Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri və İslam Vəhdəti Konfransında iştirak edən qonaqlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Əzəmətli İslam peyğəmbərinin (s), həmçinin onun övladı Həzrət Cəfər ibn Muhəmməd Sadiqin (ə) mübarək mövludları münasibətilə hamınızı, bu gün bura təşrif gətirmiş əziz qonaqlarımızı, müsəlman ölkələrinin möhtərəm səfirlərini, Vəhdət həftəsində iştirak edən hörmətli qonaqları, eləcə də bütün İran xalqını, İslam ümmətini və dünyanın bütün azadlıqsevər insanlarını təbrik edirəm. Ümidvaram ki, bu gün, bu mövlud bizim hamımızda öhdəmizə düşən vəzifələrə, Peyğəmbərin (s) mövludunun bərəkəti ilə bu gün üzümüzə açılmış və qət etməli olduğumuz yola qarşı yeni bir dərk, yeni bir oyanış yaranmasına səbəb olacaq.

Peyğəmbərin (s) mübarək varlığı rəhmət idi; bütün varlıq aləmi üçün rəhmət idi. Bu rəhmət isə o böyük şəxsiyyətin ardıcıllarına, onun yolunu, istiqamətləndirməsini qəbul edən insanlara sirayət edir; rəhmətə layiq görülürlər, Allahın rəhməti onlara şamil olunur. Quranda buyurulur:

فَسَاَکتُبُها لِلَّذینَ یَتَّقُونَ وَ یُؤتُونَ الزَّکو'ةَ وَ الَّذینَ هُم بِـایٰتِنا یُؤمِنُونَ * اَلَّذینَ‌ یَتَّبِعُونَ‌ الرَّسُولَ النَّبِیَّ الاُمِّیَّ الَّذی یَجِدُونَهو مَکتُوبًا عِندَهُم فِی التَّوریٰةِ وَ الاِنجیلِ

“Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam! O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsuli-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar”. (“Əraf” surəsi, 156-157-ci ayələrdən)

O əzəmətli şəxsiyyətin rəhbərliyini qəbul edənlər, onun arxasınca gedənlər, göstərdiyi yolu rəhbər tutanlar Allahın rəhmətinə layiq görülür; bu, Allahın qəti və danılmaz vədidir. İslam dünyası, İslam ümməti bir çox eniş-yoxuşlardan keçib, amma yalnız Həzrət Peyğəmbəri və onun göstərdiyi yolu rəhbər tutduğu zaman Allah-taalanın dünya və axirət rəhmətindən faydalanıb;

فَالَّذینَ ءامَنوا بِهٖ وَ عَزَّرُوهُ وَ نَصَرُوهُ‌ وَ اتَّبَعُوا النّورَ الَّذی اُنزِلَ مَعَهو اُولٰئِکَ هُمُ المُفلِحُون

“Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (onun peyğəmbərliyi sayəsində) endirilmiş nurun (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (“Əraf” surəsi, 157-ci ayədən) 

Nicat tapanlar, əlbəttə ki, əzəmətli Peyğəmbərin yolu ilə gedənlərdir. 

Peyğəmbəri-Əkrəm o gözəllikləri, əsarətlərdən qurtuluşu hamı üçün, bütün insanlar üçün gətirmişdi. Peyğəmbərin bəşəriyyətə hədiyyə etdikləri xüsusi olaraq hansısa qrupa yox, bütün bəşəriyyətə aiddir, amma yalnız onu özünə rəhbər bilib onun yolu ilə gedənlər bunlardan faydalanır. İslam Peyğəmbəri insanların əl-ayağını bağlayıb onları hərəkət etməyə, pərvazlanmağa qoymayan, mənəviyyatdan uzaqlaşdıran, həyatlarını acı edən buxovları qıraraq bəşər övladını əsarətdən qurtarır. O əsarət nədən ibarətdir? Hegemon dövlətlərin zülmündən, imperialistlərin müstəmləkəçi ağalığından, təbəqələşmədən, zalım və müstəmləkəçi aristokratiyadan; əsarət bunlardır; Peyğəmbər bunların əleyhinə çıxış etmiş, bu şeylərə qarşı mübarizə aparmışdır. Xalqlar mətin olub müqavimət göstərsələr, bu yolu davam etdirə bilərlər; xalqlar super-dövlətlərə qalib gələ bilərlər. Bəli, bu gün dünyanın super-gücləri İslam ümmətinə qarşı çox böyük miqyasda məkrli planlar həyata keçirir, lakin bu planların qarşısında durub onları neytrallaşdırmaq mümkündür. Həzrət Musa (ə) Allah-taalaya xitabən deyir: 

رَبَّنا اِنَّکَ ءاتَیتَ فِرعَونَ وَ مَلَاَهو زینَةً وَ اَموالًا فِی الحَیوٰةِ الدُّنیا رَبَّنا لِیُضِلّوا عَن سَبیلِکَ رَبَّنا اطمِس عَلیٰ‌ اَموالِهِم وَ اشدُد عَلیٰ‌ قُلوبِهِم فَلا یُؤمِنُوا حَتَّی یَرَوُا العَذابَ الاَلیم‌

“Ey Rəbbimiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey Rəbbimiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər”. (“Yunis” surəsi, 88-ci ayədən)

Qarğış edir. Həzrət Musanın qarşısında Firon əlində hər cür imkanları olan hegemon bir qüvvə idi; cah-calalı, var-dövləti, ehtişamı, hər cür imkanları, silahı, pulu – hər şeyi var idi. Musa isə tənha və köməksiz idi. O, üzünü Allaha tutaraq dua edib yalvarır. Allah-taala onun cavabında belə buyurur:

قالَ قَد اُجیبَت دَعوَتُکُما

“(Allah) buyurdu: “Hər ikinizin duasını qəbul etdim”. (“Yunis” surəsi, 89-cu ayədən)

Biz sizin ikinizin – Musa və Harunun – duasını qəbul etdik, yerinə yetirəcəyik, amma bir şərti var:

فَستَقیما وَ لا تَتَّبِعآنِّ سَبیلَ الَّذینَ لا یَعلَمون

“Siz (öz dəvətinizdə və təbliğinizdə) sabitqədəm olun və cahillərin yoluna uymayın!” (“Yunis” surəsi, 89-cu ayədən)

Möhkəm durun, mətin olun. Bir var müharibədə, döyüş meydanında mətin olmaq, bir də var siyasət meydanında, iradələr savaşında mətin olmaq; bütün bu meydanlarda möhkəm durmaq, mətin olmaq lazımdır. Xalqlar, onların görkəmli simaları, ziyalıları mətinliyi yaddan çıxarmasa, qələbə mütləq onlara nəsib olacaq. Bəli, bu gün düşmənlər İslam ümmətinin qarşısında səf çəkərək durublar; Amerika, qlobal imperializm və onların uzantıları, sionizm, İsrail, mürtəce dövlətlər, dünyanın pulpərəstləri, müsəlmanlar arasından o dövlətlərdən asılı olan, tamahına düşkün ünsürlər – bunlar hamısı İslam dininə, Peyğəmbərin göstərdiyi yola qarşı bir cəbhədə düzülüblər;

اِنَّکَ ءاتَیتَ فِرعَونَ وَ مَلَاَهو زینَةً وَ اَموالًا فِی الحَیوٰةِ الدُّنیا

Bəli, bu gün Firon bunlardır; bu gün Firon Amerikadır; bu gün Firon İsrail rejimidir; Firon onların bu regiondakı uzantılarıdır; hansılar ki, müsəlmanları tədricən bir-birinin canına salıb, regionda müharibə alovunu körükləmək istəyirlər; bu gün Amerikanın planı bundan ibarətdir; buna hamı diqqət yetirsin, hamı bilsin. Amerika rəsmiləri özləri təhlillərində, çıxışlarında istər-istəməz etiraf ediblər ki, “Qərbi Asiya regionunda müharibə törətmək, konflikt yaratmaq, bunları bir-birinin canına salmaq niyyətindəyik”; məqsədləri isə İsrail rejiminin təhlükəsizliyini, rahat mövcudluğunu təmin etməkdir; bunların inkişafına imkan verməməkdir; istəyirlər İslam ümməti o qədər qan itirsin ki, halsızlaşsın, zəifləsin, müqavimət göstərməyə taqəti qalmasın. Bəs bunun qarşısında nə etmək lazımdır?

فَاستَقیما وَ لاتَتَّبِعآنِّ سَبیلَ الَّذینَ لایَعلَمون

Cahillərin yolu ilə getməməliyik. Təəssüf ki, bu gün bu regionda Amerikanın çaldığına oynayan hökumət başçıları və ziyalılar var; onların dəyirmanına su tökürlər; onlar üçün İslam ümmətinin və İslamın əleyhinə iş aparırlar! Bunlar İslamın ziyanınadır! Bizim müsəlman dövlətləri ilə qətiyyən konfliktə getmək niyyətimiz yoxdur; biz müsəlman birliyinin vacibliyinə inanır, vəhdətə can atırıq. Hazırda Vəhdət həftəsindəyik. Vəhdət həftəsini bizim dahi liderimiz İmam Xomeyni elan etmişdir; İslam təriqətləri arasında vəhdət. Və Allaha şükürlər edirik ki, İslam Respublikası və İran xalqı əməldə, öz daxilində, eləcə də müxtəlif İslam təriqətlərindən olan müsəlman qardaşları ilə öz arasında vəhdət və qardaşlıq yarada bilib. Bu baxımdan bizim heç bir problemimiz yoxdur, lakin bizim bu vəhdətə can atan, birlik və qardaşlığı hədəf götürən yanaşmamızın qarşılığında konflikt və müharibə törətməyi qarşıya məqsəd qoymuş müəyyən qüvvələr var; siyasətləri budur, bunun arxasıncadırlar. Yaxşı bəs bunların qarşısında biz nə etməliyik? Regionumuzda Amerikanın siyasətini izləyənlərə qarşı necə davranmaq lazımdır? Biz öyüd-nəsihət etmək yolunu tuturuq; doğrudur, həmin dövlətlərdən bəzi cahil insanlar İran xalqı və İslam Respublikası haqqında elə sözlər danışırlar ki, onlara heç əhəmiyyət verməyə də dəyməz; onların mənasız danışıqlarına cavab vermək fikrində deyilik; biz nəsihət yolunu tutmuşuq, öyüd-nəsihət edirik. Regiondakı bəzi dövlətlərin bu gün Amerikaya yarınmaq üçün gördüyü işlər onların öz zərərinədir; əslində özlərini məhv edirlər. Düşmən əlindən gələni edir. Regionumuzda məzhəb zəminində müharibə törətmək xəyalı ilə bu təkfirçiləri ortaya atdılar, amma Allah-taala ağızlarından vurdu, məzhəb davası düşmədi və düşməyəcək də. Biz düşmənin təhriki ilə hərəkət edən o qüvvələrə müqavimət göstərdik, onların qarşısını aldıq və əlhəmdulillah, uğur da qazandıq, amma onların məsələsi düşmənə muzdurluq etmələri idi; məzhəb davası, firqə davası, tayfa davası deyildi. Düşmənin istədiyi bu idi; düşmən istəyirdi ki, sünni-şiə davası düşsün, amma 

اَلحَمدُ لِلّهِ الَّذی جَعَلَ اَعدائَنا مِنَ الحُمَقاء

– Allah-taala bizim düşmənimizi axmaq edib. İŞİD-in bu regionda qətlə yetirdiyi sünnilərin sayı şiələrdən çox idi! Onlar istəyirdilər ki, sünni-şiə davası düşsün, Allah-taala ağızlarından vurdu. Bizim təkfirçi qüvvələrə qarşı apardığımız mübarizə zülmə, İslamın təhrif olunmasına qarşı aparılan mübarizə idi. İnsanları diri-diri yandıran, dərilərini soyan, müsəlman ailələri əsir götürən, siyasətdə, cinsi məsələlərdə, maliyyə məsələlərində, dini əməllərdə hər cür fəsada bulaşmış, İslam əxlaqından, İslam mədəniyyətindən, İslamın həqiqətindən tamamilə uzaq, barbar bir qrupa qarşı mübarizə idi. Onlar Amerikaya, sionizmə işləyirdilər, uzantılarına da harada rast gəlinsə, Amerika və sionizmə işlədikləri şübhəsizdir. Bu, bir reallıqdır; biz bunların qarşısında durduq. İslam dünyası hörmət və nüfuza yetişmək istəyirsə, vəhdəti, birlik və həmrəyliyi əldən verməməlidir. İslam dünyası nüfuz və ehtiram qazanmaq istəyirsə, sionizmə qarşı durmalıdır. Bu gün İslam dünyasının və müsəlman ümmətinin problemləri içərisində ən başda Fələstin məsələsi durur. Fələstini, bu ölkənin azadlığını, Fələstin xalqının qurtuluşunu dəstəkləmək, bunun üçün çalışıb-vuruşmaq hamının vəzifəsidir. Əlbəttə ki, düşmən bu məsələdə də çarəsiz vəziyyətə düşüb; bunu biləsiniz. Qüdsü İsrailin paytaxtı elan etmək istədiklərini iddia etmələri acizliklərindən, başqa heç bir şey edə bilmədiklərindən irəli gəlir. Fələstin məsələsində bunların əl-qolu bağlıdır, atdıqları bu addımla da, heç şübhəsiz, daha böyük zərbə alacaq, qarşılarında İslam dünyasını görəcəklər. Düşmən Fələstin məsələsində nəzərdə tutduğu uğuru əsla qazana bilməyəcək və Fələstin azad olunacaq. Şübhə yoxdur ki, Fələstin azad olunacaq! Ola bilsin, bir az gec, bir az tez, amma bu, mütləq, baş verəcək və İslam ümmətinin Fələstinin qurtuluşu uğrunda apardığı mübarizə, inşallah, öz nəticəsini verəcək.

Əlhəmdulillah, İran xalqı öz şücaəti, imanı, gözüaçıqlığı, mübarizliyi sayəsində çox çətin yollar qət etməyə, ağır etaplardan keçməyə müvəffəq olub. Qoy hamı bilsin: həm dünyanın dörd bir yanındakı dostlarımız, həm də düşmənlərimiz! Biz inqilabın qələbəsindən üzü bəri bu 38 ildə keçib gəldiyimiz yolda elə problemlərlə üzləşmişik ki, onlar bir çox xalqları əldən-ayaqdan salıb, amma həmin problemlər İran xalqını əl-ayaqdan sala bilməyib. Bundan sonra qarşımızda nə qədər problem və əngəllər yaratsalar belə, şübhəsiz ki, əvvəlkilərdən daha kiçik və önəmsiz olacaq; üstəlik İran xalqının cürbəcür problemlərə sinə gərmək üçün güc və bacarığı da keçmişdəkindən qat-qat artıqdır. Allahın köməyi ilə, biz problemləri üstələyəcəyik. Düşmən İran xalqını məğlub olub geri çəkilməyə vadar edə bilməyəcək; inşallah, biz bütün problemlərə üstün gəlməyə, İslam və müsəlmanlara layiq nüfuz və ehtiramı bütün müsəlman xalqlarına nümayiş etdirməyə, İslamın nüfuz bayrağını indi olduğundan da yüksəklərə qaldırmağa müvəffəq olacağıq.

Allah-taala bu yolu bizə açmış dahi liderimiz İmam Xomeyninin pak ruhuna Öz rəhmətini nazil etsin, bu yolda canından keçmiş əziz şəhidlərimizin pak ruhlarını şad etsin, hamımızı öhdəmizə düşən vəzifələri, bu mərhələdə bizdən gözlənənləri ən yüksək səviyyədə yerinə yetirməyə müvəffəq etsin, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Görüşün əvvəlində ölkə başçısı cənab Həsən Ruhani çıxış etmişdir. 14.09.1396-cı ildə paytaxt Tehranda işinə start vermiş 31-ci İslam Vəhdəti Konfransı 3 gün davam etmişdir.