Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).
و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدییّن سیّما بقیّةالله فی الارضین
Bugünkü görüşümüz şəhadətin rayihəsinə büründüyü üçün çox xoş, ürəkaçan bir görüşdür. Şəhid ailələrinin hamısı burada deyil, amma əziz şəhidlərimizdən bir qrupunun – istər müqəddəs ziyarətgahları qoruyanlar olsun, istər sərhədçilər, istər Ordunun quru qüvvələrindən şəhid olmuş hərbçilər, istər Keşikçi Korpusun şəhidləri, istərsə də şəhid polislərimiz – ailə üzvləri olaraq sizlər bura toplaşdığınıza görə bu gün hüseyniyəmiz başdan-başa şəhadətin rayihəsi ilə doludur.
Şəhidlik çox qəribə, heyrətamiz, dərin bir anlayışdır. Şəhidlik Allah-taala ilə sövdələşmək deməkdir; Uca Yaradanla ikitərəfli surətdə və heç bir nigaranlıq olmadan edilən bir sövdədir; satılan mal da məlumdur, qiyməti də. Bu sövdədə satılan mal candır. Can bu maddi dünyada hər bir insanın əsas sərmayəsidir; mal budur; insan bu malı təqdim edir. Bəs qarşılığında nə alır? Qarşılığında Allahın ən üstün nemətləri içərisində əbədi həyat və səadət qazanır. İnsanın şəhid olarkən əldən verdiyi bu mal onsuz da qalıcı bir şey deyil; isti yay günü: “Ay camaat, gəlin alın, yoxsa mayam da əldən gedəcək!” – deyə müştəri səsləyən buzsatanın satdığı buza bənzəyir; belədir də. İndi hər evdə buz var, amma keçmişdə buzu bazardan alardıq. Buzsatanlar buzu həsir kisələrdə-filanda saxlayardılar ki, əriməsin, camaat gəlib alsın. Alınmayanda nə olurdu? Buza müştəri tapılmayanda nə baş verirdi? Buz əriyib suya dönərək axıb gedirdi. Əriyib məhv olası bir malı gəlib sizdən alan müştəri çox dəyərli bir müştəridir. Bizdə olan bu can da həmin o buza bənzəyir. Damcı-damcı əriyərək yox olub gedir də, elə deyilmi? Damcı-damcı qurtarır. Hər ötən gün o sona, yəni məzara yaxınlaşırıq; ömür günbəgün əldən gedir. İndi nə qədər çəkəcək, onu heç kim bilmir. Bəzilərinin sonu 40 yaşında gəlir, bəzilərininki 15 yaşında, bəzilərininki 80 yaşında; nəticə etibarilə, nə vaxtsa bitir. Geci-tezi var, özünü oda-közə vurmaqla deyil; nə vaxtsa tamamlanır. İndi təsəvvür edin ki, satsanız da, satmasanız da, məhv olub gedəsi bu malınız üçün bir müştəri tapılıb deyir ki, bunu alıram, özü də ən yüksək qiymətə. O yüksək qiymət nədir? Behişt. Gözəl səsli, dəyərli qaremizin (2) az öncə tilavət etdiyi o ayədə də deyilirdi ki:
اِنَّ اللهَ اشتَریٰ مِنَ المُؤمِنینَ اَنفُسَهُم وَ اَموالَهُم بِاَنَّ لَهُمُ الجَنَّة
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Cənnət müqabilində satın almışdır”. (“Tövbə” surəsi, 111-ci ayədən)
Bu malı sizdən alırlar ki, əvəzində Behişti versinlər.
یُقاتِلُونَ فی سَبیلِ اللهِ فَیَقتُلونَ وَ یُقتَلون
“Allah yolunda vuruşub öldürən və öldürülən”. (“Tövbə” surəsi, 111-ci ayədən)
Yəni əgər Allah yolunda cihad edib mübarizə aparırsansa, o demək deyil ki, gedib canını düşmənə ikiəlli təqdim edib: “Vur öldür!” – deyirsən. Yox, sən də ona zərbə endirirsən. Sərhəddə şəhid olmuş o sərhədçilərimiz ondan qabaq dəfələrlə düşmənə zərbələr endirib, sərhədlərimizi pozmasının qarşısını alıb, təxribatçı planlarını puç edib; xarici ölkələrdə müqəddəs ziyarətgahları İŞİD-dən qoruyaraq şəhid olmuş o gənclərimiz şəhid olduğu günə qədər İŞİD yaraqlılarına yüzlərlə zərbə endirib, qarşılarını alıb, məqsədlərini puç edib, atalarına od vurub, indi də şəhid olub. “فَیَقتُلونَ وَ یُقتَلُون” – öldürürlər, sonra isə özləri həlak olur. “وَعدًا عَلَیه” – Bu bir ilahi vəddir. “Sizdən bu malı Behişt qiymətinə alarıq” – deyərkən Allah-taala özü sizə vəd verir. Behişt əbədi səadət deməkdir; elə bir səadət ki, o daha damcı-damcı əriyib suya dönən o buz kimi deyil. O varlıq əbədidir, həmişəlikdir; o həzz, o nemət həmişəlikdir. Yox olub aradan gedəsi bu canı sizdən belə bir qiymətin qarşılığında satın alırlar, götürürlər. Bu vəd Allahın vədidir. Bu, Allah-taalanın sizə verdiyi haqq vəddir; özü də təkcə sizin dininizə aid deyil. Uca Yaradan bu vədi Qurandan əvvəlki səmavi kitablarda da verib:
وَعداً عَلَیهِ حَقًّا فِی التَّوراةِ وَ الاِنجیلِ وَ القُرءان
“Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnətin müqabilində”. (“Tövbə” surəsi, 111-ci ayədən)
Şəhadət budur. Ardınca isə buyurur:
وَ مَن اَوفیٰ بِعَهدِهِ مِنَ الله
“Allahdan daha çox əhdə vəfa edən kimdir?”(“Tövbə” surəsi, 111-ci ayədən)
Kim öz əhdinə Allahdan daha vəfalı ola bilər? Bu vədi verən ona sadiq olacaq. Odur ki şəhidlik belə bir anlayışdır. Zahirinə baxanda kədərli, ağrılı görünür; insanın atasının, anasının, övladının, həyat yoldaşının ürəyinə dağ çəkilir, doğmaları kədərə qərq olur; zahiri budur. Bəs mahiyyəti nədir? Mahiyyəti onsuz da zay olub gedəcək, qalıcı olmayan bir malı həddən artıq yüksək bir qiymətə satmaqdır. Mən elə köhnədən dostlarımızla söhbətlərimizdə, çıxışlarımda və sairdə həmişə demişəm ki, şəhidlik ticarətsayağı bir ölümdür; yəni burada zirəklik, diribaşlıq var. Allah-taala şəhid olan insanlara ən böyük, ən yüksək lütfü göstərir. Şəhidlik budur.
Sizlər şəhid ailələrisiniz, təbii ki, dərdlisiniz; övladınızı, qardaşınızı, atanızı, həyat yoldaşınızı itirmisiniz. Əzizlərinizdir, onları sevirsiniz, aydındır ki, qəlbi dağlısınız; buna əsla şübhə ola bilməz. Amma başınıza gələn bu müsibətə bu baxımdan yanaşsanız, görərsiniz ki, siz də udmusunuz. Nəyə görə? Ona görə ki Allahın dərgahına ucalaraq yüksək bir məqama nail olmuş əziziniz sizin üçün şəfaətçi ola bilər; Bərzəxdə, Qiyamətdə rol oynaya bilər. Elə indi, bu dünyada da şəhidlərlə daha sıx ünsiyyətdə olan, həyatda üzləşdiyi problemlərlə bağlı şəhidlərə təvəssül edən bəzi şəxslər onlardan cavab alır. Şəhid ailələrinin bioqrafiyasını oxuyanda belə hallara tez-tez rast gəlirik ki, şəhid ataları, şəhid yoldaşları, şəhid anaları hansısa bir problemlə üzləşdiyi zaman öz şəhid yaxınından kömək istəyiblər, “Sənin əlin bizdən uzundur, sən bunu etməyə qadirsən, bizə kömək et” – deyiblər və o da kömək edib. Bərzəxdə də eynilə bu cürdür. Hamınız bir gün gedəcəksiniz; dünyanı tutub qalası deyilsiniz ki; hamımız bir gün gedəcəyik. O Bərzəx, o dalan, o vadi bizi də gözləyir, biz də bir gün gedib ora çıxacağıq. Oranın çətinlikləri, sıxıntıları çoxdur. O yerdə insanın köməyinə çata biləcək bir şəfaətçisi olması çox dəyərli bir şeydir. Sizin şəhid yaxınlarınız da sizin şəfaətçiniz olacaq.
Əlbəttə ki, mənim şəhid ailələri ilə bağlı deyəsi sözüm çoxdur, bu günə qədər də çox danışmışam, amma yenə də çox şeylər demək istəyirəm. Şəhid ailələrinin məsələsi təkcə bundan ibarət deyil ki, onların bir üzvü Haqq yolunda şəhid olub; onların səbrinin özü dəyərli bir dağdır. Şəhid atasının, şəhid anasının, şəhid yoldaşının, şəhid övladının bu müsibətə səbir etməsinin özü çox yüksək bir dəyərdir; çox yüksək.
اُولٰئِکَ عَلَیهِم صَلَوٰتٌ مِن رَبِّهِم وَ رَحمَة
“Onları Allahın salavatı (bağışlanma və rəhməti) gözləyir”. (“Bəqərə” surəsi, 157-ci ayədən)
Allahın sizə salavat göndərəcəyinə inanırsınızmı? Allah-taala sizə salavat göndərir! Şəhid ailəsi olan sizlər bu müsibətə səbir edib Allaha şükür edəndə, Allaha xatir bu kədərə dözümlü yanaşanda yerin-göyün, varlıq aləminin maliki, izzət və calal sahibi olan uca Allah bu səbrinizə görə sizə salavat göndərir. Bunlar dəyərli şeylərdir; biz bu anlayışları düzgün dərk etməliyik. Bu anlayışlar bizim varlığımızda heyrətamiz bir güc yaradır, bizi bir çox böyük işlərə hazırlayır.
Düşmənlər bizi bu anlayışlardan məhrum etməyə çalışır. O muzdur qələm sahiblərindən bəziləri – hansılar ki, Allahın övliyaları əvəzinə, xaricilərə xoş gəlməyə çalışır – bəzi qəzetlərdə və internet saytlarında müəyyən yazılar yazır, fikirlər paylaşırlar. Belələri nə etdiyini anlamır. Şəhidlik, Allah yolunda cihad, bu şeylərə səbir etmək çox böyük anlayışlardır. Bunlar bir müsəlman toplumunun gündəlik həyatına təsir göstərir. Qardaşlar, bacılar! İslam İnqilabını qoruyub saxlayan da bu anlayışlar olub.
Bu inqilab və nəticədə yaranmış hökumət quruluşu əvvəldən çox sərt düşmənçiliklə üzləşib. Siz Amerikada yenicə hakimiyyətə gəlmiş o kişinin (3) hərzə-hərzə danışdıqlarına baxmayın; bunlar yeni deyil, əvvəldən olub, ara-sıra danışıqları, tonları dəyişir. İlk gündən bu günə qədər İslam Respublikası əleyhinə bu cür mənasız təhdidlər olub; 40 ilə yaxındır. Heç bir qələt də edə bilməyiblər. Bu fidanı heç torpağın üzərində nazik bir çubuq olduğu vaxt çıxarıb kənara ata bilmədilər, indi artıq köklü-köməcli, qol-budaqlı bir ağaca çevrilib; daha indi qazıyıb ata bilərlərmi? Qələt edirlər. “İslam Respublikasını dəyişmək istəyirik” – deyirlər. Siz bunu nə vaxt istəməmisiniz ki?! Həmişə istəmisiniz, həmişə də başınız daşa dəyib, burnunuz ovulub. Bundan sonra da elə belə olacaq. Bunlar İran xalqını tanıya bilməyiblər. İran xalqını bu anlayışlar qoruyub.
Amerikada təzəlikcə hakimiyyətə gələnlər “bıçaqgəzdirənlər” aləminə yeni daxil olan adamlar kimi nə etdiklərini bilmirlər (üstündə bıçaq gəzdirməyə təzə-təzə başlayan naşı, təcrübəsiz adamlar da yeri gəldi-gəlmədi hara çatdılar, bıçaq çıxarırlar). Ağızlarının üstündən bir yumruq dəyənə qədər; yumruq dəyəndən sonra başa düşürlər ki, haqq var, hesab var. Bunlar İslam Respublikasını, İran xalqını, İslam Respublikasının rəsmilərini tanıya bilməyiblər. İran xalqı ilk gündən bu günə qədər bu cür hiyləgər planlarla, bu cür sözlərlə qarşılaşmış bir xalqdır. Onlar həmişə İran xalqına sillə vurmaq istəyib, amma əksinə olub, İran xalqı onlara sillə vurub. İslam Respublikasını məhv etmək istəyiblər, amma bu arzunun həsrətində özləri bir-bir qəbrə gediblər. Görün inqilabın əvvəlindən indiyə qədər İslam Respublikasının məhvini arzulayan və nakam qalıb bu arzusu ürəyində Cəhənnəmin dibinə vasil olanların sayı nə qədərdir! İslam Respublikası qüdrətlə öz ayaqları üzərində durub, bundan sonra da belə olacaq. Qoy bunu hamı bilsin – həm düşmənlər, həm səmimi dostlar, həm də ara-sıra ürəyinə şübhə düşən dostlar – bilsinlər ki, İslam Respublikası möhkəm dayanıb. Bilin ki, onlar bizə sillə vura bilməyəcəklər, biz onlara sillə vuracağıq.
Özü də burada maddi-texniki imkanlar rol oynamır; maddi-texniki imkanlar əsas, həlledici rola malik deyil. Əsas başqa şeydir; əsas olan mənəvi güc və imkanlardır, sarsılmaz əzm və iradədir, xalqın hər bir nümayəndəsini mənəvi-psixoloji cəhətdən möhkəmləndirməyin yollarıdır, dünyada sionistlər və onlar kimiləri tərəfindən qəsdən genişləndirilən bu qeyri-adi fəsad və əxlaqsızlıq burulğanı qarşısında ölkəmizin gəncləri kimi haqq yolda – “sirati-müstəqim”də möhkəm duran gənclər yetişdirə bilməkdir. İslam Respublikası, İslam hakimiyyəti, İslam dövləti belə gənclər yetişdirməyə qadirdir və yetişdirib də; bu gün onlar var. İslam Respublikasının gücü budur; heç bir maddi güc bu gücün qarşısında dura bilməz. Bu gücün dayağı olan ruh, psixologiya isə məhz bu şəhadət ruhu, şəhadət psixologiyasıdır.
Əlbəttə ki, bütün bu sözlərlə yanaşı, bizim şəhidlərimizin dəyərini də açıqlamaq lazımdır. Əgər müqəddəs ziyarətgahları müdafiə edən şəhidlərimiz olmasaydı, bu gün biz ölkəmizin şəhərlərində Əhli-Beytin (ə) və şiəliyin düşməni olan murdar və fitnəkar ünsürlərlə vuruşmalı olardıq. Düşmənin planı bu idi; İraqda olduqları zaman ölkənin şərqində İslam Respublikası ilə qonşu və həmsərhəd olan bölgələrə doğru yerləşməyə çalışırdılar; bizimlə həmsərhəd olan rayonlara gəlib çatmağa səy göstərirdilər; qarşıları alındı, ağızlarının üstündən vuruldu, darmadağın edildilər, atalarına od vuruldu, indi isə ümumiyyətlə ortadan yığışdırılırlar, yox olub gedirlər. Eynilə Suriyada da; əgər bizim dəyərli komandanlarımızın həyata keçirdiyi işlər olmasaydı, bayaq çıxış edən əziz Əhli-Beyt (ə) məddahımızın (4) da dediyi kimi, indi ətrafda hər yerdə bunlarla vuruşmalı olacaqdıq; öz şəhərlərimizdə, öz küçələrimizdə bunlarla mübarizə aparmalı olacaqdıq. Bu gün ölkəmizdə mövcud olan təhlükəsizliyin önəmli bir hissəsini məhz müqəddəs ziyarətgahları qoruyan o hərbçilərimizə borcluyuq.
Təhlükəsizliyin digər bir önəmli hissəsini isə sərhədçilərimizə borcluyuq; istər sərhəd bölgələrində yerləşdirilmiş polis qüvvələri olsun, istər Keşikçi Korpusun quru qüvvələri, istərsə də sərhəddə xidmət edən, gecə-gündüz var-gəl edib çalışan digər qüvvələr. Bu, onların əməyinin bərəkətidir. O yazıq uşaqlar heç gözə də dəymirlər; siz evinizdə oturmusunuz, sərhəddən nə xəbəriniz var? Oğlunuzu, qızınızı məktəbə göndərirsiniz, geri qayıdacaqlarına arxayınsınız, heç bir nigarançılığınız yoxdur. Özünüz işə gedib-gəlirsiniz, heç bir nigarançılıq keçirmirsiniz. Parka gedib rahatca oturursunuz, heç nədən nigaran olmursunuz. Yolla gedirsiniz, nigaran deyilsiniz. Təhlükəsizliyiniz sarıdan nigaran deyilsiniz, təhlükəsiz bir şəraitdə yaşayırsınız. Sərhəddə durub düşmənin ölkəyə keçməsinin qarşısını alanların nələr çəkdiyini haradan biləsiniz? Adi camaatın bundan xəbəri olmur; onlar məzlumdur. Şəhid olmuş sərhəd qulluqçularımız məzlumdur; istər cənub-şərq sərhədlərimizdə, yəni Bəlucestan, Kirman və sair bu kimi bölgələrdə şəhid olanlar olsun, istər şimal-qərb sərhədlərində, yəni Kürdüstan, Kirmanşah və sairdə, istərsə də sərhəd zonalarında problemlərin yaşandığı digər yerlərdə. Bu bölgələrin hamısında bütün varlığı ilə sərhədlərimizi düşməndən qoruyan məhz bizim sərhədçilərimizdir. Sərhədçilərimiz olmasa, bəzi sərhədlərdən ölkəyə 100 kiloqramlarla narkotik maddə gətirilər. Həmin narkotiklərin hər 1 kiloqramı isə 100 gənci bədbəxt edib qara torpağa göndərə bilər. Bunların qarşısını kim alır? Sərhədçilərimiz! Məhz onlar fədakarcasına xidmət edir və sonra da şəhid olur; bu şəhidlər çox qiymətlidir; istər müqəddəs ziyarətgahları, istərsə də sərhədlərimizi qoruyaraq şəhid olmuş insanlarımız bizim üçün çox qiymətlidir.
Ölkə daxilində milli təhlükəsizliyin keşiyində durarkən şəhid olmuş vətəndaşlarımızı da qeyd etmək istərdim; iti baxışlı bu insanlar gəzib-dolaşaraq zahiri görünüşcə adi insanlardan fərqlənməyən, cəhənnəmlik qəlbləri gözlə görünməyən təxribatçı qrupları, terror qruplaşmalarını aşkarlayır; milli təhlükəsizliyin keşiyində duran təcrübəli, zəkalı qulluqçular xalqın köməyi, Allah-taalanın hidayəti sayəsində bu cür təxribatçı ünsürləri tapıb üzə çıxara bilir. Bu işləri həyata keçirən onlardır, siz isə bir vaxt eşidirsiniz ki, aparılan əməliyyatlar nəticəsində 20, 40 belə qruplaşma ələ keçirilib; bu qruplaşmaların hər biri onlarla insanı qanına qəltan edə bilərdi. Onlar da bəzən şəhid olur; onlar da çox dəyərlidir. Siz şəhid ailələri özünüz bu işin içindəsiniz, ürəyi dağlısınız; mən qeyd etmək istəyirəm ki (burada danışılan sözlər yayımlanır; qoy xalqımız bilsin ki, bu insanlarımız da ölkəmizə necə xidmətlər göstərir) xidmət etmək təkcə su, çörək vermək deyil. Təhlükəsizlik sudan, çörəkdən də vacibdir. Bu insanlar ölkənin təhlükəsizliyini təmin edir. Ölkənin bütün sərhədlərinin müdafiəçiləri belədir; istər ölkədən xaricdə müqəddəs ziyarətgahları qoruyanlar olsun, istər sərhədçilər, istərsə də ölkə daxilində, şəhərlərdə və küçələrdə təhlükəsizliyin keşiyində duranlar. Ölkənin boynunda onların hamısının yaşamaq haqqı var.
Biz şəhidlərin, şəhid ailələrinin qədrini bilməliyik. Əziz qardaşlar, əziz bacılar! Şəhidlərin xatirəsinin unudulmasına çalışan hər kəs bu ölkəyə xəyanət edir. Şəhid ailələrinin aşağılanmasına, etinasızlığa məruz qalmasına və ya onlara sözlə hansısa hücumlar edilməsinə çalışan hər kəs bu ölkəyə xəyanət edir. Burada söhbət hökumətdən getmir, ölkədən gedir; ölkəyə xəyanət edirlər. Belələri şəhidlərə, şəhid ailələrinə hörmətlə yanaşmalı, onların qədrini bilməlidirlər, özlərini şəhidlərə minnətli bilməlidirlər. “Şəhidlərə minnətli” deyəndə nə başa düşülür? Yəni həyat yoldaşının gedib müharibədə şəhid olmasına razı olan o xanıma; demək, boyunlarında o xanımın da minnəti var; övladının döyüşə getməsinə razılıq vermiş ata-anaya; özlərini bu insanların qarşısında boynu minnətli hiss etməli və bilməlidirlər ki, ölkəmizin dəyərlərini qoruyan məhz onlardır.
Pərvərdigara! Səni and veririk Muhəmməd və Ale-Muhəmmədə, şəhidlərimizin xatirəsini ölkəmizdə günü-gündən daha da canlandır. Pərvərdigara! Bu ölkədə şəhidlərin və şəhid ailələrinin hörmətini günü-gündən daha da artır. Pərvərdigara! Bəzilərinin qəlbində olan bu şəhadət nurunu, şəhadət ruhunu, şəhadət həvəsini, şəhadətə olan bu şövqü yatırma. Pərvərdigara! Qəlbində, həqiqətən də, bu şövq və həvəsi daşıyan hər kəsi bu fəzilətə çatdır. Onlara öz lütf və mərhəmətini artır, şəhidləri Məhşərə Peyğəmbərlə (s), Kərbəla şəhidləri ilə birgə gətir. Şəhadət silsiləsinin başçısı olan dahi liderimiz İmam Xomeynini bizdən razı və məmnun et. İmam Mehdi Sahibəzzamanın (ə.f) qəlbini bizdən razı və məmnun et. Bizi o böyük şəxsiyyətlərin razılığına günbəgün daha da yaxınlaşdır.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_______________________
(1) Mübarək ramazan ayının 23-cü günü baş tutan bu görüşün əvvəlində müqəddəs ziyarətgahları müdafiə edərkən şəhid olmuş hərbçilərin, Milli Təhlükəsizlik Nazirliyinin şəhid əməkdaşlarının, habelə Ordu, Keşikçi Korpus və Polis Qüvvələrinin şəhid sərhədçilərinin ailə üzvləri iştirak etmişlər.
(2) Cənab Məhəmmədhəsən Müvəhhidi Qumi
(3) ABŞ prezidenti Donald Tramp nəzərdə tutulur.
(4) Cənab Hüseyn Sazvər