بسم الله الرّحمن الرّحیم الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین
Əziz qardaşlar, şəhidlərin xatirəsini az öncə şərh edildiyi qədər genişmiqyaslı bir işlə yaşatdığınıza görə hamınıza çox təşəkkür edirəm; bizim bu adlara, bu xatirələrə ehtiyacımız var; şəhidlərin xatirəsinin, şəhidlərin adının daim yaşadılmasına ölkəmizin ehtiyacı var. Son yüzilliklərin ən görkəmli şəxsiyyətlərinə biz məhz bu dövrdə, bu gənclər arasında rast gəlmişik. Qərbi Azərbaycandan, Şərqi Azərbaycandan, İsfahandan, eləcə də ölkənin digər yerlərindən ayağa qalxıb, fədakarlıq etmək üçün tələsmiş, ölkənin və inqilabın müdafiəsində ləyaqət nümayiş etdirmiş o gənclər, həqiqətən də, tariximizin parlaq simalarıdır.
Tariximizə nəzər salsaq, görərik ki, ölkəmiz nə zaman zillətə düçar olubsa, bunun səbəbi cəsur və fədakar insanların olmamağı olub. Tarixin istənilən dövründə ölkəmizin qürur və başıucalıq yaşamasının da səbəbi məhz bu cür insanların varlığı olub. Allaha şükürlər olsun ki, zəmanəmizdə belə böyük insanlara çox rast gəlindi; bu böyük şəxsiyyətlərin xatirəsinin yaddaşlardan silinməsinə imkan verməyin. Sizə deyim ki, şəhidlərin xatirəsinin unudulub getməsini istəyən qüvvələr çoxdur; həqiqi əzəmətin yaddaşlardan silinib getməsi üçün başqa şeyləri önə çəkir, aldadıcı parıltıları və yalançı əzəməti insanlara cəlbedici göstərməyə çalışırlar. Sizin bu konfransınız, eləcə də ölkənin dörd bir yanında müxtəlif ostanlarda keçirilən bu kimi tədbirlər əslində onların yürütdüyü o zəhərli tendensiyanın padzəhridir.
Qərbi Azərbaycan ostanı o azsaylı ostanlardandır ki, orada fədakarlıq və mücahidə məcburi savaşla bərabər başlamamış, ondan da əvvəl olmuşdur. Müharibədən əvvəl ostanlarımızın çoxu asayiş və təhlükəsizlik şəraitində yaşayırdı, müharibənin başlaması ilə gəncləri cəbhəyə yollanıb mübarizə aparmağa başladılar. Qərbi Azərbaycan ostanı isə Kürdüstan və bəzi digər ostanlar kimi (bir neçə bu cür ostan var) əslində inqilabın ilk günündən mübarizə və mücahidəyə ehtiyac duyulan məsələlərlə üz-üzə qalmışdı. Və Qərbi Azərbaycan bütün bu hadisələrin qarşısında möhkəm duraraq, doğrudan da, mübarizə apardı. Qərbi Azərbaycanın çox yaxşı və mömin gəncləri var idi; mərhum şəhid Ağamehdi Bakirini mən hələ inqilabdan öncə tanıyırdım, Təbriz Universitetinin tələbəsi idi, həmin universitetin tələbəsi olan dostlarımızdan biri ilə Məşhədə gəlmişdi; yay idi və mən Məşhəd ətrafındakı yaylaqlardan birində idim; ora gəlmişdilər, o gənci mən ilk dəfə orada görmüşdüm. İşləyən adam idi, mübariz idi, dərrakəli idi; ölkədə gedən prosesləri, ölkənin vəziyyətini yaxşı anlayırdı. Elə buna görə də inqilab və sonrakı hadisələr baş verəndən sonra bu insanlar meydanda qaldılar; yəni meydanda mükəmməl şəkildə iştirak etdilər. Bu, onların sayıqlığından xəbər verir. Və Qərbi Azərbaycan, həqiqətən də, bir sıra problemlərlə üzləşdi; burada cənab Həsənini (1) yad etməyimiz yerinə düşər; Allah onu qorusun. O da inqilabi mübarizə dövründə və inqilabdan sonra baş verən proseslərdə, həqiqətən də, imtahandan yaxşı çıxmış bir insandır; istər müharibədən qabaq, istər müharibə dövründə, istərsə də müharibədən sonra. Həmçinin 64-cü diviziyanın komandiri polkovnik Zəkyani; o da cəsur bir zabit idi, Allah ona rəhmət etsin; cənab Həsəni ilə birgə fəaliyyət göstərən şücaətli zabitlərdən biri də o idi; Oşnəviyə hadisələrində, Nəqədə hadisələrində, başqa cürbəcür hadisələrdə. Və önəmli olan budur ki, bayaq cənab Qərşinin də qeyd etdiyi kimi, orada, o meydanda şiə və sünnilər, türk və kürdlər çiyin-çiyinə idi. O vaxt mən Məhabada getmişdim, Məhabad camaatı ilə görüşmüşdük, çıxışlar etmişdik; Oşnəviyədən olan böyük sünni alim – mənim dostum mərhum Qazi Xizri kifayət qədər ahıl yaşda olduğuna baxmayaraq, özünü Oşnəviyədən Məhabada çatdırmışdı; çıxış etmək üçün gəldiyini söyləmişdi. Gəlib camaatın qarşısında durdu, çıxış etdi, çox gözəl ifadələrlə İmam Xomeynini (r.ə), eləcə də ölkənin digər rəsmilərini tərif etdi. Yəni bu ağır yükü mənzil başına çatdıra bilmək üçün həqiqətən də, hamı bir-biri ilə əl-ələ verib əməkdaşlıq etdi. Daha sonra güclü zərbə də aldılar; yəni mən dünyanın başqa harasındasa Sərdəştdə baş verənlərə bənzər hadisələrin baş vermiş ola biləcəyinə, doğrudan da, inanmıram. Bütöv bir şəhərin kimyəvi silahlarla bombalanması çox qəribə bir hadisədir; əhali səbir etdi, dözdü, o hadisələrə dözə bildi; bu isə o camaatın böyüklüyündən xəbər verir.
Və insafla demək lazımdır ki, müharibə dövründə çox işlədilər, çox çalışdılar; bayaq adlarını çəkdiyiniz əziz şəhidlər, həmçinin əslən oralı olmayan, lakin Qərbi Azərbaycanda şəhid olmuş bir çox digər şanlı şəhidlərimiz. Ora mübarizə meydanı idi, iş meydanı idi. Ölkənin bu əziz insanların xatirəsinin qorunmasına, həqiqətən, ehtiyacı var. Hamı bir şeyə diqqət yetirməlidir ki, şəhidlərin xatirəsini anmaq təkcə hansısa bir regiona, konkret olaraq hansısa bölgənin əhalisinə və ya hansısa dövrə aid bir məsələ deyil; buna bizim həmişə ehtiyacımız var və bu xatirələrin yox olub getməsinə imkan vermək olmaz. Və bunun üçün bir çox işlər görülməlidir; görüləsi işlərdən biri budur ki, Qərbi Azərbaycanı ölkə əhalisinə özünün müqaviməti və mübarizliyi ilə, cürbəcür olay və fitnələr qarşısında tutduğu sayıq və cəsarətli mövqeyi ilə tanıtmaq lazımdır; qoy bunu bütün xalqımız bilsin. Bu gün hansısa ostanı tanıtmaq istəyəndə ya gözəllikləri, gəzib-görməli yerləri ilə təqdim edirlər (ki, bunda da heç bir problem yoxdur, qoy etsinlər), ya problemlərindən danışırlar (hansı ki bayaq cənab Qərəşi də ostanda əhalinin adambaşına düşən gəlirlərinin digər yerlərlə müqayisədə aşağı olduğunu qeyd etdi; olsun, bunda da heç bir problem yoxdur; məndən bunu da istədilər ki, bu barədə tapşırıq verim; sözüm yoxdur, tapşırarıq, inşallah, tapşırığımızın bir təsiri olar), lakin mühüm olan budur ki, bu ostanın o mənəvi keyfiyyətlərini, qabarıq və səciyyəvi mənəvi cəhətlərini dirçəldək, onları canlandıraq, onları önə çəkək, onları tanıdaq və xalqımıza bu camaatın əzəmətini, şücaətini göstərək.
İnşallah, Allah-taala bu işinizdə sizə uğurlar nəsib etsin. Bayaq indiyə qədər görülmüş işlər sadalandı; əgər o işlər lazımi səviyyədə həyata keçirilmiş olsa, həqiqətən də, yaxşıdır. Əlbəttə, çalışın ki, keyfiyyəti sürət və sairəyə qurban verməyəsiniz; yəni hər bir işi keyfiyyətli şəkildə, işbilən insanların, mütəxəssislərin vasitəsilə görmək lazımdır. Çap materialları, audio-video materiallar, cənab Qərəşinin qeyd etdiyi digər şeylər – bütün bunların hazırlanmasına, inşallah, diqqətlə yanaşılmalıdır. Allah-taaladan sizə uğurlar arzu edirəm, əziz şəhidlərimizin pak ruhlarını məhşərə Peyğəmbər (s) və övliyalarla birgə gətirməsini diləyirəm; bizi də onlara çatdırsın, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
________________________
(1) Urmiyanın sabiq imam-cüməsi Höccətül-İslam Qulamrza Həsəni