Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)
والحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین
Əziz gənclər, bu mərasimdə sizinlə görüşmək çox xoş və ümidvericidir; bu, həmişə belə olur və hər il mən hiss edirəm ki, Allahın köməyi ilə, Ordunun hava, quru və dəniz qüvvələrinin hərbi akademiyalarının tələbələri maddi və mənəvi cəhətdən daha da çox inkişaf etmişdir. Bu, bizim üçün sevindirici bir hal və sözün əsl mənasında müjdədir.
Dəfələrlə qeyd etmişik ki, ölkənin əsl sərvəti siz gənclərsiniz; harada olmağınızdan asılı olmayaraq, siz ölkənin nüfuzu, qalıcılığı, suverenliyi və inkişafı üçün dəyərli bir ehtiyatsınız. Əlbəttə, bəzi sferalar daha əhəmiyyətlidir və onların sırasına ölkənin təhlükəsizliyinin qorunması işini də aid etmək olar ki, bu da sizin öhdənizə düşür. Silahlı Qüvvələrin sıralarında xidmət edən siz gənclər ölkədə ən böyük və ən önəmli vəzifələrdən birini daşıyırsınız. Bu gün paqon və hərbi rütbə alan gənclər əslində, həqiqətən də, qürurverici olan bir yolda böyük addımlarla irəli getməyə başlayırlar; bu yol ölkənin nüfuz və təhlükəsizliyinin qorunması yoludur. Təhlükəsizlik ona görə ən önəmli sferalardan biri hesab olunur ki, başqa hər bir nailiyyət təhlükəsizlikdən asılıdır. Təhlükəsizlik olmasa, nə elmdə, nə sənayedə, nə də iqtisadiyyatda inkişafın olması mümkündür; təhlükəsizlik olmasa, əhali asayiş içərisində, rahat, psixoloji cəhətdən sakit yaşaya bilməz. Asayiş və təhlükəsizliyin pozulduğu yerdə böyük arzular, parlaq amallar unudularaq arxa plana keçir; hər kəs yalnız öz canının təhlükəsizliyini qorumağı düşünür. Ölkədə asayiş və təhlükəsizlik varsa, bir ölkənin tərəqqi və yüksəlişində zəruri olan bütün faktorların inkişafı üçün münasib zəmin və şərait yaranır. Sizin öhdənizə bax belə bir məsuliyyət düşür.
Təhlükəsizlik müxtəlif sferalar üçün önəmlidir. Mən bu gün ölkənin əsas probleminin iqtisadiyyat və əhalinin məişət rifahı olduğunu nəzərə alaraq qeyd etmək istəyirəm ki, iqtisadiyyat üçün də təhlükəsizlik lazımdır. Ölkənin iqtisadiyyatı da etibarlı və təhlükəsiz əsaslar üzərində qurulmalıdır. Bizim problemimiz, bizə tarixdən – şah diktaturası dövründən miras qalmış problemimiz iqtisadiyyatımızın neftdən asılı olmasıdır. Bu, bizim bütün dövrlərdə iqtisadiyyatımızın təhlükəsizliyi üçün daim çox böyük narahatlıq keçirməyimizə səbəb olmuşdur: neftin qiyməti azaldı, çoxaldı, neftin satışı qadağan olundu, daşınmasında problem yarandı, filan neft alıcısı pulumuzu vermədi. İqtisadiyyatda hər şey neftin üzərində durursa, o iqtisadiyyat təhlükədədir. İqtisadiyyatda da təhlükəsizlik olmalıdır. Bu cümləni burada deməkdə məqsədim odur ki, hərbi müdafiə sahəsi iqtisadi bir sahə olmasa da, təhlükəsizliyin bütün sferalar, hətta zahirən əsgərlik və hərbi forma ilə heç bir əlaqəsi olmayan iqtisadiyyat sahəsi üçün belə nə qədər önəmli olduğu anlaşılsın.
Əziz gənclər! Özünüzün də, ölkənizin də, təhlükəsizliyinizin də, bu nüfuzu, bu asayiş və təhlükəsizliyi, bu başıucalığı bu ölkəyə bəxş etmiş İslam Respublikasının da qədrini bilin. Əziz İranımız – bayaq siz ölkəmiz barədə, həqiqətən də, çox gözəl bir mahnı oxudunuz – belə bir tarixi keçmişə, saysız-hesabsız imkan və potensiala sahib olan bu ölkə, bu coğrafiya bir vaxtlar amerikan, sionist və ingilis diplomatlarının və onlar kimilərinin tapdağı altında idi, xaricilərin qarşısında qapazaltı olmuşdu. Özləri qapazaltı olan, xaricdən asılı, rəzil və zəif dövlət başçıları bu xalqı, bu ölkəni, bu möhtəşəm tarixi, bu parlaq və coşub-daşan istedadları xaricilərin qapazaltısına çevirmişdilər. İslam dini gəldi və bu ölkəni xilas etdi; İslam Respublikası gəldi və bu ölkəyə nüfuz, hörmət və iqtidar qazandırdı.
Mənim əzizlərim, zəkalı və istedadlı gənclər! Bu gün imperializmin bizimlə davası odur ki, “nəyə görə sizin iqtidarınız regionu bürüyüb?” Bu, İslam Respublikasının iqtidarıdır. Bizim üçün milli iqtidarın amili olan şeylər düşmənlərimiz üçün problemdir, onlara qarşı mübarizə aparırlar. İslam Respublikasının nüfuzunun bu regionda və ondan kənarda yaşayan xalqlar arasında genişlənməsinin əleyhinədirlər, çünki bu, ölkəmizin iqtidarını, strateji dərinliyini daha da artırır. Ölkənin hərbi-müdafiə qabiliyyətinin artmasının əleyhinədirlər; bu xalqı güclü edən, ona iqtidar qazandıran hər nə varsa, düşmənlərimiz o şeylərin əleyhinədirlər.
Bəs buna qarşı mübarizə aparmağın yolu nədir? Əziz gənclər! Düşünün. Düşmənlə mübarizə aparmağın yolu budur ki, biz onun istədiyinin tam əksinə olaraq, iqtidarımızı artıran amillərə söykənək, onların üzərində daha da təkidlə duraq. Dəfələrlə elan etmişik, yenə də elan edirik ki, ölkənin müdafiə imkanları, müdafiə gücü müzakirə olunası, çək-çevir ediləsi bir mövzu deyil. Bu da işdir ki, kimlərsə bizim müdafiə imkanlarımızı çək-çevir edib: “Nəyə görə sizdə filan müdafiə texnikası var?”, “Filan modeldən sizdə nə üçün var?”, “Nə üçün istehsal edirsiniz?”, “Nə üçün tədqiq edirsiniz?” – deyələr?! Milli iqtidarımızı artıran, təmin edən, yaxud qoruyan şeylərdə bizim düşmənlə heç bir danışığımız, sövdələşməmiz ola bilməz; biz ölkənin iqtidarının yolunu tutmuşuq və bu, sizin öhdənizə düşür.
Əziz gənclər! Bu ölkənin sabahı sizə aiddir. Dünənin gəncləri öz öhdələrinə düşən vəzifələri yerinə yetiriblər. 30-35 il bundan əvvəl – Müqəddəs Müdafilə dövründə bu akademiyada (bayaq akademiyanın komandanı bu təhsil müəssisəsini “Ordunun ilahi feyz ocağı” adlandırdı; doğrudur, bura, həqiqətən də, Ordunun ilahi feyz ocağıdır; bu akademiyadan bir çox müəllimlər, tələbələr, zabitlər, rəhbər kadrlar şəhid olub) tələbələr hələ təhsillərini davam etdirdiklərinə baxmayaraq, gedib Müqəddəs Müdafiə meydanlarında döyüşmək üçün israrla könüllü olurdular. Ordunun qayda-qanunlarına zidd olduğu üçün onları cəbhəyə aparmırdılar, amma bu akademiyanın uşaqlarından bir qrupu könüllü surətdə cəbhəyə yollanıb “qeyri-müntəzəm döyüşlər” kimi tanınan döyüşlərdə düşmənə qarşı mübarizə aparırdı. Artıq uzun illərdir – on illərdir ki, ardıcıl olaraq burada bu mərasim təşkil olunur; nə vaxtsa sizin kimi burada paqon alan elə gənclər var ki, əlhəmdulillah, bu gün Orduda yüksək vəzifə postu tutublar; bu da akademiya üçün qürur mənbəyi olan faktlardan biridir. Özünüzü hazırlayın; ölkə sizindir; sizlər İslam dini sayəsində və möhtəşəm İslam İnqilabından ilham alaraq bu ölkəni nüfuz və ehtiramın zirvəsinə çatdırmalısınız. İslam Respublikası belə bir önəmli vəzifəni yerinə yetirməyi öhdəsinə götürüb və Allaha həmd olsun ki, siz də İslam Respublikasının Silahlı Qüvvələrinin sıralarında xidmət edirsiniz. Allah-taaladan sizə günbəgün daha da artıq uğurlar diləyirəm; komandirlərinizə, müəllimlərinizə, sizin təlim-tərbiyəniz üçün çalışıb zəhmət çəkən hər kəsə təşəkkür edirəm. Bu gün bu meydana belə gözəl və mənalı şəkildə tərtibat vermiş şəxslərə də təşəkkürümü bildirirəm.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_______________________
(1) İİR Ordusunun hərbi akademiyalarının tələbələrindən bir qrupunun məzun olması və yeni qəbul olunmuş tələbələrin paqonlarını təhvil alması münasibəti ilə İİR Ordusu Quru Qüvvələrinin İmam Əli (ə) adına Hərbi Akademiyasında keçirilən bu mərasimin əvvəlində İİR Ordusunun baş komandanı general-mayor Seyid Əbdülrəhim Musəvi və akademiyanın baş komandanı 2-ci briqada generalı Məhəmmədrza Fuladi məruzə etmişlər.