Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین
Əziz qardaşlar, möhtərəm cənablar, çox xoş gəlmisiniz. Periodik olaraq keçirdiyimiz xoş və ürəkaçan görüşlərdən biri də sizinlə olan bu görüşlərimizdir. Sizin öz sosial mühitinizə göstərdiyiniz təsir, bu mötəbər iclasların ümumilikdə dövlətə və hökumətə olan təsiri – bütün bunlar çox önəmli məqamlardır; ümidvaram ki, Allah-taala düşüncələrinizə, ideyalarınıza, səsləndirdiyiniz fikirlərə, görmək istədiyiniz və həyata keçməsi üçün addım atdığınız işlərə öz lütf və yardımını əta edəcək və bunlar hamısı arzulanan nəticəni verəcək, inşallah.
Çıxışlarına görə cənab Cənnətiyə və cənab Şahrudiyə təşəkkürümü bildirirəm; çox faydalı fikirlər səsləndirdilər, bu bir neçə gün ərzində Xubriqan Məclisinin iclasının hansı atmosferdə keçdiyi barədə məlumatlandıq. Əlbəttə ki, bundan öncə mənə bu barədə hesabat da təqdim olunmuşdu. Cənablar çox önəmli, həqiqətən də, diqqətəlayiq məsələlərə toxunublar. İstərdim ki, mərhum Hacı Şeyx Əliəsğər Məsuminin də xatirəsini yad edək; Allah ona rəhmət etsin; bizim köhnə dostlarımızdan idi, Xubriqan Məclisinin bir neçə çağırışında məclis üzvü olmuşdu. Bu son çağırışda isə səhhəti ilə əlaqədar olaraq özü Xubriqan Məclisində iştirak etmək istəməmişdi; bir neçə gün bundan əvvəl rəhmətə gedib;(2) ümidvaram, Allah-taal onu öz lütf və rəhmətinə layiq görəcək.
Cənablar – cənab Cənnəti və cənab Şahrudi – budəfəki görüşümüzün məhərrəm ayına təsadüf etdiyini qeyd etdilər; çox önəmli bir təsadüfdür. Məhərrəm ayı İmam Hüseynin ayıdır, Hüseynə aiddir, Seyyidüş-şühədanın (ə) varlığında təcəssüm etmiş bütün o dəyərlərin ayıdır; şəhadət, cihad, ixlas, sədaqət, fədakarlıq, dini, Allahın dinini qorumağa, dinin əleyhinə olan güclərlə mübarizəyə can atma ayıdır. Seyyidüş-şühədanın (ə) mübarək varlığı, Aşura hadisəsi və məhərrəm ayında baş vermiş digər olaylar bu şeylərin təcəssümüdür. Belə bir fikir var ki, İslam dinini Seyyidüş-şühədanın qiyamı qoruyub saxlayıb; bu, həqiqətən də, doğrudur. Eyni zamanda bu hadisə zaman keçdikcə, əsrlər bir-birini dəyişdikcə günbəgün daha da canlanıb, daha da aktuallaşıb. Bu gün bu mərasim zahirən insanların dini inancına bugünkü kimi təzyiqlər göstərən, qarşı çıxan qüvvələrin olmadığı yüz il bunda öncədən də daha emosional, daha genişmiqyaslı, daha izdihamlı şəkildə keçirilir. Bütün bunların mənası var, bütün bunlar dünyada Hüseyn ibn Əlinin (ə) rəhbərliyi altında bir həqiqətin, bir hərəkatın həyata keçdiyini göstərir. İnşallah, bu hərəkat irəliləyəcək və xalqların problemlərini həll edib dərdlərinə əlac olacaq.
Bu gün mən 3 mövzuya toxunmaq istəyirəm; birincisi bu mötəbər məclislə, yəni Xubriqan Məclisi ilə bağlıdır; ikinci mövzu, demək olar ki, dəfələrlə üzərində durduğumuz bir mövzudur: ölkədəki problemlər barədə danışacağam; və bir də dünyada və regionda gedən proseslərə, onların bizimlə, İslam Respublikası ilə əlaqəsinə toxunacağam.
Birinci mövzuya gəlincə, Xubriqan Məclisi özünün tərkibi, funksiyası, bu illər ərzindəki fəaliyyəti baxımından, həqiqətən də, müstəsna və tayı-bərabəri olmayan bir qurumdur. Və düşünürəm ki, indiyə qədər görmüş olduğu və hazırda gördüyü işlərdən əlavə, bu məclisə daha bir mühüm işin həyata keçirilməsində ümid bağlamaq olar. Həmin iş İslam İnqilabına, bu inqilabın kursuna ümumi, strateji baxışdan ibarətdir. Bizim dövlət qurumlarımızda bu yoxdur; bu işi həyata keçirəcək bir qurumumuz yoxdur. Əlbəttə ki, bu, Ali Rəhbərin vəzifələri sırasına daxildir və bu günə qədər mümkün olduğu qədər (bu həqir bəndənin nöqsanlı cəhətlərinin yol verdiyi həddə) bu işin həyata keçirilməsinə səy göstərilib, lakin bunun üçün ayrıca bir qurumumuz yoxdur. Hakimiyyətin 3 qolunun işi ölkəni idarə etməkdir, ölkəni idarə etməlidirlər; hər biri bir sferada, bir şəkildə. Əlbəttə ki, onlar ölkəni inqilabi prinsiplərə uyğun idarə etməlidirlər; şübhəsiz, bu belədir, amma təbii ki, onlar öz getdikləri yola baxır, öz fəaliyyət sferalarını diqqətdə saxlayırlar. Ötən bu 39 il ərzində və gələcək onilliklərdə ümumilikdə inqilabın kursuna strateji baxış ortaya qoyacaq bir qurum əsasən yoxdur. Bunun üçün ayrıca bir mərkəz olmalıdır.
Bu nə deməkdir? Bir qədər ətraflı aydınlaşdıraq; yəni Xubriqan Məclisinin tərkibində ideoloji bir heyət yaratmaq olar (Allaha şükürlər olsun ki, 70-80 nəfərin təmsil olunduğu bu qurumda dəyərli filosof və mütəfəkkirlər heç də az deyil); bu heyətin vəzifəsi ilk gündən bu günə qədər İslam İnqilabının kursuna ümumi bir nəzər salmaq olacaqdır. Axı bu inqilabın müəyyən hədəfləri olub, həmin hədəflərə doğru irəliləyişə başlanıb. Qoy baxsınlar görək o hədəflərə nə qədər yaxınlaşmışıq, hansına yaxınlaşmışıq, hansına gedən yolda ətalətə uğramışıq, hansı ilə bağlı geriləmişik (belə də ola bilər ki, inqilabın əvvəllərində hansısa hədəflə bağlı irəliləyiş, müsbət dinamika mövcud olub, lakin sonradan nəinki təkcə durğunluq, hətta geriləmə yaranıb); bütün bunları öyrənib bilmək lazımdır. Və əgər bu kimi hallar müşahidə olunarsa, qoy Xubriqan Məclisi öz tələblərini bunun əsasında tənzimləsin. Söhbət tələblərdən düşmüşkən, cənablar iclasdakı çıxışlarında da bu məsələyə toxunublar, burada da qeyd etdilər, mən özüm də bundan öncə dəfələrlə vurğulamışam ki, Xubriqan Məclisi müxtəlif dövlət qurumlarına tələblər irəli sürməlidir. Bu tələblər dediyim o araşdırmanın nəticələrinə əsaslana bilər. Bir neçə misal gətirək:
Misal üçün, bu inqilabın mühüm prinsiplərindən biri “Nə Şərqlə, nə də Qərblə olmaq” idi; bu gün Şərq yoxdur, bütün gücü və qüdrəti ilə yalnız Qərb var. “Qərblə olmamaq” nə deməkdir? Yəni biz Qərbə meyillənməməli, Qərbin təsir altına düşməməli, Qərb mədəniyyətini qəbul etməməli, ölkəmizi və mədəniyyətimizi tənəzzül etmiş Qərb mədəniyyətinə qarışmaqdan qorumalıyıq; siyasətdə Qərbin təsiri altında, Qərbdən asılı olmamalı, dediyi ilə oturub-duraraq Qərbə boyun əyməməliyik. “Qərblə olmamaq” bu deməkdir. Əlbəttə, “Şərqlə olmamaq” deyimi də bu mənadadır, amma bu gün daha “Şərq” (Şərq bloku) yoxdur. Qərb haradır? Amerika, Avropa; yaxşı, Avropa dövlətlərinin öz mədəniyyəti, öz siyasəti, uzunmüddətli və kompleks bir yol xəritəsi var; və İslam Respublikası olaraq bizim vəzifəmiz özümüzü Qərbin istədiyi kursa düşüb getməkdən xilas etməkdir; bu bir vəzifədir. Görəsən, bu günə qədər bu vəzifəni həyata keçirə bilmişik, ya yox? Nə dərəcədə həyata keçirmişik? Hansı məqamlarda həyata keçirə bilmişik? Əgər müəyyən məqamlarda həyata keçirilməyibsə, problem nədədir? Xubriqan Məclisi həmin problemləri araşdırıb üzə çıxararaq bunun əsasında tələblər ortaya qoya bilər. Bu tələblər mənə də ünvanlana bilər, hökumət kabinetinə də, məhkəmə hakimiyyətinə də, Keşikçi Korpusa da, parlamentə də; həmin problemlərin aşkarlanması nəticəsində müəyyən tələblər yaranacaq. Bu, bir misal.
Və ya tutalım, iqtisadiyyat sferasında; ölkənin qüdrətinin dayaqlarından biri onun iqtisadi gücüdür, güclü iqtisadiyyatın ən mühüm elementlərindən biri isə güclü milli valyutadır. Yəni milli valyutanın alıcılıq qabiliyyəti olmalı və vətəndaşlar, ona malik olan insanlar üçün sərvət əmələ gətirməlidir. Əgər biz yanlış icra siyasətləri, düzgün olmayan qərarlar, cürbəcür səhlənkarlıqlar ucbatından milli valyutanın dəyərinin günbəgün aşağı düşdüyü bir vəziyyətə gəlib çatmışıqsa, bu, artıq geriləmədir. Bunu müəyyən etmək, bunun əsasında tələblər tənzimləmək, tələblər irəli sürmək lazımdır. Bu tələblər, misal üçün, hökumət kabinetinə, parlamentə və sairə ünvanlana bilər.
Və ya İslam İnqilabında ilk gündən irəli çəkilən mövzulardan biri sosial ədalət məsələsidir. Ədalət ölkədə varlılarla yoxsullar arasında təbəqələşməni azaltmaq, yoxsulluğa qarşı mübarizə aparmaq, sərvət bölgüsünü düzgün həyata keçirmək deməkdir. Bu, marksist ideologiyadan, sosialist və ya kommunistlərin təbliğ etdiyi sosial bərabərlikdən fərqlənir; bu, İslamın yanaşmasıdır; bütün İslam mənbələri bu prinsipi dəstəkləyir və vurğulayır. Bu o demək deyil ki, varlıların sərvətinə əl qoyub, nəyisə onlardan almalıyıq; yox, ölkəni elə idarə etməliyik ki, varlılarla yoxsullar arasında təbəqələşmə azalsın. Bu, çox önəmli və bu gün bütün dünya ölkələrində önə çəkilən bir məsələdir. Bu gün dünyada başlıca iqtisadi meyarlardan sayılan “Cini indeksi”nin də mahiyyəti elə budur; əslində, müəyyən mənada varlılarla yoxsullar arasındakı təbəqələşməni əks etdirir. Biz baxmalıyıq ki, bu sahədə (İslam nöqteyi-nəzərindən) nə qədər irəli getmişik; nəyə görə bu cür olub. Bütün bunları götür-qoy etməliyik.
Və ya tutalım, inqilabi stimulun qorunub saxlanması; İslam Respublikasının həmişəyaşarlığının ikinci şərti inqilabi stmulun qorunması, inqilab ruhiyyəsinin mövcudluğudur. İnqilab ruhiyyəsi olmasa, İslam Respublikası olmayacaq; düzdür, hakimiyyətdə bir rejim olacaq, amma o rejim artıq İslam Respublikası olmayacaq. Xalqın bu hərəkatı, İslam dininin, İslam şəriətinin dirçəldilməsi uğrunda axıdılan bu qanlar, çəkilən bu zəhmət bunun üçün olub; bunlar yox olub gedəcək, ayaqlar altına atılacaq. Odur ki İslam Respublikasının qorunub saxlanması üçün inqilabi stimul və ruhiyyə hökmən lazımdır.
Hazırda bu stimul hansı səviyyədədir? Azalıbmı, artıbmı, davam edirmi, onun əleyhinə hansı işlər görülür, hansı səylər göstərilir, bunlarla mübarizə aparmağın yolu nədir? Bütün bunlara əsasən tələblər müəyyən etmək lazımdır. Misal üçün, mən müxtəlif çıxışlarımda daim: “Allahın ordusundan olan, inqilabçı uşaqlara dəstək olun” – deyirəm; bu, elə o deməkdir; yəni bu, ölkənin inqilabi hərəkatını nəzərə alaraq qarşıya qoyulan bir tələbdir. Əlbəttə, sevindirici haldır ki, ölkəmiz bu sahədə qətiyyən geriləməyib, əksinə irəli gedib və bunu tam şəkildə sübut etmək mümkündür, açıq-aydın göz önündə olan bir həqiqətdir.
Və ya misal üçün, xalqın dindarlığı; biz xalqımızın dindar olmasını istəyirik. Bəzən belə bir söz deyirlər: “Biz xalqı zorla Cənnətə göndərmək istəmirik”. Məncə bu, düzgün bir ifadə deyil, bir qədər yanlış fikirdir. Heç kimin heç kimi zorla Cənnətə aparmaq niyyəti yoxdur, amma Cənnətə gedən yolu camaatın üzünə açmaq, insanları buna təşviq etmək lazımdır. Elə peyğəmbərlər də bunun üçün gəliblər; gəliblər ki, insanları Cənnətə aparsınlar, Cəhənnəmə getmələrinə imkan verməsinlər. Peyğəmbərlik missiyası, müqəddəs kitabların nazil edilməsi, bu qədər zəhmət və mücahidə elə buna görə olub ki, insanların Cəhənnəmə düçar olmasına imkan verilməsin. Bu, bizim borcumuzdur, biz bu işi görməliyik, xalqımız dindar olmalıdır; bu, sözsüz belədir. Əlbəttə ki, düzgün formada, doğru yol və metodlarla. “İslamda bu məsələdə məcburiyyət yoxdur” – demək də düzgün deyil. Elə isə bəs şəriətin qoyduğu qayda-qanunlar nə üçündür?
فَاجْلِدُوا... مِائَةَ جَلدَة
“... yüz çubuq vurun”.
(“Nur” surəsi, 2-ci ayədən)
فَاجلِدوهُم ثَمانینَ جَلدَة
“... onlara səksən çubuq vurun”.
(“Nur” surəsi, 4-cü ayədən)
– bütün bunlar nədir? Bunlar elə məcburiyyətdir.
Odur ki bunlar strateji əhəmiyyət daşıyan araşdırmalardır. Sizin ideoloi heyətiniz oturub inqilabın bu 39 il ərzində keçdiyi yola ümumilikdə bir nəzər salanda, bu məqamların hər birini (və mənim sadalamadığım başqa 10, 15 mühüm məqamı) nəzərdən keçirəndə görəcək ki, məsələn, biz filan sahədə irəli getmişik, bu irəliləyişə dəstək vermək olar, onu qoruyub saxlamaq və davam etdirmək üçün müəyyən işlər görülməlidir; çünki heç şübhəsiz, bu irəliləyişin əleyhinə olanlar, onu gözü götürməyənlər var; və ya hansısa məqamlarda ətalətə uğramışıq, haradasa geri getmişik; baxmaq lazımdır ki, bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır. Bu isə ortaya müəyyən tələblər çıxaracaq; yəni bu tələblər hansısa ostan və ya şəhərin problemləri kimi xırda icraiyyə məsələlərindən daha yüksəkdə durur. Əlbəttə, onlar da problemdir, mən onları inkar etmək istəmirəm, amma Xubriqan Məclisinin status və səviyyəsinə məhz bu cür məsələlərlə məşğul olmaq uyğundur. Mənim fikrimcə, Xubriqan Məclisinin həyata keçirə biləcəyi ən əsas və önəmli işlərdən biri budur.
Bayaq dediyim kimi, bu gün toxunacağım ikinci mövzu ölkədəki problemlərdir. Bu barədə dönə-dönə, dəfələrlə danışmışıq, amma mən bir daha bu mövzunun üzərində dayanmaq istəyirəm. Deyəcəklərimin xülasəsi budur: rəsmilər də, xalqımız da bilsinlər ki, ölkədəki problemlərin həlli yalnız bu ölkənin öz insanlarının əli ilə mümkün ola bilər; istər bu, iqtisadi problemlər olsun, istərsə də mədəniyyətlə bağlı problemlər; problemlərin istənilən növünü yalnız bu xalq özü həll etmək iqtidarındadır.
Bayaq danışdığımız məsələ ilə bağlı bir cümlə deyim, o, bu mövzu üçün də keçərlidir: siz inqilabın mühüm və əsas tezislərindən biri ilə bağlı müəyyən bir nəticəyə gələndən sonra bunu diskursa çevirməlisiniz; misal üçün, broşür halında çap etdirməlisiniz. Sizin sayınız çoxdur; çoxunuz imam-cüməsiniz, ostanlarda və ya şəhər mərkəzlərində tanınmış, görkəmli simalarsınız, ixtiyarınızda tribuna var, camaata müraciət etmək, xalqla söhbət etmək imkanına sahibsiniz; danışın, təkrar-təkrar deyin ki, diskursa çevrilsin. Diskurs xalq arasında geniş surətdə yayılmış, hər kəsin ümumi arzu və tələbinə çevrilmiş bir fikir, ideya deməkdir. Hansısa fikir ümumi tələb halına gələndə, diskursa çevriləndə isə, təbii olaraq, reallaşmağa yaxınlaşacaq. Eynilə bu məsələdə də; camaatımız hamısı tam əminliklə və heç bir şübhə yeri qalmadan bu fikrə gəlməlidir ki, ölkədəki problemlərin həllini tapması üçün, mütləq, ölkənin öz daxilində öz insanlarımız qollarını çırmayıb işə keçməlidir. Bu məsələ o qədər deyilməli, təkrarlanmalı, arqumentlərlə əsaslandırılmalıdır ki, qəti və danılmaz bir diskurs halına gəlsin.
Bizim istedadlı gənclərimiz, dəyərli mütəxəssislərimiz, yaxşı istehsalçılarımız, sahibkarlarımız, çalışqan fəhlə və zəhmətkeşlərimiz, gözəl müəllimlərimiz, professorlarımız var. İşlər bu cür insanların əli ilə yoluna qoyulmalıdır; ölkənin problemlərini məhz bu insanlar ortadan qaldırmalıdır; iqtisadi problemləri də bunlar həll etməldir, digər önəmli problemləri də. Yadlardan heç bir iş çıxmayacaq.
Demirəm ki, dünya ilə əlaqələrinizi kəsin; mən heç də bu fikridə deyiləm. Mən inqilabın lap əvvəlindən dünya ilə, başqa ölkələrlə əlaqələrin qurulmasına israr edən şəxslərdən biri olmuşam, elə bu gün də həmin fikirdəyəm, lakin mənim demək istədiyim budur ki, biz öz təbii və güclü ayaqlarımızı xaricilərin əl ağacına dəyişməməliyik. Öz ayaqlarımız üzərində dimdik durmaq yerinə, xaricilərin əl ağacına söykənməyimiz səhvdir. Əlbəttə, beynəlxalq əlaqələrə girib danışıqlar aparmağın heç bir eybi yoxdur; mən nüvə danışıqlarına əvvəl də, elə hazırda da yalnız bunu irad tutmuşam və qapalı iclaslarımızda dəfələrlə rəsmilərin özünə də söyləmişəm ki, bizim danışıqlara getməyimizdə heç bir problem yox idi, intəhası hazırkı vəziyyətin yaranmamağı üçün bu danışıqlarda lazımınca diqqətli və ehtiyatlı olmaq lazım idi. Hazırda qarşı tərəf istədiyini etdiyi halda, nüvə anlaşmasını pozmuş hesab olunmur, biz isə bir balaca tərpəniş edən kimi anlaşmanı pozmuş oluruq! Bu, səhvdir, belə olmamalıdır; belə bir vəziyyətin yaranmasının
səbəbi isə daxili güc və potensiala yox, qarşı tərəfə, xaricilərə arxalanmaqdır.
Dediyim odur ki, yadlara göz dikmək lazım deyil; dünya ilə əməkdaşlıq etməliyik, buna söz yox; dünya ilə əməkdaşlıq etməyin, təbii ki, öz tələbləri var, o tələbləri də qəbul edirik, öhdəmizə götürürük, lakin xaricilərə arxalanmamalıyıq, çünki ölkəmizdən və cəmiyyətimizdən kənarda düşmənlərimiz çoxdur; qarşımızda çoxsaylı düşmənlərdən ibarət bütöv bir cəbhə durub. Düzdür, Allaha şükürlər olsun ki, bu günə qədər biz o cəbhəyə zərbə endirmişik, onu məğlub etmişik, geri oturtmuşuq, bundan sonra da belə olacaq, lakin bilməliyik ki, qarşımızdakı təkcə bir düşmən mövqeyi deyil, geniş bir düşmən cəbhəsidir.
Və son olaraq, dünya və regiondakı vəziyyətə gəlincə, qısaca bunu deməliyəm ki, Allaha şükür, biz qlobal məsələlərdə irəli getməkdəyik. Nəinki geri getməmişik, heç durğunluğumuz da olmayıb, irəliləməkdəyik. Bəziləri belə bir fikir formalaşdırmağa çalışır ki, guya biz dünyadakı nüfuzumuzu itirmişik, dünyanın gözündə kiçilmişik. Xeyr, Allahın köməyi ilə, Allahın izzəti sayəsində İslam Respublikası hörmətlidir, nüfuzludur, bu günə qədər də nüfuz və etibarı, qüdrəti gübəgün daha da artıb. Düşmənləri özlərindən çıxaran da elə budur.
O ABŞ prezidentinin (3) BMT-də danışdığı səfeh sözləri eşitdiniz; yəqin ki, birbaşa və ya dolayısı ilə qulağınıza çatıb; çox çirkin və qaba ifadələrdən istifadə edib; qanqstersayağı, kovboysayağı ifadələr, yanlış və mənasız təhdidlər, ondan da yüzdə-yüz yanlış olan təhlillər; yalanla dolu bir nitq idi! O çıxışda, bəlkə, 20-yə yaxın ağ yalan səslənirdi! Pərakəndə bir söhbət idi; həm əsəbi, həm çıxılmaz vəziyyətdə olduqlarını, həm də düşüncə cəhətdən problem yaşadıqlarını, geridə olduqlarını, səfehliklərini göstərirdi; yəni o nitqdə bu 3 cəhətin 3-ü də var idi: həm nə qədər əsəbi olduqlarını nümayiş etdirirdi, həm nə qədər çıxılmaz vəziyyətdə olduqlarını (mövcud reallıq qarşısında nə etməli olduqlarını bilmirlər), həm də nə qədər axmaq, yüngülbeyin olduqlarını. O deyilən sözlər amerikan xalqı kimi bir xalq üçün qürurverici deyildi. Zənnimcə, Amerikanın ziyalı və görkəmli xadimləri belə bir prezidentləri olduğuna və onun danışdığı bu sözlərə görə utanc duymalıdırlar. Mənim onun nə dediyi və nə cür dediyi ilə işim yoxdur, mən onların nəyə görə əsəbiləşdiklərindən danışmaq istəyirəm. Bizim əldə etdiyimiz uğurlara görə! Bu əsəbilik məsələsi çox önəmlidir. O çıxışda onların əsəbiliyi hər şeydən daha aydın nəzərə çarpırdı. Nəyə görə əsəbidirlər?
Əsəbiliklərinin səbəbi budur ki, Amerikanın “Orta Şərq” adı verdiyi bu Qərbi Asiya regionu üçün hələ 50-60 il bundan əvvəldən bir planı olub (bəlkə, hələ ondan da qabaq; bəlkə də, həmin plan hələ ondan da əvvəl olub, sadəcə, 50-60 il bundan əvvəl özünü büruzə verməyə başlayıb); o plana əsasən də bir müddət “Yeni Orta Şərq” söhbətini ortaya atdılar, bir müddət “Böyük Orta Şərq” haqqında danışdılar; bura üçün bir planları var idi. O planın mərkəzində, əsas mehvərində isə Suriya, Livan və İraq dururdu; həmin plan əsas etibarilə bu 3 ölkədə, bu 3 mərkəzdə, bu 3 mehvərdə həyata keçirilməli idi. Hansı formada həyata keçirilməli idi? Bu 3 ölkədə Amerikaya mütləq şəkildə təslim olacaq, Amerikanın nökərinə çevriləcək, hər istədiyinə boyun əyəcək və dediyi ilə oturub-duracaq rejimlər hakimiyyətə gəlməli idi. Bəs nəticə nə olmalı idi? Nəticə bu olmalı idi ki, bu region bütünlüklə İsrailin ayaqaltısına çevrilməli, burada onların dediyi o “Nildən Fərata qədər” məsələsi təmin olunmalı idi; zahiri siyasət formasında olmasa belə, ağalığı ələ keçirmə, nüfuz dairəsinə daxil etmə, əsl, mənəvi ağalıq formasında. Bunu həyata keçirmək istəyirdilər. Onlar elə etmək istəyirdilər ki, İraq – bu qədər iftixara, qədim tarixə sahib olan bu əzəmətli ölkə amerikanların və sionistlərin ağalığına tabe olsun; Suriya – sionist rejiminə qarşı müqavimətin dayağı olan belə bir önəmli mərkəz əslində İsrail rejiminin ixtiyarında olsun. Livanın da ki, məsələsi məlumdur. Onlar bunu istəyirdilər, bu işləri həyata keçirmək fikirləri var idi.
İndi siz bir də reallıqlara baxın; görün reallıqlar onların arzularından nə qədər uzaqdır! Livana nəzərə salın – heç bir qələt edə bilmədilər! İraqa baxın – onların istədiyinin tam əksi oldu. Suriyaya baxın! Əlbəttə ki, Amerika və müttəfiqləri Suriyada çox cinayətlər törətdilər, onların əli dirsəyə qədər Suriya xalqının qanına bulaşıb; buna əsla şübhə yoxdur; İŞİD-i ortaya saldılar, o təkfirçiləri – “Cəbhətun-nusra” və sairi – yaradıb ortaya saldılar, müəyyən mənada xalqı qətliam etdilər, bütün bunları törətdilər, amma ondan irəli gedə bilmədilər. Baxın, bu gün İŞİD məsələsi, İŞİD mövzusu əslində tamamlanmaq üzrədir, təkfirçilər tam olaraq bir kənara çəkilib; onların yox etmək, əvəzləmək istədiyi vəziyyət daha geniş surətdə bərqərar olub və Amerikanın istədiyinin tam əksi baş verib. Səbəbini araşdıranda da İranı “təqsirkar” görürlər, ona görə də əsəbiləşirlər. Mərhum cənab Beheşti demişkən: “Əsəbiləş, əsəbindən gəbər!” Nə qədər istəyirlər, əsəbiləşsinlər. Məsələ budur, dava budur. Qoy heç kəs yanlış düşüncələrə qapılmasın; elə təsəvvür etmək lazım deyil ki, İranın qarşısında böyük bir güc var; xeyr, onların sərt reaksiyası zəif olduqlarını, geridə olduqlarını, yaşadıqları məğlubiyyətdən hiddətləndiklərini göstərir. Burunları ovulub, ona görə də acıqlıdırlar, bu cür danışır, belə səfeh nitqlərlə çıxış edir və bu işləri görürlər.
Bir sözlə, mənim demək istədiyim budur ki, İslam Respublikası müasir dünyanın beynəlxalq arenasında iştirakı baxımından, Allaha şükür, uğur qazanıb.
وَلِله العِزَّةُ وَلِرَسولِه؛وَلِلمُؤمِنین
“Şərəf-şan yalnız Allaha, Onun Peyğəmbərinə və möminlərə məxsusdur”. (“Munafiqun” surəsi, 8-ci ayədən)
Əlhəmdulillah, bu şərif ayə, bu izzət və ləyaqət İslam Respublikasına da aiddir; buna görə Allaha şükür edirik; bunu qoruyub saxlamaq lazımdır. Ağıllı, tədbirli davranmaqla, düzgün fikirləşib, işləri düzgün planlaşdırmaqla, qurduğumuz münasibətlərdə, qəbul etdiyimiz qərarlarda, danışıq tərzimizdə səhvə yol verməməklə bu ləyaqəti qoruyub saxlamalı və inşallah, daha da artırmalıyıq.
Və bu ləyaqət gərgin səy və əməyin nəticəsidir. Bayaq qeyd etdim ki, bu gün insanlarımızda din uğrunda, dini dəyərlər uğrunda çalışmaq stimulu daha çox və daha yüksək səviyyədədir; bunun bir nümunəsi də budur. Əziz şəhidimiz Möhsün Hücəciyə (4) baxın; bu gün Möhsün Hücəci kimi gənclərimiz heç də az deyil. Sadəcə olaraq, Allah-taala Möhsün Hücəcini müəyyən dəlillərə əsasən bir nümunə kimi önə çəkərək gözlər önündə sərgiləmişdir ki, hamı bu şanlı və dəyərli həqiqəti görüb, onu qəbul etsin: Allahın lütfü və köməyi sayəsində, gənclərimizdə inqilabi stimul günbəgün daha da artmaqdadır. İnsanlar bizə məktub yazıb yalvarırlar, həqiqətən, yalvarırlar ki, icazə verin, gedək (indi kimlərin bura zəng etməyə və ya məktub yazmağa əli çatırsa; yəqin ki, belə bir imkanı olmayanların sayı qat-qat artıqdır); yalvarırlar ki, göndərin gedək orada düşmənlə mübarizə aparaq, düşmənə qarşı cihad edək. Bizim gənclərimiz belə bir stimula sahibdir. Bu stimulun əleyhinə mövcud olan faktorları nəzərə alsaq, demək olar ki, bu bir möcüzədir; biri elə bayaq cənab Cənnətinin qeyd etdiyi virtual məkan; əlbəttə ki, onun dedikləri, etdiyi xəbərdarlıq tamamilə doğrudur, biz özümüz də məsələni ciddi şəkildə izləyirik, lakin bu virtual məkanın, bu məkrli planların, şirnikdirmələrin mövcudluğuna baxmayaraq, gördüyünüz kimi, İslam Respublikasında belə gənclər, bu cür stimul var. Bu, Allahın lütfüdür.
Ümidvaram, Allah-taala ölkəmizi və xalqımızı daim bu lütfünə layiq görəcək, bu ölkəni bu məqama gətirib çatdıranlara – dahi liderimiz İmam Xomeyniyə, əziz şəhidlərimizə, Haqq yolunun mücahidlərinə öz lütf və mərhəmətini nəsib edəcək.
Allahın salamı, rəhməti və bərəkəti qismətiniz olsun.
________________________
(1) 5-ci çağırış Xubriqan Məclisinin 3-cü qurultayının son günü baş tutan bu görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Əhməd Cənnəti və məclisin sədr müavini Ayətullah Seyid Mahmud Haşimi Şahrudi məruzə etmişlər.
(2) Xubriqan Məclisində 4 çağırış müddətində nümayəndəlik etmiş, vəli-fəqihin Azad İslam Universitetinin Xorasan filialındakı nümayəndəliyinin rəhbəri Ayətullah Əliəsğər Məsumi 27.06.1396-cı ildə müqəddəs Məşhəddə vəfat etmişdir.
(3) Donald Tramp nəzərdə tutulur.
(4) Müqəddəs ziyarətgahları qoruyan hərbçilərdən olmuş şəhid Möhsün Hücəci 1396-cı ilin mordad ayında İraq və Suriya arasındakı sərhəd bölgəsində İŞİD qüvvələri tərəfindən əsir götürülmüş və 2 gün sonra şəhid edilmişdir.