Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin Zəhmətkeşlər günü münasibətilə ölkənin fəhlə ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).  

والحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین سیّما بقیّةالله فی الارضین

Əziz qardaşlar, bacılar, çox xoş gəlmisiniz. Bu gün bura toplaşanlar ölkəmizin əmək mühiti ilə, əməkçilərlə, qabaqcıl zəhmətkeşlərlə, sahibkarlarla, aidiyyətli dövlət qurumlarının rəsmiləri ilə əlaqəli insanlardır. Hamınızın bayramı mübarək olsun, inşallah. Bu il Seyyidüş-şühədanın (ə) mübarək mövludu da əmək və zəhmətkeşlərlə əlaqəli bu əlamətdar günlə üst-üstə düşür; gəlin bu təsadüfü xeyirə yozaq və inşallah, Seyyidüş-şühədanın pak ruhundan doğru yolu tapıb o yolla gedərək hazırkı problem və çətinliklərimizə son vermək üçün bəhrələnək. Bu gün mən öncə əmək və əməkçilər, eləcə də bu mövzu ilə əlaqəli digər mühüm məsələlər ətrafında bir neçə cümlə ilə danışmaq, ardından isə məni və sizi maraqlandıran bəzi digər əlaqədar məsələlərə toxunmaq istəyirəm.

Xoşbəxtlikdən, xalqımızın Həzrət Əba Əbdillaha (ə) olan sevgi və bağlılığı tamamilə bariz və şübhəsizdir; həm onun mövludu ilə bağlı bu günlərdə, həm şəhid edildiyi gündə, həm Ərbəin günü camaatımız Həzrət Hüseynə (ə), həqiqətən də, sonsuz sevgi və bağlılıq ifadə edir. Bu, bizim üçün fəxrdir. Bu sevgi, bu mərifət, bu tanıma xalqımız üçün qürur mənbəyidir.

Zəhmətkeşlər günündə həm fəhlə və zəhmətkeşlər, yəni ölkəmizin fəhlə ictimaiyyəti barədə, həm də məşğulluq məsələsinin özü barədə (hansı ki onun da bir ucu gedib əməyə və əməkçilərə çatır) danışmaq yerinə düşər; çünki məşğulluq məsələsi sözün həqiqi mənasında ölkəmizin yaralı yerlərindən biridir və bu yaraya əlac edilməlidir.

Fəhlə və zəhmətkeşlərə gəlincə; cəmiyyətdə fəhlə və zəhmətkeşlərin rolunu müxtəlif insanlar dönə-dönə qeyd ediblər, bu barədə dəfələrlə danışılıb. İnkişaf etmiş, müstəqil, sözün əsl mənasında çiçəklənən bir iqtisadiyyata sahib olmaq istəyən hər bir ölkə fəhlə təbəqəsinə önəm verməlidir. Çünki hər bir ölkədə fəhlələr əməyə və istehsala əsaslanan iqtisadiyyatın onurğa sütununu təşkil edir; bu, sözsüz belədir. Son vaxtlar biz milli istehsalı rövnəqləndirməyi qarşımıza məqsəd qoymuşuq, daim milli istehsalın önəmini vurğulayırıq. Milli istehsalın mühüm bir hissəsi fəhlə və zəhmətkeşlərlə bağlıdır. Əgər biz fəhlə ictimaiyyətimizin layiq olduğu hüquq və imtiyazlardan yararlanmasını istəyiriksə, milli istehsal məsələsinin üzərində ciddi durmalıyıq. Əgər cəmiyyətdə fəhlələr həvəslə işləsə və tələb olunan şərtlərə riayət olunsa (mən bu barədə daha öncə də danışmışam, bu gün də qısaca olaraq qeyd edəcəyəm) ölkənin iqtisadi vəziyyəti sahmana düşər. Bizim yaşadığımız iqtisadi problemlər həlli mümkün olmayan, həlli yolu olmayan problemlər deyil; açılmaz düyünlər deyil. Sadəcə, düzgün həll yolunu tapmalı, sonra isə əzmlə işə girişməli, çalışmalıyıq; rəsmilər çalışmalıdır. 

Bu məsələdə ən ümdə işlərdən biri, bayaq qeyd etdiyim kimi, ölkənin fəhlə ictimaiyyətini diqqətdə saxlamaq, zəhmətkeşlərə qayğı və diqqətlə yanaşmaqdır. Fəhlə ictimaiyyəti özünə qarşı hörmət görməli, hiss etməlidir ki, onun, onun gördüyü işin qədri bilinir. Bu olsa, daha işdən yorulub-usanmaq, işə qarşı hövsələsizlik, etinasızlıq olmayacaq, işlər düzgün və yolunda gedəcək. Bunun vacib şərtlərindən biri əmək mədəniyyətini genişləndirmək, əməyin əhəmiyyətini təbliğ etməkdir. Bəli, elə insanlar var ki, əliçıraqlı iş gəzir, tapmır, amma elələri də var ki, işsiz-gücsüz oturmaqdan, bikarçılıqdan acıqları gəlmir. Biz əmək mədəniyyətini, əməyin dəyərini, işləməyin əhəmiyyətini cəmiyyətimizdə təbliğ etməliyik. Elə olmalıdır ki, xalqımızın ümumi dünyagörüşündə əmək öz yerini tapsın, öz mövqeyini tutsun. Lazımlı işlərdən biri budur. Və əsas olan işdir, işləməkdir, hansı işdə işləmək ikinci dərəcəli məsələdir. “Mən bu işi istəmirəm”, “Mənə o işi versinlər” – bu, ikinci məsələdir. Birinci yerdə gələn məsələ işə həvəsi olmağın özüdür, işə, əməyə ürəklə can atmaqdır, bir işə girib işləməyin həsrətində olmaqdır. Bax cəmiyyətimizdə bu yanaşma təbliğ edilməli və əmək, işləmək bir dəyər olaraq bilinməlidir. Fəhlə: “Mən fəhləyəm”, – deyəndə utanc yox, qürur hiss etməlidir; belə ki həqiqətdə də elə bu cürdür; dünyanın bütün sərvətini, bütün kapitalistlərini bir yerə toplasaq belə, işləmək üçün fəhlələr olmasa, heç bir xeyri yoxdur; fəhlələr iqtisadiyyatın və istehsalın onurğa sütunudur. Əlbəttə, mən dəfələrlə vurğulamışam ki, hər sferanın öz payı var; fəhlələr, sahibkarlar, dövlət rəsmiləri – bunların hər birinin öz rolu və payı var; bu müxtəlif amillər öz aralarında əməkdaşlıq edərsə, işlər tam yüksək səviyyədə, mükəmməl və gözəl surətdə həyata keçirilər; bu aydındır, hamı bir-biri ilə əməkdaşlıq etməlidir; amma ölkədə əməyə və məşğulluğa təkan verən başlıca faktor olaraq fəhlələrin rolunu bir dəyər kimi təqdim edib tanıtmaq lazımdır ki, bu, onlar üçün qürur mənbəyi olsun. Kimdənsə, məsələn, hansısa gəncdən: “Atan nəçidir?” – deyə soruşanda qürurla: “Fəhlədir!” – desin; necə ki müdir olsaydı, fəxrlə: “Müdirdir!” – deyərdi. Bu çox mühüm bir addımdır. Əməyin təhlükəsizliyi də zəruri tələblərdəndir; bu məsələ rəsmilərdən asılıdır. Fəhlələrin əməyinin təhlükəsizliyi çox önəmlidir. Eyni zamanda fəhlələrin məişət rifahının yaxşılaşdırılması da olduqca əhəmiyyətlidir. Cənab nazirin dediklərinə sözbəsöz diqqət yetirilməlidir; həmin məqamların hər birinin üzərində işlənməlidir. Hərəkət etmək lazımdır; bu həqiqətlərin gerçəkləşməsi üçün hamı özündə məsuliyyət hiss etməlidir. Odur ki hamının öhdəsinə məsuliyyət düşür; dövlətin də, müəssisə rəhbərlərinin də, fəhlələrin də, sahibkarların da; hər kəs müəyyən dərəcədə məsuliyyət daşıyır. Hər kəs öz öhdəsinə düşən vəzifəni yerinə yetirsə, işlər düzgün gedər.

Mənim bu danışdıqlarım moizə xarakterli deyil; yəni o demək deyil ki, mən sizi bura toplayıb moizə, nəsihət edirəm; bu sözlər, bu danışıqlar daha çox onun üçündür ki, xalqımızda ümumi bir düşüncə, ümumi bir istək yaransın, hamı bu məqsədlərin gerçəkləşməsini arzulasın. Son vaxtlar yeni qarşıladığımız illər üçün seçilən şüarlar, onlarda “müqavimət iqtisadiyyatı” məsələsinin təkrarlanması onun üçündür ki, bu ümumi istək qəlblərdə, dillərdə, əməllərdə özünü göstərsin və hamı bu istiqamətdə irəliləsin. Hər hansı bir mövzu ümumi diskurs, ümumi istək halına gələndə, təbii olaraq, gerçəkləşir; yəni rəsmilər də o istiqamətdə hərəkət edir.

Burada bir məqamı da yaddan çıxarmamalıyıq ki, İslam Respublikası bu baxımdan fəhlə ictimaiyyətinə böyük minnətdarlıq hiss etməlidir. Bilirsiniz ki, fəhlə ictimaiyyətinin ictimai-siyasi proseslərdə rolu böyükdür; bütün dünyada bu cürdür. Zavod və müəssisələrdə fəhlələrin tətilə çıxması dövlətlərə böyük iqtisadi və siyasi zərbələr vurur. İslam İnqilabı qələbə çaldığı ilk gündən bəri düşmənlər bu silahdan İslam Respublikası əleyhinə istifadə etməyə çalışdılar; ilk gündən etibarən çalışdılar ki, fəhlələri İslam Respublikası quruluşuna hansısa formada mənfi siyasi təsir göstərməyə vadar etsinlər. Fəhlələr isə həmişə İslam Respublikasının, İslam hökumətinin tərəfində olub, onu himayə edib. Ölkəmizin fəhlə ictimaiyyəti, əslində, bu otuz neçə il ərzində İslam dövlətinin düşmənlərinə sillə vurub! İslam Respublikası və bu hakimiyyəti təmsil edən hər bir vəzifəli şəxs fəhlə ictimaiyyətinə minnətdar olmalıdır; Allahın köməyi ilə, bundan sonra da elə belə olacaq. Bizim fəhlə ictimaiyyətimiz dindar bir ictimaiyyətdir; düşmənin bütün səylərinə baxmayaraq, öhdəsinə düşən dini, ilahi vəzifəyə əməl edir, buna uyğun davranır və təbii ki, dövlətinin yanındadır, dövləti üçün çalışır, dövlətinə xidmət edir. Bax bunun hər kəs qədrini bilməlidir. 

Mən məşğulluq məsələsinə də toxunmaq istəyirəm; məşğulluq məsələsi fəhlələrin problemlərindən daha genişmiqyaslı bir məsələdir. Məşğulluq ölkə üçün önəmli bir problemdir. Hər bir dövlət adamı – hazırda seçkiqabağı mərhələdəyik; seçki barədə də bir neçə cümlə danışacağıq – hər bir ölkə rəsmisi, hər bir dövlət rəsmisi və ya gələcək hökumətdə iqtisadiyyatla bağlı sferalara cavabdeh olacaq hər bir yüksək vəzifəli şəxs ilk gündən məşğulluq probleminin həllinə köklənməlidir. Bunlar gecikdirilə biləcək şeylər deyil, məşğulluq probleminə ilk gündən diqqət ayırmaq lazımdır. Rəsmilər ölkədə işsizlik probleminin uyğun bir şəkildə həllinə nail ola bilsələr, sosial problemlər də azalacaq, gənclərin cürbəcür problemləri də yoluna qoyulacaq, işsizlik və bikarçılıqdan qaynaqlanan bir sıra mövcud bəlalar da azalacaq. Biz narkotik maddələrə, bu maddələrin qaçaqmalçılığına qarşı mübarizəyə bu qədər vəsait xərcləyirik. Belə şeylər müəyyən qədər də bikarçılıqdan, iş tapmamaqdan qaynaqlanır. Məşğulluq məsələsi çox önəmlidir! Birinci yerdədir.

Və qeyd etdik ki, məşğulluqla milli istehsal arasında əlaqə mövcuddur. Əgər biz ölkədə məşğulluğun təmin olunmasını istəyiriksə, milli istehsala – sözün geniş mənasında istehsala; sənayeyə, kənd təsərrüfatına, xidmət sektoruna – önəm verməliyik. Bütün bu sahələr diqqətdə saxlanmalı və hər biri üçün fəaliyyət proqramları hazırlanmalıdır. Bunlar təxirə salıb: “Sonra edərik”, – deyə biləcəyimiz şeylər deyil, aiddiyyətli rəsmilər – bu gün vəzifə postu tutanlar, gələcəkdə vəzifəyə keçəcək şəxslər – ilk fürsətdə bu məsələlərlə məşğul olmalıdırlar. Bunlar dövlətin birinci dərəcəli, prioritet məsələləri sırasına daxildir.

Mən seçki barədə də bir neçə cümlə qeyd etmək istəyirəm. Allaha şükürlər olsun ki, ölkəmizdə seçkiqabağı ab-hava yaranmaqdadır və bu çox önəmli və lazımlı bir şeydir. Seçkilərə etinasız yanaşmaq olmaz; seçkilər çox önəmli bir məsələdir. Bu gün mənim həm xalqımıza, həm rəsmilərə, həm də namizədlərə deyəsi sözüm var.

Sözüm əsasən xalqımızadır. Əziz xalqımız bilməlidir ki, onların müxtəlif ictimai-siyasi meydanlarda iştirakı həlledici əhəmiyyət daşıyır. Hansı baxımdan? Milli təhlükəsizlik baxımından. Xalq meydanda olsa, ölkənin təhlükəsizliyi qorunaraq davam edəcək. Gördüyünüz kimi, həyasız düşmənlər İslam Respublikasının qarşısında hər cür aqresiv davranışdan çəkinirlər. Bu, xalqın meydanlarda, ictimai-siyasi proseslərdə iştirakına görədir; qorxurlar, sözün əsl mənasnda qorxurlar; bunlar analitik fikirlər deyil, bu dediklərim açıq-aydın sübutu olan reallıqlardır. Xalq meydanda olanda bu dövlətə qarşı mübarizə aparmaq istəyən düşmən geri çəkilməyə, təzyiqlərdən vaz keçməyə məcbur olur. Xalqla dövlət arasında uçurum yaransaydı və xalq meydanlarda olmasaydı, o zaman istədiklərini edə bilərdilər; onlar üçün bir o qədər çətin də deyil, hər cür hərəkət edə bilərlər; necə ki dünyanın müxtəlif yerlərində ediblər. İran İslam Respublikasında isə xalqın iştirakı sayəsində düşmən heç bir iş görə bilməyib (2); məhz xalqın iştirakına görə düşmənlər bizə hücum edə bilməyiblər. Bəzən eşidirik – əvvəllər də eşitmişik ki – bəzi adamlar: “Məhz biz hakimiyyətə gəldiyimiz üçün müharibə buludlarını ölkənin başı üzərindən qova bilmişik” – deyirlər; xeyr, bu, doğru deyil; mən deyim, eşidin: bu illər ərzində ölkənin başı üzərindən müharibə buludlarını, düşmənin hücumu təhlükəsini daim qovan məhz xalqın ictimai-siyasi proseslərdə yaxından iştirakı olub.

Yaxşı, bəs bu iştirak özünü nədə göstərir? Bu iştirakın ən önəmli təzahürü seçkilərdir; mənim xalqımıza demək istədiyim də elə budur. Mən: “Filankəsi seçin, filankəsi seçməyin”, – demirəm; bunu mən camaatımıza heç vaxt demərəm, amma deyirəm və israr edirəm ki, hökmən seçki məntəqələrinə gedin, layiq bildiyiniz namizədə səs verin; bu olmalıdır. Ölkəni, dövləti, təhlükəsizliyi istəyən hər kəs – xalqın hər bir nümayəndəsi – seçkiyə qatılmalı, səs verməlidir. Düşmənin şərini məhz bu azaldacaq.

Xalqla münasibəti pis olan qüvvələr böyük dövlətlərə xalqın onların tərəfində olduğunu nümayiş etdirmək istəyirlər; əlbəttə ki, bunun heç bir effekti yoxdur. Xalqın bizimlə çox gözəl münasibəti var, xalq öz dövlətinin yanındadır, dövlətini sevir; bu xalq 40 ilə yaxındır ki, bu dövlətlə çiyin-çiyinə çətinliklərə sinə gərib, çətin yollar qət edib, İslam Respublikasına həyat əhəmiyyətli köməklər edib. Bizim nail olduğumuz bu inkişaf, İslam Respublikasının bugünkü iqtidarı, regiondakı nüfuzu xalqın iştirakı, xalqın köməyi sayəsində əldə edilib.

Baxın, haradasa sizin bir gənciniz şəhid olanda – mən bu məsələni diqqətlə izləmişəm; fərqi yoxdur hansı şəhərdən, hansı ostandan, ölkənin hansı bölgəsindəndir – xalqımız belə qəhrəmanları elə böyük coşğu və emosionallıqla qarşılayır və öz tərəfdarlığını ifadə edir ki, adam heyran qalır. Bu nəyə görə olur? Ona görə ki xalq dövlətin kursunu, dövlətin tutduğu yolu bəyənir; bilir ki, İslam Respublikası onların nüfuz və heysiyyəti, təhlükəsizliyi, tərəqqisi üçün çalışır. İslam Respublikası düşmənin əlini bu ölkədən kəsib; bu, balaca bir iş deyil; çox böyük bir işdir. Özünüz baxın, neft ölkələrinin nefti, gəliri, sərvəti yadların ixtiyarındadır; üç-beş gün hakimiyyətdə qalıb kef çəkmək üçün yadları ölkəyə buraxırlar; şah diktaturası dövründə bizim ölkəmizdə də belə idi. Bu ölkədə bir neçə min amerikalı bu xalqın malından pul qazanaraq burada ağalıq edir və bu ölkənin rəsmilərinə – aşağıdan tutmuş yuxarıya qədər – zorla öz istədiklərini etdirirdilər; başqa yerlərdə də bu cürdür. İslam Respublikası gələndən sonra düşmənin əlini kəsdi; düşmənin ölkəyə qoyduğu məhdudiyyətləri aradan qaldırdı; ölkəni hərəkətə gətirdi. Bu gün İran sürətlə inkişaf edən, nüfuzlu, qüdrətli bir ölkədir. Bunlar çox əhəmiyyətlidir; xalq bunları bilir, elə ona görə də dövlətin yanındadır. Demək istədiyim budur ki, xalqın İslam Respublikasını dəstəkləməyi özünü insanların seçki günü səsvermə məntəqələrinə gəlişində göstərir; seçki barədə mənim əsas demək istədiyim budur. 

Camaatımıza çatdırmaq istədiyim digər bir məqam isə budur ki, qoy onlar seçki məsələsinə gözübağlı yanaşmasınlar; hərtərəfli düşünüb-daşınaraq səs versinlər; fikirləşsinlər. Biz hər hansı bir məntiq əsasında düşünüb bir seçim edəndə və o seçimimizdən çıxış edərək səs verəndə Allah-taala qarşısında üzürlü hesab olunuruq. Ola bilsin, səhv seçim də edə bilərik, amma yenə də Allah-taala qarşısında üzürlüyük. Heç nəyi nəzərə almadan, diqqət göstərmədən, düşünmədən addım atdıqda Allah-taalanın qarşısında məsuliyyət daşımağımız öz yerində, özümüz öz qarşımızda da məsuliyyət daşıyırıq; sonra deyəcəyik ki, “Heyf, o məsələ barədə düzgün fikirləşməmişəm!” Yəni özümüz də özümüzü günahlandıracağıq. Amma düşünüb-daşınıb, araşdırıb, məsləhətləşib, müəyyən bir fikrə əsasən seçim edəndə Allah-taala öhdənizə düşən işi layiqincə yerinə yetirdiyiniz üçün sizdən razı qalır; vicdanınız da rahat olur; deyirsiniz ki, “Mən öz işimi gördüm; ola bilsin, səhv də etmiş ola bilərəm; amma olsun, hər kəs səhvə yol verir; əsas odur ki, mən öz üzərimə düşən işi görmüşəm”. Seçki ilə bağlı xalqımıza demək istədiyim digər məsələ də bu idi.

Möhtərəm namizədlərə də bir sözüm var; 6 namizəd var. Mən üzümü onlara tutaraq demək istəyirəm ki, əvvəla, niyyətinizi Allaha bağlayın; niyyətiniz hakimiyyət olmasın, xidmət olsun. Bir insan xalqa, xüsusilə də yoxsul təbəqəyə xidmət etmək üçün mübarizə meydanına qoşulursa, onun hər hərəkəti, hər sözü savabdır, Allah dərgahında əcri vardır. Bu niyyətlə hərəkət edin, niyyətiniz xalqa xidmət etmək olsun. Bu, birincisi.

İkincisi isə, elə şüarlar seçin ki, hamı sizin ölkədə yoxsul təbəqəni, aztəminatlı insanları himayə etmək, problemli insanların çətinliklərini aradan qaldırmaq istədiyinizi bilsin. Biz vahid bir orqanizm kimiyik; cəmiyyət bir insanın orqanizmi kimidir; baxmaq lazımdır ki, haramız zəifdir, hara qan işləmir, haranın daha çox qulluğa ehtiyacı var; o yerlərə qayğı və diqqət göstərməliyik; o demək deyil ki, qalan yerlərə fikir verməməliyik, yox, amma prioritetimiz həmin o problemli hissələr olmalıdır. Mən müxtəlif dövlətlərin dövründə bəzən müxtəlif rəsmilərə kəskin etiraz bildirmişəm. Düzdür, biz bunu heç vaxt ictimaiyyətin qarşısında etmirik; çünki camaatın dava-dalaş, qanıqaralıq və bu kimi şeylərdən bir o qədər də xoşu gəlmir; heç xeyri də yoxdur; amma rəsmilərin özləri ilə mənim aramda qanıqaralıqlar çox olub. Belə hallara yol açan səbəblərdən biri də elə bu prirotetlərin gözlənməsi məsələsidir. Prioritet nədir? Ölkədə müxtəlif sferalar var: iqtisadi, mədəni, siyasi, elmi və sair; hər bir sferanın da öz prioriteti var ki, onu qabağa salmaq, ona daha çox diqqət ayırmaq, onunla ciddi məşğul olmaq lazımdır. Bu gün seçkilərdə namizəd olan yoldaşlar qəti qərar qəbul edərək özləri ilə Allah arasında əhd etməlidirlər ki, əgər xalq onları dəstəkləyib səs versə, prioritetləri gözləyəcəklər; daha çox qayğıya ehtiyacı olan yerlərə daha çox diqqət göstərəcəklər; fəaliyyət proqramlarını buna uyğun qurub icra edəcəklər. 

Hamı və elə möhtərəm namizədlər özləri də bir şeyi də bilsinlər ki, biz ölkəmizi yalnız cihad ruhlu, inqilab əzmli işimizlə sahmana sala biləcəyik. Bütün sahələrdə bir mücahid kimi hazırlıqlı olmalıyıq; belə olsa, işlər yoluna düşər; bu olsa, çıxmazlar açılar, dağılar; yəni geniş həcmdə, keyfiyyətlə, cihad və inqilab ruhiyyəsi ilə, çox işləmək lazımdır. İnqilab ruhiyyəsi nədir? Bəziləri elə bilir ki, biz inqilab deyəndə xaosu, qarışıqlığı, nizamsızlığı nəzərdə tuturuq. Xeyr, əslində, inqilabçılığın əsas prinsiplərindən biri elə intizamdır; intəhası inqilabçı olmaq odur ki, ikinci dərəcəli, formal, gözdən pərdə asmaq xarakteri daşıyan işlərə başımızı qatmayaq; inqilab ruhiyyəsi ilə işləmək odur ki, hansısa sahibkarın lisenziya alması üçün işi uzatmasınlar. Bir müddət bundan əvvəl dindar, ixlaslı sahibkarlarımızdan bir neçəsi gəlib mənimlə görüşmüşdü; söyləyirdilər ki, kiçik bir şeyin lisenziyasını almaq üçün 20-25 yerdən icazə almalı olurlar; onlar konkret olaraq ad çəkdi, mən özüm o xırdalıqlara girmək istəmirəm; bax belə şeylər inqilabi yanaşmaya ziddir. İnqilab ruhiyyəsi ilə işləmək odur ki, prosedur qaydaları müəyyənləşdirən insanlar yolu qısaltsınlar; xalq üçün, sahibkarlar üçün, camaata xidmət etmək istəyən insanlar üçün kəsə yollar qoysunlar. Lazımlı işlər bunlardır; rəsmilər əzm və qətiyyətlə işə girişib, həqiqətən də, iş görsünlər. 

Seçkilərin təşkilinə cavabdeh olan dövlət qurumlarının rəsmilərinə də bir tapşırığım var; istər Daxili İşlər Nazirliyi olsun, istər Keşikçi Şura, istər təbliğat qurumları, “Səda və sima” Dövlət Teleradiosu və sair, istərsə də inşallah, seçki günü müxtəlif yerlərdə bilavasitə seçki məntəqələrində olub camaatdan səslərini qəbul edəcək işçilər; hamısı xalqın əmanətindən muğayat olsunlar. Xalqın iştirakı, verdiyi o səslər əmanətdir. Bu əmanəti son dərəcə böyük diqqət və ehtiyatla qorusunlar. Allah eləməsin, məbadə kimlərsə bu əmanətə əl uzatmağa nail ola! Qanuna dəqiqliklə riayət etsinlər. Qanuna münasibətdə heç kəs üçün üzgörənliyə və ya bu kimi şeylərə yol verməsinlər. Qanun qanundur; hamı üçün; qanuna münasibətdə heç bir istisna ola bilməz. Qanuna riayət etsinlər ki, inşallah, düzgün, layiqli, Allah-taalanın razı qalacağı bir iş həyata keçirilsin. Və mən dəfələrlə demişəm, yenə də deyirəm ki, xalqın verdiyi səslər qul haqqıdır. Onlara əl uzadan qul haqqını tapdalamış kimidir, qul haqqının cavabını vermək isə çox çətin bir məsələdir.

Pərvərdigara! Məhəmməd və Ali-Məhəmməd xatirinə, bizə dediklərimizi və istədiklərimizi həyata keçirmək üçün güc və bacarıq ver. Dahi liderimiz İmam Xomeyninin və şəhidlərimizin pak ruhlarını bizdən məmnun et. İmam Mehdi Sahibəz-zamanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs qəlbini bizdən razı və məmnun et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

________________________

(1) Həzrət Seyyidüş-şühədanın (ə) mövludunun ildönümündə, Zəhmətkeşlər günü ilə əlaqədar təşkil olunan bu görüşün əvvəlində Əmək və Sosial Rifah Naziri cənab Əli Rəbii çıxış etmişdir. 
(2) Ali Məqamlı Rəhbər iştirakçılardan bəzilərinin səsləndirdiyi “Ey azad Rəhbər! Hazırıq, hazır!” şüarına cavab olaraq buyurur: “Səbir edin, icazə verin. İnşallah, bu hazırlıq həmişə və hər yerdə olar; hələlik isə deyəcəyim şeyləri eşitməyə hazır olun”.