Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İmam Xomeyninin (r.ə) vəfatının 28-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین سیّما بقیّةالله فی الارضین

Həzrət Peyğəmbərin layiqli övladı, Allahın dinini yenidən dirçəltmiş dahi liderimiz İmam Xomeyniyə Allahın salamı, salavatı və rəhməti nəsib olsun; bu gün o böyük şəxsiyyətin kədərli vəfatının ildönümünü qeyd edirik. İmam aşiqlərindən, İmama bağlı olan insanlardan ibarət bu kütlə bu gün bura onu yad etmək üçün yığışıb. 

Əziz qardaş və bacılar! Mən İmam Xomeyni və İslam İnqilabı ilə bağlı bugünkü söhbətimi əsasən bir neçə məqam ətrafında qurmaq istəyirəm. Əgər sonda vaxtımız olsa, ölkənin daxili və xarici siyasəti ilə bağlı bir neçə məsələyə də toxunacağam. 

Əlbəttə ki, bu illər ərzində məlumatlı insanlar İmam Xomeyni, o böyük insan haqqında çox danışıb, lakin birincisi, İmam və inqilabla bağlı danışılanlar (bu ikisi isə bir-biri ilə sıx surətdə bağlıdır; İmamın adını, onun xatirəsini inqilabdan heç bir şəkildə ayırmaq mümkün deyil) bu mövzuda deyilə biləcək fikirlərin hamısını əhatə etmir; hələ də danışılacaq, qeyd olunacaq müəyyən məsələlər var ki, cəmiyyətin diqqətinə çatdırılmalıdır; ikincisi isə İmam və inqilabla bağlı bu günə qədər deyib-danışdıqlarımızı da bir daha nəzərdən keçirmək, yenidən təkrarlamaq lazımdır. Çünki əgər bir həqiqəti dönə-dönə təkrar edib, bütün xırdalıqlarını və xüsusiyyətlərini qeyd etməsən, o həqiqət vaxt keçdikcə təhrifə uğraya bilər. Əksəriyyətiniz bilirsiniz ki, İmamın şəxsiyyətini və onun ən böyük hünəri olan inqilabı təhrif etmək istəyənlər var. Biz İmam və inqilabla bağlı bu günə qədər danışdığımız həqiqətləri təkrar etməli, dönə-dönə deməli, onları təhrif etmək niyyətində olanların öz istəyinə nail olmasına imkan verməməliyik. Bu, müqəddəs İslam şəriətində də bu cürdür, tarixi həqiqətlərdə də; dini təlimlərin bir çoxunu təkrar etmək bizim vəzifəmizdir; misal üçün, daim Quran tilavət etməliyik ki, Quran həqiqətləri düşüncəmizdən heç bir zaman itməsin. Və ya tarixi – həqiqi, düzgün tarixi dönə-dönə təkrarlamaq lazımdır. Əgər xalqımız əsrlər boyu Aşura hadisəsini bu cür israrla açıqlayıb bəyan etməsəydi, bu önəmli hadisə yaddaşlardan silinə, yaxud reallıqda baş verənlər insanlara çox-çox zəif şəkildə çatdırıla bilərdi. 

Əziz gənclər, bugünkü söhbətimdə mən əsasən sizə üz tutub danışmaq istəyirəm; səbəbi isə budur ki, əvvəla gənclər böyük qəhrəmanlıqların baş verdiyi o dövrü görməyiblər; inqilabın qələbəsi, Müqəddəs Müdafiə, separatçı qüvvələrə qarşı böyük mübarizənin, əzəmətli bir hərəkatın həyata keçirildiyi o dövr haqqında yalnız dillərdən eşidiblər, bütün bunlar gənclərimiz üçün yalnız tarixdir; ona görə də bütün bu həqiqətləri onlara daha çox açıqlamaq, daha çox danışmaq lazımdır; bu, birincisi. İkincisi isə bu həqiqətləri təhrif etməyə çalışanlar əsasən gəncləri hədəf seçir. Bu gün daha çox gənclərimizin düşüncəsi üzərində işləməyə çalışırlar. Bu ölkənin çoxmilyonlu gənc nəslinin bir çox həqiqətlərlə tanış olmasına imkan vermək istəmirlər. Odur ki bu gün mən əsasən gənclərimizə müraciət etmək istəyirəm. 

Əziz gənclər! Dahi liderimiz İmam Xomeyninin (r.ə) vasitəsi ilə İslam İnqilabının baş verməsi, onun müdrik əli ilə ilahi iradənin gerçəkləşməsi sırf siyasi bir dəyişiklik, müəyyən qrupun siyasi hakimiyyətdən kənarlaşması və yerinə başqa bir qrupun hakimiyyətə gəlməsi deyildi. Belə deyildi; inqilab dərin bir dəyişiklik idi; həm ölkənin siyasətində, siyasi sferada dərin bir dəyişiklik idi, həm də bütövlükdə İran cəmiyyətinin özündə. Siyasi sferada bu dəyişiklik özünü onda göstərdi ki, ölkədə hakimiyyətdə olan xaricdən asılı, düşmənlərin dediyi ilə oturub-duran monarxiya diktaturasını – belə bir hökuməti – xalqın hakimiyyətinə əsaslanan, xalqın gücünə söykənən, müstəqil, vüqarlı, öz kimliyi olan bir hökumətə çevirdi; siyasi arenada belə bir böyük dəyişiklik baş verdi. Cəmiyyətin özünə gəlincə isə, o dövrdə bizim cəmiyyətimiz öz kimliyini, şəxsiyyətini dərk və hiss etməyən bir cəmiyyət olmuşdu. Möhtəşəm mədəni keçmişi, bu qədər alimi, zəngin fəlsəfi fikir tarixi, bəşəri dəyərləri olan İran kimi əzəmətli bir ölkənin ictimaiyyəti Qərbin dediyi ilə oturub-duran kimliksiz, mahiyyətsiz bir cəmiyyətə çevrilmişdi. İnqilabın məqsədi bu vəziyyəti dəyişmək, İran cəmiyyətini özünü dərk edən, kim olduğunu bilən, müstəqil, özünəməxsusluğu ilə seçilən, kreativ, yeni fikri, yeni sözü olan bir cəmiyyətə çevirmək idi. İslam İnqilabı bax belə bir möhtəşəm dəyişiklik idi və dahi lider İmam Xomeyni xalqın köməyi və dəstəyi ilə bu inqilabın qələbə çalmasına nail ola bildi.

İmam Xomeyni öz çıxışlarında bu hədəfləri irəli sürdüyü zaman, əslində, qarşıya maksimal hədəflər qoyurdu və pessimist, skeptik insanlar onun bu hədəfləri reallaşdıra biləcəyinə heç cür inanmırdılar. Hətta siyasətçilər də; hörmət bəslədiyim, məşhur və mötəbər siyasətçilərdən biri mənim özümə demişdi ki, İmam ilk dəfə ölkədə monarxiya quruluşuna son qoyulması məsələsini dilə gətirdiyi gün onun bu sözləri nə üçün danışdığına təəccüblənib. Mümkün olmayan, heç bir zaman reallaşmayacaq bir şeydən danışmağın mənasız olduğunu düşünüb. Baxın, hətta püxtələşmiş, mübariz və fədakar siyasətçilər belə, bu cür düşünürdü. İmam qarşıya maksimal bir hədəf qoymuşdu. Bu hədəfi, misal üçün, Məşrutə hərəkatının qarşıya qoyduğu hədəflə müqayisə edin. Məşrutə hərəkatının məqsədi parlamentin əli ilə şahın səlahiyyətlərini azaltmaq idi. Və ya neft sənayesinin milliləşdirilməsi hərəkatını götürək; bu hərəkatın məqsədi ölkə neftinin ixtiyarını ingilislərdən alıb özümüzə qaytarmaq idi. Bu kiçik, minimal hədəfləri o cür möhtəşəm bir dəyişikliyi nəzərdə tutan İmam Xomeyninin hədəfləri ilə müqayisə edin. Qarşıya minimal hədəflər qoymuş bu hərəkatlar uğursuz oldu, o cür möhtəşəm və maksimal bir dəyişikliyi hədəfə alan İmam Xomeyni isə uğur qazandı. Doğrudur, bu hərəkatların da başlanğıcda bəzi kiçik nailiyyətləri olmuşdu, amma proseslərin davamında məğlubiyyətlə üzləşdilər. İmam Xomeyni isə tam qələbə əldə etməyi və onu həmişəyaşar bir şəkildə qorumağı bacardı.

Sual oluna bilər ki, İmam Xomeyni bu əzəmətli hərəkatın qələbə ilə sonlanmasına və bu qələbənin qorunub saxlanmasına necə nail ola bilib? Zahiri meyarlar baxımından bunun sirri ondadır ki, əlbəttə, bu, Allahın iradəsi idi, lakin bu qələbəyə şərait yaradan zahiri vasitə o idi ki, İmam ölkə ictimaiyyətinin, bütün xalqın və xüsusilə də gənclərin proseslərə qoşulmasına nail ola bilmişdi. İstənilən ölkədə, istənilən hərəkatda xalq kütlələri ictimai-siyasi proseslərə qoşulub, meydanlara çıxıb müqavimət göstərərsə, qarşıya qoyduqları hədəflər reallaşacaq; bunun oyan-buyanı yoxdur; tarixin heç bir mərhələsində də bunun əksi təsbit olunmayıb. İmam ictimaiyyətin nümayəndələrini, xüsusilə də gəncləri mübarizə meydanlarına gətirmək və onları bu meydanlarda saxlamaq kimi böyük bir hünər göstərməyi, belə bir möhtəşəm işi həyata keçirməyi bacardı.

Bu məharət, bu bacarıq İmamda haradan idi? Bu, mənim və sizin bu günümüz üçün ibrət dərsi ola biləcək bir məqamdır və mən onun üzərində xüsusilə durmaq istəyirəm. İmamın şəxsiyyətində, şüarlarında bir cazibə vardı. Bu cazibə o qədər güclü idi ki, cəmiyyətin müxtəlif təbəqələrini, o cümlədən gəncləri ictimai-siyasi meydanlara çəkib gətirə bildi. Baxmayaraq ki, istər inqilabi mübarizə dövründə, istərsə də inqilabın qələbə çaldığı ilk on ildə gəncləri özünə cəlb edə biləcək cürbəcür fikirlər, solçu ideyalar və kapitalizmə bağlı nəzəriyyələr mövcud idi. Onlar da cürbəcür sözlər danışırdı, cəlbedici nəzəriyyələr irəli sürürdü, bundan əlavə, gənclər üçün gündəlik həyatın da marağı, cəlbediciliyi var idi. Gənclər bu yollardan birini də seçə bilərdilər, amma onlar İmam Xomeynini, onun yolunu, onun hərəkatını, onun mübarizəsini, İslam İnqilabını seçdilər. Nəyə görə? İmamda olan o cazibəyə görə.

Bu cazibənin bir qismi İmamın şəxsiyyəti, şəxsi keyfiyyətləri ilə bağlı idi. İmam çox güclü, möhkəm, çətinliklər qarşısında dözümlü bir şəxsiyyətə malik idi. İmam sözü birbaşa deyən, açıq danışan bir insan idi. İmam doğrucul idi, həmişə həqiqəti deyərdi. İmamla həmsöhbət olan hər kəs onun doğru danışdığını, həqiqəti söylədiyini hiss edirdi. Bunlar İmamın bir şəxsiyyət olaraq cəzbedici xüsusiyyətləri idi. Uca Yaradana iman və təvəkkül İmamın danışığında və davranışında – hər ikisində eyni səviyyədə – müşahidə olunurdu. Onun həm davranışı, həm də danışığı Allah-taalaya iman və təvəkkülündən xəbər verirdi. İnsanları İmam Xomeyniyə cəzb edən xüsusiyyətlərdən bir qismi bunlar idi. 

Bunlarla yanaşı, İmam Xomeynidəki cazibənin digər bir qismi də onun irəli sürdüyü ideologiya və prinsiplərlə bağlı idi. Misal üçün, İmamın xalqa təqdim etdiyi ideologiyalardan biri İslam dini idi; Məhəmməd Peyğəmbərin (s) yer üzünə gətirdiyi əsl, saf İslam dini. “Saf İslam” deyərkən mən həm irticadan, həm də eklektizmdən uzaq olan İslamı nəzərdə tuturam. Həm irtica, həm də eklektizmin mövcud olduğu bir dövrdə İmam Xomeyni əsl, saf İslamı təqdim etdi. Bu isə müsəlman gənclər üçün cəzbedici idi. İmamın elan etdiyi prinsip və şüarlar sırasına istiqlaliyyət, azadlıq, sosial və iqtisadi ədalət də daxil idi. İmamın irəli sürdüyü prinsiplər bunlar idi. Bütün bu prinsiplər cəzbedicidir.

İmamın prinsiplərindən biri də Amerikanın ağalığı dairəsindən çıxmaq idi; bu, İran gənclərini cəzb edən bir ideya idi. Sizə deyim ki, bu gün Amerikanın ağalığından qurtulmaq hətta bu ölkə ilə uzunmüddətli asılılıq barədə müqavilələr imzalamış ölkələrin gəncləri üçün belə, cəzbedici bir fikirdir. Yəni məsələn, Amerikanın hədəflərinə xidmət edən Səudiyyə Ərəbistanı kimi bir ölkədə də gənclərdən sorub-soruşdursanız, görərsiniz ki, hamısı Amerikadan asılılığa nifrət edir və bu zülmkar ağalıqdan qurtulmağı arzulayır; bu, təcrübədən keçirilmiş, dəqiq bilinən bir məsələdir. İmamın prinsiplərindən bir qismi bunlar idi.

Dahi İmam Xomeyninin irəli sürdüyü prinsip və şüarlardan digər biri isə xalqın hakimiyyəti idi; yəni ölkədə hakimiyyətin bütün ixtiyarı xalqa aid olsun, xalq seçsin, xalq istəsin, xalqın iradəsi əsas götürülsün; həyatın bütün sferalarında. İmamın şüarlarından biri də xalqın özünəinamı məsələsi idi; yəni o, üzünü xalqa tutaraq dönə-dönə: “Siz bacaracaqsınız!”, “Siz buna qadirsiniz!” – deyirdi; xalqa elmdə, sənayedə, əsas işlərdə, ölkənin idarəçiliyində, iqtisadiyyat və sair bu kimi mühüm sferaların idarə olunmasında öz ayaqları üzərində duraraq iş görməyə qadir olduğunu aşılamağa çalışırdı. Gəncləri İmama tərəf çəkib gətirməyi bacaran şəxsi keyfiyyətlər bunlar idi. Gənclər gəlib İmamın hərəkatına qoşuldu və inqilab qələbə çaldı.

İnqilabın qələbəsindən sonra – bu qələbə isə dünyada böyük bir zəlzələ yaratmışdı – əslində, Yer kürəsinin böyük bir hissəsində bir bölgü əmələ gəldi: inqilabın tərəfdarları və düşmənləri. İnqilabın düşmənləri o dövrün super-dövlətlərindən, yəni Amerika və o vaxtkı Sovet İttifaqından, habelə sionizm kimi güc və hakimiyyəti öz əlində cəmləşdirməyə çalışan cürbəcür cərəyanlardan, Qərb ölkələrində dövlətləri hakimiyyətə gətirib hakimiyyətdən aparan, önəmli qərarların verilməsində söz sahibi olan nəhəng kompaniyalardan ibarətdir. Bunlar özlərinə qarşı təhlükə hiss etdikləri üçün inqilaba düşmən kəsilib; inqilabın düşmənləri böyük bir cəbhədə birləşib. Lakin bununla yanaşı, xalqların əksəriyyətində, müsəlman xalqlarında, hətta inqilabi proseslər barədə məlumat almış bəzi qeyri-müsəlman xalqlarında da bu inqilaba qarşı maraq oyanıb, onlar inqilabın tərəfdarlarına və bəzən isə çox fəal tərəfdarlarına çevrilib. Biz bunun müxtəlif ölkələrdə şahidi olmuşuq və bu proses bu günə qədər də davam edir. Bəli, təbii ki, inqilaba reaksiya verilməyə başladı; reaksiyalar özünü ilk gündən göstərdi. Əlbəttə ki, əvvəlcə dövlətlər çaş-baş qaldı, nə baş verdiyini doğru-dürüst müəyyənləşdirə bilmədilər. Özlərinə gələndən sonra isə ilk gündən inqilaba qarşı düşmənçiliyə başladılar və bu 38 ildə yürüdülən düşmənçiliyin planını cızdılar. Əlbəttə, başqa düşmənçilik planları da var ki, bu günə qədər hələ üzə-büruzə verməyiblər, ilk gündən bu günə qədər yalnız öz aralarında düşünüb-daşınıblar, təşkilatlandırıblar. Nə isə, qısaca bunu deyim ki, Allaha şükür, bu günə qədər bütün bu düşmənçiliklər uğursuzluğa düçar olub. İran xalqı bu vaxt ərzində düşmənlərinin bütün düşmənçiliyinə qalib gəlib, bundan sonra da, inşallah, elə bu cür olacaq.

Bu yerdə mən haşiyəyə çıxaraq 60-cı illərlə bağlı bir məqama toxunmaq istəyirəm; o illər İslam İnqilabının yenicə qələbə çaldığı, İmam Xomeyninin hələ həyatda olduğu və öz bərəkətli ömrünü yaşadığı illər idi. Əziz qardaş və bacılar! 60-cı illər məzlum illərdir. İranın və İran xalqının müqəddəratında həlledici rola malik, həddən artıq önəmli və həssas bir etap olsa da, eyni zamanda layiqincə bilinməyən, son zamanlar isə bəzi ruporlar tərəfindən hücumlara məruz qalan bir dövrdür; 60-cı illərə hücumlar edilir. Halbuki bu illər böyük sınaqlar və böyük qələbələr dövrüdür.

60-cı illər ölkədə ən qəddar terror illəridir. Bir neçə il ərzində terrorçular tərəfindən xalqın müxtəlif təbəqələrindən olan minlərlə sadə insan, eyni zamanda dövlət rəsmiləri şəhid edildi. Sadə dükançılardan tutmuş gənc tələbələrə, fəal siyasətçilərə, inqilabda həlledici rol oynamış böyük şəxsiyyətlərə qədər. Əlbəttə, mən dəqiq rəqəm demək istəmirəm, amma o dövrün terror şəhidlərinin sayının 17 min nəfərə çatdığını da deyənlər var. 60-cı illərdə törədilmiş terror hadisələri nəticəsində 17 min nəfər şərəfli, dəyərli vətəndaş qurban verilib. Onların arasında Şəhid Mütəhhəri və Şəhid Beheşti kimi şəxsiyyətlər var. Bir ölkənin tarixində onun müqəddəratını həll etməyə qadir olan bu cür şəxsiyyətlər çox az-az meydana gəlir.

60-cı illər məcburi savaş illəridir; yəni inqilabın ilk onilliyinin və İmam Xomeyninin mübarək ömrünün 8 ili İran xalqının məcburən təhrik olunduğu bir müharibəyə sərf olundu. Görün nə qədər çətindir! 60-cı illər ən ağır sanksiyaların tətbiq olunduğu illərdir; hər şeyə sanksiya qoymuşdular; ölkəmizin, iqtisadi qurumlarımızın, dövlətimizin əleyhinə bir-birinin ardınca sanksiyalar tətbiq olunurdu. Amma bu illər eyni zamanda böyük iftixarlara imza atıldığı illərdir. 60-cı illər separatçılığa qarşı mübarizə illəridir; ölkənin dörd bir yanında müəyyən qrupları İslam Respublikasının əleyhinə separatçılığa təhrik edir, pul və silah verirdilər. 60-cı illər ölkədə bu cür böyük hadisələrin baş verdiyi illərdir. 

Və 60-cı illərdə İran xalqı və bizim gənclərimiz bütün bu çətinliklər qarşısında elə möhkəm durdu ki, sonda qələbə qazandı. Bu çox önəmli bir məsələdir. Mən düşünən, ölkədə gedən proseslər və xüsusilə də 60-cı illərlə bağlı mühakimə yürüdən insanlara tövsiyə edirəm ki, qurbanla cəlladı səhv salmasınlar. 60-cı illərdə İran xalqı məzlum bir vəziyyətdə idi. Terrorçular, münafiqlər, onların himayədarları, onları meydana gətirmiş və daim arxalarında duran dövlətlər İran xalqına əziyyət verirdi, pislik edirdi. İran xalqı müdafiə mövqeyində idi, amma şükürlər olsun ki, özünü müdafiə edərək sonda qalib oldu və onların məkrli planını puça çıxardı. 60-cı illər barədə bu qədər. O illərdə gənclərimiz möhkəm durdu, dahi liderimiz İmam Xomeyni o nurlu siması, o imanlı qəlbi, o sarsılmaz əzmi ilə möhkəm duraraq bütün bu problemləri üstələdi. 

İmam dünyadan köçdü; İmamın vəfatından sonra bəzi insanlar onun yolunu dəyişə biləcəklərinə ümid bəsləməyə başladılar, amma şükürlər olsun ki, buna müvəffəq olmadılar. İmamın vəfatından illər keçdi, ölkənin xaricində müəyyən bir qrup və onların ölkə daxilindəki adamları oturub nə vaxtsa inqilabın öz yolunu çaşacağı, köhnələcəyi, dövrünü başa vuracağı və o zaman fürsət tapıb hücuma keçəcəkləri, ölkədə yenidən inqilabdan əvvəlki “büsatı” qura biləcəkləri günü gözlədilər, amma bunu bacarmadılar. Onların bu uğursuzluğunun səbəbi nədir? Səbəb məhz İmam Xomeyni şəxsiyyətinin, onun prinsip və ideyalarının ölkədə malik olduğu o cazibə idi. Bu barədə bir qədər sonra da danışacağam; İmamın fiziki bədəni bizim aramızdan gedib, amma ruhu canlıdır; İmamın ruhu canlıdır, İmamın yolu yaşayır, İmamın nəfəsi cəmiyyətimizdə duyulur. İmam zahiri həyatda olduğu zaman xalqımızı, gənclərimizi, qəlbləri maqnit kimi ona tərəf çəkən nələr idisə, o şeylər indi də var. İmamın prinsipləri ömrünü heç bir zaman başa vurmayacaq, heç vaxt köhnəlməyəcək prinsiplərdir, bundan əlavə, İmamın adı da bütün çətinliklərin açarıdır; bunlar var. Ona görə də sosial və iqtisadi ədalət, müstəqillik, azadlıq, xalq hakimiyyəti, Amerika və başqa super-güclərin ağalığından uzaqlaşmaq və sair bu kimi şüarlar bu gün də böyük bir qüvvə ilə xalqımızı və gənclərimizi özünə tərəf çəkir. 

Əlbəttə ki, bu şüarlardan bəzilərinin reallaşdırılmasında biz, doğrudan da, geriyik. Sosial ədalət məsələsində, İslam dininin bəzi prinsiplərinin reallaşdırılmasında geriliyimiz var. Bunu inkar etmirik, amma əzmimiz, hədəfimiz, ideallarımız eynilə dahi liderimiz İmam Xomeyninin müəyyən etdiyi kimidir. Biz eynilə həmin idealların arxasınca gedirik və onlar bizim gəncliyimiz üçün maraqlı və cəlbedicidir; təkcə bizim ölkəmizin gəncliyi üçün yox, başqa ölkələrin, xüsusilə müsəlman ölkələrinin gəncləri üçün də. Bu, İslam İnqilabının səfərbəredici gücüdür. Mən bunu xüsusilə qeyd etmək istəyirəm; demək istəyirəm ki, rəsmilərimiz, siyasi fəallarımız inqilabın bu səfərbəredici gücünü diqqətdən qaçırmasınlar. Bu, ölkəmizin və xalqımızın sahib olduğu çox böyük bir nemətdir. İslam İnqilabının səfərbər etmə gücü var; gəncləri, əzmkar, iradəli, sağlam insanları ali və yüksək hədəflərə doğru istiqamətləndirə, hərəkətə gətirə, irəli apara bilər. İslam İnqilabı və bu inqilabın şüarları qədər əzəmətli, güclü bir avanqard ola bilməz. Bu gün bizim buna ehtiyacımız var və hələ uzun illər də ehtiyacımız olacaq. 

Düşmənlərimiz bikar oturmayıb; əzizlərim, qardaşlar, bacılar! Düşmənlər bikar deyil. Doğrudur, bu günə qədər bizə əsaslı zərbə vura bilməyiblər. İrəli getmişik, inkişaf etmişik, düşmənə göz dağı olaraq böyük işlərə imza ata bilmişik, amma düşmən pusqudadır. Görün düşmən nə qədər həyasızdır! Amerikanın prezidenti geridəqalmış, tam tənəzzül içərisində olan, qəbilə prinsipləri əsasında idarə olunan bir rejimdə qəbilə başçısı ilə yan-yana duraraq qılınc rəqsi edir, sonra da İran xalqının azad şəraitdə baş tutan bir seçkidə verdiyi 40 milyon səsə irad bildirir! Gör düşmən nə qədər həyasız, nə qədər utanmaz və düşüncəsizdir ki, Yəmənin küçə-bazarlarında dinc əhalini gecə-gündüz qətlə yetirənlərlə yanbayan duraraq insan haqlarından danışır! Bundan da böyük həyasızlıq ola bilərmi?! 2 il yarıma yaxındır ki, Yəməni gecə-gündüz bombalayırlar; özü də hərbi obyektləri yox, küçələri, bazarları, məscidləri, xəstəxanaları, camaatın evlərini. Kişili-qadınlı, böyüklü-kiçikli günahsız əhalini öldürürlər. Bunlar da gedib onlarla diz-dizə oturub şirin söhbət edir, insan haqlarından danışır, İslam Respublikasının üzərinə, guya ki, insan haqlarını pozduğuna görə sanksiyalar qoyurlar. Bundan da böyük həyasızlıq olar? Belə bir düşmənin qarşısında bizim İslam İnqilabının səfərbəredici gücünə ehtiyacımız var. 

İnqilabı böyük tutun, əziz tutun. Ölkəmizə və xalqımıza ürəyiniz yanırsa, inqilabi dəyərləri sözün həqiqi mənasında yaşadın, dirçəldin; ölkəmizin buna ehtiyacı var. Qısamüddətli hədəflər, gündəlik, keçici siyasi dəyişikliklər naminə o ali dəyərləri, inqilabı unutmaq olmaz. Əgər biz bu gün elm, siyasət, iqtisadiyyat meydanlarında irəli gedib böyük işlər görmək istəyiriksə, inqilabın hər bir xalqa və elə bizim xalqımıza da verdiyi cürət və özünəinama ehtiyacımız var. Bu cürət və özünəinamın yox olub aradan getməsinə, zəifləməsinə imkan verməyin. Bu gün İran xalqı o özünəinama ehtiyac duyur; gənclərimiz bu gün də böyük yollarda böyük işlər üçün meydana atılıb sinəsini sipər etməyə hazırdır. Bunu sizə mən deyirəm ki, əgər bu gün ölkədə 60-cı illərə bənzər bir vəziyyət yaransa, heç şübhəsiz, bizim tam gücü, qüruru, şücaəti və əzmi ilə meydana atılıb ölkəni qoruyacaq milyonlarla gəncimiz var. 

Bəzən qulağıma çatır ki, bəziləri inqilabi şüarların qarşılığında rasionallıq söhbətini ortaya atır, rasionallığı inqilabçılığa zidd bir şey kimi qələmə verməyə çalışırlar; xeyr, bu, yanlış bir yanaşmadır. Həqiqi rasionallıq elə inqilab tərəfdarı olmaqdadır. Məhz inqilabi yanaşma həqiqətləri bizə düzgün şəkildə göstərə bilər. Baxın! Bir vaxtlar İmam Xomeyni Amerikanı “Böyük Şeytan”, etimad edilməyəcək bir varlıq – və ya dövlət – adlandırmışdı; İmam bunu İran xalqına – bizə – illər öncə öyrətmişdi. Bu gün isə aradan illər keçəndən sonra Avropa dövlətlərinin başçıları Amerikaya etimad etməyin mümkün olmadığını deyir. Necə deyərlər: 

آنچه در آینه جوان بیند
پیر در خشت خام آن بیند 

“Cavanın aynada gördüyünü qoca çiy kərpicdə görər” (2)

Rasionallıq budur. Rasionallıq odur ki, Amerikanı etimada layiq bilməyən Avropa dövlət başçılarının bu gün dediyi sözü, İmam Xomeyni 30, otuz neçə il bundan əvvəl söyləyib. Və biz özümüz də bunu sınaqdan keçirmişik, təcrübədə şahidi olmuşuq; amerikalılar, həqiqətən də, etimada layiq deyil; onlara heç bir mövzuda inanmaq olmaz. İnşallah, ola bilsin, fürsət tapdıqca mən bu barədə yenə də söhbət edərəm. Rasionallıq budur; rasionallıq odur ki, öz xalqının əsilliyindən, nəcibliyindən xəbərdar olasan; rasionallıq xalqa arxalanmaqdır; rasionallıq ölkənin daxili güc və potensialına arxalanmaqdır; rasionallıq Uca Yaradana arxalanıb təvəkkül etməkdir. Rasionallıq bunlardır; rasionallıq o deyil ki, Amerikanın ağalığının məngənəsindən qurtulandan sonra təzədən ona yaxınlaşasan. Belə şeylər rasionallıq deyil; rasional olan İmam Xomeyni idi; rasional olmağı bizə inqilab öyrədir. 

Xülasə, İmam Xomeyninin bizə verdiyi ən böyük dərs inqilabçı kimi düşünmək, inqilabçı kimi davranmaq, inqilabçı ruhiyyəsində olmaqdır. Bunu unutmamalıyıq. İmam mədəni irs deyil; bəziləri İmama mədəni irs kimi baxırlar. İmam bu gün də sağdır, bizim liderimizdir, öndərimizdir, qarşımızdadır. Düzdür, onun fiziki bədəni yoxdur, amma sözləri, fikirləri, yolu, nəfəsi hələ də yaşayır. İmama bu gözlə baxın və ondan öyrənin. 

Bəziləri rasionallığı bunda görür və belə deyirlər ki, “Böyük dövlətlərlə kəllə-kəlləyə gəlmək bizə baha başa gəlir”. Bunu deyənlər, əlbəttə ki, yanılırlar. Düzdür, kəllə-kəlləyə gəlmək baha başa gəlir, amma dil tapıb razılaşmaq da heç də ucuz başa gəlmir. Özünüz baxın: Səudiyyə hökuməti Amerikanın yeni prezidenti ilə razılığa gələ bilmək üçün mövcud maliyyə ehtiyatlarının yarısını Amerikanın məqsədləri uğrunda və onun istədiyi kimi xərcləməyə məcbur olur. Bu, baha başa gəlmək deyil? Dil tapıb razılaşmaq da baha başa gəlir. Böyük dövlətlərlə ağılla, məntiqə uyğun şəkildə, özünəinamla mübarizə aparsan, xərci onlarla dil tapıb anlaşmaqdan qat-qat az olar, dəfələrlə ucuz başa gələr. Mən demişəm – inşallah, bundan sonra da bu barədə danışacağam – ki, məkrli siyasətlər yürüdən təcavüzkar dövlətlər hansısa hədlə qane olan deyil; son bir neçə ildə onlarla qurduğumuz qarşılıqlı münasibətlərdə biz bunun şahidi olmuşuq. Müəyyən bir hədd təyin edirlər, siz o həddə qədər geri çəkilən kimi təzədən ortaya başqa bir söhbət atırlar, yeni bir iddia, yeni bir tələb qoyurlar, eyni təzyiqlərdən istifadə edərək sizi həmin o yeni tələblərini də yerinə yetirməyə məcbur edirlər. Və bu silsilə heç vaxt bitməyəcək, həmişə davam edəcək. 

İnqilabçılıq odur ki, hökumət rəsmilərimizin məqsədi imperialist dövlətləri razı salmaq olmasın. Onların məqsədi xalqı razı salmaq, ölkənin güc və potensialını səfərbər etmək, ölkə daxilində fəal kadrlara dəstək vermək olmalıdır; inqilabçı olmaq budur. İnqilabçı olmaq odur ki, ölkəmiz və rəsmilərimiz heç kəsin hegemonluğuna boyun əyməsin, hegemonların qarşısında passivlik, fəaliyyətsizlik göstərməsin. Nə qarşı tərəfin hegemonluğunu, quldurluğunu qəbul etsinlər, nə də ona aldansınlar; belə ki super-dövlətlər zorakı və quldur olduqlarına, əllərində hər cür silah olduğuna baxmayaraq, yalandan da çəkinmir; mümkün olan yerdə rahatca yalan danışır, baş aldadırlar; inqilabçı olmaq budur. 

Əziz qardaşlar, bacılar, ölkənin dörd bir yanındakı əziz gənclər, möhtərəm rəsmilər! Mənim demək istədiyim budur: hamınız bilin ki, bu gün bizim inqilabi ruhiyyəyə, inqilabi kursa, inqilabi şüarlara, dahi liderimiz İmam Xomeyninin inqilabının prinsip və ideallarına ehtiyacımız var; ölkəmizin bu şeylərə ehtiyacı var. İnqilabi ideyaların tərəfdarlarını “ifratçı, ekstremist” və sair bu kimi adlarla rədd edib gözdən salmayın; bu gün ölkəmiz bu ideyalara, onların tərəfdarlarına ehtiyac duyur. Bu dərsi bizə dahi liderimiz İmam Xomeyni öyrədib; bu dərsdən yararlanmalıyıq. Mənim toxunmaq istədiyim birinci və əsas mövzu bu idi.

Ölkə daxilində gedən proseslərlə də bağlı bir neçə cümlə deyim. İki həftə öncə ölkədə baş tutan prezident seçkiləri olduqca önəmli məsələlərdən biri idi. Mən seçki məntəqələrinə gələrək səs vermiş 41 milyon seçicinin hər birinə ayrı-ayrlıqda səmimi-qəlbdən təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən də, böyük bir iş reallaşdı; ölkəmizə, İslam Respublikasına nüfuz və etibar qazandırdı; İslam Respublikasına ümumxalq etimadının göstəricisi oldu. Ölkə əhalisinin yetmiş neçə faizlik əksəriyyətinin gəlib İslam Respublikasına “hə” deməsi, bu hökumət quruluşunu təsdiqləməsi, ona etimad göstərməsi olduqca əhəmiyyətlidir. Doğrudur, təəssüflə deməliyik ki, bəziləri məsələnin mahiyyətini düzgün anlamadıqları üçün və ya başqa bir səbəbdən – bilmirəm, buna başqa nə ad vermək olar – bu faktı inkar edirlər. “ Xalqın verdiyi səslərin İslam dövləti ilə, İslam dövlətini dəstəkləməklə heç bir əlaqəsi yoxdur!” – deyirlər. Nə üçün, cənablar? Hətta qəlbində, ola bilsin ki, İslam dövlətindən giley-güzarı olan şəxslər belə, gəlib dövlətin müəyyən etdiyi qayda-qanun çərçivəsində keçirilən seçkilərdə iştirak edirsə, bu o deməkdir ki, bu dövlətin qayda-qanunlarını qəbul edir, onlara etimad göstərir, effektiv hesab edirlər; əks təqdirdə, həmin qayda-qanun çərçivəsində hərəkət etməzdilər. Xalqın verdiyi o 42 milyon səs, yetmiş neçə faizin iştirakı İslam dövlətinə verilən səslər və bəslənən etimad idi. Çox mühüm bir hadisə idi. 

Xoşbəxtlikdən, möhtərəm Keşikçi Şura bu seçkilərin qanuniliyini elan etdi. Əlbəttə ki, müəyyən yerlərdə qanun pozuntularının olduğunu da bildirdilər; bu barədə mənə də məlumat çatmışdı. Sözsüz ki, sözügedən pozuntuları araşdırmaq lazımdır. Hərçənd bu kimi hallar seçkinin ümumi nəticəsinə heç bir şəkildə təsir göstərmir və göstərməyib də, amma hər halda, qanun pozuntusu elə qanun pozuntusudur və İslam Respublikasına yaraşmaz. Rəsmilər bu pozuntuları ciddi şəkildə araşdırmalı, günahkarlar müəyyən olunmalıdır ki, ölkəmizdə keçirilən müxtəlif seçkilərdə – qarşıda bu xalqı hələ çox seçkilər gözləyir – bu kimi hallar baş verməsin, daha bizdə bu cür qanun pozuntuları olmasın. Onlara göz yumub yumşaqlıq etsək, yenə də təkrarlanacaq. Qanun pozuntusunun qarşısı alınmalıdır. Mən bu seçkilərin təşkili və seçkiyə nəzarət işini həyata keçirmiş rəsmilərimizə də təşəkkürümü bildirirəm. 

Əlbəttə, seçkiqabağı təbliğat kompaniyasında, namizədlərin debatlarında çox sözlər danışıldı, bəzən hətta etik çərçivələrdən kənar fikirlər də səsləndirildi, ölkənin müxtəlif rəsmi qurumları ittiham olundu. Bunlar heç də yaxşı hallar deyildi. Nə isə, ötüb keçdi, keçmişdə qaldı, amma bu şeylər davam etməməlidir. Hamı diqqətli olsun: seçki prosesində baş vermiş bütün olaylara güzəştlə yanaşsınlar, təkrar etməsinlər. Yəni xalq – dəstəklədiyi namizəd seçilmiş olanlar da, olmayanlar da – tutumlu, həlim davranmalıdır; həlim – yəni təmkinlə, ləyaqətlə; xaraktersizlik göstərməməlidirlər. Bəzi insanlar hansısa məsələdə udsalar da, uduzsalar da tutumsuz davranır, xaraktersizlik nümayiş etdirirlər. Belə olmamalıdır; insan uğur qazanıb məqsədinə çatanda da, çatmayanda da tutumlu, ləyaqətli bir şəkildə davranmalıdır. Sevindirici haldır ki, builki seçkilərdə bunu müşahidə etdik, 1388-ci ildə ölkə üçün o qədər problem yaradanlardan fərqli olaraq, bu il uğur qazanmayanlar belə, təmkinlə, tutumlu davrandılar.

Mən burada bir məsələyə də qısaca toxunmaq istəyirəm – ola bilsin, inşallah, sonralar bu barədə daha ətraflı danışaram – ölkədəki problemlərin həllini tapması üçün möhtərəm dövlətimiz istehsal və məşğulluğa xüsusi əhəmiyyət verməlidir. Konstitusiyaya əsasən, ölkə başçısı ölkədə geniş səlahiyyətlərə malikdir, bir çox işlər görə bilər. Bu səlahiyyətlərdən istifadə etsin, daxili imkan və potensialı işlək vəziyyətə gətirsin, xalqa verilmiş vədlər gecikdirilmədən həyata keçirilsin. Müxtəlif sferaların rəsmilərini seçərkən – mən 12-ci hökuməti nəzərdə tuturam – işgüzar, fəal və bacarıqlı insanlara üstünlük verilsin; yəni onların bacarığı sayəsində, inşallah, işlər irəli getsin. Əgər Allah eləməmiş, müxtəlif sferalarda – istər iqtisadiyyatda, istərsə də qeyrilərində – kimlərsə səriştəsizlik göstərsə, dövlətin səriştəsizliyi kimi qəbul ediləcək, bu isə insafsızlıqdır. Dövlət səriştəlidir; müxtəlif sferalar da dövlətlə ayaqlaşa bilməlidir. Rəsmilər ölkəni Amerikanın sanksiyaları qarşısında müqavimət göstərə bilməsi üçün hazırlamalıdır; ölkəni sanksiyalara dözümlü bir vəziyyətə gətirməlidirlər. Özünüz görürsünüz ki, amerikalılar həyasızcasına hər gün təzə bir söz danışır, təzə bir hava çalırlar. Ölkəmiz onların əməlləri qarısında duruş gətirməli, müqavimət göstərə bilməlidir. Rəsmilər ölkənin iqtisadi, mədəni, siyasi və sair baxımdan hərtərəfli müqavimətini bir hədəf kimi nəzərdə tutmalıdırlar. 

Qlobal problemlərlə də bağlı ölkədən vahid bir səs eşidilməlidir; möhtərəm dövlət rəsmilərimiz hamısı buna diqqət yetirsinlər; mühüm beynəlxalq məsələlərə münasibətdə ölkədən vahid və güclü bir səs eşidilməlidir; rəsmilər cürbəcür fikirlər səsləndirməməlidir. Hansısa yazar və ya bloqer başqa əqidədə ola bilər, bu, önəmli deyil, amma ölkə rəsmilərinin hamısı bir söz deməli, vahid fikir və münasibət bildirməlidir. 

Xarici məsələlərlə də bağlı bir cümlə deyim. Təəssüf ki, mübarək ramazan ayında bəzi ölkələrdəki qardaşlarımız çox ağır problemlərlə üz-üzədir; Yəməndə, Suriyada, Bəhreyndə, Liviyada müsəlmanlar orucağız çox böyük çətinliklərə düçar olub. Səudiyyə hökuməti gecə-gündüz Yəməni bombalayır, əhaliyə təzyiq göstərir; əlbəttə ki, yanılırlar. Mən bunu elə buradaca demək istəyirəm: Səudiyyə hökuməti bilsin ki, Yəmən xalqına qarşı hələ bundan sonra 10 il, 20 il də bu şəkildə davransalar, o xalqa qalib gələ bilməyəcəklər. Bu, bir ölkənin heç bir pənah yeri olmayan, günahsız xalqına qarşı yol verilən bir cinayətdir və əsla da heç bir nəticə verməyəcək. Dünya ictimaiyyəti və Uca Yaradan qarşısında günahlarını daha da ağırlaşdıracaq, Allah-taalanın daha kəskin intiqamına səbəb olacaqlar. 

Bəhreyndə də eynilə; Səudiyyə hökumətinin Bəhreyndəki iştirakı da tamamilə məntiqsizdir. Bəhreynin problemləri Bəhreyn xalqına aiddir. Bəhreyn xalqı oturub öz hökuməti ilə danışaraq bir nəticəyə gəlməlidir. Yad bir ölkə nəyə görə ora hərbi qüvvə yeridərək bu ölkənin işinə müdaxilə etməli, hansısa siyasətlər yürütməlidir? Ölkələri və xalqları problemlərə düçar edən məhz bu cür məntiqsiz, ağlasığmaz işlərdir. Öz iradələrini hansısa xalqa diktə etmələri məntiqi cəhətdən yanlış, əməli cəhətdən səmərəsiz, nəticə etibarilə isə onlar üçün üz qarasıdır, heç bir faydası olmayacaq. Hətta o bir neçə yüz milyardlıq rüşvətlə Amerikanın da dəstəyini qazansalar belə, yenə heç bir nəticə əldə etməyəcəklər. 

Suriyadakı problemlər də eynilə; yad ölkələrin Suriya dövləti və xalqının iradəsinə zidd olaraq bu ölkədə iştirak etməsi yanlışdır. Biz düşünürük ki, Suriyanın problemləri də danışıqlar yolu ilə həllini tapmalıdır; düşünürük ki, düşmənlər Suriyada, Bəhreyndə, Yəməndə və İslam dünyasının digər yerlərində vasitəli müharibələr törədir, xalqı bir-birinə qırdırır. Çıxış yolu isə budur ki, oturub danışsınlar, müzakirə etsinlər, başqalarının müdaxiləsi olmasın, ölkələrə kənardan – bu gördüyünüz şəkildə – silah yeridilməsin. Hazırda İŞİD “doğulduğu” yerdən, yəni İraq və Suriyadan qovulub çıxarılaraq başqa ölkələrə – Əfqanıstana, Pakistana, hətta Filippinə, Avropa ölkələrinə və digər yerlərə üz tutur. Bu alovu onlar özləri öz əlləri ilə yandırıblar, indi isə öz canlarına düşüb. 

İran xalqı, Allahın köməyi ilə, bütün bu olaylarda məntiqlə, ağılla, güclü əzm və iradə ilə öz işinə davam edərək irəli gedə bilib; bundan sonra da, Allahın köməyi, izni və hidayəti ilə, ölkədə baş verən bütün siyasi dəyişikliklər bu xalqın ideallarına və qələbəsinə yönələcək. Və mən ötən 38 ilin təcrübəsinə və Allahın köməyinə arxalanaraq deyirəm ki, bu xalqın sabahı bugünündən qat-qat yaxşı olacaq, inşallah. 

Pərvərdigara! Bu ramazan axşamında bu oruclu, ac insanlara, bu təşnə dodaqlara öz lütf və mərhəmətini nazil et. Pərvərdigara! Muhəmməd və Ale-Muhəmməd xatirinə, İran xalqını Sənin üçün önəmli olan bütün meydanlarda qalib və başıuca et. Pərvərdigara! Ruhu, canı, nəfəsi hələ də aramızda dolaşan dahi liderimiz İmam Xomeynini günbəgün daha da canlandır. Pərvərdigara! Bu xalqın əziz şəhidlərini, fədakar övladlarını öz lütf və rəhmətinlə əhatə et. Pərvərdigara! Ölkəmizin rəsmilərini bu böyük xalqa xidmət etməyə müvəffəq et, İmam Mehdi Sahibəz-zamanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs qəlbini bizdən razı və məmnun et. Pərvərdigara! Bu xalqı və bu həqir bəndəni o böyük imamın duasına layiq et; gözlərimizi o həzrətin camalı ilə aydınlat. 

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Bu mərasim ramazan ayının 9-cu günü baş tutmuşdur. 
(2) Ruminin “Məsnəviye-mənəvi”sindən götürülmüş bir zərb-məsəldir, yaşlı insanların cavanlarla müqayisədə daha təcrübəli olduğunu ifadə edir.