Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin İİR Silahlı Qüvvələri günündə Ordunun yüksək rütbəli zabitləri və hərbçilərlə görüşü zamanı etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا محمّد و آله الطّاهرین و علی آله الطّیّبین الطّاهرین المعصومین سیّما بقیّةالله فی الارضین

Bayramızın mübarək; Silahlı Qüvvələr günü münasibətilə hamınızı təbrik edirəm; yeni iliniz də mübarək; həmçinin sizi və möhtərəm ailə üzvlərinizi, övladlarınızı, həyat yoldaşlarınızı rəcəb ayının 27-də qeyd edəcəyimiz Məbəs günü və Əmirəlmöminin Əlinin (ə) rəcəb ayının 13-nə təsadüf edən mövludu münasibətilə təbrik edirəm. Övladlarınız və həyat yoldaşlarınız da, əslində, elə bu çətin həyat yolunda sizin döyüş yoldaşlarınızdır. Belə ki hərbçilərin həyatı sözün əsl mənasında çətinlik, əziyyət və sıxıntılarla dolu olur. Belə bir şəraitdə sizinlə birlikdə olan, sizə dəstək olan övladlarınız və xanımlarınız, həqiqətən də, sizin səngər və döyüş yoldaşlarınızdır.

Əziz liderimiz İmam Xomeyninin gördüyü ən böyük, gözəl və müdrik işlərdən biri də bu günü Ordu günü olaraq müəyyən etməsidir.  Onun bu addımı ölkədə ordunun əsaslarını bərkitdiyi, bu diyarda, bu torpaqda silahlı qüvvələrin köklərini möhkəmlətdiyi kimi, xam xəyallara düşən bədxahların da çoxunu məyus etdi; onlar başqa cür fikirləşmişdilər. İmam tərəfindən Ordu gününün müəyyən edilməsi bu demək idi ki, o, ordunu həmin mahiyyəti, həmin kollektivi ilə qəbul edərək təsdiqləyir. Axı mahiyyəti, antropoloji və təşkilati xüsusiyyətləri baxımından ordunun o heyəti haqda hələ düşünülməli idi; yəni əhalinin qalan hissəsi kimi, orduda da mömin və müsəlman insanlar xidmət etsə də, etibarsız bir rəhbərliyi var idi, qurum daxilində də, yəqin ki, nöqsan və çatışmazlıqlar yox deyildi. Ordunun vəziyyəti bu cür idi, amma İmam Xomeyni silahlı qüvvələr və İİR Ordusu sarıdan ortaya çıxa biləcək istənilən məkrli planı neytrallaşdırmaq üçün Ordu gününü təyin etdi. Bununla o sanki demək istəyirdi ki, mən də, İslam dövləti də bütün bu xüsusiyyətləri ilə bu ordunu qəbul edirik. Mən özüm dəfələrlə, ya təkbətək, ya da bir neçə başqa şəxsin iştirakı ilə keçən onlarla qapalı iclasda ordunun xüsusiyyətləri barədə İmamla (r.ə) söhbətlər etmişəm, bilirəm ki, qəlbinin dərinliyində o, ordunu himayə etmək, qorumaq, gücləndirmək lazım olduğunu düşünürdü; insafən demək lazımdır ki, onun bu fikri elə tam düzgün idi.

Həmin ordu inqilabdan sonra baş verən bütün hadisələrdə parlaq surətdə çıxış etdi; bəzi hadisələri bir-bir saymaq istəsən, çətin olur. Məsələn, elə ordunun öz daxilində baş vermiş bəzi sabotajlar zamanı buna hamıdan çox elə ordu özü reaksiya verdi; bu çox önəmlidir. O zaman İslam Respublikasının tabeliyində olan qurumlarda daxildən qarışıqlıq salmaq istəyənlər çox idi. Elə indi də var, intəhası o vaxt daha çox idi; səbəblər də çox idi, səylər də. Ordunun içindən ordu üçün problem yaratmaq istəyirdilər; yəni ordudan İslam Respublikasına uyğun olmayan bir mahiyyət düzəltmək istəyirdilər. Bunu etmək istəyənlər var idi. Bu kimi maraqlara, bu kimi təxribat cəhdlərinə sərt reaksiya verib, bunlara qarşı mübarizə aparan elə ordunun özü oldu! Ordudan kənar heç bir qüvvə – nə təhlükəsizlik qüvvələri, nə polis – silahlı qüvvələrin qarşısında durub belə bir təxribatla mübarizə apara bilməzdi. Bunu yalnız ordu özü edə bilərdi və etdi də. Mən yalnız birini misal çəkdim, amma belə nümunələr çoxdur.

Ordunun Müqəddəs Müdafiə dövründə yaşadığı təcrübə, həqiqətən də, iftixar doğurur. Mən bunu sizə proseslərin yaxından şahidi olmuş biri kimi deyirəm. Sizin çoxunuz gəncsiniz, o dövrü yaşamamısınız – bəziləriniz orduda olmamısınız, bəziləriniz isə hətta o vaxt heç dünyaya gəlməmişdi – biz isə hər şeyi yaxından görmüşük. Ordu çox mühüm rol oynadı, özünü çox parlaq şəkildə göstərdi. Döyüşlərdə, hərbi əməliyyatlarda rol oynamaqdan əlavə, bir çox ürəkaçan, zövqverici davranışları da oldu. Yenə də misal çəkmək istəsəm, deməliyəm ki, ordunun bəzi hərbçiləri necə yüksək əxlaq və mənəviyyata sahib olduqlarını nümayiş etdirdilər; bunu əməli surətdə göstərdilər. Axı danışmağa gələndə, hamımız danışırıq. Allahdan, Qiyamətdən, Cənnət və Cəhənnəmdən bu qədər danışdığıma baxmayaraq, mənim özümü də konkret hadisədə sınayıb baxmaq lazımdır ki, Allahdan, həqiqətən də, nə qədər qorxuram, Qiyaməti nə dərəcədə düşünüb nəzərə alıram, Cəhənnəmdən nə qədər qorxuram; insan belədir, əməldə baxmaq lazımdır.

Orduda bizim elə adamlarımız olub və var ki, onlar mənəviyyatın yüksək mərtəbələrində olduqlarını nümayiş etdiriblər; biri elə Səyyad Şirazi, biri elə Babayi. Belələri az deyil; mən məşhur olanların adını çəkdim, amma belə insanlarımız çoxdur. Elə Əhvazın özündə bir müddət qaldığım zaman mən belə nümunələrin yaxından şahidi olmuşam. Bunları dəfələrlə danışmışam: gecə yarı Əhvazda bir briqadanın görüşünə getdik – bir batalyondan artıq adam qalmamışdı – tank komandiri tankın yanında durub gecə namazı qılırdı. O soyuqda, o çöl-biyabanda kim bu barədə fikirləşər? Qışın ortasında, gecə yarı durub gecə namazı qılırdı. O vaxtlar bu gün təbliğ olunan bu sözlər, bu göz yaşları, bu bəsici uşaqlar və sair o qədər də geniş yayılmamışdı, amma mən bu şeylərin öz gözümlə şahidi olmuşam. Və ya səhv etmirəmsə, bir mayor, ya podpolkovnik idi, çox mütəəssir bir halda, az qala ağlayacaq bir vəziyyətdə mənim yanıma gəlmişdi; mən elə bildim ki, evə getmək üçün icazə istəyəcək; dedim, yəqin, nə isə bir problemi, nigarançılığı var, icazə alıb Əhvazdan getmək istəyir. Sən demə, istədiyi bu imiş ki, gecələr könüllü gənclər Çəmran komandirlə, özləri demişkən, tank ovuna gedəndə onu da özləri ilə aparsınlar; məndən də bunun üçün göstəriş verməyimi istəyirmiş. Ağlınıza gələrdi? Yüksək rütbəli bir zabit – düzdür, rütbəsi indi yadımda deyil; deyəsən, podpolkovnik idi, ya buna yaxın bir rütbəsi var idi – könüllü olaraq istəyir ki, Tehrandan gəlmiş bəsici gənclərlə gecə əməliyyatlarında iştirak edib gecənin qaranlığında düşmənə nöqtəvi zərbələr vursun; o vaxt – müharibənin əvvəllərində bu cür idi, belə əməliyyatlar keçirilirdi.

Bəli, ordu öz mahiyyətini nümayiş etdirib. Sizə demək istəyirəm ki, bu gün bizim ordumuz pak və müqəddəs amallara sahib olan ideoloji, mənəvi bir ordudur; bu olduqca dəyərlidir. Bir çox ölkələrin ordularına nəzər salsanız, görərsiniz ki, vəhşilik, yırtıcılıq, qəddarlıq onlar üçün xarakterik bir cəhətə çevrilib. Qarşısına o cür davranış tələbləri qoyulmuş, müxtəlif sferalarda əxlaqlı, saf, yüksək amallara xidmət edən, mömin, saf niyyətli kadrlar yetişdirməyə can atan bir ordu çox dəyərlidir və bu gün biz ölkəmizdə məhz belə bir silahlı qüvvələrin olduğunun şahidiyik. Məncə, bu, dahi İmam Xomeyninin (r.ə) Ordu gününü müəyyənləşdirməklə nail olduğu ən önəmli və effektiv nəticədir.

Mənim silahlı qüvvələrdə xidmət edən bütün hərbçilərimizə mesajım isə budur ki, tutduqları bu mövqeyin, bu cür xidmət etmələrinin qədrini bilsinlər. Sizlər hərbi yönümlü bir qurumda xidmət edirsiniz, fəaliyyətdəsiniz, Allah-taala da bunu sizin üçün gözəl bir əməl olaraq yazır, savab qazanırsınız. Bu çox dəyərli bir şeydir, bunun qədrini bilin, bu halınızı, bu vəziyyətinizi qoruyun. Özünüzün və komandanlığınız altında olan insanların mənəvi-psixoloji hazırlığını, motivasiyasını günü-gündən daha da artırın.

Bir ölkə üçün təhlükəsizlik çox önəmlidir. Ola bilər ki, bir ölkədə çörək olmasın, qıtlıq olsun, problemlər olsun, bununla yanaşı, asayiş və təhlükəsizlik də pozulmuş olsun. O zaman həmin ölkənin əhalisindən soruşsalar ki, çörək istəyirsiniz, ya asayiş, heç şübhəsiz, asayişə üstünlük verəcəklər. Necə ki bu gün super-dövlətlərin müdaxiləsi nəticəsində regionumuzda və bir sıra digər regionlarda asayiş və təhlükəsizlik zəifləyib; yəni misal üçün, bir yerdən başqa bir yerə getmək istəyən bir avtobus sürücüsü sərnişinləri düşmənin hücumuna məruz qalmadan, sağ-salamat mənzil başına aparıb çıxara biləcəyinə əmin deyil; küçələrdə, evlərdə də eyni vəziyyətdir. Bunlar çox önəmlidir, təhlükəsizlik çox önəmli bir məsələdir və silahlı qüvvələr təhlükəsizliyin təmin olunmasında çox mühüm rola malikdir. Ordu bu baxımdan heç bir hərəkətlilik göstərməyə də bilər, amma siz nə qədər güclü və qüdrətli olsanız, bunun özü ölkədə asayiş və təhlükəsizliyin təminatçısıdır. Ölkənin təhlükəsizliyini silahlı qüvvələr, onların qüdrəti, yüksək imkanlara, güclü stimula malik olması təmin edir. Önəmli məsələlərdən biri də budur.

Mənim silahlı qüvvələrimizin bütün təmsilçilərinə mesajım budur ki, bu imkanları bacardıqları qədər artırsınlar; harada olmasından asılı olmayaraq hər kəs. Hətta bir qarovul postunda duran sıravi bir saatdar da ordunun gücləndirilməsində rol oynaya bilər; yəni qarovulunu yaxşı yerinə yetirsə, tənbəllik etməsə, müşahidə aparmalı olduğu yerdə iti gözlə müşahidə aparsa, silahlı qüvvələrin güclənməsinə bir o qədər kömək etmiş olar; istər Ordu olsun, istər Keşikçi Korpus olsun, istərsə də digər bir struktur; o da qala komandirlərə, qarovul rəislərinə, anbardarlara, hərbi texnika istehsal edənlərə, layihəçilərə, strategiyaçılara və sairə. Bunlar hamısı hərbi strukturun güclənməsində rol oynaya bilər. Odur ki bunun qədrini bilin: hansınız bu istiqamətdə bir addım atsanız, Allahın razılığını və savab qazanmış olursunuz.

Aranızda başqalarına örnək ola biləcək parlaq simaların sayını artırın; yəni hamınız bunun üçün çalışın. Şəhid Babayi, həqiqətən də, örnəkdir; təkcə hərbçi kimi yox, əxlaqi baxımdan da bir örnəkdir, müqəddəs bir insandır. Eynilə Şəhid Səyyad; ordumuzda belə insanlar çox olub; indi bəzilərinin adını insan xatırlamır, bəzilərini isə heç tanımamışıq da. Bu əzəmətli, hörmətli, maddi-mənəvi qüdrətə malik qurumda bu cür simaların sayını günbəgün daha da artırın.

Bəli, din böyüklərimizin dediyinə görə, hərbçilər xalqın, əhalinin təhlükəsizliyini qoruyan qaladır; حُصونُ الرَّعیّة Burada önəmli olan məqam budur ki, xalqı qoruyan qalaların təkcə hərbçilər olmadığını bilmək lazımdır. Hərbçilər xalqın təhlükəsizliyini təmin edən ən mühüm qoruyucu amillərdən biridir (hansı ki bu da Allahın izni ilədir; “فَالجُنودُ بِاِذنِ اللهِ حُصونُ الرَّعیَّة” – “Hərbçilər Allahın izni ilə xalqı qoruyan qaladır” (2), amma hökumət qurumlarının hamısı bu istiqamətdə silahlı qüvvələrlə əməkdaşlıq edə bilər: iqtisadi qurumlar, mədəni qurumlar, təhsil müəssisələri, elmi tədqiqat mərkəzləri; bütün ölkə. Bizim müxtəlif qurumlardan gözləntimiz də elə budur. Hamısı düşmənin hücumları qarşısında möhkəm bir sədd, alınmaz bir qala, sayıq bir keşikçi kimi öz ölkələri və xalqları üçün işləyib çalışsınlar; istər iqtisadi qurumlar olsun, istər mədəni qurumlar, istər elmi tədqiqat mərkəzləri, istərsə də hərbi strukturlar; hamının hədəfi bu olmalıdır. İşlər müxtəlifdir, hərənin öz işi var, amma hədəf birdir. Odur ki əgər hədəf milli təhlükəsizliyin, milli qürur və heysiyyətin, ölkənin inkişaf və yüksəlişinin keşiyində durmaq, ölkəni düşmənin şərindən qorumaqdırsa, o zaman bütün hərbi, iqtisadi, mədəni və elmi qurumlar, universitetlər və elmi tədqiqat müəssisələri hamısı, əslində, çiyin-çiyinə çalışan böyük bir qüvvədir; bir-biri ilə əməkdaşlıq edir, bir-birini tamamlayır, bir-birinə rəqib kimi baxmır, bir-birinə paxıllıq etmir. Belə olan halda ölkədə birlik və həmrəylik yaranır. Bu, mənim daim vurğuladığım bir məsələdir. 

Mən son 2-3 ildə iqtisadi şüarları daha çox önə çəkirəm, çünki düşmənin bu böyük milli gücə məhz bu sarıdan zərbə endirməyə çalışdığını hiss edirəm. Əgər bizim iqtisadi problemlərimiz olsa, müxtəlif strukturlar öz işini düzgün yerinə yetirə bilməyəcək. Ona görə də baxmaq lazımdır ki, bütövlükdə ölkə rəsmilərinin, dövlətin, hakimiyyətin 3 qolunun və müxtəlif qurumların öhdəsinə düşən vəzifələr içərisində bu gün o həssas, “açar” məqam nədən ibarətdir? Ola bilsin ki, bu gün o açar məqam bir şeydir, sabah isə başqa bir şey olacaq. Hazırda həmin o açar, prioritet məsələ ölkənin iqtisadi cəhətdən gücləndirilməsidir. Elə buna görə də mən bu mövzunun üzərində bu qədər durur, xalqın, müxtəlif qurumlarda çalışan, silahlı qüvvələrdə xidmət edən insanların məişət rifahının yaxşılaşdırılması məsələsini bu qədər vurğulayıram. Bu problemlərin həlli üçün ciddi surətdə çalışmaq lazımdır və bu iş rəsmilərin öhdəsinə düşür. Rəsmilər düşməni hərəkətə keçirən motivlərə nəzər salsalar, bu problemlərin həlli üçün özlərində daha çox stimul taparlar. Düşmənimizin danışdıqlarına qulaq asanda, səsləndirdiyi fikirləri araşdıranda görürük ki, onlar da məhz bu məqamın üzərində durur, iqtisadiyyatımızdakı zəif nöqtələrdən, problem və çatışmazlıqlarımızdan ölkəmizdə təxribat və iğtişaş törətmək üçün yararlanmağa can atırlar. Düşmənin bu niyyətini anladığı zaman isə insanda işə daha ciddi yanaşmaq üçün stimul yaranır.

Mənim önə çəkdiyim, bütöv bir məcmu, kompleks tədbirlər sistemi olan müqavimət iqtisadiyyatında bu günümüz və yaxın gələcəyimiz üçün bir neçə açar məqam var ki, bunlar da həmin o məşğulluq, daxili istehsalın dirçəldilməsi məsələləridir. Mən bunu xüsusi iclaslarımızda yaxından görüşüb, rəsmilər üçün də ətraflı şərh etmişəm. Özü də bunu mən demirəm, mən ki iqtisadçı deyiləm, bunu məsləhət aldığımız, bu sahədə mütəxəssis olan, güclü iqtisadçı ekspertlər deyir. Mən özüm də ümumilikdə ölkədəki vəziyyətə nəzər salanda məşğulluq və istehsalın əsas prioritetlər olduğunu görürəm. Düşmən tamahını yeritməyin yollarını tapır, biz isə onu hərəkətə gətirən motivlərin, bizə zərbə endirə biləcəyi zəif məqamların hansılar olduğuna baxmalı və o nöqsanları aradan qaldırmalı, açıq qalan o məqamları qapatmalıyıq. Mənim müxtəlif sferalarda çalışan məmurlardan istək və gözləntim budur. Bu baxımdan iqtisadiyyat məsələsi birinci dərəcəli prioritetə malik məsələlərdən biridir.

Əlbəttə, bizim güclü cəhətlərimiz də çoxdur. İslam Respublikası və İran xalqının güclü cəhətləri kəmiyyət və keyfiyyət baxımından zəif cəhətlərindən, problemlərindən qat-qat artıqdır. Bizim çoxlu sayda və heyrətamiz güclü cəhətlərimiz var. Məhz onlar sayəsində ölkəmiz və dövlətimiz bu günə qədər ona qarşı yürüdülmüş, hazırda davam edən və gələcəkdə də davam etdiriləcək görünməmiş düşmənçiliyə rəğmən, ayaqda duraraq qürur və başıucalıqla müqavimət göstərə bilib, düşmənlərin qarşısında təslim olmayıb.

Baxın! Təhdid etmək, hədə-qorxu gəlmək super-dövlətlərin, böyük və təcavüzkar güclərin həmişə işlətdiyi metoddur; bunu dəfələrlə demişik. Hər yana əl uzatmaq, hər yerə müdaxilə etmək, bütün ölkələrin işinə qarışmaq, bütün ölkələrdə özü üçün bir mənfəət düzəltmək, o mənfəət əllərindən çıxdığı zaman isə: “Filan dövlət, filan ölkə, filan rejim bizim mənafeyimizə qarşı çıxır” – demək, bu mənafeyi təmin edə bilmək, istənilən regionun dövlətlərini itaətə məcbur etmək üçün özlərini böyük və qüdrətli göstərməyə çalışır, hədə-qorxu gəlir, necə deyərlər, qaşqabaq tökürlər; yəni heç bir haqları olmadan, heç bir məntiqə, doğru-dürüst bir arqumentə söykənmədən hər bir regionda, hər bir ölkədə özləri üçün bir mənafe düzəldir, sonra da bu mənafeyi zorla təmin etdirmək üçün təhdidlərə keçirlər. Əvvəlki ABŞ administrasiyalarından bəzilərinin təhdidləri yadınızda olar; indi də bir başqa cür qaşqabaq tökürlər.

Bir ölkə üçün ən pis vəziyyət odur ki, rəsmiləri düşmənin qaşqabağından, təhdidlərindən qorxa. Əgər qorxmuş olsalar, əslində bu o deməkdir ki, düşmənin girişi, müdaxiləsi, təcavüz və işğalı üçün ölkənin qapılarını taybatay açıblar. Sözsüz ki, ağılla, məntiqlə, dərklə iş görmək lazımdır, amma eyni zamanda ürəkli, cəsur olmaq lazımdır. Qorxmaq, əl-ayağı əsmək, dünyada güc sahibi olan super-dövlətlərin hədə-qorxu və qaşqabağının təsiri altına düşmək bədbəxtliyin başlanğıcıdır. Kim qorxmaq istəyirsə, qorxsun, amma xalqın yerinə qorxmasın, xalqı nəzərdə tutub qorxmasın. Xalq möhkəm durub. 1357-ci ildən üzü bəri aradan ötən 40 ilə yaxın vaxt ərzində bizim əleyhimizə bu qədər məkrli planlar həyata keçirilib, pullar xərclənib, silahlar istehsal olunub, təhdidlər edilib, siyasətlər yürüdülüb; əgər xalq möhkəm durmasaydı, İslam Respublikası bütün bunları nəzərə almalı, qorxub-çəkinməli, geri çəkilməli olsaydı, gərək İrandan və iranlılardan əsər-əlamət qalmaya idi. Düşmən – istər Amerika olsun, istərsə də ondan da böyüyü – öz xalqı ilə sıx bağlı olan, öz əhalisini, xalqını sevən, xalqı tərəfindən də sevilən belə bir dövlətin və düşmənə müqavimət göstərən belə bir xalqın qarşısında heç bir qələt edə bilməyəcək.

Əlbəttə, bunların düşmənçiliyinə, daim düşünüb tədbir tökdüklərinə, ədavət yürütdüklərinə, müxtəlif qurumları vasitəsilə iş apardıqlarına heç bir şübhə yoxdur. Aradan ötən 40 ilə yaxın vaxt ərzində bu düşmənçilik daim olub; hakimiyyətə hansı dövlətin gəlməyindən asılı olmayaraq, bu ədavəti davam etdiriblər. Desək ki, konkret olaraq kimisə dəstəkləyirlər, kiminsə əleyhinədirlər, kiminləsə hesablaşırlar, yox, belə deyil. İmam Xomeyninin (r.ə) vaxtında da eyni düşmənçilik var idi, imamın vəfatından sonra mənim prezident olduğum dövrdə də bu düşmənçilik davam etdi, bu günə qədər də var. Hakimiyyətə müxtəlif siyasi təmayüllü dövlətlər gəlib-gedib, bu düşmənçilik isə hər bir halda olub. Bu ədavətin qarşısını almağı bacaran yeganə şey isə İran xalqının iqtidarı, mübarizliyi, Amerika, bəzi Avropa dövlətləri və sair bunlar kimi özünü super-dövlət hesab edənlərin qaşqabağından qorxub çəkinməməyi olub. Bunu davam etdirmək lazımdır. Əgər bu vəziyyət, bu ruhiyyə, bu iqtidar davam etdiriləcəksə – və elə davam etdirilməlidir də – bu işin önəmli bir qismi İslam Respublikası Ordusunun təmsilçiləri olan sizlərin, digər önəmli bir qismi iqtisadçıların, habelə mədəniyyət, təhsil və digər bu kimi sferalarda çalışanların, olduqca önəmli bir qismi ölkədəki elmi inkişafa, elmi işlərə, elmi tədqiqatlara cavabdeh olan rəsmilərin öhdəsinə düşür. Hamı əl-ələ verməlidir; Allah-taala da bu günə qədər olduğu kimi, bundan sonra da yardımçımız olacaq. 

Allah əziz şəhidlərimizə rəhmət etsin! Bu gün burada ordu sıralarında xidmət etmiş bəzi şəhidlərimizin ailə üzvləri də iştirak edir. Biz onları heç vaxt unutmayacağıq; şəhidlər İran xalqının yadından heç vaxt çıxmayacaq və əziz, böyük xalqımız şəhidlərə mənəvi bağlılıq ruhiyyəsi ilə, onları özünə örnək götürərək fəaliyyət göstərəcək.

Bəli, Allaha şükür, seçki marafonuna da, demək olar ki, artıq start verilib. Hərçənd hələ seçkilərin əsas mərhələsi başlamayıb, amma artıq müqəddiməyə ayaq basmışıq. Seçkilər İran xalqının qürur mənbəyi olan, dünya xalqları qarşısında ona iftixar və başıucalıq qazandıran, üzünü ağ edən amillərdən biridir. Bütün bədxahlar və İslam dininin düşmənləri dini, mənəviyyatı və İslamı demokratiyaya, xalq hakimiyyətinə zidd bir şey kimi qələmə vermək istəyirdilər. İslam Respublikası isə bütün dünyaya nümayiş etdirdi ki, yox, bizdə “İslama əsaslanan xalq hakimiyyəti” adında bir şey var; xalqın hakimiyyətidir, eyni zamanda İslam dininə əsaslanır və bu ikisini bir-birindən ayırmağa heç bir lüzum yoxdur. Ölkəmizdə keçirilən seçkilər məhz İslama əsaslanan xalq hakimiyyətinin göstəricisidir. Bu, bizim üçün qürur mənbəyidir, üzümüzün ağlığıdır, bizə iftixar və iqtidar qazandıran bir amildir. Seçkidə xalq da ölkənin işlərinin onun əlində olduğunu, ölkənin əsas simalarını məhz özü müəyyən etdiyini hiss edir. Bu çox önəmlidir.

Əlbəttə, seçkilərə hələ var və əgər ömür vəfa etsə, seçki mövzusunda hələ müxtəlif görüşlərdə danışacağıq. Bu gün isə mənim qeyd etmək istədiyim budur ki, hamı seçkilərin qədrini bilməlidir; dövlət adamları da, namizədlər də, xalq da, seçkilərin keçirilməsinə cavabdeh olan insanlar özləri də. Qoy hamı seçkilərin qədrini bilsin. Gəlin seçkiləri əziz tutaq. Seçki sağlam, təhlükəsiz və şəffaf bir atmosferdə, geniş miqyasda baş tutmalıdır. Əgər daim vəsvəsə edən, xalqımızın qulağına cürbəcür təxribatçı fikirlər oxuyan düşmənlərin bütün səylərinə (xarici radioları və medianı izləyənlər düşmənlərin bir yol tapıb seçkiləri pozmaq üçün necə çalışdıqlarını yaxşı bilir; düzdür, günümüzdə radio artıq bu geniş media vasitələri qarşısında cüzi bir şeydir) bütün məkrli planlara rəğmən, bu baş versə – Allahın köməyi ilə, elə belə də olacaq – və İran xalqı, inşallah, bu düşmənçilik qarşısında daim nümayiş etdirdiyi sayıqlıq və müdrikliklə irəli durub seçkidə hamılıqla iştirak etsə, genişmiqyaslı, yüksək əhval-ruhiyyəli, dinamik, sağlam və inşallah, təhlükəsiz şəraitdə bir seçki baş tutsa, bu, ölkə üçün dəyərli bir ehtiyat olacaq və bunun özü ölkəmizə xeyli dərəcədə toxunulmazlıq qazandıracaq. Ümidvaram, inşallah, elə belə də olacaq.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

____________________

(1) Görüşün əvvəlində İİR Ordusunun komandanı general-mayor Ətaullah Salehi məruzə etmişdir.  
(2) Nəhcül-bəlağə, 53-cü məktub.