Mərhəmətli və Bağışlayan Allahın adı ilə (1).
الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابیالقاسم المصطفی محمّد و علی آله الطّیّبین الطّاهرین المعصومین
Hörmətli görüş iştirakçıları, hamınıza, özəlliklə də müxtəlif müsəlman ölkələrindən təşrif gətirib bu böyük Quran tədbirinə qatılmış əziz qonaqlarımıza xoş gəlmisiniz deyirəm; Quran ustadlarını, münsiflər heyətinin üzvlərini, Quran tədqiqatçılarını xüsusilə salamlayıram. Bu möhtəşəm mərasimin ərsəyə gəlməsi üçün zəhmət çəkmiş, bu tədbiri yüksək səviyyədə idarə edən rəsmilərə və təşkiltçılara da təşəkkürümü bildirirəm.
Əvvəla, onu bilin ki, gördüyünüz bu iş böyük bir savabdır; bu gün İslam dünyasının istənilən yerində Quran üçün, Quranın dərk edilməsi, yayılması naminə görülən hər bir iş təsəvvür edilə biləcək ən böyük savablardan biridir; sizin həyata keçirdiyiniz bu iş də bir savab idi. Niyyətinizi nəfsani istəklərdən, cürbəcür motivlərdən uzaqlaşdıraraq Allah naminə xalis edin ki, inşallah, əməliniz Allah-taala tərəfindən qəbul olunsun və ilahi dərgahda mükafata layiq görüləsiniz.
Onu da deyim ki, ölkəmizdə gedən bu Quran hərəkatı davam etdirilməlidir; biz Qurandan uzağıq; biz Qurana yadıq; biz Quran məfhumları ilə tanış deyilik; iş görmək lazımdır. Biz o qədər çalışmalıyıq ki, Quran məfhumları müsəlman xalqları arasında, ölkələrimizdə geniş yayılmış anlayışlar, ümumi diskurslar sırasına daxil olsun. İnşallah, fürsət yaransa, daha sonra mən bu barədə daha ətraflı danışacağam.
Burada isə onu qeyd etmək istəyirəm ki, Quranda İslam ümmətinin qüdrətli və ləyaqətli yaşayışını həqiqətən təmin edə biləcək anlayışlar, təlimlər var; onlar, doğrudan da, İslam ümmətinin problem və çətinliklərdən qurtuluşunun mənbəyi ola bilər; Quranımızda bu cür təlim və anlayışlar çoxdur. Bu anlayışların əməldə reallaşması üçün isə əvvəlcə onlar müsəlman toplumunun təfəkkürünün birbaşa və danılmaz prinsiplərinə çevrilməlidir. Elə etmək lazımdır ki, bu məfhumlar müsəlman toplumu üçün qəti, aydın və şübhəsiz bir şəkil alsın və heç bir şey onların qarşısını almağa qadir olmasın. Hələlik biz bu mərhələdə problem yaşayırıq; elə etmək lazımdır ki, müsəlman toplumunda bu məfhumlar qəti prinsiplərə, əhalinin bütün təbəqələri arasında ən geniş surətdə yayılmış ortaq düşüncə tərzinə çevrilsin. Quran sahəsində görülməsi vacib olan işlərdən biri budur. Bu cür tədbirlər, bu tilavətlər, bu Quran əzbərləmələr hamısı savab və lazımlı işlər olmaqla yanaşı, o ümumi dərk, ümumi anlayış üçün də müqəddimədir.
Mən misal olaraq həmin məfhumlardan birini qeyd etmək istərdim:
فَمَن یَکفُر بِالطّاغوتِ وَ یُؤمِن بِاللهِ فَقَدِ استَمسَکَ بِالعُروَةِ الوُثقیٰ لَاانفِصامَ لَها
“Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur”. (“Bəqərə” surəsi, 256-cı ayədən)
Bu bir prinsipdir, bir yanaşma tərzidir; Tağutu inkar və rədd etmək, Allah-taalaya inanmaq, iman etmək. Yəni bütün varlıq aləmini 2 hissəyə ayırırıq: biri Tağutun nüfuz dairəsində olan bölgədir, onu rədd və inkar etmək lazımdır, o biri isə Allahın nüfuz dairəsində olan bölgədir və ona iman gətirmək, inanmaq lazımdır; iman mahiyyəti qarşısında küfr mahiyyəti. Bu o demək deyil ki, biz özündə küfr mahiyyətini əks etdirən hər kəslə daim vuruşmalı, ölüb-öldürməliyik; bu heç belələri ilə əlaqəni tam kəsmək, informasiya mübadiləsi etməmək mənasında da deyil. Bu cümlələrin məna və məqsədi imanın özünün ayrıca bir mahiyyət olduğunu çatdırmaq, iman mahiyyətinin sərhədlərini cızmaqdır ki, insan Tağut və küfr mahiyyəti qarşısında özünü qoruyub təkmilləşdirə, inkişafa doğru hərəkət edə bilsin.
Bu gün İslam ümmətinin problemi nədədir? Qərb mədəniyyətinin, Qərb iqtisadiyyatının, Qərb siyasətinin ona hakim kəsilməsində, onun üzərində ağalıq etməsində! Problem bundadır! Bu gün müsəlman ölkələrinin bir çoxunda müsəlman kimliyi, müsəlman mahiyyəti adında bir şey yoxdur. Bəli, camaat müsəlmandır, namaz da qılırlar, oruc da tuturlar, ola bilsin, zəkat da verirlər, amma ümumilikdə cəmiyyət özündə müsəlman kimliyini, müsəlman mahiyyətini əks etdirmir; yəni küfr və Tağut reallığı qarşısında bunlara zidd olan, oturuşmuş, bərqərar olunmuş bir reallıq, bir kimlik yoxdur. Ona görə ki, gördüyünüz kimi, onlar müdaxilə edirlər; müsəlmanların mədəniyyətinə müdaxilə edirlər, inanclarına müdaxilə edirlər, iqtisadiyyatına müdaxilə edirlər, ictimai münasibətlərinə müdaxilə edirlər, siyasətlərini istədikləri kimi ələ alırlar. Nəticədə isə müsəlman toplumu, İslam ümməti içərisində vahid bir kimlik olmadığına görə konfliktlər, müharibələr, nifrət və kin-küdurət baş qaldırır, qarşılıqlı anlaşma mümkünsüz bir şeyə çevrilir; belə bir vəziyyət yaranır. Bu gün küfr dünyası bu kimliyi məhv etmək məqsədi güdür; dünyanın hansı yerində bu kimlikdən nə isə bir əlamət varsa, onu məhv edib aradan götürmək istəyirlər;
فَمَن یَکفُر بِالطّاغوتِ وَ یُؤمِن بِاللهِ فَقَدِ استَمسَکَ بِالعُروَةِ الوُثقیٰ لَاانفِصامَ لَها وَ اللهُ سَمیعٌ عَلیم
– bu, İslam dininin prinsiplərindən biridir; bu bir həqiqətdir. Biz bu həqiqəti düzgün dərk edib arxasınca getsək, onu müsəlman toplumu, İslam ümməti içərisində ümumi bir anlayış formasına gətirə bilsək, görün nə dəyişikliklər baş verər! Görün bu bircə həqiqət – hansı ki Quranda bu qəbildən olan yüzlərlə həqiqət mövcuddur – İslam dünyasında necə bir dəyişiklik yaradar! Elə bircə bu məsələni, bircə bu anlayışı düzgün dərk edib, inanıb, genişləndirə bilsək, görün nə baş verər! Quranı dərk etmək lazımdır; biz Qurandan uzağıq. Bizim Qurandan bu cür uzaq olmağımızdan isə düşmən istifadə etməkdədir. Düşmən günbəgün bizə imansızlığı, dinə qarşı laqeydliyi, özünə bağlılığı aşılayır. Müsəlman dövlətlərinə, müsəlman ölkələrinə bir baxın; görün Amerikanın, sionizmin, quldur düşmənlərin qarşısında nə vəziyyətdədirlər! Bu, Qurandan uzaq olmaqdan irəli gəlir. Biz Qurana yaxınlaşsaq, bütün bu boşluqlar dolar, bütün bu uçurumlar qapanar; küfr mahiyyəti qarşısında iman mahiyyəti özünü göstərər. Bayaq mən qeyd etdim ki, biz Qurana əməl etsək, həyat düzələr; bax onu bu mənada deyirdim. Quranda bir sıra məfhumlar var ki, onlar camaat arasında ümumi diskursa çevrilməlidir; o qədər təkrarlanmalı, üzərində o qədər işlənməli, o qədər araşdırma aparılmalı, şairlər, yazıçılar, ədiblər, incəsənət adamları həmin mövzularda o qədər əsərlər ortaya qoymalıdırlar ki, bunlar müsəlman cəmiyyətinin açıq-aydın, qəti və mübahisəsiz prinsiplərinə, yanaşma tərzinə çevrilsin. Əlbəttə ki, bu, əlçatmaz, mümkünsüz bir şey deyil. Elə düşünmək lazım deyil ki, tutalım, bu işləri reallaşdırmaq istəsək, yüz il çəkər. Xeyr, din və mənəviyyat adamları əzm göstərsə, bu işlər təsəvvür olunandan dəfələrlə tez gerçəkləşə bilər. Sadəcə olaraq, Quranın arxasınca bu şəkildə getmək lazımdır.
Allaha həmd olsun ki, İslam Respublikasında bizim Qurana yaxınlaşmaq yolunda uğurlarımız heç də az olmayıb; biz Qurandan uzaq idik; bu ölkədə Tağut hakimiyyəti hökm sürdüyü dövrdə Quran tamamilə tərk olunmuş, unudulmuşdu. Məktəblərimizdə – orta məktəblərdə, universitetlərdə – Qurandan bir kəlmə belə danışılmırdı; cəmiyyətimizdə Quranı əsla yada salan yox idi. Quran məclisləri olurdu, amma tamamilə diqqətdən kənarda idi, heç bir önəm daşımırdı; bəzən Tehranda, Məşhəddə, digər yerlərdə bu cür məclislərin keçirildiyi barədə eşidirdik, bəzilərində özümüz də iştirak etmişdik; bir qrup adam gəlib otururdu, bir qədər Quran tilavət olunurdu, vəssalam, qurtardı-getdi, dağılışırdılar. Quranın əzbərlənməsi, Quranla yaxın ünsiyyət, daimi tilavət, Quran təlimlərinin genişləndirilməsi – belə şeylər çox az idi. İslam İnqilabı bizi Qurana yaxınlaşdırdı, bizi Quranla tanış etdi. Bu gün biz Quranla yaxından maraqlanmağımızla, Quranı ürəkdən sevməyimizlə fəxr edirik; gənclərimizin Quranla maraqlanmağı bizə qürur verir. Bu gün bu ölkənin harasındasa, hansısa şəhərində Quranla bağlı hansısa bir tədbir keçirildiyi elan olunursa, gənclər axın-axın ora üz tutur. Quran məclislərini özünüz görürsünüz; hər yerdə, bütün şəhərlərdə; gənclər axışıb gəlir, oturub dinləyirlər. Bütün bunlar İslam İnqilabının, İslam dininin bərəkəti sayəsində baş verib.
Mən üzümü Qurana maraq göstərən, Qurana bağlı olan, Quranla əlaqəli işlərə rəhbərlik edən şəxslərə tutaraq demək istəyirəm ki, bu sahədən uzaqlaşmayın, məşğul olduğunuz işi ciddi şəkildə davam etdirin; heç də deməyin ki, “bu yerə qədər gəlmişəm, daha bəsdir, qurtardı”; Quran sahəsində, Quran üçün görüləcək işlər heç vaxt bitməyəcək. Çox işləməli, çox çalışmalıyıq; hamı səy göstərməli, hamı işləməlidir. Quranla ünsiyyətdə olmalıyıq; bütün ailələrimiz, bütün gənclərimiz, camaatımız Quranla sıx ünsiyyət qurmalıdır. Bax Quranın əzbərlənməsi, bu cür tədbirlərin təkrar-təkrar keçirilməsi Quranla ünsiyyətə yol açır. Quranla ünsiyyətdə olmağın isə bir sıra faydaları var; belə ki bu, bizim bayaq haqqında danışdığım anlayışlarla tanışlığımızı təmin edəcək, inşallah.
Ümidvaram, Uca Yaradan hamınıza əcr verəcək, uzun illər boyu mütəmadi olaraq bu yolda zəhmət çəkmiş insanları öz lütf və mərhəmətinə layiq görəcək; bəziləri artıq dünyadan köçüb, Allah məqamlarını uca etsin; həyatda olanları Allah-taala cəmiyyətimiz üçün qorusun, inşallah; və bu yolu üzümüzə açan dahi liderimiz İmam Xomeynini də Allah-taala Məhşərə məsum əcdadları ilə və Quran əhli ilə birgə gətirsin, inşallah; Allah-taala bizi də Quran əhlindən etsin, inşallah.
Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
________________________
(1) Bu görüş Tehranda 8 gün müddətində davam etmiş 34-cü Beynəlxalq Quran Müsabiqəsinin son günü baş tutmuşdur.