Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkədə baş tutacaq prezident və islami şura seçkiləri ərəfəsində xalqın müxtəlif təbəqələrindən olan insanlarla görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین المعصومین سیّما بقیّةالله فی الارضین و لعنةالله علی اعدائهم اجمعین

Əziz qardaşlar, bacılar, çox xoş gəlmisiniz. Bu önəmli və mübarək günlərdə hüseyniyəmizi öz iştirakınız, ixlasınız və lütfünüzlə nurlandıraraq bəzədiniz.

Hazırda yaşadığımız günlər mübarək şəban ayının son günləri olması baxımından olduqca dəyərlidir. Həmişə yadda saxlamalıyıq ki, Allah-taalanın bizim üçün yaratdığı fürsətlərdən maksimum istifadə etməliyik. Həmin fürsətlərdən biri də dua, minacat, təvəssül və intizar ayı olan mübarək şəban ayıdır. Daha bir böyük nemət isə yaxınlaşmaqda olan mübarək ramazan ayıdır. Yaxşı olar ki, biz artıq şəban ayında özümüzü ramazan ayına hazırlamağa başlayaq. Ramazan ayı ilahi ziyafət ayıdır, ilahi ziyafət verilən bir sferaya daxil olmaq üçün isə müəyyən hazırlığa ehtiyac var. Yaxşı olar ki, biz şəban ayından başlayaraq özümüzdə bu hazırlığı təmin edək.

Siz gənclərin işi bizdən daha asandır. Qəlbi saf, təmiz olan, insanın zamanla bulaşdığı çirkinliklərə hələ bulaşmamış gənclər daha hazırlıqlı olur. Qoy onlar bu hazırlığın, mübarək şəban ayının bu dualarının, xüsusilə də imamlardan (ə) nəql olunmuş məşhur “Şəbaniyyə” minacatının qədrini bilsinlər. Bir vaxtlar mən İmam Xomeynidən soruşdum ki, Əhli-Beytdən (ə) nəql olunmuş təsirli dualar içərisində sizə daha çox hansı dua yaxındır, hansını daha çox oxuyursunuz; cavab verdi ki, “Şəbaniyyə” minacatı və “Kumeyl” duası. İmam Xomeyni – o püxtələşmiş arif, Allah yolunda çalışıb-vuruşan o böyük insan bu iki duaya daha çox diqqət ayırırdı. İnşallah ki, hamımız şəban ayının qalan günlərindən istifadə edib, bu ilahi rəhmət vadisində mənəvi bir atmosferə daxil olmağa, bu günlərdən ən gözəl şəkildə bəhrələnməyə müvəffəq olarıq; əsas budur.

Bu günlərlə bağlı digər bir mühüm məqam isə seçkilər məsələsidir ki, mən bu barədə də bir neçə cümlə qeyd etmək istərdim. Camaatımız, İran xalqı coşğu və həvəslə böyük bir qəhrəmanlıq hadisəsinə – seçkilərə hazırlaşır. Mənim eşitdiyimə və aldığım məlumatlara görə, Allaha şükür, ölkənin hər yanında əhalidə seçkilərlə bağlı bir coşğu, həyəcan yaşanır; insanlar həvəslə seçkiyə hazırlaşır. Bu isə çox önəmlidir; bu, İran xalqının daha bir tarixi qəhrəmanlıq hadisəsində özünü parlaq surətdə göstərəciyinə işarədir. Sizin iştirak etdiyiniz seçkilərdən hər biri bir tarixi qəhrəmanlıq hadisəsidir, dünya ictimaiyyətinin gözləri önündə baş verən möhtəşəm bir xalq hərəkatıdır; xalqımızın qürur və heysiyyətini ucaldır, milli iqtidarı artırır. Ölkəmizdə baş tutan seçkilər hamısı belədir: dünyanın iddialı siyasi fiqurlarının gözləri önündə İslam dininə əsaslanan xalq hakimiyyətinin nə demək olduğunu canlandırır. Dinə və ya İslama əsaslanan xalq hakimiyyəti İslam Respublikası quruluşu və İmam Xomeyni tərəfindən bəşəriyyətə təqdim olunan yeni bir ideya, yeni bir təcrübə idi. Cümə günü siz bütün dünya ictimaiyyətinin – siyasətçisindən tutmuş analitikinə, rəsmisindən tutmuş adi insanına qədər hər kəsin gözləri önündə məhz bunu sərgiləyəcək, bunu nümayiş etdirəcəksiniz. Seçkilərin əhəmiyyəti bundan ibarətdir. 

Özü də hazırda dünyada hamının gözü sizin bu seçkilərinizdədir; bunu da qeyd etmədən keçməyək. “Hamı” deyəndə, yəni ölkə rəsmiləri, ABŞ administrasiyasından tutmuş Avropa ölkələrinə, Avropa dövlətlərinə, Amerikanın əlaltısı olan region dövlətlərinə, İsrailin o boynu qırılmış (1) baş nazirinə (2) qədər hamı gözlərini zilləyib ki, cümə günü siz seçkidə necə, hansı həcmdə, hansı əhval-ruhiyyə ilə iştirak edəcəksiniz. Hamı tamaşa edir. Bu, məsələnin bir tərəfi; məsələnin digər bir tərəfi isə İran xalqına bir qayda olaraq əzəmətli bir xalq kimi baxan, əksəriyyəti ölkəmizdə olan bu azadlığın, bu xalq hakimiyyətinin həsrətini çəkən, kənardan baxıb İran xalqını sonsuz təqdir edən region xalqlarıdır. Bunlar isə sizi sevənlərdir; bunların da gözü cümə günü ölkəmizdə baş tutacaq seçkilərdədir. Seçkilərimiz zəif keçsə, camaatımız zəif iştirak etsə, bir cür nəticə çıxaracaq, bir cür mühakimə yürüdəcəklər, yox əgər xalqımız seçkidə müdrik, qüdrətli bir şəkildə, geniş miqyasda iştirak etsə, bir başqa cür mühakimə yürüdəcək, başqa gözlə baxacaqlar. İslam Respublikası konkret olaraq bir neçə ildən bir yenidən seçki keçirməklə, həqiqətən də, təzələnir; dünya ictimaiyyətinin qəlbində və gözündə yeni, daha da qabarıq, daha da görkəmli, daha da cəlbedici bir formada təcəssüm edir. Məhz elə buna görə də seçki günləri İslam Respublikası üçün, doğrudan da, bayram, sevinc və şadlıq günləridir.

Siz bir regionumuza, Qərbi Asiya, Şimali Afrika regionlarına nəzər salın. Bu gün bu bölgələr asayiş və təhlükəsizlikdən tamamilə məhrum bir vəziyyətdədir; istər əksəriyyəti bədxah xarici dövlətlərdən dəstək alan silahlı terror qruplaşmalarının mövcudluğu nəticəsində olsun, istərsə də bəzi ölkələrdə gedən vətəndaş müharibələri nəticəsində ki, bunda da yenə dünyanın müstəmləkəçi dövlətlərinin əli sezilir. Əmin-amanlıq yoxdur, daim qorxu hissi keçirirlər. Region ölkələrinə baxın; elə bir yer varmı ki, orada bu təhlükə atmosferi olmasın. Və bu qorxu və təhlükə içində yaşayan ölkələr arasında, Allaha şükürlər olsun ki, İslam Respublikası Uca Yaradanın köməyi ilə asayiş və əmin-amanlıq içində seçkilərə hazırlıq görməklə məşğuldur. Bu gün artıq seçkiyə cəmi iki gün qalıb. Allaha şükür, ölkədə tam təhlükəsiz, dinc, sakit bir atmosfer hökm sürür. Bu çox dəyərlidir. Əziz qardaşlar, əziz bacılar! Biz bunun qədrini yaxşı bilməliyik; çox qiymətli bir şeydir. 80 milyon əhalisi olan bir ölkədə seçkiyə start verilir – dedilər ki, əlli neçə milyon nəfərin səsvermə hüququ var – xalq böyük həvəs və həyəcanla seçkiyə hazırlaşır, amma hər yerdə asayiş və təhlükəsizlik hökm sürür. Bu olduqca dəyərlidir, olduqca önəmlidir. Bunun qədrini bilmək lazımdır. 

İslam Respublikası bizə azadlıq hissi, azad bir atmosfer bəxş edib. Hərçənd bəzi naşükür insanlar bu azadlıq atmosferindən sui-istifadə edib, ölkədə azadlıq olduğunu inkar edirlər. Onların bu hərəkəti naşükürlükdür, nankorluqdur; nə edək, qoy etsinlər. Allaha şükür, ölkədə azad mühit var, xalqın ictimai-siyasi proseslərdə iştirakı, xalqın seçiminin təsiri var. Xalq ölkənin bir nömrəli icraçı rəsmisi olan prezidentin, habelə yerli idarəetmə orqanları olan islami şuraların seçimində iştirak edir, fikrini bildirir, qərar verir; bu olduqca dəyərlidir. Bu gün regionumuzda elə xalqlar var ki, başlarında duran dövlət ABŞ-ın qanadına sığındığına görə bunun həsrətini çəkir, İran xalqına qibtə edir. Ölkələrində gedən siyasi proseslərə müdaxilə edə bilmək onlara yuxu kimi gəlir; iki nəfər, üç nəfər, beş nəfər ölkənin icraiyyə işlərinə başçılıq etmək üçün rəqabətə girsin, sonra da xalqa onlardan birini seçmək hüququ verilsin; bu, regionumuzdakı ölkələr üçün yuxu olaraq qalır. Bizim ölkəmizdə isə bu hər dörd ildən bir təkrarlanır. Xalq seçkiyə qatılır, seçim edir, öz prezidentini müəyyənləşdirir. Bu olduqca dəyərlidir. Bunun qədrini bilmək lazımdır.

Xalqın seçki arenasında iştirak etməsi çox dərin məna daşıyır. Bu, iki əsas məsələnin göstəricisidir; əlbəttə, bu iki məsələnin altında digər məsələlər də yatır, lakin xalqın bu iştirakı iki əsas məsələni ortaya qoyur: birincisi, xalqın İslam Respublikasına olan etimad və marağı, bağlılığı, ikincisi isə xalqımızda olan iradə və qərar vermə gücü. Bu iki şey olduqca önəmlidir. Siz seçkidə iştirak edəndə həm ölkəyə azadlıq və müstəqillik qazandırmağı bacarmış İslam Respublikasına ürəkdən bağlı olduğunuzu göstərirsiniz, həm də İran xalqının canlı, öz işini özü görməyi bacaran, qətiyyətli, əzmkar bir xalq olduğunu nümayiş etdirirsiniz. Bunların hər ikisi ölkə üçün olduqca dəyərlidir; əlbəttə ki, hər birinin də altında bir sıra başqa məsələlər, daha artıq faydalar yatır. Bu iştirak nə qədər genişmiqyaslı olsa, xalqımızın arasında, şükürlər olsun ki, var olan bu qayda-qanun, nizam-intizam nə qədər artıq olsa, dünya ictimaiyyətinin qarşısında İran xalqının nüfuz və hörməti bir o qədər artacaq.

Qeyd etdiyim bu qayda-qanun, nizam-intizam məsələsi önəmli bir məsələdir. Xalqın intizamlı davranması olduqca dəyərlidir; həm seçkidən əvvəl, həm seçki əsnasında, seçki günü, həm də seçkidən sonra. İctimai intizam, qayda-qanuna hörmətlə yanaşılması son dərəcə önəmlidir. Bir çox ölkələrdə bu olmadığı halda, xalqımız, Allaha şükür,  necə bir ictimai intizama sahib olduğunu nümayiş etdirib. Biz İran xalqı olaraq bunu keçmişdə yaşadığımız təcrübələrdən öyrənmişik; bizim də müxtəlif təcrübələrimiz olub; uzun illərdir ki, cürbəcür təcrübələr yaşayırıq. İran xalqı bu nizam-intizamın onun üçün nə qədər xeyirli olduğunu, intizamsızlığın, qanunsuzluğun isə ona nə qədər ziyan verdiyini təcrübədə görərək öyrənib. İran xalqı bunu əyani olaraq təcrübədən keçirib.      

Əlbəttə ki, ortada bir neçə namizəd var; danışırlar, fikir bildirirlər, hər birinin də öz tərəfdarları var. Heç bir eybi də yoxdur; necə olursa-olsun, sonda onlar arasından bir nəfər, məşhur deyimlə desəm, seçkini udacaq. Mənə qalsa, mən seçkidə udub-uduzmaq söhbətinin tərəfdarı deyiləm; nəticə etibarilə bir nəfər daha çox səs toplayır, o birilər toplaya bilmir, bu məsələdə əsl udan isə İran xalqıdır; kimin seçilməsindən asılı olmayaraq. Əsl udan İslam Respublikasıdır, İran xalqıdır. Prezidentliyə kimlərin can atmasından asılı olmayaraq, əslində udan öz seçimi əsasında, verdiyi səslərlə bir nəfəri iş başına gətirməyi bacarmış xalqdır. Bu olduqca dəyərlidir. Amma yenə də sevindirici haldır ki, müxtəlif dövlət strukturları da seçkinin təşkilində fəal iştirak edir.

Bir şeyi də qeyd edim, qoy hamı bilsin. İcraiyyə orqanları, nəzarət strukturları, təhlükəsizliyə cavabdeh olan hüquq-mühafizə orqanları – bunlar hamısı ciddi surətdə işləyir. Onlara etimad olunub; çalışırlar, işləyirlər, özü də koordinasiyalı surətdə hərəkət edirlər. Əlbəttə, buna baxmayaraq, mən üzümü etimad göstərilmiş bütün strukturlara tutaraq yenə də vurğulayır, tapşırıram ki, xalqın verdiyi səslərin dəyərli  əmanət kimi etibarlı bir şəkildə qorunmasına diqqət yetirsinlər. Arada kimlərsə qanun pozuntusuna yol vermək istəyə bilər, amma şükürlər olsun ki, təşkilatçı strukturlar bel bağlana biləcək, etibarlı strukturlardır; istər nəzarət strukturları olsun, istər icraiyyə strukturları, istərsə də təhlükəsizliyin keşiyində duran hüquq-mühafizə orqanları; hamısı dəyərli qurumlardır və ciddi surətdə işləyir.

Əlbəttə, hamı diqqətli olmalı, bilməlidir ki, İran xalqının düşməni var. Xalqımız düşmən qarşısında həm qətiyyətli, həm də özünəinamlı, sakit və rahat bir simada çıxış etməlidir. Bu iki şeyin olması vacibdir: qərar qəbul etmək lazım olan yerdə möhkəm əzm və qətiyyət; və hər bir halda Allaha təvəkkül, özünəinam, özündə güc və bacarıq hiss etmək. Allaha şükürlər olsun ki, İran xalqında bu güc və bacarıq var, insan bunu hiss edir. Doğrudur, seçkiqabağı debatlarda bəzən İran xalqının böyüklüyünə yaraşmayan sözlər də danışıldı, lakin xalqın iştirakı bütün bu problemləri həll edəcək. İnşallah, Allahın köməyi ilə, belə şeylər xalqın iştirakına heç bir təsir göstərməyəcək. İnşallah, ölkənin hər yerində bütün camaatımız – kişili-qadınlı seçkilərə qatılaraq öz işitrakı, möhkəm əzmi ilə İslam Respublikasına nüfuz və başıucalıq qazandıracaq.

Mən namizədlərin tərəfdarlarına da bir söz demək istəyirəm; əlbəttə ki, hörmətli namizədlərdən hər birinin onları sevən, təəssübkeşliklə dəstəkləyən bir qrup tərəfdarı var. Onlar da təmkinlərini qorusunlar; həm tərəfdarlar, həm seçki qərargahları özlərində təmkini, intizamı qorusunlar. Məqsədləri öhdələrinə düşən şəri vəzifəni yerinə yetirmək olsun; bizim üçün önəmli olan budur. 3-5 günlük bu ömür, bu iş həyatı, dəstəklədiyin insanın vəzifə postuna seçilməsi – bunlar hamısı ötüb keçəcək, qalan və ilahi haqq-hesabda nəzərə alınan isə əməllərimiz olacaq; əməllərimizə görə cavab verməli olacağıq.

 (3) وَ استَعمِلنی بِما تَسأَلُنی غداً عَنه

Sabah Allah-taala bizi nələrə görəsə sorğu-suala çəkəcək; o günü fikirləşmək, onun üçün çalışmaq lazımdır. Həm camaat, həm seçki marafonuna qoşulmuş namizədlər, həm də onların dostları və tərəfdarları elə etməlidirlər ki, atdıqları hər bir addım mələklər tərəfindən gözəl bir əməl kimi qeydə alınsın. Elə etməlidirlər ki, hərəkətləri, davranışları, danışıqları ilahi dərgahda xeyir əməl hesab olunsun və Allah-taala o əməllərə görə onlar üçün savab müəyyən etsin. Bu nə zaman ola bilər? O zaman ki, biz hər bir işimizi Allaha xatir görək. Qoy hamı çalışsın, mübarizə aparsın, işləsin, bu yaxşıdır, amma niyyətləri Allaha bağlansın. Əgər belə olsa, Allah-taala da o işə bərəkət verəcək, İran xalqına bərəkət verəcək və Allahın köməyi ilə, İran xalqının xeyrinə olan nədirsə, o olacaq. Hər halda, qanunun aliliyini gözləmək, qanun-qaydalara riayət etmək hamımızın borcudur.

Əziz qardaş və bacılar! Sizə bir şey deyim ki, geridə qalan hər bir etapda İslam Respublikası dünyada, regionda və elə öz ölkəmizdə müxtəlif şərait hökm sürdüyünə bamayaraq, irəli gedib. Ola bilsin ki, müəyyən məqamlarda mənim kimi rəsmi şəxslərin fəaliyyəti uyğun, müsbət, mükəmməl və ya hərtərəfli olmayıb, lakin bütövlükdə İslam Respublikasının nəhəng fəaliyyəti, xalqın iştirakı və İslam dövləti ilə əməkdaşlığı öz işini görüb, irəli getmişik. İnşallah, bu inkişaf günbəgün, mərhələbəmərhələ davam edəcək və gün gələcək ki, düşmənlərin məyus olub İslam Respublikası və İran xalqını hədələməkdən, bizimlə artıq-əskik, hərzə-hərzə danışmaqdan əl çəkdiyinin şahidi olacağıq; Allahın köməyi ilə.

Ümidvaram, Allah-taala xalqımıza bərəkət lütf edəcək, qarşımızda duran bu böyük sınağı bizim üçün bərəkətli edəcək, inşallah. Və inşallah, qarşımıza camaatımızın xeyrinə, ölkəmizin və xalqımızın mənafeyinə uyğun olanı çıxaracaq.

Allahı salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

_________________________

(1) İştirakçılar gülür. 
(2) Benyamin Netanyahu.
(3) Səhifeyi-Səccadiyə, 20-ci dua