Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Qlobal İmperializmə Qarşı Milli Mübarizə həftəsi ərəfəsində tələbə və şagirdlərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین

Əziz gənclər, əziz balalar, əziz qardaş və bacılar, əvvəla, çox xoş gəlmisiniz; öz ruhiyyənizlə tariximizin həlledici, effektiv və önəmli günlərindən biri olan 13 aban hadisələrinin xatirəsini bir daha canlandırdınız. Əziz gənclər, sizinlə görüşümüzdən son dərəcə böyük sevinc və məmnunluq duyuram.

İkinci növbədə isə qeyd etmək istəyirəm ki, bizim ölkəmizdə diqqətəlayiq bir məqam müşahidə olunur. Həmin məqam bundan ibarətdir ki, gənclər bütün ölkələrdə, bütün xalqlar içərisində avanqard bir qüvvə hesab olunur; gənclər mühərrik kimi öz cəmiyyətlərinin hərəkətverici qüvvəsidir; bu, bütün ölkələrdə belədir; əlbəttə ki, əgər xarab olmayıblarsa, pozulmayıblarsa, pis vərdişlərə, narkotiklərə qurşanmış vəziyyətdə deyillərsə; dinamiklik, irəli can atma, avanqardlıq gənclərin təbiətində var, lakin bizim ölkəmizdə bu ruhiyyə təkcə gənclərlə (gənc sözünün geniş yayılmış mənasında) məhdudlaşmır. “Gənc” dedikdə adətən, misal üçün, 17-20 yaşlı qız və oğlanlar göz önünə gəlir; gənclər bunlardır. Bizim ölkəmizdə isə gənclərə xas dinamikliyin, şövq və yüksək ruhun yaşı bir qədər də aşağı enib; yəni 13, 14, 15 yaşlı yeniyetmələr də başqa yerlərdə 20, 22, 25 yaşlı gənclərdən gözlənilən işləri həyata keçirir, onların gördüklərini görə bilir, onların izlədiyi hədəfləri izləyir, eyni güc və ruhiyyəni ortaya qoyur. Bizim ölkəmizdə dinamikliyin, hərəkatın, həyəcan və ruh yüksəkliyi yaratmanın, avanqardlığın səviyyəsi yeniyetmələrə qədər gedib çatır. Bu, bizim ölkəmizin özünəməxus xüsusiyyətidir.

Mən bunu nəyə əsasən deyirəm? Həm inqilabdan öncə, həm mühüm inqilabi olaylar zamanı, həm Müqəddəs Müdafiə dövründə, həm də elə bugünkü günün özündə müşahidə etdiklərimə əsasən. İnqilabdan öncə mən Məşhəddə idim, oradakı vəziyyəti görürdüm, bəzən Tehrana gələndə də Tehranda baş verənlərin şahidi olurdum; bir çox yerlərdə əsas inqilabi məfhumları öyrənmək üçün müraciət edənlər təkcə az öncə qeyd etdiyim mənada gənclər deyildi. Mən özüm o sərt təzyiqlər şəraitində Tehranda kiçik bir qrupda toplaşmış orta məktəb şagirdləri üçün (16, 17, 18 yaşlarında) görüşlər keçirirdim; sonradan onların hamısı olmasa da, əksəriyyəti mübarizə meydanına qoşuldu; həmin insanlardan, həmin uşaqlardan bəziləri bu gün şanlı şəhidlərimizin sırasındadır, bəzilərinin isə fəal inqilabi mübarizələr dövründə başına çox mühüm və həssas olaylar gəlib. Məşhəddə də eynilə bu cür idi; orta məktəbdə oxuyan, hələ adət etdiyimiz mənada gənclik dövrünə qədəm qoymamış yeniyetmələr mübarizə meydanında idi; bu, inqilabdan öncəsi.

Ümummilli inqilabi hadisələr başladığı zaman isə bizim orta məktəb şagirdi olan gənclərimiz elə bir addım atdılar ki, 13 aban gününü tarixə öz adları ilə yazdılar. 13 aban – Şagird günüdür, şagirdlərin mücahidə meydanına qədəm qoyduqları və qətlə yetirildikləri gündür. 13 abanda 3 mühüm hadisə baş verib; həmin hadisələrdən birincisi şagirdlərin qətlə yetirilməsi ilə bağlıdır. Deməli, əgər meydanda olmasaydılar, mübarizə aparmasaydılar, varlıqlarının heç bir təsiri olmasaydı, tağut rejimin məmurlarının o çirkin və yırtıcı rəftarı ilə üzləşib şəhid edilməzdilər. Məcburi Savaş dövrü isə ayrı mərəkə idi! 14-15 yaşlı yeniyetmələr döyüş meydanlarına gedib, yetkin savaşçı kişilər kimi vuruşurdular; bəziləri Hüseyn Fəhmide kimi şəhid oldular, bəziləri əsir düşdülər; əsir düşmüş o bir neçə yeniyetmə haqqında kitablar da çap olunub, xatirələri yazıya alınıb; həmin yeniyetmələrin o zaman keçirdiyi hissləri oxuyanda insan bu maddi aləmin fövqündə ayrı bir aləmin cərəyan etdiyini hiss edir. 15, 16, 17 yaşlı bir oğlan uşağı əsirlikdə Səddam rejiminin murdar və qəddar məmurlarının qarşısında dağ kimi durur. Dünyanın harasında belə bir şey var? Dünyanın hansı gənc nəslində bu cür insanlar var?

Müharibədən sonra – bu günə qədər də eynilə; sizə deyim ki, mənim ölkədə baş verən cürbəcür məsələlər barədə kifayət qədər geniş məlumatım var, çox yerlərdən xəbərdaram. Bilirəm ki, şagirdlərimiz, yeniyetmələrimiz müxtəlif sferalarda həm lazımınca iştirak edir, həm də prosesləri kifayət qədər yaxşı dərk edirlər; çox xırda və dərin məsələləri belə, anlayırlar. Bu gün orta məktəbə gedən 16-17 yaşlı yeniyetmələr bir çox hallarda məsələləri bizim dövrümüzdəki 25-26 yaşlı, bəlkə ondan da böyük gənclərdən daha yaxşı dərk və analiz edir. Bu, bizim ölkəmizin özünəməxsus xüsusiyyətidir.

Mənim əzizlərim, əziz gənclər, yeniyetmələr, mənim əziz balalarım! Bu mövqe və imkanın qədrini bilin. Sizlər, sizin nəsil, inşallah, bu ölkəni zirvələrə çatdıracaq nəsilsiniz. Bizim çoxlu arzularımız, böyük ideallarımız var. Düşmənlərin bədxah əməllərinin də bu günə qədər bizə heç bir təsiri olmayıb, heç bir qələt edə bilməyiblər. O demək deyil ki, düşmənçilik etməyiblər, fəaliyyət göstərməyiblər; yox, ürəyiniz istəyən qədər düşmənçilik də ediblər, fəaliyyət də göstəriblər. Müxtəlif ölkələrdə gənc nəsli azdırmaq üçün gördükləri işləri bizim ölkəmizdə də görüblər; narkotik maddələrin yayılmasından tutmuş əxlaqsızlığın təbliğinə, azdırıcı kompüter oyunlarına və sairə qədər; hər iş görüblər. Müəyyən məqamlarda uğur qazanmış, haradasa bir qrup gənci doğru yoldan sapdırmış ola bilərlər, amma gənc nəsildə, yeniyetmələrdə inqilabın əvvəlində olan və onlardan gözlənən gözüaçıqlıq bu gün də vardır. Bunun sübutunu da özünüz görürsünüz; 80-ci illərdə doğulmuş, nə müharibəni, nə İmam Xomeynini, nə inqilabı görmüş yeniyetmələr bu gün o inqilabi anlayışları, o prinsipləri eynən o dövrün yetkin gənclərinin sahib olduğu gözüaçıqlıq və qabiliyyətlə izləyir. Siz bacaracaqsınız; siz düşmənin məkrli planlarına qalib gələ biləcəksiniz; çətinlik və maneələrdən keçib bu ölkəni İslam dininin, İslam İnqilabının idealı olan məqama çatdıra biləcəksiniz; siz bunu bacaracaqsınız. Və inşallah, düşmənə göz dağı olaraq, elə bu cür də olacaq, bu dediklərim baş verəcək. 

Əlbəttə ki, bunun müəyyən şərtləri var; şərtlərdən biri budur ki, düşməni tanıyasınız, aldanmayasınız. Doğrudur, xalqımızın böyüklü-kiçikli çoxlu sayda düşmənləri var, amma mənim daim sözün əsl mənasında düşmən olduğunu, düşmənçilik etdiyini, xəbislik etdiyini vurğuladığım düşmən Amerikadır. Mən bunu təəssübkeşlikdən, pessimizm hisslərinin təsiri ilə demirəm; mən bunu təcrübədən, düzgün və realist dərkdən çıxış edərək, meydanı görərək deyirəm; meydanda nələr baş verdiyini görürük. Onlar təkcə mənə və ya İslam Respublikasına düşmən deyillər; xeyr, onlar ayağa qalxıb müqavimət göstərən, düşmənlə qarşı-qarşıya durmaqdan yorulmayan bu xalqın özünə düşməndirlər, bunun əleyhinədirlər, bunu gözləri götürmür. Özünüz gördünüz; bu yaxınlarda Amerika prezidenti İran xalqını terrorçu adlandırdı.(1) Bunun necə səfeh bir yanaşma olduğunu görürsünüz! Bütöv bir xalqa terrorçu deyir! Rəhbərə və ya dövlətə terrorçu demir, bütün İran xalqını terrorçu adlandırır! Bu, düşmənçilik deyil, bəs nədir? Bundan bir neçə il əvvəl də başqa bir ABŞ rəsmisi demişdi ki, “ biz İran xalqının kökünü kəsməliyik”. Axmaq! Bütöv bir xalqın, özü də belə bir tarixi keçmişi, dərin mədəniyyəti olan bir xalqın kökünü necə kəsmək olar?! Baxın, bu, düşmənçilikdir! Düşmənin gözü bağlı olur; kor adam kimi ətrafında baş verənləri düzgün hesaba ala, dəyərləndirə bilmir; düşməni məğlubiyyətə aparan da məhz elə onun bu düzgün hesab apara bilməməyi olur. Düzgün hesaba almadığına, qarşısında kimin, nəyin olduğunu bilmədiyinə görə məğlub olur; necə ki məğlub olub da! Hazırda inqilabın qələbəsindən 40 il ötür; bu inqilabın hələ körpə fidan olduğu ilk gündən onunla vuruşublar, hücumlar ediblər; bu gün isə onlara göz dağı olaraq, inqilab qol-budaqlı, köklü-köməcli bir ağaca çevrilib. Bu, onu göstərir ki, heç nə edə bilmirlər, bilməyiblər; amma düşmənçilik edirlər; özü də bu düşmənçilik bugünkü də deyil. 

Baxın, bəziləri deyirlər ki, Amerika ilə birtəhər, bir zərrə belə olsa dil tapıb yola getmək lazımdır, bəlkə, belə olsa, düşmənçiliyi azalar; xeyr, amerikalılar hətta onlara inanıb ümid bağlayanlara, kömək üçün onlara üz tutanlara belə, rəhm etməyiblər; misal üçün, Doktor Müsəddiqə.(2) Doktor Müsəddiq öz aləmində ingilislərlə mübarizə aparıb onların qarşısında dura bilmək üçün amerikalılara üz tutmuşdu; onlarla görüşüb danışıqlar aparmış, kömək istəmişdi; amerikalılara inanmışdı. Lakin İranda Müsəddiq əleyhinə baş verən 28 mordad qiyamı ingilislərin yox, amerikalıların əli ilə həyata keçirilmişdi; yəni bunlar hətta Müsəddiq kimiləri ilə də qane olmurlar; bunlar nökər istəyirlər, dilsiz-ağızsız qul istəyirlər, qapazaltı istəyirlər; Məhəmmədrza Pəhləvi kimi; onlara beləsi lazımdır. Onlar istəyirlər ki, strateji coğrafi mövqeyə, cürbəcür strateji resurslara malik bu nemət və bərəkət dolu strateji ölkədə elə bir şəxs hakimiyyətdə olsun ki, qolubağlı qul kimi onlara təslim olsun, dedikləri ilə oturub-dursun; amerikalıların istədiyi budur; əks halda düşmənçilik edirlər. Təbəs məsələsində düşmənçilik etdilər, cavablarını aldılar; bizim sərnişin təyyarəmizi düşməncəsinə vurub yerə saldılar, cavablarını aldılar; sanksiya məsələsində ilk gündən düşmənçilik etdilər, bu gün də o düşmənçiliyi davam etdirirlər. Nüvə danışıqlarını – diplomatik adı ilə Birgə Kompleks Tədbirlər Planını – və onların nəticələrini pozmaqda əllərindən gələn hər cür xəbisliyi edirlər; düşməndirlər.

Əziz balalar, əziz gənclər! Yaddan çıxarmayın ki, irəliləməkdə olduğunuz (və çox da uğurla irəlilədiyiniz, irəli getməyi bacardığınız), ideallara aparan bu olduqca mühüm və xoş sonluqlu yolda sizin əsas düşməniniz Amerikadır; bunu unutmayın.(3) Lap yaxşı, elə isə, bu dediyimi yaddan çıxarmayın. Bəziləri elə bilir ki, biz Amerikanın qarşısında geri çəkilib güzəştə getməliyik; halbuki biz nə qədər geri çəkilsək, onlar bir o qədər cürətlənəcək. Bunun yolu müqavimət göstərməkdir, mübarizə aparmaqdır; bunun yolu inqilabın başlatdığı bu hərəkatı davam etdirməkdir. Odur ki əsas şərt budur.

Siz gənclər üçün digər bir şərti də deyim: yaxşı oxuyun, yaxşı çalışın. Düşmənçiliklərlə, tufanlarla, çətin dalğalarla üzləşmək üçün güc qazanmağın ən başlıca vasitəsi elm öyrənmək, elmləri mənimsəməkdir. Mən istərdim ki, bizim gözəl gəncliyimiz dərs oxusun, elm öyrənsin. Elmdə istedadı olan gənclər öz ölkəsi üçün işləsin, düşmənə xidmət etməsin; dərs oxumaq ali bir dəyərə çevrilsin. Əlhəmdulillah, gənclərimizin yaxşı istedadı var, yaxşı oxuyub çalışsalar, heç şübhəsiz, ölkədə elmin səviyyəsi yüksələcək. Ölkənin elmi səviyyəsinin yüksəlməsi özü İran xalqının daxili müqavimətini möhkəmləndirəcək, xalqımız möhkəm olacaq. Elmin bərəkəti ilə insan böyük arzulara çata bilər. İnşallah, bu dediyimə də diqqət yetirin.

Və əzizlərim! Allah-taala ilə öz aranızdakı rabitəni də gücləndirin. Sizin qəlbiniz təmizdir, ruhunuz saf, çirkinliklərdən uzaqdır. Sizlər üçün ilahi lütf, rəhmət və nuraniyyəti özünüzə cəlb etmək mən yaşda olan insanlarla müqayisədə daha asandır, bunu asanlıqla edə bilərsiniz. Bunu təvəssüllə, dua ilə, gözəl namazlarla, Uca Yaradana qarşı diqqətli olmaqla, Quran oxumaqla, Allahın bəndələrinə kömək etməklə – belə ki mühüm işlərdən, mühüm ibadətlərdən biri də Allahın bəndələrinə kömək etməkdir – günahdan çəkinməklə özünüz üçün təmin edə bilərsiniz. Mən əminəm, əsla şübhəm yoxdur ki, inşallah, sizin hazırkı gənc nəsil inqilabda qarşıya qoyulmuş bütün arzu və hədəfləri gerçəkləşdirməyi bacaracaq.

Ümidvaram, Allah-taala önünüzdəki maneələri aradan qaldırıb yolunuzu asanlaşdı-racaq və uğurlarınız günbəgün daha da artacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

___________________________

(1) ABŞ prezidenti Donald Trampın 21.07.1396-cı ildə səsləndirdiyi fikirlərə işarə olunur. 
(2) Məhəmmədrza Pəhləvinin dövründə İranın baş naziri olmuş Məhəmməd Müsəddiq nəzərdə tutulur. 
(3) İştirakçılar Amerika əleyhinə şüarlar səsləndirir.