Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “Quran və humanitar elmlər” adlı ilk konfransın təşkilatçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

Çox xoş gəlmisiniz. Biz teoloqların nöqsanlarından biri də həmişə ayrı-ayrılıqda iş görməyimiz olub. Hətta bizlərdən bir qrupu bir yerdə toplaşanda belə – tutalım, hansısa dərsdə – hərə özü üçün işləyirdi. Bizim müştərək gördüyümüz iş yalnız bəhslərlə məhdudlaşırdı; yalnız bəhslər zamanı 2-3 nəfər bir yerdə oturub hansısa dərsi müzakirə edirdi; necə deyərlər, elmi fəaliyyətdə, ortaya hansısa elmi məhsul qoymaqda isə teoloji mərkəzlərimizin kollektivləri arasında ortaq iş görmək, müştərək surətdə çalışmaq bir o qədər də geniş yayılmayıb. Halbuki dünyada – xüsusilə də Qərb dünyasında – belə deyil; orada müştərək görülən işlərə çox rast gəlinir. Hətta bəzən onlarla hissədən ibarət olan bir layihənin ayrı-ayrı hissələrindən hər biri bir komandaya həvalə olunur, daha sonra isə bu kollektivlərin işinin məcmusundan mütəxəssislər tərəfindən son məhsul əldə edilir; yəni layihə əvvəldən bu şəkildə qurulur. Aydındır ki, belə bir iş prosesinin nəticəsi daha yaxşı, daha çox olacaq. Sevindirici haldır ki, bizdə də teoloji sferada bu istiqamətdə müəyyən irəliləyiş müşahidə olunur; sizin bu işiniz də o əməkdaşlığın bir nümunəsidir. Elə etmək lazımdır ki, bu, sözün əsl mənasında əməkdaşlıq olsun; yəni hamı bir-biri ilə əməkdaşlıq etsin, beyinlər bir-birinin köməyinə gəlib birgə çalışsın və ortaya gözəl bir məhsul çıxsın. Bu, bir məqam. 

İkinci məqam isə budur ki, sizin bu konfransınızda iki cəhət var: biri Quran, digəri humanitar elmlər. Quranın özü, habelə ideoloji, praktik, sosial, siyasi, siyasi idarəetmə və sairlə bağlı cürbəcür məsələlərdə Qurana müraciət olunması, Quranın rəhbər tutulması çox önəmlidir. Biz bu sahələri, doğrudan da, az işləmişik, nöqsan və çatışmazlıqlarımız çoxdur; eləcə də Quran ayələrinin mənasının dərinliyinə varmağı sevən insanlar üçün Quranın mənasının açıqlanması sahəsində kifayət qədər iş görülməyib; bu isə onu göstərir ki, biz özümüzü ilahi ayələrdən, onların bəşəriyyətə müxtəlif sahələrdə etdiyi bələdçilikdən məhrum etmişik. Bax elə Quranın olduqca həssas bir məsələ olan humanitar elmlər sahəsində bizə bələdçilik etməsinin özü də çox önəmli və strateji bir mövzudur. Humanitar elmlər, onlara diqqət ayrılması, bu sahədə araşdırmaların aparılması son bir neçə ildir ki, mühüm bir məsələ kimi qaldırılıb və geniş surətdə müzakirə obyektinə çevrilib. Sizin işiniz bu iki mühüm işi bir-biri ilə uzlaşdırmaqdır və düşünürəm ki, son dərəcə böyük önəm kəsb edir; bu sahədə mümkün qədər çox iş görülməsinə lüzum var. 

Digər bir məqam isə bundan ibarətdir ki, bu gün ölkəmizdə humanitar elmlər sahəsində çalışan, iş görən müəyyən mərkəzlər, qurumlar vardır; həm Ali Mədəni İnqilab Şurasında, həm də ondan kənarda; bu sahəni cürbəcür mərkəzlər işləyir. Məqsədləri də bayaq qeyd etdiyimdir; indi ola bilsin ki, gördükləri işə “Quran və humanitar elmlər”, yaxud başqa bu kimi adlar verməyiblər, lakin buna baxmayaraq, humanitar elmlərlə bağlı mövzu və problemləri İslam təlimləri istiqamətinə yönəltmək sahəsində iş aparırlar. Onlardan istifadə olunmalıdır; yəni həmin mərkəzlərlə əməkdaşlıq etmək lazımdır. Bizim bir-birimizin beyin məhsulundan istifadə etməyə ehtiyacımız var; yəni hazırda bu sahədə çalışan, araşdırmalar edən insanlar var (əlbəttə, mən sizin bu kimi mərkəzlərlə əməkdaşlıq edib-etmədiyinizi bilmirəm; bayaq çıxış edən cənablar da bu barədə heç bir məlumat vermədi; əməkdaşlıq edirsinizsə, çox yaxşı, etmirsinizsə, hökmən lazımdır), o mərkəzləri, həmin insanları tapıb üzə çıxarın və onlarla əməkdaşlıq edin, qoy onların da təcrübəsindən istifadə olunsun; onlar da müəyyən işlər görüblər. Bu da bir məqam. 

Mühüm olan digər bir məqam da var: humanitar elmlərin əsası son 2-3 əsrdə qoyulub və müəyyən şəxslər bu elmlər üzərində düşünüb, işləyib, ortaya müəyyən problemlər qoyub; bəzi humanitar elm sahələrinin yaranma tarixi isə heç 1 əsrə də çatmır və cəmi bir neçə onillikdir ki, onlar üzərində işlənir; yəni belə desək, müxtəlif humanitar elmlər adı altında bizə kənardan müəyyən nəzəriyyələr ixrac olunur; bizim özümüzə aid olan fəlsəfə, ədəbiyyat və sairdən başqa, müəyyən elmi problemlər qaldırılıb, üzərində düşünülüb, işlənib, ortaya mövzular qoyulub, bütün bu işlər görülüb, biz də indi onları gətirib, özünün dindən uzaq və bəzən də dinə zidd köklərindən ayıraraq Quran, din və vəhylə bağlı bir başlanğıca bağlamaq istəyirik. Bax bu, olduqca önəmlidir; bunun üçün başqalarının bu sahədə həyata keçirdiyi işlərdən əsaslı surətdə xəbərdar olmaq lazımdır. Biz bilməliyik ki, başqaları bu sahədə hansı işləri görüblər. Başqalarının gördüyü işlər, əldə etdiyi nailiyyətlər barədə məlumatlı olmaq bizim ehtiyac duyduğumuz şeylərdən biridir; bu istiqamətdə iş aparılmalıdır.

Bayaq qeyd olundu ki, konfransa 900-ə yaxın məqalə və referat təqdim olunub; lap yaxşı; bu say, həqiqətən də, diqqətəlayiqdir; lakin keyfiyyət kəmiyyətdən daha önəmlidir; yəni elə etmək lazımdır ki, sizin azər ayında (2) keçirəcəyiniz bu konfransın nəticəsi olaraq, bu problemlərin həllinə önəmli dərəcədə təsiri olacaq, bu sahədə düşünüb işləyən hər kəsin istifadəsinə verilə biləcək 20-30 dənə dolğun məzmunlu məqalə ortaya çıxsın.

Bir məqamı da qeyd edim: bu gün İslam dünyasında da bu sahələrdə iş görən mütəfəkkirlər var. Misal üçün, ərəb dünyasında, Hindistan yarımadasında humanitar elmlər sahəsində müəyyən işlər həyata keçirən filosof və mütəfəkkirlər yox deyil; bunu diqqətdən qaçırmaq olmaz. Sevindirici haldır ki, konfransınız beynəlxalq formatda keçirilir və sizin İslam dünyasının mütəfəkkirləri ilə etdiyiniz bu əməkdaşlığı hazırda bizim universitetlərimizdən bir çoxu etmir; yəni Camiətül-Mustafa Universitetinin belə bir xüsusiyyəti var ki, hansısa məsələni beynəlxalq miqyasda çox geniş bir müstəvidə irəli sürüb başqalarının fikirlərindən də faydalanmaq imkanına malikdir. Bu çox yaxşıdır; bundan, həqiqətən də, istifadə etmək lazımdır; yəni İslam dünyasında da bu sahədə işləyən adamlar var; misal üçün, bəzən Şimali Afrikadan, yaxud Qərbi Asiya regionundan, ərəb ölkələrindən bizə kitablar gətirirlər; həmin kitablarda çox dəyərli fikirlərə rast gəlmək olur; yəni hiss olunur ki, müəlliflər, doğrudan da, işləyiblər, araşdırıblar, düşünüblər, fikirlərindən istifadə etmək olar. Bizim bunların çoxundan xəbərimiz yoxdur; necə ki onlar da burada həyata keçirilən işlər barədə məlumatsızdır; yəni inqilabdan sonrakı bu 30-40 il ərzində, doğrudan da, yaxşı işlər görülüb; doğrudur, bizi də qane etmir, bu sahənin az işləndiyini biz də hiss edirik, bayaq siz də qeyd etdiniz, mən də bu fikirdəyəm ki, işlər qaneedici səviyyədə deyil, amma buna baxmayaraq, bu az həcmli işlər arasında da dəyərli olanlar var, bizim yaxşı kitablarımız var. Elə Qum Teoloji Mərkəzində, həmçinin bəzi digər yerlərdə hazırlanmış kitab və məqalələrə, tədris olunan dərslərə nəzər salanda bəzən çox gözəl, dəyərli işlərə rast gəlmək olur. Onların da bunlardan xəbəri yoxdur; İslam dünyası bizim burada həyata keçirdiyimiz işlər haqda əksərən məlumatsızdır. Zənnimcə, bu konfrans beynəlxalq əməkdaşlığı təmin etməsi ilə də çox dəyərli hesab oluna bilər. Bayaq cənab Rzayi İsfahani 2-3 mövzu təklif etdi; indi mənim ağlıma bir şey gəlmir, ona görə də həmin mövzularla bağlı fikir bildirə bilməyəcəyəm, amma sizin hələ azər ayına qədər vaxtınız çoxdur; xoşbəxtlikdən, əldə kifayət qədər fürsət var. Ola bilsin, mənim də ağlıma bir şey gəlsə, sonradan deyərəm. 

Hər halda, Allahdan sizə uğurlar diləyirəm. Bu gün Qumun gənc və yeni düşüncəli ruhani elm xadimlərinin həyata keçirdiyi işlər, həqiqətən də, çox dəyərlidir; çox. Onlardakı stimulu görəndə, fikirləri, işləri ilə tanış olanda insan bəzən, doğrudan da, Allaha şükür edir. Vaxt var idi ki, Qumda kimlərsə bu şeylər barədə düşünürdü (yeni ideyalar tamamilə yox deyildi; bəzi fikirlər yaranırdı), amma bunların nə vaxtsa gerçəkləşməyi insana yuxu kimi gəlirdi; həqiqətən də, yuxu kimi idi, ümid yox idi. Qumda, ondan kənarda, teoloji mərkəzlərdə bu cür işlərin həyata keçirilməsinə, həqiqətən, ümid etmək olmurdu. Bu gün isə, xoşbəxtlikdən, bütün bunlar reallaşır; bu gün ümumi bir hərəkat start götürüb. Düzdür, nöqsanlar var, iradlarımız yox deyil; bizim özümüzün, ruhanilərin, teoloji mərkəzlərin rəhbərliyinin, görkəmli teoloqların bəzən haqlı və yerli iradları olur, amma insafla demək lazımdır ki, bu günə qədər görülmüş işlər də olduqca dəyərlidir. Hər halda, Allahdan sizə uğurlar nəsib etməsini, inşallah, bu işi mümkün qədər yüksək səviyyədə, nöqsansız, dolğun, ictimaiyyətə təqdim oluna biləcək şəkildə başa çatdırmanız üçün yardımçı olmasını diləyirəm. İnşallah, biz də faydalanarıq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Birgə görüşlər çərçivəsində keçirilmiş bu görüşün əvvəlində Qum Teoloji Mərkəzinin rəhbəri Höccətül-İslam vəl-muslimin Əlirza Ərafi və konransın elmi katibi Höccətül-İslam Məhəmmədəli Rzayi İsfahani məruzə etmişlər. 
(2) Elmi katibin verdiyi məlumata əsasən, konfransın 09.09.1396-cı ildə keçirilməsi nəzərdə tutulur.