Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1396-cı ilin ilk günü müqəddəs İmam Rza (ə) ziyrətgahının zəvvarları və yaxınlıqda yaşayan əhali qarşısında etdiyi çıxış

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.(1)

و الحمدلله ربّ العالمین و الصّلاة و السّلام علی سیّدنا و نبیّنا ابی‌القاسم المصطفی محمّد و علی آله الاطیبین الاطهرین المنتجبین الهداة المهدیّین المعصومین سیّما بقیّةالله فی الارضین. اللّهمّ صلّ علی فاطمة و ابیها و بعلها و بنیها عدد ما احاط به علمک، اللّهمّ صلّ علی ولیّک علیّ بن موسی‌ الرّضا عدد ما احاط به علمک، صلاةً دائمةً بدوام ملکک و سلطانک، اللّهمّ سلّم علی ولیّک علیّ بن موسی‌ الرّضا عدد ما احاط به علمک سلاماً دائماً بدوام مجدک و عظمتک و کبریائک. اللّهمّ کن لولیّک الحجّة بن الحسن صلواتک علیه و علی آبائه فی هذه السّاعة و فی کلّ ساعة ولیّاً و حافظاً و قائداً و ناصراً و دلیلاً و عیناً حتّی تسکنه ارضک طوعاً و تمتّعه فیها طویلا

Allah-taala bizə bir daha, daha bir yeni ildə Əli İbn Musa Rzanın (ə) mübarək məqbərəsinin kölgəsi altında siz qardaş və bacılarla görüşməyi, bu mömin, yüksək əhval-ruhiyyəli, böyük izdihamla söz və könül birliyi atmosferində ölkəmiz, inqilabımızla bağlı müəyyən məsələlər – əsas və önəmli məsələlər ətrafında söhbət etməyi nəsib etdi. Bu uğura nail olduğumuza görə Allah-taalaya şükürlər edirəm. Bu pak və müqəddəs eyvanda, habelə ətraf məhəllələrdə toplaşmış böyük kütlədə hamı – istər müqəddəs İmam Rza (ə) ziyarətgahının yaxınlığında yaşayan əhali olsun, istərsə də bu böyük imamın cazibəsi ilə bu bölgəyə, bu ostana, bu şəhərə təşrif gətirmiş hörmətli zəvvarlarımız – hər kəs inqilabın və İslam dövlətinin müxtəlif məsələlərlə bağlı hansı fikirdə olduğunu eşitməyə böyük həvəs və maraq göstərir. Mən də bu gün yaranmış fürsətdən istifadə edərək, təbii ki, deyilməli olanların yalnız bir hissəsini deyə biləcəyəm və ümidvaram, Allah-taala özü mənim bu çıxışıma düzgün istiqamət verər, deyəcəklərim Onun razılığına səbəb olar və ilahi dərgahda qəbul olunar, inşallah.

Əziz qardaş və bacılar! Bu il ölkəmiz üçün önəmli bir ildir; həm ölkə iqtisadiyyatında ehtiyac duyulan və mühüm olan canlanma baxımından – inşallah, rəsmilərimiz bu barədə düşünsün, lazımi tədbirlər görsün – həm də qarşıda prezident, habelə şəhər və kənd şuralarına seçkilərin gözlənməsi baxımından ki, bu da öz növbəsində önəmli bir məsələdir.

Ötən il – 1395-ci ildə ölkəmizdə iqtisadi problemlər yaşandığına baxmayaraq, İran xalqı özünü iki cəhətdən parlaq surətdə göstərdi: birincisi, İslam İnqilabına, inqilabın və İslam dövlətinin dəyərlərinə sədaqət və bağlılıq baxımından – bunun təzahürünü isə 22 bəhmən yürüşlərində, habelə inqilabla əlaqəli digər siyasi-ictimai proseslərdə müşahidə olunan böyük xalq izdihamlarında görmək olardı; insanların bu mitinq və yürüşlərdə böyük coşğu və həyəcanla iştirak etməsi İran xalqının İslam İnqilabına və bu inqilabla bağlı məsələlərə nə qədər dərindən bağlı olduğunu göstərirdi – ikincisi isə dinə, dini imanla əlaqəli məsələlərə bağlılıq baxımından. Ölkənin dörd bir yanından gələn mötəbər məlumatlara əsasən, bu il mübarək ramazan ayında, məhərrəm və səfər aylarında, habelə digər dini mərasimlərdə əhalimiz həmişəkindən daha sıx şəkildə, daha böyük həvəs və maraqla iştirak edib. Camaatımız həm inqilabla, həm də din və imanla əlaqəli proseslərə həmişə olduğundan daha yüksək səviyyədə və əzmkarlıqla qatılıb. Bu, əvvəla, İran xalqının hərəkət kursunu, kimliyini dost-düşmənə nümayiş etdirmək baxımından əhəmiyyətlidir; 22 bəhmən yürüşlərinin, məhərrəm və ramazan aylarında qurulan məclislərin, itikafların, Ərbəin yürüşlərinin müəyyən bir siyasi əqidə ilə yox, bütün İran xalqının əqidə və düşüncəsi ilə, ölkədəki müxtəlif siyasi görüşlərin hamısı ilə bağlılığı var. Odur ki bu, ayrı-ayrı fərdlərin hansı siyasi əqidənin daşıyıcısı olmasından asılı olmayaraq, bütövlükdə İran xalqının dini-inqilabi hərəkət kursu ilə getdiyini göstərir. İnsanlarımızın bütün bu proseslərdə izdihamlı və coşğulu iştirakı İran xalqının kimliyini dost-düşmənə nümayiş etdirdi. Bu, birincisi.

İkincisi isə bu iştirak hamıya bizim milli birliyimizi, xalqımız arasında mövcud olan həmrəyliyi nümayiş etdirdi. 1395-ci ilə əvvəldən sona qədər nəzər salsanız, görərsiniz ki, bütün hadisələrdə bu iki əlaməti müşahidə etmək olur: birincisi, xalqın birlik və həmrəyliyini – ikinci dərəcəli, habelə siyasi məsələlər ətrafında fikir ayrılıqları mövcud ola bilər, amma həyat əhəmiyyətli əsas məsələlərdə, İslam İnqilabı və İslam dövlətinin kursu olan başlıca hərəkət kursuna münasibətdə xalqımız birgə və həmrəydir – və ikincisi, xalqın inqilaba, İslam dövlətinə, din və imanla əlaqəli məsələlərə bağlılığını. Ötən il ölkəmiz və xalqımız dünyada özünü bu iki xüsusiyyətlə göstərib, dost-düşmən bizdə bu iki xüsusiyyəti görüb. 1395-ci il belə bir il oldu.

Əlbəttə, il ərzində acı hadisələr də oldu ki, onlardan sonuncusu vəzifə borcunu yerinə yetirən əziz və fədakar yanğınsöndürənlərimizin həlak olması idi. Acı bir hadisə idi. Acı hadisələr həmişə olur, əsas odur ki, xalqımızın əzmi, iradəsi, tutduğu yol sevindirici olsun, inkişafdan xəbər versin. Əlhəmdulillah, ötən il bu var idi.

Mən deyərdim ki, xalqımızın bu il də bu şeylərə ehtiyacı olacaq. İran xalqı bu il də həm öz milli birliyini, həm İslam İnqilabına, İslam dövlətinə, dini məsələlərə olan mənəvi bağlılığını nümayiş və sübut etməli, həm də tutduğu yolu, öz hərəkət kursunu düşmənlərə – özünün, İslam Respublikasının və İranın düşmənlərinə göz dağı etməlidir. Elə bugünkü söhbətimi də mən bu mövzu ətrafında quracağam.

Bu gün mən iki mövzuda danışacağam: birincisi, ölkənin iqtisadi problemləri haqda – əlbəttə, çalışacağam ki, iqtisadçıların işlətdiyi terminlərdən uzaq olum; iqtisadiyyatımızla bağlı elə məsələlərə toxunacağam ki, mənim fikrimcə, əziz xalqımız onları bilsə, onlara diqqət yetirsə, o istiqamətdə hərəkət etsə, rəsmilərdən o şeyləri tələb etsə, yaxşı olar – və bugünkü söhbətimizin ikinci mövzusu olan seçkilər barədə; inşallah, qarşıda gözlənən seçkilərlə də bağlı müəyyən məqamlara toxunacağam.

Əziz qardaş və bacılar! İqtisadiyyat məsələsi ölkəmizin prioritet məsələsidir; özü də təkcə bu il yox, artıq bir neçə ildir ki, bu məsələ ölkənin təcili prioritetləri sırasında ən başda durur, iqtisadiyyat sahəsində doğru-düzgün bir model və fəaliyyət proqramı əsasında dinamikaya, canlanmaya ehtiyac duyulur; müəyyən işlər görülüb, onlara da toxunacağam. İran xalqının bugünkü prioriteti iqtisadiyyatdır və diqqət edin ki, düşmənimizin də prioriteti məhz bu məsələdir; yəni İslam Respublikasının düşmənləri bu gün İran, iranlılar və İslam Respublikası ilə bağlı hədəflərini reallaşdırmaq üçün məhz iqtisadiyyatla bağlı siyasi strategiyalar qurmağa, daha dəqiq ifadə ilə desək, İran xalqına iqtisadi cəhətdən zərbə vurmağa çalışırlar. Düşmənin məqsədi İran xalqına iqtisadi təzyiq göstərməklə onu İslam dövləti və İslam Respublikasından soyutmaq, küsdürmək, xalqı İslam dövlətindən uzaqlaşdırmaq və bu yolla öz hədəflərini həyata keçirməkdir. Əlbəttə, sizə onu deyim ki, ağılsız və imansız düşmənimiz xalqımızı İslam dövlətindən uzaqlaşdırmaq üçün artıq illərdir əlləşib-vuruşur, amma heç nəyə nail ola bilməyib; Allahın köməyi ilə, bundan sonra da heç nə edə bilməyəcək. Düzdür, düşmən heç nəyə nail ola bilmir, amma bu barədə danışmaq bizim borcumuzdur; çünki bu çox əhəmiyyətli bir məsələdir, rəsmilərin diqqətini bu mövzuya yönəltmək, iqtisadiyyat sahəsində xalqımızla rəsmilərimiz arasında əməkdaşlıq atmosferi yaratmaq lazımdır. İqtisadiyyat məsələsi, xalqın məişət rifahı olduqca önəmli məsələlərdir və mən bu mövzu ətrafında bir qədər danışmaq istəyirəm. Əlbəttə, dünən – ilin ilk günü xalqımıza ünvanladığım təbrik mesajında bu barədə qısaca da olsa demişəm, bu gün isə bir qədər də ətraflı söhbət edəcəyəm. İmam Səccad (ə) Allah-taalaya etdiyi dualardan birində buyurur:

(2) وَ نَعوذُ بِکَ مِن تَناوُلِ الاِسرافِ وَ مِن فِقدانِ الکَفاف

İmam Səccadın (ə) üzünü Allah-taalaya tutaraq belə bir dua etməsi, israfçılıqdan, habelə kasıbçılıqdan, məişətdə ehtiyac duyulan vəsaitlərə kifayət qədər malik olmamaqdan Allaha pənah aparması iqtisadiyyatın nə qədər əhəmiyyətli olduğunu göstərir. Odur ki bu barədə danışmalıyıq.

Lakin mən əsas mövzuya keçməmişdən əvvəl, hökmən, iki şeyi vurğulamaq, bu gün bura təşrif gətirmiş siz əzizlərimin, eləcə də bu söhbətə sonradan qulaq asacaq insanların diqqətinə iki məqamı çatdırmaq istəyirəm: birincisi, düşmən öz genişmiqyaslı təbliğatında ölkənin iqtisadi problemlərini, əhalinin məişət rifahındakı çatışmazlıqları İslam dövləti və İslam Respublikası ilə əlaqələndirmək istəyir; bu, onun planıdır. Onlar vəziyyəti elə qələmə verməyə çalışır ki, guya İslam dövləti İran xalqının üzləşdiyi əsas problemləri, o cümlədən onun iqtisadi problemini həll etməyə, çətinlikləri yoluna qoymağa heç vaxt qadir olmayıb və elə bu gün də bunu bacarmır; ölkədə müəyyən problemlərin mövcud olmasından İslam dövlətini vurmaq üçün belə bir formada sui-istifadə etmək istəyirlər. Bu fikirlər onların İslam dövlətinə bəslədiyi kin, ədavət və nifrətdən doğur. Bunlar reallığa tamamilə əks olan fikirlərdir. İslam dövləti və İslam Respublikası bu müddət ərzində İrana və İran xalqına inanılmaz dərəcədə çox və parlaq xidmətlər edib. Əgər ölkənin və xalqın vəziyyətini İslam İnqilabından əvvəlki, yəni şah diktaturasının hakimiyyətdə olduğu dövrlə müqayisə etsək, o zaman İslam dövlətinin nə qədər böyük və dəyərli xidmətləri olduğu aydınlaşar. Bəli, nöqsanlar, çatışmazlıqlar var, bunlar bizlərin idarəçilik fəaliyyəti, müxtəlif sferalarda çalışmış rəhbər şəxslərin qüsurları və səriştəsizliyi ilə bağlıdır, lakin İslam dövləti öz varlığı ilə geniş imkanlar yaradıb, bu otuz neçə ildə ölkə üçün çox böyük işlər görməyi bacarmış istedadlı rəhbər kadrlar yetişdirib; özü də elə bir şəraitdə ki, bu otuz neçə il ərzində xalqımız daim düşmənlərin iqtisadi təzyiqlərinə, sanksiyalara məruz qalıb.

Mən bir neçə misal çəkəcəyəm. Əlbəttə ki, deyəcəklərim İslam Respublikasının çoxsaylı xidmətləri arasından yalnız bir neçəsi olacaq; İslam dövlətinin ölkəmizə və xalqımıza etdiyi xidmətlərin hamısını sadalasaq, uzun bir siyahı alınar. Baxın, inqilabın əvvəlindən indiyə qədər ölkə əhalisinin sayı iki dəfə artıb; yəni təxminən 40 milyondan 80 milyona çatıb, amma bu illər ərzində baş verənləri, müxtəlif sahələrdə həyata keçirilmiş işləri qeyd etmək istəsək, artıq 2, 3 dəfə çoxalmadan yox, qat-qat yüksək və diqqətəlayiq rəqəmlərdən danışmalı olacağıq.

İnfrastruktur sahəsində – başqa ölkələrlə müqayisə meyarı əsasında götürsək – ölkədə, doğrudan da, çox böyük və möhtəşəm işlər görülüb. Misal üçün, bu illər ərzində ölkədə yolların uzunluğu 6 dəfə artıb; ölkədəki limanların potensialı 20 dəfə çoxalıb; əhalinin içməli və suvarma suyunu təmin edən sutoplayıcı bəndlər 30 dəfə çoxalıb; ölkədə elektrik enerjisinin istehsalı 14 dəfə artıb; qeyri-neft məhsullarının ixracı 57 dəfə çoxalıb – inqilabdan əvvəl, şah diktaturası dövründə ölkənin ixracatı, demək olar ki, yalnız neftlə məhdudlaşırdı; çox az həcmdə digər istehsal məhsulları da var idi ki, onlar da neftin yanında, belə desək, heç nə idi – bu gün isə qeyri-neft məhsullarının ixracı 57 dəfə artıb; neft-kimya məhsullarının istehsalı 30 dəfə, polad məhsullarının istehsalı isə 15 dəfə çoxalıb; bunlar infrastruktur sahəsində görülmüş işlərdir. Dinamikaya, iqtisadi inkişafa nail olmaq istəyən hər bir ölkənin bu şeylərə ehtiyacı var. Bütün bu işlər inqilabdan sonrakı dövrdə həyata keçirilib.

Elm və texnologiya sferasında; inqilabın əvvəlindən indiyə qədər ölkədə tələbələrin sayı 25 dəfə artıb; inqilabın əvvəllərində ölkədə cəmi iki yüz neçə min nəfər tələbə var idi, bu gün isə müxtəlif ali təhsil ocaqlarında 5 milyona yaxın tələbə təhsil alır; elmi məqalələrin sayı 16 dəfə çoxalıb; eləcə də bir sıra digər elmi-texnoloji işlər həyata keçirilir.

Sosial inkişaf, insan inkişafı sahəsində göstəricilərimiz olduqca yüksəkdir. Əhaliyə xidmət sahəsində – elektrik, qaz, telefon, kəndlərin abadlaşdırılması və sair bu kimi xidmətlərdə – statistik rəqəmlər çox yaxşıdır, sevindiricidir. Hərbi fəaliyyətlərlə bağlı statistika çox yüksəkdir; inqilabın qələbəsindən öncə hərbi cəhətdən sırf xaricdən, özü də Amerika kimi düşmən dövlətlərdən asılı olan bir ölkə bu gün hərbi sahədə düşmənin belə gözünü qamaşdıran, onu qəzəbləndirən və narahat edən parlaq və diqqətəlayiq nailiyyətlər əldə edib.

Bütün bunlar İslam dövlətinin hünəridir; bunlar İslam dövlətinin həyata keçirdiyi işlərdir. Bayaq qeyd etdim ki, əgər İslam dövlətinin bütün xidmətlərini sadalamaq istəsək, çox uzun bir siyahı alınar; görülən işlər bu dediklərimdən qat-qat artıq və yüksəkdir. Əlbəttə, bu inqilab dayanmayacaq, inkişaf dayanmayacaq; hələ qarşıda görüləsi bir çox işlər var ki, Allahın köməyi ilə, görüləcək də. Gələcəkdə görüləsi işlər İslam dövlətinin ümumi siyasətlərində açıq şəkildə öz əksini tapıb, hansı işlərin həyata keçirilməli olduğu həmin siyasətlərin sırasında konkret olaraq qeyd olunub.

Doğrudur, nöqsan və çatışmazlıqlarımız da olub; özü də, heç də az olmayıb. Mənim ölkə rəsmilərinin – o cümlədən elə özümün də – fəaliyyətində bütün bu illər ərzində, bütövlükdə ölkə miqyasında hansı nöqsan və çatışmazlıqlar olduğundan xəbərim var. Bir sıra nöqsanlar var ki, bunlar İslam dövlətinin ümumi hərəkət kursu ilə yox, biz rəsmilərin idarəçiliyi ilə bağlıdır. Harada idarəçilik işləri inqilabi prinsiplər əsasında, fəal və dinamik bir şəkildə aparılıbsa, o yerdə işlər həmişə irəli gedib; harada ki idarəçilik zəif, inqilabi prinsiplərə uyğun olmayan şəkildə, passiv və pessimist ruhda aparılıb, o yerdə işlər ya dayanıb, ya da yanlış istiqamətdə gedib. Bu bir problemdir; mövcud olan bir çatışmazlıqdır, nöqsandır. Rəhbər kadrlarımız, inşallah, daha stimullu olmalı, daha səmərəli işləməli, daha çox çalışmalıdırlar. Allahın köməyi ilə, elə belə də olacaq. Mən tam qətiyyətlə deyirəm ki, əgər ölkənin müxtəlif sferalarında dindar, inqilabi prinsiplərə uyğun, səmərəli idarəçilik olsa, ölkənin bütün problemləri öz həllini tapacaq. Ölkəmizdə həlli mümkün olmayan bir problem yoxdur. Qeyd etmək istədiyim məqamlardan biri bu idi. 

İkinci məqam budur ki, ölkəmizin potensialı olduqca yüksəkdir. İmkanlarımız çox genişdir, istedadlı insanlarımız çoxdur. Yəni əgər mən gələcəyə ümid ifadə edərək: “Bu işlər görülməlidir” və ya “Bu işlər görüləcək” – deyirəmsə, bunu ölkənin potensial imkanlarına əsaslanaraq edirəm. Bizim ölkəmiz həm insan potensialı, həm də təbii resursları – yeraltı və yerüstü sərvətləri, digər cürbəcür resursları baxımından ən zəngin ölkələrdən biri hesab olunur. İnsan sərmayəsi baxımından – az öncə qeyd etdiyim kimi – 5 milyon tələbənin varlığı ölkə üçün böyük bir sərvətdir; bundan əlavə, hələ ölkəmizdə 10 milyona yaxın universitet məzunu var ki, onlar da müxtəlif işlər həyata keçirə bilər. Ölkəmizdə əmək fəaliyyəti ilə məşğul ola biləcək, yəni 15-40 yaş arasında olan 33 milyon insan var; yəni gənc bir ölkəyik, bu qədər gəncimiz var, işləyə bilərlər. Mütəxəssislərin rəyinə görə, əmək qabiliyyəti olan bir insanın – istər kişi olsun, istərsə də qadın – işləmək üçün ən effektiv yaş dövrü 15-40 yaşlar arasıdır və bu baxımdan ölkəmizdə, Allaha həmd olsun ki, vəziyyət çox yaxşıdır, ölkə əhalisinin 33 milyonu məhz bu yaş həddindədir, işləyə bilərlər, çiyinlərinə ağır yük götürə bilərlər. Yeraltı sərvətlərimiz baxımından da dünyada öndəyik. Mən bir dəfə də demişdim (3) ki, ölkəmizin əhalisi dünya əhalisinin bir faizini təşkil edir, amma demək olar, bütün yeraltı sərvətlərimizin həcmi dünya üzrə bir faizdən çoxdur; bəziləri iki faiz, bəziləri üç faiz, bəziləri beş faiz təşkil edir; yəni yeraltı sərvətlər baxımından başımız ucadır. Bir-iki il bundan əvvəl mən elə ilin ilk günü baş tutan belə bir görüşdə (4) qeyd etmişdim ki, biz neft və qaz resurslarının ümumi həcmi baxımından dünya üzrə birinciyik; yəni neft və qaz resurslarını birlikdə götürsək, dünya üzrə bu baxımdan ən yaxşı və zəngin ölkə bizik, birinci yerdəyik. Bu yaxınlarda mənə bir statistika təqdim etdilər, məlum olub ki, biz təkcə qaz resurslarının həcmi baxımından da dünya üzrə birinci yerdəyik; yəni heç bir ölkənin bizim ölkəmiz qədər nefti və qazı yoxdur, qaz ehtiyatları baxımından isə dünya üzrə heç bir ölkənin bizim qədər qazı yoxdur. Təbii qaz isə bu gün ən mühüm enerji mənbələrindən biridir. Bəli, bu ölkə zəngin bir ölkədir. Əbəs yerə deyil ki, düşmənlərimiz – yəni imperialist dövlətlər, Amerika və bu qəbildən olan başqaları – bu ölkəyə tamah gözünü dikib, onu öz ağalığı altına keçirmək istəyir. Əlbəttə ki, bu, onların həmişəki arzusudur, amma bu arzularına heç vaxt çatmayacaq və heç şübhəsiz, onu özləri ilə birlikdə qəbirə aparacaqlar.

Yaxşı, gəlin iqtisadiyyat barədə söhbətimizə keçək; vaxtımız məhduddur və gərək mən bu gün sizə demək istədiklərimi çatdırıb qısaca da olsa deyəm.

Baxın, biz ölkəmiz və xalqımız üçün nə istəyirik? Ölkəmizin və xalqımızın hansı məqama yetişməsini istəyirik? Biz xalqımız üçün milli təhlükəsizlik istəyirik, milli qürur və heysiyyət istəyirik, cəmiyyətimizdə hər kəsin sağlam olmasını, maddi rifah içində yaşamasını istəyirik; hərtərəfli inkişaf istəyirik, dünyanın imperialist dövlətlərindən asılı olmadan, müstəqil yaşamaq istəyirik, istedadlarımızın çiçəklənməsini istəyirik, narkomaniya, korrupsiya və sair bu kimi sosial bəlalardan qurtulmaq istəyirik; ölkəmiz üçün istədiklərimiz bunlardır. Bunlar bizim maddi cəhətdən ölkəmiz üçün arzuladığımız və nail olmağa çalışdığımız şeylərdir. Xalqımız yalnız o zaman rahat həyata qovuşacaq ki, ölkənin daxilində onun üçün bu şeylər təmin olunsun. Bəs bunları necə əldə etmək olar? Milli qürur, milli təhlükəsizlik, milli iqtidar, hərtərəfli inkişaf necə əldə olunmalıdır? Sizə deyim ki, güclü iqtisadiyyatı olmadan, ölkənin bütün bunlara nail olması mümkün deyil. Bizim güclü idarəçilik altında olan güclü iqtisadiyyata və güclü istehsalata ehtiyacımız var. Bizim ehtiyacımız budur: güclü, inamlı, özünə arxalanan bir iqtisadiyyat; başqalarına əl açmayaq, seçim edə bilək, hərəkət edə bilək, addım ata bilək, neftin qiymətinə təsir göstərə bilək, milli valyutamızın dəyərini artıra, əhalimizin alıcılıq qabiliyyətini yüksəldə bilək. Belə güclü iqtisadiyyata sahib olmadan, nə davamlı bir şəkildə milli nüfuzumuz, nə də təhlükəsizliyimiz olacaq; bu şeyləri təmin etməliyik. İqtisadiyyatın əhəmiyyəti budur. Və əlbəttə ki, milli birlik olmadan da bu arzulara nail olmaq mümkün deyil; ümumilikdə xalqla dövlət arasında sıx bağlılıq olmadan da bu arzular həyata keçməyəcək; həmçinin inqilabi dəyərlərə uyğun mədəniyyət olmadan; cəsarətli, fəal, çalışqan rəsmilər olmadan da bu arzular reallaşmayacaq. Bizə bütün bunlar lazımdır, bunları təmin etməliyik və təmin edə bilərik də. Odur ki hazırda bizim ən önəmli problemlərimizdən biri iqtisadiyyat məsələsidir.

Müqavimət iqtisadiyyatının nə demək olduğunu demişik, bu barədə danışmışıq; dostlarımız, icraedici hakimiyyətin tərkibində, eləcə də digər hakimiyyət strukturlarında çalışan rəsmilər bu məsələni diqqətlə izləyiblər, müəyyən proqramlar hazırlayıblar, müəyyən işlər görülüb. Bəli, bu işlərin görülməyi yaxşıdır, mən onlardan bəzilərini bir azdan qeyd edəcəyəm də, amma bu gün göz önündə olan reallıq budur ki, ölkəmizin iqtisadiyyatında böyük boşluqlar var. Onlardan biri işsizlik məsələsidir; xüsusilə də gənclərin, özü də ali təhsilli gənclərin işsiz qalmasıdır. Bu bir boşluqdur, bir çatışmazlıqdır. Məşğulluğu təmin etmək lazımdır. Aztəminatlı təbəqənin məişət rifahı məsələsi; mən məlumatları daim izləyirəm, ölkənin müxtəllif yerlərində əhalinin vəziyyəti haqda xəbərim var; xalqımız gündəlik həyatda problemlərlə üzləşir. İşsizlik, həyat şəraitinin çətinliyi kimi problemlər var; bunlar isə arxasınca cürbəcür sosial və mədəni problemlər gətirir.

Bəli, dedik ki, düşmən də diqqətini məhz bu məqamlar üzərində cəmləyərək bu problemlər ətrafında təbliğat aparır. İqtisadçı ekspert və mütəxəssislər əsas problemi durğunluq və işsizlikdə görür; haqlıdırlar da. İki əsas problemimizdən biri işsizlikdir, o biri isə daxili istehsalatdakı durğunluq, istehsalın azlığıdır. Düzdür, bu problemlərin həlli müqavimət iqtisadiyyatında var, nəzərdə tutulub, amma müqavimət iqtisadiyyatı bütöv bir məcmudur. Əgər biz bu məcmunu hissələrə ayırıb, hər mərhələdə ölkədə onun əsas məsələlərindən bir hissəsi üzərinə daha çox diqqət yönəldə bilsək, heç şübhəsiz, ondan yaxşı nəticələr götürə biləcəyik.

1395-ci ildə yaxşı işlər görülüb. Möhtərəm rəsmilərimizin həyata keçirdiyi işləri qeyd edib onlara təşəkkürümüzü bildirsək, yerinə düşər. Ötən ilin əvvəllərində hökumət nümayəndələri ilə keçirdiyimiz ilk toplantıda mən kiçik və orta istehsal müəssisələrinə dəstək verməyin vacib olduğunu vurğulamışdım, rəsmilərimiz həmin müəssisələrə kömək etməyi qərara alıblar. 20 minə yaxın kiçik istehsal müəssisəsinin işini canlandırmaq, onları durğunluqdan çıxarmaq üçün 15 trilyon vəsait ayırılıb; lazımi tədbirləri də görüblər. Əlbəttə, bir qədər gec oldu, amma axır ki, işə başlandı, tədbir görüldü. Bəli, bu, yaxşı bir addım idi, lakin hər bir yaxşı işdə ardıcıllıq və nəzarət lazımdır. Bir işin davam etdirilməsi üçün lazımi diqqət və nəzarət olmasa, o iş gözlənən nəticəni vermir. Mən bu məsələyə cavabdeh olan rəsmi şəxslərdən hesabat istədim, müxtəlif kanallar vasitəsilə reallıqda işlərin nə yerdə olduğu barədə araşdırma apardım, belə başa düşdüm ki, düzdür, işlər müəyyən qədər irəli gedib, intəhası xərclənmiş vəsait qədər nəticə əldə olunmayıb. Müəyyən uğurlar əldə olunub, lakin gözlənən səviyyədə olmayıb, işlər irəliləməli olduğu qədər irəliləməyib. Elə etməliyik ki, rəsmilərin gördüyü tədbirlər, onların icraiyyə siyasətləri yekun nəticəsini versin.

Bu gün bizim bəzi iqtisadi göstəricilərlə bağlı çoxlu problemlərimiz var. Bəzi göstəricilər yaxşıdır; misal üçün, inflyasiya göstəricisində azalma müşahidə olunur ki, bu da çox yaxşıdır, lakin işsizliyin göstəricisi artıb, yəni işsizlik çoxalıb. Bunlar dövlət rəsmilərinin özlərinin təqdim etdiyi rəsmi statistikadır. Və ya iqtisadi artım – göstəricilər müsbətdir; investisiya qoyuluşu sahəsində isə göstəricilər mənfidir, bu isə böyük və önəmli bir nöqsandır. Məsələn, bəzi sahələrdə – neft sahəsi kimi – irəliləyiş əldə etmişik, bəzi digər sahələrdə isə – mədən sənayesi, mənzil tikintisi kimi – geriləmişik. Yəni rəsmi statistika insanı qane edib ümumən iqtisadi problemləri aradan qaldırmağa doğru getdiyimizə inandırmır.

Yaxşı, gəlin dünəni arxada qoyub, gələcəyə baxaq. Gələcək haqqında düşünərkən mən açar və prioritet məqam kimi istehsalı görürəm; milli istehsalı, daxili istehsalı. Mənim tövsiyəm, mənim arzum, mənim tələbim budur ki, milli istehsalın dirçəldilməsinə böyük diqqət yetirilsin. Daxili istehsal bizim üçün açar kəlmədir. Mən bütün bunları ona görə danışıram ki, əvvəla, bu çıxış bütün İran xalqı qarşısında edildiyinə görə möhtərəm rəsmilərimiz qeyd olunan məqamlara diqqət yetirib onların üzərində çalışsınlar, ikincisi isə elə ictimaiyyətimiz də hökumət qarşısında məhz bu istiqamətdə tələblər qoysun; xalqın tələbi bu gün ətrafında danışdığımız, vurğuladığımız məsələlərə yönəlsin. Mən belə hiss edirəm ki, ölkə iqtisadiyyatının hazırkı mərhələsi üçün əsas məsələ milli istehsalın, daxili istehsalın rövnəqləndirilməsi məsələsidir. Bu bir açar sözdür və bu ümumi mövzunun altında çoxlu sayda digər başlıqlar var. Əgər biz daxili istehsalı dirçəldə bilsək, yeni iş yerləri yaranacaq, nəticədə isə işsizlik problemi aradan qalxacaq və ya azalacaq. Bu gün ölkəmizin böyük bəlalarından biri gənclərin işsizliyidir, işsizliyin göstəricisi yüksəkdir.

Mən burada ona yaxın bənd qeyd etmişəm, əlbəttə, onlardan hər biri barədə ayrıca danışmaq lazımdır, amma mən yalnız onların adlarını sadalamaqla kifayətlənməli olacağam. Birincisi, qeyd etdiyim kimi, məşğulluqdur. Daxili istehsalın rövnəqlənməsindən əldə ediləcək digər bir uğur istedadların çiçəklənməsi, gənclərin təşəbbüslərinə təkan verilməsidir. İstehsal bazarı qızışandan sonra gənclərin istedadı da çiçəklənəcək, ortaya yeni-yeni təşəbbüslər qoyacaqlar.

Üçüncüsü, əhəmiyyətli olan valyutanın xərclənməməsi; ölkənin valyutası – hansı ki çox əhəmiyyətlidir – istehlak mallarına xərclənməyəcək, cürbəcür məhsullara sovrulmayacaq. Daha sonra: durğun vəziyyətdə qalan pul ehtiyatlarının işə düşməsi; ehtiyatda pulu olan şəxslər var; ölkədə istehsal rövnəqlənsə, həmin durğun ehtiyatlar dövriyyəyə girib, özləri ölkə üçün sərvət istehsal etməyə başlayar.

İxracatda sıçrayış; istehsal olsa, ixracatda da sıçrayış olacaq, bu da yenidən ölkəyə sərvət gətirəcək. Daxili istehsalın dirçəlməsinin daha bir faydası xarici brendlərin istifadəsində bəhsəbəhs etmək həvəsinin arxa plana keçməsi olacaq. Bu gün bizim böyük etik və sosial bəlalarımızdan biri xarici brendlərdən istifadədə bəhsəbəhs etməyimizdir; bir-birimizin bəhsinə hansısa məşhur xarici fabrikin məhsulu olan paltardan, ayaqqabıdan, çantadan, digər məhsullardan istifadə edirik; mən ona acıq verirəm, o, bir başqasına acıq verir; yarışma gedir. Ölkədə istehsalı rövnəqləndirməklə biz, əslində, mədəni bəla, mədəni problem olan bu kimi halları azalda və ya qarşısını tamamilə ala bilərik.

İstehsalın dirçəlməsinin faydalarından biri də sosial problemlərin ortadan qalxması və ya azalmasıdır. İşsizlik fəsada, insanların gec ailə qurmasına, narkomaniyaya qurşanmasına səbəb olur. İşsizlik olmasa, bunlar da aradan qalxacaq. İstehsalın dirçəlməsini bu kimi problemlərin də əlacı hesab etmək olar.

Xalqda pozitiv əhval-ruhiyyənin yaranması; ölkədə istehsal işə düşsə, bu, əhalidə yüksək əhval-ruhiyyə, pozitiv köklənmə yaradacaq ki, bunun özü də ölkənin inkişafında önəmli bir amildir. Ölkənin dağ-mədən potensialı işə düşər – təəssüf ki, hazırda bu sahədə xeyli geriyik – Allah-taalanın bu xalqa bəxş etdiyi faydalı qazıntılardan istifadə edə bilərik. Mən bir neçəsini saydım, siz özünüz düşünsəniz, başqa şeylər də ağlınıza gələcək. Bütün bunlar ölkədə istehsalın rövnəqlənməsinin müsbət nəticələridir.

Düzdür, dildə “istehsal”, “milli istehsal”, “daxili istehsal” deyirik, amma hər halda, bunun üçün müəyyən resurslar, imkanlar lazımdır. Bizdə bu resurslar varmı və ya onları əldə edə bilərikmi? Mənim cavabım budur ki, bəli, bu gün bu imkanlar bizdə var; bəziləri faktiki olaraq hazırda var, bəzilərini isə istədiyimiz vaxt əldə edə bilərik. Bu imkanlar, əsas etibarilə, insan potensialından, bacarıqdan, sərmayədən və zəruri olan, inkişaf etmiş texnologiya və avadanlıqlardan ibarətdir. İstənilən ölkədə istehsalın uğurlu inkişafı üçün bu şeylər tələb olunur. Mənim fikrimcə, bu imkan və vasitələrdən bəziləri faktiki olaraq hazırda bizim ölkəmizdə mövcuddur, bəzilərini isə bir o qədər də böyük çətinliklə üzləşmədən əldə edə bilərik.

İnsan potensialına gəlincə; qeyd etdik ki, ölkə əhalisinin 33 milyon nəfəri əmək fəaliyyəti ilə məşğul olmaq üçün ən münasib yaşdadır; yəni 15-40 yaş arasındadır. Əlbəttə, ümumilikdə əmək qabiliyyəti olan, yəni 15-65 yaş arasında insanlar – belə ki, məsələn, 65 yaşdan sonra insan artıq iş-gücdən düşmüş hesab olunur – daha çoxdur, 55 milyon nəfərə yaxındır, lakin gənc hesab olunan, aktiv əmək fəaliyyəti ilə məşğul ola biləcək insan potensialımızın həcmi azı 33 milyon nəfərdir. Bizim 10 milyon universitet məzunumuz var, 5 milyona yaxın tələbəmiz var; bunlar ölkə üçün sərvətdir. Mən məlumatlı insanlardan eşitmişəm ki, bizim ölkəmiz mühəndislərin sayına görə dünya ölkələri – hətta böyük və inkişaf etmiş ölkələr arasında ön sıralarda durur; yəni kadr potensialı baxımından imkanlarımız bu qədər çoxdur.

Sərmayə; istehsal üçün lazım olan şeylərdən biri də sərmayədir. Adətən deyirlər ki, istehsalçıları istehsala sövq edə bilmək üçün bizim lazımi qədər sərmayəmiz yoxdur; mən bununla razı deyiləm. Şəxsi imkanlardan əlavə – insanların özlərinin şəxsi imkanları da var axı – dövlət Milli İnkişaf Fondu yarada bilib. Milli İnkişaf Fondu ilə bağlı bir arayış verim: bu, dövlətin ümumi siyasətlərinə bir neçə il əvvəl əlavə edilmiş bir siyasətdir. Bu siyasətə əsasən, iş başına gələn hökumətlər öz proqramlarına Milli İnkişaf Fondunu da daxil etməlidir. Milli İnkişaf Fondu nədir? Bu o deməkdir ki, ölkənin neft gəlirlərindən (o neft ki, ölkə üçün heç bir əlavə dəyər yaratmadan quyudan çıxarıb xam şəkildə satırıq) müəyyən faizi kənara qoyulur və bu vəsait ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması üçün nəzərdə tutulur. Demişdik, əvvəl 20 faiz olsun, sonra da hər il bir az, yəni 3 faiz artırarıq. İndiyə qədər o 3 faizləri artırsaydıq, bu il neft gəlirlərindən 36 faizi Milli İnkişaf Fonduna ayrılmalı idi; yəni ölkə iqtisadiyyatının neftdən asılılığının bu həcmdə azalması üçün hazırda Milli İnkişaf Fondunda saxlanırdı. Bu proses davam etdikcə də bir neçə il sonra neft iqtisadiyyatımızdan tamamilə ayrılacaq ki, bu da ölkəmiz üçün böyük bir fürsət və üstünlükdür. Bizim ölkəmizin, eləcə də bəzi digər ölkələrin böyük bir bədbəxtliyi budur ki, iqtisadiyyatları neftdən asılıdır. Neftin ixtiyarı isə onu istehsal edənlərin yox, istehlak edənlərin, dünyanın böyük dövlətlərinin əlindədir; neftə qiymət qoyan, qiyməti aşağı-yuxarı edən onlardır. Nefti istehsal edənlər bu məsələdə, əslində, böyük dövlətlər qarşısında acizdir. Hansısa ölkə nefti ola-ola öz iqtisadiyyatını neftdən ayıra bilsə, sözsüz ki, qat-qat artıq inkişafa nail olar. Milli İnkişaf Fondu bu məqsədlə yaradılmışdı. Əlbəttə, 1394-cü ildə dövlət rəsmiləri neft gəlirlərinin azaldığını bildirdilər – həm satış az olub, həm qiymət aşağı olub – vacibdir dedilər, xahiş etdilər ki, mən Ali Rəhbər kimi öz səlahiyyətlərimdən istifadə edib icazə verim, o 3 faiz üstünə gəlməsin, yalnız 20 faiz ayrılsın. Mən də razılaşdım, dövlətə icazə verdim ki, Milli İnkişaf Fondunda yalnız 20 faiz saxlasın. Bu fond özəl sektora – yəni daxili istehsalçıya pul ayırmaq, onun istehsal fəaliyyətinə təkan vermək üçündür. Bu da sərmayə; yəni özəl sektora Milli İnkişaf Fondundan maliyyə dəstəyi verilməsi lazımlı bir məsələdir. Milli İnkişaf Fondunu ölkə üçün bir şans kimi dəyərləndirmək lazımdır; bu şans istehsala xidmət edə bilər və etməlidir də; yəni daxili istehsalçılar dövlətin düzgün siyasət və proqramları əsasında bu fonddan istifadə edə bilər. İnsan potensialını dedim, sərmayə də bu cür təmin oluna bilər. 

Texnika və avadanlıqlar; bəziləri deyir ki, bizdə müasir, inkişaf etmiş texnika və avadanlıqlar yoxdur. Mən deyirəm: qısa müddət ərzində uranın zənginləşdirilməsi texnologiyasını 3.5 faizdən 20 faizə çatdıra bilmiş İran gəncləri – hansı ki bu, ölkədə həyata keçirilmiş böyük bir iş idi; mən bunu camaatla görüşlərimizdən birində də demişəm (5) ki, uranın zənginləşdirilməsində əsas problem elə 3.5 faizlə 20 faiz arasındadır; uranı 20 faiz zənginləşdirməyə müvəffəq olmuş bir ölkə ondan yuxarı lap 99 faizə də artıq asanlıqla çata bilər; əsas çətinlik bundadır; mən özüm şahidi oldum, vaxtaşırı məlumat alırdım ki, bizim gənc alimlərimiz işin bu çətin mərhələsini qısa müddət ərzində reallaşdırdılar, bu yolu qət edib uranın zənginləşdirilməsini 3.5 faizdən 20 faizə çatdıra bildilər – belə bir möhtəşəm elmi hərəkata imza ata bilmiş, yaxud ağır beynəlxalq sanksiyalara rəğmən, raket və təyyarə istehsalı sahəsində İsrail zabitini, İsrail hərbi qüvvəsinin başçısını heyran qoyan – deyib ki, mən iranlılara düşmənəm, amma onların gördüyü işi təqdir etməmək üçün özümü saxlaya bilmirəm, iranlılar çox böyük bir iş görüblər (6) – o cür raket, o cür təyyarə, o cür müasir silahlar istehsal edib düşmənin gözünü qorxutmağı, uranın zənginləşdirilməsini 3.5 faizdən 20 faizə çatdırmağı bacarmış İran gəncləri avtomobil istehsalı və ya başqa bir sahə üçün lazım olan texnologiyanı inkişaf etdirə bilməzlər? Niyə bacarmırlar ki?! Bizim gənclərimizdə bu bacarıq var! Ölkəmizin insan potensialı, intellektli, istedadlı, ali təhsilli İran gənclərinin fəal və düşünən beyni bu işlər üçün hazırdır. Biz bir çox işlər görə bilərik. Gənclər bizim böyük və çıxılmaz görünən bir çox problemlərimizi həll edə bilərlər, yetər ki meydanı onlar üçün açaq. Universitetlərimiz sənaye müəssisələrimizlə əməkdaşlığa həsrətdir. Mən hələ bir neçə il əvvəldən universitetlərlə sənaye müəssisələrinin əməkdaşlıq etməsini tövsiyə etmişəm. Əlbəttə, bu əməkdaşlığa müəyyən qədər nail olunub da; müdafiə sənayesi sahəsində daha yüksək səviyyədə, həmçinin digər sferalarda. Universitetlərimiz yardımçı ola bilər; bu həm universitetlərimiz üçün, həm elmimizin inkişafı üçün, həm də sənayemiz üçün yaxşıdır. Odur ki istehsalat məsələsində bizim resurslar baxımından problemimiz yoxdur; həm işçi qüvvəmiz var, həm müasir avadanlıqlar əldə edə bilərik, həm də Milli İnkişaf Fondu, insanların öz şəxsi sərmayəsi və sair hesabına investisiya məsələsini həll edə bilərik. Demək, istehsalın çiçəklənməsi reallaşması mümkün olan bir mövzudur, ölkədə bunun üçün lazım olan hər cür imkanlar var. 

Lakin daxili istehsalın inkişafının müəyyən şərtləri, tələbləri də var; müəyyən vəzifələr var ki, biz onları öhdəmizə götürməliyik. Həm sadə xalqın nümayəndələrinin, həm də dövlət adamlarının, ədliyyə və parlament rəsmilərinin öhdəsinə müəyyən vəzifələr, tələblər düşür. Bu tələblərə əməl olunsa, ölkədə istehsal rövnəqlənər. Onlardan bəzilərini mən indi qeyd edəcəyəm; bunları ona görə deyirəm ki, ictimaiyyətin bu məsələlər haqda məlumatı olsun, insanlarımız bilsin. Biz çıxmaza dirənməmişik, çıxış yolu, irəli getmək üçün keçidi olmayan bir yolda deyilik. Biz irəli gedə bilərik, intəhası bir az daha canlı, daha dinamik hərəkət etməliyik. Tələblərdən biri effektiv, məsuliyyətli və dindar idarəetmədir. Yüksək çinli rəsmilər istehsalla əlaqəli sferalara effektli, səriştəli rəhbər kadrlar təyin etsinlər; o işlərin başına canla-başla, optimist əhval-ruhiyyə ilə işləyən, işinə böyük həvəs və maraqla yanaşan, stimullu, güclü insanları qoysunlar. Tələblərdən biri budur ki, bu da ölkənin yüksək çinli rəsmilərinin əlindədir. 

Digər bir məsələ xalqın istehsalda iştirakına şərait yaratmaqdır; xalq istehsalın rövnəqlənməsində iştirak etməlidir. Bir neçə il əvvəl biz 44-cü maddənin siyasətlərini elan edəndə bütün iqtisadi ekspertlər bildirdilər ki, bu, siyasətdə bir inqilabdır. Yaxşı, qoy elə o siyasətləri həyata keçirsinlər; xalqın istehsalda iştirakını təmin etsinlər. İslam Respublikası ölkənin müdafiəsi, müharibə işində düzgün idarəçilik prinsipi və doğru seçim əsasında xalqı səfərbər edib müharibə meydanlarına göndərməyi bacardı və müharibəni uddu; halbuki müharibə, ölkənin müdafiəsi, sərhədlərin qorunması, bir qayda olaraq, xalqın yox, dövlətin işidir; dövlətin, ordunun üzərinə düşən bir vəzifədir. Xalq sərhədlərin qorunması işində – dövlətin, ordunun işi olan bir işdə meydana atıldığı zaman irəli gedə bildi. Parlaq döyüşçülərimizin çoxu xalqın içindən çıxıb, bəsicidirlər; bəsici olublar, bəsici olaraq döyüşüblər və bəsici kimi də şəhid olublar. Yaxşı, iqtisadiyyat da bunun kimi; iqtisadiyyat xalqla bağlı bir məsələdir. İqtisadi məsələlərdə xalqın meydanda iştirakını təmin etsək, xalq iqtisadiyyat və istehsalatda aparıcı rolu üzərinə götürsə, heç şübhəsiz, işlər irəli gedəcək. Şərtlərdən biri də budur.

İstehsalın dirçəlməsinin tələblərindən biri də ixracatdır; dövlət rəsmiləri bu sahədə fəallaşmalıdır. Rəsmilərin mənə təqdim etdiyi hesabatlara əsasən, təəssüf ki, ölkəmiz ixracat sahəsində, hətta təkcə ixracat yox, ümumilikdə biznes əlaqələri, ixrac və idxal sahəsində cəmi 5-6 ölkə ilə əməkdaşlıq edir. Bu, səhvdir; bu, müqavimət iqtisadiyyatına ziddir. Müqavimət iqtisadiyyatının siyasətlərini sadalayarkən biz bunu da vurğulamışıq. Müqavimət iqtisadiyyatının siyasətlərindən biri də budur: ixracın stimullaşdırılması, məhsullarımızın ixrac olunduğu ölkələrin genişləndirilməsi. Beş-altı ölkə ilə kifayətlənib oturmağımız düzgün deyil. Bunun üçün rəsmilər daha fəal hərəkətə keçməlidir; istər xarici siyasətdə, istərsə də digər sahələrdə.

Digər bir tələb investisiyanın təhlükəsizliyidir; bu isə məhkəmə hakimiyyətinin inzibati qurumlarının və hüquq-mühafizə orqanlarının işidir. Onlar elə etməlidir ki, investisiyanın təhlükəsizliyi qorunsun. Mühüm məsələlərdən biri də siyasətlərin sabitliyidir. Qanunlar – qanunlarda daim dəyişikliklər edilməməlidir, bu isə parlamentin işidir. Əvvəla, əngəlləyici qanun və prosedurlar aradan qaldırılmalı, ikincisi isə qanunlarda sabitlik yaradılmalıdır. Hər gün investisiya qoyuluşuna əngəl olan təzə bir qanun qəbul olunmamalıdır.

Qeyd etdiyim bu iqtisadi təhlükəsizlik, investisiyanın təhlükəsizliyi məsələsi olduqca önəmlidir. Biz bu sahələrdə bəzi səhlənkarlıqlara yol vermişik. Məsələn, ölkənin hansısa yerində səs-küylü bir investisiya layihəsinə başlanır, Dövlət Teleradiosu da işə qarışaraq reklam edir, camaat gəlib evini, qızılını, hər şeyini bu layihəyə qoyur, sonradan məlum olur ki, hansısa məqamda saxtakarlığa yol verilib. Bax bu, iqtisadi təhlükəsiziyə ziddir. İstehsalın təhlükəsizliyini təmin etmək lazımdır. Bunlar istehsalın rövnəqlənməsi üçün vacib şərtlərdir.

Daxili istehsalda olduqca önəmli məsələlərdən biri də əhalinin özündə məsuliyyət hiss etməsidir. Düzdür, mən xalqın tərəfindəyəm, xalqın istək və tələblərini ifadə edirəm, lakin əziz camaatımız bilsin ki, bu işdə məsuliyyət təkcə rəsmilərin öhdəsinə düşmür, əhali özü də məsuliyyət daşıyır. Mən daxili istehsaldan danışıram, bu mövzunu vurğulayıram, amma sözsüz ki, daxili istehlakın da yüksək səviyyədə olmasını gözləyirəm. Nəyə görə bizim camaatımız daxili məhsullardan istifadəyə az əhəmiyyət verir? Düzdür, sevindirici haldır ki, son vaxtlar bu sahədə müəyyən işlər görülür; bəzi ticarət mərkəzləri satışa yalnız daxili məhsul çıxarırlar. İran istehlakçıları ölkə daxilində istehsal olunan məhsullara üstünlük verməli, xarici brend, xarici ad arxasınca qaçmamalıdır. Mənim gözləntilərimdən biri də budur.

Digər bir gözləntim isə budur ki, gənclərimiz, doğrudan da, işləmək istəsin, işləmək əzmində olsun, tənbəllik, məsuliyyətsizlik olmasın. Həqiqətən də bütün xalqın öhdəsinə düşən işlərdən biri də elə bu məsuliyyət hissidir; əhalimiz özündə məsuliyyət hiss etməlidir. Məsuliyyətsizliyə misal olaraq bir şeyi də qeyd etmək istərdim: bəzən xaricə məhsul ixrac edən iş adamlarımız elə hərəkətlər edir ki, ölkəmizin məhsullarını xarici müştərilərin gözündən salır; bu barədə mənə xəbərlər gəlib çatır; məsələn, portağal yeşiklərində üst sıraya iri və yaxşı portağalları düzürlər, alta isə xırda və çürük meyvələr qoyurlar. İxracatımız, ixrac etdiyimiz məhsulların keyfiyyəti İran insanının dürüstlüyünün, əməlisalehliyinin göstəricisi olmalıdır. Əks təqdirdə məsuliyyətsizlik etmiş oluruq. Xarici ölkələrə keyfiyyətsiz məhsul göndərsək, məlumdur ki, get-gedə ixrac bazarlarımızı itirəcəyik. Mən ölkənin iş adamlarını istehsala qoşulmağa və inşallah, bu sahədə dəyərli işlər görməyə dəvət edirəm.

İstehsal sahəsində iki önəmli məsələ də var: idxal və qaçaqmalçılıq. Mən bundan əvvəl də bu barədə danışmışam, xatırlatmalar etmişəm, indi də yenidən xatırladacağam. Ölkə daxilində istehsalı kifayət qədər olan məhsulların idxalı şəriətlə haram və qanunla qadağan edilən bir iş hesab olunmalıdır. Ölkədə istehsalı mövcud olan şeylər xaricdən idxal edilməməlidir. İstehlak etdiyimiz məhsulların – yeməkdən tutmuş geyimə, ev əşyalarına, bəzi qadın ayaqqabı və çantalarına, məktəb ləvazimatına qədər – hər şeyin xaricdən gətirilməsi utandırıcı bir haldır! Belə halları müşahidə edəndə adam utanır; həm daxili istehsalçının qarşısında utanır, həm də xaricdən bu şeyləri bizə göndərənlərin qarşısında. Gəlin ölkəmizdə mövcud olan bu qədər potensialla bu vəziyyətin belə bir formada davam etməsinə imkan verməyək; lüzumsuz idxalın qarşısı, doğrudan da, sözün əsl mənasında alınsın. Bəzi əhəmiyyətli məhsullar var ki, daxildə istehsal edilə bilər, amma xaricdən gətirilir; halbuki burada istehsal edilməsi tamamilə mümkündür. Bu gün olmasa da, istehsal etməsək də, istehsal edilə bilər. Bir neçə il bundan qabaq eşitdim ki, mal-qara üçün saman ölkəyə xaricdən gətirilir. Dedim, yaxşı, saman ki kənardan gətiriləsi bir şey deyil, bu qədər tarlalarımız, əkin sahələrimiz var. Dedilər ki, samanın toplanması üçün bir maşın var, ondan lazımdır, dedim, istehsal edin də! Hansısa kənd təsərrüfatı maşınını istehsal etmək olarsa – adını mən bilirəm, burada qeyd də etmişəm, amma ayrıca ad çəkmək istəmirəm – ölkə daxilində istehsalı mümkündürsə, istehsal edin də. İstehsal edin ki, mal-qaranızın ot-ələfini xaricdən gətirməyə məcbur olmayasınız. Deməli, olduqca önəmli məsələlərdən biri də idxaldır. 

Qaçaqmalçılıq da mühüm mövzulardan biridir; çox önəmli bir problemdir. Deyilənə görə, qaçaq məhsullara 15 milyard dollar xərclənir. Hələ bu, minimum olaraq söylənən bir rəqəmdir, amma yenə də çox yüksəkdir; deyilənə görə, hələ 20-25 milyarda da çatır. Bu, ölkənin iqtisadiyyatına zərbədir. Qaçaqmalçılığın qarşısı alınmalıdır. Əlbəttə, qaçaqmalçılıqla mübarizəyə görə məsuliyyət daşıyan şəxslər mənim bu sözümün hədəfini çaş-baş salmasınlar. Mən qaçaqçı bandalarla mübarizə aparın deyirəm. Mənim dediyim odur ki, rəsmi mənbələrdən ölkəyə qaçaqmal daxil edilirsə, bu o demək deyil ki, o sahəyə cavabdeh olan rəsmilər xəyanət edir. Xəyanət deyil, səhlənkarlığa yol verilir. Mənə məlumat daxil olub ki, filan limandan – adı məlumdur, bilirəm – ölkəyə gündə 3-5 min konteyner gətirilir. Həmin konteynerlərdən cəmi 150-nə baxış keçirilir. Yaxşı, nəyə gərə? Nəyə görə qalanlarına baxış keçirilmədən ölkəyə daxil edilir? Anbara gedəndən sonra məlum olur ki, qaçaqmal imiş; baxın, özü də ölkənin rəsmi kanalları vasitəsilə! Hələ sərhədlərdən qeyri-rəsmi yolla keçirilənləri demirəm, o da ayrı bir söhbətdir; və ya eynilə azad iqtisadi regionlardan; bunların qarşısı alınmalıdır; bacararıq da! Mən bunu möhtərəm ölkə başçısına da demişəm, xatırlatma etmişəm: mütəxəssislərin dediyinə görə, biz elə qurğular gətirə bilərik ki, o konteynerləri dayandırmağa ehtiyac olmadan, hərəkət halında da yoxlamaq mümkün olar. Qoy o texnikadan əldə etsinlər; lazım gəlsə, alsınlar, xaricdən gətirsinlər və ya özləri istehsal etsinlər. Biz istəsək, qaçaqmalçılığın qarşısını ala bilərik. Odur ki önəmli məsələlərdən biri də qaçaqmalçılıqdır. Qaçaqmalçılıq deyərkən mən xırda-para məsələləri yox, belə irimiqyaslı halları nəzərdə tuturam, yoxsa gedib “qaçaqmalçısan” deyə Məşhəd bazarında gümüş üzüklər satan hansısa alverçinin yaxasından yapışmaq və ya məsələn, sərhədin bu tərəfindən o tərəfinə az miqdarda nə isə mal aparıb bu yolla yaşayışını təmin edən bir ailənin malını əlindən almaq – bunlar problem deyil. Problem irimiqyaslı qaçaqmalçılıq hərəkətləridir.

Vaxt keçdi, söhbətimiz də çox uzun çəkdi; gəlin mən iqtisadiyyat məsələsini burada yekunlaşdırım. Əlbəttə, bu mövzuda lazımlı, deyiləsi sözlər çoxdur; rəsmilərə deyilməli olanları indiyə qədər onlara demişəm və inşallah, bundan sonra da deyəcəyəm. Bayaqdan danışdıqlarım isə geniş ictimaiyyətə açıqlanmasını, izah edilməsini mümkün hesab etdiyim məsələlər idi. Qoy kimin bu işlərə aidiyyəti varsa, bu məqamlara diqqət yetirsin, bu tövsiyələri yerinə yetirməyə çalışsın.

Seçki məsələsinə gəlincə; əziz qardaş və bacılar! Seçkilər bizim ölkəmizdə önəmli bir məsələdir; təkcə prezident seçkiləri yox, eynilə parlament seçkiləri, yerli idarəetmə orqanlarına seçkilər də. Seçkilər dinə əsaslanan xalq hakimiyyətinin iki əsas sütunundan biridir. Dinə əsaslanan xalq hakimiyyəti iki sütun üzərində dayanır; onlardan biri xalqın rəyidir, seçkilərdir. Biz ölkəmizdə baş tutan seçkilər sayəsində dünyada fəxr edirik. Düşmənlər İran xalqını və İslam Respublikasını vurmaq üçün ölkəmizdəki seçkiləri görməzliyə salır, qaralayırlar. Bu, seçkilərin nə qədər əhəmiyyətli olduğunu göstərir (7).  Seçkilər son dərəcə önəmlidir, milli qürur mənbəyidir, İran xalqını güclü edən, xalqımıza nüfuz qazandıran bir amildir. Əlbəttə, mən seçkilərlə bağlı, inşallah, hələ bundan sonra da danışacağam; bu gün isə onu demək istəyirəm ki, seçki ölkəmizə və dövlətimizə güc, iqtidar qazandıran bir təzahürdür. Ölkəmizin irəli sürdüyü “dinə əsaslanan xalq hakimiyyəti” ideyası dünya ictimaiyyətini, dünya politoloqlarını özünə cəlb edib. İmam Xomeyni liberalizm, kommunizm, faşizm və sair bu kimi ideologiyaların qarşılığında dinə əsaslanan xalq hakimiyyəti, başqa sözlə, İslam Respublikası ideyasını ortaya qoydu və dünyanın hər yerində, bütün ölkələrdə xalqları, ziyalı və mütəfəkkirləri özünə cəlb etdi. Dinə əsaslanan xalq hakimiyyəti seçkilərə söykənir, ona görə də İran xalqı seçkidə özünü, həqiqətən də, parlaq şəkildə göstərməlidir. Mənim vurğulamaq istədiyim və mənim üçün birinci dərəcədə önəmli olan məsələ seçkilərdə xalqın hamılıqla iştirakıdır. Xalqın hər bir nümayəndəsi, qanunla səs vermək hüququ olan hər kəs seçkidə iştirak etsin, seçkiləri canlandırsın. Mənim birinci və ən əsas istəyim budur. 

Seçki barədə bir də bunu qeyd etmək istərdim ki, seçkidə qanunun aliliyi gözlənməlidir; qanunun tələbi nədirsə, ona əməl edilməlidir. Xalqın seçiminin nəticəsi nə olursa-olsun, mötəbər sayılmalıdır; qanun bunu tələb edir. Mən özüm heç vaxt seçkiyə müdaxilə edib camaata “bunu seçin”, ya “onu seçməyin” demirəm. Yalnız bir məqamda mən seçkiyə müdaxilə edirəm: kimlərsə xalqın rəyinə, xalqın seçiminə qarşı çıxıb, onun nəticələrini pozmaq istəyəndə. Mən xalqın seçimini qəbul etmək istəməyənlərin həmişə əleyhinəyəm. Ötən illərdə, indiyə qədər baş tutmuş bütün seçkilərdə belə olub; 1376-da, 1384-də, 1388-də, 1392-də; bəzən xalqın gözünün qarşısında baş verib, xalq da xəbər tutub, bəzən isə xalq xəbər tutmayıb, amma mən proseslərə müdaxilə etmişəm. Sadaladığım bütün bu illərdə seçkinin nəticələrinə qarşı çıxmaq istəyən insanlar olub; 1388-ci ildə hər şey açıq-aşkar baş verdi, meydanlara çıxdılar, o biri illərdə isə başqa formada olmuşdu. Bütün bu illərdə mən həmin insanlara etirazımı bildirib demişəm ki, xalqın seçiminin nəticəsi nə olursa-olsun, reallaşdırılmalıdır. Yalnız bu yerdə mən seçkiyə müdaxilə edib, qanuni nəticələrin əleyhinə çıxan, onlara təsir göstərmək istəyən şəxslərin qarşısında dururam. Qalan işlərdə isə yox, qanunun tələbi nədirsə, ona əməl edilməlidir; xalq özü fikrini dəqiqləşdirib addım atmalıdır.

Verəcəyim proqnoz da belədir ki, inşallah, Allahın köməyi ilə, ölkəmizdə izdihamlı, genişmiqyaslı bir seçki baş tutacaq. Ümidvaram, bu seçkilərin nəticələri də – istər yerli idarəetmə orqanlarına seçkilər olsun, istərsə də prezident postuna – Allah-taalanın razılığına və İran xalqının səadətinə yol açacaq. Və mən demək istəyirəm ki, seçkiləri yaxşı keçirin. Yaxşı seçki sayəsində xalqımızın başı uca olacaq, xalqımız irəli gedəcək, düşmən isə, Allahın köməyi ilə, heç bir qələt edə bilməyəcək.

Pərvərdigara! Deyib-eşitdiklərimizin Sənin üçün, Sənin yolunda olmasını bizə nəsib et və öz kərəminlə bunları bizdən qəbul et. Pərvərdigara! Şəhidlərimizin və dahi liderimiz İmam Xomeyninin pak ruhlarını Qiyamətə ilkin İslam dövrü şəhidlərinin pak ruhları ilə birgə gətir. Pərvərdigara! Bu pak və nurlu ruhları bizdən razı et. Pərvərdigara! İmam Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) müqəddəs qəlbini bizdən razı et. Bizə bu yolun əsgərləri olmağı nəsib et. Pərvərdigara! Hamımızın, yaşayışımızın, ömrümüzün sonunu xeyirli et. Bu həqir bəndən və arzulayan hər kəs üçün şəhadəti ömrünün son pilləsi et.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.
_______________________

(1) Görüşün əvvəlində müqəddəs İmam Rza (ə) ziyarətgahının baxıcısı Höccətül-İslam vəl-muslimin Seyid İbrahim Rəisi çıxış etmişdir. 
(2) “Səhifeyi-Səccadiyyə”, 8-ci dua. 
(3) Dövlət rəsmiləri ilə 25.03.1395-ci ildə baş tutan görüş.
(4) Müqəddəs İmam Rza (ə) hərəmində 01.01.1393-cü ildə edilən çıxış. 
(5) Rektorlar, elmi araşdırma mərkəzlərinin, elm və texnologiya parklarının direktorları ilə 20.08.1394-cü ildə keçirilən görüş. 
(6) İsrailin raket müdafiəsi proqramının keçmiş sədri Yuzi Rubinin səsləndirdiyi fikirlərə işarə olunur. 
(7) Ali Məqamlı Rəhbər iştirakçılardan bəzilərinin: “Zillət bizdən iraq olsun!” şüarına cavab olaraq deyir: “Bax, bu yerdə “iraq olsun” demək istəyirsinizsə, deyin: “Seçkisizlik bizdən iraq olsun!”