Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin ölkədə keçirilən prezident, habelə şəhər və kənd islami şura seçkilərində iştirak etdikdən sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə səsləndirdiyi fikirlər

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Əvvəla, ölkəmizə və xalqımıza bəxş etdiyi xalq hakimiyyəti, seçkilər, xalqın iştirakı kimi nemətlərə görə Allah-taalaya şükürlər edirəm; bu, böyük bir nemətdir. Əlhəmdulillah, xalqımız da bu nemətə görə Uca Yaradana şükürlər edir, çünki hökumətin formalaşdırılmasında həqiqətən də iştirak etdiyini görür.

Camaatımıza tövsiyəm isə budur ki, seçkidə mümkün qədər geniş miqyasda iştirak etsinlər, seçki məntəqələrinə mümkün qədər tez gəlsinlər. Düşünürəm ki, xeyir işi vaxtı başlayan kimi görmək, gecikdirməmək lazımdır.

Düşünürəm ki, prezident seçkiləri olduqca önəmlidir; xalqın hər bir nümayəndəsi icraedici hakimiyyətin başçısını seçib müəyyən etməklə ölkənin müqəddəratını həll etdiyinə görə bu işin əhəmiyyətinə diqqətli yanaşmaq lazımdır.

Şəhər və kənd şuralarına keçirilən seçkilər də böyük əhəmiyyət kəsb edir, belə ki bu seçkilər nəticəsində şəhər və kəndlərdə insanların gündəlik problemlərinin həlli ilə məşğul olan rəsmilər müəyyən olunur; bu da önəmli bir prosesdir; insanlarımız, inşallah, diqqətlə, ölçüb-biçərək, səs verdiyi namizədi tanıyaraq seçim etsinlər. Mənim xalqımıza tövsiyələrim bunlardır.

Əziz qardaşlar, sizə, həmçinin “Səda və sima” Dövlət Teleradiosunun rəsmilərinə də çəkdiyiniz zəhmət üçün təşəkkürümü bildirirəm. Çox önəmli bir iş olan informasiyanın ötürülməsi işini həyata keçirən müxbirlərə də təşəkkür edirəm.

Allahın salamı və rəhməti nəsibiniz olsun.