Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkə universitetlərində çalışan müəllim və elmi işçilərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین

Çox xoş gəlmisiniz. Mənim üçün çox xoş və faydalı bir görüş oldu; elm və texnologiya sferaları ilə bağlı müxtəlif məsələlərə toxunuldu. Qardaş və bacılarımızın çıxışlarından xeyli faydalandım. Əlbəttə ki, qeyd olunan məsələlərdən çoxu hələ araşdırılmalıdır; yəni həm irəli sürülən təkliflər, həm də bildirilən iradlarla bağlı aidiyyətli qurumlar tərəfindən araşdırma aparılmalıdır, lakin ölkə universitetlərində çalışan müəllimlərdə belə bir elmi-intellektual dinamizmin, tənqid – və müəyyən mənada hücuma keçmə – ruhunun olması özü mənim üçün çox xoş və arzuolunandır. Elə mən də bu gün hazırladığım çıxışımda universitet müəllimlərimizdən bunu istəmişəm; yəni elə bu ruhiyyənin olmasını tələb etmişəm. O xanımın sonda toxunduğu məsələni (2) – sıxışdırılma məsələsini də idarədəki dostlarımız, mütləq, araşdırsınlar; ortada bir haqsızlıq, sıxışdırılma halı varsa, biz bu məsələ ilə, mütləq, məşğul olmalıyıq; araşdırsınlar, görsünlər problem nədir. Əlbəttə, bənzər hallar barədə mən bundan əvvəl də eşitmişdim və möhtərəm nazirimizə (3) xatırlatma etmişdim; əlbəttə ki, ciddi surətdə araşdırılmalıdır.

Əziz qardaş və bacılar! Ramazan ayının son günlərini yaşayırıq. Nəfsin bir ay ərzində bu şəkildə cilovlanmasından, oruc, dua və ibadətin təsiri ilə ruhunuzda təbii olaraq yaranmış bu lətafət və incəlikdən maksimum istifadə edin. İnsanla Yaradan arasında rabitənin möhkəmlənməsi insana kömək edir, həyatında və mənəviyyatında olan düyünləri açır. Bayaq burada qeyd olunan məsələlər bizim, ölkəmizin, inqilabımızın və dövlətimizin problemlərindən kiçik bir hissəsidir. Müxtəlif sferalarda bizim əzmimiz, səyimiz sayəsində həllini gözləyən bir çox problemlər var. Allah-taala ilə rabitəmizin möhkəmlənməsi bizə güc verir, ümid verir, sevinc və ruh yüksəkliyi bəxş edir. Hələ mən orasını demirəm ki, bütün bu dünyəvi məsələlər müqəddimədir; ruhun yüksəlişinə, mənən ucalmaya xidmət edən müqəddimə. Ramazan ayının qədrini bilin. O dua –

اَللّهُمَّ اِن لَم تَکُن رَضیتَ عَنّی فی ما مَضیٰ مِن شَهرِ رَمَضان فَمِنَ الانَ فَاَرضَ عَنّی

duası (4) çox önəmli bir duadır. Əgər indiyə qədər Allahın razılığını qazana, Uca Yaradanı özümüzdən məmnun edə bilməmişiksə, qoy əlimizi Allaha açıb Ondan elə bu andan etibarən bizi öz razılığına, bağışlanmasına layiq görməsini istəyək.

Sizlər gənclərin təlim-tərbiyəsi ilə məşğul olduğunuza görə elmi və ideoloji rəhbərliyiniz altında olan kollektivlərə təsir göstərə bilərsiniz. Əgər siz Allah-taalaya diqqət yönəldən, Uca Yaradanla mənəvi rabitədə olmağa can atan, əlini duaya açan insanlar olsanız, sizin təlim-tərbiyəniz və elmi rəhbərliyiniz altında olan gənclər də təbii olaraq o istiqamətə yönələcəklər. Bizim universitetlərdəki problemlərimizdən biri də elə budur; əgər universitetlərimizdə dərs deyən müəllimlər özlərini ölkənin ehtiyac duyduğu cəhətlərdən inkişaf etdirə bilsələr, bu, onların rəhbərliyi altında olan kollektivə, yəni tələbələrə öz təsirini açıq-aşkar göstərəcək.

Elə söhbətimizin əvvəlindəcə bir məqama da toxunmaq istəyirəm: Qüds günü yaxınlaşır; Qüds günü çox önəmli bir gündür. Qüds günü yürüşlərində iştirak etməyimiz təkcə o demək deyil ki, biz vətənindən, yurd-yuvasından qovulmuş məzlum bir xalqı dəstəkləyirik. Bu hərəkətimizlə biz, əslində, zalım, imperialist bir rejimə qarşı mübarizə aparırıq. Bu gün Fələstini müdafiə etmək həqiqəti müdafiə etmək deməkdir; Fələstin məsələsindən qat-qat geniş əhatəli bir həqiqəti. Bu gün İsrail rejiminə qarşı mübarizə aparmaq müstəmləkəçiliyə, imperializmə qarşı mübarizə aparmaq deməkdir. Özünüzün də gördüyünüz kimi, siz İsrail rejiminin əleyhinə danışanda Amerika rəsmilərində, Amerika siyasətçilərində dərhal sizə qarşı ədavət, düşmənçilik hissi yaranır, onlara zərbə vurduğunuzu düşünürlər; və doğrudan da, elə belədir. Odur ki Qüds gününü önəmli bir gün kimi qeyd etmək lazımdır və həmin gün təşkil olunan yürüşlər də çox əhəmiyyətlidir.

Bu gün mənim əsas diqqət çəkmək istədiyim mövzu isə sizin bir ali məktəb müəllimi kimi öhdənizə düşən məsuliyyətə diqqətli yanaşmağınızdır (əlbəttə ki, vaxtımız da o qədər çox deyil, mən özüm də bacardığım, hal və hövsələm imkan verdiyi qədər danışacağam); əsas demək istədiyim budur. Hər bir universitet müəllimi universitet mühitində özünəməxsus rola malikdir. Heç də belə düşünməyək ki, gənclərin hər birinin öz fikri, öz sözü var. Yox, siz onların ruhuna, qəlbinə, düşüncəsinə təsir göstərmək imkanına maliksiniz; onları düşünməyə, hərəkət etməyə sövq edə bilərsiniz. Sizin onlara təsiriniz çox böyük ola bilər. Professorlar, gənc tələbələrə dərs deyən universitet müəllimləri əvəzsiz, misilsiz bir rola malikdir. Əgər müəllimlər məsuliyyətli, pozitiv düşüncəli, optimist, qəti surətdə ölkədə iş görmək əzmində olsalar, bu, tələbələrə də təsir edəcək. Əgər müəllimlər öz vətəninin, yaşadığı torpağın əsilliyinə, nəcibliyinə inansalar, öz dininin, inqilabının əsaslarına bağlı olsalar, bu, tələbələrə də təsirsiz ötüşməyəcək. Eynilə əksi də; gözünü ölkəsinin sərhədlərindən kənara dikmiş, ölkənin içindəkilərə, ölkədə yayılmış məfhumlara, öz etnik kimliyinin mötəbər məfhumlarına inam və etiqadı olmayan, etinasız yanaşan bir müəllim, təbii ki, elə bu cür də tələbələr yetişdirəcək. Müəyyən etapda biz bunun şahidi olmuşuq; indi mən söhbətin dərininə getmək istəmirəm; çox xoşagəlməz bir etapda – Pəhləvi hakimiyyətinin əvvəllərində – biz bu cür müəllimlərin necə tələbələr yetişdirdiyini, necə bir nəsil ərsəyə gətirdiyini öz gözlərimizlə görmüşük. Əgər İslam İnqilabı olmasaydı, Allah bilir, bütün nəcib dəyərlərdən – vətənpərvərlikdən, dini, milli dəyərlərdən; hər şeydən – tamamilə məhrum olan o nəsil və onların ardınca gələnlər bu ölkənin başına nələr gətirərdi. İnqilab ölkəni, həqiqətən də, xilas etdi; bu baxımdan ki, əgər yetişən o nəsil, o mühitdə, o universitetlərdə tərbiyə olunan o insanlar iş başına gəlsəydi, Allah bilir, bu ölkənin başına nə oyunlar açardı. Odur ki mənim demək istədiyim budur; müəllimlər haqqında söhbət etmək istəyirəm. 

Əziz qardaş və bacılar! Baxın, Qərb modelli universitetlər, yəni bu gün bizdə olan, əsası Qərbdə qoyularaq bütün dünya ölkələrinə, o cümlədən bizim də ölkəmizə ixrac olunmuş universitetlər 3 əsas cəhətə malikdir (əlbəttə ki, bizim öz keçmişimiz barədə bir o qədər də ətraflı məlumatımız yoxdur; Xacə Nəsirlər, İbn Sinalar, Xarəzmilər, Xəyyamlar, Mirdamadlar, Şeyx Bəhailər yetişdirmiş o mədrəsə və universitetlərin necə olduğunu bilmirik; təəssüflər olsun ki, ötən əsirlərdə özümüzün təhsil və müəyyən mənada universitet sistemimizin hansı formada olduğu barədə doğru-dürüst informasiyaya malik deyilik; az işləmiş olduğumuz mövzulardan biri də budur): bugünkü universitetlər, birinci növbədə, elmi mərkəzdir. Digər bir cəhət isə budur ki, müasir universitetlər innovativ ideyaların, problemlərə yeni yanaşma tərzinin, yenilikçi axtarışların mərkəzidir; universitetlərdə gənclər təmsil olunduğuna görə onlarda yenilik axtarışı, məsələlərə innovativ yanaşma var; deməli, müasir universitetlər innovativ ideyaların da mərkəzidir. Digər bir xüsusiyyət isə budur ki, hazırkı universitetlər ölkənin, cəmiyyətin ümumi ab-havasına təsir etmək iqtidarındadır. Hər bir ölkədə universitetlər ən önəmli təsir gücünə malik mərkəzlərdən biri hesab olunur. Bu təkcə bizim ölkəmizdə deyil, bütün toplumlarda belədir. Bu təsir ya mədəni işlər, yazılar, mədəni məhsullar vasitəsilə, ya siyasi iş aparmaq yolu ilə, ya da mübarizə fəaliyyəti ilə həyata keçirilir; bir sıra növləri var. Müasir universitetlərin 3 əsas cəhəti bunlardır. 

Ölkəmizdə universitetlərin yarandığı gündən bəri o zaman ölkənin siyasətini tamamilə ağalığı altına almış imperialist ünsürlər (onlar bütün sahələri ələ almışdılar; həm hər şey haqda məlumatlı idilər, həm nüfuzları var idi, həm də istədikləri hər işi görürdülər) universitetlərin az öncə qeyd etdiyim 3 cəhəti içərisindən birinci cəhətlə bağlı yalnız bunu edirdilər ki, bizim elmi cəhətdən İran insanının istedadına uyğun, təbii bir inkişafa nail olmağımıza imkan vermirdilər; elmi uğurlar əldə etməyimizə əngəl olmağa çalışırdılar. Bu dediklərimin sübutu var, bunlar hamısı rəsmi sənədlərdə əksini tapan şeylərdir. Az sonra bu barədə qısaca deyəcəyəm. İkinci cəhət olan innovativ yanaşmaya gəlincə isə bu sahəni tamamilə öz ixtiyarlarına keçirmişdilər; yəni bu sfera tam olaraq onların təsiri altında idi. Üçüncü cəhətə gəlincə, çalışırdılar ki, universitetlərin ölkənin siyasi-ictimai mühitinə təsirini özləri idarə etsinlər; müxtəlif yollarla; istər özlərindən asılı mədəni qurumlar, istərsə də hətta təhlükəsizlik orqanları vasitəsilə. Yəni əslində qeyd etdiyim cəhətlərin hər 3-ü baxımından universitetlərimiz üzərində imperialist ünsürlərin hiss olunmayan – müəyyən hallarda isə hiss olunan – bir şəkildə daimi bir ağalığı var idi. 

Dedik ki, universitetlərdə həmin o birinci cəhəti, yəni onların elmi fəaliyyətini zəiflətməyə çalışırdılar. Bu o deməkdir ki, bizim universitetlərimizə verilən elmi proqram ikinci əl proqram idi, köhnə, işləkliyini itirmiş elm idi; yəni qərblilər mühüm elmi nailiyyətləri heç vaxt başqalarına ötürməyiblər. İndi biz öz ölkəmizdəki vəziyyəti daha yaxşı bilirik, amma bir qayda olaraq bizə bənzər, yəni imperialistlərin nüfuz və ağalığı altında olan bütün ölkələrdə bu cür olub. Yeni elmləri, əldə etdikləri elmi inkişaf sayəsində qazandıqları yeni elmi bilikləri bizim ölkəmiz kimi ölkələrə heç vaxt ötürməyiblər; ötürdükləri, paylaşdıqları yalnız köhnə, yeniliyini itirmiş şeylər olub. Əlbəttə ki, bunun da səbəbləri olub; köhnə elm və texnologiyanı bizə və bizim kimi ölkələrə ötürmələrinin də öz səbəbləri olub. Qərb imperializminin bir rəqibi yarandıqdan sonra bu, get-gedə həmin rəqiblə əlaqələr qurmağa çalşan ölkələrə öz təsirini göstərməyə başladı. Misal üçün, o vaxta qədər bərqərar olunmuş imperializm sisteminə – yəni İngiltərə, Amerika və sairə rəqib olaraq Sovet hökuməti qurulandan sonra yeni yaranmış bu dövlət öz nüfuz dairəsini genişləndirmək üçün qərblilərin sona qədər də heç bir zaman paylaşmağa razı olmayacağı bəzi elmi nailyyətləri Hindistan kimi bir ölkəyə və onun universitetlərinə ötürməyə başladı. Və ya daha da aydın bir misalla: Çin kimi bir ölkəni qərblilərdən heç bir zaman əldə edə bilməyəcəyi elmi-texnoloji biliklərlə təmin etdi (çünki ortada siyasi rəqabət var idi, nüfuz dairəsini genişləndirmək məsələsi var idi). Çinlilər nüvə məsələsini ruslardan öyrənib; hindlilər nüvə məsələsini ruslardan – keçmiş Sovet İttifaqından öyrənib. Bunlar elə elmi biliklər idi ki, Qərbin elm və ali təhsil sisteminin onları nə vaxtsa Çin, Hindistan və birinci növbədə də bizim ölkəmiz kimi ölkələrə ötürməsi qeyri-mümkün idi. Odur ki elmi baxımdan onlar bizim kimi nüfuz və müəyyən mənada ağalıqları altında olan ölkələrin universitetlərinə heç vaxt kömək etməyiblər, onların elmi inkişafının asanlaşmasına heç bir zaman şərait yaratmayıblar; əksinə, yeri düşəndə zərbə də vurublar. Yəni bu universitetlərdə parlaq istedada malik bir elm adamı aşkarlayanda çəkib aparıb özləri üçün işlədiblər. Belə idi; Pəhləvi hakimiyyəti dövründə uzun illər boyu belə bir vəziyyət hökm sürürdü.

Bayaq dediyim o ikinci cəhəti – innovativ yanaşma məsələsini isə tamamilə ələ keçirmişdilər; yəni universitetlər Qərb dəyərlərinin cəmiyyətə ötürüldüyü bir məkana çevrilmişdi, müxtəlif sferalarda Qərb dəyərlərinin aliliyinə inanır və bu dəyərləri təcəssüm etdirirdi. Yəni bunun üzərində işləmişdilər, universitetlərdə bu sahəni sözün əsl mənasında ələ almışdılar.

Üçüncü cəhəti də, qeyd etdik ki, idarə edirdilər; idarə etməyə çalışırdılar; müəyyən yerlərdə dillə, müəyyən yerlərdə pul və rüşvətlə, cürbəcür donlar geydirməklə, müəyyən yerlərdə də zorakılıq yolu ilə. İrandakı SAVAK etirazçı tələbələri yolundan döndərmək üçün Amerika və İsrail qüvvələri tərəfindən silahlandırılmışdı. Və edirdilər də; bu işi həyata keçirirdilər. Bir sözlə, universitetlərimiz bu vəziyyətdə idi; yəni ölkəmizdə universitetlər belə bir inkişaf yolu keçib.

Lakin bütün bunlara rəğmən, universitetlər islami hərəkata və İmam Xomeyniyə “Ləbbeyk!” deyən ən önəmli mərkəzlərdən olmuşdur. Universitetlərdə o vaxta qədər oturuşmuş sistem bunu əsla tələb etmirdi, buna heç bir lüzum yaratmırdı, amma buna baxmayaraq, universitetlərin proseslərə necə qoşulduğunu gördünüz. Doğrudur, sizin əksəriyyətiniz o dövrü görməmisiniz, universitetlərin İmam Xomeyninin başlatdığı hərəkatı dəstəkləməsinin nə dərəcədə önəmli olduğu burada iştirak edən gənc bacı və qardaşlarımızdan çoxuna aydın deyil, amma o dövrü yaşamış bizlər üçün tamamilə aydın və dəqiqdir. Bu dəstək elə bir zamanda gəldi ki, universitetlərdə solçu fikirlər – marksist ideyalar geniş yayılmışdı. Özü də sizə deyim ki, bu, adi, təbii surətdə baş verməmişdi; kömək edirdilər; universitetlərdə islami ideyalarla mübarizə aparmaq üçün qəsdən marksist təfəkkürünü yayırdılar. Kiminsə əlində bir neçə səhifəlik islami broşur görsəydilər, problemə çevrilirdi, həmin adam təqib olunurdu, amma belə bir vaxtda marksist məzmunlu yazılar universitetlərdə rahatlıqla nəşr olunaraq satışa gedirdi. Tələbələr bu cür kitabları əllərində gəzdirirdi, heç kəs də buna əhəmiyyət vermirdi. Solçu müəllimlər də dərsə girib sözünü deyirdi. Yəni islami təfəkkür universitetlərdə solçu marksist təfəkkür kimi bir rəqiblə üz-üzə idi və təzyiqlərə məruz qalırdı. Bir yandan solçu təfəkkür var idi, o biri yandan da əxlaqi cəhətdən pozucu təbliğat; yəni gəncləri fəsada sürükləyən meyillər. Bunlar da əsasən universitetlərdə yayılırdı. Məqsəd isə gəncləri mübarizə və müqavimətdən, İslamdan, İmam Xomeyninin dəvət etdiyi yoldan uzaqlaşdırmaq idi. Amma etirazçı tələbələrin fəaliyyətinə əngəl olan bu iki başlıca amilə rəğmən, universitetlər islami hərəkata “Ləbbeyk!” dedi, bu hərəkata qoşuldu, onun üçün çalışdı, iş gördü; həm inqilabi mübarizə dövründə, həm də ondan sonra. Əgər inqilabdan sonra bizim gənc tələbələrimiz olmasaydı, quruculuq cihadı həyata keçirilməzdi, Keşikçi Korpus da formalaşmazdı. Keşikçi Korpusun aparıcı kadrlarının çoxu universitetlərin məzunları idi; quruculuq cihadında iştirak edən fəal uşaqların əsas hissəsi tələbələr idi. Gəldilər, meydana atıldılar. Bu, bizim universitetlərimizdə ideoloji cəhətdən münbit zəmin olduğunu göstərir. Əlbəttə ki, bunun səbəbinin nə olduğunu bilmək üçün də sosioloji araşdırmalara ehtiyac var. Düzdür, mütəxəssislər bu mövzuda fikirlər irəli sürür, müzakirələr aparırlar; mən özüm də bu barədə müəyyən nəticəyə gəlmişəm, intəhası indi bu mövzuya girmək istəmirəm. Hər halda, reallıq budur ki, universitetlərimizdə, tələbə gənclərimiz arasında islami, inqilabi meyillər üçün kifayət qədər münasib zəmin mövcud idi. 

Bəli, bu olduqca önəmli bir şansdır. Əlbəttə, inqilab da universitetlərə çox kömək etdi; İslam İnqilabı ölkə universitetləri üçün, həqiqətən də, qurtuluş oldu. Universitetləri hərəkətə gətirdi, elmi inkişafın, elmi innovasiyaların əhəmiyyətini onlara başa saldı. Görün bu gün tələbələrimizin, müəllimlərimizin, elmi tədqiqat mərkəzlərimizin vəziyyəti keçmişdəkindən – inqilabdan əvvəlki dövrdən nə qədər fərqlənir! Yəni bu gün universitetlər elmi innovasiyaların mərkəzidir, elmdə yeniliklərin yarandığı bir yerdir. Doğrudur, bayaq qardaşlarımız burada müəyyən məsələlərə toxundular, biz də dedik ki, bu məsələlər araşdırılmalı, müzakirə olunmalıdır, lakin bu bir həqiqətdir: bu gün ölkəmizdəki universitetlərin ümumi hərəkət tendensiyası elmi innovasiyalara nail olmaqdan ibarətdir və uğurları da göz önündədir. Bu gün siz deyirsiniz ki, elmi inkişafımıza görə dünya üzrə (hansısa mötəbər beynəlxalq qurumun gəldiyi nəticəyə əsasən) 15-ci və ya 17-ci yerdəyik, yaxud bir bu qədər irəliləmişik; bax bu, elə o deməkdir. Universitetlərdə həyata keçirilən elmi inkişaf ölkəyə özünəinam bəxş edib. İstənilən halda, inqilab dövründə tələbələr mühüm rol oynadı. Əlbəttə ki, müəllimlərdən də bəzilərinin önəmli rolu oldu, buna heç bir şübhə yoxdur. Bütün müəllimləri deyə bilmərik, amma bəziləri o dövrdə tələbələrin düzgün istiqamətləndirilməsində, həqiqətən də, mühüm rol oynadı. Bu gün həmin mübariz və fəal tələbələr – sizlər və universitetlərdə çalışan sizin kimi insanlar – özləri universitet müəllimidir və önəmli rol oynaya bilər; ölkənin gələcəyi üçün iş görə bilər. Qeyd etmək istərdim ki, müəllimlərimiz universitetlərimizdə bir yandan ruh yüksəkliyi və optimizm atmosferinin yaradılmasında, digər tərəfdən isə dini və inqilabi dəyərlərin müdafiəsi işində öhdələrinə düşən rolu özləri üçün müəyyənləşdirməlidir; yəni bu iki məsələdə rol oynamalıdır. Hörmətli müəllimlər, siz universitetlərdə rol oynamalısınız. Müxalif meyillər var, onlarla mübarizədə öz rolunu oynamaq lazımdır.

Bu rol da iki cürdür: birincisi, tələbə yetişdirmək, alim yetişdirmək, yəni müəllimlərin tələbələrin üzərində işləmək baxımından rolu, ikincisi isə onların universitetdən kənar mühitdə öhdəsinə düşən rol. Mən universitet müəllimlərinin cəmiyyətimizdə bu iki rolu ifa etməsini gözləyirəm.

Tələbə yetişdirmək məsələsinə gəlincə, bu olduqca yüksək əhəmiyyətə malik bir işdir. Siz problemlərlə dolu bir gələcək üçün kadrlar hazırlayırsınız. Bizi gözləyən gələcək, yəni qarşıdakı onilliklər problemlərlə dolu olacaq; cürbəcür problemlərlə qarşılaşacağıq. Dünyada gedən dəyişiklikləri özünüz görürsünüz; çox sürətli və köklü dəyişikliklər baş verir. Gələcəkdə baş verəcək dəyişikliklər ya tarixən İran xalqının üzərinə qoyulmuş bu asılılıq çənbərinin, asılılıq baryerinin dağıdılmasına səbəb olacaq və biz bu çənbərdən, bu baryerdən canımızı qurtararaq öz yerimizi tapacaq, şənimizə layiq məqama yetişəcək, dünyada öz sözümüzü deyəcək (bizim öz sözümüz var; İslam dövlətinin dünyaya deyəsi sözü çoxdur; çoxlu yeni fikirləri var) öz sözümüzü ortaya qoyacağıq və gələcək onilliklərdə bizim insan resurslarımız – sizin bu gün yetişdirdiyiniz kadrlar öz əzmi, təpəri, təhsili, mənimsədiyi elmi biliklər, onlara aşılanmış ruhiyyə sayəsində bu asılılıq, ətalət və sair baryerlərini qırıb, sözün əsl mənasında bir irəliləyiş edə biləcək, İran və İran insanı özünün əsl və layiqli məqamına yetişəcək; ya bu olacaq, ya da Allah eləməmiş, bizim insan resurslarımızda bayaq sadaladığım xüsusiyyətlər olmasa, uzun müddət sürəcək daha bir zəlalət və alçalma dövrünə qədəm qoyacağıq. Əgər bizim insan resurslarımız asılı bir düşüncəyə sahib olsa, asılı şəkildə hərəkət etsə, asılılıqdan xoşlansa, müstəqilliyin, İslamın və islami dəyərlərin qədrini bilməsə, özünəinamsız olsa – əgər bu cür olsa – o zaman biz eynilə Məşrutədən bir qədər əvvəlki dövrdən İslam inqilabının əvvəllərinə qədər Qərbin ağalığı altında yaşadığımız, sonradan min bir əziyyətlə birtəhər yaxa qurtardığımız vaxtlarda olduğu kimi, daha bir uzun və qaranlıq çıxmaza girəcəyik; yenidən keçmişdəki həmin o acı və çətin prosesləri yaşayacağıq. Bu, bu gün sizin bu tələbələri nə cür yetişdirməyinizdən asılıdır. Odur ki, mənim fikrimcə, tələbələrin hansı şəkildə yetişdirilməsi olduqca önəmlidir.

Siz gəncləri bu dediyim hallardan birincisi üçün yetişdirməlisiniz; sizin bu gün yetişdirdiyiniz gənclik gələcəkdə baş verəcək proseslərə, dünyanı gözləyən mühüm dəyişikliklərə (təkcə bizim ölkəmizi və ya Qərbi Asiya regionunu yox, bütün dünyanı; əlbəttə, dünyada gedən dəyişikliklər bura da öz təsirini göstərəcək və ya bu dəyişikliklərin ən mühüm mərkəzlərindən biri elə bura olacaq, amma mən bütövlükdə Yer kürəsində baş verəcək dəyişiklikləri nəzərdə tuturam; elmi, praktik, siyasi zəmində, güc balansı və sair baxımından; heyrətamiz dəyişikliklər baş verəcək) müqavimət göstərə bilməli, əzmli, iradəli, imanlı, özünəinamlı, peşəkar, işini bilən, məlumatlı, dərin düşüncəli, inqilabçı, dindar kadrlar olmalı və o gün ölkəni layiq olduğu yolla apara bilməlidirlər.

Sizin yetişdirdiyiniz, təsiriniz altında olan gənclərdə özünü göstərməli olan digər bir xüsusiyyət öz milli kimliyinin nəcibliyinə inanmaq və onunla fəxr etməkdir. O gün mən burada hökumət rəsmiləri ilə keçirdiyimiz görüşdə də (5) milli kimlik barədə söhbət etdim; bildirdim ki, milli mənafe yalnız milli kimliklə əlaqəli olduqda məna kəsb edir. Zahirdə mənfəət kimi görünən, lakin mahiyyəti milli kimliklə uyğun gəlməyən və ya təzad təşkil edən bir şey əslində milli mənafe deyil; millətə ziyandır. Siz gəncləri bizim milli kimliyimizlə tanış etməlisiniz ki, onunla və xalqımızın müstəqilliyi ilə fəxr etsinlər. Bugünkü gənclərimizin əksəriyyəti heç müstəqilliyin də qədrini bilmir. Əlbəttə, doğulduqları gündən bəri xarici dövlətlərdən heç bir asılılığı olmayan bir ölkədə yaşayıblar; əvvəl gündən belə görüblər ki, İslam Respublikası başqalarının “gözün üstə qaşın var” belə deməyə cürət etmədiyi xarici dövlətlərə qarşı çıxır. Bu, siyasi müstəqillikdir; əvvəldən bunu gördükləri üçün qədrini bilmirlər. Ölkədə Amerika, ondan da qabaq İngiltərənin hər dediyinin, mütləq, gerçəkləşməli olduğu dövrləri yaşamayıblar, ona görə də müstəqilliyin qədrini bilmirlər. Bunu onlara başa salmaq lazımdır. Müəllimlərin tələbələr üzərində öhdəsinə düşən mühüm rollardan biri də budur. 

İkinci rol isə ölkədə gedən proseslərlə bağlıdır; bayaq qardaşlarımızdan bir neçəsi də burada qeyd etdilər; mən onların fikirlərini tam olaraq təsdiqləyirəm. Onlardan biri bildirdi ki, biz qüdrət, təhlükə, təhlükəsizlik və sair bu kimi anlayışları cəmiyyətimizə lazımınca izah edərək mənimsətməmişik; əlbəttə, bu anlayışların əhəmiyyəti onların cəmiyyətə izah olunmasında deyil; əhəmiyyətli olan budur ki, bu kimi anlayışlar mühüm qərarlar qəbul edən səlahiyyətli qurumlara ətraflı izah olunsun; yəni bunlar mühüm qərarlara təsir göstərən anlayışlardır. Bəli, bunu mən də qəbul edirəm; bu işlər görülməyib, bunları həyata keçirmək lazımdır. Və ya başqa bir qardaşımız qəbul edilən qanun layihələri və sairlə bağlı dedi; daha bir qardaşımız sənayedə 50 il boyunca yanlış əmək sisteminin tətbiq olunduğunu qeyd etdi. Bunlar əsaslı fikirlərdir, bu fikirləri gözdən keçirməyə dəyər və bayaq da mən dedim ki, bunları müzakirə etmək, üzərində işləyib inkişaf etdirmək lazımdır. Lakin bunlar səlahiyyətli qurumlara ötürülməli olan fikirlərdir. Səlahiyyətli qurumlar bu kimi məsələlər barədə məlumatlı olmalı, onlardan istifadə etməlidir. Mənim hər il ramazan ayında bu görüşlərin təşkil edilməsinə (əlbəttə ki, mən sizlərlə hər ay görüşmək istəyərdim, təəssüf ki, imkanımız yoxdur), universitet müəllimlərinin gəlib burada çıxış etməsi üçün şərait yaradılmasına təkid etməyimin səbəblərindən biri də elə budur ki, bu fikirlər səsləndirilsin, rəsmilər, səlahiyyətli qurumlar eşitsin. Siz onlara təsir göstərməlisiniz.

Misal üçün, biz ölkənin iqtisadi problemləri ilə bağlı bu qədər danışırıq, hamı da dediklərimizi təsdiqləyir. “Müqavimət iqtisadiyyatı” məsələsini irəli sürdük, yuxarıdan aşağı hamı da dəstəkləyir, təsdiqləyir, bu mövzuda iclaslar keçirir, komitə və komissiyalar da yaradırlar, amma işlər lazımi şəkildə irəli getmir. Yaxşı, problem nədədir? Elmi-nəzəri cəhətdən bir çatışmazlıq var. Bu çatışmazlığı kim aradan qaldırmalıdır? Universitetlərdə çalışan sizlər!

Və ya məşğulluq məsələsi. Bu il biz məşğulluq məsələsini önə çəkmişik, bu barədə ətraflı danışmışıq; ilimiz də “Milli istehsal və məşğulluq” ili elan olunub. “Məşğulluq” və ya “milli istehsal” eyni fikirdir; hamı da bu işin həyata keçirilməsini istəyir, bunun üçün çalışırlar da. Mən ilin əvvəlində etdiyim çıxışda (6) dedim, yəni dövlətin həyata keçirdiyi işlər barədə ictimaiyyəti məlumatlandırdım. Kiçik və orta sənaye müəssisələri üçün 17 trilyon tümən pul xərcləyiblər ki, bəlkə, kömək olsun, işə düşsünlər, amma yenə də arzulanan nəticəni verməyib. Problem nədədir? Analoji tədbirlər bundan əvvəlki, ondan öncə 8-ci hökumətin dövründə də həyata keçirilmişdi; olmur. Niyə olmur? Elmi-nəzəri cəhətdən nə isə çatışmazlıq var. Yəqin ki, bu işdə nə isə bir düyün, çatışmazlıq var və problem elmi cəhətdəndir. Bəs bu düyün harada açılmalıdır? Universitetlərdə. Əgər rəsmi məlumatlara əsasən əhalidə olan o nəhəng həcmli nağd vəsait məşğulluğa yönəldilsə, görün ölkədə nə baş verər?! Niyə həyata keçirilmir? Burada banklarla bağlı problemlərə toxunuldu. Doğrudur, bank sistemində bu kimi problemlər var. Bunlar səlahiyyətli qurumlar tərəfindən diqqətə alınmalıdır.

Və ya Konstitusiyanın 44-cü maddəsi ilə bağlı məsələ; bildiyiniz kimi, bu maddə özəl sektora dəstək verilməsini, özəl sektorun və bu sektora aid sərmayənin ölkə iqtisadiyyatına cəlb edilməsini nəzərdə tutur. Biz bu məsələni bir neçə il əvvəl gündəmə gətirdik, hamı bəh-bəhlə qarşıladı, müəyyən işlər də görüldü, amma nə isə reallaşmağını görmürük. Mən işdə bir irəliləyiş hiss etmirəm. O demək deyil ki, istəmirlər, istəyirlər, çalışırlar da, intəhası irəli getmir. Elmi cəhətdən problem var; mənim demək istədiyim budur. Universitetlərin ifa edə biləcəyi rol bundan ibarətdir ki, bu sahələrdə mövcud olan problemləri araşdırıb üzə çıxarsınlar, həlli yolunu axtarıb tapsınlar və ölkənin səlahiyyətli qurumlarına təqdim etsinlər.

Və ya sosial bəlalar, sosial ədalət məsələsi; sosial ədalət barədə hamımız bu qədər danışırıq, bu mövzuda bu qədər söhbətlər gedir; açıq-aydın, mübahisəsiz bir məsələdir. Yaxşı, bəs hanı? Sosial ədalət reallaşıbmı? Cini indeksi günü-gündən daha da yüksəlib, daha da betər vəziyyət alıb. Nəyə görə? Səbəb nədir? Bu düzgün fikir, bu düzgün istək, bu düzgün hədəf ölkəmizdə nəyə görə reallaşmır?

Dostlarımızdan biri ölkənin makro səviyyədə idarə olunmasından danışdı; yeri gəlmişkən, bu məsələni mən də özüm üçün qeyd etmişdim. Sizin görə biləcəyiniz işlərdən biri də ölkənin makro səviyyədə idarəçiliyinə kömək etməkdir. Baxın, bizim makroidarəetmədə üzləşə biləcəyimiz problemlərdən biri makroidarəetmə sistemimizə, necə deyərlər, “virus” düşməsidir; yəni düşmən bizim idarəetmə düşüncəmizə “virus” salaraq bütün işlərimizi, bütün təşəbbüslərimizi, bütün qərarlarımızı korlaya, bunları yanlış səmtə yönəldərək öz istədiyi istiqamətdə apara bilər. Biz buna əngəl ola bilərik; əngəl olmalıyıq; əsas işlərdən biri budur. Və ya ölkənin aşkarlanmamış potensialından istifadə.

Həqiqətləri açıqlamaq məsələsi; universitet müəllimlərinin öhdəsinə düşən işlərdən biri də ölkədə gedən ictimai-siyasi proseslərlə bağlı həqiqətləri açıqlamaqdır. Bayaq cənab Parsaniya (7) burada 2030 saylı sənəd barədə söhbət etdi; mən bunun üçün ona öz təşəkkürümü bildirirəm. Bu məsələnin açıqlanması lazımdır. Mən Təhsil Nazirliyinin qəbul etdiyi o 2030 saylı sənədlə bağlı müəyyən fikirlər söyləmişdim, bu mövzu ətrafında başqa cürbəcür söhbətlər də getdi. Bu çox önəmli bir məsələdir; cənab Parsaniyanın da qeyd etdiyi kimi, bu, BMT-də qəbul edilmiş bir ali sənədin – dayanıqlı inkişaf proqramının – bir hissəsidir. 2030 saylı sənəd həmin proqramın təhsillə əlaqədar olan hissəsidir. Əslində, onların bu dayanıqlı inkişaf proqramında – və onun bir hissəsi olan bu 2030 saylı sənəddə – öz rəhbərlikləri altında həyata keçirməyi planlaşdırdığı şey bütün dünya üçün vahid bir mədəni, ideoloji və praktik nəzəriyyə düzəltməkdir. Bunu edən kimlərdir? BMT-nin arxasında gizlənən əllər; YUNESKO burada sadəcə olaraq bir vasitədir, gözdən pərdə asmaq üçündür. Müəyyən qüvvələr var ki, oturub dünya ölkələrində hər bir sahə üçün, hər bir xalq üçün bir nəzəriyyə işləyib hazırlayır; ideologiya ilə, mədəniyyətlə, praktika ilə bağlı bir nəzəriyyə. Bu nəzəriyyəni bütün dünya ölkələrinə təqdim edirlər, bütün xalqlar buna uyğun hərəkət etməlidir. O nəzəriyyənin bir hissəsi də təhsil sahəsi ilə bağlı olan həmin bu 2030 saylı sənəddir. Lakin bu, yanlışdır; kökündən yanlış və nöqsanlı bir məsələdir. Nəyə görə belə olmalıdır? Axı bu dayanıqlı inkişaf proqramını işləyib hazırlayanlar kimdir? Ölkələr, xalqlar, onların adət-ənənələri, ideologiyası ilə bağlı fikir yürütməyə, necə davranmalı olduqları barədə göstəriş verməyə nə haqları var? Belə şeylər hamısı məcburiyyətdir. Bu kimi sənəd və proqramların icrasında məcburiyyət olmadığını düşünmək səthi yanaşmadır. Əslində, bütün bunlar məcburən tətbiq olunur, bunlardan biri həyata keçirilməsə, sonradan hesabatlarda ölkə üçün mənfi məqam kimi qeydə alınacaq, “Filan siyahıda axırlardasınız, filan imtiyaz sizdən alınır!” – deyəcəklər. Belə şeylər hamısı bu cürdür; üzdə məcburi kimi görünməsə də, əslində, hamısı məcburidir. Nəyə lazımdır? Biz hələ bir neçə il bundan əvvəl “İran-İslam modeli üzrə irəliləyiş” mövzusunu irəli sürmüşük. Mən “inkişaf” sözündən bilə-bilə istifadə etməmişdim. Rəsmilər, o vaxtdan bizimlə əlaqədə olan insanlar bilir; mən özüm qəsdən “inkişaf” yox, “irəliləyiş” sözündən istifadə etmişdim, çünki “inkişaf” Qərbə xas bir sözdür, Qərbə xas bir anlayışdır. Mən “irəliləyiş” sözünü işlədirəm; İran-İslam modeli üzrə irəliləyiş. Gəlin bu modeli araşdırıb üzə çıxaraq! Nəyə görə qərblilər bizim irəliləyişimiz üçün o “Dayanıqlı inkişaf proqramı”, “2030 saylı sənəd” və sair bu kimi modellər seçməlidir? Bunu etmək kimin işidir? Sizin, universitetlərin, müəllimlərin.

Deyiləsi sözlər çoxdur, vaxtımız isə az; məncə, azan da verilib. İnşallah, Allah-taala öhdəmizə düşən işləri yerinə yetirməkdə hamımıza dəstək olsun. Siz dediniz, mən də təsdiqləyirəm, mən də belə düşünürəm ki, biz ayağa qalxıb Allahın lütfü və dəstəyi sayəsində bu yolu, bu işi, bu inqilabi, islami hərəkatı irəli aparmışıq, inşallah, bundan sonra da davam etdirərək irəli aparacağıq və sonda qələbə çalan da, Allahın köməyi ilə, heç şübhəsiz, biz olacağıq (8).

_________________________

(1) Mübarək ramazan ayının 26-cı günü baş tutan bu görüşün əvvəlində universitet müəllimlərindən 8 nəfəri çıxış etmişlər. 
(2) Xanım Xədicə Zülqədrin təqaüd əsasında təhsil alan tələbələrin üzləşdiyi problemlərlə bağlı söylədiyi fikirlərə işarədir. 
(3) Görüşdə Elm, Tədqiqat və Texnologiya Naziri cənab Məhəmməd Fərhadi də iştirak etmişdir. 
(4) “İqbalül-əmal”, c.1, səh 199, “Ramazan ayının son ongünlüyünün duası” 
(5) Hökumət rəsmiləri ilə görüş (22.03.1396)
(6) İmam Rza (ə) ziyarətgahında zəvvarlar və qonşuluqda yaşayan əhali qarşısında edilən çıxış (01.01.1396)
(7) Tehran Universitetinin dosenti Höccətül-İslam vəl-muslimin Həmid Parsaniya 
(8) İştirakçılar təkbir deyir