeyd etmək olar; bu, həqiqətən də, bir fenomendir, ilahi, mənəvi bir təzahürdür. Bunu sözlə təsvir etmək mümkün deyil; eyni zamanda mühüm ilahi təzahürlərin əksəriyyəti kimi, bunu da heç şərh etmək də olmur; yəni bu hadisəni analiz etmək mümkün deyil. Milyonlarla insandan ibarət bir kütlə yola düşüb bu şəkildə yürüş edir, bu şey bir neçə il ardıcıl olaraq baş verir, gerçəkləşir! Bəli, keçmişdə də yürüşlər olub, amma belə bir şeyə rast gəlinməyib! Müxtəlif günlərdə, Ərbəində və ya qeyri vaxtlarda (xüsusilə də Ərbəində və bəzi digər günlərdə) tələbələrin Nəcəfdən və İraqın müxtəlif yerlərindən Kərbəlaya doğru hərəkət etdiyi barədə bizdə məlumatlar var idi; həmin yürüşlərdə də heç də az insan iştirak etmirdi. Amma dünyanın müxtəlif yerlərindən gəlmiş milyonlarla insanın (elə bir neçə milyon iranlı olur, milyonlarla da insan İraqdan və digər ölkələrdən gəlir) bu cür nəhəng bir kütlə halında, özü də həmişə mövcud olmuş və günümüzdə də aktual olan terror hücumları təhlükəsinə baxmayaraq, bu cür möhtəşəm bir şəkildə irəliləməsi fövqəladə dərəcədə əzəmətli bir təzahürdür; çox böyük önəm kəsb edir. Bu, Allah yolunda, İslam dini yolunda mübarizə təfəkkürünün, bu yolda hamılıqla iştiraka hazırlığın pik həddə çatmasının göstəricisidir. Və ümidvaram ki, Allah-taala bu hərəkatlara, bu insanlara bərəkət verəcək.
Ərbəin yürüşündən söz düşmüşkən, mən bu il həmin yürüşdə iştirak etmiş bütün insanlara ziyarətlərinin qəbul olmasını arzu edir və öz təşəkkürümü bildirirəm. Həmçinin belə bir hərəkatın reallaşması üçün lazımi şəraiti yaradan İraq hökumətinə də təşəkkür etməyi lazım bilirəm. Həmin günlərdə – bir həftə və ya daha artıq davam edən o yürüş müddətində – yürüşçüləri, Əba Əbdillahın (ə) zəvvarlarını o cür ixlas və sevinclə qarşılayıb yola salmağı özünə borc bilən sadə iraqlılara da səmimi-qəlbdən təşəkkür edir, onlara bu əməllərinə görə Allahdan axirət mükafatı diləyirəm. Mübariz İraq gənclərinə, “Həşdüş-şəbi” qüvvələrinə və bu mərasimin təhlükəsizliyini təmin etməkdə zəhməti olan, zəvvarların bu yürüşü təhlükəsiz bir şəraitdə başa vurmasına nail olan hər kəsə təşəkkür etməyi özümə borc bilirəm. Həmçinin müqəddəs Nəcəf ziyarətgahının, Kərbəlada yerləşən Həzrət Əba Əbdillah (ə) və Həzrət Əbəlfəzl (ə) ziyarətgahlarının rəsmilərinə də camaat üçün yaratdıqları şəraitə görə təşəkkür edirəm. Ümidvaram, Allah-taala həm bu əzəmətli hərəkata, həm də onun bütün təşkilatçılarına Öz lütf və bərəkətini inayət edəcək, bu işi, inşallah, ən yüksək səviyyədə davam etdirə bilmələri üçün Özü onlara dəstək və yardımçı olacaq. Ümidvaram, sizin bu tədbiriniz də dolğun məzmunlu, faydalı bir tədbir olacaq və Allah-taala sizin bu işinizə də bərəkət verəcək, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.