Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin 1396-cı ilin gəlişi münasibəti ilə xalqa ünvanladığı təbrik müraciəti

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

یا مقلّب القلوب و الابصار، یا مدبّر اللّیل و النّهار، یا محوّل الحول و الاحوال، حوّل حالنا الی احسن الحال

Ey qəlbləri və nəzərləri dəyişən! Ey gecə və gündüzü sahmana salan! Ey illəri dolandıran, qəlbləri və halları dəyişən! Halımızı dəyişib ən gözəl şəklə sal! (1)

اَللّهُمَّ صَلِّ عَلی فاطِمَةَ وَ اَبیها وَ بَعلِها وَ بَنیها

Allahım, Fatiməyə, onun atasına, ərinə və oğullarına Öz salamını nəsib et!

Əziz həmvətənlərim, Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu və Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm! Əziz həmvətənlərim, böyük İran xalqı, gənclər, xalqımızın müxtəlif təbəqələrinin nümayəndələri, bayramınız mübarək olsun! Xüsusilə də şəhid ailələrini, müharibə əlillərini və veteranlarını, onların ailə üzvlərini, həmçinin Novruz bayramını tanıyan və qeyd edən bütün xalqları təbrik edirəm.

Uca Allaha şükürlər olsun ki, əziz İran xalqımı Novruz bayramı münasibətilə təbrik etməyi mənə bir daha nəsib etdi. Ümidvaram, irəlidə xalqımızı yaxşı, bərəkətli, asayiş və rifah dolu bir il gözləyir, inşallah, 1386-cı il İran xalqı və bütün dünya müsəlmanları üçün gözəl bir il olacaq. Qoy bütün İran ailələri, əziz iranlılarımız hamısı ölkəmizə bu dəqiqələrdə qədəm qoyan yeni ildə ilahi lütf, rəhmət və bərəkətə layiq görülsün, inşallah!

Geridə qoyduğumuz 1395-ci ili dəyərləndirmək istəsək, deməliyik ki, bütün illər kimi, ötən il də həm sevincli, həm də kədərli, acılı-şirinli xatirələrlə yadda qaldı; acılı-şirinli xatirələr deyərkən mən şəxsi həyatımızı yox, bütövlükdə xalqımızın yaşantılarını nəzərdə tuturam. Ötən il həm xoş, şirin anlarımız oldu, sevindik – bu sevinc isə milli qürurumuzun ucaldığı, milli təhlükəsizliyimizin təmin olunduğu, xalq arasında gənclərin xüsusi fəallığının müşahidə olunduğu, ölkənin hər yerində mömin, inanclı topluma xas tədbirlərin gerçəkləşdiyi vaxtlarla bağlı idi – həm də acı, xoşagəlməz anlarımız oldu ki, bunlar da əsasən xalqımızın yaşadığı iqtisadi və sosial problemlərlə əlaqəli idi; bu barədə bir qədər sonra danışacağam.

1395-ci ildə ölkəmizin nüfuzu, xalqımızın qürur və heysiyyəti əvvəldən sona qədər müşahidə olundu. Dünyanın hər yerində düşmənlərimiz İran xalqının qüdrət və əzəmətini etiraf etdilər. Ötən il baş vermiş müxtəlif olayların hamısında İran xalqının kimliyi, qürur və heysiyyəti özünü göstərdi. ABŞ prezidentinin İran İslam Respublikasına qarşı müəyyən epizodda hörmətsizliyə yol verməsi ilə xalqımız 22 bəhmən günü böyük izdihamla, coşğu və qeyrətlə küçələrə çıxaraq onun cavabını verdi. Qüds günü, mübarək Ramazan ayında milyonlarla insanımız bu ölkənin mahiyyətini və hədəflərini bütün dünyaya nümayiş etdirdi.

Regionumuzun və demək olar, beynəlxalq arenanın o təlatümlü şəraitində ölkəmizdə yaşanan asayiş və təhlükəsizlik İran xalqı üçün çox böyük və önəmli bir göstərici idi. Bu gün ölkəmizin şərqindən və cənub-şərqindən tutmuş şimal-qərbinə qədər ətrafımızda yerləşən qonşu ölkələrdə asayiş və təhlükəsizlik pozulub, regionumuzda vəziyyət gərgindir, İran xalqı isə, Allaha şükürlər olsun ki, ötən ili davamlı təhlükəsizlik şəraitində keçirdi.

Bayaq mən xalqımızın arasında gənclərin xüsusi fəallığının müşahidə olunduğunu dedim. Ötən il ölkəmizin dörd bir yanında minlərlə gənc kollektivin həyata keçirdiyi işləri gördük, bu barədə məlumat aldıq. Gənclərimiz müxtəlif sferalarda – istər elm sahəsində, istər mədəniyyətdə, istər idmanda, istər istehsalatda əmək fəaliyyəti ilə məşğuldurlar, işləyirlər, yeni-yeni işlərlə, təşəbbüslərlə çıxış edirlər və ölkənin gələcəyi üçün dəyərli ehtiyat hazırlayırlar.

Az öncə mən ölkəmizin hər yerində inanclı topluma xas tədbirlərin gerçəkləşdiyini qeyd edərkən il boyu isti, səmimi bir atmosferdə təşkil edilən izdihamlı, effektiv dini məclisləri nəzərdə tuturdum; imamlarla (ə), önəmli dini məsələlərlə bağlı tədbirləri, Ramazan ayındakı etikaf və ibadətləri, Ərbəin yürüşünü, məhərrəm ayının ilk on günündə, habelə Aşura günü təşkil edilən məclisləri deyirdim; bunlar ölkəmiz və xalqımız üçün müsbət, sevindirici məqamlardır.

Xalqımızın çətinlik və acıları isə əsasən yaşadığı iqtisadi problemlərlə bağlı idi. Orta və yoxsul təbəqə il boyu bu problemlərlə üz-üzə idi və elə indi də belədir. Əhalinin vəziyyətindən xəbərdar olduğuma görə mən bu çətinliyi, bu acını bütün varlığımla hiss edirəm; insanlarımızın, xüsusilə də yoxsul təbəqənin iqtisadi problemlər ucbatından üzləşdiyi çətinliklərin – bahalığın, işsizliyin, cürbəcür sosial bəlaların (hərçənd bunların da kökündə əsasən iqtisadi problemlər durur), təbəqələşmənin nə qədər acı və xoşagəlməz olduğunu bilirəm.

Bu baxımdan hamımızın öhdəsinə müəyyən vəzifə düşür; həm Allah-taalanın qarşısında məsuliyyət daşıyırıq, həm də xalqın qarşısında cavab verməliyik. “Əməli tədbirlər ili” elan etdiyim 1395-ci ildə mən rəsmilərimizdən bir Əməli Tədbirlər Qərargahı təsis etmələrini istədim, təsis etdilər də. Sevindirici haldır ki, həmin qərargah tərəfindən çox yaxşı işlər həyata keçirildi, bu barədə bizə vaxtaşırı məlumat da verdilər. Lakin bütün bunlar xalqımızın və eləcə də mənim gözləntilərimi tam olaraq doğrultmayıb; ona hələ var. Çıxışımda da qeyd edəcəyəm ki,(2) rəsmilərimizin özlərinin təqdim etdiyi statistik göstəricilərdən bəziləri çox yaxşıdır, müsbətdir, bəziləri isə yox, təqdirəlayiq deyil. Bütün bunlara paralel şəkildə yanaşmaq lazımdır. 

Müqavimət iqtisadiyyatı bütöv bir kompleksdir; əgər bu kompleksə yalnız “müqavimət iqtisadiyyatı” kimi yanaşılsa, nəticələri bir o qədər də effektiv olmaya bilər. Şəxsən mən çıxış yolunu bunda görürəm ki, bu kompleksin önəmli məqamlarını müəyyənləşdirək, hər bir önəmli, belə desək, “açar” məqam üçün konkret zaman müddəti ayıraq və rəsmilərdən, göz önündə olan insanlardan, habelə əhalidən bütün güc və diqqəti məhz həmin “açar məqam”a yönəltmələrini istəyək. Zənnimcə, çıxış yolu bu il məhz həmin açar məqamı düzgün müəyyənləşdirməkdir. Mənim fikrimcə, o açar məqam istehsaldan – daxili istehsaldan ibarətdir; həmçinin məşğulluq, xüsusilə də gənclərin məşğulluğu; əsas açar məqamlar bunlardır. Əgər biz diqqəti bu iki məqam üzərində cəmləşdirib, fəaliyyətimizi məhz bu əsasda proqramlaşdıra bilsək, düşünürəm ki, işlər xeyli dərəcədə irəliləyəcək və diqqətəlayiq, hiss olunan uğurlar əldə olunacaq. İnşallah, çıxışımda mən bu iki əsas, açar məqamın tələb etdiyi xüsusiyyətlərdən də danışacağam. Odur ki mən bu ili “Müqavimət iqtisadiyyatı; istehsal və məşğulluq” ili elan edirəm; yəni ilin ümumi şüarı “Müqavimət iqtisadiyyatı”dır, ardınca isə istehsal və məşğulluq gəlir. Hamımızın diqqətini cəmləməli olduğu əsas məqamlar bunlardır. Mənim, eləcə də xalqımızın dəyərli və möhtərəm rəsmilərimizdən istəyi odur ki, bütün diqqət və səylərini bu iki əsas məqam üzərində cəmləyərək planlı surətdə işləsinlər və inşallah, fəaliyyətlərinin müsbət nəticələri haqda ilin sonunda xalqa məlumat verə bilsinlər.

Ümidvaram, qarşıladığımız bu il Həzrət Mehdi Sahibəzzamanın (Ruhlarımız ona fəda olsun!) inayəti, şəhidlərimizin və dahi liderimiz İmam Xomeyninin (r.ə) pak ruhlarının duaları sayəsində hamınız üçün sevinc, gözəllik, asayiş və rifah dolu bir il olacaq. 

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun. 

____________________________

(1)  Əvalimul-ulum, c.11, səh.14 
(2) Ali Məqamlı Rəhbər ilin ilk günü müqəddəs İmam Rza (ə) hərəmində edəcəyi çıxışı nəzərdə tutur.