Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
والحمدللّه ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّة اللّه فی الارضین
Çox xoş gəlmisiniz. Mənim üçün həmişə olduğu kimi çox xoş və arzulanan bir görüşdür. Bugünkü görüş bu yerdə mənim üçün də yekunlaşmış sayıla bilər; bu mənada ki, mən bu görüşdən alacağım zövqü aldım, faydalana biləcəyim qədər faydalandım; əvvəla sizləri gördüm, fikirlərinizi eşitdim, xoşbəxtlikdən, bu gün gənclərimizdə görə bildiyimiz o əzm, stimul və ruhiyyəni sizdə hiss etdim; və çıxışlarınızdan bəhrələndim; yəni həqiqətən də, faydalandım. Odur ki mən bu görüşdən öz faydamı artıq götürdüm. İndi bir neçə cümlə də mən deyim. Unutmadan sizdən xahiş edim ki, müəyyən səbəblərlə, vəziyyət və şəraitlə bağlı olaraq builki görüşümüzdə iştirak etməyən, lakin iştirak etməyə haqqı çatan digər çoxsaylı gənc alimlərə, mənim əziz qardaş və bacılarıma da salamımı çatdırasınız. Mən onları da salamlayıram.
Mən həmişə gənclərin, xüsusilə də gənc alimlərin arasında olanda ilk növbədə şükür hissi keçirirəm; Allah-taalaya şükür etmək istəyirəm;
ما بِکُم مِن نِعمَةٍ فَمِنَ اللّه
“Sizə gələn hər bir nemət Allahdandır”. (“Nəhl” surəsi, 53-cü ayədən)
Siz bizim üçün Allahın nemətisiniz. Bu dövlətə canı yanan insanlar üçün ilahi bəxşiş hesab olunursunuz. Mənim kimi uzun ömür yaşamış şəxslər üçün siz gənclər, həqiqətən də, Allahın lütfü və nemətisiniz; şükür Allaha! İkincisi, ümid; ölkənin gələcəyinə, qarşımızdakı üfüqlərə önəm veririk; sizi görəndə insan bu gələcəyin, inşallah ki, ümid etdiyimiz və arzuladığımız kimi olacağına ümidlənir.
Cənab Səttarinin də qeyd etdiyi kimi, ölkəmiz dünya üzrə misilsiz bir insan potensialına malikdir. Bu potensialın qaymaqları isə cəmiyyətimizin intellektual elitasıdır; onlar hər bir şəxsdə məsuliyyət hissi oyada bilər. İntellektual elita düzgün istiqamət götürüb doğru yolda irəlilədiyi zaman onları tanıyan və görən hər kəsdə məsuliyyət hissi yaranır. Elə ona görə də mən üzdə olan, görkəmli şəxslərin, elm adamlarının cəmiyyətdəki rolu və əhəmiyyətinə çox böyük və dərin inam bəsləyirəm; yəni sizləri qəbul və təqdir edirəm. Eyni zamanda mən ümid və xahiş edirəm ki, Elm Xadimləri Fondu, eləcə də hökumətdə təmsil olunan, prezidentin müavini olan cənab Səttari özü bütün ölkə rəsmilərinin elm adamlarının cəmiyyətdəki bu rolu və əhəmiyyətinə sözün həqiqi mənasında inanması üçün çalışsınlar. Mənim gözləntilərimdən biri də budur: rəsmilər elm adamlarına inansınlar. Əvvəla, inansınlar ki, bu insanlar bizdə var; ikinci növbədə isə inansınlar ki, bu insanlar ölkənin müqəddəratını hər kəsin məqbul hesab edib razı qalacağı, alqışlayacağı bir şəkildə dəyişə bilərlər. Rəsmilərimizdən bəzilərində bu inam yoxdur, bu məsələyə diqqət və önəm vermirlər; onlarda bu inamı yaratmaq, diqqətlərini bu mövzuya çəkmək lazımdır.
Yaxşı, mən Elm Xadimləri Fondu, ictimaiyyətimizin intellektual elitası və sair barədə bir neçə cümlə deyəcəyəm, sonda isə siyasi mövzuda da bir cümlə qeydim olacaq.
Birinci məsələ, yaxud birinci məqam odur ki, elmi inkişaf ölkəni qüdrətli edir. Dəyərli aparıcımız (2) bu gün bir hədis söylədi:
(3) اَلعِلمُ سُلطان
– “Elm şahdır”. “Şah” – güc, qüdrət, iqtidar deməkdir. Elm gücdür, iqtidardır. Həmin hədisdə elmli insan barədə “صالَ” – gücü, qüdrəti olacaqdır deyilir. Elmi olmayanın isə “صیلَ عَلَیه” – başı üzərində güclülər ağalıq edəcəklər; yəni o, zəif və başqalarının hökmranlığı altında olacaq; elm budur. Bu gün siz özünüz də bunu müşahidə edirsiniz; amerikanlar və avropalılar əldə etdikləri elmi inkişaf sayəsində bütün dünyada ağalıq etməyə müvəffəq olublar. Bildiyiniz kimi, Amerika, İngiltərə, Fransa və bir çox digər Avropa ölkələri – hətta kiçik dövlətlər belə – uzun illər, bəziləri isə əsrlər boyu müxtəlif ölkələri işğal ediblər, onların sərvətini göyə sovuraraq məhv ediblər. Sahib olduqları elm sayəsində xalqlar üzərində ağalıq ediblər; daim elmi inkişaf arxasınca olublar. Biz isə bu parlaq istedadımıza, zəngin tarixi keçmişimizə rəğmən, qəflətə düçar olub dünya elminin karvanından geri qalmışıq; başqaları irəli gediblər. İndi biz bu boşluğu doldurmalı, bu geriliyi ortadan qaldırmalıyıq. Bəzi qərbmeyilli insanlar hələ 100 il öncə deyirdilər ki, əgər ölkənizin inkişaf etməsini, İranın irəli getməsini istəyirsinizsə, gərək Qərbin kölgəsinə sığınasınız; yəni qərbpərəstlik; “qərbpərəstlik” ifadəsini ilk dəfə işlədən, yazan da mərhum Ale-Əhməd olmuşdu; bu, yanlış bir fikir idi. Onu da deyim ki, bu ideyanı cəmiyyətdə yaymağa çalışanlardan bəziləri bunu xainlikdən, bəziləri isə cahillikdən edirdilər. Hələ indi də onların uzantılarından olan (tör-töküntülərindən desək, daha uyğun olar) bəzi insanlar bu fikri təbliğ edirlər ki, “Biz Qərbin dəstəyi ilə, Qərbin kölgəsində inkişaf etməliyik”. Xeyr, Pəhləvi dövründə ölkə 50 il Qərbin kölgəsində yaşadı; 50 il! O aralar bir müddət Rzaxan dövründə Almaniyaya sığınmışdıq, sonradan da sona qədər bir müddət Amerikanın kölgəsində yaşadıq; ölkə hansı inkişafa nail ola bilmişdi? Bədbəxtlikdən, gerilikdən, əsas sərmayəsinin məhv edilməsindən savayı nə qazanmışdı? Xeyr, Qərbə sığınmaqla inkişaf etmək olmur, mümkün deyil. Ölkənin Qərbin kölgəsində inkişaf edə biləcəyini deyənlər nə dediklərini anlayırlarsa, ölkəyə xəyanət edirlər; ola da bilsin ki, cahildirlər, nə dediklərini özləri də anlamırlar.
Yaxşı, bəs biz nə etməliyik? Asılılığa son qoymalıyıq. Əlbəttə ki, asılılıq hər cür olur: siyasi, iqtisadi, mədəni və sair; amma əsas siyasi asılılıqdır. Birinci növbədə siyasi asılılıq gəlir və ardınca digər asılılıqları gətirir. Siyasi asılılıq nəticəsində, təbii olaraq, yad mədəniyyətin də, iqtisadiyyatın da ölkəyə nüfuz etməsi üçün zəmin yaranır, bütün sferalarda, hətta təhlükəsizlik sahəsində belə asılılıq meydana gəlir; eynilə şah diktaturası dövründə olduğu kimi. O zaman biz təhlükəsizlik sferasında da asılı idik; iqtisadi asılılıq ki, ən yüksək həddə idi; mədəniyyət sahəsi də eynilə. İslam İnqilabının bərəkəti sayəsində siyasi asılılığımız aradan götürülüb, lakin digər asılılıqlardan qurtulmaq daha çətindir; çalışıb-vuruşmaq lazımdır. Mən bunu indi demirəm, hələ ölkə prezidenti olduğum dövrdə cümə namazının xütbəsində söyləmişdim ki, siyasi asılılığımıza son qoyulub, əlhəmdulillah, qurtulmuşuq, amma yenə də asılıyıq; iqtisadi cəhətdən asılıyıq, mədəni cəhətdən asılıyıq; bunun üzərində düşünməliyik. Asılılıq acizliyə, çarəsizliyə gətirib çıxarır. Məhəmmədrza Pəhləvinin dostlarının yazdığı xatirələrə nəzər salanda – mən bunu o kitabların çoxunda oxumuşam – görürsən ki, o diktator Məhəmmədrza şahın özü belə bəzən amerikalıların əlindən bərk əsəbiləşirmiş. Onları söydüyü, nalayiq sözlər dediyi də olub; əlbəttə ki, öz kabinetində, yaxın dostlarının yanında! Evinin arxasına keçib, o an uzaqda olan, onu əsla eşidə bilməyəcək şəhər valisini söyən birisi kimi. Öz kabinetində arxalarınca söyüb də, amma buna baxmayaraq, ingilis, yaxud amerikan səfirindən bir ismarış, bir telefon zəngi, bir tapşırıq gələn kimi əli qoynunda o tapşırığı yerinə yetirməyə hazır olub; başqa çarəsi olmayıb, məcbur olub. Asılılıq budur; buna son qoymaq lazımdır.
Xoşbəxtlikdən, ölkəmizdə siyasi asılılığın kökü tamamilə kəsilib, lakin digər sferalarda bu baxımdan hələ çox iş görülməlidir. Asılılıqdan qurtuluşun başlıca amillərindən biri isə elə sizin vasitənizlə reallaşdırılan elmi inkişafdır. Buna görə də elmi-texnoloji inkişaf yolunda heç bir maneə, heç bir əngəl olmamalıdır. Dövlət qurumları, ictimai qurumlar, mədəniyyət və sair bu kimi müxtəlif sferaların fəalları elmi inkişaf yolunda heç bir əngəl yaratmamalıdırlar. Allaha şükürlər olsun ki, möhtəşəm potensialımız da var; nümunələrini bu gün burada gördünüz; mən də müxtəlif vaxtlarda çoxlu sayda belə nümunələrlə rastlaşıram, onlar barədə mənə təqdim olunan hesabatlardan məlumat alıram və ya şəxsən özləri ilə görüşürəm. Bilirəm ki, potensialımız fövqəladə dərəcədə böyükdür, irəli gedə bilərik. Bu, birinci məqam.
Qeyd etmək istədiyim ikinci məqam isə Elm Xadimləri Fondu və Prezidentin Elmi Məsələlər üzrə Müavinliyində mövcud olan vəziyyətlə bağlıdır. Əlhəmdulillah, xeyli inkişaf ediblər, yaxşılaşıblar. Son bir neçə ildə həm Prezidentin Elmi Məsələlər üzrə Müavinliyində, həm də Elm Xadimləri Fondunda vəziyyətin yaxşılaşmasına şərait yaratmış bir sıra amillər özünü göstərib. Elmi əsaslı şirkətlər sıçrayışla inkişaf edib. Hələ 1393-cü ildə mən bu görüşdə elmi əsaslı şirkətlərin rövnəqləndirilməsinin vacib olduğunu vurğulamışdım. Sevindirici haldır ki, bu gün həmin şirkətlər müsbət dinamika ilə, sıçrayışlı bir şəkildə inkişaf edir; yaxşı investisiyalar yatırılıb. Əlhəmdulillah, universitetlərimizdə elmi heyətlər, elmi mərkəzlər yaranıb; mən bunu da dönə-dənə vurğulayırdım. Gənc alimlərin yetişdirilməsi prosesindəki ideoloji tendensiyalara düzəlişlər edilib. Sizin burada toxunduğunuz məqamların çoxu Elm Xadimləri Fondu və Prezidentin Elmi Məsələlər üzrə Müavinliyində təmsil olunan rəsmilərin də diqqət mərkəzindədir, mənimlə bu barədə söhbətlər ediblər və optimallaşdırılmış, təkmilləşdirilmiş bir kurs və proqramın tətbiq olunması əslində nəzərdə tutulub, bütün bunlar var, intəhası yenə də məni qane etmir. “Məni qane etmir” yox, bunlarla kifayətlənmək olmaz. Arzulanan mövqeyə çatmaq üçün bizim qarşımızda hələ xeyli yol var, hələ o nöqtədən çox uzağıq. Mən bunu xüsusilə vurğulamaq istəyirəm; həm cənab Dr. Səttarinin özü üçün, həm burada iştirak edən digər rəsmilər üçün, həm də siz əzizlərim – gənc alimlər üçün. Elmi inkişaf məsələsində biz hansısa universitetin, tədqiqat mərkəzinin və sairin əldə etdiyi uğurlarla kifayətlənməməliyik; bunu ardıcıl bir proses şəklinə gətirmək lazımdır; ölkədə elm və elmi inkişaf sahəsində bir cərəyan formalaşdırılmalıdır; elmi inkişaf dayandırılması mümkün olmayan bir proses, cərəyan halına gəlməlidir. Hakimiyyətə gələn bu və ya digər hökumət, yaxud hökumət rəsmisi öz siyasi düşüncəsinə uyğun olaraq elmi inkişafa təsir göstərə, bu sahədə, misal üçün, müəyyən durğunluq yarada bilməməlidir. Hakimiyyətə gəlib-gedən siyasi əqidə və idarəetmə metodları ölkənin elmi inkişafına təsir göstərməməlidir. Bunu isə yalnız o zaman təmin etmək mümkün olacaq ki, elmi inkişaf ardıcıl gedən bir proses olsun.
Elmi əsaslı şirkətlərə gəlincə, bu şirkətlərlə bağlı qayda və normaları azaltmaq lazım deyil. Diqqət yetirmək lazımdır ki, onların fəaliyyəti ilə bağlı qaydalar artırılsın. Biz təkcə kəmiyyəti artırmamalıyıq. Elm və texnologiyaya ayrılan büdcə də azaldılmamalı, əksinə, artırılmalıdır. Əlbəttə, dostlarımız mənə söylədilər ki, İnnovasiyalar Fondunun bəzi problemləri var. İnşallah, mən həmin problemlərin ortadan qaldırılması üçün tapşırıq verəcəyəm. Əlbəttə ki, maliyyə mənbələri də düzgün idarə olunmalıdır.
Elmi məqalələrlə də bağlı bir məqama toxunmaq istəyirəm. Sevindirici haldır ki, bu məqalələrin sayı bizdə xeyli yüksəkdir, lakin bu, kifayət deyil; hətta deməliyik ki, bu, bir o qədər böyük əhəmiyyət də kəsb etmir; önəmli olan məqalələrin keyfiyyətidir. Mənim eşitdiyimə və mənə verilən məlumatlara görə, elmi məqalələrin keyfiyyəti baxımından bizdə vəziyyət o qədər də yaxşı deyil. Keyfiyyəti, keyfiyyət meyarlarını yüksəltmək, elmi məqalələrin sayı əvəzinə, onların ölkənin problemləri ilə nə dərəcədə əlaqəli olub-olmadığına diqqət yetirmək lazımdır; əlbəttə ki, bayaq çıxış edən tələbələrdən bəziləri də bu mövzuya toxundular. Tələbələr özləri bu barədə mənə söyləyiblər, elə mən özüm də bu fikirdəyəm ki, elmi araşdırma məqalələri ölkənin ehtiyclarına xidmət etməli və bu ehtiyaclar da elm adamları üçün açıqlanmalıdır. Onların çoxunun ölkənin real ehtiyacları barədə məlumatı olmaya bilər.
Mövzu ilə bağlı bir məqamı da qeyd etmək istəyirəm; mən bunu daha öncə də cənab Səttarinin diqqətinə çatdırmışam. Prezidentin Elmi Məsələlər üzrə Müavinliyi və Elm Xadimləri Fondu vahid qərargah halında fəaliyyət göstərməyə önəm verməlidirlər. Yəni vahid qərargahın timsalında əslində ölkənin elm və texnologiya məsələlərinə təsir göstərə biləcək müxtəlif qurumlardan istifadə etsinlər; həm ali təhsillə əlaqəli iki nazirliyin, həm Azad Universitetin, həm də sənaye və neft sektorları ilə əlaqəli nazirliklərin potensialından yararlansınlar. Çünki bütün bu qurumlar elm və texnologiyanın inkişafına xidmət edə biləcək geniş imkanlara malikdir. Prezidentin elmi məsələlər üzrə müavinliyi yüksək dövlət qurumu kimi öz mövqeyinə dayanaraq bu işi həyata keçirə bilər. Paralel olaraq elm adamlarından da iş tələb etmək lazımdır; onlar varlıqlarının xeyirli olduğunu hiss etməlidirlər; yəni elm adamları özlərini cəmiyyət üçün xeyirli və lazımlı hiss etməlidirlər. Bu onları məmnun edəcək, xoşhallandıracaq, ayaqlarını yerə daha möhkəm basmalarına, ölkəyə daha çox bağlanmalarına səbəb olacaq; öz ölkələri üçün faydalı olduqlarını, ona xeyir gətirdiklərini dərk edəcəklər. Elm adamlarından iş istəmək lazımdır və zənnimcə, bunu az öncə qeyd etdiyim vahid qərargahın fəaliyyəti sayəsində reallaşdırmaq mümkündür.
Digər bir məqam budur ki, biz ölkənin sənayesi ilə bağlı nə isə bir şey fikirləşməliyik. Dostlarımızın bayaqkı çıxışlarından mən belə başa düşdüm ki, bu problem böyük bir kəsimi narahat edir. Bizim sənayemizin keçmişdən ona miras qalmış bir “montaj-quraşdırma” bəlası var. Əsas məsələ montaj etmək olduqdan sonra innovasiya bir o qədər də önəm və məna kəsb etmir; innovasiya olmadıqda artıq elmi iş, elmi inkişaf da olmur; elmi inkişaf olmadıqda isə sənaye müəssisələri ilə universitetlər arasında əlaqə məsələsi də (hansının ki, haqqında biz bu qədər dad-fəryad edirik) reallaşmır. Sənaye müəssisələri və universitetlər bir-biri ilə əlaqə yaratdıqda həm universitetlər inkişaf edir, həm də sənaye; bu aydındır. Əlbəttə, mən bu məsələni hələ xeyli müddət bundan əvvəl hökumət iclaslarında vurğulayırdım, bizim təzyiq və israrımız nəticəsində sonda universitetlərlə sənaye müəssisələri arasında əlaqənin reallaşdırılması üçün həmin bu Elmi Məsələlər üzrə Müavinlik təsis olundu. Lakin universitetlərlə sənaye müəssisələri arasında sözün həqiqi mənasında əlaqə yalnız o zaman reallaşdırıla bilər ki, sənaye müəssisələri universitetlərə ehtiyac hiss etsin. Montaj-quraşdırma fəaliyyətində isə bu ehtiyac duyulmur. Sənaye müəssisələrinə tapşırıq vermək lazımdır; çıxış edən dostlarımızdan biri də söylədi ki, sənayenin qarşısına tələb qoymaq lazımdır. Bəli, ancaq sənayenin qarşısına tələb qoymaq bir şeydir, ölkə sənayesinin özünün ehtiyac hiss etməsi başqa bir şey. Bu ehtiyac hissini yaratmaq lazımdır ki, bu da bayaq qeyd etdiyim o çoxdankı bəlanın aradan qaldırılmasından asılıdır. Müəyyən mərhələdə, misal üçün, qarşıdakı onillikdə (çox tələsik olmasını da istəmirəm) “montajçılıqdan innovasiyalara keçid” məsələsi sənayemizin qarşısına bir problem kimi qoyulmalı və ölkədə bu tendensiya hakim olmalıdır.
Elm adamları, Elm Xadimləri Fondu və sairlə bağlı digər bir məqam da budur ki, fondda mədəni işlərə də əhəmiyyət verilməlidir; bu, çox önəmli bir məsələdir. Biz buna diqqət yetirməliyik ki, texnologiya özü ilə mədəniyyət də gətirir; hər bir texnologiya bir mədəniyyətin daşıyıcısıdır; bunu nəzərə almamaq olmaz. Biz başqalarından hansısa texnologiyanı götürəndə əslində onların mədəniyyətini də götürüb gətirmişik. Düzdür, biz müstəqil texnologiya arxasıncayıq, buna heç bir şübhə yoxdur və bu reallaşdırımalıdır, intəhası bu, birləşmiş qablar kimidir; bütün sferalarda “ver – götür” prinsipi işləyir. Odur ki mədəniyyət məsələsinə önəm vermək lazımdır. Elm Xadimləri Fondu və Elmi Məsələlər üzrə Müavinlikdə mədəniyyətlə bağlı məsələlərə önəm verilməli, düzgün və məqsədyönlü mədəni işlər həyata keçirilməlidir.
Mövzu ilə əlaqədar son olaraq bunu qeyd etmək istərdim ki, qoy bizim əziz elm xadimlərimiz özlərindən muğayat olsunlar; özünüzdən muğayat olun. Dostlarımızdan biri qeyd etdi ki, müharibə gedir, müharibənin isə şəhidi də olar, əlili də, veteranı da. Doğrudur, müharibə gedir. İdeoloji terror, beyinlərin terroru fiziki terrordan daha təhlükəlidir. İndiyə qədər bizim alimlərimizi terror etdikləri olub, şəhid ediblər – özünüz şahidsiniz – amma elm adamlarımızı özlərinin əsirinə çevirmələri ondan daha pis və daha acınacaqlıdır. Alimlərimiz əsir olmamalıdır; bundan ehtiyatlı olmaq vəzifəsi isə birinci növbədə elə elm xadimlərimizin öz öhdəsinə düşür; elm adamları özləri özlərindən muğayat olmalıdırlar. Quranda başdan-sona dönə-dönə təkrarlanan təqva bu mənadadır; Quranın əvvəlində:
هُدًی لِلمُتَّقین
“Bu, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır”. (“Bəqərə” surəsi, 2-ci ayədən)
– deyilir və bu mövzu axıra qədər dəfələrlə vurğulanır. Təqva – özündən muğayat olmaq, özünü saxlamaq deməkdir. Bu, hər sahədə belədir; təqvalı olmağa çalışın.
Demişdik ki, siyasətdən də danışacağıq; bir neçə cümlə ilə deyim. Qeyd etdiyim kimi, siyasi asılılıq çox təhlükəli bir şeydir. Siyasi asılılığın nəticəsi başıqapazlı olmaqdır. Elm barədə deyilmiş “صیلَ عَلَیه” – “elmi olmayanın başı üzərində başqaları hökmranlıq edərlər” prinsipi siyasi asılılıq məsələsində daha ağır formada özünü göstərir; insan, həqiqətən, qapazaltıya çevrilir. Siyasi cəhətdən asılı olan bir xalq nökərçiliyi, qapazaltı olmağı qəbul etmək məcburiyyətindədir; qapazaltı olacaq. Bəli, dedik ki, elmi inkişaf bu asılılığa zidd bir amildir; indi mənim demək istədiyim budur ki, düşmənimiz bizim iqtidarımızdan, dinamikliyimizdən, sizin elmi inkişafa, ölkənin tərəqqisinə bu qədər can atmağınızdan son dərəcə hiddətlənir; düşmən çox əsəbiləşib. O, ölkədəki vəziyyəti bacardığı qədər, yaxından-uzaqdan diqqətlə izləyib və ölkəmizin qüdrətinin artmasından bərk narahatdır. Hazırda dünyada bizə kənardan nəzər salan hər kəsə aydındır ki, bugünün İranı 40 il əvvəlki İrandan yerlə-göy qədər fərqlənir. 40 il əvvəl biz aşağı kateqoriyalı, geridəqalmış, onun-bunun əmrlərini yerinə yetirməyə məhkum bir ölkə və xalq idik, bu gün isə biz nüfuzlu, təsir gücünə malik, iqtidar – elmi, siyasi iqtidar yolunda iri addımlarla irəliləyən bir ölkəyik; bu, tam olaraq hiss olunur. Düşmən bundan narahatdır, buna görə hiddətlənir. Əlbəttə ki, əsas düşmən, yəni İrana və İran xalqına qarşı meydanda ən çox fəallıq göstərən də Amerika rejimidir; burada söhbət Amerika xalqından getmir. Səbəbini də bayaq dedim: bunlar uzun illər boyu bu ölkəyə yiyəlik ediblər, bu ölkənin hər bir şeyi əllərində olub, İslam İnqilabı və İran İslam Respublikası isə bu imkanları onlardan alıb. Elə ona görə də ilk gündən əsəbi və narahat idilər, bizə qarşı sanksiyalar qoydular, məkrli planlar cızdılar, haqqımızda nalayiq danışdılar. Bu günün söhbəti deyil, bu işlər ilk gündən başlayıb. O vaxt hələ ortada nə nüvə enerjisi, nə raket, nə də Qərbi Asiya – onların təbirincə desək, Orta Şərq – regionunda nüfuz əldə etmək problemləri var idi. Bu mövzuların heç biri yox idi, amma onlar yenə də bizimlə davaya başladılar; səbəbi məlumdur: ağalıqları əllərindən çıxıb. Bəli, biz bu ölkədə Amerikanın ağalığını dəf edə bilmişik; yəni Amerikanın bu ölkənin başı üzərində ağalığına – siyasi ağalığına, təhükəsizlik məsələlərində ağalığına, iqtisadi ağalığına tam olaraq son qoya bilmişik; Amerikanın əlini bu ölkədən kəsmişik.
Bundan əlavə, Amerikanın düşmənçiliyinə rəğmən, güclənməyi də bacarmışıq; bu, çox önəmlidir! Bizim timsalımızda bütün dünya xalqları gördülər ki, bir xalq super-güclərin kölgəsinə sığınmadan, hətta onların düşmənçiliyinə baxmayaraq da inkişaf edə, hərəkət edə, müqavimət göstərə, öz ayaqları üzərində duraraq irəli gedə bilər; bu, olduqca önəmlidir. Biz bunu əməli surətdə nümayiş etdirdik; bu da onları hiddətləndirir. İran xalqı ölkələr və xalqlar üçün bir örnəyə, super-güclərə müqavimət göstərib onlardan qorxmadan da inkişaf etməyin mümkün olduğunu göstərən bir nümunəyə çevrilib. Bilirsiniz ki, ölkəmizin müdafiə sənayesi sahəsində əldə etdiyi bütün uğurlar, bütün bu raketlər, onları bu qədər narahat edən bu texnologiyalar hamısı sanksiyalar dövründə əldə olunub; yəni biz sanksiya və hərtərəfli qadağalar şəraitində idik! Nə olubsa, bu dövrdə olub; onları təəccübləndirən və eyni zamanda narahat edən də məhz budur. Bir neçə il bundan əvvəl mənə bir məlumat çatdı; İsrail rejiminin generallarından biri qəzetlərdən birinə müsahibə vermişdi (o vaxt biz bu raketlərimizdən birini yenicə sınaqdan çıxarmışdıq; o adam hərbi sahədə mütəxəssis idi, hər şeydən yaxşı başı çıxırdı, anlayırdı; onlar peyk və sair vasitəsilə izləyirlər, başa düşürlər, prosesləri düzgün qiymətləndirə bilirlər), demişdi ki, mən İranın bu işi necə görə bildiyinə təəccüb edirəm. Söyləmişdi ki, mən İrana düşmənəm, ancaq bu işi həyata keçirə bildiyi üçün bu ölkəni yüksək qiymətləndirirəm; üzərində olan bu qədər ağır sanksiyalara rəğmən, belə bir iş görə bilib; onun müsahibəsi təxminən bu məzmunda idi. Düşmən görür, anlayır.
Əlbəttə ki, mən vaxtımızı Amerikanın o ağzının danışığını bilməyən, şarlatan prezidentinin (4) həyasız və mənasız danışıqlarına cavab verməyə sərf etmək istəmirəm; buna, həqiqətən, lüzum yoxdur. Ölkə rəsmiləri çıxış ediblər, cavabını veriblər, kifayət qədər yaxşı, düzgün də veriblər. Mən ona cavab vermək istəmirəm; yəni onun sözlərinə baş qoşmaq əslində vaxtını puç etmək deməkdir! Amma sizə və mənim bu sözlərimi eşidəcək hər kəsə bir şey demək istəyirəm: düşməni tanıyın; düşməni tanıyın. Hər bir xalqı təhdid edən təhlükələrdən biri də öz düşmənini tanımamaq, onu özünə düşmən yox, ya dost, ya da bitərəf bilməkdir. Bu, çox böyük bir təhlükədir. Bu, qəflət yuxusunda yatmaq deməkdir. Həm düşməni tanıyın, həm də onun düşmənçilik metodlarını; baxın, görün hansı yollarla düşmənçilik edir. Biz qəflətdə olmamalıyıq; əks təqdirdə, qarət olunacağıq; gözləmədiyimiz anda və hazırlıqsız yaxalanacağıq; gəlin qəflətə varmayaq. Əmirəlmöminin (ə) “Nəhcül-bəlağə”də buyurur:
(5) وَ اللَّهِ لَا اَکونُ کَالضَّبُعِ تَنامُ عَلَی طولِ اللَّدم
– “Mən ovçuların dəyənəklə yeknəsəq səslər çıxararaq yuxuya verib ovladıqları heyvan kimi olmayacağam”; mən yatmayacağam, oyağam, ətrafımda nə baş verdiyindən xəbərim var; Əmirəlmöminin (ə) bizdən də bu cür davranmağımızı istəmişdir. Yuxuya getməməliyik, qəflətə varmamalıyıq.
Əlbəttə, sizə onu da deyim ki, düşmənimiz zehni cəhətdən geridir; indi bu barədə bir qədər ətraflı deyəcəyəm. Təkcə o prezidentləri yox, hakimiyyətdə olan bütün administrasiyaları, həqiqətən də, şüur baxımından bir qədər gerilik yaşayır. Bunlar gənc, mömin, inqilabçı, fəal, mütərəqqi İranı 50 il əvvələ geri qaytarmaq istəyirlər; amma mümkün deyil axı; məlumdur ki, mümkün deyil! Yəni bu ölkənin vəziyyətini, bu xalqla olan münasibətlərini 50 il əvvəlki vəziyyətinə qaytarmağı xəyal edirlər. Bu, əqli gerilik deyil, bəs nədir? 50 il bundan əvvəlki kimi düşünürlər; burada nə baş verdiyini dərk edə bilmirlər. Bu regionda çox mühüm proseslər baş verib; əlbəttə ki, onlardan ən önəmlisi İslam İnqilabı və İran İslam Respublikasının yaranmasıdır, amma yenə də ətrafımızda digər bir sıra mühüm hadisələr də baş verib; bunları düzgün dərk edə bilmirlər. Dərk edə bilmədiklərinə görə də məğlub olmağa məhkumdurlar; yanlış hesablamaları mütləq məğlubiyyətlərinə səbəb olur. İraqda hesablamaları yanlış idi, məğlubiyyətə uğradılar; Suriyada hesablamaları yanlış idi, məğlub oldular; bizim şərqimizdə yerləşən regionda da eynilə (indi mən təfərrüatlara varmaq istəmirəm), hesablamaları yanlış olduğuna görə məğlubiyyətə düçar oldular; ta bugünə qədər. Elə bizim öz ölkəmizlə də bağlı bu cürdür; 40 ildir ki, bunlar bizimlə düşmənçilik edirlər, ağızlarının üstündən vurulur, məğlub olurlar. Nəyə görə? Çünki hesablamaları yanlışdır, reallığı düzgün dərk edə bilmirlər; düzgün dərkə sahib deyillər.
Bəli, Amerika – yəni Amerika dövləti, ABŞ siyasi rejimi – əlbəttə ki, çox şər və pis bir şeydir; İmam Xomeyninin (r.ə) buyurduğu kimi, ən böyük Şeytandır; həqiqətən də, çox böyük bir Şeytandır. Regionumuzdakı qeyri-sabitliyin səbəbkarı Amerikadır; regionumuzda müşahidə etdiyiniz bütün bu asayiş pozuntusunun, konfliktlərin kökü Amerikadır. Amerika dünya sionizminin iş icraçısıdır. Bu gün dünyada “beynəlxalq sionizm” adlı çox çirkin və təhlükəli bir şəbəkə mövcuddur; Amerika onların icraçısıdır. Amerika suveren xalqlara düşməndir; regionumuzda, eləcə də dünyanın əksər bölgələrində baş verən şər əməllərdən, müharibələrdən, soyqırımlardan çoxunun arxasında Amerika durur. Amerika bir zəli kimi xalqların var-yoxunu, resurslarını sormaq məqsədi güdür; Amerika budur; Amerika siyasi rejimi bu gün budur. İndi nə vaxtsa bu siyasi rejimi yaradanlar işin bu cür nəticələnəcəyini bilirdilər, ya yox – bu, başqa söhbətdir, amma bu gün Amerika budur. Amerika administrasiyası son illər belə bir vəziyyətdədir. Törətdikləri cinayətlərdə sionistlərin əsas günah ortağı Amerikadır; istər Fələstində, istər Livanda, istər Suriyada, istərsə də dünyanın digər bölgələrində. İŞİD-i və bu fəallıq edən əlisilahlı təkfirçi cərəyanını yaradan Amerikadır; o adam özü seçkiqabağı təbliğat kompaniyası apardığı dövrdə bunu açıq-aşkar demişdi; demokratlara tutduğu iradlardan biri də bu idi ki, “İŞİD-i siz yaratmısınız!” Özü etiraf edib! Yaxşı, indi siz istəyirsiniz ki, bunlar İŞİD-in qarşısını almış bir qüvvəyə kin və nifrət bəsləməsinlər?! Onlar İŞİD-i konkret məqsədlə yaradıblar. Gördüyünüz kimi, indi cürbəcür çıxışlar edir, İŞİD-in qarşısına sədd çəkməyi bacarmış Keşikçi Korpusun əleyhinə hay-küy qaldırırlar; bu, tamamilə təbiidir. Qarşı tərəfi tanıyandan sonra onun bu davranışları adama çox təbii görünür.
Bəli, bütün bunlara görə də bizə qarşı qəzəbli və aqressivdirlər; aqressiyalarının bir səbəbi, bayaq qeyd etdiyim kimi, bu ölkədən əllərinin kəsilməsidir; və bu gün də İslam Respublikası Amerikanın Orta Şərqlə bağlı planlarını poza bildiyinə görə hiddətldirlər; Qərbi Asiya regionunda görüləsi o qədər işləri, o qədər planları var idi axı! İslam Respublikası onların Livan, Suriya, İraqla bağlı planlarının hamısını pozmağa müvəffəq olub. Sionistlərin Livanda Hizbullaha məğlub olması; bəli, olayın arxasında bunlar var idi; bu, həmin vaxt idi ki, Amerikanın Xarici İşlər Naziri (6) çıxış edərək: “Yeni bir Orta Şərq doğulmaqdadır” – demişdi. Elə bilirdilər ki, böyük bir dəyişiklik həyata keçməkdədir.
Mən üzümü siyasət, media və mədəniyyət sferalarında fəaliyyətdə olan insanlara, habelə ölkə rəsmilərinə tutaraq son hadisələr, onların bu əməlləri ilə bağlı bir neçə tövsiyə etmək istəyirəm. Əvvəla, hamı əmin olsun ki, Amerika bu dəfə də inqilabçı İran xalqından layiqli cavabını alıb ona məğlub olacaq; dəqiq bilin ki, bu məhz belə olacaq. Necə ki son bir neçə onillikdə həmişə bu cür olub: İslam Respublikası ilə dəfələrlə qarşı-qarşıya gəliblər, amma məğlub olublar; bu, birincisi.
İkincisi: Amerika prezidenti səfeh hərəkətlər edir, amma bu bizim düşmənin məkrli planlarından arxayın olub oturmağımıza səbəb olmamalıdır. Şair demişkən:
(7) دشمن نتوان حقیر و بیچاره شمرد
– Düşməni həqir və aciz hesab etmək olmaz. Kimisə “səfeh”, “axmaq” adlandıra bilərik (belə deyənlər var, bunları eşidirik; ola da bilsin ki, dediklərində tam haqlıdırlar), amma eyni zamanda bu bizdə düşmənin məkrli niyyətlərinə qarşı diqqətsizlik yaratmamalıdır. Hamı ehtiyatlı davranmalı, ayıq-sayıq və hazırlıqlı olmalıdır. Müharibə olmayacaq, amma elə şeylər var ki, müharibədən heç də az əhəmiyyət daşımır. Ehtiyatlı olmalı, düşmənin nə etdiyinə, nə məqsəd güddüyünə baxmalıyıq; bunları əvvəlcədən sezə bilməliyik.
Üçüncüsü: düşmən İslam Respublikasının iqtidarına qarşıdır; İslam Respublikasına güc və iqtidar qazandıran nə varsa, düşmən o şeylərin əleyhinədir. Biz isə düşmənin bu münasibətinə rəğmən, İslam Respublikasının daxilində ona güc və iqtidar bəxş edən amilləri daha da artırmağa çalışmalıyıq. Onlardan biri sizin bilavasitə əlaqəli olduğunuz elmdir; elm, həqiqətən də, mübarizə meydanıdır, ölkənin qüdrət mənbəyidir. Digər bir amil ölkənin müdafiə gücüdür; həmin o raket məsələsi, ətrafında bu qədər hay-küy qopardıqları mövzular. Bu müdafiə gücü günbəgün daha da artırılmalıdır və əlbəttə ki, artırılır da; onlara göz dağı olaraq, günbəgün daha da artırılacaq. Üçüncü amil iqtisadi gücdür; ölkənin iqtisadi cəhətdən güclənməsi üçün çalışın. İqtisadi güc isə ondan-bundan asılı qalmaqla əldə oluna bilməz. Mən indi yox, çoxdan – bundan illər öncə dönə-dönə demişəm ki, xaricilərin ölkəyə investisiya yatırmasına razıyam, bunun qətiyyən əleyhinə deyiləm; Qərb ölkələri olsun, Avropa ölkələri olsun, problem deyil; intəhası ölkənin iqtisadiyyatı elə bir dayağa söykənməməlidir ki, tutalım, hansısa Trampın nərəsi ilə sarsıla bilə; bu cür olmamalıdır. Ölkə iqtisadiyyatının o güvənilən dayağı ölkənin öz daxilinə aid olmalı, iqtisadiyyatımız daxildən güc alaraq inkişaf etməlidir. Başqa sözlə, müqavimət iqtisadiyyatı olmalıdır; bu barədə danışılıb, siyasətləri də elan olunub; həmin siyasətlər həyata keçirilməlidir. Odur ki bu da önəmli məqamlardan biridir; ölkəni qüdrətli edən daxili amillər hamısı daha da gücləndirilməlidir: müdafiə gücü, regional məsələlərə təsir gücü və sair.
Dördüncüsü: düşmənin qəsdən yaratdığı aldadıcı təsəvvürlərə əhəmiyyət vermək lazım deyil. Düşmən daim hansısa yanlış təsəvvürlər yaradır; Birgə Kompleks Tədbirlər Planı məsələsində belə bir təsəvvür yaratmağa çalışırdılar ki, əgər razılaşma əldə olunsa, düşmənçilik aradan götürüləcək, yox əgər razılaşmaya getməsək, bizimlə düşmənçilik edəcəklər. Yaxşı, razılaşma da əldə olundu, amma düşmənçilik heç də azalmadı, əksinə, daha da artdı. Düşmən özü qəsdən belə bir fikir formalaşdırırdı ki, əgər razılığa getməsək və ya gec tərpənsək, elə olacaq, belə olacaq. Bu gün daha ortaya başqa bir mövzu atmasınlar ki, əgər filan məsələdə razılaşma əldə olunmasa – misal üçün, ölkənin hansısa regionda iştirakı məsələsində razılığa getməsək – nəticəsi bizim üçün yaxşı olmaya bilər; xeyr, bunlar hamısı düşmənin təlqin etdiyi yanlış təsəvvürlərdir. Biz öz xeyir və mənafeyimizi özümüz ölçüb-biçməli, özümüz üzə çıxarmalı, nəyin xeyrimizə olduğunu özümüz anlamalıyıq; düşmənə qulaq asmamalıyıq.
Beşincisi: bizim ölkənin müdafiə gücünün üzərində bu qədər israrla durmağımızın səbəbi keçmişdə yaşadığımız təcrübədir; təcrübədə şahidi olmuşuq. Vaxt var idi ki, bu ölkə – bax elə bu gün sizin küçələrdə, Allaha şükür, arxayınlıqla, təhlükəsiz şəraitdə gediş-gəliş etdiyiniz bu Tehran şəhəri – Səddamın raketlərinin altında idi; sizlərdən çoxunuz, yəqin ki, o vaxt heç dünyaya gəlməmişdiniz. Bizim əlimizdə heç bir müdafiə vasitəsi yox idi, Səddama isə hamı kömək edirdi; Amerika o raketləri, müxtəlif müdafiə texnikalarını, hətta müharibə meydanının xəritəsini əldə etmək üçün Səddama kömək göstərirdi; peykləri və sair vasitəsilə. Fransa kömək edirdi; Fransa həm raket verirdi, həm də təyyarə. Almaniya kömək edirdi; kimyəvi maddələr verirdi. Bildiyiniz kimi, Səddamın ordusu bir çox hallarda kimyəvi silahdan istifadə edib. Bizim kimyəvi silahlardan zərər çəkmiş nə qədər müharibə əlillərimiz var, onlardan nə qədəri dünyadan köçüb! Həmin silahlar üçün kimyəvi maddəni onlara Almaniya verirdi; kimyəvi silah düzəltmələri üçün Səddam ordusunu zəruri kimyəvi maddələrlə təchiz edən Almaniya idi. Hətta bəzən onlara birbaşa olaraq kimyəvi bombalar da verirdilər; Səddama hamı kömək edirdi, bizim isə əlimiz boş idi, heç bir müdafiə vasitəmiz yox idi; elə ona görə də lazımi müdafiə imkanları əldə etmək fikrinə düşdük. Başladıq; əslində sıfırdan başladıq. Mən sizin üçün danışsam, təsvir etsəm ki – təəssüf ki, indi heç vaxtımız da yoxdur – bizim ilk dəfə hazırladığımız, uzağavurma qabiliyyəti də təxminən 20 kilometr olan raket hansı olub, bəlkə də, gülməyiniz gələr! RPQ raketini birtəhər 15-20 kilometr uzağa ata bilməyimiz üçün navalça kimi bir qurğu düzəltmişdilər; bu cür başlamışdıq. Sonra imkanlarımızı daha da artırmağa müvəffəq olduq. Düşmən imkanlarımızın artdığını, bizim də ona eyni səviyyədə cavab verməyə qadir olduğumuzu görəndən sonra artıq dayandı; bu bizim yaşadığımız bir təcrübədir. Biz öz müdafiə gücümüzü artırmasaq, düşmənlərimiz cürətlənəcək, özlərində cəsarət taparaq üstümüzə hücum etmək həvəsinə düşəcəklər. Bizim müdafiə gücümüz elə bir səviyyədə olmalıdır ki, düşmən bizə qarşı hansısa addım atmaq, hansısa yanlış hərəkətə yol vermək fikrinə düşməyə.
Altıncısı: Avropa dövlətləri nüvə razılaşmasının həyata keçirilməsinə təkid ediblər; O demişdi ki, cıracağam, nə bilim, nə edəcəyəm – qələt edir – bunlar qınayıblar, deyiblər, yox, cırmaq lazım deyil və sair. Yaxşı, lap yaxşı; yəni bu qədərini biz də alqışlayırıq, yaxşıdır, amma təkcə ona: “Anlaşmanı cırmayın!” – demələri kifayət etmir. Düzdür, Birgə Kompleks Tədbirlər planı onların xeyrinədir; həm Avropa dövlətləri, həm də Amerikanın öz xeyrinədir; təbii ki, cırılmasını istəməyəcəklər; əlbəttə, biz də demişik ki, əgər qarşı tərəf cırmasa, biz də cırmayacağıq, yox, əgər onlar cırsa, biz tikə-tikə doğrayacağıq! (8) Hərçənd bundan əvvəl (9) başqa bir şey demişdim. Odur ki bura qədər olanı yaxşıdır, amma kifayət deyil.
Əvvəla, avropalılar Amerikanın atdığı addımlara etiraz etməlidirlər. O bu sazişi cırmasa belə, müddəalarını pozarsa (məsələn, hazırda konqreslərindən gözlədikləri sanksiya qərarları və sairlə), avropalılar ona qarşı çıxmalıdırlar; Fransa, Almaniya; ingilislərin ki, nə isə edəcəyi bir o qədər də gözlənilən deyil. Etiraz etməlidirlər; “Biz əleyhinəyik” – demələri kifayət deyil.
İkincisi, bizim əsas işlərimizə, misal üçün, ölkənin müdafiə gücü və sair bu kimi məsələlərə qarışmaqdan çəkinsinlər; Amerikanın səsinə səs verməsinlər. Avropa dövlətlərinin Amerikanın dediyini təkrarlayaraq: “İran regionda nə üçün iştirak edir?” – deməsi (Gözünüzü çıxarır?! Nəyə görə iştirak etməməlidir ki?!) və ya o bizə: “Sizdə nə üçün 2000-3000 kilometr uzağa vuran raketlər var?” – deyə irad tutduğu zaman bunların da onun səsinə səs verməsi məntiqsiz və mənasızdır. Sizə nə dəxli var? Yaxşı, bəs onda sizin özünüzün niyə raketiniz var? Sizdə niyə nüvə raketləri var? Sizdə niyə atom silahı var? Biz avropalıların İslam Respublikasının özünümüdafiə qabiliyyəti ilə bağlı məsələlərə müdaxilə edərək nə isə demələrini də qəti surətdə qəbul etmirik. Deməli, Amerikanın yanlış və hegemon danışıqlarını dəstəkləməsinlər; bu da altıncısı idi.
Yeddincisi: iqtisadiyyat sferasının rəsmiləri müqavimət iqtisadiyyatına ciddi yanaşsınlar. Daxili istehsalın rövnəqləndirilməsi, idxalın qadağan olunması, qaçaqmalçılığın qarşısının alınması – bunlar müqavimət iqtisadiyyatının prioritet məsələləridir. Bu il məşğulluq ilidir. Hazırda da mehr ayının ikinci yarısındayıq; yəni ilin yarısından çoxu geridə qalıb. Məşğulluq, daxili istehsal, milli istehsal sahələrində daha çox iş görülməlidir; səyləri ikiqat artırmaq, geridə olduğumuz cəhətləri aradan qaldırmaq lazımdır. Bir müddət başımız seçkiyə, seçki ilə bağlı söhbətlərə qarışdı, vaxt ötdü; bu boşluğu doldurmaq lazımdır ki, bu sahədə hansısa nəticə ala bilək. Mən demişəm: biz xarici investorları can-başla qəbul edirik, amma ümidimizi yalnız onların gördüyü işə bağlamırıq; çünki onlara etibar yoxdur. Xarici investor bu gün gəlir, sabah bir hadisə olan kimi, bizim üçün problem yaradır. Qoy xarici investorlar gəlsinlər, investisiya da yatırsınlar, ancaq ölkənin iqtisadiyyatı daxili amillərə söykənməlidir. Bizim daxili imkanlarımız heç də az deyil, çoxdur, görüləcək ilk işlər də aydındır, yaxşıdır; bayaq cənab Səttari də qeyd etdi. Bu məntiq də tamamilə düzgün bir məntiqdir ki, bizim iqtisadiyyatımız neft iqtisadiyyatıdır, təbii resursa söykənən bir iqtisadiyyatdır; yəni eləcə sərmayəni sat, ye; sərmayədir də, bəs nədir?! Bu vəziyyət dəyişilməlidir; iqtisadiyyatımız əlavə dəyərə əsaslanmalıdır. Biz hətta qiymətli daşlarımızın – ölkəmizdə olan qiymətli inşaat materiallarının da əksəriyyətini eləcə emal olunmamış formada xarici ölkələrə ixrac edirik. Bu, çox qəribədir və bəzi nazirlərimiz bu məsələlərdə, həqiqətən də, səhlənkarlıq ediblər. Bəli, qeyd etdiyim bu bir neçə məqam siyasi məsələlərlə bağlı idi.
Son olaraq sizə bir şeyi də demək istəyirəm; burada da qeyd etmişəm. Əziz gənclər, fürsətdən istifadə edin. Bu gün sizin əlinizdə ölkənin gələcəyini qurmaq üçün fürsət var. Sizin dövrünüz bizim gənclik dövrümüzdən fərqlənir. Biz çox ağır, təhlükəli bir dövrdə yaşamışıq. Siz yaşda olanda biz ya həbsxanada olurduq, ya təzyiq və işgəncə altında, ya da sürgündə. Sonralar İslam İnqilabı qələbə qazanandan sonra da – inqilabın o ilk illərində – gecə-gündüz işləyirdik; dincəlmək yox idi; daim iş. İndi mən bir-iki ildən sonra ölkə prezidenti oldum, yoldaşlarımızdan bəziləri heç belə yüksək vəzifə postu da tutmamışdılar, gərgin surətdə işləyirdilər; biz də ölkə başçısı olaraq bir başqa cür çalışıb-vuruşurduq. Yəni siz yaşda və sizdən bir qədər böyük olduğumuz dövrlərdə biz, doğrudan da, çox çətinliklər çəkmişik. Sizin zəmanəniz isə bu cür deyil, siz sakit, təhlükəsiz şəraitdə yaşayırsınız, elmlə məşğul olmaq imkanınız var, bacarığınız var, sizə dəyər verirlər, həvəsləndirirlər! Bunun qədrini bilin, bu fürsətdən istifadə edin. Qiymətli bir gövhər olan gənclik sizin ixtiyarınızdadır və bu, elə bir qiymətli gövhərdir ki, qiyamət günü Allah-taala bizi onu hara xərclədiyimiz, necə keçirdiyimiz barədə sorğu-sual edəcək. Qiyamət günü bizdən soruşulacaq şeylərdən biri də budur: cavanlığını necə keçirdin? Cavab verməli olacağıq. Öz dini vəzifənizi və vicdan borcunuzu unutmayın; bacardığınız qədər çalışın. Və sizin səyləriniz xeyirli olacaq; yəni əgər ölkənin tutduğu yol yanlışdırsa, siz onu doğru istiqamətə yönəldə, problemli məqamları yoluna qoya bilərsiniz. Xoşbəxtlikdən, ölkəmiz doğru istiqamət götürüb, düz yoldadır; əlbəttə, orada-burada müəyyən problemlər var, çoxdur, amma əsas istiqamət doğrudur. Odur ki siz də nöqsanlı cəhətləri aradan qaldıra, düzgün tendensiyaların korlanmamasına, dəyişməməsinə, sapmamasına yardımçı ola bilərsiniz. Siz gənclər – gənc alimlər bu işi görə bilərsiniz. Bu fürsətdən istifadə edin və bilin ki, inşallah, Allah-taala da sizə yardım edəcək;
وَ الَّذینَ جٰهَدوا فینا لَنَهدِیَّنَهُم سُبُلَنا
“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq”. (“Ənkəbut” surəsi, 69-cu ayədən)
Siz Allah-yolunda çalışıb-vuruşursunuzsa, Allah-taala özü sizi doğru yola istiqamətləndirəcək.
وَ مَن یُؤمِن بِاللّهِ یَهدِ قَلبَه
“Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini haqqa doğru yönəldər”. (“Təğabun” surəsi, 11-ci ayədən)
Allah-taala sizin qəlbinizi görməli olduğunuz işlərə istiqamətləndirəcək. Çalışın ki, niyyətiniz öhdənizə düşən vəzifəni hiss etmək, yerinə yetirmək olsun, Allaha bağlı olsun; inşallah, Allah da öz köməyini edəcək. Və mən əminəm ki, gələcək onilliklərdə, inşallah, ölkədə hər bir işin başında durduğunuz zaman sizin qarşınızda bugünkündən qat-qat daha yaxşı, daha mütərəqqi, daha nizamlı bir İran olacaq və siz onu idarə edəcəksiniz, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
__________________________
(1) “Sabahın alimləri” adı ilə keçirilən 11-ci Milli Konfrans münasibətilə təşkil olunan bu görüşün əvvəlində Prezidentin Elm və Texnologiya Məsələləri üzrə Müavini, Elm Xadimləri Milli Fondunun sədri Dr. Surna Səttari məruzə ilə çıxış etmiş, həmçinin görüş iştirakçılarından 5 nəfəri öz rəy və görüşlərini ifadə etmişlər.
(2) Cənab İsa Zarepur.
(3) İbn Əbilhədid, “Nəhcül-bəlağəyə şərh”, c.20, səh. 319.
(4) Amerika prezidenti Donald Trampın 21.07.1396-cı ildə səsləndirdiyi fikirlərə işarə olunur.
(5) “Nəhcül-bəlağə”, 6-cı xütbə.
(6) ABŞ-ın keçmiş Xarici İşlər Naziri Kondaliza Rays nəzərdə tutulur.
(7) Sədi, “Gülüstan”, 1-ci bab.
(8) Ali Məqamlı Rəhbər özü və görüş iştirakçıları gülürlər.
(9) Ali Məqamlı Rəhbər zarafatla daha öncə (hökumət rəsmiləri ilə 03.25.1395-ci idə baş tutan görüşündə) nüvə anlaşması ilə bağlı səsləndirdiyi aşağıdakı fikrə işarə edir: “Onlar bu müqaviləni cırsalar, biz yandıracağıq!”