Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Polis Akademiyasının tələbələrinin buraxılış mərasimində etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə. (1)

الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّة‌الله فی الارضین

Bu gün çox möhtəşəm, gözəl və dolğun məzmunlu bir tədbir keçirdiniz; meydanın bəzədilməsi, nümayiş olunan idman hərəkətləri çox gözəl idi; bugünkü mərasimdə ümumilikdə bir yenilikçilik və dolğun məzmun var idi. Bütün sahələrdə – iş fəaliyyətində, təhsildə, elmi araşdırmalarda, böyük və kiçik miqyasda idarəetmədə yenilikçi addımlar həmişə maraqlı və gözoxşayan olur. Bu gün bu meydanda da bir çox sahələrdə yenilikçi təşəbbüslərin şahidi olduq; çox təşəkkür edirəm.

Çox həssas və önəmli günləri yaşamaqdayıq. Bu gün bəzilərinizin bu akademiyadan məzun olması, bəzilərinizin isə paqonlarını alıb təhsilə yeni başlaması çox önəmli günlərə təsadüf edir: əvvəla, zihiccə ayındayıq, bir çox dərin mənalı məqamları ehtiva edən, Qurban və Qədir-Xum bayramlarının, Ərəfə və Mübahilə günlərinin, eləcə də məsum imamlardan (ə) bəzilərinin mövludunun təsadüf etdiyi bir aydır. Bu günlər eyni zamanda şəhrivər ayının sonları, Müqəddəs Müdafiə həftəsi ilə də üst-üstə düşür; həmçinin məhərrəm ayının, yeni hicri-qəməri ilinin, Hüseynlə (ə), şəhidliklə bağlı bir ayın, iftixar ayının başlaması ilə də şərəflidir. Əziz gənclər, siz rütbə və paqonlarınızı bax belə bir şəraitdə almağa müvəffəq olursunuz. Mən bunu xeyirə yozuram və Allah-taaladan sizə tutduğunuz bu fəxarətli, dünya və axirət səadətinə aparan yolda sabitqədəm olmağı arzu edirəm.

Əzizlərim! Önəmli olan odur ki, siz tutduğunuz bu yolda öhdənizə düşən məsuliyyətin əhəmiyyətinə diqqət yetirəsiniz; siz ölkədə asayiş və təhlükəsizliyin, nizam-intizamın qorunmasına cavabdeh olacaqsınız. Asayiş və təhlükəsizlik Uca Yaradanın birinci dərəcəli nemətlərindəndir. Bir ölkədə asayiş və təhlükəsizlik varsa, həmin ölkədə elmi, praktiki, əxlaqi və humanitar tərəqqi olacaqdır. Təhlükəsizlik olmadıqda isə bunların heç biri mümkün olmur və ya çox çətin olur. Siz xalqımız üçün hər bir ölkə və xalqın səadətinin başlıca amili olan bu amili təmin etməyi qərara almısınız; çox mühüm bir məsuliyyətdir. İnşallah, sizin böyük əzminiz, mənəvi və fiziki imkanlarınız sizə bu məsuliyyətin öhdəsindən gəlməkdə kömək edəcək. Əzizlərim! Asayiş və təhlükəsizlik nə qədər önəmlidirsə, bir o qədər də düşmənlərin düşmənçilik hədəfinə çevrilir. Düşmənlər ədavət apardıqları ölkədə daim asayiş və təhlükəsizliyin pozulmasına çalışır. Bizim şeytan xislətli trans-milli düşmənlərimiz – yəni imperializm sistemi, bu sistemin başında duranlar, Böyük Şeytan; Amerika və havadarları – bu xalqın İslam İnqilabı ilə qələbə çaldığı ilk gündən bu ölkədə təhlükəsizliyi yox etmək məqsədini qarşıya qoyublar. Bizim bu 37 il ərzində üzləşdiyimiz başlıca problemlərdən biri təhlükəsizliyi qorumaq olub. Gənclərimiz ölkəmizdə asayiş və təhlükəsizliyi qorumaq uğrunda bütün varlığı ilə vuruşub, mübarizə aparıb; istər inqilabın qələbə çaldığı ilk aylarda ölkənin bəzi sərhədlərində düşmənin provokasiyası nəticəsində ortaya çıxan bədxah separatçılıq cəhdlərinə qarşı olsun, istər ondan sonra məcburən təhrik olunduğumuz və 8 il davam etmiş Müqəddəs Müdafiə savaşında olsun, istərsə də düşmənlərin ondan sonra bu günə qədər ölkədə asayiş və təhlükəsizliyi yox etmək üçün göstərdiyi müxtəlf səylərə qarşı. Silahlı qüvvələrimizdə, eyni zamanda polis qüvvələrində təmsil olunan mömin gənclərimiz tam rəşadət və qüdrətlə bütün bu cəhdlərin qarşısında duraraq ölkənin təhlükəsizliyini qoruyublar. 

Əziz gənclər, mənim əziz övladlarım, sizə demək istəyirəm ki, ölkənin dörd bir yanında daim xalqın gözü önündə olan yeganə struktur sizsiniz. Xalq sizin etdiyiniz xidməti, zəhmətinizi, fədakarlığınızı görür; şəhərlərdə, kəndlərdə, küçələrdə, sərhədlərdə, sərnişin terminallarında, dağlarda, çöllərdə, təhlükəli bölgələrdə – hər yerdə, ilin bütün fəsillərində polislər camaatın gözü qarşısındadır. Bu qədər geniş miqyasda daim xalqın gözü önündə olan ikinci bir qurumumuz yoxdur. Sizin güc və imkanlarınız İslam Respublikasının nüfuz və başucalığıdır. Sizin qüdrətiniz, rəşadətiniz, atdığınız addımlar, yerində və vaxtında hərəkətə keçməyiniz İslam Respublikası üçün qürur mənbəyidir. Siz hansısa qanunsuz hərəkətlə – misal üçün, narkotik maddələrlə, şəhərlərdə baş verən cinayət və oğruluq halları ilə, asayiş və təhlükəsizliyin pozulmasına yönəlmiş cürbəcür hərəkətlərlə üzləşərkən fədakarlıq edəndə və bu yolda hansısa zəhmətə qatlaşanda camaat sizin əməyinizi, sizin səylərinizi öz gözləri ilə görür. Siz əhalinin ehtiyacı olan təhlükəsizliyi təmin etməkdən əlavə, İslam dövlətinə də nüfuz qazandırırsınız. Asayiş və təhlükəsizlik hər ölkəyə nüfuz qazandıran bir amildir. Bu gün çirkin düşmən əlləri ilə terror toxumu səpilmiş bu təhlükəli, problem və olaylarla dolu regionda, Allaha şükürlər olsun ki, siz gənclər və rəsmilər bu ölkədə asayiş və təhlükəsizliyi başqalarına nümunə olacaq bir səviyyədə təmin etməyə müvəffəq olmusunuz; bu, son dərəcə əhəmiyyətlidir. Mən müxtəlif sferalarda cürbəcür cinayətkarlıq hallarına qarşı mübarizədə çəkdikləri zəhmətə görə polislərimizə təşəkkürümü bildirmək istəyirəm. Onların bu rolunu günbəgün daha da gücləndirmək lazımdır. Ağılla, tədbirlə iş görmək lazımdır. Bu akademiya ilə bağlı mənə təqdim edilən hesabatlar, həmçinin möhtərəm rəsmilərin bu gün burada səsləndirdiyi fikirlər göstərir ki, görülən işlər lazımlı və dəyərlidir. Elmi-tədqiqat işləri, praktiki məşğələlər, təlimlər – bütün bunlar lazımdır və həmişə ciddi surətdə həyata keçirilməlidir. Bizim İslam Respublikasına, İslam dövlətinə, Quran və İslam əsasında idarə olunan cəmiyyətə layiq bir polisimiz olmalıdır. Əlbəttə ki, o səviyyəyə çatmağımıza hələ var, amma bu məsafəni siz gənclər irəli gedib qət etməlisiniz. Mən bilirəm ki, siz buna qadirsiniz və Allahın köməyi ilə, bunu edəcəksiniz də.

Birinci dərəcədə önəmli olan budur ki, insan Allah-taaladan yardım istəsin və Onunla rabitəsini kəsməsin. Növbəti önəmli məsələ isə xalqla səmimi münasibətdə olmaqdır; sahib olduğunuz güc və iqtidar xalqa qarşı sevgi və səmimiyyətlə paralel olmalıdır. Qanunun aliliyinə hörmətlə yanaşmaq da olduqca əhəmiyyətlidir; qanunsuz heç bir iş görülməməlidir. Və ən nəhayət, qanunun icrasında ürəkli və cəsur olmaq önəmlidir; qanun olan yerdə heç kimi və heç nəyi nəzərə almayın; ürəklə, cəsarətlə işə başlayıb, qanunla sizin öhdənizə qoyulmuş vəzifəni yerinə yetirin. Qanunu pozmaq olmaz, qanunu icra edərkən də heç vaxt şübhə və tərəddüdə yol vermək, o tərəf-bu tərəfini düşünmək lazım deyil. O yerdə ki qanun var, onu icra etmək lazımdır. Bu gün xalqların və ölkələrin əsas problemi də elə bundadır ki, öz dini, vicdani, məntiqi və insani vəzifələrini yerinə yetirməkdə şübhə və tərəddüdə qapılırlar.

Təhlükəsizlik barədə danışarkən sizə onu da deyim ki, məsələnin bir tərəfi ölkə daxilində asayiş və təhlükəsizliyin təmin olunmasıdırsa, digər bir tərəfi də regionda təhlükəsizlikdir. Bu gün regionumuzda asayiş və təhlükəsizlik yoxdur. Bu, nəyin nəticəsidir? Əvvəla, imperialist dövlətlərin şeytani müdaxiləsinin və şər əməllərinin; Amerika və sionizmin müdaxiləsinin. Regiona nüfuz etmək, öz qanunsuz mənafelərini təmin etmək, xalqları əzmək, iqtidar və rəşadətlərini yox etmək üçün hər vasitədən istifadə edirlər: bir gün İŞİD-i ortaya çıxarırlar, müqavimət qüvvələrinin, mömin gənclərin əzmi sayəsində İŞİD və onun kimilər son nəfəsini çəkməyə başlayanda isə başqa çirkin yollara əl atırlar. Hazırda Amerikanın planı budur. Bir yoldan ümidini üzən kimi, başqa bir yola əl atır. Əlbəttə, Allahın köməyi ilə, İran xalqı, İran gəncləri, regionda qəlbi Quran və İslam şüarları ilə döyünərək müqavimət göstərən gənclər imperializmin əlaltılarının burnunu bundan sonra da ovub onları məğlub edəcək. Bu gün regionumuz üçün son dərəcə önəmli olan odur ki, buradakı dövlətlər və xalqlar özlərində güc və bacarıq hiss etsinlər və Allahın neməti olan bu gücü işə salsınlar; belə olduğu zaman regionumuza nüfuz etməyə çalışan bədxah, tamahkar düşmən geri çəkilməyə məcbur olacaq. Yox əgər biz hərəkət etməsək, düşmən irəli gələcək. 

İmperializmin başında duranların həyasızlığına bax! Elə o nüvə danışıqları, BKTP adlanan nüvə anlaşması məsələsində hər gün bir yamanlıq, bir şeytanlıq edərək, İmam Xomeyninin (r.ə) özünün “Amerika böyük Şeytandır!” deyimində (2) nə qədər haqlı olduğunu sübut edirlər. Həqiqətən də, şeytanların ən xəbisi ABŞ administrasiyasıdır. Əziz gənclər, bilin ki, sanksiyalar məsələsi tamamilə aydın və həllini tapmış bir məsələdir. İran xalqı nüvə fəaliyyətini yalnız ölkəsinin sülhməramlı ehtiyacları naminə həyata keçirib və bu gün də bu işlə məşğuldur. Önümüzdəki bir neçə ildə bizim nüvə imkanlarından, nüvə enerjisindən istifadə olunaraq əldə ediləcək minimum 20 min meqavat elektrik enerjisinə ehtiyacımız var. Mütəxəssislərimizin hesablamalarına görə, qeyri-nüvə texnologiyaları ilə əldə olunan elektrik enerjisindən əlavə, AES-lərdə 20 min meqavat enerji istehsal olunmalıdır. Elə buna görə də İslam Respublikası bu istiqamətdə elmi və praktiki addımlar atıb; qanuni, dürüst, heç bir ölkə və xalq üçün heç bir zərəri olmayacaq, təhlükəsiz bir işdir. Bu xalqın, eləcə də bütün başqa xalqların elmi inkişafından narahat olan, xalqların inkişafına (istər elmi, istər praktiki, istərsə də iqtisadi inkişafına) imkan verməyən ABŞ isə İslam Respublikasının bu qanuni və düzgün davranışının müqabilində ölkəmizə zülmkar sanksiyalar tətbiq edib. Ölkəmizin rəsmiləri bu nəticəyə gəlmişdi ki, sanksiyaların qaldırılması üçün danışıqlara gedərək bu haqlarının bir hissəsindən keçsinlər; və elə belə də etdilər. Bu gün bütün qərarlara, bütün öhdəliklərə, aparılmış uzun-uzadı müzakirələrə rəğmən, ABŞ hökuməti bu danışıqlara və onların nəticəsinə tamamilə zalımcasına, ağayana, hegemon yanaşır. Bəs İran xalqı düşmənin bu ədavətli davranışları qarşısında nə etməlidir? Rəsmilər nə etməlidir? Rəsmilər korrupsioner ABŞ rejiminin başında duranlara sübut etməlidirlər ki, öz xalqına arxalanırlar, bu xalq isə qüdrətli bir xalqdır; sübut etməlidirlər ki, İslam dininin bərəkəti sayəsində İran xalqı zorakılığa tabe olub, super-dövlətlərin qarşısında boyun əyməyəcək. Bunu nümayiş etdirməli, sübuta yetirməlidirlər. Amerikalılar bilməlidirlər ki, İran xalqı öz şərəfli və güclü mövqeyindən geri çəkilməyəcək. Ölkənin milli mənafeyi ilə əlaqəli mühüm məsələlərdə İran İslam Respublikası üçün “geri çəkilmək” sözü yoxdur. Biz qüdrətlə irəliləməyə davam edəcəyik. Düşmən bunu hiss etməli və bilməlidir ki, onun hegemonluğu və təkəbbürlü davranışları başqa harada effekt versə də, İran İslam Respublikasında heç bir effekt verməyəcək. İran İslam Respublikası qəddini dik tutaraq qüdrətli bir şəkildə durub və başqa xalqlara ilham verdiyinə görə bunların düşmənçiliyinin daha çox hədəfinə çevrilir. Korrupsioner, yalançı və hiyləgər ABŞ rəsmiləri xəcalət çəkmədən, həyasızcasına İran xalqını və İran İslam Respublikasını yalan danışmaqda ittiham edirlər. İran xalqı bu günə qədər dürüst olub, dürüst davranıb, dürüstlüklə irəli gedib, sədaqətlə Allahın yolunu seçib və Allahın köməyi ilə, bu yolu sona qədər də dürüstlük və sədaqətlə davam etdirəcək. Yalançı sizsiniz; yalançı olan imperializmin başında duranlardır; yalançı o kəslərdir ki, heç bir xalqı xoşbəxt görməyə gözləri yoxdur və öz qanunsuz mənafelərini nəyin bahasına olursa-olsun, başqalarının mənafeyini tapdalamaqla belə olsa, təmin etmək istəyirlər; yalançı və saxtakar onlardır. İran xalqı möhkəm durub, bunu bilsinlər; BKTP məsələsində imperializmin istənilən yanlış hərəkəti İslam Respublikasının reaksiyası ilə qarşılanacaq. Regionda təhlükəsizliyin nə qədər əhəmiyyətli olduğu burada hiss olunur; regionda olmayan asayiş və təhlükəsizlik, Allaha şükürlər olsun ki, ölkəmizin daxilində var və bu, siz mömin gənclərin, habelə səlahiyyətli qurumların rəsmilərinin bu istiqamətdəki gərgin əməyinin nəticəsidir. Ümidvaram, Allah-taala da sizə yardım edəcək.

Əsas məsələ həssas nöqtələri, zəif məqamları araşdırıb üzə çıxarmaqdır. Misal üçün, yollarda baş verən yol-nəqliyyat hadisələri. Bu hadisələrin qarşısının alınmasında yol polisinin payı nə qədərdir? Bunu araşdırmaq lazımdır. Əlbəttə ki, burada cürbəcür amillərin və müxtəlif qurumların da payı var; polis qüvvələrinin, Nəqliyyat Nazirliyinin, digər müxtəlif sənaye strukturlarının bu olaylarda payı nə dərəcədədir; elə etməliyik ki, əziz camaatımız bu cür faciəli, kədərli hadisələri yaşamasın. Və ya sərhədlərin qorunması, narkotik maddə qaçaqmalçılığı, narkotik istifadəçiləri, narkotik maddələri satan və yayan şəxslərlə bağlı görülən işlər, cinayətkarlığa qarşı mübarizə. Polis qüvvələrinin, Allaha şükürlər olsun ki, müxtəlif sahələrdə qüdrətlə həyata keçirdiyi işləri mümkün qədər dəqiq, intensiv, ardıcıl və kompleks şəkildə inkişaf etdirmək lazımdır. Möhtərəm dövlət rəsmiləri də polis qüvvələrinə kömək etməlidir.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bu əziz gəncləri öz yolunda sabitqədəm et. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, özünün xüsusi lütf və inayətini bu əziz gənclərə əta et. Pərvərdigara! Bu gənclərə, onların, eləcə də silahlı qüvvələrin digər müxtəlif qoşun növlərinin başçı və komandirlərinə öz xüsusi inayətini nəsib et. İmam Mehdi Sahibəz-zamanın müqəddəs qəlbini bunlardan razı et; şəhidlərimizin pak ruhlarını bunlardan razı və məmnun et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_____________________________

(1) Əmin Polis Akademiyasında baş tutan bu görüşün əvvəlində Polis Qüvvələrinin Komandanı, briqada generalı Hüseyn Əştəri və akademiyanın komandanı, II briqada generalı Lütfəli Bəxtiyari məruzə etmişlər.   
(2) Səhifeyi-İmam, c.1, səh. 489