Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین و علی صحبه المکرّمین و من تبعهم باحسان الی یوم الدّین
Əziz qardaşlar, əziz bacılar, il boyu xalq arasında aparılan genişmiqyaslı təbliğat hərəkatına rəhbərlik edən vəzifəli şəxslər, habelə İslami Təbliğatın Koordinasiyası Şurasına bu böyük işləri həyata keçirməkdə kömək edən digər qurumların rəsmiləri, çox xoş gəlmisiniz. Həzrət İmam Əskərinin (ə) bu günə təsadüf edən mövludu münasibətilə hamınızı təbrik edirəm, həmçinin 9 dey günü ərəfəsində olduğumuza görə, xalqımızın bu möhtəşəm hərəkatını da böyük ehtiramla təqdir edirəm. Ümidvaram, Allah-taala bu xalq hərəkatını və ondan doğan saysız-hesabsız bərəkətli nəticələri qəbul edərək öz lütf və rəhmətinə layiq görəcək.
İslami Təbliğatın Koordinasiyası Şurasının mühüm vəzifəsi təbliğatdır. Dini təbliğatın kökü Qurana dayanır; bu bizim özümüzdən kəşf etdiyimiz və ya dünyada kimdənsə görüb-götürdüyümüz bir məsələ deyil. Allah-taala mübarək “Əhzab” surəsində buyurur:
اَلَّذینَ یُبَلِّغُونَ رِسالٰتِ اللهِ وَیَخشَونَهُ وَ لا یَخشَونَ اَحَدًا اِلَّا اللَهَ وَ کَفَیٰ بِاللهِ حَسیبًا
“O kəslər ki, Allahın hökmlərini təbliğ edər, (bu işi tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir”. (“Əhzab” surəsi, 39-cu ayədən)
Həmçinin mübarək “Maidə” surəsində buyurulur:
یٰاَیُّهَا الرَّسُولُ بَلِّغ ما اُنزِلَ اِلَیکَ مِن رَبِّک
“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et”. (“Maidə” surəsi, 67-ci ayədən)
Uca Yaradan öz peyğəmbərinə təbliğ etmək barədə tapşırıq verir. Qurani-Kərimin ayələrində təbliğ məsələsi peyğəmbərlərin dilindən dəfələrlə qeyd olunmuşdur:
اُبَلِّغُکُم رِسَالٰتِ رَبّی وَ اَنصَحُ لَکُم
“Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm”. (“Əraf” surəsi, 62-ci ayədən)
“Təbliğ” sözünün mənası nədir? Çatdırmaq. Nəyi çatdırmaq? Hər hansı bir doğru mesajı, haqq sözü; islami təbliğatın mənası budur; intəhası bu təbliğin şərti odur ki, sədaqətlə, səmimi surətdə, mühüm bir əmanət kimi qorunaraq, məsuliyyətlə həyata keçirilsin; təbliğ bu deməkdir; sizin gördüyünüz əzəmətli işin mənası, əslində, budur. Maddiyyatçı hökumət quruluşlarında da – əksəriyyət etibarilə Qərbdə – təbliğat var; necə deyərlər, “propaqanda”; amma bu ikisi biri-birindən köklü, prinsipial şəkildə fərqlənir. Propaqanda ictimai rəyi kontrol altında saxlamaq üçündür, iqtidar, mənfəət və pul əldə etmək məqsədi güdür. İnsafla demək lazımdır ki, qərblilər bu sahədə kifayət qədər peşəkardır, bu işə yaxşı bələddirlər; Qərb anlamında təbliğatın – Qərbə xas propaqandanın ustasıdırlar; bundan pul çıxarır, bu yolla hakimiyyətə gəlirlər. Bunu necə edirlər? İctimai rəyi kontrolda saxlamaqla. İslami təbliğatın qarşısında duran məsələ isə bu deyil. İslami təbliğatın mahiyyəti xalqla qarşılıqlı anlaşma əldə etməkdən ibarətdir; burada söhbət kontrol altında saxlamaqdan yox, anlaşmaqdan, beyinləri ali bir hədəfə doğru istiqamətləndirməkdən, bir-birinə yaxınlaşdırmaqdan gedir. Bu qarşılıqlı anlaşmanın cəmiyyətə təsiri necə olur? Bunun nəticəsində insanlar özləri özlərində bir məsuliyyət hiss edərək əsas və xeyirli işlərə yönəlir; bu belədir. İslami təbliğatda söhbət pul, hakimiyyət əldə etməkdən yox, cəmiyyətin üzvü olan fərdlərin özlərində məsuliyyət hiss etməsinə nail olmaqdan gedir. İnsanlar özləri öz məsuliyyətini dərk edərək işə girişir və təbii ki, bu möhtəşəm xalq hərəkatının xeyirli nəticələrindən də elə xalqın özü bəhrələnir. İslami təbliğatın mənası budur; odur ki islami təbliğat qərblilərin apardığı propaqandadan tamamilə fərqlənir. Qərbin propaqandasında ictimai rəyi yanlış yönləndirməyin, aktyorluq etməyin, yalan danışmağın heç bir problemi yoxdur, insanı nəzərdə tutulan o maddi nəticəyə çatdıra biləcək hər bir şey məqbul hesab olunur; islami təbliğatda isə əsla. İslami təbliğatda doğruculluq, əmanətdarlıq, məsuliyyət və sair bu kimi keyfiyyətlər lazımdır. Bu, təbliğ məsələsinin özü barədə.
İctimai rəy hər hansı bir məsələ ətrafında fəallaşıb kifayət qədər geniş məlumat əldə etdikdən sonra, təbii olaraq, fiziki bədənləri hərəkətə keçirir, düşüncələri işə salır, təşəbbüsləri çəkib meydana gətirir. Təbii ki, islami təbliğatda insanlar risk və fürsətlər barədə məlumatlandırılır, dost-düşmən müəyyən olunaraq hamıya tanıtdırılır; xalqa özünəinam hissi aşılanır; islami təbliğatda bütün bunlar var. Düşdükləri çətin şəraitə rəğmən, peyğəmbərlərin apardığı təbliğata baxın: Xəndək döyüşündə müsəlmanlar çox ağır bir şəraitdə xəndək qazırdılar – Mədinə sərhədlərinin önəmli bir hissəsini xəndəklə əhatə etməli idilər – ac idilər, hava çox isti idi, Həzrət Peyğəmbər (s) özü də onlarla birlikdə çalışırdı. Bir yerdə qarşılarına çox ağır bir daş parçası çıxır, nə qədər çalışırlarsa, o daşı yerindən tərpədə bilmirlər. Peyğəmbərə xəbər verirlər ki, ya Rəsulullah, burada çox ağır bir daş parçası var, heç cür tərpədə bilmirik. Həzrət özü o yerə təşrif gətirib külüngü əlinə alır, külünglə daşa çox möhkəm bir zərbə vurur; zərbə o qədər güclü olur ki, külüngdən qığılcım sıçrayır. O zaman Peyğəmbər (s) buyurur: “Mən bu qığılcımın işığında sizin Kəsra sarayını alacağınızı gördüm”. Baxın! Peyğəmbəri-Əkrəm (s) son dərəcə çətin, ağır bir şəraitdə müsəlmanları Kəsra sarayını fəth edəcəkləri ilə müjdələyir. Başqa bir zərbədə isə müsəlmanlara Rum imperatorunu məğlub edəcəklərini müjdə verir; ümid, özünəinam. Əlbəttə ki, Peyğəmbərin baxışı, onun verdiyi ümid və xəbərlər bizim kimilərinkindən yerlə göy qədər fərqlənir. O görürdü, real olaraq müşahidə edirdi, biz isə təhlil edirik. Təbliğdə ümid və özünəinam olmalıdır. Bir xalq üçün ən pis şey onun özünə olan inamını, gələcəyə ümidini itirməsidir.
Əziz qardaşlar, əziz bacılar! Bilin ki, bu gün düşmənin ən başlıca planları, həyata keçirdiyi bu genişmiqyaslı işlər hamısı İran xalqını onda olan bu özünəinamdan məhrum etməyə yönəlib. İndi mən bu məsələyə toxunacağam, bu barədə danışacağam. Bu gün düşmən apardığı yumşaq müharibədə İran xalqını ümiddən, gələcəyə inamdan məhrum etməyə çox böyük önəm verir. Bayaq qeyd etdiyim
اَلَّذینَ یُبَلِّغونَ رِسالٰتِ اللهِ وَیَخشَونَه وَ لا یَخشَونَ اَحَدًا اِلَّا الله
ayəsindən də anlaşıldığı kimi, bu təbliğin düşmənləri var. Ayədə buyurulur ki, “Allahın risalətini təbliğ edir, Allahdan qorxur, Allahdan qeyrisindən isə qorxmurlar”. Aydın məsələdir ki, Allahdan qeyriləri Onun yolunun təbliğatçılarına, Onun göndərdiklərini təbliğ edənlərə qarşı cəbhə qururlar; burada söhbət qarşıdurmadan gedir. Və ya şərif
بَلِّغ ما اُنزِلَ اِلَیکَ مِن رَّبِّکَ وَ اِن لَم تَفعَل فَما بَلَّغتَ رِسالَتَهُ وَ اللهُ یَعصِمُکَ مِنَ النّاس
ayəsində; buyurulur ki, “Allah səni qoruyacaq, düşməndən nigaran olma, narahatlıq keçirmə”; aydındır ki, Peyğəmbərin təbliğinin qarşısında bir düşmən sırası, düşmən cəbhəsi var. Əziz qardaşlar, əziz bacılar! Bu nə deməkdir? Bu o deməkdir ki, siz təbliğ edirsinizsə, İslamın təbliğini əsaslı surətdə həyata keçirirsinizsə, sizin bu fəaliyyətinizin qarşısında bir düşmən cəbhəsi yaranacaq; bunu bilməlisiniz.
Təbliğ müharibə meydanıdır. Bəzilərinin “müharibə” sözündən xoşu gəlmir; “iqtisadi müharibə”, “yumşaq müharibə”, “ideoloji müharibə” adını çəkən kimi acıqları gəlir ki, “Niyə bu qədər müharibədən danışırsınız? Sülhdən danışın!” Amma müharibə var. Düşmən bizi hədəfə aldığı halda (düşmən cəbhəsi isə artıq oxlarını üstümüzə yağdırmaq üçün bizi hədəfə alıb), bizim bundan bixəbər qalmağımız qəflət yuxusunda yatmağımız deməkdir. Əmirəlmöminin buyurur:
(2) مَن نامَ لَم یُنَم عَنه
– “Sizi səngərdə yuxu aparıbsa, o demək deyil ki, qarşı cəbhədəki düşməninizi də yuxu aparıb”. Onun gözü sizdədir, diqqətlə izləyir, sizi nə vaxt yuxu aparacağını gözləyir. “Müharibə” sözündən qorxmaq lazım deyil; düşmən hazırda müharibə vəziyyətindədir; top-tüfəngli müharibə deyil (əlbəttə ki, top-tüfəng götürüb üstümüzə hücum etmirlər, belə bir fikrə düşsələr də, qələt edərlər), amma müharibə var, yumşaq müharibə gedir, ortada top-tüfəngli müharibələrdən daha təhlükəli müharibələr var; düşmən bizimlə müharibə aparmaqdadır. Odur ki bu məqama diqqətli yanaşın: təbliğ düşmənlə qarşıdurmaya girmək deməkdir; düzgün təbliğ həqiqətin düşmənləri ilə, zülmlə, qaranlıqlarla sinə-sinəyə durmaqdır; təbliğin mənası budur; təbliğin həqiqi mahiyyəti bundan ibarətdir.
Bəli, biz artıq 40-cı ilə yaxınlaşırıq. Nəyin 40-cı ilinə? Dünyada güc balansını dəyişə bilmiş bir fenomenin 40-cı ilinə. Siz baxmayın ki, dünyada hansısa hay-küylü dövlət hələ də öz yerində durmaqdadır; bəli, biz dünyadakı bütün supergücləri aradan götürəcəyimizi iddia etmirik, bu bizim işimiz deyil (düzdür, bir gün olacaq; bu iş ilahi bir əl vasitəsilə nə vaxtsa həyata keçəcək), bizim işimiz dünyada bərqərar olunmuş güc və hakimiyyət sistemini, yəni imperializm sistemini yox etməkdir; yox etmişik də. İmperializm sistemi dünya ölkələrinin, dünya xalqlarının iki qrupa bölünməsi deməkdir: müstəmləkəçilər və müstəmləkə altında olanlar. Biz dünyada bu sistemi, bu yanlış formatı pozmuşuq. Biz göstərmişik ki, yox, dünyada nə müstəmləkəçi olan, nə də müstəmləkə altında yaşayan bir xalq da ola bilər. Elə bir xalq ki, nə özü kiminsə üzərində hegemonluq etmək niyyətində ola, nə də heç kəsin hegemonluğuna tabe olmaya. İran xalqı bunu əməli surətdə nümayiş etdirib. Doğrudur, kitablarda yazırlar, mütəfəkkirlər, siyasi analitiklər bu mövzular ətrafında danışırlar; intəhası kitab, məqalə hara, reallıq hara? Bu reallığı İslam İnqilabı meydana gətirdi. İslam İnqilabı sistemi kökündən dəyişdi.
Onlar da bu dəyişikliyin qarşısında boş-bikar oturmadılar; düşmənçiliklər ilk gündən başladı; bu günə qədər 40 ilə yaxındır. Bu 40 il ərzində növbənöv, cürbəcür düşmənçiliklər ediblər (sizlər, əlbəttə ki, bilirsiniz, amma yetişməkdə olan gənc nəsil üçün bütün bunları açıqlamaq lazımdır); müharibədən, sanksiyalardan, nalayiq ittihamlardan tutmuş ölkə daxilinə nüfuz etməyə, təhlükəsizliyi hədəfə alan məkrli planlara, mədəni işlərə, daxildə konflikt yaratmaq cəhdlərinə qədər İranda əllərindən gələn hər bir işi görmək üçün böyük məbləğdə pullarını belə əsirgəməyiblər. Amma bütün hallarda da məğlubiyyətə uğrayıblar. Artıq 40 il ötür. Əgər onların məkrli planlarının bir təsiri olsaydı, indiyə qədər İslam Respublikası 40 dəfə süqut etməli idi, necə dəyərlər, yeddi kəfən çürütməli idi. Bizim isə bu gün 40 illik iqtidarımız var. İran xalqı düşmənçiliklərin, xəbisliklərin, təzyiqlərin qarşısında 40 il müqavimət göstərərək onlara üstün gəlməyi bacarıb.
İran xalqı elə çətin etaplardan keçə bilib ki, başqa xalqlar onların heç birindən də keçə bilmirlər; özünüz müqayisə edin. İslami oyanış yadınızdadır? Müəyyən ölkələrdə xalq hərəkatları start götürdü, əzəmətli nümayişlər müşahidə olundu, xalqlar ayağa qalxıb müqavimət göstərdi, etiraz etdi, amma aqibəti necə oldu? Nə yerdə qaldı? Nə edə bildilər? Ərəb ölkələrindəki – Şimali Afrika və Qərbi Asiya regionlarındakı islami oyanış hərəkatı vətəndaş müharibəsi ilə, daxili fitnələrlə, qardaş qırğını ilə, məzhəb və etnik mənsubiyyət zəminində konfliktlərlə nəticələndi; hələ də bu bəlalardan yaxa qurtara bilməyiblər. Bu, birinci mərhələ idi. Birinci mərhələdən belə keçə bilmədilər, İran xalqı isə bütün bu mərhələlərdən qüdrət və başıucalıqla keçib.
Monarxiyanın devrilməsi, kökünün kəsilməsi balaca bir iş deyildi; bu ölkədə bu baş verib. Bu ölkədə əsrlər boyu monarxiya – xalqa məhəl qoymayan, ictimai rəyə əsaslanmayan, istədiyini edən, istədiyi qərarları verən mütləq güc və hakimiyyət hökm sürmüşdü; biz əsrlər boyu bu cür yaşamışdıq. İslam Respublikası, ümmətin İmamı, İmamın arxasında duran xalq bu hökumətin kökünü qoparıb ata bildi; bu, çox böyük bir iş idi, amma ölkədə monarxiyanın kökünün kəsilməsindən sonra baş vermiş bəzi işlər ondan da böyük və əzəmətli idi. Bu 40 il ərzində İslam dövlətinin qorunub saxlanması bilirsiniz, bu ölkəyə, bu xalqa necə böyük təzyiqlər bahasına başa gəlib? Amma bu xalq duruş gətirə bilib, dözüb. İslam İnqilabı ilə ərəb ölkələrində baş vermiş o hay-küylü qiyam və inqilablar arasında az öncə apardığımız müqayisə ibrətvericidir. Onların uğur qazananları da – misal üçün, Fransa və sairlə mübarizə nəticəsində müstəqillik əldə edə bilmiş bəzi Şimali Afrika ölkələri – bir müddət sonra elə müstəmləkəçilərin mədəniyyəti içərisində əriyib gediblər. Mən prezident olduğum dövrdə həmin ölkələrdən birinin baş naziri bura gəlmişdi (indi ad çəkmək istəmirəm), görüşümüz olmuşdu; söhbətə başladı, ərəbcə danışırdı; hansısa mövzuya toxunmaq istəyirdi, həmin sözün ərəbcəsini bilmədiyi üçün çevrilib, arxasında oturmuş müşavirinə fransızcasını dedi və ərəbcə qarşılığını soruşub öyrəndi. Yəni Fransa mədəniyyəti həmin ölkədə o dərəcədə hakim olmuşdu ki, ölkənin baş naziri doğma dili olan ərəb dilini doğru-dürüst bilmirdi. Ərəbcə deyilən bir sözü onun üçün fransızcaya tərcümə etməli idilər ki, nədən söhbət getdiyini anlasın. Bu ölkələr bu cür yarıyolda ilişib qaldılar; halbuki İslam Respublikası bu yolu 40 ildir ki, qüdrətlə irəliləyərək gəlir. Bəli, bu düşmənçiliklər olub, bu gün də var.
Diqqət edin: mühüm olan budur ki, biz hər bir mərhələdə düşmənin düşmənçiliyinin mahiyyətini dərk edək, əleyhimizə hansı işi gördüyünü bilək; düşmənin planını anlayaq; eynilə müharibədə olduğu kimi. Müharibədə düşmənin planının nə olduğunu əvvəlcədən ehtimal edə bilsən, qarşısını alırsan, hazırlaşırsan; ya yaxşıca müdafiə olunursan, ya da ilk olaraq özün hücuma keçirsən; hərbi savaşda belədir. Təbliğat müharibəsində, iqtisadi müharibədə, mədəni savaşda, təhlükəsizlik müharibəsində, nüfuz müharibəsində (hamısı müharibədir) – bütün bunlarda da eyni vəziyyətdir: düşmənin nə etmək istədiyini düzgün ehtimal etməlisiniz. Bu gün heç ehtimallara da ehtiyac yoxdur; sayıq və məlumatlı olan hər kəs üçün vəziyyət aydındır. Bu xalqa doğru bir vaxtlar olmayan, hazırda isə hər kəs üçün əlçatan olan yollarla minlərlə “topxana”dan – yalan topxanalarından, problemləri şişirtmə topxanalarından gecə-gündüz atəş açmaqdadırlar. Biz internet məkanı ilə bağlı həmişə bunu xatırladırıq; deyirik ki, virtual aləmdə düşmən topxanalarından açılan atəşlərə qarşı diqqətli olun, sayıqlığınızı əldən verməyin. Düşmən virtual aləmdən sizin kimliyinizin, varlığınızın, dövlətinizin, inqilabınızın əleyhinə istifadə edir. Əsassız statistikalar təqdim edir, yalanlar uydurur, iftira edir, xalqın sevdiyi, camaatın inamını qazanmalı olan şəxslərin imicini korlayır, inqilabın uğurlarını ört-basdır edir, yalan-yanlış təsəvvür yaratmağa çalışırlar; uğursuzluqlar, zəif cəhətlər, çatışmazlıqlar birdirsə, yüzmüş kimi göstərir, bir yerdədirsə, hər yerə aid edirlər; düşmənin gördüyü işlər bunlardır; düşmən bunları edir; nəyə görə? Ona görə ki düşmən İslam İnqilabının qələbəsinin sirrini anlayıb. O bilir ki, bu qələbənin sirri xalqın inam və etiqadındadır, elə ona görə də bu inamı yox etmək istəyir. Orta və yaşlı nəsildə bu inamı məhv edə bilməsə də, yetişməkdə olan gənc və yeniyetmələrdə etmək istəyir ki, daha camaat bu inqilabın və bu dövlətin arxasında durmasın; məqsədi budur. Bu gün düşmən insanlarımızın ümidini qırmağa, onları pessimistləşdirməyə, xalqımızın özünəinamını yox etməyə, gələcəyi ona qaranlıqmış kimi göstərməyə çalışır.
Təəssüf ki, ölkə daxilində də bir qrup adam düşmənin bu işini həyata keçirir; indi bəziləri nə etdiyini dərk etmir, bəziləri isə bunu bilə-bilə edir. Eynən düşmənin etdiyini edirlər: xalqın ümidini yox etmək, onu-bunu günahlandırmaq, xalqın düşüncəsinə doğruların əvəzinə, düşmənin uydurduğu ağ yalanları yeritmək. Təəssüf ki, daxildə də bir qrup adam bunları edir. Ölkədə düşmənin dəyirmanına su tökənlər Allahdan qorxmurlar; onların siyasəti dini olmaq əvəzinə, dinləri siyasidir; dinləri siyasətdir. Bizim siyasətimiz dini olmalıdır, daha dindarlığımız siyasətə, rəzil siyasi hədəflərə xidmət etməməlidir; bunlarsa bu cürdür; bunlarda təqva yoxdur; hansısa siyasi cinaha dəstək olmaq, hansınısa vurmaq, kiminsə siyasi nüfuzunu qaldırmaq, kimisə yerə vurmaq üçün düşmənin gördüyü işi görürlər. Təəssüf ki, daxildə də bu işlərə əl atanlar var.
Bəzilərinin ixtiyarında media yoxdur, bəzilərinin isə öz mediası, xəbər portalı, təbliğat ruporu var, danışa bilirlər; danışırlar, amma nə Allahı, nə dini, nə də insafı nəzərə alırlar, bununla da düşmənin istədiyini etmiş olurlar. Düşmən də daxildə belə şeylərin baş verməsini böyük zövq və həvəslə izləyir; görürsən ki, səhər bunlar danışan kimi, elə o gecəsi Amerika və İngiltərə radiosunda həmin məsələlər geniş əks-səda doğurur. Bunlar düşməni sevindirir, onu xalqın və dövlətin əleyhinə xoşhallandırır; xalqı, yetişməkdə olan gənc nəsli ümidsizləşdirmək bahasına. Özəlliklə də bu gün rəhbər postda olan, yaxud da dünənə qədər əllərində hər cür idarəçilik imkanları olmuş şəxslər; fərqi yoxdur. Elə insanlar var, görürsən ki, ya bu gün ölkənin bütün idarəçilik imkanları əllərindədir, yaxud da dünənə qədər bütün işlər ixtiyarlarında olub, amma müxalifət rolu oynayırlar. Belə şəxslərin daha ölkənin əleyhinə danışmaq, mövqe tutmaq haqqı yoxdur; onlar özlərində məsuliyyət hiss edərək mövqe seçməli, cavabdehlik etməlidirlər. Mənim əlimdə imkanlar varsa, mən daha kimisə ittiham edə bilmərəm, əksinə, cavabdehlik etməli, ixtiyarımda olan imkanlarla hansı işləri gördüyüm barədə hesabat verməliyəm. O insanlarsa cavabdehlik etmək əvəzinə, gəlib kimlərinsə əleyhinə danışır, hansısa iddialarla çıxış edir, kimisə günahlandırırlar; belə olmaz; xalq bunu qəbul etmir. Kimlərsə bu hərəkətlərinin xalqa təsir göstərdiyini güman edə bilər, amma belə deyil, xalqımız gözüaçıq bir xalqdır, hər şeyi yaxşı başa düşür, belə şeyləri qəbul etmir.
İslam Respublikasının bütün rəhbər şəxslərinin – ilk gündən bu günə qədər – mühüm xidmətləri olub; görmüşük, şahidi olmuşuq; biz də yanlarında olmuşuq, bu xalqa, bu dövlətə necə xidmət etdiklərini görmüşük. Əlbəttə, bəzən ziyan vurduqları da olub; xidmətləri də olub, ziyan vurduqları da. Bütün bu vaxt ərzində hökumətdə, parlamentdə və ədliyyə sistemində təmsil olunan aparıcı simaların göstərdiyi dəyərli xidmətlərə görə Allaha şükürlər etmək lazımdır; əksəriyyəti də, həqiqətən, xidmət edən insanlar olub. Nöqsanları, dəyən ziyanları tənqid etmək də lazımdır, intəhası bu tənqid insaflı və məsuliyyətli olmalıdır, daha təhqiramiz ifadə və haqsız ittihamlarla müşayiət olunmamalıdır. Tənqid, tənqidə dözümlü yanaşmaq vacibdir, amma iftira, böhtan haramdır. Tənqid bir şeydir, iftira etmək, böhtan atmaq, düşmənin dediyini təkrarlamaq başqa bir şeydir; bu ikisi bir-birindən fərqlidir; tənqid insaflı, məntiqli, məsuliyyətli olmalıdır. Kiməsə qara yaxmaq hünər deyil; əsassız və məsuliyyətsiz şəkildə, aralarında fərq qoymadan o qurumu, bu qurumu, o hakimiyyət orqanını, bu hakimiyyət orqanını ittiham etmək yaramaz; yoldan ötən hər kəs, hər bir uşaq əlinə daş alıb camaatın şüşələrini sındıra bilər; bu, hünər deyil ki; hünər odur ki, insan məntiqlə, insafla danışa, nəfsinin, şəxsi maraqlarının diktəsi ilə, güc və nüfuz əldə etmək xatirinə danışmaya, Allahı nəzərə ala;
اِنَّ السَّمعَ وَ البَصَرَ وَ الفُؤادَ کُلُّ اُولٰئِکَ کانَ عَنهُ مَسئولاً
“Qulaq, göz və ürək (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (“İsra” surəsi, 36-cı ayədən)
Bilin ki, bu gün danışdığınız sözlər Qiyamət günü təcəssüm edərək qarşınızda duracaq əməllərdir, Allah-taala onlara görə sizi sorğu-sual edəcək. İnsan ürəyi istədiyi hər sözü danışa bilməz. Özünü inqilabçı kimi göstərmək başqadır, həqiqətən inqilabçı olmaq başqa. Özünü inqilabçı kimi göstərmək odur ki, insan özündə bir inqilabçı görüntüsü yaradır, özünü elə göstərir ki, guya inqilabı dəstəkləyir; inqilabçı olmaq isə çətin işdir; ürəkdən bağlılıq lazımdır, dindar olmaq lazımdır. İnsan on il boyunca ölkədə hər işin başında durduğu halda, o biri onillikdə ölkənin əleyhinə danışan müxalif bir qüvvəyə çevrilə bilməz ki; belə bir şey ola bilməz axı (3); bütün əzəməti ilə 9 dey xalqın bu oyunlara verdiyi cavab idi. 9 dey dini, inqilabi dəyərlərin müdafiəsi idi. Bizim orada göstərdiyimiz müqavimət seçkilərin müdafiəsi naminə göstərilən müqavimət idi. O zaman mən açıq-aşkar bildirdim ki, bizə seçkinin nəticələrinin ləğv olunması üçün təzyiq göstərirlər, amma mən bu təzyiqlərə tabe olmayacağam; mən bunu açıq elan etdim. Söhbət inqilabi dəyərlərdən, İslam dövlətinin dəyərlərindən gedir; o vaxt da belə idi, hazırda da belədir. Biz özümüzə qarşı son dərəcə diqqətli və məsuliyyətli olmalıyıq. İmam buyurmuşdur ki, insanların hazırkı vəziyyətini meyar bilmək lazımdır. Bu nə deməkdir? İmam müdrik bir insan idi; bu o deməkdir ki, heç kəsin ölənə qədər dürüst qalacağına zəmanət yoxdur, hər bir kəs özünə qarşı diqqətli olmalıdır. Hafiz demişkən:
حکم مستوری و مستی همه بر عاقبت است
İmamın hərəkatı başlanandan bəri – 1340-42-ci illərdən bu yana – bu 40-50 ildə biz nələr görməmişik?! Enişlər, yüksəlişlər, kəskin davranışlar, passiv davranışlar, ifratlar, təfritlər. Bu müddətdə əcaib şeylər görmüşük. Özümüzə qarşı son dərəcə diqqətli və tələbkar olmalıyıq.
Təbliğat sferasında görülməli olan işlərdən biri də xalq arasında qəsdən yayılmış şübhələri cavablandırmaqdır. Əlbəttə ki, təbliğat qurumlarımız hamısı – İslami Maarifləndirmə Nazirliyi, Təbliğat Komitəsi, Təbliğat Baş İdarəsi, media, informasiya və kommunikasiya sahələrinə cavabdeh olan qurumlar, Dövlət Teleradiosu və sair bu məsələyə diqqətli yanaşmalı və bu istiqamətdə işləməlidirlər. Hamısı ehtiyatlı olmalıdırlar, çünki düşmən daim şübhə yaratmaqdadır; ardıcıl olaraq, çoxlu sayda şübhələr! Bu şübhələri aradan qaldırmaq, bu düyünləri açmaq, insanların təfəkkürünü bu şübhələrdən azad etmək lazımdır. Gənclərimiz çaşqınlıq və təəccüb hissi keçirməməlidir; cürbəcür qüvvələr daim hansısa şübhələr yaradır, ortaya bir problem atırlar! Gənclərə kömək etmək lazımdır, beyinlərə yardımçı olmaq lazımdır.
Düşmən həm şübhə yaradır, həm də özünü şişirdir. Düşmənlərimiz öz informasiya və təbliğat qurumlarında elə danışırlar ki, elə bil, real auditoriyalarından min dəfə çox auditoriyaları var. Min nəfəri milyon adam kimi təqdim edirlər; belə bir təsəvvür yaradırlar. Onların bu yalanlarına, bu şişirtmələrinə də inanmaq lazım deyil. Onların İslam Respublikası ilə bağlı təqdim etdiyi təhlillər – ki, İslam Respublikasında filan sahə dağılıb gedir, filan sahə viran qalıb, filan sahədə vəziyyət acınacaqlıdır – bütün bunlar reallığa uyğun olsaydı, bayaq dediyim kimi, biz indiyə qədər yüz dəfə kəfən çürütməli idik. İlk gün də deyirdilər ki, İslam Respublikası 6 aya dağılacaq; sonra gördülər ki, 6 aya olmadı, dedilər, 2 ilə yox olacaq; 40 il keçib! Hamı bilsin ki, Allahın lütfü və köməyi sayəsində, biz hazırkı mərhələdə və həmişə düşmənlərimizin, cinayətkar Amerikanın və onunla əlbir olanların kürəyini yerə vuracağıq!
Bizim başlıca düşmənimiz olan ABŞ dünyanın ən zalım və korrupsion dövlətlərindən biridir. Terrorçuları himayə edir, İŞİD-i əlindən gəldiyi qədər himayə edib terroru dəstəkləyir (aldığımız xəbərlərə görə, hap-gopuna baxmayaraq, hazırda da altdan-altdan İŞİD-ə və onlar kimi başqa təkfirçilərə dəstək verməkdədir), diktator hökumətləri dəstəkləyir; vaxtilə İran şahını da dəstəkləyirdi, hazırda da Səudiyyədə hakimiyyətdə olan zalım kral ailəsini, habelə regiondakı bəzi zalım sülalələri dəstəkləyir. Daha bundan yanlış nə iş, bundan böyük nə korrupsiya ola bilər?! Cinayətkarları himayə edir; istər Fələstində cinayət törədən İsrail rejimi olsun, istərsə də Yəməndə hər gün bir qrup insanı qanına qəltan edən cinayətkarlar. Hətta öz ölkələrində belə cinayətkarlıq edir, qaradərililərə təzyiq göstərirlər; Amerika polisi heç bir tutarlı səbəb olmadan qaradərili kişi, qadın, uşaq və gəncləri qətlə yetirir, Amerika məhkəmələri isə bu cinayətləri törədən polis nəfərləri üçün bəraət hökmü çıxarır, onları sərbəst buraxır. Öz məhkəmə sistemləri budur, sonra da başqa ölkələrin məhkəmələrinə, eləcə də bizim ölkəmizin dinə əsaslanan ədliyyə sisteminə irad bildirirlər, nöqsan tuturlar! Əlbəttə ki, bizim ədliyyə sistemimiz tamamilə nöqsansız deyil. Biləsiniz ki, mən ölkəmizin ədliyyə strukturlarında, eləcə də icraedici hakimiyyət orqanlarında olan nöqsanlar barədə məlumatsız deyiləm. Bu barədə mənim məlumatım, bəlkə də, başqalarından da çoxdur, lakin mən müsbət cəhətləri də görürəm. Əminullahı ziyarət edərkən duada deyirik:
(4) ذاکِرَةً لِسَوابِغِ آلائِک
İnsan Allahın ona verdiyi nemətləri də nəzərə almalıdır. Bəli, rüşvətxor hakimlərimiz də var, ədalətli və etibarlı hakimlərimiz də; ucdantutma hamını rədd etməyə haqqımız yoxdur. İcraiyyə orqanlarında vəzifəpərəst, həyasız və pulgir məmurlarımız da var, əli təmiz və zəhmətkeş məmurlarımız da; eyni ittihamı ucdantutma hamısına aid edə bilmərik; diqqətli olmaq lazımdır. Qərb dünyasında, o cümlədən Amerikada olan məhkəmələr və dövlət orqanları göz önündədir (həbsxanalarında necə rüsvayçı vəziyyət hökm sürür, vətəndaşları üçün necə qəribə problem və çətinliklər yaradırlar; rüşvət və sair;) amma Hollivud filmlərində elə göstərirlər ki, elə bil, bunlardakı kimi saf və təmiz administrasiya yoxdur. Bayaq misal çəkdiyim kimi: Amerikada bir qaradərili qətlə yetirilirsə, qatilin cəzasına çatıb-çatmayacağına heç kəs zəmanət verə bilməz; Amerika dövləti budur.
Bəli, qarşımızda belə bir düşmən var və bu düşmən bizə qarşı əlindən gələn hər bir şeyi edir, kifayət qədər çox pullar da xərcləyir, planlar da cızır. Ölkə daxilində əhali arasında konflikt yaratmaq üçün – istər siyasi zəmində olsun, istər məzhəb və etnik mənsubiyyət zəminində, istərsə də dil fərqi zəminində – bacardığını edir. Ölkəmizin əleyhinə hansısa işlər görə bilmək üçün ətrafımızdakı bu pullu dövlətləri də bizə qarşı kökləyib, onlardan da maddi dəstək alır. Əllərindən gələn hər bir işi görürlər, amma Allahın köməyi ilə, bu günə qədər hər zaman burunları ovulub və bilsinlər ki, biz qüdrətlə irəli gedəcəyik. Allahın izni ilə, biz hər bir sahədə Amerikanı məyus edəcəyik. İndiyə qədər Amerika hökumətinin başında duranlar da bikar oturmamışdılar, onlar da çox işlər görürdülər. Reyqan (5) Trampdan (6) həm güclü, həm də ağıllı idi (7); bizə qarşı təhdid və hay-küy formasında olsa belə, əməli surətdə bəzi addımlar da atmışdı. O, peşəkar idi, aktyorluğu da bundan daha yaxşı idi (8), əleyhimizə bəzi əməli işlər də görmüşdü; təyyarəmizi vurmuşdular, elə bir iş görmüşdülər. Bu gün Reyqan haradadır, İslam Respublikası harada? Bu gün İslam Respublikası Reyqan dövründəki ilə müqayisədə qat-qat irəli gedib, inkişaf edib; bütün sferalarda. O isə hazırda ilahi əzab içərisindədir, bədəni çürüyüb torpağa qarışıb, ruhu isə, bizim əqidəmizə görə, ilahi ədalətin tənbeh və cəzasını çəkir. İndikilər də eynilə o cür olacaq; Allahın köməyi ilə, İslam Respublikası öz ayaqları üzərində möhkəm duracaq, İslam Respublikasının zəifləyib məhv olması arzusu isə bir dağ kimi onların ürəyində qalacaq. Əlbəttə ki, bəziləri əllərinə geydikləri “məxmər əlcək” sayəsində bizdən bəzilərimizin başını qatmağa müvəffəq olublar; müəyyən etapda zahirən yumşaq davranışları, yaxud altında polad əl gizlətdikləri “məxmər əlcəkləri” ilə bizlərin başını qata biliblər, lakin tezliklə rüsvay olublar. Bu gün ABŞ-ın İslam, müsəlmanlar və İslam Respublikası əleyhinə bəslədiyi çirkin niyyətlər barədə həqiqətlər tamamilə aşkara çıxıb.
Biz onların görə biləcəyi işləri əvvəldən bilməliyik; sanksiya tətbiq edirlər, biz iqtisadiyyatımızı daxildən rövnəqləndirməli, daxili potensial əsasında gücləndirməli, müqavimət iqtisadiyyatını təmin etməliyik ki, sanksiyalar ona təsir göstərməsin. Möhtərəm rəsmilərimiz müqavimət iqtisadiyyatına ciddi yanaşmalı, yalnız bu barədə danışmaqla kifayətlənməməlidirlər. Müqavimət iqtisadiyyatı ilə lüzumsuz idxal uyğun gəlmir, istehsalın zəif olması uyğun gəlmir; daxili istehsalı gücləndirməlidirlər. Dövlət və hökumət idarələri xarici məhsullardansa, onların daxildəki analoqlarına üstünlük verməlidirlər. Daxili bazarın önəmli alıcılarından biri də elə hökumət idarələridir; onların müxtəlif məhsullara ehtiyacı var, hər şey alırlar; qoy daxili məhsula üstünlük versinlər. Qoy əhali də daxili məhsula meyil və həvəs göstərsin.
Düşmənin sanksiyalarının tilsimini sındırmaq üçün vasitə bunlardır; ola bilsin ki, bu tədbirlər tez bir zamanda, yəni 6 ay, 1 il müddətində nəticə verməyəcək, amma real çözüm yolu yalnız budur. Təbliğat işlərində, ideoloji müharibədə, düşmənin içimizə sızmasına qarşı mübarizədə də eynilə; ehtiyatlı olmaq lazımdır ki, düşmən mühüm qərarların işlənib hazırlandığı və qəbul edildiyi dövlət orqanlarına nüfuz edə bilməsin. Düşmənin yaltaq davranışlarına isə ciddi yanaşmasınlar; onun o sevgi və xoş münasibət ifadə etməsini, “gəl əl tutub görüşək”, “oturub söhbət edək” və sair bu kimi səmimiyyətsiz mesajlarını ciddi qəbul etməsinlər; düşmənin nə etmək istədiyini bilsinlər. Bunları bilsəniz, bunları bilsək, bunlara riayət etsəniz, bunlara riayət etsək, bilin ki, İslam Respublikası indiyə qədər olduğu kimi, bundan sonra da irəliyə doğru hərəkətini davam etdirəcək; bu gün mövcud olan problemləri – mən əhalimizin öz gündəlik məişət həyatında bahalıq, inflyasiya, durğunluq və sair bu kimi müxtəlif problemlər yaşadığını bilirəm – bütün bu çətinlikləri rəsmilərin əzmkar əməyi sayəsində həll etmək mümkündür və Allah-taala problem və düyünləri çözəcək bu əzmin mükafatını verəcək, inşallah. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizi öz razılıq və köməyin olan işlərə istiqamətləndir və bizə yardım et.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_______________________
(1) Görüşün əvvəlində İTKŞ-nin sədri Ayətullah Əhməd Cənnəti məruzə etmişdir.
(2) “Nəhcül-bəlağə”, 62-ci məktub.
(3) Görüş iştirakçıları gülür.
(4) “İqbalül-əmal”, c.2, səh. 273.
(5) ABŞ-ın keçmiş prezidentlərindən olmuş Ronald Reyqan nəzərdə tutulur.
(6) Hazırkı ABŞ prezidenti Donald Tramp nəzərdə tutulur.
(7) Görüş iştirakçıları gülür.
(8) Görüş iştirakçıları gülür.