و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین
Əziz qardaşlar, bacılar, hamınız xoş gəlmisiniz. Təlim-tərbiyənin dəyərini bilən hər bir kəs müəllim ictimaiyyətini, təhsil işçilərini, doğrudan da, sevir və əziz tutur.
Şəban ayıdır; təvəssül, dua, Uca Yaradana diqqət ayıdır; mübarək ramazan ayının astanasındayıq; şəban ayı elə bir aydır ki, bu ayda oxunması tövsiyə olunan təsirli dualarda xoşbəxtliyin, səadətə qovuşmağın yolları bizim üçün açıqlanmışdır.
(1) اِلَهی هَب لی قَلباً یُدنیهِ مِنکَ شَوقُهُ وَ لِساناً یُرفَعُ اِلَیکَ صِدقُهُ وَ نَظَراً یُقَرِّبُهُ مِنکَ حَقُّه ... اِلَهی هَب لی کَمالَ الاِنقِطاعِ اِلَیک
İlahi övliyalar kəlmələrin, ifadələrin qəlibində bizə Allah-taaladan bu cür ülvi arzular diləməyi öyrətmiş, düşüncəmizi Allahdan nə istəmək, hansı yolu qət etmək, Uca Yaradanla hansı şəkildə əlaqə yaratmaq lazım olduğuna doğru istiqamətləndirmişlər. Mənim əzizlərim, əziz gənclər, əziz müəllimlər! Fürsəti qənimət bilib şəban ayından bəhrələnin. Şəban ayının ortası Həzrət Mehdi Sahibəz-zamanın mövlududur; bu müqəddəs mövluddan bərəkət almış, həqiqətən də, mübarək bir gün və gecədir. Bundan əlavə, şəban ayının ortasına təsadüf edən gecə özü-özlüyündə də çox əzəməti bir gecədir; bəziləri onu hətta Qədr gecəsi də adlandırır. Şəban ayının yarıya çatdığı gecəni yadınızda saxlayın və o gecə dua, təvəssül və zikrlə, Uca Yaradanı yad etməklə ruhunuzu təravətləndirin. Allah-taala ilə söhbət edin, arzu-diləyinizi Onunla bölüşün.
Müəllimlər gününə gəlincə isə, əlbəttə ki, bu gün münasibətilə əziz və böyük şəhidimiz mərhum Ayətullah Mütəhhərinin (Allah ona Behişti nəsib etsin!) xatirəsini ehtiramla yad edirik; o, həqiqətən də, bir müəllim idi; həm dilində, həm əməlində, həm həyat tərzində, həm də zəmanə və zəmanə əhli ilə davranışında sözün əsl mənasında bir müəllim, bir öyrədən idi; onu əldən verdik. Bəşəriyyətin, ölkəmizin, İslamın düşmənləri onu bizdən aldı, amma Allaha şükürlər olsun ki, onun yazdığı əsərlər hələ də qalmaqdadır. Mən sizə o dahi şəxsiyyətin fikirlərindən – istər pedaqoji fikirləri olsun, istərsə də digər sahələrlə bağlı fikirləri – bacardıqca çox istifadə etməyi, bəhrələnməyi ciddi surətdə tövsiyə edirəm; bayaq cənab nazir də qeyd etdi; tamamilə doğrudur. Onun yazdığı kitablar insanın təfəkkürünü düzgün istiqamətləndirir, inkişaf etdirir, düzgün və danılmaz İslam təlimləri ilə zənginləşdirir.
Bu gün mən sizinlə 3 mövzuda – hər birinin ətrafında bir neçə cümlə ilə – söhbət edəcəyəm: birincisi, müəllimlər; ikincisi, təlim-tərbiyə; və günümüzün aktual məsələlərindən olan seçki barədə də qısaca – bir neçə cümlə ilə danışacağam, inşallah.
Müəllimlərə gəlincə, onların işinin əhəmiyyəti bundadır ki, ölkənin bütün təhsilli ictimaiyyəti müəllim təbəqəsinə borcludur; bu çox əhəmiyyətli bir şeydir. İstənilən savadlı, intellektli, təhsilli, ziyalı, elmli, məlumatlı insan öz müəllimlərinə borcludur; müəllim ictimaiyyəti belə bir məqama sahibdir. Heç kim inkar edə bilməz ki, bir ölkənin gücü, qüdrəti, nüfuz və ləyaqəti hər şeydən çox onun insan sərmayəsi ilə ölçülür. Elə deyilmi? Bunu hamımız qəbul edirik. Yaxşı, bəs insan sərmayəsini kim ərsəyə gətirir? İnsan sərmayəsini cəmiyyətə kim qazandırır? Savadlı və bacarıqlı kadrları kim yetişdirir? Əlbəttə ki, müəllimlər. Baxın, bunlar müəllimlərin dəyər və əhəmiyyətinin real göstəriciləridir.
Bunu nəyə görə deyirik? Əvvəla ona görə ki, müəllim ictimaiyyəti özü öz statusunun, məşğul olduğu işin nə qədər dəyərli və əhəmiyyətli olduğunu, qədrini bilsin; bu çox önəmlidir. Cənab nazir çox gözəl bir söz dedi, mənə, doğrudan da, ləzzət elədi; o qeyd etdi ki, müəllimlik təkcə elə dövlət idarəsində, dövlət işində çalışmaq deyil. Müəllimlik yüksək bir şərəf, məqam və statusdur; bunu ilk növbədə müəllimlər özləri bilməlidir. Əgər biz təmsil olunduğumuz istənilən sferada öz şərəf və ləyaqətimizi dərk etsək, heç bir zaman tənbəllik etməz, rəzil, çirkin işlərə baş qoşmarıq; bu, birinci növbədə; daha sonra cəmiyyət müəllimlərin qədrini bilməli, onlara böyük hörmətlə yanaşmalı, uca tutmalıdır; üçüncü yerdə isə rəsmilər gəlir; rəsmilər də müəllimlərin işinin əhəmiyyətini dərk etməlidir. Mən dəfələrlə demişəm ki, təhsil sahəsinə, müəllimlərə xərclənən pul gələcəyə edilən yatırımdır! Müəllimlərə pul xərcləmək lazımdır. Bu, bizim – ölkə rəsmilərinin və hökumətin öhdəsinə düşən vacib vəzifələrdən biridir.
Müəllimlərə hörmətin vacibiliyindən danışarkən bir məqamı da vurğulamaq lazımdır ki, müəllimlər özlərini böyük bir məsuliyyətə hazırlamalıdırlar. Yaxşı, bəs onlar bunu nəyin köməyi ilə etməlidir? Əlbəttə ki, dövlətin onlar üçün yaratdığı şəraitin köməyi ilə. Elə buna görə də bu gün mən burada vurğulamaq istəyirəm ki, rəsmilər Pedaqoji Universitetə ciddi yanaşsınlar; ölkə üçün müəllimlər yetişdirən bir ali təhsil ocağı olan Pedaqoji Universitetə ciddi münasibət bəsləsinlər; bu təhsil ocağına bacardıqları qədər çox sərmayə yatırsınlar. Bu universitet müəyyən baxımdan bütün digər universitetlərdən daha böyük əhəmiyyətə malikdir.
Hər bir müəllim eyni zamanda bir tərbiyəçidir, yəni əxlaq müəllimidir. Riyaziyyatı, fizikanı, təbiət elmlərini tədris edən müəllimlər eyni zamanda əxlaq müəllimləridir. Ola bilsin, tutalım, həndəsə və ya kimya dərsinin ortasında müəllim mənəviyyat, yaxud Allahı tanıma mövzusunda elə bir söz deyə bilər ki, o bircə kəlmə söz şagirdlərin psixologiyasına bütöv bir kitabdan daha güclü təsir göstərə, yaddaşlarında qala bilər. Müəllimlər öz əxlaqı, davranışı ilə də şagirdlərə təsir göstərir; əxlaqlı müəllim bu keyfiyyəti dərs dediyi şagirdlərdə də yetişdirir. Əzmkar, səbirli, dindar, mətanətli müəllim bu xüsusiyyətlər barədə bir kəlmə də olsun danışmasa belə, öz davranışları və xarakteri ilə onları şagirdlərinə aşılayır; müəllimin rolu budur. Odur ki müəllimlər olduqca önəmlidir. Məhz elə buna görə də siyasət arenasında müəllim ictimaiyyətindən bir alət kimi istifadə etmək istəyənlərə mən hələ bir neçə il bundan öncədən həmişə etirazımı bildirmişəm; bu, müəllimlərə zülm, əziyyət etmək deməkdir. Özü də indiki məsələ deyil, 60-cı illərdən var; o vaxt da bəziləri bu cür işlərə əl atırdı. Müəllim belə bir yüksək məqama malikdir; bu dəyərli almazı “beşdaş” oyununa alət edib onunla oynamaq olmaz. Müəllimin özünəməxsus şəni, statusu var; müəllimin statusu budur.
Əlbəttə, burada aldığım məlumata görə, yaxın vaxtlarda kifayət qədər çoxlu sayda müəllim – mən rəqəm demək istəmirəm – təqaüdə gedəcək və müəllimlərə ehtiyac olacaq; təhsil sistemində tezliklə ehtiyac duyulacaq məsələlərdən biri də budur. Yaxşı, bəs nə etmək lazımdır? Tutalım, Pedaqoji Universitetin və Şəhid Rəcayi adına Universitetin potensialı da bu ehtiyaca cavab vermədi. Nə etməliyik? Qapıları taybatay açıb, kimi gəldi təhsil sisteminə buraxmalıyıq? Xeyr, düşünmək lazımdır. Əvvəla, birinci növbədə pedaqoji kadrlar yetişdirən bu iki təhsil müəssisəsinin potensialını mümkün qədər artırmaq lazımdır; hər şeydən öncə bu gəlir. Əgər bu da kifayət etməsə, qayda-qanun qoymaq lazımdır. Əsas qurumlar müəllimlərin cəlb olunması üçün konkret qayda-qanun və mexanizm müəyyənləşdirməlidir. Bu, müəllimlər barədə.
Təhsil sisteminə gəlincə; təhsil sistemi ölkədə elm və tədqiqat sferasının əsas infrastrukturudur. Ölkədəki infrastrukturlar çox onəmlidir; mühəndislik infrastrukturları, elmi infrastrukturlar, ədəbi və mədəni infrastrukturlar; bunlar olduqca əhəmiyyətlidir. Hər bir ölkədə müəyyən sferada infrastruktur hazır olanda, həmin sahədə inkişaf daha tez və asan əldə olunur. Elm və tədqiqat sahəsinin infrastrukturu da təhsil sistemidir. Əgər Təhsil Nazirliyi öz davranışı, siyasətləri, uğurlu fəaliyyət proqramları ilə düzgün hərəkət istiqaməti tutsa, bu infrastruktur günbəgün daha da güclənəcək və yaxşılaşacaq; ölkəmiz yaxın, orta və uzaq müddət üçün başlıca və ən önəmli ehtiyacımız olan elm və tədqiqat sahəsində zənginləşəcək; təhsil sisteminin əhəmiyyəti budur. Əgər biz təhsil sistemini özbaşına buraxsaq, ona lazımi diqqəti göstərməsək və bu sahədə müəyyən problemlər yaransa, bu infrastruktura zərbə dəymiş olacaq; o zaman çəkəcəyimiz ziyan isə artıq ölçüyəgəlməzdir.
Bir vaxtlar biz Qumda dini təhsil alanda orada çox ağıllı və bilikli bir dərzi var idi, tələbələr üçün forma və qəba tikirdi. Qumun məşhur din alimlərindən biri üçün qəba tikmişdi, deyəsən, o alim də qəbaya irad tutmuşdu. Dərzi ona demişdi ki, ağa,
(2) اِذا فسد الخیّاط، فَسَدَ القَبا؛ امّا اِذا فَسَدَ العالِم، فَسَدَ العالَم
– dərzi səhv eləsə, qəba bərbad olar, alim səhv eləsə, aləm bərbad olar! Mən işimi düz görməsəm, sizin qəbanızın, tutalım, burasında bir balaca problem olar, amma əgər Allah eləməmiş, siz səhvə yol versəniz, “فَسَدَ العالَم” – aləm bərbad günə qalar. Baxın, indi Allah eləməmiş, “اذا فسد Təhsil Nazirliyi” (“اذا فسد” – ərəb dilində “səhv etsə”, “pozuntuya yol versə” mənasındadır – tərc.) görün onda ölkədə nə baş verər.
Təhsil sisteminin vəzifəsi bütöv bir nəsil yetişdirməkdir. Məsələyə orta müddətli gələcəyi nəzərə alaraq yanaşsaq, təhsil sistemi gələcəkdə müəyyən bir dövr üçün bir nəsil yetişdirir. Bəs o nəsli necə yetişdirəcək? Onda hansı keyfiyyətləri tərbiyə edəcək? Təhsil Nazirliyi imanlı bir nəsil yetişdirməyə müvəffəq olmalıdır; əsas imandır. Mənəvi cəhətdən heç bir şeyə bağlı olmayan, dinsiz və əqidəsiz uşaqlar ölkənin gələcəyində nə özlərinə bir xeyir verə bilərlər, nə ölkələrinə, nə də yaşadıqları cəmiyyətə; öncə iman gəlir. İmanlı, sədaqətli, məsuliyyətli, özünəinamlı, təşəbbüskar, doğrucul, şücaətli, həyalı, düşünən, düşünməyi, ağlının gücündən istifadə etməyi bacaran, ölkəsini, dövlətini, xalqını sevən, ölkəsinin mənafeyini öz mənafeyi bilən, onu qoruyan bir nəsil; gələcəyimiz üçün belə bir nəsil yetişməlidir; güclü, mətin, əzmkar, qətiyyətli, sabitqədəm, təşəbbüskar, avanqard, fəal bir nəsil; belə bir nəsil lazımdır. Onu yetişdirmək isə Təhsil Nazirliyinin işidir. Görün nə qədər əhəmiyyətli bir işdir! Diqqət etdinizsə, mən “Təhsil Nazirliyinin işidir” deyirəm, “müəllimlərin işidir” demirəm. Baxmayaraq ki, vasitəçi müəllimlərdir, ancaq müəllimlər belə bir nəslin yetişdirilməsində yeganə faktor deyil. Müəllimlər, şagirdlər, valideynlər, layihələrlə çıxış edən, dərslik yazan insanlar üçün şərait yaradan məhz Təhsil Nazirliyidir; bu sadaladıqlarım hamısı böyük təsirə malikdir; bu işləri həyata keçirən Təhsil Nazirliyidir.
Bir məqama da diqqətinizi yönəltmək istəyirəm: mənə gəlib çatan məlumatlardan belə görünür ki, ölkədə Təhsil Nazirliyini gözdən salmağa çalışan bir tendensiya gedir; mən bunu tendensiya olaraq hiss edirəm; insanların qəlbində Təhsil Nazirliyinə verilən dəyəri, təhsil sisteminə olan etimadı yox etmək istəyirlər; bunu etməkdə müəyyən məqsədləri var. Özü də bu tendensiya xaricdən idarə olunur. İndi bəzilərinin mənim bu sözümə acığı tutacaq; mən “xaricdən idarə olunur” deyən kimi, bəziləri deyirlər ki, “siz elə həmişə xaricilərin yaxasından yapışırsınız!” Yox, mən özümüzün zəif cəhətlərini görürəm; biz güclü olsaq, xarici heç bir qələt edə bilməz, amma o, zəif cəhətlərimizdən istifadə edir, plan qurur, içimizə nüfuz edir. Düz yoldan gələ bilmir, əyri yollardan istifadə edir, dolanıb gəlir.
Bizim təhsil sistemimizdəki problemlərdən biri hökmən ali məktəbə qəbul olunmağa can atmaq xəstəliyidir. Bütün şagirdlər universitetə qəbul olunmaq istəyir; yəni bir insanın dərs oxumaya-oxumaya universitetə qəbul olunmaq istəməsi səhvdir yanlışdır, buna heç bir lüzum da yoxdur. Ölkəmizdə ali təhsil tələb olunmayan işlərdə çalışmaq üçün kadrlara təcili və mühüm ehtiyac duyan o qədər sahələr var ki! Nə magistratura, nə doktorantura, nə də başqa bir şey lazım deyil. Məhz elə buna görə mən neçə ildir ki dönə-dönə – indiyə qədər kim bilir neçə dəfə – peşə təhsilinin, texnikumların əhəmiyyətini vurğulamışam. Texniki peşə təhsili ilə bağlı sahələri gücləndirmək, bu təhsil ocaqlarının sayını artırmaq lazımdır. O qədər insan var ki, texnikumda oxuyub, peşə öyrənib, özünü inkişaf etdirib, görəcəyi işi dərindən mənimsəyib, gəlib işləyir. Həm maddi cəhətdən həyatı təmin olunub, həm psixoloji cəhətdən rahatdır, həm də cəmiyyətə xidmət edir. Bu yaxşıdır, yoxsa zəhmət çəkib, doktorantura qurtarıb iş tapa bilməmək, evdə bikar oturmaq? Və ya iş tapsan da, hansısa qurumda və ya idarədə az maaşla əhəmiyyətsiz bir işdə – misal üçün, məsləhətçi kimi, yaxud da başqa bir vəzifədə – çalışmaq? O qədər dərs oxuyub, o boyda zəhmət çəkməyin nə mənası var? Hamının universitetə can atması yanlışdır.
Bəli, bizim elmə, elmi tədqiqatlara ehtiyacımız var; elm sahəsində nə qədər irəli getsək, yenə də azdır; mən bunu neçə illərdir deyirəm və Allaha şükür, irəli də getmişik, amma bu o demək deyil ki, ayağını məktəbə qoyan hər kəs universitetə qəbul olunmağı qarşısına məqsəd qoymalıdır. Yox, yüzlərlə başqa iş var ki, onlar üçün universitetdə oxumağa, o xərci çəkməyə, ali təhsil almaq üçün tələb olunan o böyük həvəs və istedada ehtiyac yoxdur. Onları yaddan çıxarmayaq, onlar bizim sərvətimizdir. Müxtəlif peşə sahələrində – sənətkarlıqda, sənayedə, texniki sahələrdə çalışa biləcək gənclər bizim milli sərvətimizdir, ölkəmizin sərvətidir; onlardan istifadə olunmalıdır.
Digər bir mühüm məsələ isə təhsil sistemində dəyişikliklər haqqında olan sənəddir. Doğrudur, uzun illər təhsil sahəsində çalışmış, təcrübəli yoldaşlar, rəsmilər oturub zəhmət çəkib, bu sənədi hazırlayıb; lap yaxşı; geniş ictimaiyyətə də təqdim olunub, icrasına start verilib, indiyə qədər 5-6 il keçib də, amma ortada bir şey yoxdur. Nəyə görə? Həmin sənəd çərçivəsində reallaşdırılması tələb olunan nizamnamələrin hazırlanmasını nə vaxta qədər oturub gözləməliyik? Bu iş tez bir zamanda görülməlidir. Belə məlum olur ki, lazımi həvəs və stimul yoxdur. Mən hörmətli nazirdən və digər rəsmilərdən ciddi surətdə xahiş edirəm ki, bu dəyişiklik və islahatlar məsələsinə ciddi yanaşsınlar. Təhsil sistemimizdə islahatlara ehtiyac var. “Təhsildə islahatlar haqqında sənəd” bizim dəyişikliklərə ehtiyac duyduğumuzu göstərir. Dəyişikliklər də təkcə elə işin zahiri görünüşünü dəyişməklə olmamalıdır; yəni dərin mahiyyətli bir iş həyata keçirilməlidir. Mütəxəssislərin dediyinə görə – mən özüm bu sahənin mütəxəssisi olmadığıma görə onların dediyinə əsaslanıram – təhsildə islahatlarla bağlı hazırlanmış o sənəd zahirən bu cür dərin mahiyyətli dəyişikliklər etməyə qadirdir, bu dəyişikliklərə zəmanət verir və bunun üçün kifayət edir, intəhası ciddi surətdə həyata keçirilməlidir.
Bir məsələyə də toxunum: BMT və UNESCO-nun o “Təhsil – 2030” (3) sənədi və sair bu kimi söhbətlər – bunlar İran İslam Respublikasının boyun əyib yükünü çiyinlərinə ala biləcəyi şeylər deyil. Sözdə beynəlxalq statuslu bir qurum – hansı ki əslində super-dövlətlərin dediyi ilə oturub-durduğuna heç bir şübhə yoxdur – nəyə görə özünü müxtəlif ölkələrin, fərqli sivilizasiyalara, tarixi və mədəni keçmişə malik olan müxtəlif xalqların boynuna hansısa bir vəzifə qoymaqda, “bu cür etməlisiniz” deməkdə haqlı bilməlidir? Bu iş kökündən yanlışdır. Buna qarşı kökündən etiraz edə bilmirsinizsə, heç olmasa qalxıb deyin ki, İslam Respublikasının öz yolu, öz kursu var, bizim öz ali sənədlərimiz var, biz təlim, tərbiyə, əxlaq və həyat tərzi kimi sahələrdə nə etməli olduğumuzu özümüz yaxşı bilirik; o sənədə heç bir ehtiyac yoxdur. Gedib o cür sənədləri imzalayıb, sonra da gəlib səssiz-səmirsiz icrasına başlamaq – yox, bu, əsla və qətiyyən yolverilməzdir; biz bu barədə rəsmi orqanlara da göstəriş vermişik. Mən Ali Mədəni İnqilab Şurasından da gileyliyəm; onlar diqqətli olmalı, bu işin bu yerə qədər irəliləməsinə imkan verməməli idilər ki, biz çarəsiz qalıb işə müdaxilə edək və bu məsələnin qarşısını alaq. Bura İslam Respublikasıdır; buranın xəmiri İslamla, Quranla yoğurulub. Bura eybəcər, dağıdıcı və pozğun Qərb mədəniyyətinin öz ağalığı altına ala biləcəyi bir yer deyil. Əlbəttə, təəssüflər olsun ki, bəzən müxtəlif yollarla içimizə nüfuz edə bilirlər, amma bu cür rəsmi şəkildə hansısa sənədi önümüzə qoyub: “Gələcək 15 ildə bu cür etməli, bu işləri görməlisiniz” – demələrinin, bizim də bunu sözsüz qəbul etməyimizin heç bir mənası yoxdur.
Yaxşı, söhbətimiz uzandı. Əziz müəllimlər, təhsil işçiləri, mənim sizinlə danışılası sözüm çoxdur. Ürəyimdə sizə bu dediklərimdən qat-qat çox sözüm var, intəhası vaxt məhdudiyyəti hamısını dilə gətirib deməyə imkan vermir; bir qədər çox çəkdi, amma mən seçki barədə də bir neçə cümlə qeyd etmək istəyirəm.
Əziz qardaş və bacılar, məni eşidəcək bütün İran xalqı! Bilin ki, seçkilər həyat əhəmiyyətli bir məsələdir; təkcə bu seçkilər yox, ölkəmizdə baş tutan bütün seçkilər, özəlliklə də hamısından daha önəmli olan, bütün dövrlərdə ölkə üçün həyati əhəmiyyət kəsb edən prezident seçkiləri. Seçkilər özü-özlüyündə də əhəmiyyətlidir (seçki mühüm bir anlayışdır; axı biz İslam Respublikasında yaşayırıq; respublika; biz respubikayıq; bizim dövlət adamlarımız, yüksək vəzifə postu tutan rəsmilərimiz kütlədən, xalqın içindən çıxıb; bu çox dəyərlidir və biz bunu tam diqqətlə qorumalıyıq; əgər İslam Respublikası quruluşunda seçkilər olmasaydı, bu gün inqilab nəticəsində meydana gəlmiş dövlət quruluşundan əsər-əlamət qalmazdı; bu olduqca önəmlidir; özü də bu anlayışlar İslamın özündən götürülüb; biz cümhuriyyəti kənardan götürüb İslama tətbiq etməmişik; bunu bizə İslam özü öyrədir; seçkilər isə respublika quruluşunda önəmli bir anlayışdır) lakin bundan əlavə, ölkənin idarəçiliyi, ölkə və xalqın mənafeyinin qorunması üçün təcili və təxirəsalınmaz surətdə vacib olan amil xalqın seçkilərdə iştirakıdır; xalqın iştirakı! Məhz xalqın iştirakı düyünləri açır, düşmənləri İslam Respublikasının heybətindən qorxudur. Bu bir reallıqdır, bunu bilin.
Düşmənlərin gözündə İslam Respublikasının heybəti var; bu heybət nədən qaynaqlanır? Bu həqir bəndənin və bizim kimilərin varlığından? Əsla! Bu heybət xalqın varlığından, ictimai-siyasi proseslərdə möhtəşəm iştirakından, bütün ictimai-siyasi meydanlarda özünü göstərən o sevgi və emosionallıqdan qaynaqlanır; mənim dediyim budur; mənim açıq-aydın dediyim bir sözü başqa cür yozub, misal üçün: “Filankəs demək istəyir ki, xalqın bu iştirakı sayəsində heybətli bir administrasiya hakimiyyətə gələcək” – demək lazım deyil; xeyr, cənablar! Hansı administrasiyanın hakimiyyətə gələcəyinin heç bir təsiri yoxdur. Yadınızdan çıxıb ki, 70-ci illərdə Avropa dövlətlərindən biri bizim prezidentimizə qarşı ittiham irəli sürüb onu məhkəməyə vermişdi? (4) İran prezidentini! Baxmayaraq ki, elə həmin prezidentin o ölkə ilə çox yaxın münasibətləri var idi; bir-birinə müraciətlər, nümayəndələr göndərir, məktublaşır, deyəsən, hərdən telefonla da söhbət edirdilər – düzdür, telefon məsələsi dəqiq yadımda deyil, amma daim bir-birinə məktub göndərirdilər – və qarşı tərəf dostluğunu ifadə edirdi. Sonda həmin dövlət dostluq və bağlılıqdan danışdığına baxmayaraq, bizim prezidentimizi öz ölkəsinin məhkəməsində müttəhim elan etdi! Ağzından vurandan sonra yerinə oturdu; ağzından vurmasaydıq, daha da irəli gedəcəkdi. Düşmən düşməndir; bu dövlət olsun, ya o biri, dəxli yoxdur. Düşmənçilik etmək, zəhərini tökmək üçün fürsət tapsa, tökəcək; heç kimi və heç nəyi də nəzərə almayacaq; dildə oynadığı söz oyunlarını, siyasi mövqe və sair bu kimi şeyləri belə; düşməndir də! Düşmənin düşmənçiliyinə əngəl ola biləcək yeganə şey xalqın iştirakdır. Baxır ki, düşmənçilik etsə, əks nəticə verəcək; ona görə ki qarşısında 80 milyon əhalisi olan bir ölkə var. Zarafatdır?! Bizim 80 milyon əhalimiz var; müdrik və sayıq xalqı, güclü insan potenisalı, bu qədər gənci olan əzəmətli bir ölkəyik; düşmənin gözünü qorxudan, İslam Respublikasını onların gözündə əzəmətli edən məhz bunlardır. Buna diqqət yetirin.
Əgər bu hissi, bu əzəməti, bu toxunulmazlığı qoruyub saxlamağımızı istəyirsinizsə, seçkidə iştirak edin; əgər İslam Respublikası quruluşunun dünya ictimaiyyəti qarşısında – istər dostlar olsun, istərsə də düşmənlər – öz qüdrətini qorumasını istəyirsinizsə, gərək seçkidə iştirak edəsiniz. Seçkidə iştirak etmək ölkənin iqtidarını, heybətini, toxunulmazlığını qorumaq deməkdir; seçkidə iştirak etmək budur. Seçkiyə etinasız yanaşılsa, müəyyən ünsürlər əhalini seçkiyə qarşı həvəsdən salmağa, pessimist ruhda kökləməyə başlasalar, ölkəyə zərbə dəyəcək, ölkə ziyan çəkəcək; bunda rolu və payı olan hər kəs isə Allah qarşısında cavab verəcək. Seçkidə hamı iştirak etməlidir. Əlbəttə, müxtəlif siyasi meyillər, yanaşmalar var, fərqli siyasi fikirlər var; biri Əlini bəyənir, biri Vəlini bəyənir, biri Əliyə səs verir, biri Vəliyə səs verir; bunun heç bir eybi də yoxdur; bu şeylər önəmli deyil, önəmli olan odur ki, hamı gəlsin, hamı iştirak etsin, hamı göstərsin ki, İslamı, İslam dövlətini, İslam Respublikasını dəstəkləməyə, müdafiə etməyə, ölkəsinin toxunulmazlığını qorumağa hazırdır. Və bilin ki, əgər Allahın köməyi ilə, xalqımızda həmin o heybət və qətiyyətlə birgə bu əzm və bu iradə var olmaqda davam etsə, düşmən ölkəmizin qarşısında heç vaxt heç bir qələt edə bilməyəcək.
Pərvərdigara! Deyib-eşitdiklərimizin Sənin yolunda və Sənin üçün olmasını bizə nəsib et. Pərvərdigara! Şəhidlərimizin, dahi liderimiz İmam Xomeyninin, böyük İslam alimlərinin pak ruhlarını öz lütf və rəhmətinə layiq gör.
Allahın salamı və mərhəməti nəsibiniz olsun.
______________________
(1) İqbalül-əmal, c.2, səh. 687. “Şəbaniyyə” minacatı
(2) Zaldakı insanlar gülür
(3) “Təhsil – 2030” sənədi 2015-ci ildə UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının yekunu olaraq qəbul edilmiş vətəşkilatın üzvü olan ölkələrdə bütün təhsil sferalarına tətbiq edilməsi üçün nəzərdə tutulmuş bir sənəddir. İran İslam Respublikası da həmin sessiyada iştirak etmiş və sözügedən sənədin icrasını öhdəsinə götürmüşdür. Nəticədə 1395-ci ildə ölkədə “Milli Təhsil Planı 2030” sənədi qəbul olunmuşdur.
(4) 1376-ci ilin fərvərdin ayında Berlin məhkəməsində “Mikonos” prosesinin yekunu olaraq qəbul edilmiş son qərarla o vaxtkı İran prezidenti də daxil olmaqla bir neçə nəfər təqsirli bilinmişdir.