Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin hökumət rəsmiləri və müsəlman ölkələrinin səfirləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, bacılar, müsəlman ölkələrinin çox hörmətli səfirləri, məclisdə iştirak edən digər qonaqlar, hamınızı, eləcə də böyük İran xalqını və əzəmətli İslam ümmətinin dünyanın dörd bir yanındakı nümayəndələrini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. Ümidvaram ki, inşallah, Uca Yaradan bu böyük ümməti öz lütf və mərhəmətinə layiq görəcək və bu bayram İslam ümməti üçün sözün əsl mənasında mübarək olacaq.

Həqiqət budur ki, bu gün İslam ümməti çoxsaylı problemlər içindədir; bu ümmətə bir çox yaralar vurulub və vurulmaqdadır. Onlardan ən önəmlisi isə konfliktlərdir. İslam dininin düşmənləri müsəlmanlar arasında müxtəlif bəhanələrlə konflikt, qarşıdurma və düşmənçilik yaratmağa çalışır; etnik mənsubiyyət bəhanəsi ilə, məzhəb bəhanəsi ilə, coğrafi ərazi və sərhəd bəhanəsi ilə. Təəssüflər olsun ki, düşmənin əlində bütün bu bəhanələr var, o, onlardan öz xeyrinə yararlanır, müsəlman dövlətlərinin rəsmiləri olan bizlər isə düşmənin bu hiyləsindən xəbərsizik.

Mən özlüyümdə belə fikirləşirəm ki, biz birbaşa İslam dininin özünə və müsəlman ölkələrinə düşmən olan hansısa Amerika senatorunun sünnilər üçün şiələr sarıdan nigaranlıq ifadə etdiyini eşidəndə, bu cür hiyləgər davranışları müşahidə edəndə son dərəcə narahat olmalı, ehtiyatlanmalıyıq. Necə ola bilər ki, birbaşa İslam dininin özünün əleyhinə olan bir düşmən bir qrup müsəlman sarıdan digər bir qrup müsəlman üçün narahatlıq keçirsin?! Bu, xəbislikdən, hiylədən, araya düşmənçilik salmaq niyyətindən başqa bir şey ola bilərmi?! Və təəssüf ki, bu gün məhz bu var; biz bu barədə düşünməli, bunu dərk etməliyik.

İkitirəlik və konflikt bütün müsəlman ölkələrinin ziyanına, birlik isə hamısının xeyrinədir. Müsəlman ölkələrinin bir olub yaxınlaşmağı, qüvvələrindən bir-birinin əleyhinə istifadə etməməyi onların öz xeyrinədir. Biz bunu anlamalıyıq. Bu, Allahın hikmətidir, İslamın hikmətidir. Təəssüf ki, buna diqqət yetirilmir. Bu gün İslam dünyası olaraq bizim içimizdə problemlər var, qanlar tökülür; bu gün bizim qanayan yaralarımız var. O yaralardan biri də Yəməndir. Bunlara diqqət yetirmək lazımdır. Suriya, İraq, Şimali Afrika problemləri, İslam dünyasının müxtəlif yerlərində müşahidə olunan problemlər hamısı ortada ikitirəlik, konflikt mövcud olduğunu göstərir, bu isə İslamın, müsəlman ümmətinin ziyanınadır. Bunun bir həllini tapmalıyıq.

Qüds günü yürüşlərinin parlaq və təqdirəlayiq cəhətlərindən biri də elə budur: Qüds günü İranın böyük və kiçik şəhərlərinin, demək olar ki, hamısında insanlar orucağız – son illərdə də çox isti hava şəraitində – küçələrə çıxıb yürüş edir. Tehran və digər şəhərlərdəki möhtəşəm insan izdihamını özünüz də görmüsünüz. Həmin gün əhli-sünnədən olan Fələstin xalqı ilə həmdərd və həmrəy olduqlarını bu şəkildə ifadə edən insanlar şiələrdir. Vəhdət budur, İslam ümmətinin vəhdətinə bağlılıq elə bu deməkdir. Bu hərəkatın əsasını dahi İmam Xomeyni (r.ə) qoymuşdur və xalqımız da bu gün onu davam etdirir.

Bu gün İslam dünyası üçün böyük təhlükə kəsb edən məsələlərdən biri də önəmli bir mövzu olan Fələstin probleminin unudulub arxa plana keçməsidir. Təəssüf ki, bu gün bu istiqamətdə iş gedir. Bəzi müsəlman ölkələri qəsdən elə hərəkət edir, elə danışır ki, Fələstin problemi görməzliyə vurulsun, Fələstin olayı arxa plana keçsin. Bu çox böyük bir təhlükədir. Fələstin İslam dünyasının bir nömrəli problemidir. Bütöv bir müsəlman ölkəsi başdan-ayağa işğal edilib. Söhbət kiçik bir ərazidən, yaxud hansısa şəhər və ya kənddən getmir; söhbət bütöv bir ölkədən gedir. Bütöv bir xalq öz yurd-yuvasından çıxarılıb. Bu gün Fələstinin özündə yaşayan fələstinlilər isə hərtərəfli təzyiq altında, tamamilə əzab-əziyyət içindədirlər. Daim qətl və qırğınlara, təhqir və təzyiqlərə məruz qalırlar. Bu, xırda bir məsələdirmi?!

İslam fiqhinə görə (istər sünni təriqətlərinin fiqhi olsun, istər şiə fiqhi, istərsə də digər təriqətlərin fiqhi), hansısa müsəlman diyarını düşmən işğal edibsə, ona qarşı mübarizə aparmaq, cihad etmək, heç şübhəsiz, hamının şəri vəzifəsidir; cihadın istənilən mümkün forması ilə. Bu gün İsrail rejiminə qarşı mübarizə aparmaq bütün İslam dünyası üçün vacib və lazımlıdır. Nəyə görə bu vəzifədən boyun qaçırırlar? Allaha həmd olsun ki, bizim xalqımız bu baxımdan ayıq-sayıqdır. Hər halda, İslam dünyasının birliyə, müttəfiqliyə, həmrəyliyə ehtiyacı var. Xalqlar əksəriyyət etibarilə bir-biri ilə həmrəydir. Burada əsas vəzifə dövlətlərin öhdəsinə düşür. Məhz onlar həlledici rol oynaya bilər. Və mən ümidvaram ki, Allah-taala mübarək ramazan ayının, eləcə də bütün müsəlmanların bayramı, əzəmətli İslam Peyğəmbərinə şərəf və böyüklük qazandıran bir gün olan Fitr bayramının bərəkəti sayəsində bizim qəlblərimizi bir-birinə yaxınlaşdıracaq, müsəlmanları bir-biri ilə mehriban edəcək; və inşallah, müsəlman ümmətini İslamın düşmənləri qarşısında lazımi güc və iqtidara, əzm və iradəyə sahib olmağa müvəffəq edəcək.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

______________________

(1) Mübarək Fitr bayramı münasibətilə təşkil olunan bu görüşün əvvəlində ölkə başçısı, Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış etmişdir.