Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin “Əhli-Beytsevərlər və təkfirçilik” adlı konfransın iştirakçıları ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین و صحبه المنتجبین و من تبعهم باحسان الی یوم الدّین

Əziz qardaşlar, əziz bacılar! Çox xoş gəlmisiniz; hamınızı səmimi-qəlbdən salamlayıram. Siz burada öz evinizdə, öz qardaşlarınızın arasındasınız; biz dünyanın hər yerindəki müsəlmanlara bu gözlə baxırıq. Bir-birimizlə qardaşıq, sizi öz qardaşımız hesab edirik və Allahın köməyi ilə, bu günə qədər əməlimizdə də həmişə qardaş münasibəti nümayiş etdirmişik.

Bu konfransın mövzusu olan Əhli-Beytə (ə) sevgi son dərəcə əhəmiyyətli bir mövzudur. Əhli-Beyt (ə) sevgisi İslamda xüsusi olaraq hansısa qrupa aid deyil; Peyğəmbərin Əhli-Beytini bütün müsəlmanlar sevir; bütün müsəlmanların Əhli-Beytə mənəvi bağlılığı var. Tarixdə Əhli-Beytə qarşı çıxan yalnız nasibilər (2) adlanan azsaylı bir qrup olub ki, onların da böyük ehtimalla sözün əsl mənasında dini motivlərlə yox, siyasi motivlərlə hərəkət etdiyi güman edilir. İslamın yer üzünə gəldiyi ilk vaxtlardan bu günə qədər bütün müsəlmanlar Əhli-Beytsevər hesab olunur. Bax elə bircə bu cümlə bizim üçün dərsdir, öyrədici məna daşıyır. Bu cümlədən belə başa düşmək olur ki, Əhli-Beytə sevgi vasitəsilə müsəlmanları bir araya gətirmək mümkündür; bundan müsəlmanların birlik və müttəfiqliyinin mehvəri kimi istifadə etmək olar. İslam Peyğəmbərinin mübarək vücudu, habelə Quran və Kəbeyi-Şərif müsəlmanlar arasında vəhdət yaranması üçün vasitə və mehvər rolu oynadığı kimi, Əhli-Beytə sevgi də müsəlman birliyinin mehvəri ola, qəlbləri bir-birinə yaxınlaşdıra bilər.

Əziz qardaşlar, sizə deyim ki, bu gün İslam dünyasında bu birlik və həmrəyliyə kəskin ehtiyac duyulur. Bu gün İslam dünyasının bədəni yaralanıb; bu gün İslamın düşmənləri müsəlmanların öz arasında müharibə və konflikt yaratmaqla onları zəiflətməyi, başlarını özlərinə qataraq düşmənlərini axayın bir guşədə unutdurmağı bacarıb. Qərbi Asiyada qəsbkar İsrail rejimi arxayınca gün keçirir, müsəlmanlar isə bir-birinin canına düşüb! Bu günün həqiqət və reallığı budur; və bu, İslamın düşmənlərinin işidir; Amerikanın, beynəlxalq sionizmin, onların bu regiondakı uzantılarının, müttəfiqlərinin işidir. Son dərəcə böyük təəssüflə etiraf etməliyik ki, İslam ümmətinin, müsəlman ölkələrinin öz içində Amerikanın, sionistlərin dəyirmanına su tökənlər var; xərclərini öhdələrinə götürür, onlar üçün lazımi şərait hazırlayır, alətə çevrilirlər. Bütün bunlar nə üçündür? İslam ümmətini yaralamaq üçün. Belə bir şəraitdə müsəlman ümmətinin vəhdət və bölünməzliyi ən vacib məsələdir; biz bir araya gəlməliyik.

Əhli-Beytə sevginin kökü, əsasları Quran və hədislərə gedib çıxır; bu, yeni bir mövzu deyil. İslam təriqətlərinin yekdilliklə qəbul etdiyi “Səqəleyn” hədisində bizə Əhli-Beytə (ə) tabe olmaq tapşırılır:

 (3) اِنّی‌ تارِکٌ‌ فیکُمُ الثَّقَلَینِ کِتابَ اللهِ وَ عِترَتی اَهلَ بَیتی فَاِنَّهُما لَن یَفتَرِقا حَتَّی یَرِدا عَلَیَّ الحَوض

– “Mən sizə iki ağır əmanəti: Allahın kitabını və Əhli-Beytimi qoyub gedirəm. Onlar hovuz kənarında mənə qovuşanadək bir-birindən ayrılmayacaqlar!”

Lakin birini sevmədən ona tabe olmağın mənası yoxdur. Bu hədisdən Əhli-Beyti sevmək də lazım olduğu anlaşılır. Quranda buyurulur:

اِنَّما یُریدُ اللهُ لِیُذهِبَ عَنکُمُ الرِّجسَ اَهلَ البَیتِ وَ یُطَهِّرَکُم تَطهیرًا

“Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (“Əhzab” surəsi, 33-cü ayədən)

Allah-taala Əhli-Beyti günah və çirkinliklərdən uzaq, pak, pakizə görmək istəmişdir. Bu saflıq, bu təmizlik isə müsəlmanların Əhli-Beytə sevgi bəsləməsinə lüzum yaradır. Odur ki bu sevgi müsəlmanlar arasında vəhdət əldə olunması üçün gözəl bir vasitədir.

İslam düşmənləri müharibələri İslam dünyasının daxilinə çəkib gətirməyi qərara alıblar və təəssüflər olsun ki, buna nail olublar. Biz düşmənin bu məkrli planının qarşısında durmuşuq və duracağıq da! Və sizə onu da deyim ki, biz, Allahın köməyi, istəyi və izni ilə, bu qarşıdurmada düşmənlərə qalib gələcəyimizə inanırıq.

Bu gün Fələstin İslam dünyasının bir nömrəli problemidir. Fələstin məsələsini düzgün dərk və analiz edən hər kəs onun İslam dünyasının birinci dərəcəli problemi olduğunu etiraf edər. İslam düşmənlərinə üstün gəlməyin sirri Fələstin məsələsindədir. Və bu gün İslam dünyasının ən önəmli problemi Fələstin problemidir. Nəyə görə? Ona görə ki Fələstin  bir müsəlman ölkəsidir və bu ölkəni kənardan gəlib işğal ediblər, öz əhalisinin əlindən alıblar. Burada söhbət bir kəndin, yaxud bir şəhərin işğal olunmasından getmir; düşmən bütöv bir ölkəni işğal edərək onu bu regionun ölkələrində asayiş və təhlükəsizliyi pozmaq üçün mərkəzə çevirib; bu bədxassəli şişə qarşı mübarizə aparmaq lazımdır. Özünüz baxın: birisi “müfti” adı ilə çıxıb sionizmə qarşı mübarizə aparmağın haram olduğu, sionistlərə qarşı mübarizə aparan hansısa qrupa yardım etməyin caiz olmadığı barədə fətva verir! İslam dünyasında kimlərinsə bu şəkildə ümmətin mənafeyinə zidd hərəkətlər etməsi, İslamın düşmənləri ilə dostluq əlaqələri qurması, həqiqətən də, faciədir! Bu,  möminləri 

اَشِدّآءُ عَلَی الکُفّارِ رُحَمآءُ بَینَهُم‌

– “Kafirlərə qarşı çox sərt, öz aralarında həlim və mehriban olarlar” (4) deyə tanıdan Quran ayələrinin açıq-aydın bəyanına ziddir. Bunlar əksinə:

اشدّاء علی المسلمین و رحماء با کفّار

– müsəlmanlara qarşı həddən artıq sərt, kafirlərə qarşı isə mehribandırlar. Kafirlərlə araları yaxşıdır, müsəlmanlara nələr etdiklərini isə özünüz görürsünüz: bütün bu konfliktlər, İraqda, Suriyada və digər bölgələrdə yaradılmış İŞİD və sair bu kimi çirkin özəklər!

Əlbəttə ki, İraq və Suriyada bu çirkin özəklər məhv edildi, amma nə vaxtsa başqa bir yerdə təzədən bu “dəstgahı” qurmayacaqlarına arxayın olmaq olmaz. Amerika İslamla düşmənçilikdən əl götürməyəcək. Sayıq və ehtiyatlı olmalı, hazırlığımızı daim qorumalıyıq; qəflətən yaxalanmağımız yaramaz. Əmirəl-möminin (ə) “Nəhcül-bəlağə”də buyurur:

 (5) وَ اللهِ لَا اَکونُ کَالضَّبُعِ تَنامُ عَلیٰ طولِ اللَدم

Biz belə olmalıyıq; yuxuya gedə, qəflətdə ola bilmərik. Düşmənin hiylələrini diqqətdən qaçırmamalı, sayıq olmalıyıq.

Sayıqlığın da öz tələbləri var; bu tələblərdən biri bayaq qeyd etdiyim həmin o sevgi və qardaşlıqdır; bir-birimizə bu cür yanaşmalıyıq. Bu sevgi İslam dünyası ilə açıq-açığına düşmənçilik edən və ya o düşmənlərə kömək edən ünsürlərə qarşı hamılıqla mübarizə aparmağımızı zəruri edəcək. Siz müxtəlif ölkələrdə bu psixologiyanı təbliğ etməlisiniz; müsəlmanlarda mübarizə və müqavimətə hazırlıq ruhunu qorumalı, məhv olmasına imkan verməməlisiniz. Mən “hər yerdə müharibə olsun” demirəm; auditoriyanızı – sizi eşidən insanları bu gün İslam dünyasında mövcud olan həqiqətlərlə tanış edin. Biz bu vəzifəni yerinə yetirməkdən əsla əl götürməyəcəyik; biz bu vəzifəni bir kənara buraxmayacağıq və əminik ki, Allah-taala bu işin irəliləməsində bizə yardımçı olacaq.

یٰاَیُّهَا الَّذینَ ءامَنوا لا تَتَّخِذوا عَدُوّی وَ عَدُوَّکُم اَولِیآءَ تُلقونَ اِلَیهِم بِالمَوَدَّة

“Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun”. (“Mumtəhinə” surəsi, 1-ci ayədən)

– deyə buyuran Quran ayəsinin əksinə hərəkət edərək müsəlmanlara, İslama, Allaha düşmən olan şəxsləri dost tutub, onlarla xoş münasibət quranlar İslamın müsəlman cəmiyyətinin öz içindəki həqiqi düşmənləridir.

Allaha şükürlər olsun ki, bu gün İslam dünyası oyanıb. Müxtəlif müsəlman ölkələrindəki biz müsəlmanlar nəhəng bir reallığı təşkil edirik; biz küfr və imperializmin nəzərə almağa məcbur olduğu bir reallığıq. Bu gün İslam dünyası küfr və imperializmin qarşısında duraraq öz sözünü deyə bilər. Əlhəmdulillah, İran coğrafiyasında “İslam dövləti” adlanan və öz islami əsasları, islami mahiyyəti ilə fəxr edən bir hökumət quruluşu mövcuddur. Əlbəttə ki, biz ölkədə İslamın hakimiyyətini reallaşdırmaqda hələ bütün arzularımıza çatmamışıq.  Biz hələ yolun ortasındayıq, yarıyoldayıq, amma məqsədimiz İslamın bütün hədəflərini gerçəkləşdirmək, İslam şəriətinin hakimiyyətini tam olaraq bərqərar edilməsinə nail olmaqdır. Bizim hədəfimiz budur, Allahın köməyi və izni ilə, bu hədəfi daim izləyəcəyik və bunun özü İslamın düşmənləri üzərində qələbəmiz üçün vasitə olacaq, inşallah. Bu gün burada bu reallıq mövcuddur.

Əziz qardaşlar, əziz bacılar! İslam Respublikasının yaranmasından 40 ilə yaxın vaxt ötür; Amerika, küfr, sionizm və imperializm cəbhəsi ilk gündən bu günə qədər bizimlə düşmənçilik edib; əlbir olaraq əleyhimizə məkrli planlar qurublar, bizə qarşı əllərindən gələn bədxahlığı ediblər: sanksiya qoyublar, hərbi hücum ediblər, cürbəcür işlər görüblər. Lakin onların bütün səylərinə rəğmən, 40 ilə yaxın bu müddət ərzində biz daim inkişaf etmişik, irəli getmişik. Allahın köməyi sayəsində, bu gün İslam Respublikasının əldə etdiyi nailiyyətlər 30-35 il bundan əvvəlki ilə müqayisə belə oluna bilməz. Onlar bizi aradan götürmək istəyirdilər, Allah-taala isə əksinə, bizi daha da qüvvətləndirib, bizə güc verib, bizi arzuladığımızdan da güclü edib. Əlhəmdulillah, bu gün İslam Respublikası öz ayaqları üzərində durub, son dərəcə qüvvətli və qüdrətlidir. Biz sözümüzü açıq deyir, dediyimiz sözün üstündə durur və varlığımıza, iştirakımıza, küfr və imperializmə qarşı mübarizə üçün köməyimizə ehtiyac duyulan istənilən yerdə köməyimizi əsirgəmirik. Bunu küfr və imperializm dünyası qarşısında çəkinmədən, açıq-aşkar deyirik də; biz heç kimi və heç nəyi nəzərə almadan açıq danışırıq. Bu gün İslam dünyasında belə bir reallıq mövcuddur və ümidvarıq ki, bir gün Fələstin öz xalqına geri qaytarılacaq, Fələstin xalqı öz torpağının sahibi olacaq, fələstinli qaçqınlar yurd-yuvasına dönəcək. O gün İslam dünyasında böyük bayram və şadyanalıq günü olacaq; həmin gün imperializmə onun belini qıracaq əsl zərbə vurulacaq. Biz bunun üçün çalışır, bunun üçün işləyirik; inşallah, o gün gələcək. Əziz qardaş və bacılar, hamınızı bir daha salamlayıram, hamınıza Allaha əmanət olun deyirəm və ümidvaram ki, inşallah, sizin bu konfransınız mübarək bir tədbir olacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Cari ildə azər ayının 1-i və 2-sində keçirilmiş “Əhli-Beytsvərlər və təkfirçilik” adlı konfransla əlaqədar təşkil olunmuş bu görüşün əvvəlində Ümumdünya İslami Oyanış Cəmiyyətinin baş katibi Dr. Əliəkbər Vilayəti məruzə etmişdir. 
(2) Əhli-Beyt (ə) düşmənləri. 
(3) “Əmali-ye Səduq”, səh. 415. 
(4) “Fəth” surəsi, 29-cu ayədən. 
(5) “Nəhcül-bəlağə”, 6-cı xütbə; “Allaha and olsun ki, mən ovçular tərəfindən daş və çubuq səsləri ilə yuvasında yuxuya verilib, qəfil  yaxalanan kaftar kimi deyiləm”.