Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Həsən Müctəbanın (ə) mövludu günü şairlər və mədəniyyət xadimləri ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).

Bu axşamkı görüşümüz çox xoş, ürəkaçan və inşallah ki, faydalı bir görüş oldu; əvvəla, çox gözəl şeirlər dinlədik və ölkəmizdə fars şeirinin getdikcə inkişaf etməsinə olan ümidlərimiz daha da artdı; ikincisi, ölkənin müxtəlif yerlərindən, cürbəcür mühitlərdə yetişmiş, fərqli baxışlara, fərqli siyasi əqidələrə malik olan şairlər burada iştirak etdi və cürbəcür şeirlər oxudular. Demək olar ki, səslənən şeirlər hamısı yaxşı idi; bütün bunlar ürəkaçan və ümidvericidir.

Şeir xalqın sərvətidir; bütün şeir janrları – qəzəl, qəsidə, rübai, qitə, məsnəvi və ya necə deyərlər, klassik şeir nümunələri, hətta Nimasayağı, yəni müasir şeirlər – hamısı sərvətdir, milli sərvətdir. Bu sərvətin hansı yolda xərclənəcəyi çox önəmlidir; indiyə qədər və elə indinin özündə də ölkəmizdə bu sərvəti İslam İnqilabının bizə təqdim etdiyi, qazandırdığı və bərqərar etdiyi dəyərlərdən uzaq məfhumlara xidmət yolunda sərf etməyə çalışanlar olub; bu kimi səylər var; əlbəttə ki, inqilabın əvvəlindən bəri də olub. Səbəbi də budur ki, inqilabdan əvvəl bizim yaxşı şairlərimiz var idi; müxtəlif şeir janrlarında, müxtəlif keyfiyyətdə və müxtəlif səviyyələrdə şeir yazan böyük şairlər var idi; amma o şeirlər arasında bu xalqın işinə yaraya biləcək əsərlər bir o qədər də çox deyildi, az idi; istər qədim – cənablar demişkən, klassik şeirlər olsun, istərsə də müasir şeirlər.

Biz o dövrün ədəbi mühitində olduğumuza görə görürdük; bəzi insanlar var idi ki, şeir yazırdılar, yeni səpkidə şeirlər yazırdılar, hətta novatorluq, yeni fikir irəli sürmək iddiası da edirdilər, amma əslində ölkənin inkişafına, gerçək və düzgün şəkildə müasirləşməsinə heç bir xidmət göstərmirdilər. Yeni şeir deyib bununla qürrələnən, yeni məfhumlara xidmət etdiyi iddiası ilə ədabazlıq edən adamların çoxu saraya, saraya yaxın şəxslərə və sairə nökərçilik edirdi; yəni onların etdiyinə əməkdaşlıq demək olmazdı; sözün həqiqi mənasında nökərçilik edirdilər; biz özümüz bəzilərini yaxından, bəzilərini isə qiyabi olaraq tanıyırdıq; nə etdiklərini görür, eşidirdik. Şeir inqilabi məfhumlara xidmət etmirdi; ölkənin oyanışına və məlumatlanmasına yol açacaq məfhumlara xidmət etmirdi; demək olmaz ki, heç yox idi, az idi, çox az idi; olmalı olduğundan az idi; olanlar da kütlənin, istiqamətləndirilməyə ehtiyacı olan təbəqənin faydalana biləcəyi şəkildə deyildi.

O dövrün yenilikçi şairləri içərisində – qaymaqlar arasında – yaradıcılığı ilə bu cür məfhumlara hamısından daha çox xidmət edəni, misal üçün, Əxəvan idi; intəhası Əxəvanın şeirləri elədir ki, çoxları onlardan ümumiyyətlə doğru-dürüst bir şey anlamırdı; elə üstüörtülü, simvolik şəkildə danışırdı ki, çoxları başa düşmürdü; düzdür, bilənlər, onun dili ilə tanışlığı olanlar anlayırdı; şairlərdən bu sahəyə qətiyyən yad olan, başı çıxmayanlar isə başqa məfhumlara xidmət edirdi. Eynilə klassik şairlər də; əlbəttə, kənar-bucaqda dini və ya inqilabi mövzularda şeirlər yazan insanlar var idi, amma çox az idi; poeziya ölkəni irəli aparacaq, insanların gözlərini açacaq məfhumlara xidmət etmirdi.

İnqilabdan sonra isə o gedişat dəyişdi; gənc şairlər, əzmkar insanlar ortaya çıxdı. Əlhəmdulillah, həmin gənclər sonradan poeziya aləmində çox yüksək mövqe də qazandılar – mərhum Hüseyni kimi, mərhum Qeysər Əminpur kimi, bugünkü görüşümüzdə olmayan cənab Əli Müəllim (2) kimi  və bəzi digərləri kimi; bunlar yaradıcılığa inqilabın əvvəllərində başlamış gənclər idi – həqiqətən, xidmət etdilər. Yəni onlar inqilabı yeni bir müstəviyə keçirdilər. Onlar kimilər, həqiqətən də, xidmət göstərdi; o zaman sayları az idi, amma günbəgün çevrələri genişləndi. Əlbəttə, bəzən mən başqa məfhumlara xidmət edən şeir nümunələri də görürəm –bəzilərində dini, inqilabi anlayışlara qarşı inadkarlıq var, bəzilərində isə yox, heç bir indakarlıq yoxdur; belə ki bəzən gəlib şeirlərini bizə də gətirdikləri olur; baxırıq, görürük – buna baxmayaraq, bu gün ümumölkə miqyasında inqilaba uyğun şeirlər üstünlük təşkil edir; indi ya dini mövzudadır, ya inqilabi mövzudadır, ya da Müqəddəs Müdafiə və bu kimi məsələlərlə bağlı anlayışları əks etdirir. Cürbəcür belə şeirlər var. Sevindirici haldır ki, bu gün bu sərvət bu istiqamətdə istifadə olunmağa başlayır.

Bir neçə il əvvələ qədər şeirin özü, yəni şeirə həvəs var idi, amma keyfiyyət yüksək deyildi; bu gün isə, xoşbəxtlikdən, keyfiyyət baxımından da inkişaf, irəliləyiş var. Oxunan şeirlərdə bunu müşahidə etmək olur. Əvvəllər mən ramazan ayının ortasında keçirdiyimiz görüşlərdə – artıq bir neçə ildir, təxminən 30 ilə yaxındır ki, bu görüşlərimiz olur – eşidirdim, dinləyirdim, amma oxunan şeirlərdən, həqiqətən də, qıcıqlanırdım; çünki görürdüm ki, lazımi səviyyədə deyil. İndi isə yox! Dostlarımızdan hər biri öz şeirini oxuyanda insan iftixar duyur, hiss edirsən ki, əlhəmdulillah, iş irəli gedir; yəni poeziya – inkişafa, qol-qanad açmağa qadir olan bu sənət özü daim inkişafdadır. Şeir bu cürdür; yəni incəsənət bu cürdür; bir çox həqiqətlər bu cürdür ki, əgər vaxt keçdikcə ölkədə onların üzərində işlənsə, inkişaf edir, yüksəlir. Eynilə günbəgün qol-budaq atıb böyüyən bir ağac kimi; əgər ona diqqət və qayğı göstərilsə, yerində qulluq edilsə, sulansa, budansa və sair şərtlərə əməl edilsə, günbəgün inkişaf edəcək, xeyri, meyvəsi daha çox olacaq. Sevindirici haldır ki, bu gün ölkəmizdə poeziya sahəsində bu vəziyyət mövcuddur. Odur ki bu iki xüsusiyyət müşahidə olunur: həm poeziya – bu böyük insani sərvət – digər sferalara nisbətdə götürdükdə yaxşı məfhumlara xidmət edir, həm də bu məfhumlara xidmət edən şeirin səviyyəsi heç də pis deyil, yüksəkdir, yaxşıdır və get-gedə inkişaf etməkdə, irəliləməkdədir; bu iki məqam var. 

Lakin mən qeyd etmək istəyirəm ki, belə sahələrdə durğunluq, özünü lazımi səviyyəyə çatmış kimi hiss etmək öldürücü zəhərə bərabərdir. Sizdən hər biriniz, gözəl, zövqverici şeirləri olanlar əgər artıq son dayanacağa çatdıqlarını və ardınca daha heç nə olmadığını hiss etsə, heç şübhəsiz, ətalətə uğrayıb getdikcə eniş etməyə başlayacaq. Bundan əlavə, bu hiss həm də yanlışdır; tutalım ki, bu gün burada bir dəyərləndirmə keçirdik və kimsə birinci yeri tutdu. Burada toplaşanlar arasında birinci yerə çıxmış o şəxs ümumilikdə poeziya aləmində birinci olmayacaq; yəni ən azından Sədi, Hafiz, Firdovsi, Cami və sair bu kimi dahilərlə arasında böyük məsafə olacaq, hələ onlara çatmalıdır. Əlbəttə, onlardan da yüksəyə qalxmaq olar; belə deyil ki, Hafizin şeirləri ən mükəmməl poeziya hesab olunmalıdır; xeyr, ondan da yuxarı qalxmaq mümkündür; həm şeirin dili, münasib söz və ifadələrdən istifadə baxımından, həm də məzmun, tematika baxımından; misal üçün, Saibin, Kəlimin, Həzinin, hamısından da çox Bidəlin şeirinin tematikası kimi. Bir sözlə, bu sahədə daha çox işləmək lazımdır; işləmək olar da; bu ağac bundan da çox inkişaf edib qol-budaq atmaq potensialına malikdir.

Demək istədiyim budur ki, şeirdə, əlhəmdulillah, müəyyən səviyyəyə gəlib çatmış, yaradıcılığı tərifəlayiq olan dostlarımız düşünməsinlər ki, “lap yaxşı, Allaha şükür, artıq çatdıq, daha qurtardı”; xeyr, hələ çalışmalı, işləməli, irəli getməlidirlər. Şeir aləmindən – hələ bundan əvvəlki nəsildən – elə insanlar tanıyırıq ki, yazdıqları şeirlər poetik baxımdan bu günün yaxşı şairlərindən kifayət qədər yüksək səviyyədə olub; yəni məsələn, qəzəldə, doğrudan da, yüksək səviyyə tutublar. İndi məzmunla işimiz yoxdur; məzmunu qəbul etməyə bilərik, amma qəzəlin quruluşu baxımından yüksək səviyyədədirlər; misal üçün Əmiri Firuzkuhi, ya Rəhi Moəyyeri, ya elə bu yaxınlara qədər mərhum Qəhrəman, Qüdsi və ya bəzi digərləri; bunlar poetik baxımdan yüksək səviyyədə olublar, bunlardan keçmək olmaz. Yeni şeirdə də eynilə; yeni şeirdə də həqiqətən görkəmli simalar olub;  bizim tanıdıqlarımız, mənim tanıdıqlarım; mərhum Əxəvan və sair onun kimilər. İstənilən halda irəli getmək lazımdır, yerində saymaq olmaz. Bu bir məqam.

Yazdığınız şeirlərə bacardığınız qədər diqqətli yanaşın; həm mövzu seçimi baxımından, həm söz və ifadələrin gözəlliyi baxımından, həm də bu günün ehtiyacı olan anlayışlara istiqamətlənmə baxımından; o anlayışları tapıb üzə çıxarın. Əlimizi vicdanımıza qoyub deyək ki, biz iranlılar öz həqiqətlərimizi və şəxsiyyətlərimizi tanıyıb-tanıtdırmaqda tənbəlik; həqiqətən, belədir. Əlbəttə ki, bunun səbəbini araşdırmaq sosioloqların işidir; araşdırsınlar, görsünlər ki, bu, bizim milli xüsusiyyətimizdir, yoxsa zamanla kənardan qanımıza yeridilib. Biz öz şəxsiyyətlərimiz barədə araşdırma aparmağa tənbəllik edirik. Misal üçün, dahi liderimiz İmam Xomeyni birinci dərəcəli, parlaq bir şəxsiyyətdir; yəni heç kim – nə dost, nə də düşmən – onun misilsiz və dahi bir şəxsiyyət olduğuna şübhə etmir və əzəmətini sual altına salmır. Kimsə onu qəbul etməyə bilər, amma əzəmətini hökmən qəbul edir. İndi gəlin görək biz müasirimiz olmuş və 30 ilə yaxındır ki, dünyasını dəyişmiş bu böyük şəxsiyyət haqda neçə cild kitab yazmışıq? Həqiqətən, düşünün, görün biz İmam barədə neçə kitab yazmışıq? Bunu, məsələn, Amerikada Abraham Linkoln haqda yazılmış kitablarla müqayisə edin. Mən bir mənbədən oxumuşdum ki, əgər Abraham Linkoln barədə yazılmış kitabların hamısını üst-üstə yığsan, 10 metrlik bir sütun alınar; təsəvvür edin. Düzdür, Abraham Linkolnun onu başqa ABŞ prezidentlərindən fərqləndirən bir ad-sanı var – hərçənd mənim fikrimcə, o ad-san da yalançıdır; deyilənə görə, qullara azadlıq verilməsində və sairdə onun böyük rolu olub; hamısı havayı sözlərdir, həqiqətə uyğun deyil; indi hər nə isə, tarixdə bu adla qalıb – amma Ayzenhauer və başqaları kimi adi ABŞ prezidentləri haqqında da bəzən yüzlərlə cild kitab yazılıb! Zarafatdır?! Baxın görün biz İmam Xomeyni haqqında neçə kitab yazmışıq? Biz iranlılar bu məsələdə geridəyik, yoxsa mən hətta ərəb ölkələrində də görmüşəm ki, bir hadisə baş verən kimi, dərhal o barədə kitab yazılır. Dərhal analizlər, siyasi kitablar və sair bu qəbildən olan yazılar yazırlar. Lehinə və əleyhinə olanlar müxtəlif aspektlərdən, müxtəlif siyasi mövqelərdən analiz edirlər. İnsafla deməliyik ki, biz bu sahədə geriyik. Poeziyada da bu cürdür. Misal üçün, Dəməşqdə baş verən olaylar, müqəddəs hərəmləri müdafiə edən insanların şəhid olması; yeri var ki, bu barədə yüzlərlə şeir yazılsın. Və ya İraqda baş verənlər; orada gedən proseslər olduqca önəmlidir; əlbəttə ki, bu məsələdə camaatımıza bir qədər haqq qazandırmaq olar, çünki xalqımızın əksəriyyəti İraqda əslində nə baş verdiyindən – Amerikanın İraqda nələr etmək istədiyindən, başının daşa necə dəydiyindən, buna hansı amillərin səbəb olduğundan – bir qayda olaraq xəbərsizdir, amma yenə də İraq adlı ölkədə, doğrudan da, çox qəribə və heyrətamiz hadisələr baş verir. Kimin ağlına gələrdi ki, Səddam Hüseynin İraqı Şəhid Həkimin İraqına çevrilə! Görün aralarında nə qədər fərq var! Təsəvvürəgəlməzdir, amma bu, baş verdi. Bu barədə yüzlərlə, minlərlə şeirlər yazılmalı, poemalar qələmə alınmalıdır.  

Bu gün yoldaşlardan biri bir poemasını gətirmişdi, baxdım; quruluşu dəqiq yadımda deyil, deyəsən, dördlük idi; poema idi. Poema janrında da biz kifayət qədər işləməmişik. Müəyyən bir mövzunu nəzərdə tutun, o barədə poema yazın; keçmişdəki şairlərimiz kimi. Mərhum Əmir Firuzkuhinin maraqlı və diqqətəlayiq işlərindən biri də onun poemaları idi. O, 3 cür, 3 janrda, 3 səpkidə şeir yazırdı: birincisi, qəzəl – hind üslubunda gözəl, bəlağətli, dolğun məzmunlu qəzəlləri var idi; ondan sonra, Xaqani üslubunda qəsidələri var idi; Əmiri Firuzkuhinin qəsidələrinə nəzər salanda bəzən onları Xaqaninin qəsidələri ilə qarışıq salmaq olur; həqiqətən də, Xaqani üslubunda qəsidələr yazıb; və üslub baxımından bu iki janrdan tamamilə uzaq olan poemaları var idi; yeni üslubda. Tutalım, Simindəştdə bir ağaca (məsələn, şimalda yerləşən mülkündə hansısa bir ağac olub, ona) poema həsr etmişdi; yəni əvvəllər bunlar olub. Və ya mərhum İlahi Qomşeyi; onun o “Hüseynə nəğmə”  şeiri poemadır; o şeiri o, oğlu Hüseynağa üçün yazıb. Mərhum cənab İlahi şəxsən özü mənə bu şeirin yazılma tarixçəsini danışmışdı; həmin uşaq südəmər vaxtı bərk xəstələnib, atası onun sağalmağından ümidini üzüb. Nəzir edib ki, əgər bu uşaq sağ qalsa, İmam Hüseynə (ə) bir poema yazacaq. Deyirdi, gördüm uşaq ölür, daha axır saatlarıdır, gedəcək, öləcək; anası uşağın can verməyini görməsin deyə ona dedim ki, gedib dama çıxsın; dedim, get çıx dama, başını aç, dua et, filan et; bu bəhanə ilə anasını uzaqlaşdırmaq istəyirdim ki, uşağın can verməyini görməsin; özümün isə birdən-birə ağlıma belə bir nəzir etmək gəldi ki, əgər bu uşaq yaxşılaşsa, İmam Hüseyn (ə) barədə bir poema yazım. Sonra başladım düşünməyə ki, məsələn, haradan başlayacağam, necə yazacağam və sair; yavaş-yavaş beynimdə düzüb-qoşmağa başlamışdım ki, gəlib çatdım Əliəsğərə, Əliəsğərin suya həsrət qalmağına. Qəflətən ağlıma gəldi ki, bu uşaq həkimin göstərişi ilə 3 gündür nə su içib, nə də süd. Həkim demişdi ki, suyun, südün bu uşağa ziyanı var, əgər içsə, öləcək. Öz-özümə dedim ki, bu uşaq susuzluqdan yanır, indi ki daha ölür, qoy mən ona su verim, sonra ölsün. Onsuz da ölür, heç olmasa susuz getməsin. Deyirdi, qalxıb su gətirdim, çay qaşığı ilə damcı-damcı dodaqlarının arasına tökməyə başladım. İki-üç dəfə tökəndən sonra gördüm ki, gözləri açıldı; daha da çox su verdim, ağlamağa başladı; kandara çıxıb anasını çağırdım, dedim gəl, uşağın süd istəyir. Deyirdi, anası elə bildi uşaq ölüb, mən bu cür dil deyib ağlayıram ki, “gəl, uşağına süd ver”. Aşağı düşdü, gördü ki, yox, uşaq ağlayıb süd istəyir, başladı onu əmizdirməyə. Deyirdi ki, bununla da uşaq yaxşılaşdı! Əlbəttə ki, bu hadisəni o “Hüseynə nəğmə” şeirinin əvvəlində də danışıb; mənə danışdıqları şeirdə yazdıqlarından bir qədər fərqlənir: 

در [ورق] دفتر نام و نشان
نامْ حسین آمدش از آسمان

– “Adlar içində Hüseyn adı göydən gəlib”.

O müxtəlif mövzularda söhbətlər edən, nitqlər söyləyən Hüseyn İlahi (Qomşeyi) həmin o uşaqdır; o uşaq belə bir hadisədən sonra sağ qalıb.

Əlqərəz, “Hüseynə nəğmə” poemasını cənab İlahi Qomşeyi yazıb və onun ən gözəl şeirlərindən biri də elə bu şeirdir; yəni “Hüseynə nəğmə” onun ən yüksək səviyyəli şeirlərindən biridir. Demək istədiyim budur ki, indi poemalar yoxdur, yazılmır. 

Dostlarımızdan biri qeyd etdi ki, hazırda bizdə olmayan şeylərdən biri də – onun dediyinə görə – həcv janrıdır; bu Avropa terminləri də o qədər yayılıb ki, onlar olmadan, elə bil, adam deyiləni başa düşmür; həcv üslubu. Peyğəmbər (s) Həssan ibn Sabitə buyurub ki, bunları həcv et; o da həcv etməyə başlayıb. Siz də həcvlər yazın. Qılınc rəqsi edir! (3) Modern cahiliyyətlə qəbilə prinsipli cahiliyyət yan-yana durub! Həcv yazmaq üçün bundan yaxşı nə mövzu, nə mənzərə ola bilər?! Öz şeirinizdə bunu həcv edin. Misal üçün, bu barədə yüzlərlə şeir yazmaq olar. Bir şeyi də qeyd edim ki, biri var həcv, biri də var satira; xoşbəxtlikdən, satira yazanlarımız var. Bu axşam öz şeirini təqdim edən dostumuz da, cənab Nasir Feyz də – hərçənd o, şeir oxumadı – başqaları da, şükürlər olsun ki, satira cəhətdən pis deyillər; yavaş-yavaş müəyyən irəliləyişlər etmişik; amma həcvin yeri görünür; bəzi adamların bəzən gördüyü bəzi işlər həcv edilməlidir. Misal üçün, Səudiyyə Ərəbistanı kimi bir dövlətə BMT-nin İnsan Haqları Komissiyasında, nə bilim, hansı missiyanı həvalə etmək! Həcv üçün bundan maraqlı mövzu ola bilməz! Həcvin, doğrudan da, yeri var, həcv etməmək heyifdir (4); belə bir şeyi həcv etməsən, həqiqətən, heyif olar, əldən buraxılmış olar. Bu da belə. İnşallah, Allah hamınıza uğurlar nəsib etsin. Daha saat 12 olub, xudahafiz.  

______________________

(1) Görüşün əvvəlində şairlərdən bir neçəsi öz şeirlərini oxumuşlar 
(2) İştirakçılardan biri onun xəstə olduğuna görə görüşdə iştirak edə bilmədiyini söyləyir. 
(3) Ali Məqamlı Rəhbər ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanında rəsmi səfərdə olarkən kral sarayında qılınc rəqsi oynamasına işarə edir. 
(4) Ali Məqamlı Rəhbər özü və iştirakçılar gülür