Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin bəsic komandirləri və bəsicilərdən bir qrupu ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

 
بسم‌اللّه‌الرّحمن‌الرّحیم .الحمدللّه‌ ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة ‌اللّه فی الارضین

• Bəsicin potensialı onun ölkədə müxtəlif sferalarda iştirak etmək bacarığını göstərir.

Çox xoş gəlmisiniz; bugünkü görüşümüz, həqiqətən də, çox faydalı və öyrədici bir görüş idi. Bu görüş göstərdi ki, İslam İnqilabı sayəsində və İmam Xomeyninin təşəbbüsü ilə ərsəyə gəlmiş misilsiz bir təzahür olan bəsic ölkədə ehtiyac duyulan ən müxtəlif sferalarda fəal iştirak etmək potensialına malikdir; bəsic bir çox çətin açılan düyünləri açmağa qadirdir. Bu gün çıxış edən insanlar öz söhbətlərində əslində ölkədə ehtiyac duyulan əksər sferaları işıqlandırdılar; faydalı və bir çoxunun icrası real olan təkliflər irəli sürüldü. Əlbəttə ki, inşallah, dostlarımızın bu fikirləri, bu təklifləri ilə bağlı bir işçi qrup təyin etmək lazımdır; qoy bu təklifləri hərtərəfli araşdırsınlar, nəzərdən keçirsinlər və reallaşması üçün zəmin yaratsınlar. Çıxış edən qardaşlarımızın hamısına və o möhtərəm bacımıza səmimi təşəkkürümü bildirirəm.

• İstənilən ölkədə son sözü insan sərmayəsi deyir.

Qeyd olunduğu kimi, bəsic çox önəmli, çox dərin bir məsələdir. Bəsic – səfərbərlik, hansısa bir işdə nəzərdə tutulan məqsədə çatmaq uğrunda bütün imkanları bir araya gətirmək, bütün potensialını səfərbər etmək deməkdir; bəsicin mənası budur. Əgər İslam İnqilabında bu gün bizim sahib olduğumuz hər şeyin olmasına rəğmən, bəsic – ümumxalq səfərbərliyi olmasaydı, heç şübhəsiz, işlərdə önəmli bir dərəcədə axsama olardı. Əlhəmdulillah, bu gün effektiv bir qurum olan Bəsic Müqavimət Təşkilatı ümumxalq səfərbərliyinin bir simvolu, təşkilatlanmış bir göstəricisidir. Bu təşkilat bir sıra önəmli vəzifələr daşıyır. Bu böyük, həssas və mühüm vəzifələr bütün sferaları əhatə edir. Bu hərəkat, bu təşəbbüs təkcə gənclərə, təkcə kişilərə aid deyil; Bəsic Müqavimət Təşkilatı adı verilmiş bu strateji təşkilatlanmaya gənc, yeniyetmə, ortayaşlı, qoca, kişi, yaxud qadın olmağından asılı olmayaraq, hər kəs daxil ola bilir. İstənilən ölkədə, istənilən dövlətdə son sözü insan sərmayəsi deyir. Dünyanın maddi cəhətdən inkişaf etmiş ölkələri özlərinin zəhmətkeş, aktiv, tənbəlliyi bir kənara qoyub işləmək yolunu  tutmuş insan potensialı (hərçənd dünyəvi həyat üçün, pul və dünyəvi nemətlər uğrunda olsa belə), bu insan potensialının ardıcıl əməyi və bacarığı sayəsində maddi baxımdan yüksək bir status əldə etmişlər; bu, eynilə Allah-taalanın verdiyi vəddə də öz əksini tapır. İlahi vəddə deyilir ki, hər hansı bir toplum, hər hansı bir cəmiyyət dünya nemətlərini arzulasa və bunun üçün çalışsa, istədiyinə çatar; mənəvi dəyərlər və həqiqi yüksəliş arzulayıb bunlar üçün çalışanlar da bu istədiklərini əldə edər: 

کُلًّا نُمِدُّ هٰؤُلآءِ وَ هٰؤُلآءِ مِن عَطآءِ رَبِّک

“Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik”. (“İsra” surəsi, 20-ci ayə)

Allah-taala həm dünya nemətlərinin arzusunda olanlara kömək edir, həm də dəyərlərin, mənəvi yüksəlişin arzusunda olanlara; intəhası, əzmi, təpəri yalnız maddi həyatın məhsulları üçün çatanlar yalnız bu şeyləri əldə edə bilir, həqiqi həyatın mənasını anlamır, mənəviyyatı dada bilmir; əlbəttə ki, belədir.

• İslam İnqilabının irəli sürdüyü təklif: bəşəriyyət ilahi dəyərləri qoruyaraq da maddi tərəqqiyə yetişə bilər.

İslam İnqilabı bəşəriyyətin yaşamı üçün yeni bir təklif, yeni bir söz idi. İmperializmin əsiri, öz iqtidarını qoruyub saxlamaq üçün insanları əxlaqi və ideoloji cəhətdən məhvə sürükləyən imperialistlərin güc sınama oyununun qurbanı olan dünyanın yeni bir sözə ehtiyacı var idi. Bu yeni sözü düşünüb ortaya qoyan isə İslam İnqilabı oldu. Bu yeni söz, yeni fikir ondan ibarətdir ki, bəşəriyyət Allahın razılığını qazanıb ilahi dəyərləri qoruyub saxlamaqla da maddi tərəqqiyə, elmi irəliləyişlərə, insanın dəyər və məqamına uyğun inkişafa nail ola, dünyanı imperialistlərin, mənəviyyatdan uzaq olan siyasətçilərin yaratdığı cəhənnəmdən xilas edib bəşəriyyət üçün cənnətə çevirə bilər; arxayınlıq, təhlükəsizlik və asayişin hökm sürdüyü, hər kəsin öz öhdəsinə düşən vəzifəni hiss etdiyi, Allah-taala ilə rabitədə olduğu bir cənnətə. İslam İnqilabının dünyaya çatdırmaq istədiyi mesaj budur.

• İslam Respublikası İslam cəmiyyətinin “vaciblər”ini və “olmaz”larını bir arada toplamaq üçün nəzərdə tutulan bir quruluşdur.

Əlbəttə ki, bu mesajı reallaşdırmaq mərhələsi gəldiyi zaman ortaya bir sıra “vaciblər” və “olmazlar” çıxır. Belə bir dünya yaratmaq üçün ədalətsizlik, istibdad, təbəqələşmə, fiziki həvəslərə aludəçilik, əməli və ideoloji cəhətdən çürüklük olmamalıdır; belə bir cəmiyyətin formalaşdırılması üçün zəruri olan “olmazlar” bunlardır. Bu işin “vaciblər”i də var: ixlas olmalıdır, öhdəsinə düşən vəzifəni hiss etmək olmalıdır, çalışqanlıq olmalıdır, əzmkar mübarizə, gərgin əmək olmalıdır, Allah-taalanın razılığını əldə etmək əsas hədəf olmalıdır. Bunlar da “vaciblər”dir.

Bütün bu “olmaz”ları, “vacib”ləri, dəyərləri, arzuları, hədəfləri özündə cəmləşdirə bilən konstruksiya isə “İslam Respublikası” ifadəsi idi; İmam Xomeyni (r.ə) də elə buna görə belə buyurmuşdu: “İslam Respublikası! Nə bir kəlmə artıq, nə bir kəlmə əskik!” Respublika – yəni xalqın gücünə, xalqın iradəsinə, xalqın imanına, xalqın təşəbbüsünə arxalanmaq; yəni insan sərmayəsinə – inkişafın ən önəmli amilinə söykənmək ; və İslam – yəni Allah naminə, Allah yolunda, Allahın razılığını əsas götürərək, ilahi, islami dəyərlər çərçivəsində hərəkət etmək. İslam Respublikasının mənası budur; bu, dünyada yeni bir söz idi. İslamdan dəm vuranlar dünyada o vaxt da var idi, indi də var; sayları da çox idi, kifayət qədər də müxtəlif idilər; amma konkret olaraq hansısa ölkədə siyasi quruluş formasında reallaşan İslamla cahil və tağut mahiyyətli bir rejim daxilində, real həyatın günah və azğınlıq şəraitində davam etməsi fonunda cürbəcür yazılar, məqalələr, çıxışlar formasında yayılıb təbliğ edilən İslam arasında fərq var; bu ikisi bir-birindən xeyli dərəcədə fərqlənir. İslam Respublikası İslamı – müsəlmanların arzuladığı İslamı müəyyən coğrafi hüdudlar daxilində, yəni İran adlı bir ölkədə siyasi quruluş formasında reallaşdırıb. Bu, Allahın yardımı və istiqamətləndirməsi, dahi liderimiz İmam Xomeyninin ayıq-sayıqlığı və xalqımızın fədakarlığı sayəsində mümkün olub; məhz bu amillər sayəsində İslam dövlətinin əsası qoyulub, ilkin layihəsi qurulub.

• Bəsic İslam Respublikasının tam reallaşdırılmasında mövcud olan çatışmazlığı təmin edir.

Əlbəttə, o əsas və başlıca məqsədə çatmağımız üçün o zaman da, elə indinin özündə də kilometrlərcə yol var; eybi yoxdur; biz irəli gedib bu məsafəni qət etməliyik. İslam dininin yer üzünə gəlişinin özü də bu cür olub. Peyğəmbəri-Əkrəm (s) Mədinədə İslam hökumətini qurduğu gün də o mərhələdə və o coğrafiyada İslamın bütün hədəfləri reallaşmamışdı, Peyğəmbərin mübarək ömrünün sonlarına qədər də elə bu cür oldu. Bunlar tədricən gerçəkləşməli idi və gerçəkləşirdi; bu, lazım olan iradəli, əzmkar insan potensialının olub-olmamağından asılıdır. Bəsic məhz bu çatışmazlığı təmin edir. Bəsic bir ölkənin insan potensialını təşkil edən ayrı-ayrı fərdlərin ali hədəfləri gerçəkləşdirməyi öz vəzifələri hesab etməsi deməkdir; müxtəlif sferalarda çalışan hər kəs: hərbçi olanı, olmayanı, Ordusu, Keşikçi Korpusu, Polis Qüvvələri, ölkənin müxtəlif sferalarında, müxtəlif meydanlarda cürbəcür işlərdə çalışan cürbəcür zəhmətkeş insanlar özlərində məsuliyyət hiss edib bu hərəkatı, bu hədəfi, bu prinsipi rəhbər tuturlarsa, deməli bəsicidirlər. Əlbəttə, qeyd etdiyim kimi, Bəsic Təşkilatı başqa bir məsələdir. Bu, bir simvoldur, konkret işlər görən bir qurumdur, “bəsic” sözü, “bəsici” adı isə xalqın çalışan, fəal olan hər bir üzvünə aiddir.

• Bəsici müqavimət qüvvələrinin təşkilatlandırılması və hərtərəfli yanaşması cəmiyyətin dinamikliyi, İslam Respublikasının öz ali hədəflərinə çatması üçün şərait yaradır.

İslam İnqilabı Keşikçiləri Korpusunun daşıyıcı sütunlarından biri olan Bəsic Müqavimət Təşkilatına gəlincə, bu, çox lazımlı, önəmli və effektiv bir qurumdur. Bu gün burada iştirak edən sizlərdən hər biriniz düşünən bir beyinin, bir iradənin, bir istəyin, bir əqidənin, bir təşəbbüs ruhunun daşıyıcılarısınız. Hələ xalq arasında da bu gün bura təşrif gətirənlərdən yüz, bəlkə min dəfə çox insan var ki, eyni xüsusiyyətlərə malikdir və əksəriyyətini də gənclər təşkil edir; yəni hər biri bir təfəkkür, bir əzm, bir iman, bir iradə, bir qurub-yaratmaq, hərəkət etmək gücüdür. Mühüm olan odur ki, bütün bu qüvvələr, bütün bu əzmlər bir-birinə yardıma tələsərək səmərəli əməkdaşlıq etsin. Keşikçi Korpusa daxil olan Bəsic Müqavimət Təşkilatı məhz bunun üçündür, bu güclərin, bu əzmlərin, bu bacarıqların koordinasiyasını təmin etmək və onları lazımi fəaliyyət sahələrinə yönəltmək  vəzifəsini daşıyır; Bəsic Təşkilatının vəzifəsi budur.

Gördüyünüz kimi, bizim sənaye, kənd təsərrüfatı, incəsənət, quruculuq və sair müxtəlif sferalarda həm deməyə sözümüz (deyiləsi sözlərdən bir hissəsini bayaq dostlarımız burada qeyd etdilər), həm də ehtiyaclarımız var. Özümüzü, ölkəmizi İslam Respublikasının o gerçək və ülvi məqsədlərinə çatdıra bilmək üçün bizə hərəkət etmək, yeni-yeni ideyalar ortaya qoyub qərarlar qəbul etmək, qırılmaz əzm lazımdır; o hədəflərin hamısına yetişmək üçün hərəkət etməyə, dinamizmə ehtiyac var. Bu dinamizm bəsici qüvvələrin təşkilatlandırılması və hərtərəfli yanaşması ilə gerçəkləşir. Birdən-birə baxırsan ki, ölkənin müxtəlif sferalarında bir neçə milyon imanlı, gözüaçıq, ixlaslı insan tərəfindən genişmiqyaslı bir quruculuq, istehsal, inkişaf hərəkatına başlanıb. Bu, çox önəmli və bərəkətli bir şeydir! Bəsici müqavimət qüvvələri budur və onların öhdəsinə düşən ağır vəzifə bundan ibarətdir.

• Ümumi bir prinsip: haqq düşmənlərinin düşmənçiliyi heç vaxt bitməyəcək.

Əzizlərim! Allahın, haqqın düşmənlərinin düşmənçiliyi heç vaxt bitməyəcək; bu düşmənçilik var. Allahın düşmənlərinin öz bədxah əməllərinə keçib-keçməməyi ədavət və düşmənçilik üçün nə dərəcədə imkanları olub-olmadığı barədə götür-qoy edib gəldikləri nəticədən asılıdır. Qarşı tərəfdə zəiflik sezsələr, düşmənçilik etmələri üçün imkan olduğunu hiss etsələr, heç kimi və heç nəyi nəzərə almadan hərəkətə keçəcəklər. “Düşmən” sözünün dilə gətirilməsindən narahat olanlar, “Bu qədər “düşmən, düşmən” demək nəyə lazımdır?” – deyənlər bu məsələdən bixəbərdirlər! Düşmənin macal tapan kimi heç düşünmədən zərbə endirəcəyini bilmirlər. Bu imkanı ona yaratmaq olmaz; düşmənin önündə bizim heç bir hərəkətimiz, sözümüz, vəziyyətimiz onu bizə qarşı ədavətə keçib zərbə vurmağa təşviq etməməlidir. Bu, bir prinsipdir; daimi və məntiqi bir prinsip.

Görüşümüzün başlanğıcında Qurani-Kərimin bu şərif ayələri oxundu:

رَبَّنَا اغفِر لَنا ذُنوبَنا وَ اِسرافَنا فی اَمرِنا وَ ثَبِّت اَقدامَنا وَ انصُرنا عَلَی القَومِ الکٰفرین

“Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddimizi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et”. (“Ali-İmran” surəsi, 147-ci ayədən)

Allah-taala ayağa qalxıb müqavimət göstərənləri, müqavimət meydanında peyğəmbərlərlə çiyin-çiyinə döyüşən, Allah-taaladan yardım istəyərək hərəkət edən qəhrəman savaşçıları mübariz olduqlarına görə hər zaman mükafatlandırmışdır.

فَئاتٰهُمُ اللّهُ ثَوابَ الدُّنیا وَ حُسنَ ثَوابِ الأخِرَة

“Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini (Cənnəti) verdi”. (“Ali-İmran” surəsi, 148-ci ayədən)

Allah-taala Onun yolunda çalışıb-vuruşanlara təkcə Behişti vermir! Bu işin savabı yalnız axirətə aid deyil, bu dünyada da savabı var! Bəs bu dünyadakı savabı nədir? Xalqın, ölkənin hörməti, nüfuzu, iqtidarı, başıucalığı. Dünyadakı savab odur ki, İslam Respublikası bu 38 il ərzində hər gün düşmənin məkrli planları ilə qarşı-qarşıya olub (biz inqilabın qələbə çaldığı ilk gündən bu günə qədər daim düşmənlərin, yəni dünya imperializminin, sionizmin, irticanın və sairin  cürbəcür bədxah əməlləri ilə üz-üzə qalmışıq), buna baxmayaraq, bu gün inqilabın əvvəlindəki ilə müqayisədə müxtəlif sferalarda yüz, hətta demək olar ki, min dəfələrlə daha irəli gedib, daha güclü və bacarıqlı olub. Mən istərdim ki, ölkədəki məsələlər düzgün analiz edilsin! Bəziləri hər şeyi baş-ayaq təhlil edirlər. Tutalım, hansısa sahədə kimdəsə imansızlıq, əqidəsizlik, etinasızlıq müşahidə edən kimi, bunu ölkədə inqilabın və İslam Respublikasının zəiflədiyinə sübut kimi götürürlər; amma belə deyil; düşmənlər, müxaliflər inqilabın əvvəlindən bəri olub. Bu gün isə düşmən hər tərəfdən hücumlarını daha da gücləndirib, daha da kəskinləşdirib, amma buna baxmayaraq, özünüzün də gördüyünüz kimi, bu gün ölkəmizdə mömin gənclər çox gözəl, mübarək və effektiv bir hərəkat həyata keçirirlər!  Aradan 38 il ötəndən sonra heç vaxt İmam Xomeynini görməmiş, inqilabın və Müqəddəs Müdafiə dövrünün öz gözləri ilə şahidi olmamış gənclərin ölkədə gedən ictimai-siyasi proseslərdə bu cür yaxından, fəal iştirak etməyi, regiona belə, təsir göstərə bilməyi, həqiqətən də, İslam İnqilabının möcüzələrindən biridir. İslam Respublikası – yəni elə siz gənclər regionda imperialist Amerikanı diz çökdürə, məğlub edə bildiniz. Onların hazırladığı bütün planlar, bütün səyləri bu regionu islami, inqilabi təfəkkürdən uzaqlaşdırmaq üçün idi. Bütün bunların hədəfi əslində regionda genişlənməkdə olan bu inqilabi təfəkkürü, müqavimət ideologiyasını yox etmək, məhv etmək idi, lakin əksinə oldu!

Siz Suriya və İraqda gedən prosesləri, düşmənlərin bu regionda müqavimətin əleyhinə işlədə bilmək üçün əmələ gətirdiyi “bədxassəli törəməni” dəf etməyə, neytrallaşdırmağa müvəffəq oldunuz; gənclər bunu bacardı; məhz mömin gənclər. Böyük şövq və emosionallıqla bu mücahidə meydanına qoşulub düşməni diz çökdürənlər əslində elə bəsici ruhiyyəsindən, bəsicin gücündən bəhrələnənlər idi.

• Bəsicilər elm, sənaye, kənd təsərrüfatı, xidmət sektoru, mənəviyyat, mədəniyyət, incəsənət və sair bu kimi meydanların avanqardlarıdır.

Bütün sferalarda bu cürdür. Bizdə elm, texnologiya, sənaye, kənd təsərrüfatı, xidmət, quruculuq, mədəniyyət, mənəviyyat, incəsənət kimi sferalarda iş görmək üçün həddən artıq genişmiqyaslı meydan var. Bu işləri həyata keçirmək bu meydanın avanqardları olaraq məhz siz bəsici qardaş və bacılarımızın öhdəsinə düşür. Ölkədə Bəsic Təşkilatının üzvü olmayan milyonlarla insan var ki, potensial olaraq bəsicidirlər; bəsic sıralarında hesab olunmasalar da, bu meydanlarda iştirak etmək potensialı o insanlarda da var. Bu, hazırda ölkəmizin sahib olduğu fövqəladə bir potensialdır. Bu potensialı, bu sərmayəni bizə bəxş etdiyi üçün Allah-taalaya şükürlər edirik.

• Bəsicilər üçün zəruri olan bəzi xüsusiyyətlər.

Bəsici qoruyun. Hər bir bəsici üçün zəruri olan, təqdirəlayiq və şükürlər olsun ki, bu günə qədər bəsicilərimizdə özünü göstərmiş xüsusiyyətləri qoruyun. Həmin xüsusiyyətlərdən biri gözüaçıqlıqdır; düşməni tanımaq, onunla mübarizənin yollarını bilməkdir; düşmənin məkrli planlarını anlamaqdır. Mömin gənclərimiz bilməlidir ki, düşmənin metodlarından biri də onlarda şəxsi həyat, ailə və sairlə bağlı məsələlərdə İslam dininin əməli dəyərlərinə qarşı etinasızlıq yaratmaqdır.

Düşmənin metodlarından biri də gənclərimizdə pessimizm, ümidsizlik yaratmaq, onlara “biz bacarmayacağıq”, “bunların qarşısında durmaq mümkün deyil” və sair bu kimi fikirlər təlqin etməkdir. Gördüyünüz kimi, təəssüf ki, bir qrup adam da düşmənə ruporluq edərək cəmiyyətdə bu fikirləri yaymağa çalışır. “Bunların qarşısında durmaq olmaz”; niyə olmur? İslam Respublikası düşmənlərin hegemonluğu və haqsız tələbləri qarşısında duraraq bütün hallarda onlara qalib gəlib! Necə olur ki, siz: “Mümkün deyil” – deyirsiniz? İran xalqı bu ölkədə dərin köklər atmış çirkin bir ağac olan monarxiya rejimini  kökündən qopararaq bir kənara atmağa müvəffəq olub; halbuki o rejimin arxasında Amerika, Avropa, regiondakı mürtəce dövlətlər dururdu. İran xalqı küfr, dinsizlik və əqidəsizlik içində çalxalanan bir dünyada mənəvi dəyərlər əsasında bir hökumət qura və onu bu günə qədər qoruya bilib. Bu ölkədə İslam Respublikasını bütün aspektləri ilə qoruyub saxlamağı və günbəgün daha da inkişaf etdirməyi bacarıb. Bu dövlətə güc və iqtidar qazandıracaq amilləri ərsəyə gətirməyə müvəffəq olub. İqtidarın amilləri elmdir, hərbi-müdafiə imkanlarıdır, başqa xalqların düşüncəsinə nüfuz edə bilmə bacarığıdır. İslam Respublikası özündə bütün bu amilləri təmin edə bilib, sizin necə diliniz gəlir ki, “bacarmayacağıq” deyirsiniz? Bundan sonra da elə bu cür olacaq; Allahın köməyi ilə, bundan sonra da İslam Respublikası qarşıya qoyduğu bütün ali hədəflərə yetişməyə müvəffəq olacaq. Siz gənclərin, bu gün, əlhəmdulillah, ölkəmizdə var olan və geniş yayılmış mömin nəslin sayəsində. Biz bacaracağıq; dəfələrlə bunun təcrübədə də şahidi olmuşuq. Bu, sırf bir ideal, bu günə qədər olmayan bir şeyə inam deyil, biz öz gözlərimizlə şahid olmuşuq ki, bacarırıq. Bəziləri super-dövlətlərdən çəkinərək pessimistcəsinə deyirlər ki, böyük dövlətləri nəzərə almaq lazımdır. Xeyr; Amerika, sionizm, ərəb irticası və digərlərinin regionumuzda ard-arda həyata keçirdiyi məkrli planları özünüz gördünüz; hamısı İslam Respublikasının güc və iqtidarı sayəsində aradan götürüldü. Həmin planlardan biri də insanlığa zidd təkfirçi İŞİD qruplaşması məsələsi idi ki, Allaha şükür, əzmkar gənclər, möminlər, müqavimətin gücünü qəbul edən insanlar tərəfindən məhv edildi. Bu, xırda bir məsələ deyil, çox böyük bir işdir! Hətta ətrafımızdakı ölkələrin özündə də bəzən bunu etməyin, belə bir hərəkatı reallaşdırmağın mümkünlüyünə inanmırdılar, amma məcbur qaldılar, meydana girdilər, uğur qazandılar, inandılar. İslam Respublikasının, İslam İnqilabının mesajı xalqlara bu cür əməli surətdə çatdırılır! 

Gözüaçıq olmaq lazımdır – bu, vacib şərtlərdən biridir – çalışıb-vuruşmaq lazımdır, möhkəm və sabitqədəm olmaq lazımdır. Mənim əzizlərim! Bu yolda möhkəmlik, sabitqədəmlik irəliləyişin ən mühüm və vacib şərtlərindəndir. Çalışın ki, olduğunuz mühiti, ətrafınızı, sizinlə əlaqədə olan insanları və ən başlıcası, özünüzü, öz qəlbinizi bu yola, bu ideallara, bu ali hədəflərə qarşı vəfalı və sabitqədəm vəziyyətdə qoruyub saxlayasınız. Siz, mütləq, qalib gələcəksiniz; qələbə, mütləq, sizin olacaq! Və mənim gözümün önündə o gün canlanır ki, indi bizim “görmək lazımdır”, “görüləcək” dediyimiz işlər barədə, inşallah, siz əziz gənclər: “Bu işlər həyata keçirildi”, “Bu işlər görüldü” – deyə danşacaqsınız. Bu gün bizim iqtisadi sahədə görüləsi işlərimiz çoxdur; bizim zəif cəhətlərimiz olan istehsal, məşğulluq və sair bu kimi sahələrdə görüləsi işlər çoxdur; mədəniyyət sahəsində görüləsi xeyli iş var. Bu gün bu işlər planlama, start vermə, ilk addımların atılması mərhələsindədir, amma gün gələcək, inşallah, bütün bu işlər ən yüksək səviyyədə həyata keçiriləcək. İnşallah, çox da uzaq olmayan o gündə gənc və mömin kadrlarımız ölkədəki iqtisadi problemləri həll etməyə, elmi nailiyyətləri daha da artırmağa, mədəniyyət baxımından İslam İnqilabının qabaqcıl mədəni məzmununun, Quran məfhumlarının və İslam təlimlərinin dominantlığını ölkənin dörd bir yanında genişləndirməyə  müvəffəq olacaq; düşmənlərimizə göz dağı olaraq, inşallah, bütün bu işlər həyata keçiriləcək, reallaşdırılacaq. Əlbəttə ki, düşmənlər hər gün ortaya yeni bir hiylə, yeni bir məkrli plan atacaq; bizim təşəbbüskar, mömin, iş görməyə hazır qüvvələrimiz düşmən yeni bir hiyləgər planın icrasına başlamazdan əvvəl hazırlıqlı olmalıdırlar; həm düşmənin cavabını verməli, həm də edə biləcəklərinin qarşısını almalıdırlar.

İnşallah, Allah sizi qorusun, sizə böyük qalibiyyətlər göstərsin. Allah-taala əziz şəhidlərimizin – istər Suriya və İraqda gedən müharibələrdə o ölkələrin öz əhalisindən və ya başqa ölkələrdən döyüşlərə qatılaraq şəhid olmuş mömin gənclər olsun, istərsə də ölkəmizin öz daxilində çalışıb-vuruşaraq şəhid olmuş insanlar – hamısının ruhlarını Qiyamət günü məhşərə övliyaları ilə birgə gətirsin, İran xalqının hörmətini, nüfuzunu, uğurlarını, yüksəlişini, vüqarını və başıucalığını günbəgün daha da artırsın, inşallah. Və bu yolu bizə açmış dahi liderimiz İmam Xomeyninin (r.ə) məqamını axirət aləminin ən ali dərəcələrində günbəgün daha da yüksəltsin, bizə də o bəxtəvər şəhidlər karvanına yaxınlaşmaq üçün mənəvi güc versin, inşallah.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_______________________

(1) Bəsic həftəsi münasibətilə keçirilən bu görüşün əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandiri general-mayor Məhəmmədəli Cəfəri, Bəsic Təşkilatının sədri briqada generalı Qulamhüseyn Qeybpərvər, eləcə də bəsicilərdən bir neçəsi çıxış etmişlər.