Birinci xütbə.
بسماللهالرّحمنالرّحیم
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدییّن المعصومین سیّما بقیّة الله فی الارضین و السّلام علی ائمّة المسلمین و هداة المستضعفین و حماة المؤمنین
Əziz namazqılanlar, hamınızı, bütün İran xalqını, bütün İslam ümmətini mübarək Fitr bayramı münasibətilə təbrik edirəm. Belə ki ramazan ayında oruc tutmaq, bu fəzilətli, insan ruhuna sevinc gətirən ilahi sınaqdan üzüağ çıxmaq mənəvi bir uğurdur və bu uğura nail olmuş hər bir müsəlmanı bu münasibətlə təbrik etmək lazımdır. İnşallah, Uca Yaradan bu ibadətinizi, bu diqqətinizi qəbul etsin və sizi özünün xüsusi lütf və inayətinə layiq görsün.
Şükürlər olsun ki, bu il ramazan ayı xalqımız üçün sözün əsl mənasında mübarək bir ay oldu. Yaxından müşahidə etdiklərimiz bunu deməyə əsas verir: camaatımızın da, ibadətlə bağlı işləri həyata keçirən, xalqa bu sferada xidmət göstərən qurumların da davranışında, təşkil olunan mərasimlərdə Allaha təvəssül və yaxınlıq var idi; ramazan ayına xas olan, sözün əsl mənasında Allaha təvəssül, yaxınlıq, mənəviyyat atmosferi yaşanırdı. Əvvəla, ilin ən uzun günlərində, isti havada oruc tutmağın özü mənəviyyatın, insan ruhunun ehtizaza gəlməsinin bir nişanəsidir və bu, ölkənin bütün bölgələrində, hətta hərarətin çox yüksək olduğu məntəqələrdə hiss olunurdu; hər kəs bunu bilirdi, oruc tutan gəncləri, kişi və qadınları hamı görürdü.
İkincisi, bu ay təşkil olunan ibadət mərasimlərində gənclər diqqətəlayiq şəkildə iştirak edirdi. Aldığımız məlumata görə, Tehranda gecə-gündüz yüzlərlə izdihamlı, səmimiyyət dolu məclis qurulub və iştirakçıların da böyük bir qismini gənclər təşkil edib; istər maarifləndirici məclislər olsun, istərsə də Quran məclisləri. Bəzi yerlərdə, məsələn, məhəllə məscidlərində təşkil olunan kiçik məclislərdən əlavə, Tehranda yüzlərlə böyük məclis qurulub. Elə ölkənin hər yerində də gənclər bu kimi tədbirlərdə əksəriyyət çoxluğu ilə iştirak edib.
Məscid və keçidlərdə qurulan iftar süfrələri; artıq bir neçə ildir ki, bu, camaatımız arasında adət halını alıb: insanlar məscidlərdə, küçə və prospektlərdə sadə iftar süfrələri açır. Çox yaxşı, gözəl bir adətdir. Əlhəmdulillah, bu il də var idi, çox yerlərdə gözə dəyirdi.
Qəsdən cinayət törətməmiş, maddi dəstəyə ehtiyacı olan məhkumların azadlığa çıxması, habelə xəstə insanların müalicəsi üçün göstərilən maliyyə yardımları; insanlarımız bu işlərə çox yardımlar etdi. Xalqın bu şəkildə, bu xüsusiyyətlərlə yaşadığı ramazan ayı sözün əsl mənasında mübarək bir ramazandır.
Qədr gecələrinə gəlincə; Qədr gecələri xalqımız üçün, həqiqətən də, dua, yalvarış, təvəssül gecələri kimi keçdi. Yanaqlara süzülən göz yaşları, inilti və yalvarışlar, qəlblərin Uca Yaradanın müqəddəs zatına diqqət yönəltməsi – bütün bunlar olduqca dəyərlidir. Bir xalqın mənəvi immunitetini gücləndirən və çətin yollarda ona kömək edən də məhz bunlardır.
Və ayın sonunda – Qüds günü o istidə, ilin ən uzun günlərindən birində o əzəmətlə, o möhtəşəmliklə təşkil olunan yürüş; camaat küçələrə çıxıb yolun ortası ilə yürüş etdi; bəziləri hətta azyaşlı övladlarını da özü ilə gətirmişdi. Xalqımızın bu möhtəşəm hərəkatı, həqiqətən də, böyük, əlamətdar, tarixi bir iş idi. Belə günlər bir xalqın tarixində qürurverici səhifələr olaraq qalır. Bu barədə bir qədər sonra da bir neçə cümlə deyəcəyəm.
Əziz qardaşlar, əziz bacılar! Bu ayda əldə etdikləriniz sizin üçün ilahi ehtiyatdır; axirətiniz üçün ehtiyat etdiniz. Bu ehtiyatı qoruyun; bu ehtiyatı hazırkı mənəvi halətinizi davam etdirməklə qoruyub saxlayın. Quran tilavət etməkdən vaz keçməyin, mütləq, namaza qarşı diqqətli olmağa çalışın. Bu şeyləri qorumaq lazımdır. Bu ay Allah yolunda çətinliyə dözməyin, Uca Yaradana diqqətin məşq olunduğu bir ay idi. Bu məşqdən, bu çalışmalardan maksimum istifadə edin, bu ehtiyatı özünüz üçün qoruyub saxlayın. İnşallah ki, Allah-taala sizdən razı qalar və sizi öz rəhmətinə layiq görər.
بِسمِ اللهِ الرَّحمٰنِ الرَّحیمِ * قُل هُوَ اللهُ اَحَدٌ * اَللهُ الصَّمَدُ * لَم یَلِد وَ لَم یولَد * وَ لَم یَکُن لَهو کُفَوًا اَحَدٌ
“Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
De: O Allah birdir. Allah möhtac deyil! O nə doğmuş, nə də doğulmuşdur. Onun heç bir tayı-bərabəri də yoxdur!” (“İxlas” surəsi)
İkinci xütbə.
بسماللهالرّحمنالرّحیم.
الحمد لله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما علیّ امیرالمؤمنین و صدّیقة الطّاهره سیّدة نساء العالمین و الحسن و الحسین سیّدی شباب اهل الجنّة و علیّبنالحسین زینالعابدین و محمّدبنعلیّ باقر علم الاوّلین و الاخرین و جعفربنمحمّد الصّادق و موسیبنجعفر الکاظم و علیّبنموسی الرّضا و محمّدبنعلیّ الجواد و علیّبنمحمّد الهادی و الحسنبنعلیّ الزّکی العسکری و الحجّة القائم المهدی صلوات اﷲ علیهم اجمعین اللهم اجعلنا من شیعتهم و من اعوانهم و انصارهم فی حضورهم و غیبتهم
Bu xütbədə bir neçə cümlə ilə ölkəmizin daxili məsələləri və bir neçə cümlə ilə də İslam dünyasının ümumi vəziyyəti barədə danışacağam.
Ölkə daxilindəki məsələlərə gəlincə; dəyərli xalqımız böyük işlər həyata keçirdiyi üçün qürur duymalıdır. Sevinin, qoy qəlbləriniz ümidlə döyünsün! Siz böyük işlər görmüsünüz; elə bu ramazan ayında və ondan bir qədər öncə. Əvvəla, dünyaya o əzəmətli və izdihamlı seçkiləri nümayiş etdirməyə müvəffəq oldunuz; böyük, möhtəşəm bir iş idi. İkincisi isə Qüds günü təşkil olunan o yürüş olduqca əzəmətli idi. Keşikçi Korpusun düşmənlərin üzərinə o cür qüdrətli bir şəkildə hücum etməsi də böyük bir iş idi.
Birinci xütbədə də qeyd etdiyim kimi, bu ayda əldə etdiklərimiz, ibadət və mənəviyyat baxımından qazandığımız şəxsi nailiyyətlər bizim üçün mənəvi ehtiyatdır. Az öncə sadaladıqlarım isə bizim bir cəmiyyət olaraq qazandığımız mənəvi ehtiyatdır. Bu ehtiyatı da qoruyub saxlamaq lazımdır. Bunu edə bilmək üçün isə xalqımız öz birliyini, bölünməzliyini, həmrəyliyini, inqilabi stimulunu, qəlbində uca bir amal olaraq inqilabi ideallar yolunda irəliləmək amalını qoruyub saxlamalıdır.
Ümidvarıq ki, inşallah, mümkün qədər tez bir zamanda yeni hökumət təşkil olunacaq və ölkə üçün lazımlı olan işlərə başlayacaq. Qarşıda xalqın köməyi ilə rəsmilərin həyata keçirməli olduğu bir çox böyük işlər var. Daxili istehsalı rövnəqləndirmək, gənclərin məşğulluğunu təmin etmək lazımdır; bunlar bizim ən önəmli problemlərimizdəndir və məhz bu baxımdan biz cari ili “Daxili istehsal və məşğulluq” ili elan etmişik. İnşallah, bu işlərin reallaşması üçün ciddi bir şəkildə çalışmaq lazımdır.
Mədəniyyət sahəsində görülən işlər də mühüm işlər sırasına daxildir; mədəniyyət sferasında bizim boşluqlarımız çoxdur. Mədəniyyət baxımından düşmənin yol tapıb nüfuz edə biləcəyi boşluqlar çoxdur. Bu işlərlə məşğul olmaq da həm aidiyyətli dövlət qurumlarının, həm də böyük, genişmiqyaslı ictimai təşkilatların vəzifəsidir. “Sərbəst atəş” deyəndə mən insanların öz istək və iradəsi ilə ərsəyə gələn, spontan, saf və səmimi mədəni işləri nəzərdə tuturdum (1). Bu ifadəni işlətməklə mən demək istəyirdim ki, ölkənin hər yerində gənclər, düşünən, əzmkar insanlar özləri, öz təşəbbüsləri ilə çalışsınlar, mədəni işlər görsünlər, düşmənin nüfuz edə biləcəyi boşluqların hansılar olduğunu araşdırıb üzə çıxarsınlar və bunun qarşısında lazım olan işləri həyata keçirsinlər. “Sərbəst atəş” qanunsuzluq, ədəbsizlik, puç düşüncəli insanları iddiaçı, inqilabi cərəyanın tərəfdarı olanları isə cavabdeh və borclu çıxarmaq demək deyil. Eyni zamanda inqilabi qüvvələr də ölkədə nizam-intizamı, asayişi, qanunu hamıdan çox qorumalı, düşmənin ölkədəki vəziyyətdən sui-istifadə etməsinə hər kəsdən daha ehtiyatlı yanaşmalıdır. Bu yanaşma ilk növbədə ölkənin öz ali hədəflərinə doğru irəliləməsini istəyən, bu işə can yandıran inqilabi qüvvələrə aiddir.
İslam dünyasının problemlərinə gəlincə; qeyd etməliyəm ki, bu gün İslam ümmətinə bir çox yaralar vurulub; Yəmən problemi İslam ümmətinə vurulmuş böyük bir yaradır; Bəhreyn problemi də eynilə; eynilə müsəlman ölkələrində mövcud olan bir sıra digər problemlər də. İslam dünyası Yəmən xalqını açıq-aşkar və qətiyyətlə dəstəkləməli, ramazan ayında – mübarək bir ayda bu xalqa o şəkildə hücum edən zalımlara öz nifrət və etirazını bildirməli, Yəmən xalqının yanında olmalıdır; eynilə Bəhreyn və Kəşmir xalqlarının da. Xalqımız İslam dünyasının bu möhtəşəm hərəkatının dayağı ola bilər. Biz dostlarımıza, düşmənlərimizə, əleyhimizə olanlara qarşı mövqeyimizi açıq-aşkar ifadə etdiyimiz kimi, İslam dünyası – xüsusilə də ziyalılar, din alimləri – də bu yolla getməli, açıq və qətiyyətli mövqe tutmalı, başqaları, tağutlar narazı qalsa belə, Allahın razılığını qazanmağa çalışmalıdırlar.
Pərvərdigara! Muhəmməd və Ali-Məhəmmədə xatir, İslam ümmətinə öz dəstəyini günbəgün daha da artır. Pərvərdigara! Məhəmməd və Ali-Məhəmmədə xatir, öhdəmizə düşən vəzifələri günbəgün daha yaxşı bilməyimiz üçün bizə yardımçı ol.
بِسمِ اللهِ الرَّحمٰنِ الرَّحیمِ * وَ العَصرِ * اِنَّ الاِنسانَ لَفی خُسرٍ * اِلَّا الَّذینَ ءامَنوا وَ عَمِلُوا الصّالِحٰتِ وَ تَواصَوا بِالحَقِّ وَ تَواصَوا بِالصَّبرِ
“Mərhəmətli və Bağışlayan Allahın adı ilə.
And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi)
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
___________________________
(1) Ali Məqamlı Rəhbər burada 1396-cı ilin ramazan ayında tələbələrlə görüşü zamanı səsləndirdiyi fikirlərə işarə edir.